Mövzu 14. İNformasiya logiSTİkasi plan: İnformasiya axınlarının mahiyyəti və vəzifələri



Yüklə 297,34 Kb.
tarix14.01.2018
ölçüsü297,34 Kb.
#20728

Mövzu 14. İNFORMASİYA LOGİSTİKASI
Plan:

  1. İnformasiya axınlarının mahiyyəti və vəzifələri

  2. Logistik informasiya sistemlərinin qurulması prinsipləri

  3. Logistik informasiya sistemlərinin idarəetmə obyektləri və subyektləri

  4. Logistik idarəetmədə müasir informasiya texnologiyaları

  5. Logistik informasiya sistemlərinin tətbiq edilməsinin iqtisadi zəruriliyi




  1. İnformasiya axınlarının mahiyyəti və vəzifələri

İnformasiya latın sözü olub, xəbər vermək, nə haqdasa, hansı fakt, hadisə barəsindəsə məlumat vermək mənasını daşıyır. İstər respublikamızda, istərsə də yaxın və uzaq xarici ölkələrdə informasiya anlayışına yanaşmalarda alim və mütəxəssislər arasında müxtəlif istiqamətli baxışlar möv­cuddur. Akademik A.N. Kolmoqorovun fikrincə «İnformasiya – qeyri məxsusi, ehtimallı anlayış­dır. Lakin real vasitələrlə, rabitə kanalları vasitəsilə verilə bilər. Professor Lui Kuffinyal informasiyanı «polad – mexaniki məmulatın materialıdırsa, infor­masiya da təfəkkürün materialıdır» kimi izah etmişdir.

F.D.Fesenko: «Sözün geniş mənasında informasiya dedikdə, saxlanma, göndərilmə və dəyişdirilmə obyekti olan məlumatlar başa düşülür. Bütün bu qeyd olunanlardan fərqli olaraq N.N.Moiseev informasiyanı tədqiq edilən obyekti əhatə edən ətraf mühit və ya öyrənilən hal haqqında əldə olunan məlumatlar toplusu kimi xarakterizə edir.

Bütün bu təriflər informasiyanın mahiyyətini bu və ya digər cəhətdən düzgün izah edir. Buradan əldə olunan qənaət ondan ibarətdir ki, hər bir informasiya məlumatdır, lakin hər bir məlumat informasiya deyil, informasiya məlumata nisbətən daha yığcam, konkret və mükəmməldir.

İnformasiya insanlara onun hissi qavrayışları və təsəvvürləri sayəsində çatır. İnformasiya müxtəlif: danışıq, mətn və təsvir formalarında verilə bilər və onları müxtəlif daşıyıcılarda (kitablarda, jurnallarda, sənədlərdə, çertyojlarda və s.) qeyd etmək mümkündür.

Bütün bu qeyd olunanlar göstərir ki, informasiya müxtəlif yerlərdə yaranır, olduqca müxtəlif növlərə malikdir.

İnformasiyanın ən mühüm növlərindən biri iqtisadi informasiyadır. Bu, iqtisadi sistemlərdə dövr etməklə onların fəaliyyətini təmin edən, daxili və xarici təsirlər kompleksinin universal ifadəsidir. İqtisadi informasiya bütöv­lükdə iqtisadiyyat kimi olduqca mürəkkəb və çoxsahəli bir sistemi xarakterizə etdiyindən ən harmonik və çevik informasiya növüdür.

İqtisadiyyat bir-birilə qarşılıqlı fəaliyyətdə olan təsərrüfat subyektlərinin açıq informasiya sistemidir. Bu subyektlərin normal fəaliyyəti üçün başlıca şərt digər informasiya sistemləri ilə qarşılıqlı əlaqədir.

Bazar iqtisadiyyatının formalaşması baxımından cəmiyyətin informasiyalaş­dırılmasına vahid informasiya məkanında öz-özünə təşkil olunan və öz-özünə inkişaf edən qlobal, hərtərəfli, bütöv bir proses kimi baxmaq lazımdır.

Bütövlükdə bazar iqtisadiyyatı və onun ayrı-ayrı iqtisadi subyektlərinin normal və səmərəli fəaliyyət göstərməsi üçün informasiya mühüm şərtdir. Məhsul və xidmətlər bazarının formalaşması və inkişafı məhsul və xidmətlər, onların qiymətləri, məhsulların satış şərtləri, alıcı və satıcı, habelə vasitəçi strukturlar haqqında etibarlı və dolğun informasiyalarsız heç cür mümkün deyil. Bu tip informasiyaların mövcud olmaması əlavə xərclərin yaranmasına, təsərrüfat subyektlərinin qəbul edəcəkləri istənilən xarakterli qərarların keyfiyyətinin aşağı düşməsinə və transsaksion xərclərin artmasına gətirib çıxarır.

İnformasiya istənilən səviyyəli menecerlər üçün ən zəruri və ən mühüm resurs növü hesab olununur. Bu növ resursun praktiki fəaliyyətdə rolu iki əsas prinsipə görə mütəmadi olaraq artır:

 iqtisadiyyatın və idarəetmənin qloballaşdırılması (biznes fəaliyyəti artıq kompleks və beynəlxalq xarakter daşımağa başlayır);

 kompyüterləşdirmənin informasiya resurslarının əldə edilməsi və təşkili prosesinə daha ciddi tələblər qoyması.

İnformasiya axınları:

 material və istehsal resurslarına tələbatın müəyyənləşdirilməsi;

 tələbatın ödənilməsi üçün müvafiq tədarükat bazarına çıxışın təmin edilməsi;

 tədarükat metodlarının müəyyənləşdirilməsi;

 sifariş edilmiş məhsulların istehsalçılardan istehlakçılara nəql edilməsi üçün bu və ya digər nəqliyyat vasitələrinin seçilməsi üzrə qiymətləndirmənin aparılması;

 məhsulgöndərən firmalar tərəfindən göndərilmiş məhsulların kəmiyyət və keyfiyyət üzrə qəbulu işlərinin həyata keçirilməsi;

 məhsulların anbarlaşdırılması, istehsal istehlakına hazırlanması, istehsal proqramının yerinə yetirilməsi zamanı material resurslarına tələbat yarandıqca onların istehlak yerlərinə çatdırılması;

 hazır məhsul istehsalı ilə bağlı operativ məlumatların toplanması və ya müvafiq qərarların hazırlanması nəticəsində yaranır.

Başqa sözlə, informasiya axınları istənilən səviyyəli logistik sistemin hüdudları daxilində bu və ya digər logistik əməliyyatların yerinə yetirilməsi zamanı yaranır və yaranma mənbəyindən son istehlakçıya qədər məlumatların yazılı və şifahi daşıyıcısı kimi çıxış edir.

Beləliklə, informasiya axınları adı altında logistik əməliyyatların idarə edilməsi və ona nəzarət üçün logistik sistem tərəfindən istifadə olunan, logistik sistemlə xariji mühit arasında əlaqələri təşkil edən məlumatlar məjmusu başa düşülür.


İnformasiya axını vaxt vahidi ərzində işlənən, saxlanılan və ötürülən informasiyanın kəmiyyəti ilə ölçülür.

Hər hansı bir məlumatda olan informasiyanın ölçülməsi qaydaları infor­masiya nəzəriyyəsi adı altında iqtisadi kibernetika tərəfindən öyrənilir. Bu nəzə­riyyəyə görə informasiyanın kəmiyyət vahidi ikilik vahid – bit qəbul edilmişdir. Elektron hesablama maşınlarından istifadə etməklə məlumatların işlənməsi və ötürülməsini həyata keçirən zaman informasiyalar baytla ölçülür. Bayt adətən 8 bitdən ibarət olmaqla maşın sözünün hissəsidir. Logistik informasiyaların fərdi elektron hesablama maşınlarının (FEHM) tətbiqilə işlənməsi zamanı informasiya kəmiyyətinin törəmə - kilobayt, meqabayt və kilobit kimi vahidlərindən də istifadə olunur.

Deməli, informasiya axınları müxtəlif: yaranma mənbəyi, hərəkət istiqaməti, informasiyaların ötürülməsi sürəti, informasiya axınlarını təşkil edən məlumatların ümumi həjmi kimi parmetrlərlə xarakterizə olunur.

İnformasiyaların ötürülməsi sürəti informasiya nəzəriyyəsində və ya rabitə texnikasınının müxtəlif sahələrində adətən bodla ölçülür (bir bod saniyədə bir bitin ötürülməsinə uyğun gəlir).

Logistikada informasiya axınlarının tədqiqi və onlardan logistik idarəetmənin həyata keçirilməsi üçün istifadə olunmasını nəzərdə tutan funksional sahə informasiya logistikası adlanır.

Bu zaman informasiya logistikası adı altında məhsul və xidmətlərin istehsalı, bölüşdürülməsi və istehlakı haqqında müxtəlif iqtisadi (istehsal – satış) fəaliyyət obyektləri arasında mövcud olan və dövr edən məlumatlar başa düşülür. İdarəetməyə aşağıdakı əsas funksiyalar aid edilir:



  • istehsal – satış proseslərinin gedişinə nəzarət və onun təhlili;

  • istehsal – satış fəaliyyətinin tənzimlənməsi;

  • uçot və hesabat işlərinin aparılması.

Logistikada informasiya axınları elektron məlumatları massivi, müəyyən formada tərtib edilmiş kağız sənədləri, habelə məlumatların göstərilən bu iki formasının hibritindən ibarət axın şəklində yaranır.

Logistikada informasiya axınlarını təşkil edən elementlərə:



  • telefonoqramma və ya faks;

  • məhsulla birlikdə tələb olunan yerə (anbar və ya bazalara) daxil olan, onu müşahidə edən qaimələr;

  • yüklərin anbara və bazalara daxil olması və yerləşdirilməsi haqqında informasiyalar;

  • nəqliyyat tarifləri, mümkün nəqliyyat marşrutları və istifadə olunan nəqliyyat vasitələrinin növü haqqında məlumatlar;

  • ehtiyatların vəziyyətini xarakterizə edən dinamik modellər və onlarda baş verən dəyişikliklər;

  • istehsalla bağlı müxtəlif normativ – sorğu məlumatları;

  • məqsəd bazarı və onun konkret seqmentində baş verən dəyişikliklər;

  • istehsal gücləri və bitməmiş istehsal haqqında cari məlumatlar;

  • məhsulgöndərənlər, vasitəçi strukturlar və istehsalçılar (istehlak­çılar) haqqında cari məlumatlar;

  • sifariş portfelində baş verən dəyişikliklər;

  • məhsul istehsalı planı haqqında məlumatlar;

  • hazır məhsulun növü və həcmi haqqında məlumatlar;

  • istehlakçılara faktiki satılan məhsullar haqqında məlumatlar;

  • maliyyə axınları haqqında məlumatlar və s. aid edilir.

Deməli, logistik sistem daxilində yaranan, saxlanılan, dövr edən və isti­fadə olunan informasiyalar yalnız cari istehsal – satış proseslərinin normal ge­dişini təmin etdikdə, onların səmərəli və effektiv həyata keçirilməsi üçün op­timal şərait yaratdıqda faydalı hesab edilir. Bu isə informasiya bazasının ya­radılması və bu informasiya bazasının yeniləşməsi (istehsal – satış fəaliyyətinin cari vəziyyətini əks etdirən müvafiq məlumatlara) yolu ilə təmin edilir. Buna görə də adekvat informasiya axınlarının formalaşması üçün iki əsas prinsipə əməl etmək tələb olunur:

1.Logistik informasiya axınlarını təşkil edən məlumatlar istehsal – satış fəaliyyətinin həyata keçirildiyi mənbəyə maksimum yaxın yerdən yığılmalıdır.

2. Məlumatlar onları müqayisə etmək və sonradan dəyişmək üçün əlverişli formada verilməlidir.

Rekvizit – yenidən (sonradan) bölünməsi qeyri - mümkün olan sadə məlumat vahididir və digər analoji elementlə birləşərək daha mürəkkəb informasiya toplusunu yaradır. Bununla əlaqədar olaraq rekvizit informasiya toplusunun tərkibini məsələn, «təşkilatın adı kodu», «məhsulun adı kodu», «məhsulun qiyməti», «məhsulların kəmiyyəti», «idarəetmə sənədlərinin kodu» və s. kəmiyyət və keyfiyyətcə xarakterizə edir. Hər bir rekvizit rəqəm, hərf və xüsusi simvollar toplusu formasında verilə bilər. Yaranma və informasiyaların emalı prosesində roluna görə rekvizitlər əlamət bazislərə bölünür.

Əlamət – məlumatın tərkib hissəsi olmaqla təsvir edilən obyekti keyfiy­yətcə xarakterizə edir və bu məlumatı fərdiləşdirir. İqtisadi mənada ayrıca götürülmüş əlamət yoxdur və o həmişə bazislə birlikdə qəbul edilir. Əlamətlər rekvizitinə: «ay», «struktur bölməsinin kodu», «işçilərin tabel nömrəsi» və s.-ə aid edilir. İnformasiyaların işlənməsi prosesində rekvizit əlamətləri üzərində bir qayda olaraq logistik əməliyyatlar (axtarış, sortlaşdırma, emal və s.) yerinə yetirilir.

Bazis – məlumatın tərkib hissəsi olmaqla funksional baxımdan təsvir edilən obyekti kəmiyyətcə xarakterizə etməkdən ibarətdir. Burada da iqtisadi mənada ayrıca götürülmüş bazis yoxdur və o, praktiki fəaliyyət zamanı əlamət rekvizitilə birlikdə qəbul edilir. Bazis rekvizitləri hesab olunan «hər hansı predmetlərin sayı», «qiymət», «məbləğ» və s. ölçmə və ya hesablama nəticəsində alınan ədədi kəmiyyətlərdir.

Sənədin yaranması üçün minimum sayda zəruri bir əsas və bir neçə əlamət rekvizitlərini özündə birləşdirən informasiya toplusu göstəriji adlanır. Məsələn, «anbara təhvil verilmiş hazır məhsulların kəmiyyəti» göstəricisi bir əsas rek­vizit - «məhsulun kəmiyyəti» və bir neçə əlamət rekviziti «tarix», «istehsal bölməsinin kodu», «hazır məhsul anbarının kodu», «ölçü vahidi » və s. ibarətdir. Sadalanan bu rekvizitlərin məcmusu – toplusu hazır məhsulların anbara təhvil verilməsi üzrə əməliyyatları təsvir edir və hazır məhsulun anbara təhvil verilməsinə birbaşa xidmət edən və kompyüterləşdirilmiş idarəetmə sistemlərində işlənmək üçün əlverişli olan «q a i m ə» adlı sadə bir sənədi yaradır.

Beləliklə, logistik informasiya axınları qoyulan məqsəd və vəzifələrdən asılı olaraq müxtəlif əlamətlərə: logistik əməliyyatlara logistik funksiyalara; logistik sistemə münasibətinə; informasiya daşıyıjılarına; yaranma vaxtına metoduna; istifadə müddətinə; açıqlıq dərəjəsi təminatına; məlumatların ötürülməsi üsullarına; qarşılıqlı əlaqə dərəjəsinə; məlumatların informasiya tutumuna; istifadə üsulları dərcəsinə; sıxlığına görə təsnif edilir.

İnformasiya axınlarının qeyd olunan bu əlamətlər üzrə təsnif edilməsi zamanı qəbul edilmiş ümumi prinsiplər aşağıdakılardan ibarətdir:

a) təsnif edilən obyekti kifayət qədər tam əhatə etmək;

b) çoxmərhələli təsnif etmədə hər bir mərhələ üzrə təsnifat əlamətlərinin birgəliyinə nail olmaq;

c) təsnifat sxeminin açıqlığını (yeni məhsul növlərinin əlavə edilməsi imkanı) təmin etmək.

Sadalanan prinsiplərə əsaslanmaqla logistik informasiya axınlarının təsnif edilməsində vacib mərhələ bu və ya digər logistik informasiya axınlarının konkret təsnifat qrupuna mənsub olmasını əvvəlcədən təyin edən əlamətlər və meyarlar toplusunun müəyyənləşdirilməsindən ibarətdir.

Logistik informasiya axınlarına məxsus məhsulgöndərənlərin və istehlakçıların çoxluğu və eynicinsli olmamasını nəzərə almaqla, eləcə də təsnif etmənin başlıca məqsədini (logistik informasiya axınlarının nizama salınması) əldə rəhbər tutmaqla ilkin mərhələdə ayrı – ayrı fəaliyyət növləri əsasında yaranan eynicinsli informasiya axınlarını təsnif etmə qrupu daxilində konkret əlamətlər üzrə bölmək lazımdır.

İriləşdirilmiş ixtiyari logistik sistem üç əsas (tədarükat, istehsal ehtiyatlarının idarə edilməsi, hazır məhsulun bölüşdürülməsi) və təminedici (maliyyə, servis, informasiya) funksiyalardan təşkil edilir. Logistikanın bu funksional sahələrindən asılı olaraq informasiya axınları aşağıdakı kimi təsnif edilir.

1. L o g i s t i k ə m ə l i y y a t l a r a v ə l o g i s- t i k f u n k s i y a l a r a g ö r ə:

sadə;

kompleks;

açar;

bazis.

2. L o g i s t i k s i s t e m ə m ü n a s i b ə t i n ə g ö r ə:

daxili - logistik sistemin daxilində və onun elementləri arasında dövr edən müxtəlif təyinatlı informasiya axınları, məsələn konkret növ məhsul istehsalı üçün istehsalın təşkili, istehsalın maddi təminatı və hazır məhsul istehsalı haqqında informasiyalar;

xariji - logistik sistemlə onun ətraf mühiti arasında dövr edən müxtəlif təyinatlı informasiya axınları, məsələn məhsulgöndərənlər tərəfindən göndə­riləcək yüklərin növləri və həcmi, nəqliyyat kompaniyaları arasında rəqabətin mövcud səviyyəsi, ayrı-ayrı istehlakçıların aldıqları məhsul partiyasının həcmi və s. haqqında məlumat;

üfüqi - ierarxiya quruluşlu logistik sistemin bir səviyyəsinə aid edilən informasiya axınları. Burada ierarxiya piramidasının bir mərtəbəsinə məxsus logistik sistemin quruluş bölməsində, məsələn, ehtiyatların yaradılması və ya istehsalın normal təşkil edilməsi baxımından anbar logistikası səviyyəsində dövr edən məlumatlar nəzərdə tutulur;

şaquli – logistik menecmentin yuxarı səviyyəsindən aşağı səviyyəsinə qədər olan informasiya axınları. Burada informasiyalar ierarxiya piramidasının müxtəlif mərtəbələrində yerləşən bir logistik sistemin quruluş bölmələri, məsələn konkret növ məhsul istehsalı üçün istehsalla tədarükat, istehsalla satış, tədarükatla ehtiyatlar, ehtiyatlarla istehsal və s. arasında dövr edir;

giriş - logistik mərkəzlərə logistik sistemlərin xarici və daxili mühitindən daxil olan və eyni zamanda onun hər bir elementinə nəzarət edən informasiya axınları;

çıxış - logistik mərkəzlər tərəfindən logistik sistemin daxili və xarici mühitinə verilən, lakin onun hər bir elementinə nəzarət edən informasiya axınları.

3. İ n f o r m a s i y a d a ş ı y ı c ı l a r ı n a g ö r ə:

kağız daşıyıjıları - məhsullar və onların hərəkətini xarakterizə edən müxtəlif təyinatlı sənədlər;

maqnit daşıyıjıları - informasiyaların kompyüter texnologiyası ilə işlənməsini həyata keçirən maqnit lentləri, maqnit diskləri;

elektron;

qarışıq.

4. Y a r a n m a v a x t ı n a v ə i s t i f a d ə m ü d d ə t i n ə g ö r ə:

müntəzəm axınlar - müəyyən edilmiş vaxtda konkret qaydalar üzrə məlumatların ötürülməsi;

dövri axınlar - müəyyən vaxtda ciddi məhdudiyyətlərlə məlumatların ötürülməsi;

operativ axınlar - interaktiv və «on line», «off line» dialoq rejimlərində logistik sistemin abonentlərilə əlaqələri təmin edən informasiyalar.

5. Y a r a n m a m e t o d l a r ı n a g ö r ə:

ilkin informasiya axınları;

törəməsərbəst informasiya axınları;


2. LOGİSTİK İNFORMASİYA SİSTEMLƏRİNİN QURULMASI PRİNSİPLƏRİ

Logistik informasiya sistemləri altı əsas prinsip üzərində qurulur.



1. İnformasiyaların istifadəçilər üçün tam yararlı olması. Logistik menecer logistik qərarların qəbul edilməsi üçün ona lazım olan formada zəruri və kifayət qədər tam informasiyalara malik olmalıdır.

2. Dəqiqlik. İlkin informasiyaların dəqiqliyi düzgün qərarların qəbul edilməsi üçün prinsipial əhəmiyyət daşıyır. Odur ki, logistik informasiya sistemləri informasiyaların dəqiqliyini xarakterizə etmək məqsədilə onların qarşısında müvafiq tələblər qoyur.

3. Vaxtı - vaxtında olma. Logistik informasiyalar logistik texnologiyanın tələblərinə uyğun olaraq menecerlərə «dəqiq vaxtında» prinsipi əsasında daxil olmalıdır. İnformasiyaların vaxtı-vaxtında daxil olması bütün logistik funk-siyalar kompleksi üçün praktiki mahiyyət kəsb edir.

4.İstiqamətlilik. Logistik informasiya sistemlərində informasiyalar logistik funksiyaların yerinə yetirilməsi üçün yüksək səviyyəli və peşəkar kadrların hazırlanması, optimal tədarükat və satış bazarlarının tapılması, effektiv bölgü kanallarının seçilməsi, birbaşa uzunmüddətli təsərrüfat əlaqələrinin yaradıl-ması logistik xərclərin azaldılması, məhsulların keyfiyyətinin və servis xidməti-nin yüksəldilməsi üçün əlavə imkanların aşkar edilməsinə istiqamətlənməlidir.

5. Çeviklik. Logistik informasiya sistemi daxilində dövr edən informa-siyalar konkret istifadəçilər - firmanın işçi heyəti, logistik vasitəçilər və son istehlakçılar üçün əlverişli olan formaya salınmalıdır.

6. Məlumatların yararlı formatı. Logistik informasiya sistemlərinin kompyüter və telekommunikasiya şəbəkələrində tətbiq edilən məlumat format-ları texniki vasitələrdən maksimum məhsuldar istifadə edilməsinə şərait yaratmalıdır. Sənədlərin forma və növləri, kağız sənədlərində mövcud olan rekvizitlər, məlumatların ölçüləri və digər parametrlər informasiyaların maşınla işlənməsini sadələşdirməlidir.



  1. LOGİSTİK İNFORMASİYA

SİSTEMLƏRİNİN İDARƏETMƏ

OBYEKTLƏRİ VƏ SUBYEKTLƏRİ
İxtiyari predmetin idarə edilməsi ilkin olaraq idarəetmənin obyekt və subektlərinin müəyyən edilməsini tələb edir. Daha doğrusu, idarəetmə təsirlərinin kim tərəfindən həyata keçirilməsi və hara istiqamətlənməsini nəzərədə tutan sahələr təyin olunmalıdır.

Logistik informasiya sistemlərinin idarəetmə obyektini məqsəd bazarı, bu bazarda seçilən potensial məhsulgöndərənlər, təchizat, material resursları üzrə ehtiyatlar, məhsulların ayrı - ayrı satış kanalları üzrə nəql edilməsi, material resurslarının, habelə hazır məhsulların istər firmadaxili, istərsə də firmadan kənarda bölüşdürülməsilə bağlı informasiya axınları təşkil edir.

Tədarükat şöbəsinə daxil olan informasiyaları şərti olaraq iki qrupa bölmək olar:


  • material resursları və xidmətin göstərilməsi üçün firma və şirkətin digər struktur bölmələrindən aldığı sifarişlər;

  • tədarükat şöbəsində mövcud olan və ya firma və şirkətin kənar mənbələrdən aldığı sorğular.

Konkret struktur bölməyə mənsub olmasına görə informasiyaları tərkibcə aşağıdakı kimi qruplaşdırmaq olar:

Plan şöbəsi: tədarükat şöbəsini firmanın gələcəkdə hazır məhsullara, xammal və materiallara, habelə konkret xidmət növlərinə tələbatının ödənilməsi üçün zəruri olan informasiyalarla təmin edir.

Satış ( ya satış həjminin proqnozlaşdırılması) şöbəsi: istehlakçı sifariş-lərinə uyğun olaraq tədarükat şöbəsinə qrafik təqdim edir. Daha doğrusu, satış bazarı haqqında tam və dolğun informasiyalara malik olan satış şöbəsi satış bazarlarına çıxarılacaq məhsul partiyasının həcmi və müddəti haqqında tədarükat şöbəsini sifariş və tələbnamələrlə təmin edir.

Maliyyə nəzarəti büdjə şöbəsi: tədarükat şöbəsinə büdcə şöbəsi tərəfin-dən verilən informasiyalar plan və satış şöbəsindən daxil olan informasiyaları maliyyə nəzarətinə aid edilən funksiyalar çərçivəsində istənilən məhdudiy-yətlərə uyğun olaraq əlaqələndirməyə imkan verir.

Mühasibatlıq: tədarükat şöbəsi firmanın bütün digər bölmələri ilə əlaqələri bir çox hallarada intensiv xarakter kəsb etməsə də mühasibatlıq və bu şöbədən tədarükat şöbəsinə daxil olan informasiyalar onun operativ fəaliyyətinə demək olar ki, çox kəskin təsir göstərir.

Hüquq şöbəsi: bu şöbə tədarükat şöbəsinə tədarükat subyektləri arasında məhsulgöndərmə şərtlərinin müəyyənləşdirilməsi və bu şərtlər daxilində alqı - satqı müqavilələrinin bağlanması, habelə məhsulgöndərmə müqaviləsindən irəli gələn təhəddüdlərin icraatı üzrə informasiyalar verir.

İstehsal məhsula nəzarət şöbəsi: satış və tədarükat şöbələri arasında əlaqələndirici funksiyanı yerinə yetirən istehsalat şöbəsi konkret satış bazarına aid edilən istehlakçının və ya istehlakçı qrupunun yüksək keyfiyyətli məhsullara tələbinin ödənilməsi üçün tədarükat şöbəsinə istehsal tsiklinə uyğun olaraq istehsal yerlərinə hansı dövrdə və hansı keyfiyyətdə xammal və materialların daxil olması haqqında informasiyalar göndərir.

Bütün bunlarla yanaşı tədarükat şöbəsi istehsalçı firma və ya şirkətin hüdudlarından kənarda yerləşən xarici mənbələrdən də informasiyalar alır. Bu informasiya mənbələrini sxematik olaraq şəkil 13.4 -də göstərilən formada vermək mümkündür.





Şəkil 1. Tədarükat şöbəsinə kənardan daxil olan informasiya

axınlarının sxemi
Bir sıra xarici informasiya mənbələrinin qısa şərhi üzərində dayanaq.

Müasir logistik sistemlər öz tərkiblərində informasiya axınlarına nəzarət etmək, bu axınların istiqamətlərində logistik əməliyyatların tələbi baxımından müəyyən dəyişiklik aparmaq, məlumatların etibarlı və dolğunluğunu təmin etmək üçün onları tam, mövcud olduqları şəkildə saxlamaq, zəruri vaxtda növbəti logistik mərhələyə ötürmək məqsədi ilə logistik informasiya mərkəzləri yaradırlar. Belə informasiya mərkəzlərinin əsas vəzifəsi ayrı- ayrı logistik mərhələlərdən alınmış məlumatları toplamaq və onların üzərində praqmatik təmizləmə işləri aparmaq, başqa sözlə logistik vəzifələrin yerinə yetirilməsi üçün informasiyaların tələb olunan formaya salınmasından ibarətdir. İnformasiya mərkəzi ilə informasiya mənbəyi arasında əlaqələr birbaşa, çevik, eşalonlaşdırılmış və əks əlaqəli ola bilər.


4. LOGİSTİK İDARƏETMƏDƏ MÜASİR İNFORMASİYA

TEXNOLOGİYALARI

Logistik menecment üçün informasiya kompyüter texnologiyası qəbul edilən logistik qərarların keyfiyyətinə əsaslı surətdə təsir göstərməklə bütün-lükdə logistik sistemin məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəl-dilməsi mənbələrindən bir hesab edilir.

Logistik informasiya texnologiyalı yeni informasiya texnologiyaları adlanan sinfə aid edilir və informasiyaların işlənməsi üçün prinsip etibarı ilə tətbiq edilən yeni vasitə və metodlarla müəyyənləşdirilir.

Aşağıdakı əsas informasiya texnologiyalarını fərqləndirirlər:



    • mikroelektron komponentlər;

    • texniki təminat;

    • proqram təminatı;

    • telekommunikasiya.

Logistik sistem daxilində material axınlarının idarə edilməsi zamanı istifadə olunan sənədlərin mürəkkəbliyi, böyük ölçüyə malik olması və sayının çoxluğu uzaq və yaxın xarici ölkələrdə «məlumatların elektron mübadiləsi» («Electronic Data Interchange» - EDI) konsepsiyasının meydana gəlməsinə səbəb oldu. EDI – məlumatların və istifadə edilən müasir telekomunikasiya texnologiyalarının standart formatda olmasını qəbul etməklə istifadəçilər arasında informasiya mübadiləsinin kompyüterlərin tətbiqilə aparılmasını nəzərdə tutur.

EDI-dən istifadə olunması logistik informasiyaların etibarlılığını yüksəl-dir, onların vaxtı - vaxtında qəbul edilməsi və ötürülməsini, habelə keyfiyyətini yaxşılaşdırır. EDI - nin malik olduğu imkanların reallaşması üçün bütün logistik sistemlərin, eləcə də istehlakçıların və logistik informasiyaların digər sistemdən kənar istifadəçilərinin telekom- munikasiya kanalları vasitəsilə əlaqələndirilməsi vacibdir. Bu əlaqə firmaların lokal şəbəkələri, habelə region, ölkə və qlobal (məsələn, Compuserve,America Online, Relcom, Internet və digərləri) miqyasda fəaliyyət göstərən kommersiya və qeyri - kommersiya xarakterli telekommunikasiya şəbəkələri vasitəsilə həyata keçirilir.

Logistik sistem daxilində EDI tətbiq edilməsi nəticəsində əldə edilən üstünlükləri aşağıdakı kimi təsnif etmək olar:


  • əməli menecmentdə məhsuldarlığın yüksəldilməsi;

  • logistik sistemlər arasında telekommunikasiya əlaqələrinin yaxşılaş-dırılması;

  • logistik sistemlərin xarici alt sistemlərində məhsuldarlığın artması;

  • operativ və inzibati xərclərin azaldılması;

  • bütün logistik sistemlərin inteqrasiya qabiliyyətinin yüksəldilməsi.

EDI - də tez - tez istifadə olunan kommunikativ standartlar - ASC X.12 (Amerika standartlaşma komitəsinin X.12 standartı), UN/ EDIFACT və TDK/ EDIA hesab edilir. ASC X.12 standartı əsasən ABŞ - da, EDIFACT standartı isə logistikada başlıca rol oynamaqla qlobal miqyasda (məsələn, Avropa İttifaqında) istifadə olunur.

İnformasiya standartları transaksion sıralara (elektron sənədlərdə kod sıralarını təsvir edir) əsasən müəyyən edilir. Cədvəl 13.1-də ABŞ-da ehtiyat-ların idarə edilməsi, anbarlaşdırma və nəqletmə üzrə logistik menecmentdə geniş yayılmış ümumi sənaye informasiya standartları verilmişdir.



Jədvəl 13.1

Logistikada istifadə edilən əlverişli informasiya standartları


Abbreviatura

Açıqlanması

Tətbiq sahələri

UCS

Uniform Communication Standards

yeyinti ticarətində

VICS

Voluntary Inter – industry Communication Standards Committee

kütləvi tələbat mal larının ticarətində

WINS

Warehouse Information Network Standards

Anbarlaşdırma əməliyyatlarında

TDCC

Transportation Data Coordinating Committee

nəql etmə əməliyyatlarında

AIAG

Automotive Industry Action

avtomobil sənayesində

Group
Kodlardan istifadə etməklə sənədlərin logistik transaksion sıralarını cədvəl 13.2 -də verilmiş nümunədə göstərmək olar. Burada istifadə olunan transaksion kod müvafiq sənədi identifikasiya edir.

EDI sistemində əsas qlobal standar BMT - nin vahid iqtisadi komissiyası və ISO tərəfindən təsdiq edilən UN/ EDIFAST standartı adlanır.

BMT - nin Vahid İqtisadi Komissiyası 1988 – ci ildə, qlobal miqyasda istənilən sahədə hesablaşmalar və tədiyyələrin aparılması zamanı tətbiq edil-məsi tövsiyə olunan rəsmi sənədi – ilk «Kommersiya invoysi» (UN/ EDIFACT – qısaldılmış formada BMT/ INVOICE) təsdiq etdi və ona 2 saylı status verdi. Sonralar bir-birinin ardınca logistika üçün vacib olan «Beynəlxalq nəqliyyat - ekspedisiya məlumatları», «Gömrük deklarasiyası», «Alış üçün sifarişlər» «Manifest» və s.təsdiq edildi. Bu da «qapıdan qapıya» logistik intermodal daşımaları əhəmiyyətli dərəcədə sadələşdirdi. Məsələn, «Beynəlxalq nəqliyyat ekspedisiya məlumatları» paket formasında konosament, dəmir, hava və avtomobil yolları üzrə qaimələri, yüklərin daxil olması haqqında məlumatları, yüklərin emal edilməsi üzrə kağız sənədlərini əvəzlədi.

EDI cisteminin və UN/EDIFACT standartlarının tətbiq edilməsi logistik proseslərə yeni keyfiyyət xarakteristikaları verməklə logistik vasitəçilər arasında münasibətləri yaxşılaşdırdı. Milli assosiasiyalarda birləşən EDI sisteminin və UN/EDIFACT standartının istifadəçiləri logistik məlumatların standart informasiya bazasını mütəmadi olaraq genişləndirmək, sənəd dövriyyəsini sadələşdirmək və unifikasiya etmək və bu əsasda informasiya kompyüter texnologiyalarının iqtisadi məhsuldarlığını yüksəltmək imkanına malik oldular.

UN/EDFACT standartlarının tətbiqilə məhsulların logistik sistem daxilində fiziki bölüşdürülməsi zamanı əhəmiyyətli üstünlüklər əldə edildi: yük partiyalarının göndərməyə hazılanması yüngülləşdi, qısa zaman kəsiyində məhsulların və nəqliyyat vasitələrinin yerləşdiyi yeri müəyyənləşdirmək asan-laşdı, istehsalçı müəssisələrin və vasitəçi ticarət strukturlarının anbarlarında əmtəəlik ehtiyatların qalığı haqqında operativ məlumatlar əldə edildi, təyinat məntəqələrinə yüklərin daxil olması haqqında dəqiq məlumatlar işlənib hazırlandı, planlaşdırma, tənzimləmə, nəzarət və monitorinq kimi prosedurlar sadələşdi.

5. LOGİSTİKADA ŞTRİXLƏŞDİRİLMİŞ KODLARDAN İSTİFADƏ

Logistikada bu problemin əlverişli həlli üçün material axınlarını xarak-terizə edən rəngarəng və çox saylı parametrlərin (material resurslarının nomenklaturası, hazır məhsulların çeşidi, çəki və ölçü xarakteristikaları, istehlak xassələri, tətbiq edilən tara və qablaşdırma növləri və s.) köməyilə məhsullara, taralara, qablaşdırmaya və yük vahidlərinə avtomatlaşdırılmış identifikasiya sisteminin tətbiq edilməsini nəzərdə tutan ştrixləşdirilmiş kodlardan istifadə edilir.

Xarici təcrübəyə istinadən qeyd etmək olar ki, ştrixləşdirilmiş kodlaş-dırma texnologiyası aşağıdakı əməliyyatlardan ibarətdir:


    • məhsullara nadir əmtəəlik nişanəsi verilir;

    • əmtəəlik nömrəsi xüsusi simvolla - ştrixləşdirilmiş kodla şifrələnir;

    • ştrixləşdirilmiş kod (şifrələnmiş əmtəə nömrəsi) məhsulun üzərinə köçü-rülür;

    • məhsulla bağlı logistik əməliyyatlar icra edilən zaman ştrixləşdirilmiş kodlar əmtəə ilə birlikdə oxunur;

    • ştrixləşdirilmiş kodlar dekoder adlı xüsusi qurğu vasitəsilə rasşifrə edilir və ilkin əmtəəlik nömrəsini alan zaman malik olduğu rəqəm nişanəsini - formasını saxlayır;

    • əmtəəlik nömrəsi material axınlarının idarə edilməsi ilə bağlı funksiya-ların yerinə yetirilməsi zamanı kompyüterə ötürülür.

Əmtəəlik məhsullara verilən nadir xarakterli ştrixləşdirilmiş kodları kompyüter çox asanlıqla «tanıyır» və bu proses çox sürətli və səhvsiz icra edilir. Ştrixləşdirilmiş kodlar şəkilində alınan informasiyalar FEHM -də kiçik zaman kəsiyində emal edilir və idarəetmə sisteminin hər dəfə bu tip informa-siyalara reaksiya verməsinə şərait yaradır.

Məhsullara verilən rəqəm nömrələri - ştrixləşdirilmiş kodlar öz-özlüyün-də əmtəələrin xassələri haqqında bu və ya digər informasiyaya malik olmur. On üç rəqəmli nadir əmtəəlik nömrələri EHM - nin yaddaşında bu məhsul haqqında bütün - material axınlarının idarə edilməsi və müvafiq sənədlərin formalaşması üçün lazım olan məlumatların konkret ünvanını göstərir. Belə məlumatlar toplusu məhsul haqqında məlumatlar bankı yaradır.

Maşın oxuya bilən ştrixləşdirilmiş kodlar (barcode) sistemi müəyyən tünd və açıq zolaqların (ştrix və probellərin) kombinasiyasından ibarət kompyüter texnikası vasitəsi ilə məhsullar haqqında informasiyaların kodlaşdırılması, oxunması və hesablanması imkanlarına malik bir sistemdir. Başqa sözlə, logistik əməliyyatların və funksiyaların yerinə yetirilməsi prose-sində ştrixləşdirilmiş kodların avtomatlaşdırılmış identifikasiya sisteminin tətbiqi aşağıdakı üstünlüklərin:


  • məhsullar (əmtəə, tara, qablaşdırma, yük vahidləri saxlanma vahidləri və s.) haqqında tam və dolğun informasiyaların operativ əldə edilməsinə;

  • məhsul istehsalçıları, məhsulgöndərənlər, məhsul alanlar və logistik vasitəçilər haqqında informasiyaların alınmasına;

  • informasiya - kompyüter sistemlərinin köməyilə logistik dövrənin ixtiyari mərhələsində iriləşdirilmiş hər bir yük vahidinin hərəkətinə nəzarət və monitorinqin həyata keçirilməsinə;

  • logistik menecmentdə əmtəə - nəqliyyat, maliyyə və digər sənədlərin avtomatlaşdırılmış elektron üsullarla işlənməsinin həyata keçirilməsinə;

  • material resurslarının, hazır məhsulların anbar, istehsal sahələri və ümumən logistik sistemin müxtəlif mərhələlərində mövcudluğunun, sərfinin və hərəkətinin avtomatlaşdırılmış uçotunun təmin edilməsinə;

Müasir iqtisadi şəraitdə beynəlxalq ticarət sahəsində qərb ekspertlərinin apardıqları qiymətləndirmə bir daha təsdiq edir ki, kağız sənədlərinin işlən-məsi ilə əlaqədar olan məsrəflər əmtəələrin qiymətlərində təqribən 3,5 faizdən 15 faizə qədər paya malikdir. Məhz ştrix kodlarının hesablanması (skanirə edilməsi) əsasında avtomatlaşdırılmış indikasiya sisteminin tətbiqi bu məsrəf-ləri 0,5 - 3 % qədər azaldır.

Qeyd edilən hesablama (skayner) xarici firmaların logistik menecment heyəti tərəfindən «məhsulların birbaşa mənfəətliyi» Direct Product Profitability») konsepsiyası kimi adlanır. Bu müasir konsepsiya konkret məhsulların son istehlakçılara satılması nəticəsində əldə edilən birbaşa mənfəətin müəyyən edilməsindən ibarət olmaqla, istehsalçı firmaların hazır məhsul anbarlarından son alıcı - istehlakçının anbarına qədər əlavə edilən dəyərin bütün elementlərinin uçota alınmasına əsaslanır.

Ştrixləşdirilmiş kodlaşdırmaya əsaslanan informasiya texnologiyasının tətbiqi ilk dəfə ABŞ - da sənayedə və ticarətdə istifadə üçün yararlı olan UPS universal əmtəəlik kodunun qəbul edildiyi 1970 - ci illərin əvvəllərinə təsadüf edir. Ümumən ABŞ Datamatrix (Data Code), Code1, Code 49, Codeblock 39/128, Code 16 K, PDF 417 və s. kimi məşhur Amerika standartlarına uyğun ştrixləşdirilmiş kodlaşdırma sisteminin tətbiqi üzrə qabaqcıl ölkələr sırasındadır.

1977 - ci illərin əvvələrindən etibarən Avropa kontinentində və sonralar isə digər regionlar üçün Avropa kodlaşdırma sistemi EAN (European Article Numbering) təsdiq edildi. Müasir şəraitdə yüzlərlə ölkədaxili firmalar məhz EAN kodundan istifadə edirlər. Bu sahədə müstəqil ekspertlərin apardıqları müxtəlif iqtisadi təhlillər təsdiq edir ki, yalnız məhsulların qablaşdırılması zamanı ştrixləşdirilmiş kodlardan istifadə dəyərlə müqayisədə məsrəfləri təqribən 10 - 15% azaltmağa şərait yaradır.

Ümumiyyətlə beynəlxalq praktikada EAN sisteminin iki növünü fərqləndirirlər: EAN - 13, EAN - 8.

Logistik proseslərdə ştrixləşdirilmiş kodlardan istifadə texnologiyasına nəzər yetirsək görərik ki, hər bir rəqəm müəyyən ştrixlər və probellərə uyğun gəlir. İstehsal mərhələsində məhsula on üç rəqəmli kod verilir və sonradan bu kod ştirxlər və ya probellər şəklində məhsulların üzərinə köçürülür. Birinci iki rəqəm məlumatlar bankının nömrəsi olmaqla EAN assosasiyası tərəfindən müəyyən edilmiş qaydaya müvafiq məhsul istehsal edən ölkənin kodunu müəyyənləşdirir. Assosiasiya bu hissəni təyin edərkən bir qayda olaraq ölkənin atributu hesab olunan bayrağın kodunu əsas kimi götürür və onu qəbul edir. Adətən, assosiasiya tərəfindən beynəlxalq ticarət obyekti kimi çıxış etməyən məhsullara və ticarət subyektlərinə - məhsul istehsalçıları və məhsulgöndərən firmalara Sənaye – Ticarət Palataları tərəfindən tövsiyə edilən ştrixləşdirilmiş kodlar da bu rəqəmlərlə başlayır. Cədvəl 13.3 -də bəzi ölkələrin 2000 - ci ilin əvvəlinə EAN kodları verilmişdir.



Növbəti beş rəqəm məhsul istehsal edən və ya satan firma və müəssisələrin kodunu əks etdirir. Yerdə qalan beş rəqəm məhsul istehsalçılarının sərən-camlarında olmaqla onlara imkan verir ki, istehsal etdikləri məhsulların istehlak xüsusiyyətlərini, ölçülərini, qablaşdırılmasını, rəngini, tərtibatını və s. nəzərə alsınlar. Bu zaman kodlaşdırma 00000 - dan başlayıb 99999 - dək davam etdirilir. Kodlaşdırma praktikasında bir qayda olaraq istehsalçı firmalar istehsal etdikləri məhsulları sinif (birinci ilk rəqəm), alt sinif (ikinci iki rəqəm), qrup (dördüncü rəqəm) və çeşidə (axrıncı beşinci rəqəm) ayırmaq prinsipindən daha çox istifadə edirlər. Belə bir bölgünün aparılması istehsalçı firmalara şərait yaradır ki, məhsul istehsalı və satışını həyata keçirən zaman hansı sinfə və ya sinif daxilində hansı alt sinif və qrup məhsullara onların istehlak xüsusiyyətləri və alıcılıq qabiliyyətləri nəzərə alınmaqla daha çox üstünlük verilməsi siyasətini müəyyənləşdirsinlər. Axırıncı on üçüncü rəqəm nəzarət rəqəmi adlanır. Ştrixləşdirilmiş on iki rəqəmli kodların kompyüter klaviaturasında əl ilə yığılması zamanı buraxılan ixtiyarı səhv bir tərəfdən maşın yaddaşında yerləşən məhsulların kod lüğətindən lazım olan məhsulların adının düzgün seçilməsinə təsir göstərir (bu kod altında olan məhsulların adı nəzərdə tutulan məhsulların adı ilə qarışıq salınır), digər tərəfdən isə ümumən belə koda malik məhsulun yaddaşda olmaması ilə əlaqədar maşın onu oxuya bilmir. Məhz nəzarət rəqəmi şrixləşdirilmiş kodların düzgün tərtibinə, yazılışına və oxunuşuna nəzarət edilməsi məqsədi ilə istifadə edilir və kodların etibarlılığını artırır. Nəzarət rəqəminin hesablanması xüsusi alqoritm üzrə həyata keçirilir.

O qədər də böyük ölçüyə malik olmayan əmtəələrə 8 rəqəmindən (EAN-8) ibarət xüsusi kodlar verilir.

Öz - özlüyündə məhsulların rəqəmlə ifadə edilmiş kodları onların xassələri barədə informasiya daşımır. Nadir on iki rəqəmli ədəd yalnız EHM-nin yad-daşındakı bu məhsul haqqında maşın oxua bilən sənədlərin tərtibi üçün lazım olan bütün məlumatların ünvanını göstərir və bu səpkili informasiyalar toplusu məhsullar haqqında məlumatlar bankı yaradır. Logistik əməliyyatların hər bir mərhələsində yaradılan məlumatlar bankı material axınları üzrə elektron şəbəkəsi və ya maşın oxuya bilən informasiya daşıyıcıları vasitəsi ilə növbəti mərhələyə ötürülür.

Ştrixləşdirilmiş kodlaşdırma zaman əməl edilməsi tələb olunan bir sıra qaydalar mövcuddur.

Anbar və nəqliyyat şəbəkələrində uçot və nəzarət işlərini asanlaşdırmaq məqsədilə nəqletmə üçün nəzərdə tutulan qablaşdırılmış əmtəələrin də üzərinə müvafiq qaydada EAN/UCC -14 dərəcəli kod yapışdırılır. EAN - 14 düzbucaqlı konturlara malikdir və digər kodlarla müqayisədə çox asanlıqla çap edilir.



EAN-13 dən fərqli olaraq ITF-14 ştrixləşdirilmiş kodu böyük ölçülü olmaqla (eni - 152,4 mm, hündürlüyü - 41,4 mm) o qədər də ciddi olmayan texniki tələblərə malikdir. Belə ki, ITF-14 ştrix kodları təkcə etiketlərin üzərinə deyil, eyni zamanda karton karobkaların divarlarına da yapışdırılır. Hətta belə hallarda da kodlar skayner tərəfindən asan və səhvsiz oxunur.

14 dərəcəli nömrələrə görə məhsulların qablaşdırılmış taranın içərisində yerləşən EAN/UCC–13 nömrəsini müəyyən etmək olur. Bu ştrix kodun tərkibinə nəzarət rəqəmindən başqa qablaşdırılan məhsulun EAN/ UCC-13 ştrix kodunun 12 dərəcəli informasiyaları da daxil edilir.

Ştrix kodlarının seçilməsi zamanı aşağıdakı qaydalara riayət edilməsi tövsiyə olunur:

a) əgər bu və ya digər formada qablaşdırılan məhsullar birbaşa pəra-kəndə satış ticarəti obyektlərinə daxil olaraq və oradan malik olduqları formaya dəyişiklik etmədən istehlakçılara satılacaqsa, onda mağazaların hesablama aparan qovşaqlarında quraşdırılan hesablama (skanirə)qurğuları ITF-14 kodunun oxunmasına imkan vermədiyinə görə mütləq EAN-13 kodundan istifadə edilməlidir.

b) əgər ştrixləşdirilmiş kodların məhsulların üzərində yüksək keyfiyyətdə əks olunmasını təmin etmək mümkün deyilsə, onda ITF-14 ştrixləşdirilmiş kodu tətbiq edilməlidir.

s) əgər qablaşdırmanın qabariti ITF-14 kodundan istifadə etməyə imkan vermirsə, onda EAN-13 EAN-8 kodlarının tətbiq edilməsi məqsədə uyğundur.

c) əgər çəkilib satılan məhsullar (məsələn yağ, pendir və s.) kodlaş-dırılırsa, onda ITF - 14 koduna məhsulların kütləsini əks etdirən altı rəqəmli ştrixləşdirilmiş kod əlavə etmək lazımdır.

Ştrixləşdirilmiş kodların çap edilməsi üçün aşağıdakı üsullardan istifadə edilir:



        • fleksoqrafik və ofset çapı;

        • yüksək çap;

        • şelkoqrafiya;

        • isti falqalarla naxış basma üsulu;

        • termotransfer (termoçap);

        • nöqtələr şəklində matris çap qurğusu;

        • lazer texnologiyası ilə çap;

        • şırnaq texnologiyalı çap;

        • fotokompozisiyalı çap.

Hal – hazırda dünya praktikasında ştrix kodların oxunması üçün çoxlu sayda və növdə skayner qurğular tətbiq edilir. Ümumi formada skaynerlərlə ştrix kodlar əsasən iki üsulla oxunur:

        • portativ skayner;

        • stasionar skayner.


6.LOGİSTİK İNFORMASİYA SİSTEMLƏRİNİN TƏTBİQ

EDİLMƏSİNİN İQTİSADİ SƏMƏRƏLİLİYİ

Ümumi formada logistik informasiya sistemlərinin tətbiq edilməsi nəticəsində yaranan iqtisadi səmərəliliyi aşağıdakı kimi qruplaşdırmaq mümkündür:



  • logistik əməliyyatların və funksiyaların yerinə yetirilməsi müddətinin qısaldılması;

  • risklərin azaldılması nəticəsində material resursları üzrə ehtiyatların həcminin azaldılması və onların optimal həddə yaxınlaşdırılması;

  • material, əmək və maliyyə resurslarından rasional istifadə olunması;

  • logistik proseslərin keyfiyyətinin yüksəldilməsi;

  • kağızsız texnologiyanın tətbiqinə daha geniş perspektivlər açması;

  • material axınları ilə bağlı informasiyaların işlənməsi zamanı yol verilə biləcək səhvlərin, xətaların azaldılması və tamamilə aradan qaldırılması;

  • məlumatların yeniləşməsi (aktuallaşması) üçün çəkilən məsrəflərin azaldılması.

Sadalanan bu elementləri bir qədər müfəssəl izah edək.

Logistik əməliyyatların funksiyaların yerinə yetirilməsi müddətinin qısaldılması. Material axınlarını qabaqlayan, onu ötüb keçən informasiya axınları hesabına ayrı - ayrı logistik əməliyyatları, o cümlədən nəqliyyat, anbar, yükləmə - boşaltma və istehsal proseslərinin gedişini və bu proseslərə çəkilən vaxt məsrəfini əvvəlcədən optimallaşdırmaq mümkün olur.

Riskin azaldılması nətijəsində material resursları üzrə ehtiyatların həjminin azaldılması onların optimal həddə yaxınlaşdırılması. Etibarlı və vaxtı vaxtında alınan, emal olunan informasiyalar ehtiyatların yaradılması ilə bağlı riskləri azaldır. Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə ehtiyatları tədricən əmtəəlik məhsul anbarlarında yerləşdirilən və ya yolda olan ehtiyatlar haqqında informasiyalarla əvəz etmək mümkündür.

Material, əmək maliyyə resurslarından rasional istifadə olunması. Logistik sistem daxilində həyata keçirilən proseslər və logistik infrastruktur haqqında etibarlı və dolğun informasiyalar konkret tədarükat bazarının müəyyənləşdirilməsi, məhsulgöndərənlər və onların seçilməsi, nəqliyyat vasitələri və material axınlarının nəql edilməsi üzrə marşrutların seçilməsi, anbar şəbəkələrinin yaradılması və ya icarəyə götürülməsi, anbar logistik əməliyyatlarının yerinə yetirilməsi üçün yükləmə - boşaltma qurğularının, avadanlıqlarının müəyyənləşdirilməsi, istehsal sahələrində və bölüşdürmə şəbəkələrində material axınlarının optimal idarə edilməsi kimi istehsal amillərindən səmərəli istifadə olunmasına imkan verir.

Logistik proseslərin keyfiyyətinin yüksəldilməsi. Aydındır ki, material resurslarının ilkin mənbədən son təyinat məntəqəsinə qədər hərəkəti zamanı yerinə yetirilən hər bir logistik əməliyyat özündən əvvəl və sonra icra edilən əməliyyatlarla sıx bağlıdır. Bununla əlaqədar olaraq logistik dövrə üçün əməliyyatların icra edilməsi prosesində şəffaf informasiyanın mövcudluğu bütün logistik kanallarda keyfiyyətin yüksəldilməsini təmin edən mühüm amildir. Başqa sözlə, logistik sistemin iştirakçıları arasında razılaşdırılmış müddətlərə riayət olunmasını yaxşı təşkil və təmin etmək mümkün olur. Səhvlərin azaldılması. Logistik sistemin iştirakçıları, eləcə də onun hüdularından kənarda işgüzar əməkdaşların informasiya sistemləri arasında məlumatların elektron mübadiləsi üçün maddi baza yaradılmışdırsa, onda məlumatlar bazasının yeniləşməsi və aktuallaşmasına çəkilən məsrəfləri azaltmaq mümkündür.
YOXLAMA SUALLAR:

  1. İnformasiya logistikasının mahiyyəti nədir?

  2. İnformasiya axınlarını necə təsnifləşdirmək olar?

  3. İlkin və təkrar informasiyaların mahiyyətini açıqlayın?

  4. İnformasiya logistikasında hansı yeni texnologiyalardan istifadə edirlər?

  5. Ştrixlənmiş kodlaşdırma nə deməkdir?

  6. Kodlaşdırma məhsulun keyfiyyətinə nəzarət edirmi?

  7. Logistik informasiyada hansı prinsiplər var?






Yüklə 297,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə