Mövzu Əkinçiliyin əsas məsələsi inkişaf tarixi və digər elmlərlə əlaqəsi


Mövzu 7.Torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri



Yüklə 1,51 Mb.
səhifə6/14
tarix22.05.2018
ölçüsü1,51 Mb.
#45305
1   2   3   4   5   6   7   8   9   ...   14

Mövzu 7.Torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri


Plan:
  1. Torpaq eroziyasının əmələ gəlmə səbəbləri


  2. Eroziyanın növləri və vurduğu zərər

  3. Eroziyaya qarşı aqrotexniki tədbirlər

  4. Eroziyaya qarşı meş-meliorativ tədbirlər

  5. Eroziyaya qarşı hidrotexniki tədbirlər


Ədəbiyyatlar:


  1. Məmmədov Q.Ş., Cəfərov A.B., Mustafayeva Z. - Əkinçilik və bitkiçiliyin əsasları, Bakı, “Elm” nəşr., 2008

  2. Yusifov M.A. –Bitkiçilik, Bakı, “Qanun” nəşr., 2011

  3. Hüseynov M.M., İbrahimov A.Q., Həsənova A.O. - Aqronomiyanın əsasları, Bakı, Araz nəşr., 2015

  4. Hacıyev C.Ə, İbrahimov A.Q., Allahverdiyev E.R.– Suvarma əkinçiliyi, Bakı, MBM nəşr., 2012.

  5. Hacıyev C.Ə., Hüseynov M.M. - Əkinçilik, Bakı, Araz nəşr., 2009

  6. В.Г. Ларешин, Н.Н. Бушуев, В.Т. Скориков, А.В. Шуравилин- Сохранение и повышение плодородия земель сельскохозяйственного назначения, Москва 2008


Torpaq eroziyasının növləri, əmələ gəlmə səbəbləri və vurduğu zərər


Yer kürəsinin relyefinin hazırda müşahidə olunan müxtəlif formaları, endogen və ekzogen qüvvələrin uzun müddət davam edən təsirləri nəticəsində yaranmışdır. Bu zaman daxili qüvvələr müxtəlif hündürlükdə və çökəklikdə dağların və dərələrin əmələ gəlməsinə, xarici qüvvələr isə onların hamarlanmasına və ya kələ-kötürləşməsinə səbəb olur.

Xarici qüvvələrin təsiri ilə eroziya, abraziya, ekzarasiya, deflyasiya, dendurasiya prosesləri yaranır. Bu proseslərin hər biri torpaqların fərqli formada və dərəcədə dağılması prosesidir. Həmin proseslər içərisində eroziya daha çox müşahidə olunur.

Eroziya (parçalanma, hamarlanma) yerin üst münbit qatının yağıntı və ərintilərlə əmələ gələn sel suları ilə yuyulması və ya güclü küləklərin təsiri ilə sovrulması prosesidir.

Abraziya dəniz dalğalarının sahil torpaqlarını yuyub parçalaması, ekzarasiya yer səthinin buzlaqlarla dağılması, dendurasiya tektonuk qüvvələrin təsirindən əmələ gələn dağların su və küləyin təsiri ilə parçalanması, deflyasiya torpağın küləklə sovrulması prosesidir.

Yayılma arealına və vurduğu zərərə görə eroziya prosesi ön sırada durur. Eroziya prosesi baş verən ərazilərdə torpağın münbitliyi kəsgin azalır. Eroziya prosesinin intensivliyi və davam etmə müddəti artdıqca torpaqların yararsız hala düşmə ehtimalı çoxalır.

Torpaq eroziyası onu törədən amildən asılı olaraq su və külək eroziyası adlanır. Eroziya yağıntı və ərinti sularının əmələ gətirdiyi axınla baş verdikdə su eroziyası, küləyin təsiri ilə yarandıqda isə külək eroziyası adlanır. Torpaq eroziyası prosesinin necə getməsindən asılı olaraq sürətlə gedən və ya tədricən baş verən eroziyalar fərqləndirilir. Bu proseslərdən hansının baş verməsi isə sahənin bitki örtüyünün vəziyyətindən və onun istifadə olunma xarakterindən asılıdır.

Yamaclarda birki örtüyü olmadıqda, suvarma texnikasına düzgün əməl edilmədikdə və əkin sahələrində torpaqmühafizəli tədbirlər aparılmadıqda səthi su axını yaranır və su eroziyası baş verir.

Su eroziyası iki şəkildə - səthi və qobu eroziyası formasında mövcud olur.

Səthi eroziya yamaclarda yağıntılar düşdükdə yaranan səthi axınların torpağı yuyub aparması nəticəsində müxtəlif ölçüdə şırımların yaranmasıdır. Torpağın səthi hamar olmayıb, müxtəlif formada və ölçüdə kələ-köturlu olduğu halda yağıntılar həmin yerlərdə toplanır, sonra birləşərək axını artırır, eni və dərinliyi bir neçə santimetr olan şırımlar yaranır.

Yağıntıların xarakterindən və formasından asılı olaraq səthi su axınının yaranması və torpağın yuyulması müxtəlif intensivlikdə baş verə bilər.

İri yağış damlaları leysan şəkilində düşdükdə torpaq hissəciklərini dağıdaraq onun strukturunu pozur, məsaməliyini azaldır, su sızdırma və su tutumunu zəiflədir, səthi su axını güclənir və torpaq şiddətlə yuyularaq dərin şırımlar əmələ gəlir. Bu zaman səthi su axını güclənərək müxtəlif irilikdə torpaq hissəciklərini və daşları yuyub apararaq yamacın aşağı hissəsində gətirmə konusları yaradır. Eroziya prosesi şiddətli getdikdə torpaq örtüyü nazik olur, aşağı hissədə isə yuyulub gətirilmiş torpaq toplanaraq qalın qat yaradır.

Yamacın cənub ətəklərində qar örtüyü tez əridiyinə görə, burada şimal yamaclarına nisbətən ərinti suları daha çox eroziya yaradır.

Sahədə qar örtüyü olmadıqda və ya nazik olduqda torpaq donur, su torpağa pis hopur və səthi axın əmlə gətirir. Qar torpaq səthini qalın örtdükdə isə torpaq donmadığına görə ərinti suları torpağa hopur.

Şum yamacın uzununa istiqamətdə aparıldıqda, xüsusən yamacda bitki örtüyü olmadıqda və sahədə şırımlar əmələ gətirən səthi eroziya baş verdikdə güclü yağıntılar zamanı yaranan su axınları müəyyən bir xətt üzrə dərinə gedərək hamar sahələri müxtəlif formalı parçalara ayırır və şaquli divarları olan uzun çökəkliklər, yəni qobular yaradır və bu qobu eroziyası adlanır.

Qobu iri şırım olub dik və ya bəzən sıldırım yamaclı relyef formasıdır. Onun uzunluğu bir neçə kilometr, bəzi halda 10 km, yamacların hündürlüyü bir neçə metrdən 30-50 metrə qədər ola bilir.

Qobuların əmələ gəlməsi inkişaf edən proses olduğuna görə, çox yayıldıqda bəzən sahələr tam yararsız hala düşür.

Torpaqəmələgətirən ana süxurlar sərt olduqda qobular yavaş, yumşaq süxurlar olduqda isə sürətlə baş verir. Deməli qobuların əmələ gəlməsinə və inkişafına ana süxurların litoloji vəziyyətinin böyük təsiri vardır.

Qobular səthi su axınının gücündən, süxurların litoloji tərkibindən, sahənin bitki örtüyünün vəziyyətindən və s. asılı olaraq eninə və uzununa doğru böyüyür. Qobuların illik boy artımı 50-60 sm-dən 125-140 sm-ə qədər ola bilər.

Dağətəyi və aran rayonlarda suvarılan sahələrdə artıq norma ilə suvarma aparıldıqda irriqasiya (suvarma) eroziyası baş verir və bu zaman torpağın humuslu qatı pozulub dağılır, onun münbitliyi azalır.

Külək eroziyası xalq təsərrüfatına böyük ziyan vurmaqla müasir relyefin formalaşmasında mühüm təsirə malikdir. Abşeron yarımadasında rast gəlinən təpəciklər və oyuqlar, Qobustan ərazisində isə geniş yayılan kələkötür formalı relyefin əmələ gəlməsi külək eroziyasının təsirindən baş vermişdir.

Külək eroziyası, yüngül qranulometrik tərkibli torpaqlarda xırda hissəciklərin və narın qumların şiddətli küləklərin təsirindən sovrulması ilə müşahidə olunur. Külək eroziyasının əmələ gəlməsinə güclü küləklərin əsməsi, torpaq səthində bitki örtüyünün olmaması, iqlimin quraq olması və s. səbəb olur. Bitki örtüyü seyrək və ya sahə çılpaq olarsa, bu zaman külək torpağın narın hissəciklərini sovuraraq bir yerdən başqa yerə aparır. Bu proses toz halında olan strukturasız və qumlu torpaqlarda daha intensiv gedir.

Sahədə şum küləklər əsən istiqamətdə aparıldıqda, şiddətli küləklərin təsiri ilə torpağın daha çox sovrulması baş verir. Həmin şəraitdə şum küləyin istiqamətinə köndələn aparıldıqda isə torpağın sovrulması zəif gedir və ya müşahidə olunmur. Külək eroziyası güclü getdikdə yolları, su kəmərlərini, məişət obyektlərini və s. qum və torpaqla örtür, onların təmizlənməsi üçün çoxlu miqdarda vəsait və işçi qüvvəsi tələb olunur və su eroziyası kimi xalq təsərrüfatına böyük ziyan vurur.

Eroziya prosesi həm təbii amillərin, həm də insanların düzgün olmayan təsərrüfat fəaliyyətinin təsirindən yaranır. İnsanlar intensiv təsərrüfat fəaliyyəti ilə məşğul olana qədər torpaq eroziyası normal getmiş və bu zaman təbii tarixi amillər: relyef, iqlim, torpaq və bitki örtüyü, geoloji quruluş, torpaqəmələgətirən süxurların litoloji xassələri mühüm rol oynamışdır.

Yerin relyefi eroziya prosesinin intensivliyinə ciddi təsir göstərir. Yerin dağlıq və düzən relyefli olmasından asılı olaraq torpaqların qalınlığı, məhsuldarlığı, eroziya prosesinin intensivliyi dəyişir. Eroziya prosesi ərazinin relyefini dəyişdiyi kimi, o özü də relyefin xüsusiyyətlərindən asılıdır.

Su eroziyasının intensivliyinə yamacın mailliyi, uzunluğu və forması ciddi təsir göstərir. Yamacın mailliyi artdıqca yağıntıların təsiri ilə əmələ gələn səthi su axınının surəti artır, eroziya prosesi güclənir və yuyulan torpağın miqdarı da artır. Müəyyən edilmişdir ki, yamacın mailliyi 20-dən 30-dək artdıqda bir hektardan torpağın yuyulması 12 tondan 19 tonadək artır. Mailliyi 150 olan bitkisiz yamaclarda hektardan 280 ton torpaq yuyulduğu halda, mailli 70 olan yamaclardan 140 ton torpaq yuyulur.

Bəzi halda mailliyi eyni olan yamaclardan müxtəlif miqdarda torpaq yuyulması müşahidə edilir ki, bu da torpağın eroziyaya qarşı davamlılığından və bitki örtüyünün vəziyyətindən asılıdır. Yəni torpaq örtüyü eroziya prosesinə davamlı və bitki ilə örtülü olan sahələrdə düşən yağıntılar torpağa yaxşı hopduğuna görə yamacın mailliyi eroziyaya təsir etmir və ya onun təsiri azalır. Bəzən yamacın mailliyi artdıqca səthi su axınının miqdarı artmır. Bu düşən qeyri-bərabər yağıntıların intensivliyindən və torpağın fiziki-kimyəvi və su-fiziki xüsusiyyətlərindən asılıdır.

Yamacın uzunluğu artdıqca güclü yağıntılar zamanı səthi su axını gücləndiyinə görə eroziyanın intensivliyi də güclənir. Eroziya prosesinin intensivliyinə yamacın forması da təsir göstərir. Qabarıq formalı yamaclarda səthi su axını çoxaldığına görə eroziya prosesi güclü, çökək formalı yamaclarda isə zəif gedir. Düz formalı yamaclarda eroziyanın intensivliyi sahənin mailliyindən asılı olaraq dəyişir.

Eroziya prosesinin baş verməsinə sahənin geoloji quruluşu, torpağın qranulometrik, mineraloji tərkibi, su-fiziki xassələri və s. təsir edir. Ana süxurun su-fiziki xassələri eroziya prosesinin yaranmasına və torpağın sürüşməsinə təsir göstərir. Torpaq qatı altında su keçirməyən gilli süxurlar olduqda eroziya şiddətli gedir və sürüşmə baş verir.

Eroziya prosesinin əmələ gəlməsi və intensivliyi yağıntıların xarakterindən asılıdır. Yağıntı çiskin şəkilində düşdükdə su torpağa yaxşı hopur və eroziya əmələ gəlmir.

Güclü yağıntılar zamanı isə su torpağa hopmur, səthi axın əmələ gəlir və nəticədə torpağın yuyulması baş verir.

Yağıntıların intensivliyi artdıqca torpağın yuyulması sürətlənir. Çünki bu zaman düşən damcıların miqdarı çox, dağıdıcı qüvvəsi isə artıq olur.

Dağlıq ərazilərdə düşən leysan yağışlarının intensivliyi dəqiqədə 10 mm –dən artıq olduqda leysan baş verir. Bir neçə saat ərzində 170 mm yağıntı düşməsi nəticəsində mailliyi 200-dən çox olan yamaclarda hektardan 380 ton torpağın yuyulması qeydə alınmışdır.

Qar örtüyü eroziya prosesinin baş verməsinə təsir edir. Qar örtüyünün torpağın yuyulmasına təsiri bitki örtüyü olmayan ərazilərdə müşahidə olunur. Bu zaman qar əridikdə axın əmələ gəlir və torpaq yuyulur, şırımlar yaranır.

Bitki örtüyü torpaq eroziyasına mühüm təsir göstərir. Bitki ilə örtülü olan sahələrdə torpağın su-fiziki xassələri yaxşılaşır, axının sürəti zəifləyir və eroziyanın qarşısı alınır.

Səthi su axınının əmələ gəlməsinə və onun miqdarına torpağın su sızdırma qabiliyyəti böyük təsir göstərir. Su sızdırması yaxşı olan torpaqlarda səthi su axını zəiflədiyinə görə eroziya prisesi baş vermir.

Torpağın yuyulub dağılması prosesi əkin qatının qalınlığından asılıdır. Yuxa torpaqlarda bu proses zəif gedir, qalın torpaqlarda isə uzun müddət davam edir. İstər yuxa, istərsə də qalın torpaqlarda eroziyanın intensivliyi bitki örtüyündən asılı olaraq dəyişir. Əkin qatı yuxa, bitki örtüyü zəif olan sahələrdə eroziya prosesi güclü, əkin qatı qalın, bitki örtüyü sıx olduqda isə zəif gedir.

Strukturalı torpaqlarda yağıntı suları torpağa yaxşı hopduğuna görə axım əmələ gəlmir və eroziya aradan qalxır.

Eroziya prosesinin yaranmasına və intensivliyinə insanların düzgün olmayan təsərrüfat fəaliyyəti həlledici təsir göstərir. Dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı tədbirlər aparmadan xam torpaqların şumlanması eroziya prosesini sürətləndirir.

Yamaclarda meşələrin qırılması və bitki örtüyünün bərbad hala salınması eroziya prosesini sürətləndirir.

Eroziya prosesi intensiv getdikdə hektardan 500 tondan 700 tona qədər torpaq yuyulur, əkin qatının qalınlığı və münbitliyi azalır, bitkilərin məhsulunun miqdarını və keyfiyyətini aşağı salır.



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə