Mövzu Əkinçiliyin əsas məsələsi inkişaf tarixi və digər elmlərlə əlaqəsi


Eroziyaya qarşı kompleks mübarizə tədbirləri



Yüklə 1,51 Mb.
səhifə7/14
tarix22.05.2018
ölçüsü1,51 Mb.
#45305
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Eroziyaya qarşı kompleks mübarizə tədbirləri


Eroziyaya qarşı kompleks mübarizə aparmaqla yamaclarda səthi su axınının nizamlanması, torpaqların yuyulub dağılmaqdan mühafizə olunması, eroziyaya uğramış torpaqların münbitliyinin artırılması və bununla da kənd təsərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığının yüksəldilməsi təmin olunur. Eroziyaya qarşı aparılan mübanövrizə tədbirləri torpağı yuyulmadan, sovrulmadan mühafizə etməklə ətraf mühitin, ekoloji şəraitin yaxşılaşmasına imkan yaradır.

Eroziyaya qarşı mübarizə: aqrotexniki, meşə meliorasiya və hidrotexniki tədbirlər aparmaqla həyata keçirilir.



Aqrotexniki tədbirlər. Dağlıq və dağətəyi ərazilərdə istifadə olunan əkinçilik sistemlərində torpağın eroziyadan qorunması üçün torpaq mühafizəli tədbirlər aparılmalıdır. Belə şəraitdə əsas məsələ səthi su axınının qarşısını almaqdan ibarətdir.

Torpaq eroziyasına qarşı mübarizədə hər şeydən əvvəl onun baş verməsinə səbəb olan amillər aradan qaldırılmalıdır.

Yamaclarda əkinçilik sistemlərinin yerli şəraitə uyğun olaraq qurulması səthi su axınının torpaqaltı axına çevrilməsini və eroziyanın qarşısının alınmasını təmin edir.

Yamaclarda yağmurların əmələ gətirdiyi səthi su axını hesabına əmələ gələn eroziyanın qarşısnı almaq üçün torpaq becərmə tədbirləri yamacın milliyinə köndələn istiqamətdə aparılmaqla yanaşı, həm də torpaq səthində suyun axmasının qarşısını alan və onun torpağa daha çox hopmasını təmin edən aşağıdakı tədbirlər görülməlidir:

- Yamacın eninə doğru şumlama;

- Kəsikli gövdəli kotanla və ya torpaqdərinləşdirici ilə birlikdə yamacın eninə şumlama;

- Tirəli dairəvi şumlama;

- Torpağın yastıkəsən alətlərlə becərilməsi;

- Birinci və üçüncü gövdələrinə gödəldilmiş laydır qoşulan kotanla şumlama;

- Bir və ya iki laydırı çıxarılmış, qalan gövdələrində laydır olan kotanla şumlama;

- İkinci və dördüncü gövdələrinə uzun laydır qoşulan kotanla pilləli şumlama;

- Fasiləli şırım açmaqla şumlama;

- Torpaqdərinləşdirici ilə eyni vaxtda fasiləli şırım açmaqla şumlama;

- Fasiləli şırım açmaqla dairəvi və pilləli şumlama;

- Yuvaaçmaqla dərin şumlama;

- Yuvaaçmaqla və torpaqdərinləşdirməklə şumlama;

- Uzadılmış laydırı olan kotanla tirəli şumlama;

- Başdan-başa bitki əkinlərində yarıq açma;

- Cərgəaralarına şırımaçma və bitki diblərinin doldurulması və s.

Yamacın eninə şumladıqda eroziya prosesi zəifləyir, su torpağa hopduğuna görə nəmlik artır və bitkilərin məhsuldarlığı yüksəlir. Yamaclarda əkin sahələrinin səthi hamar və ya burada bitkilər az olduqda eroziya güclənir.

Şum payızda aparıldıqda payızın əvvəllərində düşən yağmurlar torpağa yaxşı hopur, torpağın rütubət ehtiyatı artır, səthi axın və eroziya prosesləri müşahidə edilmir.

Bir çox halda yamacın dikliyi və atmosfer çöküntülərinin intensivliyi yüksək olduqda, yamacın eni istiqamətində şumladıqda belə, torpağın yuyulması müşahidə olunur. Bu halda səthi su axınını və eroziya prosesini zəiflətmək üçün əkin sahələrində tirə və ya şırımlar çəkdikdə eroziya prosesi azalır. Tirə yaratmaq üçün laydırı uzadılmış kotanlardan istifadə olunur.

Cərgəli üsulla əkilən bitkilərin cərgəaralarına şırımın açılması və bitkilərin diblərinin oldurulması da səthi su axınını azaldır və eroziya prosesini zəiflədir.

Yamaclarda su axınını zəiflətmək, eroziyanın qarşısını almaq və torpaqda rütubəti artırmaq üçün zolaqlarla dərin yumşaltma müsbət nəticə verir.

Zolaqlarla dərin yumşaltma əsasən çoxlu atmosfer çöküntüləri düşən illərdə aparılmalıdır. Quraq keçən illərdə isə zolaqlarla dərin yumşaltma torpaqdan nəmliyin çox buxarlanmasına səbəb ola bilər. Zolaqlarla dərin yumşaltma dördgövdəli laydırsız kotanla aparıla bilər. Şumlanmış sahədə bu kotan iki dəfə keçdikdə dərinliyi 35 sm, eni 2,8m olan zolaq əmələ gəlir. Yamaclarda zolaqlarla dərin yumşaltma çox da əlavə xərc tələb etməyən tədbirdir. Bir hektarda zolaqlarla dərin yumşaltma üçün sərf edilən xərc müqabilində məhsulun artımı hesabına 20 dəfəyədək artıq əlavə gəlir əldə edilir.

Dik və uzun yamaclarda səthi su axınları birləşərək böyuk axın əmələ gətirir və güclü eroziya baş verir. Bu kimi yamaclarda bütün işləri yamacın eninə aparmaqla, səthi su axınını qəbul edən ot əkini zolaqlarının becərilməsi mühüm tədbir sayılır. Bu zolaqlar yamacı bir neçə hissəyə bölərək səthi su axınının surətini azaldır, onun torpağa hopmasını təmin edir.

Bufer su saxlayan zolaqların eni yamacın mailliyindən, uzunluğundan və eroziya prosesinin intensivliyindən asılı olaraq müəyyən edilir.

Zolaqların eni 10-40 m, zolaqlararası məsafə isə 20-100 m götürülür. Səpin norması artırılmaqla bufer zolaqlarında sıx bitki örtüyü yaradıla bilər.

Yamacda səthi su axınını torpaqaltı axına çevirmək və bununla da eroziya prosesini aradan qaldırmaq məqsədilə sahədə yarıqların açılması sadə aqrotexniki tədbirdir. Yamacda yarıqların açılması digər aqrotexniki tədbirlərdən fərqli olaraq mexanikləşdirmə üçün maneçilik törətmir.

Dağ rayonlarında eroziyaya uğramış az məhsuldar örüş və biçənək sahələri geniş yer tutur. Belə torpaqlarda eroziyanın qarşısını almaq üçün ferraslar (səkilər) düzəldib üzümlük və bağlar salmaqla onlardan səmərəli istifadə etmək olar. Dik yamaclarda ferrasların düzəldilməsi burada bütün becərmə işlərinin mexanikləşdirilməsinə şərait yaradır.

Yamaclarda otlaq və biçənəklərin eroziyaya uğramasının qarşısını almaq üçün otarma normasına riayət etmək, mal – qaranı yay otlaqlarına vaxtında köçürmək, otarmanı dövriyyə sistemi ilə aparmaq, biçənək - otlaq sistemini geniş tətbiq etmək, şiddətli dərəcədə eroziyaya məruz qalan sahələrdə mal-qaranın otarılmasını müvəqqəti ləğv etmək və əlavə ot bitkilərinin toxumlarını səpmək lazımdır.

Meşə-meliorasiya tədbirləri. Meşələrin su tənzimedici, torpaqqoruyucu əhəmiyyəti böyükdür. Yağmurların və ərintilərin əmələ gətirdiyi suların bir hissəsi meşə ağacları və meşəaltlığı tərəfindən saxlanır, qalan hissəsi isə torpağa hoparaq səthi axının əmələ gəlməsinin qarşısını alır. Meşələr rütubəti artırır, ərazinin su rejimini nizama salır. Orta hesabla 100 hektar dağ meşəsi, 80,3 min m3 yağış sularını torpaqaltı axına çevirir, toropaq eroziyasının qarşısını alır.

Meşədə ağac və kolların çətiri, gövdəsi, kök sistemi və torpağın səthində olan meşə döşənəklərinin hamısı birlikdə yamacların su rejiminin nizama salınmasına təsir edir.

Müxtəlif tipli və tərkibli meşələrin su tənzimləyici və torpaqqoruyucu rolu fərqlənir. Meşədə torpağın səthi il ərzində çətirlə, meşə döşənəyi ilə örtülü olduğu üçün yağış suları tamamilə torpağa hopur. Normal sıxlıqda meşə sahəsində, yağmurların 15%-i ağacların çətirləri ilə tutulur, qalan 85%-i isə torpaq səthinə düşərək hopur. Cavan ağaclar daha yaxşı çətir əmələ gətirdiyinə görə torpaq gclü yağışlardan daha yaxşı mühafizə olunur, yaşlı ağacların çətirləri seyrəkləşdiyinə görə onların torpaqqoruyucu əhəmiyyəti nisbətən azalır.

Meşələr və meşə zolaqları ətrafdakı torpağı külək və su eroziyasından, tarlaları quru və isti küləklərdən mühafizə etməklə mühüm torpaqmühafizəli əhəmiyyətə malikdir.

Torpaqoruyucu meşə zolaqları öz quruluşuna görə üç cür olur: 1. Seyrək quruluşlu zolaqlar: - ucaboylu ağaclardan ibarət biryaruslu olub ağaclar arasında kol bitkiləri əkilmədiyinə görə aşağı hissələri küləkləri yaxşı keçirir. 2. Açıq quruluşlu zolaqlar-ağac və kollardan ibarət olub küləyi bütün hündürlüyü boyu keçirir. 3. Sıx quruluşlu zolaqlar müxtəlif ağac və kollardan ibarət sıx çətirli olub içərisindən küləyi keçirmir. Bu zolaqlar ərazinin mikroiqliminə müxtəlif cür təsir göstərir. Küləkkeçirən zolaqlar ensiz olub aşağıdan küləyi yaxşı keçirdiyi üçün mikroiqlimə yaxşı təsir göstərir. Açıq quruluşlu torpaqqoruyucu meşə zolaqları da mikroiqlimə müsbət təsir göstərir.

Əkinləri quru küləklərdən mühafizə etmək məqsədilə meşə zolağı salındıqda, hər 100 hektar əkin sahəsinə 1-1,5 hektarlıq 2-4 cərgəli meşə zolağı salınmalıdır.

Yamaclarda torpaq örtüyünü eroziyadan mühafizə etmək və çayların su rejimini nizama salmaq üçün meşələrin salınması əsas tədbir sayılır. Yamacda meşəsalma üçün torpaq başdan-başa şumlanmalıdır. Bu zaman torpaqda rütubət çox toplandığına görə ağacların yalaqlara basdırılmasına nisbətən bitiş faizi xeyli artır. Bu ən çox mailliyi 50-dək olan yamaclarda həyata keçirilir.

Dağ yamaclarında eroziyaya qarşı meşə salarkən əkiləcək ağac və kol cinsləri yerli torpaq və iqlim şəraitinə uyğun seçilməlidir. Ağac və kol cinsləri seçilərkən sahənin dəniz səviyyəsindən hündürlüyü, torpaq örtüyü və onun yuyulma dərəcəsi, yamacın səhti və s. nəzərə alınmalıdır. Həmin amillər əkilən ağacların boy artımına təsir edir.



Hidrotexniki tədbirlər.Eroziya baş verən ərazilərdə təsərrüfatın təşkilində fitomeliorativ və aqrotexniki tədbirlərlə yanaşı hidrotexniki qurğulardan da istifadə olunmalıdır. Çay hövzələrində su ayırıcıdan çayın yatağınadək sahədə kompleks tədbirlər aparılarsa, çayların su rejimi nizamlanar, eroziyanın və sel axınlarının qarşısı alınar.

Eroziyaya qarşı hidrotexniki tədbirlər çayların yamacında, yatağında və gətirmə konuslarında aparılır. Çay yamaclarında torpaq örtüyü şiddətli dərəcədə yuyulmuş, ana süxur səthə çıxmış sahələrə təsadüf olunur. Belə sahələrin meşəsalma ilə bərkidilməsi mümkün olmadığına görə, xüsusi daş və ya beton sədlər və çəpərlər düzəldilir. Bu yerlərdə hidrotexniki tikintilər yuyulmuş torpağı çökdürərək yamacda pilləkən şəkilində profil yaradır.

Çökmüş töküntüləri bərkitmək üçün burada daş divarların düzəldilməsinin əhəmiyyəti böyükdür. Bu divarlar daşların hərəkətini saxlayır, yamacda pilləkənlər yaradır və eroziyanın qarşısını alır. Yamacın mailliyi 5-100 olduqda daşdan hörülmüş sədlər 0,4- 0,6 m olmaqla hər 10-15 m-dən bir düzəldilir. Maillik 10-250 olduqda sədlər hər 3-4 m-dən bir olmaqla 0,8-1,0 m hündürlükdə düzəldilir. Töküntüləri bərkitmək üçün münbitliyə az tələbkar olan, daşlı sahələrdə yaxşı inkişaf edən bitkilər əkmək lazımdır. Bu məqsədlə baldırqan bitkisindən istifadə olunduqda qısa müddətdə sahə bitki ilə örtülür və torpağın yuyulmasının qarşısı alınır. Çox vaxt dağ yamaclarında torpaq qatının altında su keçirməyən gil və ya qley qatı olduqda şiddətli yağışlar zamanı torpaq sürüşməsi baş verir. Sürüşmənin qarşısını almaq üçün ilk növbədə güclü su axınının qarşısını almaq lazımdır. Bunun üçün yamacın mailliyindən asılı olaraq müəyyən məsafələrdə xırda su axıdıcı arxlar düzəldilir və su həmin arxlarla təhlükəsiz yerlərə axıdılır. Sürüşmə müşahidə olunan sahələrdə həm də meşə salma genişləndirilməlidir.

Sel axınlarının surətini azaltmaq və çay hövzələrini dağılmaqdan qorumaq üçün çay yatağında müəyyən hidrotexniki qurğular düzəldilməlidir. Həmin qurğular sahili yuyulub dağılmaqdan mühafizə edir, sel ilə gətirilən qaba materialların bir hissəsini çökdürərək vadinin profilini dəyişdirir.

Yaşayış məntəqələrindən keçən çayların sahillərinin yuyulmasının qarşısını almaq üçün xüsusi hidrotexniki qurğular yaradılır. Bu məqsədlə ən çox daş-beton bəndlərdən istifadə olunur. Bu bəndlər su axınına istiqamət verir və sahilin yuyulub dağılmasının qarşısını alır.

Çay hövzələrində bəndlər əsasən şəhərlərdən keçən hissədə düzəldilir. Lakin eroziya və sel mənbələrində heç bir hidrotexniki tədbirlər aparılmadıqda çay vadilərindəki tikintilər güclü sellərin təsiri ilə dağıla bilər. Ona görə çayların hövzələri başdan-başa tikinti ilə əhatə olunmalıdır.

Çay yataqlarından sel keçdikdə sahilin yuyulması yan yuyulma adlanır. Ona görə də yatağın sahilini dağılmaqdan qoruyan iki növ qurğu:-axını istiqamətləndirən və sahili bərkidən qurğular düzəldilir. Bu qurğular ən çox sel əmələ gələn yerlərdə yaradılır. Yatağın yan yuyulmasına qarşı sahili bərkidən qurğularla yanaşı axını istiqamətləndirən qurğulardan da istifadə edilir.

Sel axını onun gətirdiyi materialları çökdürməklə və axını parçalamaqla zəiflədilir. Gətirilən materialları saxlayan anbarlar yaratmaqla onların hərəkəti dayandırıla bilər. Gətirilən materialları saxlayan qurğular irihəcmli bəndlər olmaqa çoxlu miqdarda çöküntü materiallarını saxlaya bilir.

Gətirmə konuslarında sel axınlarını çökdürən və sel axınlarını təhlükəsiz yerə axıdan tədbirlər görülür. Bu tədbirlər sel axınlarının xüsusiyyətindən və gücündən asılılı olaraq ayrılıqda və ya bir-biri ilə əlaqələndirilmiş halda tətbiq oluna bilər.

Sel axınlarında olan daş, çınqıl və lili çökdürmək üçün sahənin çökək yerlərində xüsusi qurğular düzəldilir.

Çayların hövzələrini və sel təhlükəsi mövcud olan ərazilərdə yaşayış məntəqələrini seldən mühafizə etmək üçün mövcud hidrotexniki tədbirlər əlaqələndirilməklə, kompleks halda tətbiq olunmalıdır. Bu zaman hidrotexniki tədbirlərin səmərəliliyi artır və selin vuracağı zərərin qarşısı alınır.
Fənn: Əkinçilik və əkinçilik sistemləri Modul 1

Kafedra: Ümumi əkinçilik, genetika və seleksiya

Müəllim: dosent A.Q.İbrahimov
Mövzu 8. Azərbaycanın torpaq ehtiyatı və onun əkinçilikdə istifadəsi

Plan:


  1. Azərbaycanın mövcud torpaq ehtiyatları

  2. Onların mövcud vəziyyəti və qruplaşdırılması

  3. Şoran və şorakət torpaqların yaxşılaşdırılması yolları və onların əkinçilikdə istifadəsi

  4. Yeni mənimsənilən torpaqların becərilməsi və əkinçilikdə istifadəsi

  5. Neftlə çirklənmiş torpaqların yaxşılaşdırılması və onlardan əkinçilikdə istifadə

Ədəbiyyatlar:

  1. Məmmədov Q.Ş. - Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları, Bakı, Elm-2007

  2. Məmmədov Q.Ş.- Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial- iqtisadi və ekoloji əsasları. Bakı, Elm, 2007.

  3. Məmmədov Q.Ş. Aqroekologiya. Bakı., 2010

  4. Hüseynov M.M., İbrahimov A.Q., Həsənova A.O. - Aqronomiyanın əsasları, Bakı, Araz nəşr., 2015

  5. Hacıyev C.Ə, İbrahimov A.Q., Allahverdiyev E.R.– Suvarma əkinçiliyi, Bakı, MBM nəşr., 2012.

  6. Hacıyev C.Ə., Hüseynov M.M. - Əkinçilik, Bakı, Araz nəşr., 2009

  7. В.Г. Ларешин, Н.Н. Бушуев, В.Т. Скориков, А.В. Шуравилин- Сохранение и повышение плодородия земель сельскохозяйственного назначения, Москва 2008



  1. Azərbaycanın mövcud torpaq ehtiyatları

Respublikanın ərazisi relyefinə görə bir- birindən kəskin fərqlənən dağlıq və düzənlik sahələrə ayrılır. Dağlıq hissə böyük Qafqazın cənub və şərq yamacları üzrə xəzər dənizinə qədər, Kiçik Qafqazın yüksək dağlıq hissəsini, Talışın dağlıq hissəsini və düzən hissəsi isə Kür- Araz ovalığını əhatə edir.

Respublikanın dağlıq və düzənlik hissələri bir-birindən relyefin bölünmə dərəcəsinə, mütləq hündürlüyünə, iqliminə, bitki və torpaq örtüyünə görə fərqlənir. Bu cür müxtəliflik, öz növbəsində kənd təsərrüfatı istehsalında və onun təsərrüfat fəaliyyətində müxtəlifliyin yaranmasına səbəb olmuşdur.

Azərbaycanın 8641 min hektar ümumi sahəsinin 4184 min hektarı (48,4%) kənd təsərrüfatına yararlı sahədir ki, bundan 1382 min hektarı (16%) əkin altında, 273 min hektarı (3,2%) çoxilliklər, 210 min hektarı (2,4%) xam torpaqlar, 2319 min hektarı (27%) otlaq və biçənək, 106 min hektarı (1,2%) həyətyanı sahə, 1041,5 min hektarı (12%) meşə, 3310,4 min hektarı (38,2%) istifadəsiz torpaqlardır.

Ərazisinin 60%-i dağlıq, 40%-i isə düzənlik sahə olduğuna görə, Azərbaycan tipik dağlıq ölkə sayılır.

Burada quru hissənin dəniz səviyyəsindən 28 m aşağı və 4466 m hündür olan yerlər vardır. Bununla əlaqədar olaraq, ərazidə quru və rütubətli subtropik qurşaqlardan başlamış, daimi qar və buzlaqlara qədər bir sıra landşaft qurşaqlara rast gəlinir.

Azərbaycanda, yer kürəsində olan 11 əsas iqlim tipindən, savannalar və tropik meşələr iqlimindən başqa bütün iqlim tipləri mövcuddur.

Burada ovalıq- yarımsəhra, dağətəyi- yarımçöl, dağ- meşə, yüksək dağlıq subalp və yüksək dağlıq nival bitki- torpaq qurşaqları vardır.

Təbii bitki örtüyü, ovalıq yarımsəhra hissədə yovşan və şoranotu kimi yarımsəhra bitkilərindən, dağətəyi- yarımçöl qurşaqda yarımçöl və kolluq bitkilərindən, dağ yamaclarında palıd, fısdıq, vələs, cökə və s. meşələrindən, yüksək dağlarda subalp-çəmən bitkilərindən, dağlıq nival hissədə isə qayalıq- çınqıl bitki qruplarından ibarətdir.

Yabanı florada dərman, efiryağlı, vitaminli, ballı, aşılayıcı, boya və s. bitkiləri geniş yayılmışdır.

Süni suvarma və dəmyə şəraitində pambıq, taxıl, yem və tərəvəz bitkiləri, meyvə ağacları, üzüm, subtropik bitkilər və s. becərilir.



  1. Torpaqların mövcud vəziyyəti və qruplaşdırılması

İstehsalın digər sahələrindən fərqli olaraq, kənd təsərrüfatı istehsalı müxtəlif təbii və iqtisadi şəraitlərin hərtərəfli nəzərə alınmasını tələb edir. Əkinçiliyi vahid sistem kimi, bütün ərazilərdə eyni qayda ilə inkişaf etdirmək mümkün deyil. Ona görə, hər bir bölgənin konkret təbii- iqtisadi şəraitinə uyğun əkinçilik sistemləri hazırlanmalıdır. Bununla yanaşı əkinçlik sistemlərinin konkretliyi, onun ayrı- ayrı üsullarının hər bir təsərrüfatın kəskin fərqlənən torpaq və landşaftı şəraitində dəyişdirilməsinin mümkünlüyünü inkar etmir.

Azərbaycan Respublikasının müxtəlif təbii- iqtisadi şəraiti, hətta kiçik ərazilərdə torpaq ehtiyatlarından istifadənin müxtəlifliyi və mürəkkəbliyi, kənd təsərrüfatının düzgün təşkilində qəti qərarlar qəbul etmək üçün müvafiq nəzəri və təcrübəvi işlərin öyrənilməsi zəruriyyətini yaradır. Azərbaycan Respublikası Zaqafqaziyanın şərqində, şimal en dairəsinin 38024ı- 41053ı və şərq uzunluq dairəsinin 44051ı- 50025ı xəttləri arasında yerləşməklə, şimaldan Rusiya, şimali- qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənubdan İran, cənubi- qərbdən Türkiyə dövlətləri ilə həmsərhəddir və şərq tərəfdən Xəzər dənizi ilə əhatə olunur. Respublikanın ərazisi relyefinə görə bir- birindən kəskin fərqlənən dağlıq və düzənlik sahələrə ayrılır. Dağlıq hissə böyük Qafqazın cənub və şərq yamacları üzrə xəzər dənizinə qədər, Kiçik Qafqazın yüksək dağlıq hissəsini, Talışın dağlıq hissəsini və düzən hissəsi isə Kür- Araz ovalığını əhatə edir. Respublikanın dağlıq və düzənlik hissələri bir- birindən relyefin bölünmə dərəcəsinə, mütləq hündürlüyünə, iqliminə, bitki və torpaq örtüyünə görə fərqlənir. Bu cür müxtəliflik, öz növbəsində kənd təsərrüfatı istehsalında və onun təsərrüfat fəaliyyətində müxtəlifliyin yaranmasına səbəb olmuşdur.

Azərbaycanın 8641 min hektar ümumi sahəsinin 4184 min hektarı (48,4%) kənd təsərrüfatına yararlı sahədir ki, bundan 1382 min hektarı (16%) əkin altında, 273 min hektarı (3,2%) çoxilliklər, 210 min hektarı (2,4%) xam torpaqlar, 2319 min hektarı (27%) otlaq və biçənək, 106 min hektarı (1,2%) həyətyanı sahə, 1041,5 min hektarı (12%) meşə, 3310,4 min hektarı (38,2%) istifadəsiz torpaqlardır. Ərazisinin 60%-i dağlıq, 40%-i isə düzənlik sahə olduğuna görə, Azərbaycan tipik dağlıq ölkə sayılır. Burada quru hissənin dəniz səviyyəsindən 28 m aşağı və 4466 m hündür olan yerlər vardır. Bununla əlaqədar olaraq, ərazidə quru və rütubətli subtropik qurşaqlardan başlamış, daimi qar və buzlaqlara qədər bir sıra landşaft qurşaqlara rast gəlinir. Azərbaycanda, yer kürəsində olan 11 əsas iqlim tipindən, savannalar və tropik meşələr iqlimindən başqa bütün iqlim tipləri mövcuddur.

Burada ovalıq- yarımsəhra, dağətəyi- yarımçöl, dağ- meşə, yüksək dağlıq subalp və yüksək dağlıq nival bitki- torpaq qurşaqları vardır.

Təbii bitki örtüyü, ovalıq yarımsəhra hissədə yovşan və şoranotu kimi yarımsəhra bitkilərindən, dağətəyi- yarımçöl qurşaqda yarımçöl və kolluq bitkilərindən, dağ yamaclarında palıd, fısdıq, vələs, cökə və s. meşələrindən, yüksək dağlarda subalp-çəmən bitkilərindən, dağlıq nival hissədə isə qayalıq- çınqıl bitki qruplarından ibarətdir. Yabanı florada dərman, efiryağlı, vitaminli, ballı, aşılayıcı, boya və s. bitkiləri geniş yayılmışdır. Süni suvarma və dəmyə şəraitində pambıq, taxıl, yem və tərəvəz bitkiləri, meyvə ağacları, üzüm, subtropik bitkilər və s. becərilir. Azərbaycanda iqlimin və bitki örtüyünün müxtəlifliyindən asılı olaraq, müxtəlif genetik tipli torpaqlar yayılmışdır. Ərazidə ən çox boz, şabalıdı, qonur-dağ-meşə, dağ qəhvəyi, dağ-qara, torflaşmış dağ-çəmən və sarı-küllü torpaqlara rast gəlinir.

Boz torpaqlar əsasən Kür-Araz düzənliyində, Şirvanda, Muğanın cənubunda, Mil düzündə, Naxçıvan MR-nın düzən sahələrində yayılmaqla 705,2 min hektar (8,2%) sahəni əhatə edir. Bu torpaq tipi yarımsəhra bitkilərinin inkişaf etdiyi, nəmlik çatışmayan ərazilərdə, nisbətən son dövrlərdə yaranmış və ona görə, genetik qatlarının zəif ayrılması ilə xarakterizə olunur. Boz torpaqlar humus qatının qalınlığına, qranulometrik tərkibinə, şorlaşma dərəcəsinə, şorakətliyinə və s. görə:- tünd boz, adi boz, qədimdən suvarılan boz, boz- çəmən, çəmən- boz, şorlaşmış- boz və s. yarımtiplərə bölünür. Bu torpaqların rəngi açıq bozdan tünd boza kimi, qranulometrik tərkibi isə gillicədən ağır gillicəyə kimi dəyişir. Tərkibində humusun miqdarı 1,6-2,0%, tünd boz torpaqlarda isə 3,0%-ə çatır. Azotun ümumi miqdarı 0,091-0,105%, fosfor 0,115-0,190%, kalium isə 3,0-3,7% olur. Tərkibində karbonatlı birləşmələr 18-24% təşkil edir ki, bunun da çox hissəsi kalsium karbonatdır. Boz torpaqların çox hissəsi şorlaşmışdır. Şorlaşmanın xlorlu-sulfatlı tipi üstünlük təşkil etməklə yanaşı, xlorlu və sulfatlı- xlorlu şoranlar da vardır. Şorakətlik bu torpaqlar üçün xarakterikdir. Boz torpaqlarda ən çox texniki, yem və tərəvəz bitkiləri becərilir.

Şabalıdlı torpaqlar. Böyük və Kiçik Qafqaz sıra dağlarının aşağı və orta yamaclarında, Gəncə-Qazax bölgəsində, Qobustanda, Naxçıvan MR-da geniş yayılaraq, çatışmayan nəmlik şəraiti üçün xarakterik olan bitki örtüyü altında əmələ gəlmişdir. Şabalıdı torpaqlar respublikada 1598,6 min hektar (18,5%) ərazini əhatə edir. Morfoloji əlamətlərinə, tərkibində humusun və karbonatların miqdarına görə şabalıdı torpaqlar açıq şabalıdı, şabalıdı və tünd şabalıdı torpaqlara bölünür.

Humusun miqdarı açıq- şabalıdı torpaqlarda 1,8-2,8%, şabalıdı torpaqlarda 2,5-3,0% və tünd şabaladı torpaqlarda isə 3,5-4,0% olur. Şabalıdı torpaqlarda azotun ümumi miqdarı 0,11-0,28% fosforun miqdarı 0,12-0,17%, kaliumun miqdarı isə 1,7-2,0% həddində dəyişir. Kəskin quraqlıq şəraiti və torpaq əmələ gətirən süxurun şoran olması nəticəsində şabalıdı torpaqlarda şorakətlik müşahidə edilir. Bu torpaqlarda humusun tərkibi humatlı və fulvatlı- humatlı olmaqla C:N nisbəti 8,3-8,9 və O:N nisbəti isə 5,1-6,8 və daha artıq olur ki, bu da humus əmələ gətirən turşuların yüksək oksidləşdiricilik xüsusiyyətini göstərir. Şabalıdı torpaqların qranulometrik tərkibi gillicəli və ağır gillicəlidir. Torpaq məhlulunun reaksiyası zəif qələvi və qələvidir (pH=7,2-8,5%). Torpaq əmələ gətirən süxurların karbonatlı təsiri nəticəsində, şabalıdı torpaqlarda kalsiumun və maqneziumun miqdarı kifayət qədər yüksək olur. Şabalıdı torpaqlarda texniki, dənli və yem bitkiləri, meyvə və üzüm bağları geniş istifadə olunur.



Qonur dağ-meşə torpaqları. Kiçik Qafqazın şimal və şimal-şərq yamaclarında, Böyük Qafqaz sıra dağlarının şimal və şərq yamaclarında, həmçinin Lənkəran bölgəsinin orta dağ qurşağında yayılmaqla, 634,3 min hektar (7,3%) sahəni əhatə edir.

Qonur dağ meşə torpaqları yüksək potensial münbitliyə malikdir. Tərkibində orta hesabla humusun miqdarı 7-8%, azot isə 0,5-0,6% olub, C:N nisbəti 11-14 təşkil edir. Əsaslarla az doymuşdur, torpaq reaksiyası turşdur; (pH=4,8-5,6) və tərkibində silisiumun miqdarı çoxdur.

Bu torpaqlar əsasən meşə altında olduğuna görə, ancaq az hissə meşə altından çıxmış dağ- qonur torpaqların yayıldığı sahələrdə dənli bitkilər becərilir.

Dağ- qəhvəyi torpaqlar. Respublika ərazisində 1046 min hektar (12%) təşkil etməklə, Böyük və Kiçik Qafqaz sıra dağlarında, Lənkəranda və Naxçıvanda, 900-1500 m yüksəklikdə yayılmışdır. Bitki örtüyü yuxarı hissədə vələs və palıd-vələs meşələrindən, aşağı hissədə isə kolluqlardan və taxıl- ot qarışıqlarından ibarətdir. Bu torpaqlar əhəng daşının, silisium oksidin, şist gilinin aşınmasından əmələ gəlmişdir. Tərkibində asan mənimsənilən azotun və mübadilə olunan kaliumun miqdarı çox, fosforun miqdarı isə azdır. Bu torpaqlarda humus 3,5-4,0%, azot 0,24-0,29%, fosfor 0,18-0,21% və kalium 2,0-2,2% təşkil edir. Dağ-qəhvəyi torpaqlarda üzümçülük, meyvəçilik və taxılçılıq geniş istifadə olunur.

Dağ- qara torpaqlar. Böyük Qafqazın şimal və şimal- şərq yamacları boyu Quba, Şamaxı və İsmayıllı rayonları ərazisində və Kiçik Qafqazın şimal yamacları üzrə Murovdağ, Qarabağ dağ silsiləsində, həmçinin Gədəbəy rayonu ərazisində yayılmışdır. Bu torpaqlar Azərbaycanda 221 min hektar (2,6%) sahə tutur. Əsasən dağ-çəmən zonasında, yaylaq formalı düzən sahələrdə, dağınıq halda yayılmışdır.

Bu torpaqlar qara rəngli, dənəvər-topavari strukturalı və yüksək humuslu olması ilə fərqlənir.

Qara torpaqlarda humusun miqdarı 5-8%-ə çatır. Azotun miqdarı üst qatda 0,4%, alt qatda isə 0,3% olur. Burada fosforun miqdarı 0,19-0,28%, kaliumun miqdarı isə 1,5-2,0% təşkil edir. Torpaq məhlulunun reaksiyası neytral və zəif qələvidir (pH=6,5-7,6).

Qara torpaqların qranulometrik tərkibi gilli və ağır gillicəlidir. Üst qatda lil hissəciklərinin miqdarı 32-46%-ə çatır. Uducu kompleksində kalsium 32-35 mq ekv. olmaqla üstünlük təşkil edir.

Qara torpaqlar aqronomiki xüsusiyyətlərinə görə çox münbit hesab edilir və dəmyə şəraitində becərilən kartof, taxıl bitkiləri və tumlu meyvə ağacları əkini üçün istifadə olunur.

Torflaşmış dağ-çəmən torpaqlar. Böyük və Kiçik Qafqazın 2400-3500 m yüksəkliyində, alp zonasında yayılmaqla 876,2 min hektar (10,1%) sahəni əhatə edir. Bu torpaqlara əsasən daş yığıntıları və qayalıqlarla bölünmüş dağınıq halda təsadüf olunur. Torpaq profili zəifdir və 15-30 sm-dən çox deyil. Üst qatda soyuq və nəmli iqlimin təsirindən parçalanmamış və yarımparçalanmış üzvi qalıqlar vardır. Torpağın yuyulması nəticəsində ana qatın səthə çıxdığı sahələrə də rast gəlinir.

Torflaşmış dağ- çəmən torpaqlarda 10%-ə qədər humus olur. Bu torpaqların udma tutumu 100 qr torpaqda 50-55 mq.ekv. çatır, əsasən karbonatsızdır və torpaq məhlulu turş və zəif turş reaksiyalıdır (pH-6-6,4).Tərkibində azotun və fosforun miqdarı yüksək olmaqla, uyğun olaraq 0,30-0,35% və 0,17-0,33%-ə qədər olur.

Torflaşmış dağ- çəmən torpaqların yayıldığı sahələr yüksək məhsuldar yay otlaqları, biçənək və bəzi halda isə cərgəarası becərilən bitki əkini üçün istifadə olunur.

Sarı dağ-meşə torpaqları. Lənkəranın orta dağ qurşağında və düzənlik hissəsində olmaqla 85,1 min hektar (0,93%) sahədə yayılmışdır. Bu tip torpaqlar, artıq nəmlənmə şəraitində, hirkan və dəmirağac- vələs meşələri ilə örtülü olan az mailli yamaclarda əmələ gəlmişdir.

Sarı dağ- meşə torpaqları qranulometrik tərkibinə və qida maddələrinin miqdarına görə sarı- kül və sarı-yapışqanlı- kül torpaqlara bölünür.

Bu torpaqlarda humusun ümumi miqdarı üst qatda 0,7-1,2%-dən çox olmur və alt qatlara doğru tədricən azalır. Qranulometrik tərkibi yüngül gillicəli və ağır gillicəli olur. Udma tutumu 100 qr. torpaqda 20-30 mq ekv. çatır. Mübadilə olunan hidrogen A qatında 0,2-1,2, A2 və B1 qatlarında isə 3,5-4,4 mq ekv.-dir. Udulmuş kalsiumun miqdarı 20-30 mq. ekvivalent təşkil edir. Torpaq reaksiyası üst qatda turş və zəif turş (pH 4,9-5,1) aşağı qatlarda isə neytrala yaxındır. Tərkibində azotun miqdarı 0,15-0,28%, ümumi fosfor 0,14-0,18%, kalium isə 2,0-3,5% təşkil edir. Dərin qatlara getdikcə bütün qida maddələrinin miqdarı azalır. Tərkibi dəmir və alüminiumla zəngin, qələvi əsaslı və karbonatsızdır.

Sarı torpaqların yayıldığı ərazilərdə əsasən çay, sitrus bitkiləri, taxıl, tərəvəz və s. becərilir.

Azərbaycanda kənd təsərrüfatı istehsalı təbii (iqlim, torpaq, bitki örtüyü), texnoloji, iqtisadi və s. şəraiti müxtəlif olan ərazilərdə aparılır. Həmin müxtəlifliklər nəzərə alınaraq respublikanın ərazisində:-Abşeron, Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran- Astara, Dağlıq-Qarabağ və Naxçıvan təbii- iqtisadi bölgələri müəyyən edilmişdir.

3. Şoran və şorakət torpaqların yaxşılaşdırılması yolları və onların əkinçilikdə istifadəsi

Azərbaycanda ən çox şorlaşmaya məruz qalmış torpaqlar.

Şirvan bölgəsi Kür- Araz ovalığının şimal hissəsində yerləşir. Bölgənin iqlimi isti, quru subtropik tipə aiddir. Ərazinin düzənlik hissəsində əsasən boz torpaqlar, dağlıq hissədə isə şabalıdı karbonatlı və qonur- meşə torpaqlar geniş yayılmışdır. Düzən hissənin torpaqları şorlaşmaya, dağlıq hissənin torpaqları isə eroziyaya meyllidir. Ona görə, ərazidə müvafiq meliorativ və torpaqmühafizəli tədbirlərin aparılması tələb olunur.

Muğan-Səlyan bölgəsi Ərazidə boz, boz- çəmən və şabalıdı torpaqlar yayılmışdır. Torpaqların əksər hissəsi duzlu və şorlaşmışdır. Bundan başqa bataqlıq və su altında xeyli torpaq sahəsi vardır. Meliorativ tədbirlər aparmaqla 86,7 min hektar mövcud istifadəsiz torpaqlar hesabına əkin sahələrini genişləndirmək olar.

Bölgənin torpaq-iqlim şəraiti pambıqçılıq üçün çox əlverişlidir. Bundan başqa ərazidə dənli bitkilər də geniş istifadə olunur. Burada aralıq bitkiləri əkməklə intensivləşməni həyata keçirmək üçün real şərait vardır.

Bölgədə əkinçilik sistemləri yaradılarkən, torpaqların təkrar şorlaşmasının qarşısını almaq üçün müvafiq tədbirlər müəyyən edilməlidir.

Mil- Qarabağ bölgəsi Ərazidə bu və ya digər dərəcədə şorlaşmış 100 min hektara yaxın torpaq sahəsi vardır. Bölgədə 272,3 min hektar (18,7%) kənd təsərrüfatında istifadə oluna bilən əlavə torpaq ehtiyatı mövcuddur. Həmin torpaqlar suvarma, qurutma, kimyəvi meliorasiya və s. tədbirləri aparmaqla əkin üçün yararlı hala salına bilər.

Mil-Qarabağ bölgəsinin suvarılan düzən torpaqlarında geniş sahələrdə pambıq becərilir. Bundan başqa bölgənin ərazisi taxılçılıq, yemçilik, üzümçülük və meyvəçilik üçün də əlverişlidir. Növbəli əkinlərin intensivləşdirilməsində aralıq bitki əkinlərinə üstünlük verilməlidir.



Naxçıvan bölgəsi Bölgədə taxılçılıq, tütünçülük, tərəvəzçilik, qərzəkli meyvəçilik və maldarlıq inkişaf etmişdir.

Bölgədə şorlaşmış torpaqlar geniş yayıldığına və ərazinin 70,0%-i eroziyaya məruz qaldığına görə, lazımi meliorativ və torpaqmühafizəli tədbirlər aparmaq tələb olunur.



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə