Mövzu Mikroiqtisadiyyata giriş



Yüklə 1,15 Mb.
səhifə1/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
  1   2   3   4   5   6   7   8   9   ...   37
Mikroiqtisadiyyat- mühazirə


Mövzu 1. Mikroiqtisadiyyata giriş

1.1. "Mikroiqtisadiyyat" kursunun tədqiqat obyekti, predmeti, metodu və vəzifələri.

1.2. İqtisadiyyatda seçim və məhdudiyyət.

1.3. Müxtəlif iqtisadi sistemlərdə əlaqələndirmə problemləri. Dövr etmə modeli.

1.1. "Mikroiqtisadiyyat" kursunun tədqiqat obyekti, predmeti, metodu və vəzifələri.

Ən ümumi halda insanların iqtisadi fəaliyyəti onların tələbatının ödənilməsinə yönəldilmişdir. Ona tələbat, resurs, texnologiya, məhsul və ondan istifadə kimi komponentlər daxildir. Fəaliyyətlərin ardıcıllığı bu halda spiralvaridir: bir tələbatın ödənilməsi eyni vaxtda yenisinin formalaşmasına səbəb olur. Bu sxema iqtisadi problemlərin yaranması məntəqələrini əks etdirir. İstənilən cəmiyyət hər gün üç əsas problem həll etməlidir: "Nə istehsal etməli?" (tələbat), "Necə istehsal etməli?" (resurslar və texnologiyalar) və "Kimin üçün istehsal etməli?" (məhsul və istifadə).

Əlbəttə insanların tələbatları praktiki olaraq qeyri-məhduddur, lakin həmin əmtəə və xidmətlərin istehsalı üçün istifadə oluna bilən resursların miqdarı istənilən cəmiyyətdə məhduddur. Deməli, istənilən cəmiyyətin qarşılaşdığı əsas iqtisadi problem insanların əmtəə və xidmətlərə faktiki qeyri-məhdud tələbatları ilə onların istehsalında istifadə edilən resursların məhdudluğu arasındakı münaqişədir.

Beləliklə, iqtisadiyyat - məhdud, çatışmayan resurslara malik olan cəmiyyətin nəyi, necə və kimin üçün problemini həll etməyi öyrənən fəndir.

İnsanların iqtisadi fəaliyyəti həmişə konkret iqtisadi davranışı əks etdirir. O, isə müəyyən formalarda həyata keçirilir və insanların müxtəlif cəhətli qarşılıqlı əlaqələrindən asılıdır. Belə qarşılıqlı əlaqə və münasibətlər iqtisadi davranışın təkrar olunan, dayanıqlı adi üsulları, normaları və qaydalarına çevrilərək, müvafiq institutlar və ictimai strukturlarda möhkəmlənir. Belə institutlar və onların strukturları aktiv olaraq bütövlükdə iqtisadi fəaliyyət və davranışa təsir edir. İqtisadi fəaliyyət proseslərinin mahiyyəti, iqtisadi qanun və qanunauyğunluqları, iqtisadiyyatın tənzimlənməsinin nəzəri əsasları "İqtisadi nəzəriyyə" kursunda öyrənilir. Tədqiqatın konkret vəzifələri və iqtisadi nəzəriyyənin müəyyən istiqamətindən asılı olaraq onların təhlili səviyyəsi müxtəlif ola bilər. Məhz bu baxımdan mikro və makroiqtisadiyyat fərqləndirilməlidir.

Mikroiqtisadiyyatın obyekti insanların iqtisadi fəaliyyəti və onun gedişində meydana çıxan, mövcud institutlar və onların sistemləri ilə həll olunan ümumi iqtisadi problemlərdir. Bu obyekti tədqiq edərək, mikroiqtisadiyyat öz fənnini müəyyən edir. Onlara iqtisadi subyektlər, iqtisadi nemətlər və iqtisadi fəaliyyətlər daxildir. İqtisadi subyektlər - iqtisadiyyatda müstəqil fəaliyyət göstərən vahidlərdir. Belə vahidlər kimi, ayrı-ayrı adamlar, onların qrupları və birlikləri ola bilər.

Lakin mikroiqtisadiyyatda istənilən birliklər iqtisadi subyekt kimi qəbul edilmir. Bunun üçün həmin adamlar qrupu birgə və bir istiqamətdə fəaliyyət göstərməli, vahid məqsədə malik olmalı və ona birgə nail olmalıdırlar. Bütün iqtisadi subyektlər həyat fəaliyyətinin ümumi iqtisadi prosesinin iştirakçıları kimi istehsal və istehlakla məşğul olurlar. İstehsalçı və istehlakçının iqtisadi fəaliyyətinin obyektləri nemətlər, yəni əmtəə və xidmətlərdir. Fəaliyyət növündən asılı olaraq nemətlər istehsal resurslarına və onların əsasında buraxılan istehlak nemətlərinə bölünürlər. İqtisadi subyektin iqtisadi fəaliyyətlərini onlar tərəfindən müəyyən qərarların qəbul edilməsi və onun həyata keçirilməsi ilə xarakterizə etmək olar. Beləliklə, mikroiqtisadiyyatın predmeti iqtisadi subyektlərin iqtisadi nemətlər haqqında iqtisadi qərarların qəbul edilməsidir.

Mikroiqtisadiyyat ayrı-ayrı iqtisadi ünsürlərin, yəni əsasən ev təsərrüfatları və firmalar, eləcədə konkret bazarlar və sahələrin iqtisadi davranışını öyrənir. Burada konkret əmtəə və xidmətlərin qiyməti və buraxılışı həcminə, eləcədə bazarların qarşılıqlı əlaqələri nəticəsində məhdud resursların müxtəlif alternativ istifadə istiqamətləri üzrə bölüşdürülməsinin formalaşmasının öyrənilməsinə önəm verilir.

Mikroiqtisadiyyat istehlak seçimi nəzəriyyəsi və firmalar nəzəriyyələrini birləşdirir. Mikroiqtisadiyyatın predmeti verilmiş iqtisadi şəraitdə ev təsərrüfatları və firmalar səviyyəsində iqtisadi qərarların qəbul edilməsi mexanizmi, eləcədə onların qarşılıqlı fəaliyyəti nəticəsində "verilmiş" şəraitin formalaşma mexanizmidir. Mikroiqtisadiyyat belə dəyişənləri verilmiş qəbul edir, onların dinamikasını isə makroiqtisadiyyat tədqiq edir. Mikroiqtisadiyyatda istehlakçıların gəlirlərinin ölçüsü əsasən verilmiş hesab olunur və əsas aksent ev təsərrüfatlarının xərclərinin müxtəlif əmtəə və xidmətlər arasında bölüşdürülməsinə yönəldilir. Əksinə, makroiqtisadiyyatda məcmu xərclər, məcmu gəlir, malik olunan gəlir, istehlak və i.a. özləri tədqiqat predmetini təşkil edir. Makroiqtisadi amillər (faiz dərəcəsi, inflyasiya, işsizlik və s.) ev təsərrüfatları və firmaların yığım, investisiya, istehlak xərcləri və i.a. haqqında qərarların qəbul edilməsinə təsir etməklə bərabər, öz növbəsində məcmu tələbin ölçüsü və strukturunu təyin edir. Ona görə də mikro və makroiqtisadiyyatın prosesləri bir-biri ilə sıx bağlıdırlar. Hər iki fənn eyni konsepsiya və əsas ideyalardan istifadə edir, birinin başa düşülməsi, digərinin dərk edilməsinə köməklik göstərir.

Mikro və makroiqtisadiyyat fənnində iqtisadi proseslərin dərk olunmasında dialektik metoddan istifadə olunur. Dialektik metodda hadisə və proseslər fasiləsiz, mütəhərrik vəziyyətdə, ətrafla sıx və qırılmaz əlaqə, qarşılıqlı asılılıq və qarşılıqlı təsir vəziyyətində nəzərdən keçirilir. Həmin metodun köməyi ilə iqtisadi proseslərin kəmiyyət və keyfiyyət dəyişiklikləri, onlara təsir edən amilləri dərk etmək mümkündür. Həmin əlaqə və qanunauyğunluqlar sistemli yanaşma, təhlil və sintez, deduksiya və induksiya, iqtisadi-riyazi metodlardan istifadə olunaraq konkretləşdirilir.

Qeyd etmək lazımdır ki, iqtisadi problemlərin həllində iqtisadi siyasəti işləyib hazırlamaq üçün iqtisadi prinsiplər formalaşdırılmalıdır. İqtisadi nəzəriyyə iqtisadi davranışın ümumi prinsiplərini müəyyənləşdirir.

İqtisadçılar nəzəriyyədən faktlara və ya əksinə faktlardan nəzəriyyəyə doğru hərəkət edirlər, yəni deduksiya və induksiya metodlarmı tətbiq edə bilərlər. İnduksiya dedikdə prinsipləri faktlardan çıxarmaq nəzərdə tutulur. Bu halda faktlar yığılır, sonra isə elə sistemləşdirilir və təhlil edilir ki, onlardan ümumiləşdirmə və ya prinsiplər çıxarmaq mümkün olsun.

Deməli, induksiya faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət edir.

İqtisadçılar tez-tez öz məsələlərini nəzəriyyədən başlayaraq həll edir, sonra həmin nəzəriyyəni faktlara istinad edərək, yoxlayır və ya rədd edirlər. Bu isə deduktiv və ya hipotetik metoddur. Beləliklə, iqtisadçılar təsadüfi müşahidə, məntiq və ya intuisiyaya istinad edərək, ilk, yoxlanılmamış prinsip, yəni hipoteza formalaşdıra bilərlər. Deməli, deduktiv metod ümumidən xüsusi, nəzəriyyədən faktlara doğru hərəkət edir.

Deduksiya və induksiya bir-birinə qarşı duran deyil, bir-birini tamamlayan tədqiqat metodlarıdır.

Qeyd edək ki, iqtisadiyyata yanaşmadan asılı olaraq iqtisadçıların fikir ayrılığı iki növ olur. İqtisadiyyata pozitiv və normativ yanaşma fərqləndirilir. Pozitiv yanaşma iqtisadiyyatın fəaliyyətinə obyektiv və ya elmi izahı axtarır, o nə mövcuddur və ya ola bilər sualına cavab verir.

Pozitiv iqtisadiyyatın əksər qaydaları mübahisəli deyildir. Məsələn, bütün iqtisadçılar onunla razılaşırlar ki, əgər hökumət müəyyən əmtəəyə vergi qoyursa, onda onun qiyməti artır. İstənilən iqtisadçı qabaqcadan proqnozlaşdıra bilər ki, əgər əlverişli iqlim şəraiti yüksək taxıl yığımına imkan yaradardısa, o, qiymətinin aşağı düşməsinə və fermerlərin gəlirlərinin ixtisarına səbəb olacaqdır. Pul kütləsinin uzunmüddət və tez artması qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Deməli, pozitiv iqtisadçılar özlərini digər elm sahələrindəki alimlər kimi aparırlar. İstənilən mübahisələr gələcək tədqiqatlar və sübutlar vasitəsi ilə həll olunur.

İqtisadçılar arasında ən çox fikir ayrılığı iqtisadiyyata normativ yanaşma ilə əlaqədardır. Normativ iqtisadiyyat subyektiv, şəxsi qiymətləndirmə mülahizələrinə əsaslanan hərəkət qaydaları təklif edir, o, nə olmalıdır sualına cavab verir.

İqtisadçı sübut edirsə ki, artan gəlir vergisi əhəmiyyətli dərəcədə inflyasiyanı azaldır və az dərəcədə işsizliyi artırır, o pozitiv yanaşmanı formalaşdırır. Əgər o, öz mülahizələrini davam etdirirsə və sübut edirsə ki, vergilər artırılmalıdır, bu artıq normativ yanaşmadır. Deməli iqtisadçı birinci təsdiqlə razılaşsa da, onun şəxsi qiymətləndirməsi inflyasiyanın azalmasının, işsizliyin artmasının qarşısını almağa nisbətən az əhəmiyyətli olması fikrini yaradarsa, o ikinci hala razı olmayacaqdır. İqtisadçıların digər insanlar kimi, ədalət, ictimai inkişafın məqsədləri və prioritetləri haqqında öz anlayışı olduğu üçün heç bir tədqiqat normativ iqtisadiyyat barəsində fikir ayrılığını aradan qaldırmır.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə