Mövzu Mikroiqtisadiyyata giriş


Mükəmməl rəqabətli firmalar və bazarların xüsusiyyətləri



Yüklə 1,15 Mb.
səhifə28/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
Mikroiqtisadiyyat- mühazirə

7.1. Mükəmməl rəqabətli firmalar və bazarların xüsusiyyətləri

7.2. Qısamüddətli dövrdə firmanın təklifin həcmi haqqında qərarları

7.3. Firma və bazarın qısamüddətli təklif əyriləri

7.4. Uzunmüddətli dövrdə firma və bazarın təklif əyriləri
7.1. Mükəmməl rəqabətli firmalar və bazarların xüsusiyyətləri
Əvvəlki iki mövzuda firmanın mənfəəti necə maksimallaşdırdığını və məsrəflərin necə istehsal həcmindən asılı olduğunu müəyyən etdik. Bu mövzuda isə onları birləşdirərək, mənfəəti makisimallaşdırmaq məqsədilə mükəmməl rəqabətli firmanın öz istehsal həcmini və təklifini necə seçməsi ilə tanış olaq. Ona görə də ilk növbədə mükəmməl rəqabətli firma və bazarların xüsusiyyətləri ilə tanış olaq.

Qeyd edək ki, iki firmanın gərgin qiymət müharibəsi apardığı bazar rəqabətli hesab olunur. Lakin iqtisadi texnologiyaya uyğun olaraq belə bazarlar mükəmməl rəqabətli deyildirlər.

Mükəmməl rəqabətli firmalar və bazarları xarakterizə etmək üçün firmanın və bazarın nə vaxt mükəmməl rəqabətli olduğunu və nə üçün mükəmməl rəqabətin əhəmiyyətli olmasını nəzərdən keçirək.

Mükəmməl rəqabətli firma öz məhsuluna qiyməti verilmiş, satılan məhsulun həcmindən asılı olmayan hesab edir.

Bu halda mükəmməl rəqabətli firma aşağıdakı tələb əyrisi ilə qarşılaşır.

Qiymət

P0 D


Tələbin həcmi

Şəkil 7.1. Mükəmməl rəqabətli firmanın tələb əyrisi

Firma belə tələb əyrisi ilə qarşılaşdıqda, o istehsal etdiyi istənilən miqdarda məhsulu mövcud P0 bazar qiymətində və ya istənilən ondan aşağı qiymətdə sata bilər. Lakin PQ-dan, azda olsa, yüksək qiymətdə firmanın məhsuluna tələbin həcmi sıfıra bərabər olacaqdır. Mükəmməl rəqabətli firma qiyməti yüksəltməyə cəhd etdikdə bütün müştərilərini itirir. Deməli, belə tələb əyrisində firma, təbii olaraq, P0 qiymətini verilmiş və satılan məhsulun miqdarından asılı olmayan hesab edir. Ona görə də mükəmməl rəqabətli firma "qiyməti qəbul edir", yəni "qiymətalan" adlanır. O, bazar qiymətini verilmiş qəbul edirsə, mənfəəti maksimallaşdırmaq məqsədilə məhsul buraxılış həcminin seçilməsində öz buraxılışının kəmiyyətini sabit hesab edəcəkdir. "Qiymətalanın" davranışı çoxlu satıcıları olan standart məhsullar istehsal edən kənd təsərrüfat, balıq sənayesi və bəzi digər sahələrdə fəaliyyət göstərən firmaların davranışını adekvat xarakterizə edir.

Əlbəttə bütün firmalar mükəmməl rəqabətli deyildir. İnhisar və digər qeyri-mükəmməl rəqabətli firmaların tələb əyrisi aşağı düşən xarakterlidir (Şəkil 7.2.)

Qiymət




D

Tələbin həcmi

Şəkil 7.2. Qeyri - mükəmməl rəqabətçinin tələb əyrisi

Belə tələb əyrisi ilə qarşılaşan firma, bir qayda olaraq, müştərilərini tam itirmədən qiyməti artıra bilər, öz məhsuluna tələbi əhəmiyyətli artırmaq məqsədi ilə qiyməti aşağı sala bilər. Qeyri-mükəmməl rəqabətli firmalar satdıqları məhsulun qiymətini təyin edə bildiklərinə görə onlar "qiymət elan edən" və "qiymət istehsalçısı" adlanırlar.

Mükəmməl rəqabətin yaranması üçün beş şərt ödənilməlidir:

- bazarda çoxlu satıcı mövcuddur, lakin hər bir satıcı bütövlükdə bazara nisbətən çox kiçikdir;

- məhsul bircinslidir;

- alıcılar satıcıların qiymətləri haqqında ətraflı informasiyaya malikdirlər;

- satıcılar bir-birindən asılı olmadan müstəqil fəaliyyət göstərirlər;

- firmalar sərbəst olaraq sahədən çıxa və ya sahəyə daxil ola bilər.

Bu şərtlərdən birincisi, heç bir firmanın ümumi təklifin həcminə əhəmiyyətli təsir edə bilməməsinə təminat verir. Bu şərt kənd təsərrüfat malları bazarında dəqiq yerinə yetirilir. Əgər kiçik firma öz taxıl istehsalını üç dəfə artırsa, belə dəyişiklik təklifdə onun payı çox az olduğuna görə qiymətə təsir etməyəcəkdir. Ona görə də fermer məhsulunu satdığı qiymətin satış həcmindən asılı olmadığını nəzərdə tutur. Beləliklə, onun davranışı mükəmməl rəqabətlidir.

İkinci şərtə uyğun olaraq məhsulun birincili olması, istehlakçının məhsulu bu və ya digər satıcıdan almasında heç bir fərqin olmamasına təminat verir (məsələn, duz hər yerdə duzdur).

Əgər məhsullar bircinslidirsə və üçüncü şərtə uyğun olaraq, bütün alıcılar satıcıların bütün qiymətləri haqqında məlumata malikdirlərsə, onda qiyməti yüksəldən istənilən satıcı özünün bütün müştərilərini itirəcəkdir. Deməli, alıcıların qiymətlər haqqında ətraflı informasiyaya malik olduğu halda heç bir firma digərindən yüksək qiymət tələb edə bilməz.

Dördüncü şərt tələb edir ki, bütün firmalar sahədə müstəqil fəaliyyət göstərsinlər. Mükəmməl rəqabətli bazarların satıcıları müqavilə ilə qiymətlərin qoyulması və ya ümumi təklifin həcmi üzrə birləşmirlər. Aydındır ki, hər bir firma öz biznesini gözləyərək, nəzərə alır ki, o qiymətlərə təsir edə bilmir, ona görə də mənfəəti maksimallaşdıran buraxılış həcmini seçməyə cəhd edir.

Sonuncu, yəni sahəyə sərbəst olaraq daxil olmaq və ondan çıxmaq şərti, daha əlverişli istehsal üsulu seçən istənilən firmanın sahəyə daxil olmasına və zərərlə işləyənlərin sahədən çıxmasına təminat verir. Sərbəst daxil olma və çıxma, sahədə mövcud olan firmaların müqavilə əsasında buraxılışın ixtisarı hesabına qiymətin yüksəldilməməsinə təminat verir. Çünki qiymətin istənilən artırılması, sahəyə yeni firmaların daxil olması və təklifin həcminin artmasına səbəb olacaqdır.

Göstərilən beş şərt ödənildikdə bazarın təklif sferası mükəmməl rəqabətli olur. Bütövlükdə bazar mükəmməl rəqabətli olması üçün bir az çox vaxt tələb olunur.



Əgər sahədə bütün satıcılar - mükəmməl rəqabətlidirsə, çox alıcı vardırsa, onların hər biri satıcıların qiymətləri haqqında ətraflı informasiyaya malikdirsə, hər biri bütövlükdə bazara nisbətən kiçikdirsə və müstəqil fəaliyyət göstərirsə, bazar mükəmməl rəqabətli sayılır.

İri alıcılar, eləcədə iri satıcılar özlərinin fəaliyyəti ilə qiymətlərə təsir göstərir. Alıcılar qrupu isə birlikdə fəaliyyət göstərək, qiymətləri manipulyasiya edirsə, yəni satıcılar müəyyən minimal həddən yüksək qiymətlə satdıqda, heç bir şey almamaq haqqında razılaşmalar apardıqda qiymətə təsir edirlər. Deməli, alıcılar qiymətlərlə manipulyasiya etdikdə, özlərini "qiymətalan" kimi aparmırlar, onda bazar qeyri-mükəmməl hesab olunur.

Mövcud olan bazarların bəziləri (kənd təsərrüfatı məhsulları, səhm və istiqraz bazarları) mükəmməl rəqabətin bütün şərtlərini ödəyir. Bir çox bazarlar isə (avtomobillər, sərnişin təyyarələri və s.) mükəmməl rəqabətli deyildir. Bəs nə üçün mükəmməl rəqabətə kifayət qədər çox diqqət yetiririk? Bunun iki əsas səbəbi mövcuddur. Birincisi, tələb təklif modeli əsasən yalnız mükəmməl rəqabətli bazarlar üçün tətbiq olunur. İkincisi, mükəmməl rəqabətli bazarlar digər növ bazarlarla müqayisə üçün etalon rolunu oynayır.

7.2. Qısamüddətli dövrdə firmanın təklifin həcmi haqqında qərarları

Məlumdur ki, istənilən firma buraxılış həcmini elə seçir ki, mənfəəti maksimallaşdıra bilsin. Bu məqsədlə qısamüddətli dövrdə mükəmməl rəqabətli firmanın optimal istehsal həcminin seçilməsi proseduru ilə tanış olaq. Bu məsələnin həlli iki addımlı prosedurla aparıla bilər. Birinci addımda buraxılışın ən yaxşı müsbət həcmi seçilir. Bu hal firmanın mənfəətini maksimallaşdıran təklifin həcmini verir. İkinci addımda həmin məhsul həcmində olan mənfəətlə, istehsalın dayandırıldığı və müvafiq olaraq sıfır buraxılış səviyyəsində altnan mənfəət müqayisə edilir, sonra isə ən əlverişli fəaliyyət seçilir.

Qeyd edək ki, adi həyatda da insanlar iki addımlı prosedurdan istifadə edirlər. Məsələn, siz avtomobil almaq istədikdə ilk növbədə tələbatınızı ödəyən, müvafiq qiymətdə mövcud olan modelləri nəzərdən keçirirsiniz, sonra isə avtomobilin alınması haqqında qərar qəbul edirsiniz.

Firma özünün optimal müsbət buraxılışını istehlak xərclərinin tədqiqində istifadə olunmuş son təhlil metodunun tətbiqi ilə müəyyən edir. İlk növbədə firma hazırda istehsal etdiyindən bir az çox və ya az istehsal etməklə, mənfəəti artıra bilməsini yoxlayır. Əgər o mənfəəti buraxılışın artması hesabına yüksəldə bilirsə, bu yoxlamanın bir qədər çox buraxılış həcmində təkrar etməlidir. Əksinə, mənfəət buraxılışın azalması nəticəsində yüksəlirsə, onda firma bir qədər az buraxılış həcmini nəzərdən keçirməlidir. Firma müəyyən etdikdə ki, mənfəət buraxılış həcminin dəyişməsi yolu ilə artırıla bilmir, onun bağlanmaması halında bu mənfəətin maksimal mümkün olan səviyyəsidir. Deməli, bu halda optimal müsbət buraxılış həcmi müəyyən edilmişdir.

Mənfəət gəlirlə məsrəflərin fərqi olduğuna görə, buraxılışın bir vahid artımı mənfəəti, yalnız əlavə məhsul vahidinin satışından əldə edilən əlavə gəlirin onun məsrəflərindən yüksək olduqda artırır.

Bəs gəlir və məsrəflərin bu dəyişməsi nəyi əks etdirir? Mükəmməl rəqabətli firma D tipli üfüqi tələb əyrisi (şəkil 7.1.) ilə qarşılaşdığı üçün o, öz məhsuluna aldığı qiymət, istehsal həcmindən asılı deyildir. Əgər əlavə bir məhsul vahidi satılırsa, gəlirin artımı əmtəənin başlanğıc bazar qiyməti P0 -a bərabər olacaqdır.

Məsrəf baxımından isə əlavə məhsul vahidinin istehsal məsrəfləri MC son məsrəflərə bərabər olacaqdır. Deməli, istənilən konkret buraxılış həcmində, əgər mövcud qiymət son məsrəflərdən yüksəkdirsə, onda firma əlavə məhsul vahidi istehsal etdikdə, P0 gəlirin artımı MC məsrəf artımından yüksək olduğuna görə, o, çox mənfəət əldə edəcəkdir. Əgər qiymət son məsrəflərdən aşağıdırsa, firma bir vahid az istehsal etməklə mənfəəti artıra bilər. Əgər buraxılışın dəyişməsi mənfəəti artırmırsa, firma fəaliyyətdə olmaq şərti ilə öz maksimal səviyyəsində qalmalıdır. Beləliklə, ən əlverişli müsbət buraxılış həcmində qiymət son məsrəflərə bərabərdir.

Təhlilin nəticəsi olaraq, qısamüddətli dövrdə optimal buraxılış səviyyəsinin seçilməsinin son şərtlərini aşağıdakı kimi formalaşdırmaq olar:

Mükəmməl rəqabətli firma buraxılış hesabına mənfəəti mövcud bazar qiyməti istehsalın son məsrəflərindən yüksək olduqda (P>MC) artıra bilər, əgər qiymət son məsrəflərdən kiçikdirsə (P

Bu qayda qrafiki olaraq 7.3. şəklində verilmişdir.





Şəkil 7.3. Mənfəətin maksimallaşdırılmasının birinci qaydası: P=MC

P0- qiymətində firma istənilən miqdarda məhsul sata bilər. Bu qiymət mükəmməl rəqabətli firmalara verilmiş kimi hesab olunur. MC- qısamüddətli dövrdə son məsrəflər əyrisidir. Son məsrəflər azalan verim qanununa uyğun olaraq yüksək məhsul buraxılış həcmlərində artır. Optimal müsbət buraxılış həcminə E nöqtəsində nail olunur, ona P0=MC olan Q* buraxılışı uyğundur.

Firma optimal müsbət buraxılış səviyyəsində istehsalı davam etdirmək və ya ümumiyyətlə istehsal etməmək qərarlarmı qəbul etməlidir. Qeyd edək ki, hətta qiymət son məsrəflərə bərabər olduğu halda da o, pul itkilərinə məruz qala bilər. Həmin halda firma fəaliyyətini dayandırmaqla öz itkilərini azalda və ya ləğv edə bilər.

Əgər firma müvəqqəti bağlanırsa və qısamüddətli dövrdə heç nə istehsal etmirsə, onda onun gəlirləri, eləcə də dəyişən məsrəfləri sıfıra bərabər olacaqdır, lakin o, öz daimi məsrəflərindən yalnız fəaliyyətini tam dayandırdıqda qaça bilər.

Qısamüddətli dövrdə firmanın daimi məsrəfləri onun məhsul buraxılışı həcmindən asılı deyildir.

Ümumi halda, əgər firmanın optimal müsbət buraxılışında gəlir dəyişən məsrəflərdən yüksəkdirsə, qısamüddətli dövrdə firma həmin buraxılışı istehsal etməlidir. Onda o, heç olmazsa, öz daimi məsrəflərinin müəyyən hissəsini ödəyir və istehsalı dayandırdığı hala nisbətən az itkilərə məruz qalır. Əgər qiymət orta dəyişən məsrəflərdən yüksəkdirsə, firma optimal müsbət buraxılış səviyyəsində istehsal etməlidir. Əgər qiymət orta dəyişən məsrəflərdən aşağıdırsa, firma bağlanmalıdır.

Beləliklə, qısamüddətli dövrdə optimal buraxılışın seçilməsinin ikinci qaydası - mənfəətlə yoxlamaqdır.

P=MC olan optimal müsbət buraxılış həcmində firma qiymət və orta dəyişən məsrəflərin (AVC) ölçüsünü müqayisə etməlidir. Əgər qiymət orta dəyişən məsrəflərə bərabər və ya ondan yüksəkdirsə (P ≥ AVC), firma optimal müsbət buraxılışı istehsal etməlidir. Əks halda (P < AVC) firma bağlanmalıdır.

Əgər məhsulun qiyməti 10 manat, orta dəyişən məsrəflər 5 manat təşkil edirsə, optimal müsbət buraxılış həcmində firma istehsalı davam etməlidir. Əgər orta daimi məsrəflər 4 manat təşkil edirsə, firma hər vahid məhsul satışından müsbət mənfəət alır və onun sahibkarı istehsalı fasiləsiz davam etdirməyə maraqlıdır. Əgər orta daimi məsrəflər 6 manat təşkil edirsə, firma öz ümumi məsrəflərini ödəyə bilməz. Lakin qısamüddətli dövrdə firmanın istehsalı aparması bağlanmasına nisbətən yaxşıdır, çünki həmin halda da o, daimi məsrəflərdən qaça bilməyəcəkdir.

Qısamüddətli dövrdə mükəmməl rəqabətli firmanın mənfəətini maksimallaşdıran buraxılış həcmi haqqında qərar iki addımlı prosedurun birləşdirilməsi hesabına aşağıdakı kimi aparılır:


  • P=MC olan halda, buraxılış həcminin təyini;

  • P ≥ AVC olduqda buraxılışı aparmaq; PVC olduqda isə istehsalı dayandırmaq.

Qısamüddətli dövrdə daimi məsrəflər nə son məsrəflərə, nə də orta dəyişən məsrəflərə təsir etmədiklərinə görə, daimi amillərin dəyərlərində dəyişikliklər təklifin həcminə heç bir təsir göstərmir. Şəkil 7.4.-də iki addımlı proseduranın üç mümkün olan nəticəsi göstərilmişdir. Bu halda optimal müsbət buraxılış həcmi Q*, orta ümumi məsrəflər və orta dəyişən məsrəflər uyğun olaraq ATC* və AVC* işarə edilmişdir.


  1. b)



















  2. Şəkil 7.4. Qısamüddətli dövrdə firmanın buraxılış həcmi haqqında qərarları

Şəkil 7.4.(a)-da Q* buraxılış həcmində qiymət (P0) orta ümumi məsrəflərdən yüksəkdir. Deməli, firma (P0-ATC*) bərabər olan mənfəət əldə edir. Bu halda firma hökmən optimal müsbət buraxılış həcmi səviyyəsində istehsalı davam etdirilməlidir.

Şəkil 7.4. (b) və (c)-də orta ümumi məsrəflər bütün buraxılış həcmlərində qiymətdən yüksəkdir. Deməli, burada müsbət mənfəət almaq üçün heç bir üsul mövcud deyildir. Ona görə də əsas məsələ itkiləri necə azaltmaqdıq. Q* həcmili buraxılışda itkilərin ümumi məbləği məhsul vahidi üzrə (ATC*- P0) itkisinin Q*-yə hasilinə bərabərdir. [(b)-də ştrixlənmiş sahə]. Əgər firma bağlanmırsa, onun itkiləri daimi məsrəflərin ümumi ölçüsünə bərabərdir (c). Daimi məsrəflər məhsul vahidi üzrə orta daimi məsrəflərin (ATC*-AVC*) buraxılış həcminə Q*-yə hasili ilə təyin olunur. (b) və (c) şəkillərinin müqayisəsi göstərir ki, (b) halında firma istehsal edirsə az itirir, AVC* mövcud qiymətdən aşağıdır. (c) halında isə AVC* qiymətdən yuxarı olduğuna görə firma istehsalı dayandırmaqla öz itkilərini minimallaşdırır.

7.3. Firma və bazarın qısamüddətli təklif əyriləri
Firmanın təklif əyrisi məhsulun bazar qiymətinin bütün mümkün olan kəmiyyətlərində, firma tərəfindən təklif olunacaq buraxılış həcmini əks etdirir. İkinci bənddə alınmış nəticələrdən istifadə edərək, istənilən verilmiş bazar qiymətlərində mükəmməl rəqabətli firmanın gələcəkdə təklifinin həcmini hesablamaq olar. Bunu daha aydın təsəvvür etmək məqsədi ilə şəkil 7.5.-ə müraciət edək.


MC


Şəkil 7.5. Firmanın qısamüddətli təklif əyrisi

Əgər qiymət P1-ə bərabərdirsə, firmanın təklif əyrisi üfüqi olacaqdır. D əyrisinin MC son məsrəflər əyrisini kəsdiyi nöqtə Q1 optimal müsbət buraxılışın ölçüsünü əks etdirir. Verilmiş buraxılış həcmində P1 qiyməti AVC orta dəyişən məsrəflərdən yüksək olduğuna görə, firma bağlanmayaraq, Q1 buraxılışını təklif etməklə mənfəəti maksimallaşdırır. Eyni ilə həmin iki addımlı prosedurdan istifadə edərək, istənilən digər qiymətdə təklifin həcmi hesablanıla bilər.

“İstehsal və məsrəflər” mövzusundan məlumdur ki, firmanın son məsrəflər əyrisinin orta dəyişən məsrəflər əyrisini kəsdiyi nöqtədə orta dəyişən məsrəflər minimaldır. Bütün daha çox buraxılış həcmində son məsrəflər orta dəyişən məsrəflərdən, eləcədə orta dəyişən məsrəflər öz minimal səviyyəsindən yüksəkdir. Deməli, orta dəyişən məsrəflərin minimal səviyyəsindən yüksək olan istənilən qiymətdə (məsələn, P1), firmanın üfüqi tələb əyrisi onun son məsrəflər əyrisini son məsrəflərin orta dəyişən məsrəflərdən yüksək olduğu nöqtədə kəsir. Bu o deməkdir ki, məhz belə nöqtələrdə qiymət orta dəyişən məsrəflərdən yüksəkdir və firma burada öz müsbət optimal həcmini istehsal etməlidir.

Digər tərəfdən, əgər qiymət firmanın orta dəyişən məsrəflərin ən aşağı səviyyəsindən kiçikdirsə, o bağlanmalıdır.



Rəqabətli firmanın qısamüddətli təklif əyrisi mənfəəti maksimallaşdırmaq üçün qiymətin hər bir səviyyəsində firmanın təklif edəcəyi buraxılış həcmini əks etdirir. Firmanın qısamüddətli təklif əyrisi orta dəyişən məsrəflərin (AVC) minimal səviyyəsindən yüksək olan qiymətlər üçün onun son məsrəflərin əyrisinə uyğundur. Əgər qiymətlər AVC-in minimal səviyyəsindən kiçikdirsə, firma bağlanır və onun təklifinin həcmi sıfır olacaqdır.

Şəkildən görünür ki, firmanın qısamüddətli təklif əyrisi onun orta məsrəflər əyrisindən yuxarıda yerləşən MC əyrisinin qalınlaşdırılmış hissəsidir. Buraxılışın dayandırılması qiymətindən yüksək qiymətlər üçün təklifin həcmi son məsrəflər əyrisinin köməyi ilə təyin oluna bilər. Əgər baza qiyməti buraxılışın dayandırılması qiymətindən aşağı olarsa, firma istehsalı dayandırmaqla öz itkilərini azalda bilər.

7.5. şəklində zərərsizlik qiyməti göstərilmişdir. O, orta ümumi məsrəflərin minimal səviyyəsinə bərabərdir. Əgər bazar qiyməti zərərsizlik qiymətinə bərabərdirsə, onda qiymət orta ümumi məsrəflərə bərabərdir, deməli, firma zərərsizdir, iqtisadi baxım- dan nə mənfəətə, nə də zərərə malikdir. Daha yüksək qiymətlərdə o, mənfəət əldə edir; daha kiçik qiymətlərdə o, qısamüddətli dövrlərdə itkilərə məruz qalır. Bütün buraxılış həcmlərində orta ümumi məsrəflər orta dəyişən məsrəflərdən yüksək olduğu üçün zərərsizlik qiyməti, həmişə buraxılışın dayandırılması qiymətində artıq olacaqdır. Əgər qiymət zərərsizlik və buraxılışın dayandırılması qiymətləri arasında olarsa, firma qısamüddətli dövrdə özünün optimal müsbət buraxılışını istehsal edəcəkdir (baxmayaraq ki, bütün məsrəflərini ödəyə bilmir). Lakin uzunmüddətli dövrdə firma öz orta ümumi məsrəflərini azaltmağa və ya fəaliyyətini dayandırmağa məcbur olacaqdır.

Firmanın qısamüddətli təklif əyrisi son məsrəflər əyrilərinə uyğun olduğuna görə o, yüksələn xarakterlidir. Əvvəlki fəsildə aydın oldu ki, son məsrəflər əyrisi azalan verim nəticəsində yüksələndir. Azalan verim nə qədər qüvvətli fəaliyyət göstərirsə, firmanın təklif əyrisi bir o qədər dik olur. Əksinə, azalan verim zəifdirsə, onda təklif əyrisi təxmini üfüqi olacaqdır. Beləliklə, istehsal şəraiti, məsrəflər və təklifin həcmi haqqında qərarlar arasında sıx əlaqə mövcuddur.

Hər hansı qiymətdə bazara təklif olunan məhsulun həcmi bazardakı bütün firmaların məhsul həcmlərinin cəmini təşkil edir. Qısamüddətli dövrdə firmaların sayı və onların daimi amilləri sabit kəmiyyətdir. Qısamüddətli dövrdə firmaların fabrik tikməyə və istehsalı təşkil etməyə vaxtları yoxdur, bütün məhsul mövcud firmalarda istehsal olunmalıdır.

Qısamüddətli bazar tələb əyrisini müəyyən etmək məqsədilə bazarda A və B firmalarının fəaliyyət göstərdiyini qəbul edək. Həmin firmalar və bazar təklif əyriləri şəkil 7.6.-da verilmişdir.




SB


Şəkil 7.6. Sahə təklif əyrisinin alınması üçün firmaların təklif əyriləri
Göstərilən firmalar mükəmməl rəqabətli olub, qiyməti verilmiş hesab edirlər. Hər bir firmanın təklif əyrisi son məsrəflər əyrisinin buraxılış dayandırıldığı qiymətdən yuxarıdakı hissəni təşkil edir. Demə li, P1 A firması, P2-isə B firmasının buraxılışının dayandırılması qiymətidir. Qiymət buraxılışın dayandırılması qiymətindən aşağı düşdükdə, hər bir firma tərəfindən təklif olunan məhsulun həcmi sıfıradək azalır. İstənilən qiymətdə bazara təklif olunan ümumi həcm iki firmanın təkliflərinin cəmi kimi təyin olunur. Deməli, p qiymətin Q3 = Q 3 A + QB.

Firmalar çox olduqda bazar təklif əyrisi həmin üsulla əldə edilir.

Qısamüddətli bazar təklif əyrisi hər bir mümkün olan qiymətdə bütün firmaların təkliflərinin həcmlərini toplamaq yolu ilə alınır.

Deməli, bazar təklif əyrisi fərdi təklif əyrilərinin toplanması ilə alınır. Bazar tələb və təklif əyrisi öz növbəsində bazar qiymətini təyin edir. Beləliklə, qiymətə ayrı-ayrı satıcılar deyil, birlikdə bütün satıcılar təsir edir. Mükəmməl rəqabətli bazarda qısamüddətli dövrdə təklifin həcmi bazar qiyməti artdıqca iki səbəbdən yüksəlir. Birincisi, hər bir fərdi firmanın təklif əyrisi yüksələndir və hər firma böyük həcm təklif edir. İkincisi, qiymətin artması ilə bağlı firmalar istehsala başlayırlar. Qısamüddətli dövrdə bazarda mövcud olan firmaların sayı fiksə edilmişdir, lakin fəaliyyət göstərən firmaların sayı bir qayda olaraq məhsulun qiymətinin artması ilə çoxalır.

İstehsal məsrəflərinin dəyişməsi nəticəsində bazar təklif əyrisi sürüşür. Firma və bütövlükdə bazarın qısamüddətli təklif əyrisi verilmiş daimi xərclərin həcmi (bina və avadanlıqların növü), dəyişən xərc növlərin verilmiş qiymətləri (əmək və materialların növü) və verilmiş texnologiyanın vəziyyəti ilə təsvir olunur. Deməli, qısamüddətli təklif əyrisi yalnız bu üç amilin dəyişməsi nəticəsində sürüşür. Daimi növ xərclərin dəyişməsi qısamüddətli dövrdə təklifə təsir göstərmir.

İlk növbədə dəyişən amillərin (məsələn, balıqçıların əmək haqqının artmasının) dəyişməsini nəzərdən keçirək. Dəyişən amilin qiymətinin artması bütün buraxılış həcmlərində həm son məsrəfləri, həm də orta dəyişən məsrəfləri yüksəldir. Bunu daha aydın 7.7. şəkilindən görmək olar.





Şəkil 7.7. Əmək haqqının artmasının firmanın təklif əyrisinə təsirinin nəticəsi

Əmək haqqının artması nəticəsində firmanın son məsrəflər əyrisi MC-dən MC1 - vəziyyətinə sürüşür. Bu halda AVC-də yerini yuxarıya dəyişir, firmanın buraxılışı dayandırması qiyməti P1-dən P2-yə artır. Beləliklə, firmanın təklif əyrisi S vəziyyətində S1 vəziyyətinə yuxarı və sola sürüşür.

Uyğun olaraq sahə təklif əyrisi də əmək haqqının artması ilə yuxarı və sola sürüşür. Bu isə, başqa şərtlər dəyişmədiyi halda, qiymətin hər bir səviyyəsində təklifin həcmini azaldır və deməli, müvazinətlik qiymətinin artmasına və müvazinətlik həcminin azalmasına səbəb olacaqdır.

"İstehsal və məsrəflər" fəslində qeyd etmişdik ki, qısamüddətli dövrdə daim məsrəflərin səviyyəsinin dəyişməsi ilə həm son, həm də orta dəyişən məsrəflər dəyişir. Əgər balıqtutan firma bir neçə gəmiyə malikdirsə, onlardan biri batıbsa, onun işçilərinə az fəaliyyətdə olan kapital düşdüyü üçün onlar az məhsuldarlığa malik olacaqlar. Bütün buraxılış həcmində firmanın son və orta dəyişən məsrəfləri yüksək olacaq, qısamüddətli təklif əyrisi 7.7. şəklində olduğu kimi sürüşəcəkdir. Digər tərəfdən, gəmilər, maşınlar və digər daimi amillər artdıqda isə qısamüddətli təklif əyrisi aşağı və sağa sürüşür. Bu isə müvazinətlik qiymətinin azalması və müvazinətli buraxılış həcminin artması tendensiyasını əks etdirir.

Nəhayət, firma tərəfindən verilmiş amillər yığımında daha çox məhsul almağa imkan verən yeni texnologiyaların mənimsənilməsi nəticəsində təklif əyrisi aşağı və sağa sürüşür.

7.4. Uzunmüddətli dövrdə firma və bazarın təklif əyriləri

Firma və sahənin uzunmüddətli təklif əyriləri mahiyyətcə qısamüddətli təklif əyrilərinin yaradıldığı üsulla almır. Firmanın uzunmüddətli dövrü qısa müddətdən bütün növ xərclərin tamamilə dəyişən olması ilə fərqlənir. Daimi və dəyişən xərclər arasında fərqlər yalnız qısamüddətli dövrə aiddir. Sahə üçün qısamüddətli və uzunmüddətli dövrlər arasında iki fərq mövcuddur. Birincisi, bütün mövcud olan firmalar bütün növ xərclərin sərbəst olaraq dəyişə bilərlər. İkincisi, sahədə olan firmaların sayı köhnələrin sahədən çıxması, yenilərin isə daxil olması nəticəsində dəyişə bilər.

Uzunmüddətli dövrdə də qısamüddətlidə olduğu kimi, təklifin həcmi haqqında firmanın qərarlarının qəbul edilməsinin mühüm amili son məsrəflərdir. Yada salaq ki, uzunmüddətli LAC dəyişən orta məsrəflər əyrisi və müvafiq LMC son məsrəflər əyrisi firmanın məsrəflərini o halda xarakterizə edir ki, firma özünün bütün xərclərini sərbəst dəyişərək, istənilən verilmiş buraxılış həcmində daha ən kiçik istehsal məsrəflərinə nail olur. Uzunmüddətli dövrdə firmanın mənfəətini maksimallaşdıran buraxılışın həcmi iki addımlı prosedurun köməyi ilə müəyyən edilir. Bu halda birinci addıma son məsrəflərin təhlili daxildir, ikinci isə orta məsrəflərdən asılıdır. Birinci addımda firmanın uzunmüddətli dövrdə son məsrəflərə əsaslanan optimal müsbət buraxılış həcminin müəyyən edilməsi, qısamüddətli dövrdə tətbiq olunan hesablama metodundan istifadəni nəzərdə tutur. Yeganə fərq ondan ibarətdir ki, uzunmüddətli perspektivdə optimal buraxılışın seçilməsinin son şərti qısamüddətli deyil, uzunmüddətli son məsrəflərin nəzərə alınmasıdır.



Uzunmüddətli dövrdə firma fəaliyyət göstərmək haqqında qərar qəbul etdikdə, elə optimal müsbət buraxılış həcmini istehsal edir ki, bu halda qiymət uzunmüddətli son məsrəflərə bərabər olsun: P=LMC

İkinci addımda, qısamüddətli dövrdə olduğu kimi, firma uzunmüddətli fəaliyyət göstərməsini həll etməlidir. Uzunmüddətli dövrdə firma yalnız müəssisəyə, avadanlığa və qısamüddətli dövrdə daimi olan digər növ xərclərə qoyulmuş kapitalın alternativ dəyərini nəzərə almaqla, özünün bütün məsrəflərini ödədiyi halda fəaliyyətini davam etdirir. Əgər qiymət bütün məsrəfləri ödəmirsə, firma sahədən getməlidir. Bu bilavasitə uzunmüddətli dövrdə ümumi şərt və ya optimal buraxılışın seçilməsinin mənfəətlə yoxlanılmasına transformasiya olunur.



Uzunmüddətli dövrdə firmanın fəaliyyəti yalnız qiymət uzunmüddətli orta məsrəflərdən yüksək və ya ona bərabər olduğu halda davam etdirilməlidir:

P ≥LAC.

Mükəmməl rəqabətli firmanın qısamüddətli və uzunmüddətli dövrlərdə optimal buraxılış həcminin təyini meyarlarını Cədvəl 7.1.-də verək.


Cədvəl 7.1

Mükəmməl rəqabətli firmanın təklifinin optimal həcminin seçilmə meyarları

Dövr

Son şərtlər

Mənfəətlə yoxlama

Qısamüddətli

P=MC olan buraxılış həcmi seçilməlidir

Yalnız P≥AVC olduqda istehsal edilməlidir

P

Uzunmüddətli

P=LMC olan buraxılışın həcmi seçilməlidir

P≥LAC olduqda istehsal edilməlidir

P

Qeyd etmək lazımdır ki, firmanın uzunmüddətli məsrəflər əyrisi və onun uzunmüddətli təklif əyrisinin asılılığı mahiyyətcə qısamüddətli dövrdəki kimidir. (Şəkil 7.8.)




Şəkil 7.8. Firmanın uzunmüddətli təklif əyrisi

Mükəmməl rəqabətli firmanın uzunmüddətli təklif əyrisini LAC-ın minimal səviyyə nöqtəsindən yuxarıda yerləşən LMC əyrisinin hissəsi əks etdirir.

Şəkildən görünür ki, QA buraxılış həcmində LAC minimallaşır və ona uyğun olan PA qiyməti firmanın zərərsizlik qiymətini təşkil edir.



Firmanın uzunmüddətli zərərsizlik qiyməti firmanın uzunmüddətli dördə öz məsrəflərini ödəyə biləcəyi minimal qiymətdir. Onun kəmiyyəti firmanın minimal uzunmüddətli məsrəflərini göstərir və LAC əyrisini aşağı nöqtəsinə uyğun gəlir.

İstənilən PA-dan yüksək qiymətdə (məsələn, PB) firma iqtisadi mənfəət əldə edəcəkdir. Q buraxılış həcmində qiymət EF kəsiyi ölçüsündə orta məsrəfləri ötür və ona görə də firma istehsal etməli və təklif etməlidir. Firmanın əldə etdiyi mənfəətin məbləği ştrixlənmiş sahənin ölçüsünü təşkil edir və ya məhsul vahidi üzrə mənfəətin Q-ə hasili ilə təyin oluna bilər. Qeyd edək ki, uzunmüddətli dövrdə bütün istehsal amilləri dəyişən olduğuna görə burada azalan verim az əhəmiyyətlidir. İstənilən firmanın LMC əyrisi qısamüddətli MC əyrisinə nisbətən daha aşağı meyllidir. Uyğun olaraq, firmanın uzunmüddətli təklif əyrisi LS qısamüddətliyə (S) nisbətən daha aşağı meylli və ya daha elastikdir. Başqa sözlə, qiymətin artması uzunmüddətli dövrdə qısamüddətliyə nisbətən təklifin həcminin daha çox artımına səbəb olur. Çünki firma mümkün olan ən az məsrəflə əlavə buraxılışa istehsal amillərinin adaptasiyası üçün vaxta malik olur.

Uzunmüddətli dövrdə bazar təklif əyrisi qiymətlərin hər bir kəmiyyətində bütün firmaların təkliflərinin həcmlərinin toplanması yolu ilə almır. Lakin burada qısamüddətlidən mühüm fərq uzunmüddətli dövrdə firmaların bazara sərbəst daxil olması və çıxması mümkünlüyüdür. Ona görə də bazarda mövcud olan bütün firmaların buraxılış həcmləri toplanmalıdır.



Şakil 7.9. Qısamüddətli və uzunmüddətli sahə təklif əyriləri

Şəkil 7.9-dan görünür ki, uzunmüddətli dövrdə qiymət PA uzunmüddətli zərərsizlik qiymətindən aşağı səviyyədə olduqda təklifin ümumi həcmi sıfıradək aşağı düşür. Qısamüddətli dövrdə qiymətin PB buraxılışın dayandırılması qiymətinədək azalması təklifin ləğvindən əvvəl baş verməlidir. PA qiyməti PB-dən ona görə yüksəkdir ki, qısamüddətli dövrdə firma yalnız öz dəyişən məsrəflərini ödəyir, lakin uzunmüddətli dövrdə bütün məsrəflərini ödəməlidir. Uzunmüddətli təklif əyrisinin sürüşməsi iki növ dəyişikliklərlə əlaqədardır. Birincisi, uzunmüddətli dövrdə daimi xərclər olmadığı üçün istənilən növ istehsal amilinin qiymətinin dəyişməsi firmanın orta və son məsrəflərinə təsir edir və beləliklə, firma və bütövlükdə bazarın uzunmüddətli təklif əyrisini sürüşdürür. Məsələn, əgər faiz dərəcəsi yüksəkdirsə, bina və avadanlığa qoyulmuş kapitalın alternativ dəyəri də yüksəlir. Uzunmüddətli dövrdə firma məhsul buraxılışının həcmi dəyişdikcə, özünün istehsal binaları və avadanlıqlarında dəyişiklər aparır, nəticədə orta və son məsrəflər artır, uzunmüddətli təklif əyrisi yerini yuxarıya dəyişir. Deməli, bu halda istənilən təklif olunan konkret buraxılış həcmini optimallaşdırmaq üçün məhsulun daha yüksək qiyməti tələb olunacaqdır. Bazar təklif əyrisi bütün firmaların təklif həcmlərinin toplanması ilə təyin edildiyi üçün o da yuxarıya sürüşəcəkdir.

İkincisi, uzunmüddətli məsrəf və təklif əyriləri texnologiyadakı dəyişiklər nəticəsində sürüşürlər. Müəyyən vaxt keçdikdə texnologiyanın yaxşılaşdırılması mövcud miqdarda məhsul həcmini yeni növ maşınlar və yeni açılmış metodlarla, daha kiçik məsrəflərdə istehsal etməyə imkan verir. Resursların verilmiş qiymətində buraxılış həcmini daha az məsrəflə istehsalı texniki tərəqqi (və ya məhsuldarlığın artması) nəticəsində baş verir. Yeni texnologiyanın tətbiqi nəticəsində firma və bütövlükdə bazarın təklif əyriləri yerini aşağıya dəyişdirir. İstehsala yeni texnologiyanın tətbiqi çox vaxt tələb etdiyinə görə uzunmüddətli dövr mühüm əhəmiyyətə malikdir. Qısamüddətli dövrdə firma özünün konkret maşınları və digər daimi amillərinə bağlıdır. Lakin uzunmüddətli dövrdə firmanın fəaliyyəti tamamilə dəyişən texnologiyaya adaptasiya oluna bilir. Əksər sahələr üçün texniki tərəqqi mənfəətliliyin artmasının və biznesdə qalmanın həlledici amili olan əmək məhsuldarlığının yüksəldilməsində mühüm əhəmiyyətə malikdir.

Mükəmməl rəqabətli firmalarda qiymət istehsalçı firmanın son məsrəflərinə bərabərdir. Deməli, istənilən buraxılış həcmində sahə təklif əyrisi, müsbət buraxılış istehsal edən bütün firmaların son məsrəflərini əks etdirir. Təklif əyrisi əlavə məhsul vahidinin ümumi sahə məsrəflərinin artımmı əks etdirir.

Sahənin təklif əyrisi - onun son məsrəflərinin əyrisidir.

Bu nisbət həm qısamüddətli, həmdə uzunmüddətli dövrlərdə doğrudur. Deməli, qısamüddətli təklif əyrisi - sahənin qısamüddətli son məsrəflərinin əyrisi, uzunmüddətli təklif əyrisi isə onun uzunmüddətli son məsrəflərinin əyrisidir.



Əsas anlayışlar.

Mükəmməl rəqabətli firma

Mükəmməl rəqabətli bazar

"Qiymətalan" və "qiymət istehsalçısı"

Optimal müsbət buraxılış

Ümumi şərtlər və ya mənfəətlə yoxlama

Firmanın qısamüddətli təklif əyrisi

Qısamüddətli zərərsizlik qiyməti

Qısamüddətli istehsalın dayandırılması qiyməti

Qısamüddətli bazar təklif əyrisi

Firmanın uzunmüddətli təklif əyrisi

Uzunmüddətli zərərsizlik qiyməti

Texniki tərəqqi

Sahənin son məsrəflər əyrisi



Özünü yoxlama sualları

Mükəmməl rəqabətli firmaların xüsusiyyətləri

Mükəmməl rəqabətli bazarlara tələblər

Qısamüddətli dövrdə firmanın təklif həcmi haqqında qərarlarına təsir edən amillər

Firma və bazarların qısamüddətli təklif əyrisi

Uzunmüddətli dövrdə firma və bazar təklif əyrilərinin xüsusiyyətləri

Uzunmüddətli dövrdə bazar təklif əyrilərinin təyini.

Mövzu 8. Rəqabət və iqtisadi səmərəlilik




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə