Mövzu k. HorniNİn neofreydiZMİ



Yüklə 75,81 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü75,81 Kb.
#5709


MÖVZU 4. 

K.HORNİNİN NEOFREYDİZMİ 

 

Məşğələnin planı 

 

1.  Karen Horni qadın psixologiyasının banisi kimi 

2. Pozitiv psixoanalizdə qadının təsdiqi 

3. Qadının müxtəlif mədəniyyətlər baxımından nəzərdən keçirilməsi 

4.  Qadın və kişidə özünəqiymətin formalaşmasında cəmiyyətin əhəmiyyyəti 

 

Klassik Freyd nəzəriyyəsi ilə əlaqədar narazılıq nəhayət ona gətirib çıxardı ki, 30-



cu illərin ortalarında psixoanalizdə nümayəndələri  əsas diqqəti insan şəxsiyyətinin 

formalaşmasını, onun davranış və daxili münaqişələrini müəyyən edən mədəni və sosial 

şəraitdə  cəmləyən yeni bir cərəyan yarandı. Bu cərəyan «neofreydizm» adını aldı  və 

onun ən parlaq simalarından biri Freydin ən məşhur tənqidçisi və psixoanalizin gələcək 

inkişafına mühüm təsir göstərmiş orijinal bir nəzəriyyənin müəllifi olan Karen Horni idi. 

Horni öz əsərlərində  şəxsiyyətin inkişafında sosial və  mədəni amillərə xüsusi diqqət 

verir və qeyd edirdi ki, uyğunlaşma aspektləri nevrotik davranış üçün onun əsasını təşkil 

edən meyllərdən daha mühüm əhəmiyyətə malikdir. Horni birinci olaraq şəxsiyyətin 

əvvəlllər diqqətdən qaçan emosional komponentlərinə müraciət etmişdi. 

Horninin fikrincə, bizim sivilizasiya maskulin sivilizasiyadır. Dövlət, qanunlar, 

mənəviyyat, din və elm – bütün bunlar kişilərin yaratdığıdır. «İncəsənət, vətənpərvərlik, 

mənəviyyat bütövlükdə və sosial ideyalar o cümlədən, praktiki mühakimənin düzgünlüyü 

və  nəzəri biliklərin obyektivliyi, həyat enerjisi və  dərinliyi – bütün bu kateqoriyalar öz 

formasına və iddiasına görə bütün bəşəriyyətə  məxsusdur, lakin real tarixi 

konfiqurasiyasına görə - tamamilə kişilərə aiddir. Tutaq ki, absolyut olaraq araşdırılan 

bütün bu şeyləri bir sözlə «obyektiv» adlandırdıq. Onda görərik ki, bəşər tarixində 

qüvvədə olan bərabərlik budur: «obyektiv=kişi». Bir çox dillərdə eyni bir sözlə 

adlandırılan «insan mahiyyəti» və «kişi» anlayışları sadədilliklə eyniləşdirilir. Ən müxtəlif 

mədəniyyətlərdə  aşağı  səviyyəli uğurları  həqarətlə «qadın kimi», qadınların yüksək 

nailiyyətlərini isə rəğbətlə «kişi kimi»» müəyyənləşdirirlər. 

Hər hansı elm və başqa dəyərlər kimi psixologiya da istisna olaraq kişi 

mövqeyindən araşdırılır. Psixoanaliz – kişi dühasının yaradıcılığıdır və onun ideyalarını 

inkişaf etdirənlərin demək olar ki hamısı kişi olmuşdur. Və Horniyə görə, kişilər özünün 

üstün vəziyyətindən çıxış edərək obyektivliyi özünün qadına qarşı subyektiv, affektiv 

münasibətinin ayağına yazırdı, qadın psixologiyası isə indiyə  qədər kişi arzuları  və 

məyusluğunun  əksi demək idi. Daha bir vacib amil o idi ki, qadınlar kişilərin arzusuna 

uyğunlaşaraq bu uyğunlaşmanı öz təbiəti olaraq qəbul etmişdi. Yəni qadın özünü kişinin 

onu görmək istədiyi kimi görərək, qeyri-ixtiyari özünü kişi ağlının təsiri altına salırdı. 

Əgər biz idrakımızı kişi təfəkkür tərzindən azad etməyə çalışsaq, qadın problemlərinin 

əksəriyyəti yeni tərəfdən işıqlanacaqdır. 

Freydin panseksuallığını rədd edərək, Horni mədəni və sosial şərtiliyi xüsusi qeyd 

edir və bu nəticəyə  gəlir ki, Freydin bioloji, instinktiv, buna görə  də ümuminsani 

aşkarlıqla əlaqələndirdiyi hadisələr əslində müəyyən bir mədəniyyət, dövr, sinif və cins 

üçün səjiyyəvidir. O həmçinin Freyd nəzəriyyəsinin qadın psixologiyası ilə, onun öz 

əksini kişinin cinsiyyət üzvlərinə qibtə hissi ilə bağlı  və s. mühakimələrində tapan 

qadının qeyri-mükəmməlliyi və kişinin üstünlüyü haqda fikirləri ilə heç cür razılaşmır. O 

hesab edir ki, psixikanın «o», «mən», «üstün mən» kimi struktur bölümü ilə və onların 

əsasında formalaşmış nəzəriyyələrdən (uşaqlığın rolunu qabaqcadan təyin edən libido, 

Edip kompleksi və s.) imtina etmək lazımdır. Horni Freydin libido və təcavüzkar instinktiv 

cəhdləri  əvəzində bir tərəfdən anadangəlmə, bir tərəfdən də sonradan alınma 

«təhlükəsizliyə meyil» və «məmnunluğa meyil» cəhdini irəli sürür. Özünün bəzi 

əsərlərində o bu cəhdləri «emosional» adlandırır. 




Karen Horni psixoanaliz çərçivəsində  və vasitəsi ilə klassik psixoanalizdəki qadın 

mahiyyət «cinayət»inin rəngini bir qədər solğunlaşdırır. O nikah, qadın psixologiyası və 

ümumilikdə insan mədəniyyəti problemlərinin psixoanalitik tədqiqatlarının konkret 

problemlərin konkret həlli yolu olduğunu  şübhə altına almır. Və bizim reallığı  dərk 

etməyimiz daha dərin – psixoanalitik – olduqca insan həyatını  nəzarətdə saxlamaq və 

onu idarə etmək də daha asan olur. Psixoanalitik feminizm anlayışı  tətbiq edərkən 

Horni ilkin məqsədi gizlətmir. Psixoanaliz insan psixikasının qeyri-şüuri sahələrinə baş 

vurmaq imkanı verdiyi üçün o, qadınlara həm  şəxsi, həm də  həyatdakı siyasi 

dəyişiklikləri daha yaxşı qavramaqda kömək edir. Feminizmin psixoanalitik feminizm 

adlandırılmış bu istiqaməti bizim təfəkkürümüzü, emosiya və  hərəkətlərimizi 

formalaşdıran qeyri-şüurinin dinamikasında, şəxsi, şəxslərarası və sosial münasibətlərin 

xarakterində iz buraxmış gizli psixodinamikada cəmlənmişdir. Freydin orqanizmin 

biologiyasına, onda toplanmış  həvəslərə aid etdiklərini neofreydistlər fərdin tarixən 

təşəkkül tapan mədəniyyətə uyğunlaşması ilə izah edir. 

Psixoanalizə  və qadının qeyri-mükəmməllik kompleksindən və kişinin cinsiyyət 

üzvlərinə qibtədən  əziyyət çəkdiyi fikrə  əks olaraq K.Horni uzunmüddətli kişi 

psixoanalizinin  əsasında kişinin analığa və  uşaq doğumuna çox güclü qibtə etməsi ilə 

bağlı fərziyyə irəli sürür. Lakin kişinin qibtəsi sublimasiya üçün qadın qibtəsindən daha 

böyük imkan verir, və  məhz o mədəni dəyərlərin formalaşmasında başlıca olmasa da 

əsas hərəkətverici qüvvə rolunu oynayır. Qadına gəldikdə isə qadının qibtəsi daha 

zəifdir və onu hansısa başqa yolla aradan qaldırmaq mümkün olmur. Horni bunu 

aşağıdakı üç amillə izah edir: 

 

  Qız uşağına balacalığından kobud ya da ki ehtiyatla onun qeyri-mükəmməl 



olduğu fikrini aşılayırlar ki, bu da qızda müntəzəm olaraq maskulinlik kompleksi 

inkişaf etdirir. 

 Sivilizasiyamızın sırf kişi xarakteri ilə bağlı olaraq qadın onun təbiətini doğrudan 

da qane edəcək sublimasiyaya nail olmaqda çətinlik çəkir, çünki bütün adi 

peşələr kişilər üçün nəzərdə tutulmuşdu. Bu da qadının qeyri-mükəmməllik 

hissini dərinləşdirir, çünki təbii olaraq bu peşədə kişilərin  əldə etdiyi nəticəyə 

nail ola bilmir; və belə çıxır ki, reallıq özü onun qeyri-mükəmməlliyini bir daha 

sübut edir. 

  Həmin amillər kişinin inkişafına tam başqa cür təsir göstərir. Bir tərəfdən, qeyri-

mükəmməllik damğası vurulmuş qadın arzularını daha güclü şəkildə sıxışdırıb 

çıxarır; digər tərəfdən isə kişi onları daha tez sublimasiya edə bilir. 

 

Horni yazır: «Qadınlarda üstün «müvəffəqiyyətdən yan keçmək» motivi öz uğurunu 



(yaxud «cinsə görə bacı olanların» uğurunu) adətən özünün qabiliyyətinə  və  hətta 

ağlına yox, xarici amillərə (vəzifənin asanlığına, bəxtin gətirməsinə, kənardan edilən 

yardıma) yazmaq vərdişinə  əsasən asanlıqla tanınır. Uğursuzluğu  şəxsiyyətdaxili 

keyfiyyətlərə, «qadın ağlı»na yazmaq vərdişini yada salmamaq da olar – bu bir 

ənənənəyə çevrilmişdir. Məhz özünü uğursuzluğa yönəldən insanlar belə edir; 

müvəffəqiyyətə  səmtlənmiş insan isə daha çox real özünəqiyməti ilə seçilir. Horniyə 

görə, qadın psixologiyasının bir çox xüsusiyyətləri cinslər arasındakı fizioloji fərqlə deyil, 

cəmiyyətdəki mədəni  ənənələr, norma və ideoloji qaydaların yazdığı sosial rollarla 

bağlıdır. Karen Horni qadın əxlaqının təcavüzkarlıq, özünə zəif məxluqa kimi münasibət 

və bununla bağlı olaraq əvəzində xüsusi imtiyazlar iddiası, zəiflikdən kişini özünə tabe 

etmək vasitəsi olaraq istifadə kimi bəzi xüsusiyyətlərini qeyd edir və «axtalıq 

kompleksi»nin qadının analıq üstünlüyünə malik olması ilə neytrallaşdığını  nəzərə 

çarpdırır. «Qadının bu üstünlüyü öz növbəsində kişilər üçün təhlükəsiz deyil. O, qeyri-

şüuri səviyyədə «oğlanlarda analığa qarşı güclü qibtə» formalaşdırır. 




Klassik psixoanalizlə mübahisəyə girərək Karen Horni təsdiq edir ki, kişinin qadını 

əksiltmək cəhdi qadında həmin tələbatdan qat-qat güclü ifadə olunur; qadının qeyri-

mükəmməlliyi barədə ehkam qeyri-şüuri kişi meylindən doğur. 

Müxtəlif mədəniyyətləri təhlil edərək Horni belə misal gətirir. Vetxiy Zavetdə əksini 

tapan iudey mədəniyyəti  şübhəsiz ki, patriarxat xarakteri daşıyır. Bu amil bir dənə  də 

olsun qadın allahının olmadığı dində, mənəviyyat və adətlərdə öz əksini tapmışdır. 

Həvva özü Adamın qabırğasından yaranmışdı və üstündə doğuş əzabına düçar olmaq 

qarğışı vardı. Adamın idrak ağacındakı barın dadına baxmaqla yoldan çıxarılması  və 

şərin seksual şirnikləndirmə kimi şərh olunması qadını kişini bədbəxtliyə sürükləyən 

aludəçi kimi təqdim edir. Horni təsdiq edir ki. «biri inciklikdən, digəri isə nigarançılıqdan 

doğan hər iki element qədim dövrlərdən başlayaraq indiyə kimi cinslər arasındakı 

münasibətə ziyan gətirir». Qısaca olaraq bunun üzərində dayanaq. Kişinin qadın 

qarşısındakı qorxusu seksuallıqda özünə kök salmışdır və kişinin yalnız cəlbedici 

qadınlardan qorxduğu buna sübutdur; və belə qadını nə qədər şiddətlə arzu etsə də, kişi 

onu itaətdə saxlamağa cəhd göstərir. Yaşlı qadınlara isə əksinə, hətta gənc qadınlardan 

qorxduqları  və buna görə  də itaətdə saxladıqları  mədəniyyətlərdə belə çox böyük 

hörmətlə yanaşılır. Bəzi ibtidai mədəniyyətlərdə  hətta yaşlı qadın qəbilə  işlərində 

həlledici səsə malikdir; Asiya xalqları arasında o hakimiyyətə və hörmətə malikdir. Digər 

tərəfdən, ibtidai qəbilələrdə qadın hədd-buluq yaşı dövründə bir çox tabuların 

əhatəsində olur. Məsələn, Arunta qəbiləsində belə bir inam var ki, qadınlar kişi 

genitalilərinə ovsunlu təsir edə bilir. Əgər qadın ot üzərində sehrli sözlər tələffüz edərək 

sonra onu kişinin üstünə atsa yaxud onu kişiyə tərəf yönəltsə, kişi xəstələnər. Beləliklə 

qadın onun üzərinə ölüm göndərə bilər.  Şərqi Afrika qəbilələrinin birində  ər və arvad 

yanaşı yata bilməz, çünki qadının nəfəsi kişini gücdən məhrum edir. Qərbi Afrika 

qəbilələrində hesab edilir ki, əgər qadın yuxuda olan kişinin üstündən keçsə, o qaça 

bilməz; buradan da qayda yaranmışdı – ovdan, müharibədən yaxud balıq ovundan iki-

beş gün əvvəl qadınla seksual yaxınlıqdan çəkinmək. Benqaliyada mirilər qadına pələng 

əti yeməyi qadağan edir ki, o çox güclü olmasın. Şərqi Afrikada vatavelalar alovun sirrini 

qadınlardan gizli saxlayır ki, onlar alova sahiblik edə bilməsin. Kaliforniya hindiləri qadını 

itaətdə saxlamaq üçün xüsusi mərasimlər yerinə yetirir; onları qorxutmaq üçün kişilər 

şeytan libası geyinir. Məkkədəki  ərəblər qadını dini bayramlara yaxın buraxmırdılar ki, 

onlar və hökmdarlar arasında yaxın münasibətləri istisna etsinlər. Bunabənzər adətləri 

orta  əsrlərdə – qız kultu ilə yanaşı küpəgirənləri odda yandırmaqla, tamamilə 

seksuallıqdan uzaq olan «təmiz» analığa səcdə  və seksual cəhətdən cəlbedici 

qadınların qəddarcasına məhv edilməsində  aşkar edirik. Bunun əsasında da bir 

həyəcan, bir təşviş durur, axı küpəgirənlər cinlərlə ünsiyyətdə olur. 

Təhlil prosesində qadından qorxu olduqca aydın şəkildə qarşıya çıxır. Horni deyir 

ki, əslində bizim gördüyümüz – «nifrətlə çox incə şəkildə maskalanmış qorxudur. Təkcə 

təşviş elə bir güclü motivdir ki, libidosu onu qadınla ittifaqa çəkən kişini bu məqsədə 

meyildən saxlaya bilsin. Freydin qurduqları bu təşvişi izah etmir». 

Dediklərimizə  əsaslanaraq Horni ehtimal edir ki, qadın qarşısında kişinin qorxusu 

daha dərin, daha əhəmiyyətlidir və kişi qarşısındakı qorxudan daha böyük enerji ilə 

sıxışdırılır. Çox vaxt həmin qorxu öz növbəsində kişinin qadına qarşı münasibətində 

dərin iz qoyur ki, bununla bağlı ayrı-ayrı dövrlərdə ən müxtəlif xalqların həyatından çox 

sayda misallar məlumdur. Digər tərəfdən, hissiyyata toxunan təşviş hər bir kişidə onun 

ümumilikdə qadına münasibətində xüsusi iz qoyur ki, bu – qadınların kişiyə 

münasibətində ya heç yoxdur, ya da ki ikincidərəcəlidir. 

Horninin fikrinə görə, gülüş  hədəfi olacağından və  rədd olunacağından qorxmaq 

daxili keyfiyyətlərindən asılı olmayaraq hər bir kişinin təhlili üçün tipik haldır. Adi həyat 

kişilərə bu hisslərdən yan keçmək üçün ya onları yarada biləcək şarəitdən yan keçmək, 

ya da yüksək kompensasiya hesabına çox imkanlar verir. Sonra Horni davam edir: « Öz 

mədəni nəticələrinə görə qadın qarşısında qorxunu dəf etməyin  ən mühüm və  ən pis 




üsulu – qadının özünəniymətini  əksiltməkdir. Qadınların infantil, emosional məxluq 

olduğu və buna görə  də  məsuliyyət və müstəqilliyə qabil olmadıqları barədə  təsəvvür 

kişinin qadında özünəhörməti azaltmaq meylinin məhsuludur. Kişilər bunu qadınların 

əksəriyyətinin doğrudan da həmin təsvirə müvafiq olması ilə  əsaslandırdıqda biz belə 

qadın tipinin kişilər tərəfindən sistematik şəkildə seleksiyası  nəticəsində  çıxarıldığı 

barədə düşünməliyik. Qadının müstəqilliyə nail olmaq, maraq və  fəaliyyət dairəsini 

genişləndirmək cəhdləri həmişə bunun yalnız iqtisadi tələbat qarşısında lazım olduğu və 

bu cəhdlərin qadının anadangəlmə xüsusiyyətlərinə  və onun təbii meyillərinə zidd 

olduğu haqda skeptik mövqe ilə üz-üzə dayanır. Müvafiq olaraq belə cəhdlər barəsində 

həyatda elə bir əhəmiyyəti olmayan şeylər kimi danışılır və qadının bütün fikirlərinin 

yalnız kişiyə  və analığa yönəlməsi məqbul sayılır. Lap Marlen Ditrixin məhşur 

mahnısında olduğu kimi: «Mənim bildiyim təkcə sevgidir – daha heç nə bilmirəm». 

Bunun əsasında nə dayanır-dayansın və o necə qiymətləndirilir- qiymətləndirilsin, 

qadına belə münasibət patriarxat qadınlıq idealını ifadə edir: qadın – yeganə istəyi kişini 

sevmək, onun tərəfindən sevilmək, ona pərəstiş etmək, ona qulluq etmək və  bəzi 

şeylərdə onu təkrarlamaq istəyən bir məxluqdur. Belə nöqteyi-nəzərin tərəfdarları yanlış 

olaraq xarici davranış əsasında daxili istəyin mövcudluğu haqda fikir irəli sürür, əslində 

isə belə deyil - o adi səbəbdən ki, bioloji amillər heç zaman təmiz, açıq  şəkildə deyil, 

yalnız ənənədə və dəyişmiş formada özünü biruzə verir. 

Horni «irsən keçmiş  ənənənə»nin təkcə ideallara və etiqada deyil, həm də 

emosional  əhvala, instinkt deyilənə  təsirini qeyd edir. Amma irsən keçən  ənənə 

qadından ötrü əvvəllər onun ehtimal ki olduqca mühüm olan ümumi qərarların 

qəbulundakı  iştirakının daha dar erotizm və analıq sahəsi ilə ixtisara salınması 

deməkdir.  İrsən keçən  ənənəyə riayət həm cəmiyyət, həm də  fərd üçün müəyyən 

funksiyalar yerinə yetirir. Onları fərdi psixologiya nəzər nöqtəsindən araşdırarkən yada 

salmaq lazımdır ki, bu düşüncə quruluşu bəzən kişilər üçün müəyyən narahatçılıq 

yaradır; lakin digər tərəfdən onun üçün özünüəhəmiyyətinin həmişə söykənə bildiyi 

mənbə vəzifəsini də yerinə yetirir. Əksinə, özünəhörmətin aşağı olduğu və digər bacarıq 

və iddiaların inkişafı ilə bağlı  təşviş  və  səylərdən uzaq olan qadın üçünsə o, əsrlər 

uzunu tənqidi münasibətin və  rəqabətin mövcud olduğu cəmiyyətdə rahatlıq və dinclik 

rolunu yerinə yetirir. Buna görə də indiki dövrdə öz bacarıqlarını inkişaf etdirmək istəyən 

qadın onu yalnız həm xarici müxalifətlə, həm də qadına təkcə seksual funksiya ayırmış 

ənənəvi idealın möhkəmlənməsi ilə bağlı olaraq təşəkkül tapan öz daxilindəki 

müqavimətlə mübarizə bahasına həyata keçirə bilər. 

Əlbəttə, hal-hazırda karyeraya sahib olmaq və bununla yanaşı qadınlığını bu 

cəsarətə qurban vermək istəməyən hər bir qadının bunabənzər münaqişə ilə 

qarşılaşdığını iddia etmək yanlış olardı. Belə ki, müzakirə edilən münaqişə qadının 

vəziyyətinin dəyişməsi ilə bağlıdır və xüsusi maraqları olan və ümumiyyətlə  şəxsi 

maraqlarının müstəqil  şəkildə inkişafına meyl edən və öz qabiliyyətinin ardınca gedən 

qadınlarla məhdudlaşır. 

Nəhayət Horni qeyd edir ki, depressiyanın müxtəlif formalarından  əziyyət çəkən 

pasiyentlərin əksəriyyəti üçün az yaxud çox nəzərə çarpan – normal görsənməməkdən 

qorxan qadınlar idi. Belə  təşviş  işə münasibətdə yaxud da daha abstrakt və qeyri-

yığcam  şəkildə özünün başqalarından fərqli olduğu və qadının bəzən anadangəlmə 

saydığı qeyri-mükəmməllik hissində aşkar olunurdu. 

Psixoanaliz hər hansı  rəqabətdən imtina meylini onların özünütəsdiqə qabil 

olmamasının səbəbi kimi təqdim edir. Beləliklə, qadağalar yarış risqindən yan keçmək 

üçün özünü saxlamağın nəticəsidir. Bu cür dağıdıcı meyillərin  əsasında labüd olaraq 

yaranan düşməncəsinə hisslər də açıq  şəkildə ifadə oluna bilməz, çünki təşvişdən  ən 

yaxşı müdafiə mənbəyi olan səni sevdiklərinin dərkini müşaiyət edən asudəliyə təhlukə 

kimi qəbul olunur. Horni bu və ya digər sosial yaxud mədəni şəraitdən asılı olaraq bizim 

kişilərdən daha çox qadınlarda müşahidə etdiyimiz bəzi davranış formalarını araşdırır: 




 

1) açıq  şəkildə ifadə olunan tələblərə yaxud təcavüzkarlığa qoyulan 

qadağaların aşkar olunması; 

2) özünə qarşı zəif, köməksiz yaxud aşağı səviyyəli məxluqa kimi münasibət və 

bunun əvəzində tam açıq yaxud açıq olmayan şəkildə kompensasiya yaxud 

imtiyazların tələb edilməsi;  

3)  əks cinsdən emosional asılılıq; 

4)  özünün qurban vermək, tabe olmaq, səndən istifadə etdikləri və yaxud səni 

istismar etdiklərini hiss etmək, məsuliyyəti  əks cinsin üzərinə qoymaq 

meyilləri; 

5) zəiflik və köməksizlikdən əks cinsi özünə cəlb etmək və tabe etmək vasitəsi 

kimi istifadə olunması. 

 

Horni qadında mazoxizmin aşkar edilməsinə  səbəb olan amillərlə bağlı  bəzi 



ümumiləşmələr aparmışdı. Bu fenomenlərin aşkarlığını  aşağıdakı amillərdən birindən 

yaxud bir neçəsindən ibarət hər hansı mədəni kompleksdə gözləmək olar: 

 

1) hisslərin və seksuallığın açıq biruzə olunması ilə bağlı  çıxışların təcrid 



edilməsi; 

2) uşaqların sayı, doğulması və tərbiyəsi qadına müxtəlif cür duyğular bəxş edir 

(incə hisslər, nailiyyət ehtiyacı aşkarlanır, özünəqiymət yüksəlir) və uşaqların 

sayı  və  tərbiyəsi sosial qiymət ölçüsünə çevrildikdə bu, daha böyük 

əhəmiyyət kəsb edir; 

3) qadının kişi ilə müqayisədə daha aşağı  səviyyəli məxluq kimi 

qiymətləndirilməsi (çünki bu onun özünəinamını azaldır); 

4) qadının kişidən yaxud ailədən iqtisadi asılılığı, çünki bu emosional asılılıq 

vasitəsi ilə emosional uyğunlaşmaya səbəb olur; 

5) qadının  əsası emosional əlaqələr – ailə, din yaxud xeyriyyəçilik – üzərində 

qurulmuş həyat sahələri ilə məhdudlaşması. 

 

Bütün adları çəkilən amillər bir-biri ilə kəsişir. Görünür ki, inkişafdakı kənarlaşmalar 



üçün hansısa tək bir amil deyil, bir çox amillər toplusu məsuliyyət daşıyır. Mədəni 

kompleksdə adları  çəkilən elementlərin bəzisi yaxud hamısı varsa, qadın «təbiəti» ilə 

bağlı müəyyən sabit təsəvvürlər yarana biləcəyi faktını xüsusi araşdırmaq gərəkdir. 

Tamamilə aydındır ki, bu ideologiyanın funksiyası qadını  aşağı  səviyyə kimi təqdim 

edərək nəinki onu özünün asılı vəziyyəti ilə barışdırmaqdan, həm də onu kişinin arzu və 

istəklərinin icrası yaxud arzuolunan ideal olmağa çalışmasına inandırmaqdan ibarətdir. 

Bu ideologiyanın qadına göstərdiyi təsir bir də onunla güclənir ki, kişilər həmin spesifik 

xüsusiyyətlərə malik olan qadınları daha tez seçir. Bu o deməkdir ki, qadının 

cəmiyyətdə uğuru onun «əsil təbiəti»ni təşkil edən obraza müvafiq gəlməsindən asılıdır. 

Yəqin ki, buna görə də belə sosial təşkildə mazoxist meyillərin qadında həvəsləndirildiyi, 

kişidə isə  rəğbətlə qarşılanmadığını  şişirdilmiş fikir adlandırmaq olmaz. Əks cinsdən 

emosional asılılıq, sevgidə  ərimək, eskpansiv avtonom inkişafı boğmaq və s. kimi 

keyfiyyətlər qadında arzuolunan sayılır; kişidə isə onların nəzərə çarpması kinayə ilə 

qarşılanır. 

Görünür ki, bu mədəni amillər qadına çox güclü təsir göstərir; özü də o qədər güclü 

ki, bizim mədəniyyətdə qadının özünü qurban vermədən həyatın bu yaxud başqa 

sahəsində  iştirakından necə yan keçdiyini görmək olduqca mürəkkəb olur. Freydin 

fikrincə, hər iki cinsdə psixi çətinliklər onlardan hər birinin bioseksual meyli ilə bağlıdır. O 

hesab edir ki, kişilərin bir çox psixi problemləri onların özündə «qadın» meyillərini rədd 

etməsinin nəticəsində, qadında isə onun kişi olmaq arzusundan gələn xüsusiyyətlərdən 

yaranır. Ehtimal olu-nur ki, kişi anatomiyasına qibtə hissi qadının inkişafında pozulmaz 



iz qoyur; hətta  ən  əlverişli inkişaf zamanı belə bu hiss böyük enerji hesabına aradan 

qaldırılır. Qadının qeyri-mükəmməllik hissi öz cinsinə  həqarət ifadəsi kimi nəzərdən 

keçirilir. Freyd düşünür ki, qadın kişidən daha şöhrətpərəstdir və bunu onun öz qeyri-

mükəmməlliyini  əvəzini çıxmaq ehtiyacına bağlayır. Qadın xarakterində mühüm rol 

oynayan qibtə  və ziyankarlıq bunun birbaşa nəticəsidir. Qadında «ədalət hissinin az 

inkişaf etməsi» və onun «kişi fəaliyyət sahələrinə aid olan mənəvi və professional 

marağa üstünlük verməsi»nin səbəbləri də paxıllığa meyillə izah edilir. Praktiki olaraq 

qadının bütün şöhrətpərəslik cəhdləri Freyd üçün onun kişi olmaq arzusuna sübutdur. 

Eləcə  də adətən qadın xüsusiyyəti sayılan  şöhrətpərəst istəklər, məsələn, hamıdan 

gözəl olmaq yaxud ən görkəmli kişiyə ərə getmək istəyi həmin xüsusiyyətin ifadəsidir. 

Bunları  tənqidi müzakirəyə qoymaqdan öncə Freyd və başqa analitiklərin qadın 

xarakterinə kişi olmaq arzusunun həlledici təsir etməsi dəlilinin inkarolunmaz 

göründüyünü anlamağa cəhd edək. K.Horninin fikrincə, bu arxayınçılıq ilk növbədə iki 

şeylə izah oluna bilər. Məlum dərəcədə mövcud mədəni mövhumatla üst-üstə düşən 

nəzəri mövhumata əsaslanan analitik hesab edir ki, qadının da kişini özünə tabe etmək, 

onu pisləmək, onun uğurlarına paxıllıq etmək, öz mənliyini nümayiş etdirmək, öz-özü ilə 

razılaşmaq, heç kimdən kömək qəbul etməmək kimi müəyyən meyillərinin  əsasında 

kişiyə qibtə hissi durur. Lakin biz burada mədəni meyillərin araşdırılmasına yaxınlaşırıq. 

Alfred Adlerin dediyi kimi, kişi olmaq arzusu «bizim mədəniyyətdə kişiyə aid sayılan güc, 

mərdlik, cəsurluq, müstəqillik, müvəffəqiyyət, seksual azadlıq, partnyor seçmək hüququ 

kimi bütün keyfiyyət və imtiyazlara malik olmaq arzusunun ifadəsi ola bilər». 

Psixoanalitik nəzəriyyəyə  əsasən, psixi göstərişlər seksual nümunə  zəminində 

formalaşdığı üçün mazoxizmin spesifik qadın  əsası olduğunu söyləmək olduqca irəli 

gedən nəticələrə  səbəb olacaqdır. Belə  çıxır ki, bütün qadınlar yaxud qadınların 

əksəriyyəti asılı və tabeçilikdə olmaq arzusundadır və sonda qadına psixi həyatda lazım 

olan alçaldılmaya məruz qalmaqdır; və Freydin qadının əsas qorxusunun sevgi hissinin 

yox olması hesab etməsi müəyyən mənada bu postulatın bir hissəsidir. Bu fikirlər bizim 

mədəniyyətdə mazoxist meyillərə kişilərdən daha çox qadınlarda rast olunması 

təsəvvürü ilə möhkəmlənir, lakin bioloji deyil, mədəni meyillər qadının sevgiyə verdiyi 

qiymətin yüksəlməsinə və bununla da onu itirməkdən qorxmasına səbəb olur. 

Qadın  əsrlər boyu ciddi iqtisadi və siyasi vəzifələrdən kənar  şəraitdə yaşamış  və 

həyatda  şəxsi emosional sahə ilə  məhdudlaşmışdır. Bu o demək deyildir ki, qadın 

məsuliyyət daşımamış  və  işləməli olmamışdır. Lakin onun işi ailə  çərçivəsində yerinə 

yetirilmiş  və buna görə  də daha şəxssiz işgüzar münasibətlərə zidd olaraq 

emosionallığa  əsaslanmışdır. Bu vəziyyətdəki başqa bir aspekt isə ondan ibarətdir ki, 

sevgi və  sədaqətə spesifik qadın idealı  və  ləyaqəti kimi yanaşmışlar. Daha bir aspekt 

isə odur ki, qadının kişilərlə  və  uşaqlarla münasibəti səadətə, təhlükəsizliyə, hörmətə 

aparan yeganə qapı olduğu üçün qadından ötrü sevgi kişinin pul qazanmaq bacarığı ilə 

müqayisə edilə bilən real dəyər idi. Beləliklə, nəinki emosional sahədən kənarda 

hansısa bir işlə məşğul olmaq istəyi faktiki olaraq öldürülürdü, həm də qadının şüurunda 

bu məşğələlər nəsə ikincidərəcəli bir iş kimi qəbul olunmuşdu. 

Nəticədə, bizim mədəniyyətdə qadının nə  səbəbdən sevgiyə olduğundan daha 

yüksək qiymət verməsi və ondan verə biləcəyindən daha artıq gözləməsi və qadının 

onu itirməkdən kişidən daha çox qorxmasının real səbəbləri mövcud olmuşdur və 

mövcuddur. Məsələn, müasir qadının sevgini yeganə  həyat dəyəri olaraq qəbul 

etməsinin lehiyə danışan bir amilə  nəzər salaq: yaşa münasibət – qadının qocalıq və 

onun nəticələri qarşısındakı qorxusu. Uzun illər ərzində istər sevgi olsun, istər ev yaxud 

ailə – bütün bu sevinclərə qadın kişi vasitəsi ilə nail olduğu üçün kişini razı salmaq 

ondan ötrü vacib, əhəmiyyətli bir işə çevrilirdi. Burada gözəllik və  cəzbetmə kultunun 

vacibliyini bəzi münasibətlərdə müsbət nəticə kimi qiymətləndirmək olar. Lakin bütün 

diqqəti erotik cəlbetmənin vacibliyinə yönəltmək onun dəyərinin azalacağı dövrlə bağlı 

təşviş yaratmaq deməkdir. Biz beşinci onilliyə yaxınlaşan kişilərdə qorxu yaxud 




depressiyanı nevrozun aşkarlığı hesab edirik. Qadın üçün isə bu çox adi hal hesab 

olunur və müəyyən mənada elə belədir, çünki cəlbedicilik unikal bir dəyərdir. Bu qorxu 

qadın cəlbediciliyinin sonu sayılan yaşla məhdudlaşmır, o qadının bütün həyatında iz 

qoyur və həyata münasibətdə güclü özünəinamsızlıq hissi doğurur. 

Bəzən sual verilir – cəmiyyətimizdə qeyri-mükəmməllik hissindən daha çox əziyyət 

çəkən kimdir, kişi ya qadın? Psixi xüsusiyyətləri miqdarca ölçmək çətin məsələdir, 

amma aşağıdakı fərq müşahidə olunur: bir qayda olaraq kişidə qeyri-mükəmməllik hissi 

o səbəbdən yaranmır ki, o – kişidir; qadınsa qeyri-mükəmməllik hissini özünün yalnız 

qadın olması  səbəbindən hiss edir. Yuxarıda qeyd etdiyimiz kimi, Karen Horni öz 

nəzəriyyəsində hər dəfə nəzərə çatdırır ki, özünün gərəksizliyi hissinin qenderlə heç bir 

əlaqəsi yoxdur; o, mahiyyətcə kişi və qadında eyni olan qeyri-mükəmməllik hissinin 

digər mənbələrini ört-basdır etmək üçün qadınlıq və kişilik barədə təsəvvürlər üzərində 

qurulur. Özünə möhkəm inam insanın təşəbbüskarlıq, cəsurluq, müstəqillik, istedad, 

şəraiti idarə etmək kimi keyfiyyətlərinə əsaslanır. Nəhayət özünəinamın emosional tərəfi 

qalır.  Əgər insanın özünəinamı onun verdiyi yaxud aldığı sevgidən asılıdırsa, bu o 

deməkdir ki, onun əsası çox dar və laxlayan bir əsasdır: dar ona görə ki, bir çox qiymətli 

şəxsi keyfiyyətlər diqqətdən kənarda qalır; laxlayan ona görə ki, məsələn,  əlverişli 

partnyor tapmaq imkanı kimi bir çox zahiri amillərdən asılı olur. Bundan savayı, belə 

mövqe çox asanlıqla sevgidən emosional asılılığa və kənardakı insanların qiymətindən 

asılılığa gətirib çıxarır və  nəticədə  əgər onu sevmirlər və qiymətləndirmirlərsə, insan 

özünü layiqsiz hesab edir. 

Guya ki qadına xas olan qeyri-mükəmməlliyə gəldikdə isə Freyd təəccüblü və onun 

əvvəllər dediklərindən tamamilə fərqli bir söz işlətmişdi: «Unutmaq olmaz ki, biz qadını 

seksual funksiyaların onun mahiyyətini müəyyən etdiyi dərəcədə təsvir etmişik. Bu təsir 

düzdür çox uzaqlara gedir, amma unutmamalıyıq ki, ayrıca götürülmüş  bir qadın hər 

şeydən başqa həm də insani məxluqdur».  Freydin qadın psixologiyasına dair son 

məqaləsinin bəzi müddəalarında onun daha ilkin tədqiqatları ilə müqayisədə qadın 

psixologiyasına mədəni amillərin təsiri  əlavə olaraq nəzərdən keçirilir. «Eyni zamanda 

biz qadını passivlik vəziyyətinə salan sosial qaydaların təsirinə verilən qiymətə diqqət 

yetirməliyik». Azərbaycan qadını alman qadınından fərqlənir, onlar hər ikisi isə hindu 

qadınlardan fərqlənir. Nyu-Yorkda yaşayan qadın Latın Amerikasındakı fermerin 

arvadından seçilir. Spesifik mədəni  şəraitin həm kişilərdə, həm də qadınlarda hansı 

yolla spesifik keyfiyyət və bacarıq doğurması – bizim anlamaq istədiyimiz bax budur. 



 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI  

 

1.  К. Хорни. Самоанализ: Психология женщины. Новые пути в психоанализе. С-П. 

2002 

2.  Тайсон Ф. Тайсон Р. Психоаналитические теории развития. Екатеринбург.1998 



3.  Осборн Р. Знакомтесь Фрейд. София. 1997 

4.  Freud, S. Three Essays on the Theory of Sexuality, 1905, стр. 195  

5. Lacan J. God and the Jouissance of The Woman. A Love Letter // Feminine 

Sexuality. стр. 137-148 

6.  Tyson, P. A developmental Line of gender identity, gender role and choice of love 

object. New York & London: Pantheon Books, 1982 



7.  S. Freud. Totem and Taboo. New York & London: Ark Paperbacks, 2002 

 

Yüklə 75,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə