Psixokimyəvi təsirli ZM. Bu qrup ZM insanın normal psixi fəaliyyətini pozur. Bir çox xarici dövlətlərin hərbi qüvvələri onları son zamanlarda istifadə etməyə başlayıb. Onlar rəqibin canlı qüvvəsini müəyyən müddətə sıradan çıxarır. Bu ZM mərkəzi sinir sisteminə təsir edərək, insanın normal psixi fəaliyyətini pozur və ya psixi pozğunluqlara səbəb olur, müvəqqəti korluq, karlıq, qorxu hissi, müxtəlif üzvlərin funksiyalarının məhdudlaşmasını törədir. Psixokimyəvi təsirli ZM ölümcül nəticə ilə yanaşı, döyüş zamanı ordunun davamlılığını və iradə gücünü azaltmaq üçün tətbiq edilir.
Hazırda psixi təsir xüsusiyyətinə malik qrupa çoxlu maddələr daxildir (qarmin, LSD-25, meskalin). Lakin böyük miqyaslı zəhərləyici maddə kimi bu qrupun ən çox istifadə edilən nümayəndəsi – BZ-dir.
Bi-zet (BZ) mərkəzi sinir sisteminə təsir edərək insanın normal psixi fəaliyyətini pozur və ya psixi (qorxu, depressiya, ruh düşkünlüyü) və fiziki (karlıq, korluq, iflic) pozğunluqlara səbəb olur.
Bi-zet – bərk kristallik maddə olub, iysizdir, suda həll olmur, döyüş vəziyyəti - aerozoldur (tüstü). Bi-zet orqanizmi tənəffüs üzvləri və ya mədə-bağırsaq yolu ilə zədələyir. ZM ilə nəfəs aldıqda təsiri 0,5-3 saat sonra başlayır (dozadan asılı olaraq) və 2-4 günə sona yetir. Bu maddə ilə zəhərləndikdə insanlar məkan və zaman orientasiyasını itirir, ətraf mühitin qavranması pozulur (ətrafda olan əşyaların forma və rəngi), eşitmə, təmas qarabasmaları, rabitəsiz, anlaşılmaz nitq, izlənmə sayıqlaması, aqressivlik olur, izləndiyi adamlardan qaçmaq cəhdi edirlər, bədəninin və ya bədənin ayrı-ayrı əzalarının dəyişməsi hissi olur. Bəbəklər genəlir, dəri və selikli qişalar quruyur. Zədələnmişlər zonadan çıxan kimi yuxulu vəziyyətə düşürlər. Keçirilmiş psixoz vəziyyətindən sonra tam amneziya müşahidə olunur, zərərçəkmişlər keçirdiyi hissləri xatırlamır və danişa bilmir. Bu zədələnmə zamanı ilk yardım, əsasən, ərazidən qısa müddətə təxliyə edilməkdir. Bədənin zədələnmiş hissələrini sabunlu su ilə, gözləri və burun-boğazı təmiz su ilə yumaq, paltarı əvvəlcə paltar şotkası ilə təmizləmək, sonra isə yumaq lazımdır. Zərərçəkmişləri izolyasiya etmək, lazım gələrsə təcili tibb müəssisələrinə göndərmək lazımdır.
Dostları ilə paylaş: |