Mövzu Mikroiqtisadiyyata giriş


Şəkil 2.2. Tələb əyrisinin yerdəyişməsi



Yüklə 1,15 Mb.
səhifə10/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Şəkil 2.2. Tələb əyrisinin yerdəyişməsi.

Burada


1- tələbin həcminin dəyişməsi

2- tələb funksiyasının dəyişməsi

Tələb əyrisinin sağa və ya sola yerdəyişməsi həmin əmtəəyə tələbin dəyişdiyini xarakterizə edir. Tələb əyrisinin yerdəyişməsi tələb funksiyasının dəyişməsini göstərir. Tələb əyrisinin sağa yerdəyişməsi - tələbin artması, sola isə - tələbin azalması deməkdir. Tələb əyrisinin yerini dəyişməsi ilə tələb əyrisi boyunca (1) yerdəyişməni qarışdırmaq olmaz. Əgər tələb əyrisinin yerdəyişməsi bu və ya başqa amillərdən asılı olaraq tələbin həcminin dəyişdiyini xarakterizə edirsə, tələb əyrisi boyunca dəyişmə isə tələbin həcminin dəyişməsini əks etdirir.

Real bazarlarda qiymətlər və əmtəələrin miqdarında müşahidə olunan dəyişmələri izah etmək üçün tələb əyrisi arxasında nəyin durduğunu, yəni tələbin həcmini təyin edən digər amilləri (qiymət istisna olmaqla) təhlil etmək lazımdır.

Qeyd etmək lazımdır ki, alıcıların davranışına əhəmiyyətli dərəcədə dörd amil təsir göstərir:

- qarşılıqlı əlaqəli əmtəələrin qiymətləri;

- istehlakçıların gəlirləri;

- istehlakçıların zövqləri;

- qiymətlərin gələcəkdə gözlənilən səviyyəsi.

İstənilən konkret əmtəəyə tələbin həcmi qarşılıqlı əlaqəli məhsulların qiymətlərinin dəyişməsinin təsirinə məruz qalır. Bir əmtəənin qiymətinin dəyişməsinin digər əmtəənin tələb cədvəlinə təsirinin nəticəsi həmin əmtəələrin qarşılıqlı əvəz olunan və ya qarşılıqlı tamamlanan olmasından asılıdır.

Əmtəələrdən birinin qiymətinin yüksəlməsi digər əmtəəyə qiymətin hər bir səviyyəsində tələbin həcminin artmasına səbəb olursa, belə əmtəə qarşılıqlı əvəz edilən sayılır. Bir əmtəənin qiymətinin artması digərinə tələbin həcmini azaldırsa, onlar qarşılıqlı tamamlanan əmtəələrdir.

Məsələn, balıq və toyuq, mal əti və balıq, taksi və avtobus bir-biri ilə qarşılıqlı əvəzolunan əmtəələrdir. Digər tərəfdən, benzin və avtomobil qarşılıqlı tamamlanan əmtəələrdir. Çünki benzinin qiyməti yüksəldikdə, maşınlara tələbin həcmi azalır. Beləliklə, qarşılıqlı əvəzolunan əmtəələrə qiymətlərin artması tələb əyrisinin sağa yerdəyişməsinə, qarşılıqlı tamamlanan məhsulların qiymətinin artması isə tələb əyrisinin sola yerdəyişməsinə səbəb olur. Yeni əmtəələrin meydana çıxması mövcud qarşılıqlı əvəzolunan və qarşılıqlı tamamlanan əmtəələrə tələbin həcmini dəyişdirir.

İstehlakçının gəliri artdıqca, o daha çox xərcləməyə çalışır. Onun tələbi bütün əmtəələrə deyil, çoxlu əmtəələrə artır. Bu baxımdan normal və aşağı keyfiyyətli neməti fərqləndirmək lazımdır. İstehlakçının gəlirin artması ilə qiymətin hər bir səviyyəsində tələbin həcminin yüksəldiyi məhsul normal əmtəə adlanır. Aşağı keyfiyyətli əmtəə və ya nemət isə gəlirin artması ilə tələbin həcmi azalan əmtəədir. Aşağı keyfiyyətli nemətin adətən, daha keyfiyyətli və ya daha çox rahat alternativ nemətləri mövcuddur. Məsələn, şəhərlərarası avtobuslarda səfərlər aşağı keyfiyyətli nemətə misal ola bilər. İnsanların gəlirləri artdıqca, onlar öz şəxsi avtomobillərində və ya təyyarə ilə səyahətə çıxırlar.

Bazarda potensial alıcılar olan istehlakçıların gəlirlərinin artması nəticəsində qiymətin hər bir səviyyəsində normal əmtəələrə tələbin həcmi artacaq, tələb əyrisi sağa yerini dəyişəcəkdir. Əksinə gəlirin artması ilə aşağı nemətlərə tələbin həcmi azalacaq, tələb əyrisi sola yerini dəyişəcəkdir.

Potensial alıcıların sabit orta gəlirlərində, bazarda nə qədər çox sayda istehlakçı olarsa, istənilən əmtəəyə hər hansı qiymətdə tələbin həcmi böyük olacaqdır. Deməli, istehlakçıların sayının artması tələb əyrisinin sağa və əksinə, onların sayının ixtisarı isə əyrinin sola yerdəyişməsinə səbəb olacaqdır.

İstehlakçıların zövqləri və ya üstünlük vermələri istənilən əmtəəyə tələbin həcmini təyin edən mühüm amildir. İstehlakçıların üstünlükləri qismən cəmiyyət, adət, təhsil və reklam vasitəsi ilə formalaşır. Məsələn, paltarlara tələbin həcmi qismən modaların dəyişməsindən asılıdır. Qeyd edək ki, adət və vərdişlər, bir qayda olaraq, kifayət dərəcədə yavaş dəyişir. İstehlakçının hər hansı əmtəəyə zövqünün və ya üstünlüklərinin hansı səbəbdən dəyişməsindən asılı olmadan bu əmtəənin tələb əyrisi müvafiq olaraq yerini dəyişir.

Müəyyən dövr ərzində əmtəəyə tələbin həcmi nəinki həmin dövrdə qiymətin səviyyəsindən, eləcədə qiymətin gələcəkdə gözlənilən səviyyəsindən, yəni inflyasiya gözləməsindən asılıdır. Məsələn, əgər növbəti ayda avtomobillərin qiymətinin yüksəlməsi gözlənirsə, onda bu ayda avtomobillərə mövcud qiymətdə tələbin həcmi yüksək olacaqdır. Əgər gələcəkdə benzinin qiymətinin əhəmiyyətli artması gözlənirsə, onda mövcud ayda avtomobillərə verilmiş istənilən qiymət səviyyəsində tələbin həcmi azalacaqdır.

Gələcəkdə gözlənilən gəlirlər carı dövrdə tələbin həcminə təsir göstərəcəkdir. Əgər insanlar yaxın gələcəkdə gəlirlərin artmasına inanırlarsa, onda mövcud dövrdə istənilən verilmiş qiymətdə onların almaq istədikləri əmtəələrin miqdarı yüksələcəkdir.

Tələbə təsir edən amillərin dəyişməsi tələb əyrisinin yerini dəyişdirir. Bu isə müvazinətli qiymətin və istehsal olunan əmtəənin müvazinətli miqdarmı dəyişdirir. Belə ki, qarşılıqlı əvəzolunan əmtəələrdən birinin qiymətinin yüksəlməsi nəticəsində tələbin həcmi, eləcədə onun satışı və alınması üzrə müvazinətli həcmi artacaqdır. Məsələn, toyuq ətinə qiymət yüksəldikdə, balığa tələbin həcmi bütün qiymətlərdə artacaqdır. İstehlakçılar daha çox balıqdan istifadə etmək istəyəcəklər. Lakin balığın istehsal məsrəfləri arta bilməyəcək və balığa təklifin həcmi yalnız qiymətin artması halında yüksələcəkdir. Deməli, toyuq ətinə qiymətin artması balığın müvazinətli qiyməti, onun satış və alışının müvazinətli həcmini artıracaqdır.

Eləcə də istehlakçıların sayının artması, onların zövqlərinin dəyişməsi və qiymətlərin gələcəkdə artmasının gözlənilməsi tələb əyrisinin yerinin sağa dəyişməsinə səbəb olur.

Qarşılıqlı tamalanan əmtəələrin qiymətlərinin artması tələb əyrisini sola yerini dəyişir, yəni qiymət və həcmi azaldır. İstehlakçıların gəlirlərinin artması normal əmtəələrə tələbin həcmini yüksəldir, tələb əyrisini sağa sürüşdürür, deməli qiymət və həcmi artırır. Aşağı keyfiyyətli əmtəələrdə isə tələb əyrisi sola yerini dəyişir, qiymət və həcmi azaldır.

Beləliklə, tələb əyrisini qurulmasında sabit qəbul edilmiş istənilən amilin dəyişməsi qiymətin bütün səviyyələrində tələbin həcmini dəyişdirməyə qadirdir. Tələb əyrisini sağa sürüşdürən bütün amillər həm qiymətləri, həmdə həcmin artmasına, sola sürüşdürən amillər isə qiymət və həcmin azalmasına səbəb olur.

2.3. Təklif. Təklif funksiyası
“Təklif” faktiki və potensial əmtəə satıcılarının davranışmı xarakterizə edən ümumiləşdirici termindir.

Təklifin həcmi - satıcının müəyyən dövrdə (gün, ay və ya il) satmaq istədiyi əmtəələrin miqdarıdır. Təklifin həcmi əmtəənin qiyməti və digər amillərdən, ilk növbədə istehsalda istifadə olunan resursların qiymətləri və sərəncamda olan istehsal texnologiyasından asılıdır.

Bazar sistemində tələb istehlakçıların davranışının xarakteristikası olduğu halda, təklif həmin sistemdə istehsalçının fəaliyyətini əks etdirir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə