Mövzu Dövlət və hüququn Plan


Konstitusiya hüquq normaları və institutları. Konstitusiya hüquq münasibətləri, onların məzmunu, obyektləri və subyektləri



Yüklə 0,6 Mb.
səhifə2/8
tarix20.09.2017
ölçüsü0,6 Mb.
1   2   3   4   5   6   7   8

Konstitusiya hüquq normaları və institutları. Konstitusiya hüquq münasibətləri, onların məzmunu, obyektləri və subyektləri.

Konstitusiya hüquq normaları müəyyən ictimai münasibətlərin mühafizəsi və tənzimlənməsi məqsədilə dövlət tərəfində müəyyənləşdirilmiş və ya sanksiyalaşdırılmış, konkret hüquqlar və vəzifələr vasitəsilə həyata keçirilən və dövlətin məcburetmə qüvvəsi ilə təmin olunan ümumi məcburi davranış qaydalarıdır.

Konstitusiya hüquq normaları daxili quruluşa malikdir: hipoteza, dispozisiya və sanksiya. Məs: AR – nın Prezidenti təbii fəlakətlər, epitoziyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə AR – nın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə (hipoteza) AR – nın ayri – ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində AR Milli Məclisinin təsdiqinə verir (dispozisiya və sanksiya). (AR Konstitusiyasının 112 – ci maddəsi)

Ancaq konstitusiya hüququnda qanunun bir maddəsində hüquq normasının bütün struktur elementlərinin bu qaydada ifadəsinə nadir hallarda rast gəlmək olar. Əksər hallarda konstitusiya hüququ norması qanunun 2 və ya daha çox maddəsində ifadə olunur, başqa sözlə desək, çox maddəli ifadə formasına malikdir. Məs: AR Konstitusiyasının 93 – cü maddəsinin I hissəsinin müddəası (AR – nın Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir). Yalnız qanunvericilik təşəbbüsü hüququnu müəyyənləşdirən 96 – cı maddə ilə, qanunların imzalanması və qüvvəyə minməsi prosedurunu müəyyən edən 97 – 98 – ci maddələrlə və AR Prezidentinin veto hüququnu nəzərdə tutan 110 – cu maddə ilə birlikdə bütöv normativ göstəriş xarakteri əldə edir. Bir neçə konstitusiya hüququ normasının pozulmasına görə sanksiyaların hər hansı ayrı bir normada və yaxud hətta konstitusiya hüququ normalarında yox, cinayət hüququ və ya inzibati hüquq normalarında ifadə olunması da nadir deyildir.

Nəzərə almaq lazımdır ki, bir çox konstitusiya müddəaları ümumiyyətlə sanksiyalarla təmin olunmamışlar. Məs: AR Konstitusiyasının 30 – cu maddəsindəki (hər kəsin əqli mülkiyyət hüququ vardır) müddəa, konstitusiyada və digər qanunlarda nə bu hüququn həyata keçirilməsini şərtləri (gördüyümüz kimi hipoteza yoxdur), nə də onun pozulmasına görə sanksiya yoxdur. Bəzən konstitusiya hüquq normaları müəyyən məqsədlərə nail olmağı dövlətin vəzifəsi kimi müəyyənləşdirir, ancaq burada sanksiya ağlabatan deyildir. Məs: AR konstitusiyasının 12 – ci maddəsi elan edir ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR – nın vətəndaşlarına layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir”.

Konstitusiya hüquq normalarının onları digər hüquq sahələri normalarından fərqləndirən aşağıdakı xüsusiyyəti vardır. Göstərilən normalar ən geniş və əhəmiyyətli ictimai münasibətləri tənzimləyir, dövlətin hüquqi əsaslarını müəyənləşdirir. Bu normaların əksəriyyəti ümumi xarakter daşıyır, onlar ixtiyarverici – məcburedici deyildir, yəni onlarda konkret hüquqlarla vəzifələr arasında əlaqə yoxdur. Məs: ayrıca subyektin hüququ təsbit olunur, ancaq vəzifə bütövlükdə dövlətə həvalə olunur. AR Konstitusiyasının 21 – ci maddəsinin II hissəsində yazılır: “AR əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”.

Normaların əksəriyyətinin xarici forması konstitusiya maddələrində və digər mənbələrdə ifadəsini tapır. Bir çox normalar iki elementli və bir elementli quruluşa malikdir, əksər hallarda onlarda (normalarda) sanksiya, bəzən də hipoteza olmur.

Konstitusiyada və digər konstitusiya hüququ aktlarında cəmiyyətin və dövlətin iqtisadi, sosial və siyasi məqsədlərini, vəzifələrini müəyyən edən müddəalara rast gəlmək olar. AR Konstitusiyasının predmulasında (latınca qabaqda gedən) deyilir ki, Azərbaycan xalqı özünün çoxəsirlik dövlətçilik ənənələrini davam etdirərək, “AR –nın dövlə€ müstəqilliyi haqqında Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyinin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətləri bəyan edir:


    • Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

    • Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

    • Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

    • Xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

    • ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

    • ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”.

Hər bir dövlətin konstitusiya hüququ sistemi çoxsaylı normalardan ibarətdir. Onları aşağıdakı əsaslara görə təsnifləşdirmək olar:

Funksional istiqamətinə görə tənzimləyici və qoruyucu normalar ayırd edilir. Konstitusiya hüququ normalarının əksər hissəsi tənzimləyici normalara aid edilir. Onlar bilavasitə ictimai münasibətlərin tənzimlənməsinə yönəldilir. Qoruyucu normalar əksər hallarda qadağalardan ibarət olur. Məs: AR Konstitusiyasının 4 – cü maddəsində deyilir: “Xalqın seçdiyi saəlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur”.

Hüquq səlahiyyətlərinə təsir üsuluna görə normalar səlahiyyətverici (məs: “AR – da qanunvericilik hakimiyyətini AR – nın Milli Məclisi həyata keçirir” – AR Konstitusiyasının 76 – cı maddəsi), qadağanedici (məs: “AR Milli Məclisinin deputatları AR Milli Məclisindəki fəaliyyətinə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarda əlaqədar izahat, ifadə tələb edilə bilməz”. AR Konstitusiyasının 91 – ci maddəsi) olur.

Tənzimlənən ictimai menasibətlərin xarakterinə görə normalar maddi (məs: “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur” – AR Konstitusiyasının 73 – cü maddəsi) və prosessual ola bilər (məs: “Qanunla qəbul edildiyi gündən 14 gün müddətində AR – nın AR – nın Prezidentinə imzalanmaq üçün təqdim edilir” – AR Konstitusiyasının 97 – cimaddəsinin I hissəsi).

Zaman baxımından qüvvəsinə görə normalar daimi, müvəqqətimüstəsna ola bilər. Normaların əksəriyyəti daimidir, onların konkret müəyyən qüvvədə olma müddəti yoxdur. Müvəqqəti normalar adətən keçid müddəalarında ola bilər. Onla rhəmin normativ aktın qüvvəyə minmə vəziyyətindən həmin aktla nəzərdə tutulmuş vəziyyətə keçidi tənzim edirlər. Müstəsna normalar fövqəladə hallar baş verdikdə tətbiq olunması üçün müəyyənləşdirilir. Belə normalar bəzi daimi (qeyri – müəyyən vaxt qüvvədə olan) normaların qüvvəsini dayandırır və müvəqqəti hüquqi tənzimləmə imkanını nəzərdə tuturlar. Məs: AR Konstitusiyasının 71 – ci maddəsinin III hissəsində deyilir : “Yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi AR – nın beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məklumart verilir.

Konstitusiya hüquq münasibətləri ictimai münasibətlərin müəyyən növünü təmsil edirlər. Bu konstitusiya hüquq normaları ilə tənzimlənən və onların əsasında əmələ gələn ictimai münasibətlər, konstitusiya hüququ subyektləri arsında fərdiləşdirilmi. Ictimai əlaqələrdir. Bu münasibətlərin məzmunu konstitusiya hüququ subyektlərinin konkret hüquq və vəzifələrin dövlət tərəfindən müəyyən edilməsi yolu ilə təmin olunan və istiqamətləndirilən sosial davranışdır (fəaliyyətdir).

Konstitusiya hüquq münasibətlərinin spesifikliyi ondan ibarətdir ki, onların böyük əksəriyyəti hüquq subyektlərini adbaad fərdiləşdirmir, bu münasibətlərin subyekti konstitusiya hüququnun bütün subyektləri və ya onların bütöv müəyyən qrupu elan edilir.

AR Konstitusiyasının 58 – ci maddəsinin I hissəsində deyilir: “Hər kəsin başqaları ilə birləşmək hüququ vardır”. Bu norma əsasında əmələ gələn konstitusiya münasibətlərində ümumi ixtiyara dövlət orqanları və digər hüquq subyektlərinə yol verilən davranışa mane olmamaq vəzifəsi həvalə edilir.

AR Konstitusiyasının 73 – cü maddəsinin I hissəsində deyilir: “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”. Bu normanın əsasında yaranan konstitusiya hüquq normalarında vətəndaşların ümumi vəzifəsi müqabilində səlahiyyətli orqanlara vergilərin ödənilməsini tələb etmək hüququ verilir.

Ümumi hüquq münasibətlərinin mövcudluğu konstitusiya hüququ ilə tənzimlənən ictimai münasibətlərin bütöv məcmusuna xas olan xarakterik xüsusiyyətlərdən biridir. onların bu xüsusiyyəti dövlətin hüquq sistemində konstitusiya hüququnun aparıcı rolunu başa düşməyə imkan verir.

Konstitusiya hüquq münasibətləri bir çox siyasi münasibətlərin spesifik formasını ifadə edir. Konstitusiya hüquq münasibətlərinin obyekti qismində sosial – iqtisadi və sosial – siyasi dəyərlər, şəxsi azadlıqların və nemətlərin əsasları, mülkiyyət münasibətləri, milli və irqi münasibətlər, əsas insan və vətəndaş hüquqları və azadlıqları və s. çıxış edir.

Konstitusiya hüquq münasibətlərinin təbiəti subyektiv hüquqlarının və vəzifələrin məzmununda özünü biruzə verir.

Subyektiv hüquq subyektə konstitusiya hüquq normasının müəyyənləşdirdiyi hüdudlarda öz istəyinə uyğun, ancaq müəyyən edilmiş istiqamətdə öz maraqlarını təmin etmək və zəruri hallarda özgələrindən dövlət orqanları da daxil olmaqla müvafiq davranışı tələb etmək ixtiyarı verir. Maraqlar üzvi şəkildə subyektiv hüquqlarla bağlıdır. Konstitusiya hüquq münasibətlərindəsubyektiv hüquq subyektinə zəruri davranışı müəyyən edir. Subyektiv hüquqlar hüquqi vəzifələr arasında qırılmaz əlaqə mövcuddur.

Dövlət orqanları, təşkilatlara, vəzifəli şəxslərə gəldikdə, onlar eyni obyektlərə münasibətdə bəzən həm hüquqlara malikdirlər, həm də vəzifələr daşıyırlar. Məs: AR Konstitusiyasının 110 – cu maddəsinin I hissəsinə görə “AR – nın Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. ” buradan məlum olur ki, Prezident qanunu göstərilən müddətdən gec olmayaraq imzalamalıdır, ancaq bunu tez etmək hüquqna malikdir. Buna görə də konstitusiya hüquq münasibətlərinin belə subyektlərinə tətbiq edilərkən adətən hüquqlardan və vəzifələrdən deyil bu subyektlərin həyata keçirməli olduqları səlahiyyətlərdən söhbət gedir.

Konstitusiya hüquq münasibətləri cəmiyyətdə siyasi dövlət hakimiyyəti sahəsində hüquqi tənzimləmənin əsasını təşkil edir. Məhz hüquqi tənzimləmə səviyyəsində konstitusiya hüququ normaları ictimai təcrübədə həyata keçirilir və ictimai münasibətlərin məqsədyönlüyünün formalaşması baş verir.

Konstitusion hüquqi tənzimləmə hüququn realizə olunması (gerçəkləşdirilməsi) aktları ilə yekunlaşır. Subyektiv hüquqların və hüquqi vəzifələrin gerçəkləşdirilməsi mərhələsində konstitusiya hüququ göstərişlərinin ictimai münasibətlərin iştirakçılarının faktiki, həqiqi davranışına çevrilir.

Konstitusion hüquqi tənzimləmənin vacib komponenti konstitusiya hüququnun tətbiqi aktlarıdır. Konstitusiya hüququnun tətbiqi aktları dedikdə, dövlət hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində fərdi əhəmiyyətli aktların (məs: vətəndaşlığa qəbulu haqqında dövlət başçısı akt verir) qəbulunda ifadə olunan hakimiyyət fəaliyyəti başa düşülür. Hüququn tətbiqi konstitusiya hüququnun ayrı – ayrı normalarının hakimiyyət göstərişlərini konkretləşdirir. Ancaq nəzərə almaq lazımdır ki, konstitusiya hüququnun gerçəkləşdirilməsi yalnız onun tətbiqi aktlarında deyil, həm də ona əməl edilməsində, yerinə yetirilməsində, istifadə olunmasında istifadə edilir.

Ölkədə konstitusion – hüquqi tənzimləmə mexanizmi hüquqi tənzimləmənin digər elementləri ilə hüquqi şüur, hüquq psixologiyası, hüquq mədəniyyəti ilə birlikdə təsirini göstərir.

Konstitusiya 2 – 3 qrupdan olan ictimai münasibətləri tənzimləyir.

Birinci bloka insan və vətəndaş hüquqları və azadlıqları daxildir. əslində bu blok konstitusiyaların yaranmasının əsas mənasını təşkil edirdi. Belə ki, konstitusiyalar ilk növbədə insanları dövlət özbaşınalığından mühafizə etmək məqsədilə təsis olunurdu. Konstitusiyaların ali hüquqi qüvvəsi elan olunmuş hüquq və azadlıqları adi qanunların və digər hüquqi aktların qəbulu yolu ilə mümkün pozuntulardan mühafizə etməyə yönəldilir.

Ikinci bloka ali hakimiyyətin təşkili daxildir. Ali hakimiyyətin təşkili xalqın suverenliyi prinsipinə, ondan irəli gələn nümayəndəli idarəçilik və hakimiyyətin bölgüsü prinsiplərinin gerçəkləşdirilməsinə xidmət edir. Nümayəndəli idarəçilik o deməkdir ki, hakimiyyət, heç olmasa, qanunvericilik hakimiyyəti xalq tərəfindən seçilir, xalqın iradəsini ifadə edir və onun iradəsini formalaşdırır. Hakimiyyətlərin bölgüsü prinsipi qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin müxtəlif dövlət orqanları vasitəsilə həyata keçirilməsini və onların hər hansı biri tərəfindən özbaşınalığın qarşısını almaq üçün bir – birini tənzimləməsini nəzərdə tutr. Konstitusiyalar lap əvvəldən dövlət hakimiyyətlərinin formalaşdırılması prinsiplərini onların səlahiyyətlərini və qarşılıqlı əlaqələrini müəyyən edirlər.

Üçüncü bloka konstitusiyada siyasi ərazi quruluşu daxil edilir. Bu blokda ərazi strukturlarının növləri, onların mərkəzi hakimiyyətlə münasibətləri ifadə olunur.

Konstitusiyada dövlətin xarici siyasət funksiyalarını, beynəlxalq hüquqi mövqeyini tənzimləyən normalar xüsusi yer tutur. Konstitusiyada əksini tapan bir neçə böyük problemləri qeyd etmək olar. Onlara dövlətin xarici siyasət sahəsində fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsini; müharibə elan edilməsi və sülh bağlanması ilə əlaqədar məsələlərin tənzimlənməsini beynəlxalq və ölkə qanunvericiliyin nisbətinin tənzimlənməsini; dövlət orqanlarının beynəlxalq müqvilələrin bağlanması, təsdiqi (ratifikasiyası) və ləğvi (denomasiyası) üzrə səlahiyyətlərinin müəyyən edilməsini; nəhayət, insan hüquqlarının (vətəndaşlıq, insan hüquq və azadlıqları, ekstradisiya (şəxsin xarici dövlətə verilməsi) və sığınacaq hüququ) müdafiəsi sahəsində əməkdaşlığı müəyyənləşdirən qaydaların müəyyənləşdirilməsini aid etmək olar.

Konstitusiyanın məzmununun inkişafı ölkədə cəmiyyətin inkişafı ilə şərtlənir. Iqtisadi, sosial və siyasi həyatda baş verən dəyişikliklər konstitusiya qanunvericiliyinin evolyusiyasında (inkişafında) öz əksini tapır. Bu tendensiya hər üç blokunda kifayət qədər açıq – aydın görünür.

Konstitusiya hüququnun subyektləri dedikdə, dövlət tərəfindən mühafizə edilən subyektiv hüquqlara və hüquqi vəzifələrə malik olan vətəndaşla rvə təşkilatlar başa düşülür. Ictimai münasibətlərin bir forması olmaqla konstitusiya hüquq münasibətləri bu münasibətlərin iştirakçıları olmadan təsəvvür edilə bilməz, çünki konstitusiya hüquq münasibətləri ə.yalar arasında yox, hüquqların və vəzifələrin daşıyıcısı olan subyektlər arasında əmələ gəlir.

Konstitusiya hüququ subyektlərini 2 böyük qrupa bölünür: fiziki şəxslər və ictimai təsisatlar.

Birinci subyektlər qrupuna vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, vətəndaşların müəyyən qrupu, seçicilər və xüsusi hüquq qabiliyyətli deputatlar və onların qrupları aid edilir. Konstitusiya hüququ normaları fərdlərin əsas hüquqlarını və vəzifələrini müəyyənləşdirməklə onların hüquq subyektlərinin ən ümumi cəhətlərini aşkar edir.

Ikinci subyektlər qrupuna bütövlükdə dövlət, onun orqanları, ərazi vahidləri, özünüidarə orqanları, siyasi partiyalar və başqa ictimai birliklər aiddirlər.

Konstitusiya hüquq normaları ilə tənzimlənən ictimai münasibətlərdə dövlətin rolu müstəsnadır. Belə ki, o hüquqyaradıcı hakimiyyətin daşıyıcısı kimi ilk növbədə ictimai münasibətlərin tənzimləyicisi qismində çıxış edir.

Bir qayda olaraq, dövlət bu münasibətlərin tərəfi olmur. O, hüquq subyektləri arasında həmin münasibətin necə olmalı olduğunu göstərir və həmin müddəanın məzmununu müəyyən edən hüquqların və vəzifələrin icrasını təmin edir. Dövlət bəzən müəyyən ictimai münasibətlərin iştirakçısı qismində çıxış edir, yəni konstitusiya hüququ normaları ilə hüquq münasibətlərinin digər iştirakçıları üçün nəzərdə tutulmuş eyni şəraitdə olur. Dövlət müvafiq dövlət orqanları vasitəsi ilə və yaxud referendum vasitəsi ilə fəaliyyət göstərir.

Dövlət orqanları konstitusiya hüququnun subyektləri kimi onlara həvalə olunmuş vəzifələrə müvafiq müəyyən səlahiyyətlərə malikdirlər (qanunların qəbulu, digər orqanların fəaliyyətinə nəzarət, orqanların icrası və s.). onlar həmin münasibətlərdə hakimiyyət səlahiyyətlərinin daşıyıcıları, yaxud tabeçilikdə olan subyektlər, bəzən də müqavilə münasibətlərinin bərabər hüquqlu iştirakçıları kimi çıxış edirlər. Ərazi birlikləri öz hüquqlarını ya öz orqanları vasitəsi ilə yaxud da referendum yolu ilə gerçəkləşdirirlər.

Mövzu 3.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas qanunu kimi

Plan:


  1. Konstitusiya anlayışı və onun sosial - hüquqi mahiyyəti

  2. Konstitusiyanın funksiyaları

  3. Konstitusiyanın hüquqi qüvvəsi

  4. Konstitusiyada Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi təsdiqi

Ədəbiyyat

  1. AR – nın Konstitusiyası Bakı 2016

  2. Z. Əsgərov, E. Nəsirov, M. İsmayılov “AR – nın Konstitusiyası və hüququnun əsasları”, dərslik, Bakı – 2005

  3. Əsgərov Z.A “Konstitusiya hüququ” BDU – nun nəşriyyatı - 2002

  4. Cəfərov İ. “AR Konstitusiya hüququnun əsasları” Bakı – 2002

  5. M.F.Məlikov “Dövlət və hüquq nəzəriyyəsi” Bakı – 1995

  6. Xropanyuk valentin Nikolayeviç “Dövlət və hüquq” Bakı – 1995

  7. Əsgərov Z.A “Hüquqi dövlətin Konstitusiyası hansı prinsiplərə əsaslanmalıdır” Azərbaycan qəzeti 25.10.92



  1. Konstitusiya anlayışı və onun sosial – hüquqi mahiyyəti

Konstitusiya latın dilində olan “constitucio” sözündən götürülüb, hərfi mənası quruluş, təsisat, təsis etmək deməkdir. Konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı – ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada federal – zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da konstitusiya adlandırılmışdır.

Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır. Konstitusiya tipli ilk aktlar Ingiltərədə qəbul olunmuşdur. Lakin ilk konstitusiyalar bizim başa düşdüyümüz konstitusiya deyildi. Çünki həmin aktlar ictimai quruluşun, dövlətin təşkilinin vahid tənzimləmə aktı deyildi və insan və vətəndaş hüquq və azadlıqlarını əks etdirmirdi.

Konstitusiyanı ən ümumi şəkildə müəyyən etsək deyə bilərik ki, bu bir qayda olaraq ali hüquqi qüvvəyə malik olan, bir tərəfdən insan və cəmiyyət və digər tərəfdən dövlət arasında münasibətlərin, habelə dövlətin özünün təşkilinin əsaslarını tənzimləyən hüquq normaları sistemidir. Həmin hüquq normaları bir, yaxud bir neçə normativ aktda - əsas qanunlarda toplana bilər və yaxud da həmin normalar çoxsaylı adi qanunlardan, eləcə də məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.

Konstitusiya maddi mənada özündə ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarını bəyan edən və onlara təminat verən, eləcə də ictimai quruluşun əsaslarını, idarəetmə formasını, ərazi quruluşunu, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlət rəmzlərini və paytaxtını müəyyən edən yazılı aktdan, aktlar məcmusundan və yaxud konstitusiya adətlərindən ibarətdir.

Ancaq konstitusiya termini maddi mənada nadir hallarda işlədilir. əksər hallarda biz konstitusiya haqqında formal mənada digər qanunlara nisabətən ali hüquqi qüvvəyə malik olan qanundan və ya qanunlar qrupu barədə danışırıq. Konstitusiyabu mənada qanunlar qanunudur. O, adi qanunların dərci qaydasında dəyişdirilə bilməz, əksinə konstitusiyaya əlavələr edilməsi əvvəllər ona uyğun gələn əsaslarla və ya onun o vaxt qüvvədə olan müddəalarının inkişafı zəminində dərc olunmuş, lakin hazırda konstitusiyaya uyğun gəlməyən qanunların və digər normativ aktların özündə müvafiq dəyişikliklər olunmasını tələb edir.

Konstitusiyanın maddi və formal mənada başa düşülməsi müəyyən nisbətə malikdir. Yəqin ki, xüsusi ifadə formasının tənzimləmə predmetinə uyğun gəlməsi əsaslıdır. Çünki konstitusiyada ölkənin ictimai və dövlət quruluşunun əsaslarını müəyyən edilir. Bu nisbət aşağıda göstərilən məsələdə özünü göstərir: bütün dövlətlər maddi mənada konstitusiyaya malikdir, lakin heç də hər birində formal mənada konstitusiya mövcud deyildir. Britaniya konstitusiyası birinci mənada mövcuddur, ikinci mənada isə mövcud deyildir: belə ki, onun normaları qüvvədə olan normaları qəbul edən orqanlar tərəfindən yaradıldığı qaydada dəyişdirilə bilər.

Ilk yazılı konstitusiya, yəni daxili struktura malik vahid, əsas qanun kimi 1787 – ci ildə qəbul edilmiş və bu gün də qüvvədə olan ABŞ – ın Konstitusiyasıdır. Avropada ilk yazılı konstitusiyalar 1791 – ci il Polşa və Fransa Konstitusiyalarıdır.

Konstitusiya dövlətin ali hüquqi qüvvəli qanunu kimi bir sıra xüsusiyyətlərə malikdir:



  1. Konstitusiya xüsusi subyekt – xalq tərəfindən qəbul edilir.

  2. Konstitusiya digər qanunlardan fərq li olaraq birbaşa hüquqi qüvvəyə malikdir.

  3. Konstitusiya çox geniş və mürəkkəb sosial – siyasi sistemin əsaslarını müəyyənləşdirir.

  4. Konstitusiya ölkənin hüquq sisteminin əsasını təşkil edir.

  5. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir.

  6. Konstitusiyaya həmçinin legitimlik, reallıq və stabillik xüsusiyyətlərinə də malikdir.

Hər bir konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi özünün hüquqi mahiyyəti ilə bərabər, sosial – siyasi mahiyyətə də malikdir. Bu da ondan ibarətdirki, konstitusiya özündə qəbul edildiyi zaman mövcud siyasi qüvvələrin nisbətini əks etdirir. Konstitusiya demək olar ki, cəmiyyətin müxtəlif hissələrinin siyasi mənafelərinin razılaşdırılmış olduğu ictimai müqavilədir (hüquqi mənada isə əsla müqavilə deyildir). Hər bir belə hissə - ictimai sinif, sosial təbəqə, ərazi, milli və digər birliklər siyasi mübarizədə öz sosial mənafeyini müdafiə edir və bu mübarizədə nail olduqları səviyyə konstitusiyada öz əksini tapır. Belə bir razılıq olmayan cəmiyyətdə hüquq qaydası mövcud ola bilməz. Konstitusiya sosial mənafelərin balansının yazılı ifadəsidir.

  1. Konstitusiyanın funksiyaları

Hər bir konstitusiya müxtəlif funksiyaları yerinə yetirir. Konstitusiyanın funksiyaları dedikdə, onun ictimai təyinatı və onun gerçəkləşdirilməsi (reallaşdırılması) üsulları başa düşülür.

Konstitusiyanın birinci funksiyası hüquqi funksiyadır. Qeyd etdiyimiz kimi konstitusiya qanundur özü də əsas, ali qanundur, qanunlar qanunudur. Konstitusiya bütövlükdə ictimai münasibətlərin hüquqi tənzimlənməsi sisteminin bünövrəsini təşkil etməklə ölkənin hüququnun əsas mənbəyidir. O, nə qədər müxtəlif sosial hadisələrlə bağlı olsada, konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, quruma funksiyalarını yerinə yetirir. Konstitusiya həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı – hüquq normalarının hüquqauyğunluğunun qiymətləndirilməsi funksiyasını yerinə yetirir.

Konstitusiyanın ikinci funksiyası siyasi funksiyadır. Konstitusiya dövlətin quruluşunu, onun ayrı – ayrı insanlarla, onların qrupları ilə münasibətləri müəyyənləşdirir, ölkənin siyasi sisteminin hüquqi bünövrəsini təşkil edir. Bütün siyasi – partiyalar, hərəkatlar konstitusiyada müəyyən olunmuş qaydalar əsasında öz aralarında münasibətlər yaradır, rəqabət aparır, mübarizə edir, dövlət hakimiyyətindən istifadə edirlər.

Konstitusiyanın üçüncü funksiyası onun sosial funksiyasıdır. Konstitusiya ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial sistemin başlıca ünsürlərini bir – biri ilə əlaqələndirir və onlara hüquq çərçivəsində davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara, sosial dəyərlərə təsir göstərir və yeni dəyərlərin formalaşması üçün zəmin yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yanaşmasına birbaşa təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.

Konstitusiyanın dördüncü funksiyası ideoloji, yaxud tərbiyəvi funksiyasıdır. Konstitusiya ən nüfuzlu qanun kimi cəmiyyətdə qəbul olunmuş dəyərlərə görə (insan hüquqları, mülkiyyət, demokratiya, ailə və s.) müraciət edir və sanki insanı inandırır ki, əgər sənə bu dəyərlər əzizdirsə əsas qanunda yazılanlara əməl etmək lazımdır. Digər tərəfdən də əgər qanuna hörmət bəsləyirsənsə orada əks olunan ümumbəşəri dəyərlərə də hörmət bəsləməlisən.


  1. : img -> page -> tmp
    tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
    tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
    tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
    tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
    tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
    tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
    tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
    tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
    tmp -> 0


    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə