Mövzu. KonfliktologiYA: yaranmasinin nəZƏRİ VƏ sosial-tariXİ ZƏMİNLƏRİ, qender aspekti



Yüklə 90,43 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü90,43 Kb.
#7657


 

 

MÖVZU. KONFLİKTOLOGİYA: YARANMASININ NƏZƏRİ VƏ SOSİAL-TARİXİ ZƏMİNLƏRİ, 



QENDER ASPEKTİ 

 

Ziddiyyət hər hansı bir hərakatın həyatililiyinin əsasıdır 



Q.Hegel 

 

İnsanlar fikirləşdikləri kimi talelərini qurmaq üçün öz bacarıqlarının tətbiqində azaddırlar 

C.Stüart Mil 

 

• 

Konfliktologiyanın elm və tədris fənni kimi təşəkkülü və inkişafı  

• 

Konfliktologiyanın nəzəri-metodoloji əsasları  

• 

Konfliktologiyanın qender aspekti 



 

Konfliktologiyanın elm və tədris fənni kimi təşəkkülü və inkişafı 

Konfliktologiya bir çox elmlərin qovuşuğunda yaranmış elmi biliyin ən yeni sahələrindən biridir. 

Yalnız XX əsrin ortalarında o, nisbətən müstəqil elm və tədris fənni kimi formalaşmışdır.  

Keçən əsrin 50-60-cı illərində müstəqil elmi sahə və praktiki fəaliyyət forması kimi meydana gələn 

konfliktologiya, uzun müddət müxtəlif konfliktoloji ideyalar və baxışlar kimi çıxış edirdi (əvvəl-fəlsəfədə, 

sonradan isə – sosiologiya, psixologiya və s. elmlərdə). Konfliktologiya sahəsində tədqiqatların artması, 

münaqişənin sosiologiyası, xüsusilə münaqişənin psixologiyası sahələrində aparılan araşdırmalarla 

bağlıdır. Konfliktologiyanı bir elm kimi XX əsrin 70-ci illərindən tanımağa başladılar. 80-ci illərdə ABŞ və 

dünyanın digər ölkələrində konfliktoloji mərkəzlər yaradıldı. BMT-nin təşəbbüsü ilə Avstraliyada 

münaqişələrin həlli üzrə Beynəlxalq Mərkəz yaradılmışdır. 

Tarixə  nəzər yetirsək, məlum olur ki, münaqişələri indiki kimi dərindən öyrənmək cəhdləri e.ə. I 

minilliyə  təsadüf edir; məhz bu dövrdə  əldə edilmiş  təcrübə ümumiləşdirilmiş  şəkildə  təhlil edilirdi. 

Birinci növbədə ayrı-ayrı sosial qruplar, dövlət hakimiyyəti və cəmiyyət arasında yaranan münaqilşələr 

öyrənilirdi. Daha sonra buraya sosial-sinfi, siyasi, milli-etnik qruplararası  və qrupdaxili münaqişələrin 

öyrənilməsi də  əlavə olundu. Vaxt ötdükcə, cəmiyyətdə bütün əhəmiyətli münaqişə  vəziyyətlərinin 

təhlilinə  tələbat yaranır, onların ahəngdarlıq və razılıq münasibətləri ilə qarşılıqlı  əlaqələrinin 

öyrənilməsi zərurəti meydana gəlir. Müasir cəmiyyətin mahiyyətindən irəli gələn bu zərurət onunla 

bağlıdır ki, onun normal inkişafı  və  fəaliyyəti yalnız  şüurlu idarəolunması  və  məqsədyönlü 

tənzimlənməsi şəraitində mümkündür.  

Münaqişə haqqında elmi baxışlar tarixinin təhlili zərurəti, konfliktologiyanın keçdiyi mürəkkəb və 

uzunmüddətli təşəkkül və inkişaf yoludur. Bu yolun tarixini bir neçə mərhələyə bölmək olar: XIX əsrin 

birinci yarısı, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri və müasir dövr.  

Əcdadlarımız münaqişələrin izahını insan və  cəmiyyətin mahiyyəti anlamı ilə  əlaqələndirirdilər. 

Beləliklə, konfliktologiyanın bir ucu gedir çıxır qədim dövrə, sosial fəlsəfənin yaranması mərhələsinə.  

Xüsusi olaraq, burada Qədim Çin mütəfəkkirlərini qeyd etmək lazımdır. Bunların sırasında 

əhəmiyyətli yeri Konfutsi (e.ə.551-479-cu illər) tutur. Qədim Çinin məşhur mütəfəkkiri öz kəlamlarında 

sübut etməyə çalışırdı ki, kin və dikbaşlıq, bunlarla yanaşı münaqişələr, ilk növbədə insanlarda qeyri-

bərabərliyi və  bənzərsizliyi yaradır. Münaqişənin mənbəyini o, cəmiyyətin «əsilzadə insanlar» və adi 

«xırda» insanlardan ibarət olmasında görürdü. Nəcib, yəni  əsilzadə insanlar üçün cəmiyyətin  əsası 

müəyyən qayda-qanunlardan ibarətdirsə, xırda insanlar bu əsası faydada axtarırlar. Konfutsi, özünə 

aşağıdakı dörd qüsurun yad olmasını göstərirdi: «uydurma qoşmaq meylinin, ifrat dərəcədə  qətiliyin, 

tərsliyin, eqoizmin (yəni xudbinliyin)». 

Konfutsi ilə yanaşı  Qədim Yunan filosof-dialektiki Heraklit (e.ə. 520-460-cı illər) münaqişənin 

təbiətini rasional şəkildə  təhlil etməyə çalışıb. O, hesab edirdi ki, dünyada hər bir şey düşmənçilik və 

hərc-mərclik yolu ilə meydana gəlir. Münaqişələr ictimai həyatın vacib xassəsi, labüd əsasıdır: 

qarşıdurma (o cümlədən müharibə) «hər bir şeyin atası və padşahıdır». Birinə o, dövlətli, digərinə kasıb 

olmağını qismətinə yazıb; birini – qul, digərini – azad edib. (1) 

Heraklitin münaqişələr və hər bir cisimin əsasını təşkil edən mübarizə haqqında ideyalarına qədim 

dövrün digər filosof-materialistləri də  tərəf çıxırdı (Epikur, Platon, Demokrit, Aristotel). Onların 

araşdırmaları müasir konfliktologiyanın mənəvi  əsasını  təşkil edir. Müharibəyə haqq qazandıran 




 

 

Heraklitdən fərqli olaraq Platon (e.ə. təxminən 427-347-ci illər) onu (müharibəni) ən böyük bəla, yamanlıq 



kimi qiymətləndirirdi. Aristotel (e.ə. 384-322-ci illər) də, Platon kimi, hesab edirdi ki, insan öz təbiətinə 

görə ictimai məxluqdur; hər bir insan ayrı-ayrılıqda daha böyük ictimai birliyiniq – cəmiyyətin tərkib 

hissəsidir; insanın daxilində olan ictimai başlanğıc ona, digər insanlarla əməkdaşlıq etməyə, qarşılıqlı 

anlaşma yaratmağa imkan verir. Aristotelin mövqeyinə görə, qadınlar və kişilər müxtəlif təbiətə 

malikdirlər və bərabər ola bilməzlər. (2) 

Aristotelin, həm də dövlət quruculuğu ilə bağlı olan maraqlı konfliktoloji ideyları var. O, hesab 

edirdi ki, dövlət – insanları barışdıran bir alətdir. Dövlətdən kənarda insan təvazökar və təhlükəlidir.  

Demokritin (e.ə. təxminən 460-370-ci illər) də sosial-etik və hüquqi ideyları böyük maraq doğurur. 

O, qeyd edirdi ki, «paxıllıq düşmənçiliyə  səbəb olur, nəticədə biri digərinə  zərər vurur, qanunlar da 

məcburən belə özbaşınalığa son qoyur, hər kəsin istədiyi kimi yaşamağa imkan vermir». 

Orta  əsr mütəfəkkirlərinin baxışlarında belə bir xüsusiyyət olub: onlar əsasən dini xarakter 

daşıyırdı. Avreli Avqustinin (354-430-cu illər), Akvinalı Fomanın (1225-1274-cü illər) konfliktoloji 

fikirlərini fəlsəfi idrak və ilahiyyət səltənəti, ilahi və insan tarixinin vəhdətini (bu tarix eyni zamanda bir-

birinə xas olan, həm də bölünməz sahələrdən keçir), insan varlığı  və Allah və s. haqqında olan 

mühakimələrində tapmaq olar. 

Münaqişənin təbiətinə  İntibah dövrünün mütəfəkkirlərinin baxışlarının səciyyəvi xüsusiyyəti 

ondan ibarət idi ki, bu baxışlar qədim yunan fəlsəfəsinin insan ağlının möhtəşəmliyi, onun ətraf aləmin 

öyrənilməsində rolu haqqında olan fikirlərinin inkişafı  zəminində formalaşıb. Kuzanlı Nikolay (1401-

1464-cü illər), Nikolay Kopernik (1473-1574-cü illər), Cordano Bruno (1548-1600-ci illər), Nikola 

Makiavelli (1469-1527-ci illər) baxmayaraq ki, bəziləri kilsə  tərəfindən təqiblərə  məruz qalırdı, insan 

qüdrətinə, onun zəka və kamilliyinə, sosial münaqişələri aradan qaldırmaq qabiliyyətinə inanırdılar.  

XVI-XVII əsrlər sosial-iqtisadi dəyişikliklər, şəxsiyyətin özünütəsdiqi və yaradıcı təmayyülü üçün 

şəraitin yaradılması dövrü olub. Bu xüsusiyyətlər Qərbi Avropa humanizmində, təbii hüquq və ictimai 

müqavilə haqqında təlimlərində, erkən liberalizm haqqındakı ideyalarında öz əksini tapmışır. Məs., 

Tomas Mor (1478-1535-ci illər), Rotterdamlı Erazm (1469-1536-cı illər), Frensis Bekon (1561-1626-cı illər), 

Tommazo Kampanella (1569-1639-cu illər) və digər humanistlər orta əsr nifaqları, sosial hərc-mərclikləri 

və qanlı daxili müharibələri kəskin  şəkildə  tənqid edirdilər. Onlar, insanları  cəmiyyətin inkişafında 

həlledici amil kimi qəbul edərək, onları sülh və  əmin-amanlığa dəvət edirdilər. T.Mor, öz «Qızıl kitab» 

(1516-ci il) traktatında Utopiya adlı ideal dövləti təsvir edir. Burada həm qadınlar, həm də kişilər ictimai-

faydalı əməkdə iştirak edir, elm və incəsənətlə məşğul olur. (3) 

Qeyd edilən proseslər,  ətraf aləmin hadisələrinin, o cümlədən münaqişələrin öyrənilməsində 

sistemli yanaşması üçün zəmin yaradırdı. Tomas Hobbs (1588-1679-cu illər), Con Lokk (1632-1704-cü 

illər), Jan-Jak Russo (1712-1778-ci illər), Adam Smit (1723-1790-cı illər), Yeni və Maarifçilik dövrlərinin 

digər mütəfəkkirləri öz əsərlərində münaqişələr haqqında ideyaları irəli sürürdülər. Onlar hesab 

edirdilər ki, insan özü-özlüyündə yüksək dəyərə malik bir məxluqdur; onun üçün digər insanlar və 

cəmiyyət – yalnız sığınacaqdır. Bu mənada T.Hobbsun irəli sürdüyü konsepsiya müəyyən maraq kəsb 

edir: «Hər kəsin hər bir kəslə müharibə etmək» cəmiyyətin təbii durumudur; burada insanlar ya həmkar, 

ya da düşmən sifətində olur. Hər bir imtiyazı ödəmək qeyri-mümkün olduğu üçün insanlar arasında 

münaqişəli vəziyyət yaradır.  

XVIII əsrin sonunda münaqişələr haqqında biliklər kifayət qədər çox idi. XIX əsrin birinci yarısında 

konfliktologiya bir elm kimi artıq təşəkkül tapmışdır. Göründüyü kimi, münaqişənin empirik təsviri 

böyük bir dövrü, yəni tarixi mərhələni  əhatə edir. Həqiqi elmi yanaşma yalnız XIX əsrin ortalarına 

təsadüf edir. Məhz bu zaman münaqişələr xüsusi tədqiqat obyektinə çevrilir. Konfıliktologiyanın 

inkişafının bu mərhələsində xüsusi olaraq klassik alman fəlsəfəsi nümayəndələrinin xidmətləri qeyd 

edilməlidir. İmmanuil Kant (1724-1804-cü illər), Georq Hegel (1770-1831-ci illər), Lüdviq Feyerbax (1804-

1872-ci illər) və başqaları öz əsərlərində yaşadığı dövrün ən kəskin sosial, o cümlədən sülh və müharibə 

problemləri üzərində dayanırdılar.  

Mübarizə, münaqişə sayəsində toqquşmalar insan varlığının mümkün yox, qaçılmaz hadisələr 

olduğunu təsəvvür edirdi. Ç.Darvinin bioloji təkamül nəzəriyyəsinin ardınca sosial adı ilə  işlədilən 

darvinizm meydana gəldi; bu cərəyanın nümayəndələri cəmiyyətin inkişafını  təbii seçimin bioloji 

qanunları ilə izah edirdilər. Yaşamaq uğrunda mübarizədə ən davamlılar qalib gəlir. 



 

 

XIX  əsrin II yarısı – XX əsri əhatə edən dövr konfliktologiyanın nisbətən müstəqil elmi nəzəriyyə 



şəklinə düşməsi dövrü hesab olunur. Bunun üçün bir neçə  səbəb var: artıq münaqişə problemi üzrə 

kifayət qədər informasiya toplanılmış; bu zaman güclü sosial sarsıntılar baş vermişdir: müharibələr, 

iqtisadi böhranlar, sosial inqilablar və s.; bu dövrdə bir sıra elmlər və konsepsiyalar yaranır ki, nəticədə 

sosial idrakın üfüqləri əsaslı şəkildə dəyişildi.  

Konfliktologiya elminin əsası, sosiologiyanın banisi sayılan Oqüst Kont (1798-1857-ci illər), Herbert 

Spenser (1890-1903-cü illər), Karl Marks (1818-1883-cü illər) və s. iştirakı ilə yaradılmışdır. Onların 

əsərləri həm konfliktologiyanın ümum-nəzəri bazası, həm də sosial münaqişələrin təhlili, 

qiymətləndirilməsi və  həlli üçün işlədilən vasitələrin yaradılmasında metodoloji əsas rolunu oynayır. 

Məs., H.Spenser dönə-dönə cəmiyyətin vahid orqanizm, bütöv sistem olduğu ideyasını müdafiə edirdi; 

bu orqanizmin hər bir hissəsi özünəməxsus funksiyasını yerinə yetirir. Yaşamaq uğrunda prinsiplərdən 

irəli gələrək, Spenser qeyd edirdi ki, qarşıdurma, münaqişələr universal xarakter daşıyır – və ictimai 

inkişafın  ən ümumi qanununu təşkil edir; bu qanun həm ayrıca götürülən cəmiyyət daxilində, həm də 

onun və təbii mühitin arasında müvazinatı təmin edir. Bununla Spenser ictimai hadisələrin təhlilində çox 

vacib metodoloji müddəanı formula edib və sosiologiyada funksionalizm adlanan cərəyanını  əsasını 

yaradıb.  

Məlumdur ki, K.Marks cəmiyyətin inkişafını materializm mövqeyindən təhlil edib. Baxmayaraq ki, 

o xüsusi elmi istiqaməti təşkil edən münaqişələr nəzəriyyəsinin banisi olmayıb, onun sosial determinizm 

konsepsiyasında cəmiyyət bütöv inteqral sistem kimi təsvir edilir. Bu sistemdə başlıca rolu iqtisadiyyat 

oynayır. Sosial sistemin dəyişilməsi onun bir keyfiyyət vəziyyətindən digərinə keçid kimi başa düşülür; 

bu zaman irəliyə doğru istiqamətdə inkişaf edən cəmiyyətdə  yığılıb qalmış ziddiyyətlər həll olunur. 

Münaqişənin aparıcı formasını K.Marks, bəşər tarixinin ayrılmaz hissəsi olan siniflər mübarizəsi 

olduğunu hesab edirdi.  

Konfliktologiyanın əsasını yaradan klassiklərin ideyaları ictimai elmlər nümayəndələrinin sonrakı 

nəsilləri tərəfindən işlənib hazırlanmışdı. Bunların sırasında Vilhelm Vundtu (1832-1920-ci illər), Georq 

Zimmeli (1858-1918-ci illər), Emil Dürkheymi (1858-1917-ci illər), Maks Veberi (1864-1920-ci illər), 

Ziqmund Freydi (1856-1939-cu illər) və s. göstərmək olar. Müxtəlif elmi cərəyanların münaqişələri yekdil 

olaraq cəmiyyətin həyatında münaqilərin vacib rolunu qəbul edir, lakin onların qiymətləndirilməsinə 

müxtəlif mövqelərdən yanaşırdılar.  

Məs., E.Dürkheym ictimai vəziyyəti və sosial həmrəyliyi bir-birinə  bərabər hesab edirdi. O, 

göstərirdi ki, münaqişə-sosial həyatın universal hadisəsidir; bununla bərabər  əməkdaşlıq, qarşılıqlı 

mübadilə və həmrəylik də universal xarakter daşıyır. İnsanların bir-birinə yaxın olmaqları üçün daha çox 

mənafelər yox, onların əxlaqi özündəşüuru, öz hüquq və vəzifələrinin dərk edilməsi əhəmiyyətlidir. 

Sosial münaqişə  nəzəriyyəsinin klassiki G.Zimmel hesab edirdi ki, cəmiyyətdə münaqişələr 

qaçılmaz və labüddür. Onun fikrincə, münaqişə universal hadisədir. Ümumiyyətlə, vahid və ahəngdar 

qrup və yaxud cəmiyyət ağlasığmazdır, yarasaydı belə, bu kimi «müqəddəslər cəmiyyəti» həyata qabil 

olmur. G.Zimmelə görə, münaqişə adicə maraqların toqquşmasını yox, nəyinsə daha əhəmiyyətlisini – 

yəni insanların instinktlərinin  əsasında yarandığını ifadə edir. Öz «İnsan-yağıdır»  əsərində o yazır: 

«Şəxsiyyət, basqasına məruz qalmadığı halda da belə, yalnız digərlərin özünü-ifadə edilməsinə reaksiya 

verərək, müxtəlif mövqe tutaraq, özünü təsdiqləyə bilir; özünü təsdiqləməyin  ən birinci yolu – ilkin 

instinkt, yəni başqasının inkarıdır». (4) 

G.Zimmel, xüsusi olaraq münaqişə  nəzəriyyəsini yaratmağa cəhd göstərirdi; bu işi görərkən, o, 

həm münaqişənin ictimai rolu və əhəmiyyətini, həm də onun mühüm amil, stimul rolunu oynayan vasitə 

olduğunu nəzərə alırdı. Zimmel «formal sosiologiya» adını daşıyan nəzəriyyənin  əsasını qoydu; bu 

nəzəriyyənin predmetinə insanların qarşılıqlı  fəaliyyət formaları daxil edilmişdi; konkret-tarixi dövrün 

istənilən dəyişikliklər şəraitində bu formalar olduğu kimi qalır. «Münaqişənin sosiologiyası» elmi termini 

məhz G.Zimmelə  məxsusdur. Zimmelin fikrinə görə, «sosial» ilk əvvəl fərdlərarası münasibətlər 

deməkdir. Münaqişə, hərc-mərcliyin formalarında biri olsa da, qarşıqarşıya duranları birləşdirən 

inteqrativ (birləşdirici) qüvvədir; o, cəmiyyətin sabitləşməsinə  səbəb olur, konkret təşkilatları 

möhkəmləndirir. 

Sosiologiyadan fərqli olaraq, psixoloqlar, münaqişəli davranışın təbiətini psixoloji amillərlə 

əlaqələndirirdilər. Nəticədə Z.Freyd, bunları  əsas tutaraq, insanın xarakterinin formalaşmasında, fərdin 



 

 

inkişafında ilk plana müəyyən təəşşüqləri (meylləri) çəkərək,  şəxsiyyətin daxili aləmini üç mərhələ  və 



yaxud pilləyə bölməyə təklif etdi («O», «Mən», «Fövqəl-Mən»). 

Z.Freyddən fərqli olaraq, Alfred Adler (1870-1937-ci illər) insan davranışının formalaşmasında 

sosial amillərə üstünlük verirdi. O, şəxsiyyətin parçalanması ideyasını heç cürə  qəbul edə bilmirdi və 

hesab edirdi ki, insan – sosial məxluq olduğu üçün, şəxsiyyəti cəmiyyətdən ayrı öyrənmək olmaz. 

M.Veber isə sosial fəaliyyət subyektinin bütövlükdə cəmiyyətin yox, müəyyən sosial statusla bağlı 

vəziyyətə malik olan şəxsiyyətin olduğunu qeyd edirdi. Onun fikrincə, cəmiyyət, sosial, yəni digər 

insanlara yönəldilmiş  hərəkətlərin nəticəsi olan qarşılıqlı  fəaliyyətdir; bu sirk səhnəsində, müəyyən 

imtiyazlara malik olan statuslu qruplar həm müsbət, həm mənfi şəkildə fəaliyyət göstərir. Onlar istəyirlər 

ki, maddi və ideal maraqların münaqişəli vəziyyətində  də öz təsirini saxlasın və  hətta 

möhkəmləndirsinlər, öz iqtisadi mövqelərini, bir də həyat oriyentirləri və mənliyini müdafiə etsinlər.  

Münaqişə  nəzəriyyəsinin işləyib hazırlanmasında bir sıra müasir tədqiqatçıların da rolunu qeyd 

etmək lazımdır: burada Tolkott Parsons (1902-1979-cu illər), Ralf Darendorf (1929-cu il), Lyuis Kozer 

(1913-cü il), və s. adlarını çəkmək olar.  

Münaqişələrin tədqiqinin nəzəri aspektlərinin işlənib hazırlanmasında təşkilatların struktur-

funksional modeli vacib yer tutur. Məs., T.Parsons, cəmiyyəti insanların münasibətlər sistemi olduğunu 

qeyd edirdi; bu münasibətlərdə birləşdirici rolu normalar və dəyərlər oynayır. Onun fikrincə, sosiallaşma 

prosesi zamanı insanın daxili fizioloji tələbatları və sosial münasibətlərə olan tələbatları arasında yaranan 

müəyyən gərginlik, uyğunsuzluq münaqişəyə keçə bilər. Münaqişə, sosial anomaliya, aradan qaldırılmalı 

bir növ xəstəlikdir.  

L.Kozerin pozitiv-funksional təliminin mahiyyəti ondan ibarətdir ki, münaqişələr cəmiyyət üçün 

yabançı, anomal bir nə isə yox, sosial sistemin daxili durumunun elementi, məhsuludur; onlar, 

cəmiyyətin daxilində mövcud olan qayda-qanunların, ayrı-ayrı şəxsiyyətlər və sosial qruplar arasındakı 

münasibətlərin ifadəsidir. İstənilən münaqişədə müəyyən müsbət imkanlar gizlənir. Bu, onunla bağlıdır 

ki, münaqişə, fərdin sosiallaşmasına, sosial qrupların yaranmasına, nisbətən sabit qrupdaxili və 

qruplararası münasibətlər strukturunun yaranması  və müdafiə edilməsinə, qüvvələr balansının 

yaradılması və qorunub saxlanılmasına, bu və ya digər sosial problemlər və çatışmamazlıqlar barəsində 

xəbər verilməsinə imkan verir. (5) 

Alman sosioloqu R.Darendorf sturktur-funksional təhlilə açıq-aşkar tənqidi münasibət bəsləyərək, 

ictimai quruluşun «tənzimlənmiş  və inteqrasiya edilmiş» modelinə  şübhə ilə baxır. O, cəmiyyətin 

münaqişəli modeli konsepsiyasını irəli sürüb. R.Darendorf hesab edir ki, hər bir cəmiyyət hər an belə 

dəyişilir; cəmiyyət hər bir nöqtəsində münaqişə  və ziddiyyətlərlə doludur; cəmiyyətin hər bir elementi 

onun dezinteqrasiya və dəyişiklikliyə təsir göstərir; hər bir cəmiyyət ona əsaslanır ki, onun bəzi üzvləri 

digərlərini məcburetmə yolu ilə özünə tabe etdirir. R.Darendorfun fikrincə, sosial münaqişələr ictimai 

həyatdan sıxışdırılıb çıxarıla bilməz, hər bir iyerarxiya (qarşılıqlı açılılıq) şəklində təşkli edilmiş sistemin 

qaçılmaz nəticəsidir.  

Sistemlərin ümumi nəzəriyyəsi üzrə görkəmli amerikalı mütəxəssis K.Bouldinq münaqişənin 

ümumi nəzəriyyəsi adlanan məlum konsepsiyanı (təlimi) irəli sürmüşdür. O, funksional yanaşmaya zidd 

olan mövqelərdən çıxış edir, yəni: münaqişələrdə qarşılıqlı düşmənçilik və mübarizə etmək meyli 

məğlubedilməzdir, insan təbiətinin özündə belə zorakılığın artırılması meyli durur. Lakin onların 

(meyllərin) qarşısını almaq və aradan götürmək mümkündür. K.Bouldinqə görə, «sosial terapiyanın» 

əsasını (münaqişələrin aradan qaldırılması  və qarşısının alınması üzrə) üç məsələ  təşkil edir: 

qarşıdurmanı yaradan səbəblərin araşdırılması, onların aradan qaldırmaq üçün razılaşdırılmış üsulların 

ağıllı seçimi; insanların əxlaqi təkmilləşdirilməsi və s. 

Beləliklə, müasir dövrdə münaqişə haqqında olan bütün təlimlərdə belə bir fikri izləmək olar: 

insanların bütün hərəkətləri, o cümlədən münaqişələrlə bağlı olanlar, sosial xarakter daşıyır, çünki onlar 

bu və ya digər formada sosial mühitlə bağlıdır. Münaqişə, onun səbəbləri, ifadəolunma formaları  və 

tənzimləmə vasitələri yalnız cəmiyyətin və xüusilə insan təbiətinin dərindən öyrənilməsi, sosial 

münasibətlər və insanların qarşılıqlı fəaliyyətinin qanunauyğunluqlarının təhlili əsasında mümkündür. 



 

Konfliktologiyanın nəzəri-metodoloji əsasları  


 

 

İndiyə  qədər istər Qərb ölkələrində, istərsə dünyanın digər regionları, o cümlədən Azərbaycanda 



vahid, hamı  tərəfindən qəbul edilmiş münaqişə  nəzəriyyəsi formalaşmayıb. Konfliktologiyanın rolu və 

mahiyyətinin qiymətləndirilməsində nəzəri-metodoloji yanaşmalarında əsaslı fərqlər var.  

Konfliktologiyanın predmeti haqqında  ən ümumi təsəvvürü «konfliktologiya» sözünün etimoloji 

mənası verir, yəni «münaqişələr haqqında elm» olması. Konfliktoloq – alimlər daha geniş  təriflər də 

verirlər. Konfliktologiya – münaqişələrin yaranması  və inkişafı mexanizmləri və qanunauyğunluqları 

haqqında biliklər sistemidir; buraya həm də münaqişələrin idarəolunması prinsipləri və texnologiyaları 

da daxildir. Konfliktologiyanın obyektinə münaqişənin bütün formaları, predmetinə isə – hər hansı bir 

münaqişənin yaranması, inkişafı və bitməsini xarakterizə edən ən ümumi biliklər daxildir. 

Konfliktologiyanın başlıca məqsədi – münaqişələrin tənzimlənməsi və həllinin nəzəri təminatıdır.  

Konfliktologiya elmi fənn olaraq, aşağıdakı  əsas vəzifələri həll edir: münaqişələrin mahiyyəti, 

səbəbləri, mərhələləri və  iştirakçılarının müəyyən edilməsi; münaqişəli vəziyyətlərin idarə olunması 

yollarının müəyyən edilməsi, üsullarının axtarılıb tapılması; münaqişələrin  əsas formalarının tapılması, 

özünəməxsusluğunun müəyyən edilməsi. 

Müasir konfliktologiya – kifayət qədər inkişaf etmiş çoxsahəli bir fənndir. Onun əsasını  fəlsəfə, 

sosiologiya və psixologiya kimi elmlər formalaşdırıb. Lakin yeni elmi fənn olan konfliktologiyanın 

meydana gəlməsində bir sıra digər elmlər də müəyyən rol oynayıb: tarix, politologiya, iqtisadiyyat, 

sənətşünaslıq, hüquqşünaslıq, idarəetmə nəzəriyyəsi və s.  

Konfliktologiyanın başlıca xüsusiyyəti – onun kompleks xarakterli omlasıdır. Münaqişələr ictimai 

həyatın bütün sahələrində  və inkişafının bütün səviyyələrində mövcud olduğu üçün onları müxtəlif 

sosial və humanitar fənnlər nümayəndələri tədqiq edir. Politoloqlar, sosioloqlar, psixoloqlar, 

hüquqşünaslar, iqtisadçılar və s. sosial münaqişələrin müxtəlif tərəflərini, onlrın inkişafı  və aradan 

qaldırılması xüsusiyyətlərini öyrənirlər. Bütün həmhüdud elmlərin ümumi məqsədi – münaqişələrlə 

bağlı olan sosial prosesləri, onların dinamikası  və idarəoluma mexanizmlərini üzə  çıxarmaq və izah 

etməkdir.  

Bu elmlərlə konfliktologiyanın əlaqəsi iki aşağıdakı aspektdə açıqlanır. Birincisi ondan ibarətdir ki, 

konfliktologiya, digər elmlər tərəfindən işlənib hazırlanmış  dərketmə prinsiplərinə arxalanır; bu 

prinsiplər konfliktologiya sahəsində aparılan tədqiqatların predmetini müəyyən etməyə imkan verir. 

Onlar aşağıdakılardır:  ən ümumi əlaqə, determinizm, inkişaf, sistemli yanaşma, sosial-fəaliyyət 

baxımından yanaşma, şəxsiyyət baxımından yanaşma, tamamlayıcı prinsip və s. Problemin ikinci aspekti 

konfliktologiya tərəfindən digər elmlərin tədqiqat metodlarının yaradıcı istifadəsidir.  

Bununla belə konfliktologiya, özü ilə  əlaqəli olan elmlərə  əks təsir də göstərir. Məs., 

şəxsiyyətlərarası münasibətlər sahəsində yaranan münaqişə  vəziyyətlərin öyrənilməsi bir çox psixoloji, 

sosioloji, hüquqi və  əxlaqi problemlərin həllini stimullaşdırır, o cümlədən ünsiyyət, qarşılıqlı 

münasibətlər, mənəviyyat, mənəvi-psixoloji iqlim kimiləri və bir çox başqalarını. 

Müasir  ədəbiyyatda qeyd edilir ki, konfliktologiya aşağıdakı daha çox aktual istiqamətlər üzrə 

inkişaf edir:  

müxtəlif növ münaqişələrin əsas tətbiqi tərəflərinin öyrənilməsi; 



münaqişələrin məsələləri ilə  məşğul olan müxtəlif elm sahələrində top-lanılan informasiyanın 

öyrənilməsi və inteqrasiya (birləşdirmə) edilməsi;  

nəzarət sisteminin işlənib hazırlanması, münaqişələrin inkişafının və  həlli yollarının müxtəlifliyinin 



diaqnostikası;  

münaqişə anlayışının predmeti və məzmununun müəyyən edilməsi;  



münaqişələrin yaranmasının səbəblərinin, mənbələri və  şəraitinin təhlili, qarşılıqlı asılılıq  əsasında 

formalaşan münasibətlərin təşkili səviyyəsinə onların təsirinin öyrənilməsi. (6) 

Konfliktologiyanın metodoloji əsasını münaqişə  nəzəriyyəsində  cəm olunmuş  fəlsəfi, politoloji və 

sosioloji ideyalar kompleksi təşkil edir. Bu və ya digər metodologiyanın başlıca məsələsi – münaqişənin 

təbiəti haqqındakı  məsələdir. Sonuncu cəmiyyətin sosial strukturu ilə bağlıdır. (7) Funksionalistlər 

cəmiyyətin sosial strukturundan irəli gəlirlər, çünki hesab edirlər ki, bu struktur sabit və  dəqiq sinfi 

fərqləri sabitləşdirmir,  əksinə, sosial mobilliyin yüksək səviyyəsini səciyyələndirir. Strukturalistlər 

münaqişələrin təhlilini birinci növbədə sosial strukturla, onun dəyişilməsi ilə əlaqələndirirlər. Məs., Ralf 

Darendorf belə yazır: «Sosial münaqişələr cəmiyyətlərin strukturu əsasında formalaşır; cəmiyyətlər 




 

 

hökmranlıq ittifaqları, ona görə  də  təşkil olunmuş  tərəflər arasında toqquşmanın daima formalaşması 



etimalı burada çox yüksəkdir.  

Münaqişə  nəzəriyyəsi metodologiyasının vacib problemlərindən biri - obyektivlikdir. Bu məsələ 

konfliktologiyada müxtəlif müasir təlimlərin uzlaşdırılması yolu ilə  həll edilir; o cümlədən razılıq, 

inteqrasiya təlimi, bir tərəfdən, cəmiyyətin münaqişə modeli isə digər tərəfdən. Axı həm münaqişə, həm 

də razılıq paradiqmasında ifadə olunan tarazlıq, inteqrasiya – eyni ictimai prosesin iki, bir-biri ilə bağlı 

əlaqəli olan iki tərəfidir. Heç nəyi mütləqləşdirmək olmaz: həm münaqişə, həm də  həmrəylik nisbi 

xarakter daşıyır, hər ikisi qarşılıqlı şəkildə bir-birindən asılıdır.  

Konfliktologiyanın metodları  rəngarəngdir. Onları dörd qrupa ayırmaq olar: şəxsiyyətin 

öyrənilməsi və qiymətləndirilməsi metodları (müşahidə, sorğu, test); qruplarda sosial-psixoloji 

hadisələrin öyrənilməsi və qiymətləndirilməsi metodları (müşahidə, sorğu, sosiometrik metod); 

münaqişənin təhlili və diaqnostika metodu (müşahidə, sorğu, fəaliyyətin nəticələrinin təhlili); 

münaqişələrin idarəolunması metodları (struktur metodlar, kartoqrafiya metodları). 

Alimlər konfliktologiyanın metodlarını subyektiv və obyektiv sahələrə bölürlər. Obyektiv metodlar 

vasitəsilə münaqişə, cəmiyyətdə  təbii hadisə kimi qiymətləndirilir (qarşıdurma tərəflər və  dərkedən 

subyektin münasibəti və qiymətləndirilməsi nəzərə alınmadan).  İkinci halda münaqişə müəyyən 

mövqelər, dərkedən subyekt və münaqişə  tərəflərin rəyi baxımından qiymətləndirilir. Hər iki yolu 

həqiqətdə, yəni praktikada müşahidə etmək olur. Yalnız birlikdə hər iki metod bizə münaqişənin həqiqi 

vəziyyəti haqqında təsəvvür verə bilər.  

Münaqişənin növü konkret olaraq, bu və ya digər metodun üstünlüyünü müəyyən edə bilər.  

Nəzərə almaq lazımdır ki, konfliktologiya – nəzəri-tətbiqi elmdir; onun məzmunu aşağıdakı 

biliklər səviyyələrindən ibarətdir:  

1. münaqişənin sosial hadisə olaraq nəzəri izahı, onun təbiətinin, bütün digər ictimai münasibətlərlə 

qarşılıqlı  əlaqələr dinamikasının, ictimai praktika və qarşılıqlı  fəaliyyət sistemində onun yerinin və 

funksiyaların təhlili; 

2. sosial  həyatın müxtəlif formalarında yaranan münaqişələrin konkret növlərinin, onların idarəolunması 

və həllinin texnologiyalarının öyrənilməsi. 

Ümumi  şəkildə  tədqiqatçı-alimlər münaqişənin öyrənilməsində üç səviyyəni fərqləndirirlər: 

fundamental-nəzəri, orta səviyyə  nəzəriyyəsi baxımından; empirik səviyyə; sonuncu bilavasitə praktiki 

idarəetmə məqsədlərinə xidmət edir.  

Müvafiq  şəkildə konfliktologiyanın funksiyalarını da fərqləndirirlər: nəzəri-dərkedici, analitik və 

proqnozvermə – idarəedici. Konfliktologiyanın fundamental nəzəri problemlərinin öyrənilməsi sosial 

elmlərin iknişafına da təsir göstərir. Orta səviyyə  nəzəriyyəsi mövqeyindən aparılan tədqiqatlar, ictmai 

proseslərin mexanizmi haqqındakı sosioloji və politoloji bilikləri zənginləşdirir. Empirik səviyyədə, 

nəzəriyyə ilə yanaşı münaqişənni öyrənilməsi, ictimai subyektlərin münaqişəli vəziyyətlərinin 

proqnostik (öncəgörmə) modellərini quraşdırmaq, onların idarəolunması metodlarını işləyib hazırlamağa 

imkan verir.  

Müasir konfliktoloji tədqiqatlarda müxtəlif amillərin, xüsusi ilə siyasətin müşayət olunduğu 

hakimiyyət fenomeninin strukturu və dinamikasına göstərdiyi təsirin öyrənilməsinə xüsusi diqqət verilir. 

Məhz buna görə münaqişəli hadisələrin və proseslərin elmi təhlili hazırda Azərbaycan 

cəmyyətşünaslığının bütün politoloq və konfliktoloqların araşdırmalarında xüsusi aktuallıq təşkil 

etməlidir. (8) 

Deyilənlərdən belə bir nəticə  çıxarmaq olar ki, münaqişələr bir çox elmlər tərəfindən müxtəlif 

mövqelərdən öyrənilir. Konfliktologiya isə,  əldə edilən bilikləri ümumiləşdirərək, onların nəticələrini 

sistemləşdirir, deməli, bu elmlərin qovuşağında yerləşən bir elmdir. Konfliktologiya – kompleksli elm 

olduğu üçün, özünün öyrənilməsində də müvafiq şəkildə yanaşılmasını tələb edir.  

 

Konfliktologiyanın qender aspekti 

Son zamanlar elmi ədəbiyyatda, konfliktologiyanın qender və qender tədqiqatları ilə  sıx 

əlaqələrinin olmasını tez-tez qeyd edirlər. Tədqiqatçı-alimlər hesab edirlər ki, qender, elmi dərketmənin 

cərəyanı olaraq, yeni dünyagörüşünün  əsasını formalaşdırır, buna görə  də bilavasitə sosial elmlər, o 

cümlədən konfliktologiya ilə bilavasitə  əlaqəlidir. Qender tədqiqatları XX əsrdən başlayaraq, 

mədəniyyətin insanlar arasındakı qarşılıqlı münasibətlər etikasının ən önəmli təzahürlərindən biridir. Bu 



 

 

tədqiqatlar  şəxsiyyət, sosial qrup, bütövlükdə  cəmiyyət, daha sonra sosial və siyasi idarəetmə ailə 



institutu,  şəxsiyyətlərarası münasibətləri ilə bağlı olan ictimai praktikanı özünə daxil edir. Müasir 

dünyanın bütün xüsusiyyətlərini özündə əks etldirən bu ictimai proses zamanı müxtəlif mövqe fəaliyyət 

növləri zəminində çoxsaylı münaqişələr baş verir.  

Bəşər nəsli qarşısında öz həllini gözləyən çoxsaylı münaqişəli vəziyyətlər bir sıra nəzəri və praktiki 

problemlərin həllini tələb edir, o cümlədən, cinslərarası qarşılıqlı münasibətlər, cəmiyyətdə kişi və 

qadınların sosial rolları, qender fərqləri və sosiallaşma, yaranmaqda olan yeni ailədaxili münasibətlər 

transformasiya dövrünün ziddiyyətləri və qloballaşma prosesləri və s.  

Cinslərin probleminin öyrənilməsinə konstruktivcəsinə (yaradıcı şəkildə) yanaşma birinci növbədə 

bir sıra stereotiplərin (hamıya məlum, dəyişilməz) – diskriminasiya (müəyyən  əlamətlərə görə 

vətəndaşların hüquqlarının sıxışdırılması), iyerarxiyanın gözlənilməsi (aşağıdan yuxarıya doğru 

tabeçilik) asimmetriya (uyğunsuzluq), ümumiyyətlə burada ictimai və  şəxsi problemlərin yozulması  və 

izahında prinsipcə yeni, daha müasir yanaşma tələb olunur. Bu gün cinslər probleminə düzgün 

yanaşılması ümumi mədəni inkişafının, sivilizasiyalı dünyanın üzvü olub-olmamasının göstəricisidir. 

Sivilizasiyalı dünya isə insanların qarşılıqlı razılıq, əməkdaşlıq və anlaşılması üzərində qurulur.  

Qender müəyyən sosiallaşma sistemi, əmək bölgüsü və cəmiyyətdə qəbul olunmuş mədəni norma, 

rollar və stereotiplər vasitəsilə qurulur. Burada qəbul olunmuş qender norma və stereotipləri müəyyən 

mənada, cinsindən asılı olaraq insanların psixoloji keyfiyyətləri, qabiliyyətləri, fəaliyyət növləri, onların 

peşəsi, qərar qəbul etmək bacarığını müəyyən edir. Bununla belə qender rolları  və normaları universal 

məzmuna malik deyil və müxtəlif cəmiyyətlərdə əsaslı şəkildə fərqlənir. 

Hər bir cəmiyyətin öz formalaşmış sterotipləri (şablonlu, təkrarlanan) var. Sosial stereotip dedikdə 

adətən müəyyən standartlaşmış, sabit, emosional cəhətdən gərgin, dəyərlər baxımından qiymətli obraz 

başa düşülür.  

Sosial münasibətləri tənzimləyən sosial stereotipin xüsusiyyəti – insan keyfiyyətlərinin 

qütbləşdirilməsi və belə tamamilə zidd dixotomiyasının (bölünməsinin) sərt təsbitidir. 

Konfliktologiyanın qender aspekti elə ondan ibarətdir ki, qadın və kişinin sosial rolları, davranışı, 

emosional xüsusiyyətlərini (bunları  cəmiyyət, bioloji cinslə bağlı insanlara aid edir) fərqləndirməyə 

imkan verir. Qender fərqlərinin  əsasını xüsusi iyerarxiya təşkil edir; burada maskulinli-aparıcı 

(dominant), feminli isə – tabelikdə olanı kimi göstərilir. (9) 

Qender yanaşması bütövlükdə onu nəzərdə tutur ki, qadın və kişilərin davranışı  və 

qavramalarında fərqlər bir o qədər onların fizioloji xüsusiyyətləri ilə yox, daha çox tərbiyə, təhsil, hər bir 

mədəniyyətdə  mövcud  olan  kişilik və qadınlıq haqqındakı  təsəvvürlər kimi sosial amillərlə müəyyən 

edilir.  

Qender konfliktologiyası, elmi fənn olaraq, çoxsaylı həm şəxsiyyətdaxili, həm də şəxsiyyətlərarası 

münaqişələri tədqiq etmək vəzifəsini öz qarşısına qoyur. Bu münaqişələr qender asimmetriyası, cinslərin 

psixoloji fərqləri fonunda (əsasında) baş verir. 

Qender konfliktologiyasının predmeti – sosial subyektlərin qarşılıqlı münaqişəli vəziyyətlərin ideal 

modelinin yaradılmasıdır; bu elmin əsasını xüsusi, «qender və münaqişə» anlayışları əsasında formalaşan 

nəzəriyyə təşkil edir.  

Qender konfliktologiyasının obyekti – həyatın özü, onun «canlı», real, uşaq dalaşmalarından 

tutmuş kişi və qadın arasında yaranan ciddi ziddiyyətlərdir.  

Qender münaqişəsinin səbəbi – şəxsiyyətin keyfiyyətləri haqqındakı  normativ  (normaya  uyğun) 

təsəvvürləri, kişi və qadınların davranış xüsusiyyətləri arasındakı ziddiyyətdir. Bu xüsusiyyətlər ondan 

ibarətdir ki, bəzən şəxsiyyət və yaxud insan qrupu bu təsəvvürlərə – tələblərə ya uyğun gəlmir, ya da ki, 

uyğun gəlmək istəmirlər. Qender konfliktologiyası isə bu ziddidyyətlərin yaranmasının 

qanunauyğunluqlarını qender münaqişələrinin səbəb və  mənbələrini, bir də onların idarəolunması  və 

tənzimlənməsi yollarını öyrənir.  

Qender konfliktologiyası dövlət, ailə, təhsil sistemi, əmək bölgüsü mexanizmi KİV kimi, ənənəvi 

rolları  və  mədəni normalarını formalaşdıran ictimai institutları öyrənir. Öz növbəsində burada 

formalaşan  ənənəvi qender rolları  şəxsiyyətin inkişafını  ləngidir, onların mövcud imkanlarının 

(potensialı) reallaşması yolunda əngəllər törədir.  




 

 

Qender konfliktologiyası hər bir dövlətdə insan və vətəndaş hüquqlarının reallaşması ilə bilavasitə 



bağlıdır. Müasir şəraitdə onun inkişafı bir çox ölkələr, o cümlədən Azərbaycan üçün çox əhəmiyyətlidir, 

çünki bu proses vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlətin qurulması üçün bir zəmindir.  

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Konfliktologiyanın təşəkkülü və inkişafının əsas mərhələlərindən danışın 

2. Münaqişə nəzəriyyəsinə sosioloji və psixoloji yanaşmaları müqayisə edin 

3. Konfliktologiyanın qender aspekti nədən ibarətdir? 



 

İş üsulları – münaqişənin müxtəlif nəzəriyyə və konsepsiyalarının təhlili 

 

ƏDƏBİYYAT 

 

1.  История философии в кратком изложении. – М., 1991 



2.  Аристотель. О возникновении животных. – М., Л., 1940 

3.  Мор  Т.  Золотая  книга,  столь  же  полезная,  как  забавная  о  наилучшем  устройстве  государства  и  о 

новом острове Утопии/Зарубежная фантастическая проза прошлых веков. – М., 1989 

4.  Зиммель Г. Избр. В 2-х т. – М, Т.2, 1996  

5.  Конфликтология. Хрестоматия / сост.Н.И.Леонов. – М., 2002 

6.  Бандурко А.М., Друзь В.А. Конфликтология. – Харьков, 1997 

7.  Вершинин М.С. Конфликтология. – СПб., 2000 

8. Konfliktlər və siyasət / tərt. - müəl.H.Dayızadə. – B., 1998 



9.  Касумова Е.В. Нахичеванлы А.Г. Женщина в социальном конфликте. – Б., - 2000 

 

Yüklə 90,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə