Mövzu Mikroiqtisadiyyata giriş


Bazar, onun quruluşu və fəaliyyət mexanizmi



Yüklə 1,15 Mb.
səhifə7/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   2   3   4   5   6   7   8   9   10   ...   37
Mikroiqtisadiyyat- mühazirə

2.1. Bazar, onun quruluşu və fəaliyyət mexanizmi

2.2. Tələb. Tələb funksiyası

2.3. Təklif. Təklif funksiyası

2.4. Tələb və təklifin qarşılıqlı əlaqəsi.

2.5. Bazarın tənzimlənməsi.

2.1. Bazar, onun quruluşu və fəaliyyət mexanizmi.

Bazar anlayışı resursların qiymətlər sistemi vasitəsi ilə bölüşdürülməsinin təhlilində mərkəzi yeri tutur. Bazar alıcılar və satıcıların müəyyən əmtəənin alınıb-satılması üzrə qarşılıqlı əlaqədə olduqları sövdələşmələrin istənilən yığımıdır. Adətən real bazarlarda satılan əmtəə və xidmətlərin hər bir kateqoriyasına bir-birilə tam eyni olmayan nemətlər daxil olur. Lakin bazarlar həmişə oxşar məhsullar məcmuna görə təyin olunur. Bazarlar alıcılar və satıcıların ticarət sövdələşmələrini yerinə yetirmək üçün görüşdükləri xüsusi yerlər (məsələn, iri şəhərlərdə ərzaq bazarları) ola bilər. Bəzi bazarlar (fond birjaları) vasitəçilər və ya maklerlər vasitəsilə fəaliyyət göstərirlər. Qeyd etməliyik ki, qərb ədəbiyyatlarında bazarın çoxlu təriflərinin olmasına baxmayaraq, o, əsasən qarşılıqlı münasibətlərin forması olub, müstəqil qərarlar qəbul edən ayrı-ayrı təsərrüfat subyektləri arasında əlaqələri təcəssüm etdirir. Bazar əmtəələr və xidmətlərin alıcılar və satıcılarının birgə fəaliyyət mexanizmi, başqa sözlə, tələb və təklifin münasibətidir.

Bazar kateqoriyasının dərk edilməsi onun bütün ictimai təkrar istehsal sistemində yerinin nəzərə alınmasını tələb edir. Məlumdur ki, bu sistemə iqtisadi fəaliyyətin istehsal, bölüşdürmə, mübadilə və istehlak sferaları daxildir. Bu halda bazarlar ən müxtəlif formalara malik olur.

Eyni vaxtda, eyni məhsullara eyni qiymət qoyulan bazar mükəmməl sayılır. Amerikan iqtisadçısı Silvermanın fikrincə bunun üçün aşağıdakı şərtlərin olması vacibdir:

- böyük və müntəzəm tələbat;

- təsərrüfat fəaliyyətinin qeyri-məhdud sayda iştirakçılarının olması;

- istehsal amillərinin mütləq mobilliyi;

- alıcılar və satıcılar arasında azad rəqabət;

- rəqabət iştirakçılarında tam informasiyasının olması.

Göstərilən şərtlər həmişə olmadığına görə mükəmməl azad bazar yoxdur, rəqabətli bazar fəaliyyət göstərir. Bazarın fəaliyyət göstərməsi üçün ilk növbədə müxtəlif mülkiyyət formalarının (xüsusi, kooperativ, səhmdar, dövlət və i.a.) olması və bazar infrastrukturunun yaradılması lazımdır. Bazar infrastrukturuna üç əsas ünsür daxildir: əmtəə və xidmətlər bazarı; istehsal amilləri bazarı; maliyyə bazarı.

Əmtəə və xidmətlər bazarı əmtəə birjalarının, topdansatış və pərakəndə satış ticarətinin, marketinq təşkilatlarının yaradılması və fəaliyyət göstərməsini tələb edir.

İstehsal amilləri bazarı torpaq, əmək, kapital kimi istehsal amillərinin alınması və satılmasını nəzərdə tutur. Torpaq dedikdə fermerlər və sahibkarlar tərəfindən istifadə olunan yerlərlə bərabər, onun dərinliklərindən çıxarılan və ya torpaq səthindən yığılan xammalda nəzərdə tutulur. Əmək ixtisasları olmayan fəhlələr, sahibkarlar, idarəedicilər və firma rəhbərləri daxil olmaqla bütün işləyənlərin xidməti kimi başa düşülməlidir. Bu müxtəlif növ işçi qüvvəsinə tələblər və təkliflər formalaşdığı əmək birjasıdır. Əmək birjası eləcədə bütün işçi qüvvəsi ehtiyatmı əks etdirməklə, işsizlərin yenidən hazırlanması, ictimai işlərin təşkili ilə məşğul olur.

İstehsal amili kimi kapital istehsal vasitələri, binalar, tikililər, avadanlıqlar, dəzgahlar, eləcə də onları əldə etmək məqsədilə pul vəsaitlərini də əks etdirir.

Bir sıra qərb ölkələrinin iqtisadçıları əmtəə istehsalı və xidmətləri təşkil edən, onlardan hansının və necə istehsal etmək qərarlarını qəbul edən, öz üzərinə risq götürən, yeni texnika, texnologiya, istehsalın təşkilinin innovasiya metodları, yeni əmtəələri tətbiq edən insanların sahibkarlıq istedadlarını da istehsal amillərinə aid edirlər.

Maliyyə və ya pul bazarı-maliyyə vəsaitlərinə, yəni pul, istiqraz, səhmlərə tələb və təklifləri əks etdirir. Maliyyə bazarında fərdlər və təşkilatlar pul vəsaitləri verir və borc alır. Bir qayda olaraq maliyyə bazarı fond, valyuta birjalarının olmasını nəzərdə tutur. Göstərmək lazımdır ki, bazarın bu üç əsas növləri müxtəlif alt bazarlara (subbazarlara) və bazar seqmentlərinə bölünür. Bütövlükdə bazar zəngin və mürəkkəb struktura malikdir.

Bazarların müxtəlif meyarlara görə təsnifatını vermək olar:

- bazar münasibətləri obyektlərinin iqtisadi təyinatı;

- coğrafi mövqeyi;

- rəqabətin məhdudlaşdırılma dərəcəsi;

- sahələr;

- satışın xarakteri.

Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə istehlak əmtəələri və xidmətləri bazarı, sənaye təyinatlı əmtəələr bazarı, aralıq mallar bazarı, nou-hau bazarı, xammal bazarı, əmək bazarı, qiymətli kağızlar bazarı, gizli bazar, ikinci xammal bazarı və i.a. fərqləndirilir. Coğrafi mövqeyinə görə yerli, milli, dünya bazarları mövcuddur.

Rəqabətin məhdudlaşdırılma dərəcəsinə görə inhisarçı, oliqopoliya, monopsoniya, azad, qarışıq bazarlar fərqləndirilir. Sahələrə görə avtomobil, kompyuter, neft və i.a. bazarlar mövcuddur. Satışın xarakterinə görə topdansatış, pərakəndə satış bazarları ola bilər.

Bazar informasiya, vasitəçilik, qiymət yaradıcı, tənzimlənmə və sağlamlaşdırıcı funksiyaları yerinə yetirir.

İnformasiya funksiyası daima dəyişən qiymətlər, faiz dərəcələri vasitəsilə bazar istehsal iştirakçılarına lazım olan əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiyanın verilməsini nəzərdə tutur.

Əməyin dərin ictimai bölüşdürülməsi şəraitində iqtisadi cəhətdən təcrid edilmiş istehsalçıların bir-birini tapması və öz fəaliyyətlərinin nəticələri ilə tanış etməsi vasitəçilik funksiyası ilə həyata keçirilir. Bazara müxtəlif material və əmək məsrəfli eyni təyinatlı əmtəə və xidmətlər daxil olur. Lakin bazar yalnız ictimai zəruri məsrəfləri nəzərə alır, alıcılar isə yalnız onları ödəməyə hazırdırlar. Deməli, bazar qiymət yaradıcı funksiyanı yerinə yetirir.

Ən mühümü tənzimləmə funksiyasıdır. Bu funksiya bazarın iqtisadiyyatın bütün sferaları və ilk növbədə istehsala təsiri ilə bağlıdır.

Bazar mexanizmi-xeyriyyə sistemi deyildir. O, çox sərtdir. Ona sosial təbəqələşmə, zəiflərə qarşı amansız olmaq xarakterikdir. Bunlar vasitəsilə sağlamlaşdırıcı funksiya yerinə yetirilir.

Bazarın necə fəaliyyət göstərməsini başa düşmək məqsədilə istənilən iqtisadi sistemdə mövcud olan suallara cavab verilməlidir. Deməli, milyonlarla istehlakçılar hansı əmtəələri, hansı miqdarda alacaqlarını, sahibkarlar nəyi və necə istehsal etmək, istehsal amillərinin mülkiyyətçiləri isə kimə və necə satmağı təyin etməlidirlər. Göstərilən bütün subyektlər bazar vasitəsilə sıx əlaqəyə malikdirlər. R.Lipsi, P.Steyner, D.Pervisin ifadəsinə görə "bazar-pyes oynanılan səhnə olub, iqtisadi qərarlar qəbul edənlərin qarşılıqlı əlaqələrini əks etdirir"

Qeyd etmək lazımdır ki, bazar iştirakçılarının fərdi qərarları şəxsi maraqla əlaqədardır və heç də bütövlükdə iqtisadiyyatın müvəffəqiyyətlə fəaliyyət göstərməsinə istiqamətlənməmişdir. Ona görə bütün müstəqil qəbul edilmiş qərarların əlaqələndirilməsini bazar mexanizmi həyata keçirir. O, ayrı-ayrı təsərrüfat subyektlərinin qərarlarmı bir-birinə çatdırmaqla yanaşı, onların qiymət və rəqabət sistemi vasitəsilə əlaqələndirilməsini təmin edir.

Bazar mexanizmi "potensial hərc-mərclik şəraitində" qiymət vasitəsilə qaydaları bərpa edir. Bu halda qiymət istər istehlakçı, istərsə də istehsalçılara bazardakı vəziyyət haqqında məlumat verici vasitə kimi çıxış edir. Qiymət təsərrüfat subyektləri üçün şəxsi maraq baxımından seçdiklərini müqayisə etməyə imkan verən mayak rolunu oynayır. Onun vasitəsilə çoxlu miqdarda fərdi iqtisadi qərarlar yekunlaşdırılır və balanslaşdırılır. Deməli, qiymət bazarda təşkil edici qüvvəyə malikdir.

Bazar mexanizmində rəqabət mühüm əhəmiyyətə malikdir. Rəqabət son nəticədə məhdud olan vəsaitlərdən daha tam və səmərəli istifadə olunmasına səbəb olur. Bu halda həmin ehtiyatlar istehlakçılara lazım olan məhsulları istehsal edən və əmtəə istehsalçıları üçün rentabelli olan sahələrə yönəlir. Zərərlə işləyən müəssisələr az tapılan vəsaitlər almaqdan məhrum edilir. Rəqabət bazar iqtisadiyyatının əsas tənzimləyici və nəzarətedici qüvvəsi hesab edilir.

Bunlarla bərabər, bazar mexanizmi ideal deyildir. Bütün iqtisadi hadisələr kimi bazar da müsbət və mənfi cəhətlərə malikdir.

Bazarın üstünlüklərinə aid edilə bilər:

- bazar ehtiyatları cəmiyyətə ən çox lazım olan əmtəələrin istehsalına yönəltdiyi üçün onların səmərəli bölüşdürülməsi mövcuddur;

- o, məhsul istehsalında ehtiyatların kombinə olunmasının səmərəli üsullarının tətbiqini tələb edir və yeni faydalı istehsal texnologiyasının işlənməsi və tətbiqinə şərait yaradır. Deməli, mövcud ehtiyatlardan ən çox məhsul istehsal etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə imkan verir.

- informasiyaların məhdudluğu şəraitində bazarın səmərəli fəaliyyət göstərmə mümkünlüyü; bu halda qiymət və istehsal xərcləri haqqında məlumatların olması kifayətdir;

- çeviklik, dəyişən şəraitə yüksək uyğunlaşma qabiliyyəti.

Məsələn, 70-ci illərdə enerji daşıyıcılarına qiymətlər artdıqda, bazar alternativ enerji mənbələrinin işlənməsi, vəsaitlərə, ehtiyatlara qənaətedici texnologiyanın tətbiqi kimi tədbirlərin həyata keçirilməsi səbəb olmuşdur.

O, elmi- texniki tədqiqatların nəticələrindən optimal istifadə edir.

Maksimal yüksək mənfəət əldə etmək məqsədilə əmtəə istehsalçıları risk edərək, yeni əmtəələr yaradır, ən yeni texnologiyalar istifadə edir, bu isə rəqiblərə nisbətən müvəqqəti üstünlük əldə edir.

İstehlakçılar və sahibkarların seçmə və fəaliyyət müstəqilliyi. Onlar qərarlar qəbul edilməsi, müxtəlif sövdələşmələrin bağlanması, muzdlu işçi qüvvəsi qəbulu və i.a. üzrə müstəqildirlər.Müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, qeyri-müvazinət hallarının daha tez təshih edilməsi.

Öz məhsullarının rəqabət qabiliyyətini saxlamaq üçün firmalar çeşidi genişləndirməyə, keyfiyyəti yüksəltməyə, xərcləri azaltmağa və i.a. cəhd göstərirlər. Sahədə tələbi düzgün qiymətləndirilmədikdə və tələbdən çox məhsul istehsal edildikdə, bazar buna dərhal reaksiya verir. Məsələn, ağlı-qaralı televizorlardan çox və rəngli televizorlardan az istehsal edildikdə, bazarda rəngli televizorlara qiymət artacaq, müvafiq olaraq alınmış pullar onların buraxılışının artırılmasına yönəldiləcək, ağlı-qaralı televizor istehsalçısı isə istehsalın profilinin dəyişməsinə maraqlı olacaqdır.

Bazarın üstün tərəfləri ilə yanaşı mənfi cəhətləri də mövcuddur:

- bazar təkrar istehsal edilməyən ehtiyatların saxlanılması qabiliyyətinə malik deyildir;

- ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik deyildir. Yalnız qanunvericilik aktları sahibkarları müxtəlif növ ekoloji baxımdan təmiz istehsallarının yaradılmasına vəsait qoymağa məcbur edir;

- bazar bütün insanlara məxsus olan (məsələn, okeanların balıq sərvəti) ehtiyatlardan istifadəni tənzim edə bilmir;

- bazar qəbul edilmiş qərarların potensial neqativ nəticəsini nəzərə almır. Məsələn, 1948-ci ildə şved kimyaçısı P.Müller kənd təsərrüfatı zərər vericilərinə qarşı mübarizə üçün DDT pestisidinin kəşfinə görə Nobel mükafatı almış, lakin yalnız 1960-cı ildə onun canlı orqanizmin gen strukturlarına təsir göstərən çox güclü zəhər olduğu məlum olmuşdur;

- bazar kollektiv istifadə olunan əmtəə və xidmətlərin istehsalı üçün stimul yaratmır (yollar, ictimai nəqliyyat, təhsil, səhiyyə və i.a.);

- insanların əmək və gəlir hüquqlarına təminat vermir, gəlirin ədalətli bölüşdürülməsini təmin etmir. Ona görə də hər bir fərd öz maddi vəziyyətini dəyişmək üçün qərarlar qəbul etməlidir. P.Samuelsonun fikrincə, bazar sistemi kifayət dərəcədə qeyri-bərabərliyi təkrar istehsal edir;

- əsaslı elmi tədqiqatların aparılmasını təmin etmir;

- bazar sosial baxımdan lazım olan əmtəələrin istehsalına deyil, pulu olanların tələbatını ödəməyə istiqamətlənmişdir;

- inflyasiya prosesləri qeyri-müntəzəm inkişafa meyillidir.

Bütün yuxarıda göstərilən, bazar tərəfindən görülməyən vəzifələri yerinə yetirməyi dövlət öz üzərinə götürür. Bütün bazarlar, onların aşkar görünən fərqlərinə baxmayaraq, ümumi başlanğıc iqtisadi mahiyyətə malikdirlər. Məhz tələb və təklif modeli həqiqi vəziyyəti sadələşdirərək, diqqəti həmin mahiyyətin xüsusiyyətlərinə yönəltməyə imkan verir.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə