Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 1,67 Mb.
səhifə8/10
tarix11.04.2018
ölçüsü1,67 Mb.
#36948
1   2   3   4   5   6   7   8   9   10

Mübarizə tədbirləri.

1. Qış və yay dövründə zərərverici əleyhinə mineral-yağ emulsiyası olaraq 30ss preparatının 3-5%-li məhlulu çilənməlidir.

2. Yay dövründə ayrı-ayrı nəsillər əleyhinə antio – 2 l/ha, Bİ-59 – 2 l/ha, Aktara 0,7 kq/ha emulsiyası ilə çiləmə aparılmalıdır.

Zeytun yalançı çanaqlı yastıcası (Saissetia oleae B.) - Bərabərqanadlılar dəstəsi (Homoptera), koksidlər (Coccidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin fərdin bədəninin uzunluğu 4 mm-dir.

Yumurtası uzunsovdur, ağımtıl və ya qəhvəyi rəngdə olur. Sürfəsi açıq-qəhvəyi rəngdə olub, yastıdır və uzunsovdur.

Zərərverici sürfə fazasında budaqların üzərində qışlayır. Qışlamadan çıxan sürfələr qidalanır, iyun ayında yetkin hala çevrilir və yumurta qoymağa başlayır.

Bir dişi fərd orta hesabla 2000-2500 ədəd yumurta qoya bilir. İyunun sonu, iyulun əvvəllərində yumurtadan çıxan sürfə bir müddət qidalanır və sonra qışlamaya gedir. İl ərzində 1 nəsil verir.

Zərərverici zeytun bitkisinin yarpaqları, budaqları və meyvələri ilə qidalanır. Nəticədə bitki böyümə və inkişafdan qalır və meyvələr əmtəəlik dəyərini itirir.



Mübarizə tədbirləri.

1. Bu zərərvericiyə qarşı kimyəvi mübarizədə yay dövründə mineral yağların 1%-li emulsiyası, qış dövründə 2%-li emulsiyası ilə çiləmə aparılmalıdır.

2. Vegetasiya dövründə isə Bİ-58 – 2 l/ha, yaxud 35%-li fozalon – 2 l/ha, 2,5%-li desis – 0,4 l/ha emulsiyasının məhlulu ilə çiləmə aparmaq olar.

Nar mənənəsi (Rphis punicae P.) - Bərabərqanadlılar dəstəsi (Homoptera), mənənələr (Aphididae) fəsiləsinə mənsubdur.

Yetkin fərd açıq-yaşıl rəngdə olub, ovalvaridir, uzunluğu 1,9-2 mm-dir.

Zərərvericinin mayalanmış yumurtaları narın budaqları üzərində qışlayır. Aprelin sonu, mayın əvvəllərində qışlamış yumurtalardan sürfələr çıxır və zərif zoğ və yarpaqlara daraşaraq onun şirəsini sorur. Mənənəyə ən çox mayın 3-cü ongünlüyündə və iyun ayında təsadüf edilir. Sentyabrın axırlarında dişi fərdlər yumurta qoyur və onlar qışlamaya gedir.

Vegetasiya dövrü fasiləsiz olaraq 13 nəsil verir. Zərərverici əvvəllər cavan zoğların, yarpaqların, sonra isə qönçə, çiçək və meyvələrin üzərinə daraşır, onların şirəsini sorur. Nəticədə bitkinin inkişafı zəifləyir, qönçə və çiçək quruyaraq tökülür, meyvələr isə əmtəəlik dəyərini itirir.



Mübarizə tədbirləri.

1. Qışlamış yumurtalara qarşı mübarizədə ağacların sakitlik dövründə 1%-li DNOK preparatları ilə çiləmə aparılmalıdır.

2. Vegetasiya dövründə Bİ-58 – 2,0 l/h, 2,5%-li desis – 0,4 l/ha məsarif normasında emulsiyası ilə çiləmə aparılması məsləhətdir.

Nar meyvəyeyəni (Euzophera punicae Micre) – Kəpənəklər dəstəsi (Lepidoptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.

Respublikamızda nar bitkisinə 2 növ meyvəyeyən – nar meyvəyeyəni və alma meyvəyeyəni zərər verir.

Nar meyvəyeyəni alma meyvəyeynəninə nisbətən daha zərərlidir. Odur ki, ancaq bu meyvəyeyən haqqında məlumat verilir.

Yetkin fərd boz rəngdədir, ön qanadları ensiz, dal qanadlar isə enlidir.

Yumurtası açıq-sarı olub, böyüklüyü 0,75-1 mm-dir. Axırıncı yaş tırtıl kirli-boz rəngdədir.

Zərərverici qışı 5-ci yaşda, tırtıl fazasında ağac qabığının yarıqlarında, gövdənin qurumuş qabıqları altında ipəkdən hazırlanmış barama içərisində keçirir.

Yazda temperatur +120S-dən yuxarı qalxdıqda baramadakı tırtıl pup halına keçir. Puplaşma dövrü mayın ortalarına qədər davam edir. Nar bitkisi çiçəkləyən dövrdə 1-ci nəslin kəpənəkləri uçmağa başlayır.

Dişi kəpənəklər yumurtalarını ağacların qabığına, çiçək və çiçək saplağına qoyurlar. Yumurtanın embrional inkişafı 6-8 günə başa çatır və bundan sonra yumurtadan ağ rəngli tırtıl çıxır. O çiçəklərlə, qönçələrlə qidalanıb inkişaf edir. qönçə və çiçəklə qidalanan tırtılın inkişafı 25-30 gün çəkir. Bu müddətdə onlar beş dəfə qabıq dəyişir və altı yaş keçirir. İyunun sonu, iyulun əvvəllərində tırtıllar qabıq altında və ya meyvə kasacığının içərisində pupa çevrilir. Pup dövrü 8-10 gün çəkir. Puplardan ikinci nəslin kəpənəklərinin uçuşu avqustun 2-ci ongünlüyünə qədər davam edir. Pupdan çıxan kəpənək 6-8 gündən sonra yumurta qoymağa başlayır.

Dişi fərdlər yumaurtalarını əsasən meyvə kasacığına və onun yanlığına qoyur. Yumurtanın inkişafı 6-8 gün çəkir. Yumurtadan tırtıllar avqustun birinci ongünlüyündə çıxır. Kütləvi halda tırtıllara isə avqust ayının 2-ci ongünlüyündə təsadüf olunur. İkinci nəslin tırtılları nar meyvəsini deşərək onun içərisinə keçir və orada nar dənələri, eləcə də meyvə arakəsmələri ilə qidalanır.

Tırtılların qidalanması 20-25 gün çəkir. İnkişafını başa çatdırmış tırtıllar qışlama yerlərinə keçərək pup halına keçirlər. İl ərzində 2 nəsil verir.

Zərərvericinin birinci nəsli əsasən qönçə və çiçəkləri zədələyir, nəticədə zədələnmiş qönçə və çiçək quruyaraq məhv olur.

İkinci nəslin tırtılları isə əsasən nar meyvələrini zədələyir ki, belə zədələnmiş meyvələr çürüyür və qida üçün yaramır, əmtəəlik dəyərini itirir.



Mübarizə tədbirləri.

1. Quruyub yerə tökülmüş qönçələr, çiçəklər və meyvələr toplanaraq bağdan kənara çıxarılmalıdır.

2. Ağacların ştambları ölmüş qabıqlardan təmizlənməlidir.

3. Zərərvericinin hər bir nəslinə qarşı mübarizədə 2 dəfə 85%-li sevinin 0,3%-li suspenziyası, 5%-li karate – 0,5 l/ha, 35%-li fozalon – 2,0 l/ha, Avaunt 0,35 kq/ha emulsiyası ilə çiləmə aparılmalıdır.



Sitrus bitkilərinin zərərvericiləri.

Çubuqşəkilli çanaqlı yastıca (İnsulaspis gloverii Pack) - Bərabərqanadlılar dəstəsi (Homoptera), yastıcalar (Diaspididae) fəsiləsinə mənsubdur.

Çuğuqşəkilli çanaqlı yastıcanın çanağı nazik və çubuqşəkilli olur. Çanaq üzərindən bir zolaq uzanır, çanağı iki bərabər hissəyə bölür. Çanağın uzunluğu 3,2 mm-dir. Rəngi qırmızı-qəhvəyi, yaxud sarımtıl-qəhvəyidir.

Zərərverici polifaqdır. Zərərverici yarpaqların, budaqların və meyvələrin şirəsini sormaqla qidalanır.

Zərərverici yetkin və 2-ci yaşlı sürfələri qışlayır. Aprelin sonundan başlayaraq birinci nəsil yumurta qoyur. İkinci nəslin yumurta qoyması iyunun, üçüncü nəslin isə sentyabrın əvvəllərində başlayır.

İl ərzində 3 nəsil verir.

Mübarizə tədbirləri.

Vegetasiya ərzində hər bir nəslə qarşı ayrı-ayrılıqda 2,5%-li desis – 0,4 l/ha, Bİ-58 (YENİ) – 2,0 l/ha, Bestseller 200 – 0,1l/ha normasında emulsiyası ilə çiləmə aparıla bilər.



Sitrus ağqanadlısı (Dialeurodes Citri Ashm) - Bərabərqanadlılar dəstəsi (Homoptera), ağqanadlılar (Aleyrodidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin fərd çox kiçik olub, uzunluğu 2 mm-ə yaxındır. Süd rəngində 2 cüt zərif qanadları vardır.

Zərərverici sürfə və pup halında qışlayır. Yazda yetkin dişi fərdlər cavan yarpaqların alt səthinə dağınıq halda yumurta qoyur və 6-7 gündən sonra sürfələr çıxır. Sürfələr yarpağın üst səthinə daraşaraq, onun şirəsini sorur. İnkişafını başa çatdırmış sürfələr 3 dəfə qabıq dəyişir və puparilərə çevrilirlər.

Sürfələrin inkişafı 25-30, puparilərin isə 15 gündə başa çatır və yetkin hala keçir. Bir dişi fərd qidalandığı bitki növündən asılı olaraq 60-170-ə qədər yumurta qoya bilir. İl ərzində 3-4 nəsil verir.

Sitrus ağqanadlısı limon, naringi, portağal, xirnik, çay və s. ilə qidalana bilir.

Mübarizə tədbirləri.

1. Daxili karantin tədbirlərinə əməl olunmalıdır.

2. Vegetasiya dövründə 2,5%-li desis – 0,4 l/ha, Bİ-58(YENİ) – 2,0 l/ha, Mostar 20 (300 qr/ha) emulsiyası ilə çiləmə aparılmalıdır.

Sitrus qırmızı gənəsi (Pononychus citri Mc.) – Gənələr dəstəsi (Akarina), tor gənələri fəsiləsinə (Tetraniychidae) mənsubdur.

Yetkin fərdin bədəni tünd-qırmızı rəngdədir, uzunluğu 0,3 mm-dir. Dişi fərd erkəkdən böyükdür.

Yumurtası saplaqlıdır və yarpağın üst səthinə qoyulur. Zərərverici əsasən ən çox limon və naringi bitkilərinə zərər vurur. Sitrus gənəsi yetkin, sürfə və yumurta fazasında qışlayır. Qışlama yarpaqların əlt səthində gedir.

Aprelin axırlarından başlayaraq gənənin miqdarı artmağa başlayır. Sürfələr və yetkin fərdlər əvvəllər yarpaq və zoğların, sonralar isə meyvələrin üzərinə daraşaraq onların şirəsini sormaqla qidalanırlar.

Bir nəslin inkişafı 12-15 günə başa çatır. İl ərzində 9-12 nəsil verir.

Mübarizə tədbirləri.


  1. Aqrotexniki tədbirlər həyata keçirilməlidir.

  2. Kimyəvi mübarizədə Abalone (1,0-1,5 l/ha), Omite (2-2,25 l/ha) emulsiyaları ilə çiləmə aparmaq məsləhət bilinir.

Çılpaq ilbiz (Parmacella ibera E.) – Yumşaqbədənlilərin çılpaq ilbizlər (Limacidae) qrupuna məxsusdur.

Çılpaq ilbizlərin 7-yə qədər növü qeyd edilmişdir. Bunlardan ən geniş yayılanı parmasella iberadır. Bu ilbizin cavan fərdləri qışlayır. Qışlama əsas etibarilə limon və naringi bitkilərinin çətirləri altında torpağın 5-10 sm dərinliyində gedir. Bu zərərverici portağal bitkisini, limon və naringi bitkilərinə nisbətən az zədələyir.

Yazda qışlamadan çıxan ilbizlər müxtəlif sitrus bitkilərinə daraşır, onlarla qidalanır, yumurta qoyur və yeni nəslin başlanğıcını verir. Payızda əmələ gələn yeni nəslin cavan ilbizləri ağaclara dırmaşaraq yetişməkdə olan limon, naringi və portağal bitkilərinin meyvələri ilə qidalanır, onları zədələyir. Ağacların aşağı yarusunda olan meyvələr, yuxarı yarusa nisbətən daha çox zədələnir. Bu, onunla əlaqədardır ki, aşağı yarusda olan budaqlar meyvənin təsirindən əyilərək torpaqla təmasda olur.

Zərərvericinin zədələdiyi bitkinin inkişafı zəifləyir, zədələnmiş meyvələr isə əmtəəlik dəyərini itirir.



Mübarizə tədbirləri. 1. Erkən yazda ağacların dib dairələri bellənməlidir.

2. Ağacların yerlə təmasda olan budaqları altına dayaqlar qoyulmalıdır.

3. İlbizlər qışlamadan çıxdıqları vaxt (mart-aprel) torpaq səthinin hər hektarına 100 litr hesabilə karbation preparatının 1,5%-li məhlulu çilənməlidir.

Mövzu 13. Ehtiyat qida məhsullarının zərərvericiləri

və onlarla mübarizə tədbirləri

PLAN


  1. Anbar və düyü uzunburun böcəklərinin morfoloji quruluşu, bəzi bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

  2. Çörək yonucusu və iri un böcəyinin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

  3. Dəyirman odlucası, cənub anbar odlucası, un odlucası və anbar güvəsinin morfoloji quruluşu, bəzi bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.



ƏDƏBİYYAT


  1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

  2. Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

  1. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с

GƏNCƏ - 2017


Mövzu 13. Ehtiyat qida məhsullarının zərərvericiləri

və onlarla mübarizə tədbirləri
Anbarın xüsusiyyətlənmiş zərəvericilərindən anbar və düyü uzunburnu, çörək yonucu, iri un böcəyi, kiçik un böcəyi, dəyirman odlucası, cənub anbar odlucası, anbar güvəsi, dən güvəsi, un gənəsi və s. göstərmək olar.

Anbar uzunburnu (Sitophilus granarius L.) – Böcəklər dəstəsinin (Coleoptera), uzunburun böcəklər (Curcullonidae) fəsiləsinə mənsubdur.

Yetkin fərd 2-4 mm uzunluqda olmaqla, tünd qəhvəyi və yaxud qara rəngdədir. Başı uzanaraq xortum şəkli almışdır. Bədəninin üzəri uzunsov, nöqtəvari çökəkciklərlə örtülmüşdür. Dal qanadlar inkişaf etməmişdir, ona görə də böcək uça bilmir.

Yumurtası 0,7 mm uzunluqda olmaqla parlaqdır, sarımtıl rəngdədir.

Sürfəsi ayaqsızdır, ağ rəngdədir, bədəni yoğundur, 3 mm uzunluqdadır. Başı sarımtıl, yaxud qəhvəyi rəngdədir.

Pupu 3-5 mm uzunluqda olub, ağımtıl rəngdədir. Zərərverici geniş yayılmaqla əsasən buğda və arpaya böyük zərər verir.

Anbar uzunburnu əsasən divar və dirək yarıqlarında və bəzi sığınacaq yerlərində böcək fazasında qışlayır. Bəzi hallarda sürfə və pup fazasında dənin içərisində də qışlayır.

Anbarda temperatur +100S-dən yuxarı olduqda böcəklər qışlamadan çıxır, fəallaşır və cütləşir. Anbarda temperatur +17-200S olan zaman dişi böcəklər yumurta qoymağa başlayır.

Dişi böcək xortumu ilə dəni deşir və yumurtasını onun içərisinə qoyur. Hər çalaya bir yumurta qoyur, üzərini ifraz etdiyi selikli maddə ilə örtür. Yumurtanın embrional inkişafı 8-12 gün çəkir. Sürfənin inkişafı dən içərisində 20-30 günə başa çatır və orada pup halına keçir. Pup dövrü 7-10 gün çəkir və bundan sonra böcək çıxır.

Bir nəslin inkişafı təxminən 40-45 günə başa çatır. Zərərverici əlverişsiz şəraitdə dözümlüdür. O, 40-60 gün ac qala bilir və 10 gün suda saxlandıqdan sonra çıxarıldıqdan bir neçə saat sonra fəallaşır.

Böcəyin yaşaması üçün optimal temperatur 25-300S hesab olunur. Yoluxmuş dənlərdə böcəklərin əsas kütləsi üst təbəqədə 70 sm dərinlikdə olur. Yetkin böcəklər 6-10 ay yaşaya bilir.

Dənlərlə həm sürfələr, həm də böcəklər qidalanır. Zərərverici ilə zədələnmiş dənlərdə, onların yalnız qabığı qalır. Digər tərəfdən, böcəklərin cəsədləri, sürfələrin qabıqları və ekskrementləri ilə zibillənərək qida üçün yararsız hala düşür. Sonrakı nəslin inkişafı birinci nəsildəki kimi gedir. İl ərzində 3-4 nəsil verir.

Düyü uzunburnu (Sitophilus oryzae L.) – Böcəklər (Coleoptera) dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.

Yetkin böcək anbar uzunburnuna oxşardır, uzunluğu 3 mm-ə çatır. Ön kürəkciyin üzərində külli miqdarda nöqtələr şəklində çökəkciklər vardır. Qanadları üzərində nöqtələrdən təşkil olunmuş uzununa şırımlar uzanır.

Düyü uzunburnu uçmaq qabiliyyətinə malikdir. Sürfəsi, yumurtası və pupu anbar uzunburnuna oxşardır.

Zərərverici una, düyüyə, qarğıdalıya, arpaya, buğdaya, çörəyə, alma qaxına, şabalıda, makarona və s. zərər verir. Düyü uzunburnunun yaşayış tərzi və zədələmə xüsusiyyəti bir çox cəhətdən anbar uzunburnunda olduğu kimidir.

Düyü uzunburnu başqa anbarlara ancaq yoluxmuş məhsullar vasitəsilə deyil, uçmaqla da keçə bilir. Dişi fərdlər daha çox yumurta qoymaq qabiliyətinə malikdir. O, 500-dən artıq yumurta qoya bilir. Yumurtanın inkişafı 6-9, sürfəninki 12-17, pupunku isə 7-9 günə başa çatır. Böcəklər 3-8 həftə yaşaya bilir. O, tarla şəraitində də yaşayır, inkişaf edir və çoxalır. Tarlada əsasən qarğıdalı ilə qidalanır. Sürfələr ən quru dənlərlə qidalanır. İl ərzində 8-ə yaxın nəsil verir.

Çörək yonucusu (Stegolium paniceun L.) – Böcəklər (Coleoptera) dəstəsinin, yonucular (Anobiidae) fəsiləsinə mənsubdur.

Yetkin böcək silindrik formadadır və ön kürəkciyi iridir. Bədəni açıq-qəhvəyi, yaxud qırmızımtıl-qonur rəngdədir. Üzəri ipəkvari tükcüklərlə örtülmüşdür. Uzunluğu 3-8 mm-dir. Sürfəsi qövs şəklində bükülməklə 3 cüt döş ayağına malikdir. Bədəni çirkli-ağ rəngdədir.

Zərəverici müxtəlif məhsullara – kofeyə, suxariyə, makarona, una, şokolada, müxtəlif dənlərə və s. zərər vurur.

Çörək yonucusu iyun-iyul aylarında uçur. Bir müddətdən sonra yumurta qoymağa başlayır. Bir dişi böcək məhsulların üzərinə topa halında 140-a qədər yumurta qoya bilir. Hər bir topada 40-a qədər yumurta olur. Yumurta daxilində rüşeymin inkişafı 8-12 gündə başa çatır.

Yumurtadan çıxan sürfə 1,5-2 ay müddətində inkişafını başa çatdırır. Sürfələr qidalandığı məhsullarda izlər açır. Unda olduqda topa düzəldir və onun daxilində puplaşır. Sonrakı nəsillərin inkişafı birinci nəsildəki kimi gedir. İl ərzində 4-ə yaxın nəsil verir.

İri un böcəyi (Tenebrio melitor S.) - Böcəklər (Coleoptera) dəstəsinin, qarabədən böcəklər (Tenebrionidae) fəsiləsinə mənsubdur.

Böcək qara, yaxud qonur rəngdədir, qanadları yaxşı inkişaf etmişdir. Bığcıqları 11 buğumludur, təsbehvaridir. Böcəyin uzunluğu 3-5 mm-ə qədərdir.

Yumurtası ağdır, paxlaşəkillidir. Un qurdu adı ilə məşhur olan sürfəsi çılpaqdır, əvvəllər ağ, sonralar isə açıq-sarı rəngdədir. Olduqca möhkəmdir. Axırıncı yaşda uzunluğu 25-30 mm-ə çatır.

Pupu sarımtıl-ağ rəngdədir, uzunluğu 16-17 mm olur. İri un böcəyi geniş yayılmış növdür. Əsasən una, buğda dənlərinə, çörəyə və s. zərər vurur.

Zərərverici inkişafını başa çatdırmış sürfə fazasında qışlayır. Yazda həmin sürfələr puplaşır. Puplaşma əsasən un topaları daxilində gedir. May ayında həmin puplardan böcəklər uçmağa başlayır. Böcəklər gecələr fəal olur. Dişi böcəklər 2-4 aylıq ömrü boyu 280-ə yaxın yumurta qoyur. Yumurtalar tək-tək, bəzən topa halında məhsulların üzərinə qoyulur. Sürfə 240 gün yaşayır və bir neçə dəfə qabıq dəyişir. Sürfələr üzərinə yumurta qoyduğu məhsulla qidalanır. İnkişafını bitirən sürfə qidalanma yerini tərk edərək divarlar, tirlər və s. çatlarında puplaşırlar. Pupun inkişafı 14-21 gün çəkir. İl ərzində bir nəsil verir.

Dəyirman odlucası (Ephestia kühniella L.) – Kəpənəklər (Lepidoptera) dəstəsinin odlucalar (Pyralidae) fəsiləsinə mənsubdur.

Kəpənəyi boz rəngdədir, ön qanadları bozumtul kül rəngində olub, üzərində tək-tək qara pulcuqlar vardır.

Dal qanadlar ağımtıldır, qanadları açılan zaman 20-25 mm olur.

Tırtılın rəngi dəyişkəndir, sarı, yaxud çəhrayı olur. Axırıncı yaşda uzunluğu 16 mm-ə çatır.

Dəyirman odlucası dəyirmanlarda və anbarlarda geniş yayılaraq, una, dənə, quru meyvələrə və s. zərər vurur.

Zərərvericinin axırıncı yaşda olan tırtılları baramalar içərisində qışlayır. Yazda tırtıllar pup halına keçir və bir müddətdən sonra kəpənəklər uçur. Kəpənəklər gecələr fəaldır. Onlar un, dən və başqa məhsullara, kisələrə yumurta qoyur. Yumurtadan çıxan tırtıl dərhal qidalanmağa başlayır və hörümçək sapları vasitəsilə undan borular əmələ gətirir. İnkişafını başa çatdırmış tırtıllar divarlarda, kisələr üzərində puplaşır. Yayın axırlarında puplardan kəpənəklər uçur.

Tırtıllar un və başqa məhsullarla qidalanaraq onları öz ifrazatları və dəyişdikləri qabıqla çirkləndirir. Bundan başqa unu hörümçək toru ilə toplayıb bir yerə yığır və onu yararsız hala salır. İl ərzində 2-3 nəsil verməsi ehtimal olunur.

Cənub anbar odlucası (Plodia interpuntella HG.) - Kəpənəklər (Lepidoptera) dəstəsinin odlucalar (Pyralidae) fəsiləsinə mənsubdur.

Kəpənəyin ön qanadları ensizdir, qəhvəyi rəngdədir. Qanadlar açılan zaman 13-18 mm uzunluqdadır.

Yumurtası ovalvaridir, ağ, yaxud sarı rəngdədir. Uzunluğu 0,5 mm-dir. Tırtılın bədəni sarı, başı açıq-qəhvəyidir. Uzunluğu 13 mm-ə çatır. Pupu qəhvəyi rəngdədir.

Cənub anbar odlucası geniş yayılmaqla, xüsusilə qarğıdalı ununa, dənlərə, qoz ləpəsinə, müxətlif konfetlərə, meyvə məhsullarına zərər verir.

Zərərverici əksər hallarda tırtıl, nadir hallarda isə pup halında qışlayır. Apreldə uçan kəpənəklər gecə həyat tərzi keçirirlər. Bir dişi kəpənək qidalandıqları məhsullar üzərinə tək-tək yumurta qoyur. Bir dişi fərd 200-ə qədər yumurta qoya bilir. Yumurtadan çıxan tırtılların inkişafı 1-2 aya başa çatır. İnkişafını başa çatdırmış tırtıllar yarımşəffaf barama içərisində puplaşır. Pupdan 8-10 gün sonra kəpənək uçur. Beləliklə, zərərvericinin bir nəslinin inkişafı əlverişli şəraitdə 40-65 gün davam edir. Tırtıllar ipək sapdan xüsusi yuvalar düzəldir, onların içərisində yaşayır və fəaliyyət göstərir. Belə yuvalar un, dən, qurudulmuş meyvələrlə qidalandıqda əmələ gətirilir. İl ərzində 3-4 nəsil verməsi ehtimal olunur.

Un odlucası (Pyralis farinalis L.) - Kəpənəklər (Lepidoptera) dəstəsinin odlucalar (Pyralidae) fəsiləsinə mənsubdur.

Kəpənəyin ön qanadları arxa qanada nisbətən ensizdir, arxa qanad isə enlidir. Ön qanadloar bənövşəyi-qəhvəyidir, dal qanadlar isə bozumtuldur. Qanadlar açılan zaman uzunluğu 20-25 mm-dir.

Tırtılın bədəni çirkli-ağ, yaxud sarımtıl-boz rəngdədir. Pupu qəhvəyidir, uzunluğu 9-12 mm-dir.

Əsasən natəmiz saxlanılan anbar və dəyirmanlarda külli miqdarda artan un odlucası una, dənə, kəpəyə və s. zərər verərək onları öz ekskrementi və hörümçək sapları ilə çirkləndirir.

Dişi kəpənək yumurtasını koma halında un və digər məhsullar üzərinə qoyur. Qoyulmuş yumurtalardan çıxan tırtıllar hörümçək sapları vasitəsilə boru şəklində yollar düzəldir və onun daxilində qidalanır. İnkişafını başa vuran tırtıl həmin borunun içərisində də puplaşır. Zərərverici il ərzində 2 nəsil verir.

Anbar güvəsi (Nemapogen granellus L.) - Kəpənəklər (Lepidoptera) dəstəsinin həqiqi güvələr (Tineidae) fəsiləsinə mənsubdur.

Kəpənəyin ön qanadları ağ rəngdədir, üzərində qara, qonur ləkələr və nöqtələr vardır. Qanadlar açılan zaman böyüklüyü 9-14 mm-dir.

Yumurtası kiçik, sarımtıl rəngdədir və ovalvaridir. Tırtılır çirkli-ağ, yaxud sarımtıl-ağ rəngdədir. Axırıncı yaşda tırtılın uzunluğu 10 mm-dir.

Pupu qonur rəngdə olub, uzunluğu 4-7 mm-dir.

Anbar güvəsi geniş yayılmışdır. O, buğda, arpa, çovdar, vələmir dənlərinə, suxarıya, yemiş və qabaq toxumuna zərər verir. Zədələnmiş dənlər qida kimi yarasız hala düşür.

Zərərvericinin axırıncı yaşlı tırtılı barama içərisində qışlayır. Yazda tırtıl barama içərisində puplaşır.

Pupun inkişafı 10-15 günə başa çatır və sonra kəpənək uçur. Dişi kəpənəklər anbarda dənlər üzərinə dağınıq halda 1-3 ədəd yumurta qoyur. Bir dişi fərd 100-ə qədər yumurta qoyur. Qoyulmuş yumurtanın embrional inkişafı 10-15 gün çəkir və tırtıl çıxır. Tırtıllar dənin daxilini yeyir və bir neçə dəni hörümçək sapı vasitəsilə bir-birinə birləşdirir. Bir tırtıl inkişafı dövründə 25-30 ədəd dəni zədələyə bilir.

Payızda inkişafını başa çatdıran tırtıllar dənin daxilindən çıxıb anbarın müxtəlif yerlərinə – divarlara, dirəklərə və s. bu kimi yerlərə lırmaşaraq barama düzəldir və onun içərisində yaza qədər sakitlik halında qalırlar.

Anbar güvəsi il ərzində bir nəsil verir.
Anbar zərərvericiləri ilə mübarizə tədbirləri

Anbar zərərvericiləri ilə mübarizə tədbirləri 2 qrupa bölünür: qarşısını alan və məhvedici.

Qarşısını alan mübarizə tədbirlərinin həyata keçirilməsində məqsəd məhsulların saxlanılmasından ötrü əlverişli, zərərvericilərin çoxalması üçün əlverişsiz şərait yaratmaqdan ibarətdir.

Bunun üçün boş anbarlar yeni məhsulun qəbul edilməsinə hazırlanmalıdır. Bu məqsədlə məhsul saxlanılacaq yerlər zibildən, tozdan və başqa qalıqlardan təmizlənməlidir. Zibildən təmizlənmiş döşəmə altına 1-2 sm qalınlığında təzə söndürülmüş əhəng tozu səpilməlidir.

Toplanmış bütün zibil binadan kənara çıxarılaraq yandırılmalıdır. Göstərilən bu tədbirlər ardıcıl olaraq bütün il boyu həyata keçirilməlidir.

Anbarlara normal rütubətliyə malik olan dənlər tökülməlidir. Bütün məhsullar vaxtında havalandırılmalıdır. Bunun üçün dən və dən məhsulları saxlanan anbarlarda havadəyişən sistem olmalıdır.

Məhvedici mübarizə tədbirlərinə mexaniki, fiziki və kimyəvi tədbirlər aiddir.

Mexaniki tədbir olaraq, əgər dən məhsulları anbar və un gənələri ilə yoluxarsa, o zaman dən tığının üzərində olan yuvalar dırmıqlanıb toplanmalı və məhv edilməlidir.

Un böcəkləri ilə yoluxmuş un isə ələkdən keçirilərək sürfələrin əmələ gətirdikləri un topalarından azad edilməlidir.

Fiziki mübarizə tədbiri olaraq yuxarı və aşağı temperaturdan istifadə edilməlidir. Süni qızdırıcılar (elektrik və qaz) vasitəsilə anbarda +500S-dən yuxarı temperatur yaradılır ki, bu da zərərvericilərin məhv olmasına səbəb olur.

Temperatur +100S-dən aşağı olarsa zərərvericilərin fəaliyyəti zəifləyir. Sıfır dərəcədə həşəratlar və gənələr məhv olur.

Anbar zərərvericilərilə kimyəvi mübarizə məqsədilə bir sıra tədbirlərdən, o cümlədən anbarların aerozol üsulu ilə dərmanlanmasından, yaş üsul ilə dezinfeksiyadan, binaların qaz halında təsir edən zəhərlərlə fumiqasiyasından, dənlərin zərərsiz qaz halında olan paraşoklarla dərmanlanması və s. bu kimi tədbirlərdən istifadə edilir.

Anbar və düyü uzunburun böcəklərə qarşı mübarizədə anbarın hər 1m2-ə 0,5 qr aktelik preparatı çiləndikdə qeyd edilən zərərvericilər 24 saatdan sonra 100% məhv olur.

Anbarlar aerozol üsulu ilə dərmanlanmalıdır. Bu məqsədlə aerozol generatorundan istifadə edilir. Dərmanlama zamanı boş anbar zibildən təmizlənməlidir. Bundan sonra generatorun ucluğu pəncərə və ya qapıdan içəri salınıb aerozol buraxılır və binanın içərisi duman təbəqəsi ilə doldurulur. İçərisində aerozol dumanı olan bina 24-48 saat qapalı saxlanmalı və sonra havalanma aparılmalıdır. Aerozol almaq üçün texniki heksaxloranın yaşıl yağda həll olunmuş 15%-li məhlulu istifadə olunur. Hər bir 1m3 həcmə 10-20 ml məhlul sərf edilməlidir.

Qazlamada karbon-sulfid, xlorpikrin və dixloretandan istifadə edilir.

Xlorpikrin çiləyici aparatla binanın tavanına çilənir. Bundan başqa xlorpikrin isladılmış kisələri tavandan da asmaq olar. Boş binanı qazladıqda hər 1m3-ə 15-20 qr, dənlə dolu olduqda isə hər 1m3-ə 25-40 qr xlorpikrin sərf edilməlidir.

Siçanabənzər gəmiricilərə qarşı tələlərdən istifadə etmək olar. Kimyəvi mübarizədə aldadıcı yemlərdən istifadə etmək olar. Bu məqsədlə 1 kq buğda çörəyi xırda doğranmalı, 40-50 qr bitki yağı və 10 qr sink-fosfid ilə qarışdırılmalıdır. Hazırlanmış aldadıcı yem siçan yuvasının ağzına 1-2 qr hesabilə qoyulmalıdır.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə