Mövzu: 10: anbar logiSTİkasi plan: Logistik sistemdə anbarların yerinə yetirdiyi əsas vəzifə və funksiyalar



Yüklə 0,53 Mb.
tarix23.10.2017
ölçüsü0,53 Mb.
#6431

Mövzu: 10: ANBAR LOGİSTİKASI
Plan:

1.Logistik sistemdə anbarların yerinə yetirdiyi əsas vəzifə və funksiyalar

2.Anbarların təsnifatı

3.Logistik anbarların quruluşu və planlaşdırılması

4.Anbar avadanlıqları

5.Anbarda yerinə yetirilən logistik əməliyyatlar

6.Anbarların effektiv fəaliyyət göstərməsi problemləri
1. LOGİSTİK SİSTEMDƏ ANBARLARIN YERİNƏ YETİRDİYİ ƏSAS VƏZİFƏ VƏ FUNKSİYALAR
Logistik sistemlərin arasıkəsilməz, fasiləsiz formada fəaliyyət göstərmələri bir çox şərtlərdən asılıdır ki, bunlardan da ən əhəmiyyətlisi zəruri çeşiddə və kəmiyyətdə material ehtiyatlarının yaradılmasından ibarətdir. Material ehtiyatlarının plan həcmi elə müəyyənləşdirilməlidir ki, logistik sistemin hər bir iştirakçısı bu ehtiyat növlərinin yaradılması və saxlanılmasına görə izafi xərclərə yol verməsin. Təbii ki, material ehtiyatlarının artıqlığı və ya azlığı istənilən formada ehtiyat yaradan təsərrüfat subyektinə mənfi təsir göstərməklə bərabər birinci halda onun əmtəə formasında material resurslarının müvəqqəti dondurulmasına, təsərrüfat dövriyyəsindən kənarda qalmasına şərait yaradır, ikinci halda isə manevr etmək imkanlarını azaldır, bazar tələbinə uyğunlaşma prosesində ona əsaslı surətdə maneçilik törədir.

İstənilən halda təsərrüfat subyektlərinin - istehsalçı və ya ticarət vasitəçi strukturların material ehtiyatını yaratmaqda məqsədi onları lazım olan vaxtda, zəruri çeşiddə, tələb olunan kəmiyyətdə müntəzəm və ahəngdar olaraq həm istehsal sahələrinə (xammal və material ehtiyatlarını), həm də ticarət şəbəkələrinə (əmtəəlik ehtiyatları) göndərməkdən ibarətdir.

İstehsalın və ya istehlakın mövsümi xarakter daşıması ilə əlaqədar olaraq material ehtiyatlarının yaradılması həmin məhsulların bütün il boyu və yaxud da ilin müəyyən dövrləri ərzində istehsal sahələri (istehsal istehlakı prosesi zamanı) və ticarət şəbəkələrinə (satış prosesi zamanı) verilməsində fasilələrin əmələ gəlməsinə imkan vermir.

Deməli, logistik sistem daxilində material axınlarının bir mərhələdən digər mərhələyə bu mərhələnin tələblərinə uyğun formada keçidinin təşkil edilməsi məqsədilə ixtiyari resurs növü üzrə ehtiyatları konkret yerdə toplamaq və saxlamaq üçün anbarlar tələb olunur. Bu anbarlarda həm də materialların kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsi, taradan çıxarılması, yenidən taralaşdırılması, sortlaşdırılması, çəkilib qablaşdırılması, istehsal istehlakına hazırlanması, istehsal sahələrinə və ya ticarət şəbəkələrinə buraxılışı, göndərilməsi kimi işlər də aparılır. Material axınlarının yerdəyişməsi, istehsal istehlakına və ya şəxsi istehlaka hazırlanması, habelə bu səpkili digər xidmətlərin göstərilməsilə əlaqədar işlər anbar əməliyyatları adlanır. Bu əməliyyatların əksər hissəsi bir tərəfdən istehsalın xammal və materialların istehlakı prosesinin özünə olan sərt və ciddi tələblərlə əlaqədardırsa, digər tərəfdən isə istehsal prosesinin başa çatması ilə bağlıdır.

Material axınlarının toplanma, saxlanma və bölüşdürmə mərkəzləri hesab olunan anbarlar vasitəsilə hərəkətinin təşkili istənilən formada canlı və maddiləşmiş əmək məsrəfləri tələb edir. Bununla əlaqədar olaraq anbarların normal fəaliyyəti ilə bağlı olan problem logistik sistem və ya dövrə daxilində material axınlarının rasional hərəkətinə, nəqliyyat vasitələrinin seçilməsi və istifadəsinə, habelə tədavül xərclərinin kəmiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Müasir iri anbarlar-çoxsaylı qarşılıqlı əlaqədə olan elementlərdən təşkil olunmuş, konkret struktura malik və material axınlarının dəyişməsi ilə bağlı bir sıra funksiyaları yerinə yetirən, eləcə də istehlakçılar arasında material axınlarının bölüşdürülməsini həyata keçirən mürəkkəb texniki qurğular məcmusudur. Bütün bunlarla yanaşı anbar logistik sistemin ən yüksək və vacib elementi olmaqla bərabər anbar sisteminə qarşı əsas və texniki tələblər formalaşdırır, onun optimal fəaliyyət göstərməsi üçün məqsəd və meyarları müəyyənləşdirir, yüklərin emal və yenidən emal olunması şərtlərini diqtə edir.

Buna görə də anbara təcrid olunmuş formada deyil, məhz logistik dövrənin inteqrativ tərkib hissəsi kimi baxılmalıdır. Yalnız belə yanaşma anbarların əsas funksiyalarının müvəffəq yerinə yetirilməsinin təmin edilməsinə və yüksək rentabellik səviyyəsinə nail olunmasına imkan verə bilər. Bu zaman nəzərə almaq lazımdır ki, istənilən halda ayrıca götürülmüş hər bir konkret anbar üçün anbar sisteminin parametrləri onun elementləri və strukturu kimi bir - birindən əsaslı fərqlənir. Anbar sistemlərinin yaradılması zamanı ilk növbədə «bütün təsiredici amilləri nəzərə almaqla ancaq fərdi qərarlar onun rentabelliyini təmin edə bilər» prinsipinə əsaslanmaq lazımdır. Bunun üçün anbarların daxilində və ya ondan kənar, lakin anbara aid edilən sahələrdə yüklərin boşaldılması, emal edilməsi, anbarlaşdırılması, saxlanılması və konkret istehlakçılara göndərilməsi üzrə əməliyyatlar əsaslı şəkildə təhlil edilməli və bu yüklərin funksional təyinatı dəqiq müəyyənləşdirilməlidir. Daha doğrusu, logistik anbar əməliyyatlarının yerinə yetirilməsi müvafiq əmək və maliyyə məsrəfləri hesabına başa gəldiyindən hər bir anbar əməliyyatının xərc tutumluluğu praktiki cəhətdən əlverişli hesab edilən göstəricilərlə qiymətləndirilməli və izafi məsrəflərə yol verilməməsi üçün çevik və təkmil iş mexanizmi yaradılmalıdır. Bu isə mahiyyət baxımından o deməkdir ki, istənilən məsrəflər özünü iqtisadi cəhətdən doğrultmalıdır. Başqa sözlə, ixtiyari texniki və texnoloji qərarların tətbiqi kapital qoyuluşları ilə əlaqədar olduğundan onlardan istifadə çox dəbdə olan ənənələr və bazarda təklif olunan texniki imkanlara deyil, hər şeydən əvvəl rasionallıq nöqteyi-nəzərindən məqsədəuyğunluğa əsaslanmalıdır.

Firma və təşkilatları məhsulların anbarlaşdırılmasına məcbur edən amillər:



    • istehsalda və nəqletmədə istehsal güclərindən, texnoloji avadanlıqlardan yaxşı istifadə etməklə logistik xərclərin azaldılması;

    • bölüşdürmə şəbəkələrində hazır məhsullar üzrə sığorta və mövsümi anbar ehtiyatlarının yaradılması hesabına tələb və təklifin koordinasiyası və əlaqələndirilməsi;

    • anbarlaşdırma istehsal prosesinin tərkib hissəsi olduğundan əməli menecmentin tələblərinin ödənilməsi;

    • hazır məhsul satışı üzrə səmərəli marketinq strategiyasının tətbiqi üçün şəraitin yaradılması;

    • bazarın dəyişən tələbinə çevik reaksiya vermək məqsədilə istehlakçı tələbinin vaxtında nəzərə alınması və onun dolğun ödənilməsi;

    • istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün material resurslarının anbarlaşdırılması və tədarükatı proseslərinin az xərclərlə başa gəlməsi;

    • bazarın coğrafi baxımdan müəyyən geniş hissəsinin əhatə edilməsi;

    • bazarın yeni sektorunda məhsul satışı prosesinin sınaqdan çıxarılması çevikliyi və s.

Anbarların əsas təyinatı – material ehtiyatlarının toplanması, saxlanması və istehlakçı sifarişlərinin fasiləsiz və ahəngdar yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir. Anbarların əsas funksiyalarına aşağıdakılar aid edilir:

1. İstehsal edilən məhsul çeşidinin tələblərə uyğun olaraq istehlakçı çeşidlərinə dəyişdirilməsi - müştərilərin sifarişlərinin yerinə yetirilməsi üçün zəruri məhsul çeşidinin yaradılması. Logistik anbarlar istehsal sahələri, tədavül və istehlak sferalarının tabeliyində ola bilər. Tədavül sferasında fəaliyyət göstərən logistik vasitəçilər istehsalçı firma və müəssisələrdən iri partiyalarla müxtəlif çeşidli material resurslarını və hazır məhsulları öz anbarlarına qəbul edirlər. Bu anbarlar əsasən topdansatış ticarətini həyata keçirən vasitəçi strukturlara - şəbəkələrə məxsus olduğundan qəbul edilən məhsullar üzərində müvafiq ticarət-texnoloji əməliyyatlar aparmaqla sənaye çeşidindən ticarət çeşidi yaradır. Anbar-ların bu funksiyasına görə ticarət çeşidi bir - birindən konstruktivliyinə, forma və rənginə, habelə ölçülərinə görə müxtəlif istehsalçıların iri məhsul nomenklaturasından əsaslı surətdə fərqlənir. Logistik dövrənin iştirakçılarına göstərilən logistik xidmət mədəniyyətini yüksəlt-mək, məhsulların tədavül kanallarında ləngimədən tez ötüşüb keçməsini təmin etmək, məhsulların fiziki bölüşdürülməsi, eləcə də topdan və pərakəndə ticarət şəbəkələrində satış prosesini sürətləndirmək, mütərəqqi metodlarla məhsul satışını genişləndirmək məqsədilə iri anbarlarda ticarət çeşidinə çevrilən məhsullar qablaşdırılır.

Qablaşdırma əməliyyatlarının logistik vasitəçilərə məxsus iri anbarlarda mərkəz-ləşdirilməsi ilk növbədə istehlakçı qruplarının çox da böyük olmayan tələbatını nəzərə almaqla məhsul satışının genişləndirilməsinə, satış zamanı məhsul itkisinin azaldılmasına və ümumi formada transsaksiyon xərclərə qənaət edilməsinə imkan yaradır.

Onu da nəzərdən qaçırmaq lazım deyil ki, anbarlar qeyd edilən bu funksiyanı yerinə yetirmək üçün mütləq həcmdə və zəruri çeşiddə məhsul ehtiyatına malik olmalıdır. Yaradılan bu ehtiyatların əsas məqsədi istehlakçı sifarişlərinin effektiv icrasına və müştərilərin tələb etdiyi həcmdə məhsulgöndərmələrin dəqiq həyata keçirilməsinə təsir göstərməkdən ibarətdir. Buna görə də anbarlarda toplanan məhsul ehtiyatları təyinatına, saxlanma müddətinə və saxlanma şəraitinə, həcminə, çeşidinə və digər əlamətlərinə görə bir - birindən fərqlənir.

2.Anbarlaşdırma və saxlama. Məhz bu funksiyanın köməyilə anbar məhsul istehsalı ilə onun istehlakı arasında mövcud zaman fərqinin müvəqqəti bərabərləşdirilməsinə, habelə yaradılan material ehtiyatları hesabına təjhizat və istehsal prosesinin fasiləsiz həyata keçirilməsinə imkan verir (şəkil 11.1). Bölüşdürmə sistemində məhsulların ehtiyat formasın-da saxlanılması bəzi növ məhsulların mövsümi istehlakı ilə əlaqəlidir.

Aparılan tədqiqatların nəticələri göstərir ki, anbarlarda məhsulların saxlanılması funksiyasının xüsusi çəkisi digər funksiyalarla müqayisədə böyükdür. Logistik vasitəçilərin anbarları bu funksiyanı yerinə yetirməklə tədavül sferasında məhsulların dövriyyə sürətinin artırılmasına, istehsal və ticarət mədəniyyətinin yüksəldilməsinə, topdan və pərakəndə ticarət şəbəkələrinin fasiləsiz olaraq əmtəəlik məhsullarla təminatı işinin yaxşılaşdırılmasına və sənaye sahələrinin ahəngdar işləməsinə müsbət təsir göstərir. Logistik vasitəçilərin anbarları istehsal müəssisələri ilə ticarət təşkilatları arasında üzvi əlaqə yaradan vəsilə olmaqla material resursları və hazır məhsulun keyfiyyətinə bazar tələbatının artdığı indiki şəraitdə sənayeyə, daha doğrusu, istehsal yerlərinə mütəmadi təsiri intensiv surətdə artır. Belə ki, anbarların vəzifəsi yalnız, istehsal və ticarətlə əlaqədar olan texnoloji prosesləri optimal və səmərəli təşkil etməklə bitmir. O, eyni zamanda sənaye sahələrinə təsir göstərərək keyfiyyətsiz məhsulların logistik dövrəyə daxil olmasının qarşısını alır, istehsal sahələrinə verilən ayrı-ayrı sifarişlərin həm kəmiyyətcə, həm də keyfiyyətcə vaxtında yerinə yetiril-məsini tələb edir. Aydındır ki, bu tip tələbat məhz məhsulların fiziki bölüşdürülməsi və satışını həyata keçirən topdan və pərakəndə ticarəti şəbəkələrində planlaşdırılan əmtəə dövriyyəsinin yerinə yetirilməsinə, logistik vəsilələrdə yol verilən izafi xərclərin aradan qaldırılmasına, bütövlükdə isə logistik sistemin səmərəliliyinin artmasına səbəb olur.



3. Məhsulgöndərənlərdən daxil olan məhsulların keyfiyyətinə nəzarətin təşkili.

Bununla əlaqədar olaraq, anbarlarda saxlanılan məhsulların keyfiyyət göstəricilərinin texniki şərtlərə və standart göstəricilərə uyğun olması yoxlanılmalıdır. Milli iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması ilə əlaqədar olaraq istər istehsal-texniki təyinatlı məhsulların, istərsə də xalq istehlakı mallarının istehsal həcminin artırılması və keyfiyyətinin yaxşılaşdırılması xüsusi diqqət tələb edir. Bunu nəzərə alaraq logistik dövrənin müxtəlif mərhələlərində, vəsilələrində yaradılan anbarlar, xüsusilə logistik vasitəçilərin anbarları sənaye sahələrinə aktiv təsir göstərməklə istehsal olunan texniki - təyinatlı məhsulların və xalq istehlakı mallarının, o cümlədən yeni çeşidli məhsulların dövlət stan-dartlarına və ayrı-ayrı alıcı qruplarının tələbinə nə dərəcədə uyğun gəlməsinə nəzarət edir.



4. Unitizasiya və yüklərin nəql edilməsi. Əksər istehlakçılar özlərinin sifariş portfelini formalaşdıran zaman anbara vaqon normadan az və ya avtomobilin yükgötürmə qabiliyyətindən çox məhsul partiyaları sifariş edirlər. Bu da öz növbəsində məhsulların nəql edilməsilə bağlı lüzumsuz xərclərin artmasına səbəb olur. Praktik fəaliyyətdə belə hallara - izafi nəqliyyat xərclərinə yol verməmək məqsədilə anbarlar bir neçə müştərinin sifariş tələbnamələri əsasında nəqliyyat vasitəsinin tam doldurulması üçün çox da böyük olmayan yük partiyalarının birləşdirilməsi (unitizasiya) funksiyasını yerinə yetirir (şəkil 11.2).

a) təchziat sistemi;

b) bölüşdürmə sistemi.


АНБАР

5. Xidmətlərin göstərilməsi. Qeyd olunan bu funksiyanın diqqət çəkən cəhəti ondan ibarətdir ki, firma və şirkətlərin istehlakçılara yüksək səviyyəli xidmət göstərməsi üçün ilk növbədə müştərilərinə göstərəcəyi müxtəlif təyinatlı və xarakterli xidmət növlərinin kəmiyyətcə sayını artırmalı və bu xidmət növləri arasında qarşılıqlı əlaqənin keyfiyyətinə təminat verməlidir. Belə xidmət növlərinə əsasən:


    • məhsulların satışa hazırlanması (məhsulların fasovkası, konteynerlərin doldurulması, raspakovka və s.);

    • avadanlıqlar və cihazların işə yararlı olmasının yoxlanılması;

    • məhsullara əmtəəlik görkəmin verilməsi, onların ilkin və təkrar emalı;

    • nəqliyyat – ekspedisiya xidmətləri və s.

6. İstehsalın fasiləsizliyinin təmin edilməsi.


  1. ANBARLARIN TƏSNİFATI

Müasir bazar iqtisadiyyatında «anbar» anlayışı mahiyyətcə müəyyən növ material resursları, bitməmiş istehsalın qalığı və hazır məhsulların saxlanıldığı, habelə ehtiyatların logistik dövrənin müxtəlif mərhələlərində effektiv idarə edilməsi məqsədinə xidmət edən bina və qurğulardan fərqlənir. Praktikada anbarların müxtəlif təsnifat əlamətlərinin olmasına baxmayaraq sənayecə inkişaf etmiş xarici ölkələrdə firma və şirkətlərin logistik menecerləri tərəfindən aşağıdakı kimi təsnif olunur.

Təqdim olunan şəkildən göründüyü kimi logistikada anbarlar adətən beş əsas əlamətə görə: logistik aktivliyə münasibətinə, məhsulların növlərinə, mülkiyyət formasına, logistik vasitəçilərə münasibətinə, funksional təyinatına və ixtisaslaşma səviyyəsinə görə təsnif olunur. Ümumiyyətlə, sənaye müəssisələrinə məxsus olan anbarlar aşağıdakı əlamətlər üzrə təsnif olunur:

a) fəaliyyət xarakterinə görə - material (təjhizat) anbarları, istehsaldaxili (sexlərarası və sexdaxili) anbarlar, satış - əmtəəlik anbarlar;

b) saxlanılan materialın növünə və xarakterinə görə - universal və ixtisaslaşdırılmış anbarlar;

c) binanın quruluşu və konstruksiyasına görə – bağlı, yarımbağlı, açıq, xüsusi (məsələn, bunker xarakterli qurğular, rezervuarlar) anbarlar;

ç) məkanca yerləşməsi və fəaliyyət miqyasına görə – mərkəzləşdirilmiş, sahəvi, sexyanı anbarlar;

d) odadavamlılıq dərəcəsinə görə - yanmayan, çətin yanan və tez alışan anbarlar.



Material anbarları bilavasitə istehsal sahələrinin və yerlərinin zəruri material resursları ilə təminatını həyata keçirir. Belə növ anbarların spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlar əsas istehsalla bağlı sənaye müəssisələrinin anbar təsərrüfatı sisteminə daxil olmaqla yanaşı eyni zamanda regional anbar sistemləri ilə də əlaqələr qurmaq imkanına malikdir. İstehsaldaxili anbarların yaradılmasının əsas məqsədi istehsal tsikllərində qeyri-bərabərliyi aradan qaldırmaq və müxtəlif istehsal sahələrində ahəngdarlığı təmin etməkdən ibarətdir. İstehsaldaxili anbarlar əsasən nisbətən qısa zaman ərzində hazır məhsul istehsalı üçün lazım olan xammal, material və yarımfabrikatların saxlanılmasına xidmət göstərir və yığım konveyerinə yaxın yerləşdirilir. Bu tip anbarların əsas funksiyası məhsul buraxılışı tempi ilə bölüşdürmə mərkəzlərində məhsullara tələbat arasında ümumi harmoniyanı tə'min etməkdən ibarətdir. İstehsaldaxili anbarlar son-yığım sahəsində istifadə olunan hissə və qovşaqların saxlanıldığı yeganə yerdir. Bu anbarlarda hissələr (qovşaqlar), ehtiyat hissələri ilə yanaşı qablaşdırıcı materiallar və yarlıqlarda saxlanılır.
Xüsusi anbarlar dedikdə bazarda fəaliyyətinin formasından asılı olmayaraq hər bir təsərrüfat subyektinin ixtiyarında, sərənjamında olan anbarlar başa düşülür.Belə anbarlardan ancaq bir təsərrüfat subyekti istifadə etdiyindən onlar fərdi istifadədə olan anbarlar da adlanır və bu firma və ya müəssisənin balansında hesaba alınır. Fərdi anbarlara malik olan firma və şirkətlər bu anbarları bağlanmış müqavilələr əsasında uzunmüddətli icarəyə də verə bilmək hüququna malikdirlər. Müqavilə müddəti ərzində icarəçi anbar sahibinə əvvəlcədən razılaşdırılmış tariflər üzrə icarə haqqı ödəyir. Xüsusi anbarlarda hansı məhsulların saxlanılması, saxlanma prosesinin təşkili, anbarın texniki imkanlarının artırılması, əl əməyinə qənaət edilməsi, anbar xərclərinin azaldılması və s. xarakterli problemləri firma və müəssisələr müstəqil və azad həll edirlər. Bu tip anbarlarda sistematik olaraq böyük həcmdə məhsullar emal olunur.

Dövlət anbarlarını praktikada ümumi istifadədə olan anbarlar kimi qəbul edirlər. Bu anbarlar dövlət mülkiyyəti statusunu qoruyub saxlayan müəssisə və təşkilatların anbarları hesab olunur və bu anbarlarda dövlət və xüsusi sifarişlər üçün məhsullar saxlanılır. Dövlət anbarları da başqa təşkilatlara müəyyən müddətə istifadəyə verilir, məhsulların saxlanılması üçün tarif və ya razılaşdırılmış müqavilə qiymətləri üzrə icarə haqları alınır. Nəqliyyat təşkilatları, gömrük orqanları, səhm nəzarət paketi xüsusən dövlətə məxsus olan ayrı - ayrı səhmdar cəmiyyətlərin anbarları əsasən dövlət anbarları adlanır. Ümumi istifadə anbarları öz müştərilərinin sifarişləri (bəzi hallarda zəruriyyət yaranır) əsasında məhsul partiyasını dəstləşdirir (əvvəlcədən çeşidlərə ayırmadan, yenidən işləmədən, emal etmədən) və təyinat məntəqələrinə göndərir. Mahiyyət baxımından bu tip anbarlar istehsal və ticarət - vasitəçi strukturlar üçün məhsulların saxlanılmasında əlavə zona, sahə rolunu oynayır.

Funksional təyinatına görə anbarları aşağıdakı kimi fərqləndirirlər:



    • istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün bufer ehtiyatları anbarı;

    • qarışıq, kombinələşdirilmiş, intermodal və sair daşımaları yerinə yetirən zaman nəqliyyat şəbəkələrində yüklərin ötürülməsi məqsədinə xidmət edən anbarlar - terminallar;

    • alıcıların spesifik tələblərinə müvafiq olaraq sifarişlərin formalaşması üçün təyin edilən komission anbarlar;

    • anbarlaşdırılan məmulatların mühafizəsini təmin edən saxlama anbarları;

    • xüsusi anbarlar (məsələn, gömrük anbarları, müvəqqəti saxlama anbarları, taralar, istifadə məqsədilə geri qaytarılan tullantılar və s.)

Nəqliyyat şəbəkələrində yüklərin bir nəqliyyat növündən digərinə (məsələn, dəmir yolu nəqliyyatından avtomobil nəqliyyatına və ya əksinə) ötürülməsi - yüklənməsi üçün və məhsulların qısamüddətli saxlanılması üçün istifadə edilən anbarları tranzit anbarları da adlandırırlar. Tranzit anbarları məhsullar və ya məhsul qrupları üzərində əlavə texnoloji əməliyyatlar aparmır və onların qəbul edilən formada göndərilməsini həyata keçirir. Belə tip anbarlar əsasən dəmir yolu stansiyalarında, su körpülərində, port və ya limanların yaxınlığında təşkil edilir. Bu anbarlardan istifadənin məqsədi məhsul alan təşkilatların dəmir yolu və yaxud su magistrallarından uzaqda yerləşməsindən və məhsulların ən qısa vaxtda qəbul edilib konkret ünvanlara göndərilməsindən ibarətdir. Praktiki təcrübə sübut edir ki, tranzit anbarlarının topdan ticarət şəbəkələrində yaradılması iqtisadi cəhətdən daha əlverişlidir. Çünki, pərakəndə ticarətlə məşğul olan firma və müəssisələrdən fərqli olaraq topdan ticrət təşkilatları iri partiyalarla məhsul alıb göndərmək və ya onları qısa müddətdə istehlakçı sifarişlərinə müvafiq formada kiçik partiyalara ayırmaq imkanlarına malikdir.

Anbarları xarakterizə edən ən mühüm əlamət - məhsulların və çeşidin ixtisaslaşması dərəcəsindən, habelə ən mühüm anbar əməliyyatlarının xarakterindən ibarətdir. İxtisaslaş-dırılmış anbarlar bir və ya bir neçə məhsul qrupları üzrə məhdudlaşdırıldığına görə dar ixtisaslaşdırılmış, ixtisaslaşdırılmış və geniş çeşidli ixtisaslaşdırılmış anbarlara ayrılır.



Dar ixtisaslaşdırılmış anbarlar öz fəaliyyətlərini məhdud bir məhsul növünü (metal, parça, şəkər, bitki yağı, sürtkü materialları s.) saxlamaq ya həmin məhsul qrupu üzərində istehsal-texnoloci ya tijarət - texnoloci əməliyyatlar aparmaqla həyata keçirir.

Əməliyyatların bir məhsul qrupu (metal məmulatları, qənnadı, şərab-araq məmulatları, meşə materialları, kağız məhsulları və s.) üzrə aparıldığı anbarlara ixtisaslaşdırılmış anbarlar deyilir.

İxtisaslaşdırılmış anbarlarda məhsulların qrupdaxili geniş çeşidi yaradılır. Bir və ya bir neçə məhsul qrupu üzrə fəaliyyətin məhdudlaşdırılması bir tərəfdən məhsulların saxlanılması və anbar əməliyyatlarının tələb olunan formada təşkilini yaxşılaşdırmağa imkan verirsə, digər tərəfdən anbarların xırdalanmasına səbəb olur.

Geniş çeşidli ixtisaslaşdırılmış anbarlarda müxtəlif qruplardan olan məhsullar (məsələn, qara əlvan metalın, eləjə ərzaq məhsullarının bütün növləri) saxlanılır.

Qeyd olunan təsnifat əlamətindən başqa anbarlar texniki nişanələrinə, texniki prosesin xarakterinə, tutduğu sahəyə və nəqliyyat əlaqəsinə görə də təsnif olunur:



Texniki nişanələrinə görə anbarlar: ümumi məhsul anbarlarına (belə anbarlarda əsasən tez xarab olmayan və saxlanılması xüsusi şərtlər tələb etməyən məhsullar saxlanılır) və xüsusi məhsul anbarlarına (soyuducular, neft rezervuarları, kağız - meşə materialları, ölçü cihazları və çəki avadanlıqları, duz və kerosin anbarları, buzxanalar və s.) bölünür.

Texniki prosesin xarakterinə görə: ayrı - ayrı əməliyyatları mexanikləşdirilmiş, bütün əməliyyatları mexanikləşdirilmiş və kompleks mexanikləşdirilmiş, eləcə də avtomatlaşdırıl-mış anbarlar vardır.

Tutduğu sahəyə görə anbarlar: kiçik, orta və iri anbarlara ayrılır. Kiçik anbarların sahəsi 5 min kv. metr, orta anbarların sahəsi təqribən 5 - 15 min kv. metr, iri anbarların sahəsi isə 100 min kv.metrdən artıq olur.

Nəqliyyatla əlaqəsinə görə anbarlar: relsyanı, relsdənkənar, limanyanı (körpüyanı) anbarlardan ibarətdir. Relsyanı anbarlar dəmir yolları nəzdində, giriş dəmir yollarının kənarında yerləşdirilib magistral dəmir yolları ilə əlaqələndirilir. Relsdənkənar anbarlara yalnız avtomobil və qoşqu nəqliyyatı yanaşa bilər. Limanyanı (körpüyanı) anbarlar çay limanlarının yanında və yaxud dəniz limanlarının ərazisində yerləşdirilir.

Logistik sistemdə yerinə görə anbarlar: təjhizat, istehsal və bölüşdürmə anbarlarına bölünür.

Təjhizat sahəsindən anbarlar özlərinin təsərrüfat fəaliyyəti baxımından məhsul-göndərənin, vasitəçilərin və istehsalçıların anbarları kimi təsnif edilməklə iki qrupa bölünür:

1. Eynijinsli yüklər böyük həjmli məhsul partiyası ilə işləyən, nisbi mənada sabit dövriyyəyə malik xammal material anbarları. Bu tip anbarlar anbardaxili logistik yük vahidləri üzərində aparılan logistik əməliyyatların avtomatlaşdırılmasına imkan verir.

2.İstehsal - texniki təyinatlı anbarlar (tara ədəbi yüklər). Bir qayda olaraq bu qrupa daxil olan yüklər eyni nomenklaturaya aid edilməklə anbar işlərinin yerinə yetirilməsi üçün əsasən yüksək səviyyəli mexanikləşdirmə və avtomatlaşdırma tələb edir.

İstehsal logistikasına mənsub edilən anbarlar nisbətən sabit nomenklaturaya malik olan yüklərin qə'bul edilməsi, e'malı və istehsal sahələrinə buraxılışını tə'min edir.


3. LOGİSTİK ANBARLARIN QURULUŞU

PLANLAŞDIRILMASI
Anbarların quruluşu hər şeydən əvvəl anbar əməliyyatlarının səmərəli təşkilini, məhsulların kəmiyyət və keyfiyyətcə mühafizə olunmasını və anbar işçilərinin səmərəli fəaliyyət göstərməsini təmin etməlidir. Anbarların quruluşu saxlanılan material resurslarının və hazır məhsulların xüsusiyyətlərindən, əmtəə dövriyyəsinin həcmindən, struktur tərkibin-dən, iqlim şəraitindən və s. asılı olaraq müxtəlifdir. Qeyd edilənləri nəzərə alaraq logistik anbarlar əsasən aşağıdakı:

  • xidmət etdiyi logistik dövrənin iştirakçılarının dəyişən tələbini ödəyə biləcək qədər kəmiyyət və keyfiyyətcə normal məhsul ehtiyatının yaradılması;

    • istehsalın və logistik vasitəçilərin material resursları və ya əmtəəlik məhsullarla təjhizatının fasiləsiz və ahəngdar aparılması üçün anbar əməliyyatlarının optimal təşkil edilməsi;

    • məhsulların maddi - əşya formasının və fiziki-kimyəvi tərkibinin qorunub saxlanıl-masına nail olunması;

    • anbar əməliyyatlarının həm texniki, həm də təşkilati cəhətdən operativ və səmərəli aparılmasının təmin edilməsi və s. kimi tələblərə cavab verməlidir.

Anbar tikililərinin əsas tipləri açıq, yarımqapalı, qapalı anbarlardan ibarətdir.

Açıq anbarlar-asfaltlaşdırılmış, döşənmiş, yaxud döyəjlənmiş su axarı qoyulmuş meydançalardan ibarətdir. Açıq anbarlar yükləmə - boşaltma işlərini asanlaşdırmaq məqsədilə platforma şəklində qurulur. Platformanın hündürlüyü dəmir nəqliyyatı vasitəsilə yüklərin rahat qəbul edilməsi üçün vaqonun döşəməsi səviyyəsində, avtomobillə qəbul edilən yüklər üçün isə avtomobilin yanaşdığı tərəfdə onun döşəməsi səviyyəsində olmalıdır. Açıq anbarlarda ətraf mühitin təsirinə (atmosfer yağıntısı, temperatur dəyişikliyi, günəş şüaları) o qədər də həssas olmayan, bu təsirlərə məruz qalmayan məhsullar saxlanılır. Belə anbarlar adətən tikinti materialları: qum, çınqıl; bütün növ qara metal məmulatları: polad borular, kanatlar, məftillər, maşın və mexanizmlər və s. üçün nəzərdə tutulur.

Yarımqapalı anbarlar meydança formasında, yaxud platforma şəklində qurulur. Bunların divarsız talvarı və ya bir-üç divarlı talvarı olur. Talvarı və divarları olan yarım-qapalı anbarlardan məhsulların yalnız atmosfer təsirlərindən qorunması və saxlanılması üçün istifadə olunur.

Qapalı anbarlar-tam komplekt divarları, damı olan tikililərdir. Qapalı anbarlar həm soyuq və isti, həm də isidilən və süni surətdə soyudulan binalardan ibarətdir.

Soyuq (isidilməyən) anbarlar nazik divar (yonma taxtalı) karkaslı tikililərdir. Belə anbarlarda atmosfer yağıntısından, günəş şüalarından və küləkdən qorunması zəruriyyət kəsb edən məhsullar saxlanılır.

İsidilən anbarlarisitmə sistemi ventilyasiya qurğuları ilə təjhiz olunmuş əsaslı binalardan ibarətdir. Bu binalarda müəyyən dərəcədə müsbət temperatur və zəruri hava rütubəti təmin edilir. Saxlanılması üçün müəyyən rejimə ehtiyacı olan məhsullardan başqa, yanacaqla isidilən anbarlarda açıq şəkildə saxlanılması mümkün olan (çünki onlar bu anbarlardan buraxılan zaman sortlaşdırılır) bəzi sənaye məmulatları da yerləşdirilir.

Logistik anbarların layihələşdirilməsi və tikilməsi böyük iqtisadi əhəmiyyətə malikdir. Buna görə də logistik sistemin iştirakçılarına göstərilən logistik xidmət mədəniyyətinin yüksəldilməsi üçün anbarlar elə yerləşdirilməlidir ki, xidmət etdiyi sistemin iştirakçılarına mümkün qədər yaxın olsun və məhsul satıcısı kimi çıxış edən firma və təşkilatlarla əlverişli nəqliyyat əlaqəsi yarada bilsin.

Anbar layihələşdirilən zaman məhsulların saxlanılmasında mühüm əhəmiyyət kəsb edən ventilyasiya sisteminin düzgün qurulmasına diqqət yetirilməlidir. Bu zaman təbii, mexaniki (süni) və ya qarışıq ventilyasiyadan istifadə edilir. Təbii ventilyasiya üçün nəfəslikdən, framuqalardan və pəncərələrin açılan bloklarından istifadə edilir. Mexaniki ventilyasiya isə elektrik ventilyatorları vasitəsilə aparılır.

Anbarlarda su kəmərinin qurulması təsərrüfat ehtiyaclarını, anbar işçilərinin içməli suya tələbatını və yanğın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Su təjhizatı mənbələri yerli su kəməri şəbəkəsi, süni və təbii su hövzələrindən (quyu, çay, gölməçə və s.) ibarətdir. Su hövzələrindən su götürərkən onun keyfiyyətinin sanitariya - texniki tələblərə müvafiq olub-olmaması yoxlanılmalıdır.

Anbarlarda daxili binalar məqsədli təyinatına görə əsas operativ, operativ-köməkçi, inzibati-məişət köməkçi-texniki binalara bölünür.

ANBAR AVADANLIQLARI
Logistik anbarların avadanlıqları məhsulların saxlanmasını, anbar binalarından faydalı istifadə olunmasını, anbar işçilərinin əmək məhsuldarlığının yüksəldilməsini, habelə anbarda yerinə yetirilən logistik əməliyyatlara çəkilən xərclərin azaldılmasını təmin etməli və ona şərait yaratmalıdır.

Anbar avadanlıqları logistik iştirakçıların fərdi və kütləvi sifarişləri əsasında və yaxud bu tip avadanlıqların istehsalı üzrə ixtisaslaşdırılmış firma və müəssisələr (məsələn, maşınqayırma zavodları istehlak kooperasiyalarının öz müəssisələri) tərəfindən hazırlanır.

Müasir və yeni tikilən anbarlar əsasən yeni növ anbar avadanlıqları ilə təmin edilir. Tikilməkdə olan anbarların isə müasir anbar avadanlıqları ilə təmin edilməsi məsələsi ilk öncə anbarın nümunəvi layihəsi hazırlanan zaman nəzərə alınır. Köhnə anbarlar bir sıra hallarda avadanlıq cəhətdən ''kasıb'' olur və bunlarda müasir tələblərə cavab verə bilən avadanlıqlara rast gəlinmir.

Anbar logistikasında avadanlıqlar öz təyinatına görə əsasən aşağıdakı:



    • məhsulların saxlanılmasını təmin edən avadanlıqlar;

    • qaldırıcı – nəqliyyat avadanlıqları;

    • çəki - ölçü avadanlıqları;

    • yanğından mühafizə avadanlıqları;

    • hesablama - texnikası vasitələrinə (kompyüter, skaynerlər) bölünür.

Məhsulların saxlanılmasını təmin edən avadanlıqlar. Material resurslarının anbarda normal vəziyyətdə saxlanılması üçün onlar lazımi avadanlıqlarla tə'min olunmalıdır. Saxlama avadanlıqları materialların fiziki - kimyəvi xassələrindən asılı olaraq üç qrupa bölünür:

 ədədi və qablaşdırılmış materialların saxlanılması üçün avadanlıq;

 səpkili materialların saxlanılması üçün avadanlıq;

 maye halında olan materialların saxlanılması üçün avadanlıq.

Qəfəsələrdə qablaşdırılmış və taradan çıxarılmış məhsullar saxlanılır. Konstruksiyası baxımından qəfəsələr çox müxtəlif olur. Onların təcrübədə rast gəlinən ən xarakterik növləri rəfli, döşənək üzərində mal saxlamaq üçün çoxmərtəbəli, gözcüklü və yeşikli qəfəsələrdir. Qəfəsələr ağacdan, metaldan və dəmir - betondan hazırlanır. Təyinatına görə onlar universal və xüsusi qəfəsələrə bölünürlər.

Rəfli qəfəsələr bir və iki tərəfli olur. Rəflərin sayı qəfəsələrin hündürlüyündən asılıdır və eni 80 sm-ə qədərdir. Bəzi qəfəsələr rəflərin hündürlüyünü dəyişmək üçün avadanlıqlaşdırılır. Bu da öz növbəsində məhsulların həcmini və qabaritini nəzərə alaraq rəfləri bir - birindən müxtəlif məsafələrdə qurmağa imkan verir.



Kronşteynlər bəzi növ məhsulların asılı vəziyyətdə saxlanılması üçün tətbiq edilir, kronşteyn divardan müəyyən qədər aralı bərkidilmiş xırda ağajdan (çubuqdan) ibarətdir; həmin ağacın üzərində isə ayrı - ayrı məhsul növlərini asmaq üçün oksidləşməyən metaldan qarmaqlar düzəldilir.

Daqqalar ya sandıqlar açıq şəkildə məhsulların saxlanılmasına xidmət edir. Sandıqlar qapaqlı iri yeşik formasında hazırlanır. Daqqalar anbar binasının taxta ilə ayrılmış bir hissəsidir və onların döşəməsi taxtadan, divarın hündürlüyü 1,5 - 2 m, eni 2,5 - 3 m uzunluğu isə lazımi mal ehtiyatının saxlanmasını təmin edən ölçüdə olur. Yükləmə-boşaltma işləri üçün əlverişli şərait yaratmaq məqsədilə qabaq divarın taxtaları novlarda bərkidilir.

Anbarda yerinə yetirilən logistik

əməliyyatlar
Anbarlarda yerinə yetirilən logistik əməliyyatlar mürəkkəb olmaqla yanaşı ehtiyatların yaradılması, yüklərin emal olunması və sifarişlərin fiziki bölüşdürülməsi kimi əsas funksiyaların razılaşdırılmış formada icra olunmasını tələb edir. Praktiki olaraq anbar logistikası mikrosəviyyədə baxılan, nəzərdən keçirilən əsas funksional sahələri bütünlüklə əhatə edir. Bu nöqteyi-nəzərdən anbarda yerinə yetirilən logistik proseslər texnoloji proseslərlə müqayisədə genişdir və aşağıdakıları özündə əks etdirir (şəkil 11.4):

    • anbarın müxtəlif nomenklaturalı məhsullarla (ehtiyatlarla) təmin edilməsi;

    • məhsulgöndərmələrənəzarətinhəyatakeçirilməsi;

    • yüklərinboşaldılmasıvəqəbulununaparılması;

    • yüklərinanbardaxilinəqledilməsivədaşınması;

    • qəbuledilənyüklərinanbarlaşdırılmasıvəsaxlanılması;

    • istehlakçısifarişlərinəuyğunməhsulpartiyalarınındəstləşdirilməsivəanbarməhsulburaxılışınıntəminedilməsi;

    • sifarişləringöndərilməsi;

    • boş,istifadəsizyükdaşıyıcılarınıntoplanması, qəbuluvətələbolunanyerlərəgöndərilməsi;

    • sifarişlərin yerinə yetirilməsinə nəzarətin təşkili;

    • anbarlara informasiya xidmətinin göstərilməsi;

    • müştərilərə yüksək mədəni xidmətin təmin edilməsi;

Qeyd edilən logistik proseslərin həyata keçirilməsi bu prosesi təşkil edən hər bir tərkib elementləri arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq şəraitində mümkündür. Belə yanaşma anbar xidmətinin fəaliyyətinin dəqiq əlaqələndirilməsinə imkan verməklə bərabər, minimal məsrəflərlə yüklərin anbar daxilində hərəkətinin planlaşdırılması və onlara nəzarətin əsası hesab olunur. Odur ki, bu məntiqi baxımdan çıxış etsək anbarda yerinə yetirilən bütün logistik əməliyyatları şərti olaraq üç hissəyə bölmək olar:

1) xammal, material, dəstləşdirici məmulatlar və hazır məhsulların tədarükatı ilə əlaqədar olan işlərin icra olunmasını nəzərdə tutan əməliyyatlar;

2) yüklərin emalı və onların sənədləşdirilməsi ilə bilavasitə əlaqədar əməliyyatlar;

3) məhsulların fiziki bölüşdürülməsi və satış işlərinin əlaqələndirilməsinə istiqamət-lənmiş əməliyyatlar. Məhsullar anbarlara iki üsulla: ştabel qəfəsə üsulu ilə yığılır.

Aparılan təhlil nəticəsində müəyyən edilmişdir ki, ştabel üsulu mal altlıqlarından istifadə etməklə anbar sahəsinin hər kvadrat metrində daha çox məhsul saxlanılmasına imkan verir. Məhsulların ştabel yaxud tərəcə üsulu ilə saxlanılmasında anbar işçilərinin əsas diqqəti hər məhsul qrupu üçün müəyyən edilmiş yığılma hündürlüyünü nəzərə almaqla anbar sahəsindən, tutumundan maksimum səmərəli istifadə etməyə yönəldilməlidir.

Anbarlara məhsulların yığılma hündürlüyü ələməyinin mexanikləşdirilməsi səviy-yəsindən asılıdır. Fiziki əmək sərfi böyük olan anbarlarda məhsulların yığılma hündürlüyü 2 metrdən, hər bir məhsul partiyasının çəkisi isə 50 kq - dan artıq olmamalıdır.

Anbarda məhsulların keyfiyyətli saxlanılması üçün mühüm amillərdən biri də, anbarda paralel hava cərəyanının tənzim edilməsidir. Bunu nəzərə alaraq məhsulların ştabel formasında saxlanması zamanı şəbəkəli mal altlıqlarından istifadə edilir. Bundan başqa, anbarlaşdırma zamanı məhsullar anbarın divarından və tavanından normativlərlə (hər məhsul qrupu üçün müxtəlifdir) müəyyən olunmuş məsafədə yerləşdirilməlidir, məsələn, anbarda bərk tarada saxlanılan məhsullar divardan və tavandan 0,5 m, yumşaq tarada saxlanılan məhsullar isə 1 m- dən az olmayaraq aralı yığılmalıdır.
ANBARLARIN EFFEKTİV FƏALİYYƏT

GÖSTƏRMƏSİ PROBLEMLƏRİ
İstehsalçı firma və təşkilatlar qarşısında duran vacib problemlərdən biri firmanın material resursları və ya hazır məhsullarının saxlanılması, istehsal istehlakına hazırlaması üçün bilavasitə anbar sahələri ilə təmin edilməsindən ibarətdir. Buna görə də firma və şirkətlərin qarşısında həlli əhəmiyyət kəsb edən üç alternativ:

a) yeni anbar qurğularını tikmək və ya başqasının mülkiyyətində olanları özünün xüsusi mülkiyyətinə keçirmək;

b) ümumi istifadədə olan anbarlar və anbar sahələrindən müştərək istifadə etmək;

c) digər firma və müəssisələrə məxus anbar binalarını lizinq qaydasında müvafiq icarə haqları ödəməklə istifadəyə götürmək kimi məsələlərin həll edilməsi durur.

Qeyd olunan variantlar arasında seçimin aparılması zamanı firma və müəssisələr məhsulların qəbul edilməsi mərhələsindən onların konkret istehlakçılara buraxılması anına qədər yerinə yetirilən anbar logistik əməliyyatlarına çəkilən xərclərin minimum olması halına daha çox üstünlük verirlər. Praktik təcrübə göstərir ki, istehsal - satış fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri üçün variantların kombinələşdirilmiş formasının tətbiqi məhsulların anbarlaşdırılması sistemində problem xarakterli mühüm məsələ hesab olunur. Belə ki, istehsalçı firma və şirkətlər özlərinin istehsal etdiyi məhsulları (xüsusilə mövsümi xarakter daşıyan məhsulları) müxtəlif bölgü kanalları vasitəsilə müxtəlif regionlarda intensiv reallaşdırırlarsa a) və b) varinatlarından birgə istifadə edilməsi onlar üçün iqtisadi nöqteyi - nəzərdən daha əlverişlidir. İstənilən vəziyyətdə bu seçimin aparılması iqtisadi kompromislər vasitəsilə həll edilir. Lakin onu da nəzərdən qaçırmaq lazım deyil ki, hər iki variant kifayət qədər üstünlüklərə və çatışmazlıqlara malikdir.

İstehsal - satış fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri üçün a) variantının seçilməsi aşağıdakı iqtisadi meyarlarla şərtləşir:



    • anbarın yüksək və stabil əmtəə dövriyyəsinə malik olması;

    • satış bazarının tutulduğu və rəqabətin kəskinləşdiyi bir şəraitdə anbar məhsullarına tələbatın artması;

    • məhsulların saxlanılması və onlara nəzarətin təşkilinin vaxtı - vaxtında təmin edilməsi;

    • satış strategiyasına mütəmadi dəyişikliklərin aparılması imkanlarının geniş olması;

    • satıcılar tərəfindən müxtəlif xidmət növlərinin göstərilməsini tələb edən istehlakçı-lara yüksək xidmət mədəniyyətinin təklif edilməsi və s.

Aydındır ki, qeyd olunan bu iqtisadi meyarların hər biri ayrı - ayrılıqda xüsusi anbar binalarının tikilməsi və ya qurğularının əldə edilməsi üçün maddi şərt hesab edilir.

Anbar sistemlərinin optimal fəaliyyət strategiyasının seçilməsi üçün anbar xərcləri və onların tərkibi mühüm əhəmiyyət kəsb edir. Praktikada anbarların fəaliyyət strategiyasına təsir göstərən altı əsas xərc növü mövcuddur:



    • məhsulgöndərmələrlə əlaqədar xərclər;

    • anbarda məhsulların ehtiyat formasında saxlanılmasına çəkilən xərclər;

    • istehlakçı sifarişlərinin yerinə yetirilməsilə bağlı xərclər;

    • istehlakçıların sifariş verdikləri anda anbarda məhsul qıtlığı ilə əlaqədar olan xərclər;

    • anbar sisteminin idarə edilməsi xərcləri;

    • anbar işçilərinin əmək haqqı xərcləri;

anbarların sayının azaldılması və təjhizat anbarlarının istehlakçılardan uzaqlaşdırılması ilə əlaqədar satış həcmində baş verən itkilər.
YOXLAMA SUALLAR:

  1. Anbarların mahiyyəti nədir?

  2. Anbarların təsnifatı necədir?

  3. Hansı anbar avadanlıqları istifadə olunur?

  4. Anbar daxilində hansı logistik əməliyyatlar yerinə yetirilir?


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə