Mövzu qender nəZƏRİYYƏSİNİn nəZƏRİ metodoloji Əsaslari



Yüklə 74,71 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü74,71 Kb.
#42640


 

 

I-Cİ BÖLMƏ. QENDER VƏ MƏDƏNİYYƏT (NƏZƏRİ ASPEKT) 



 

MÖVZU 1. QENDER NƏZƏRİYYƏSİNİN NƏZƏRİ - METODOLOJİ ƏSASLARI 

 

Qender nəzəriyyəsinin obyektiv yaranma şərtləri. Feminizm qender 



araşdırmalarının ictimai-siyasi və ideya-nəzəri əsası kimi. Feminizmin əsas istiqamətləri 

və ideyaları.  İngilis-amerikan və fransız feminizm istiqamətləri. Qadın bərabərsizliyi 

probleminin həlli ilə bağlı feminizmdəki çatışmazlıqlar. Feminist araşdırmalarındakı 

ziddiyyətlərin aradan qaldırılmasında qender nəzəriyyəsinin rolu. Qender tədqiqatlarının 

obyekt-predmet mahiyyəti. Qender cəmiyyətin sosial strukturunun inteqral göstəricisi 

kimi. Qender şüuru, qender rolu və qender stereotipləri. Qender nəzəriyyəsinin sosial 

praktika üçün əhəmiyyəti. 

 

Cinslərarası münasibət ayrı-ayrı dövrlərdə yaşamış bir sıra mütəfəkkir və 

alimlərin tədqiqat predmeti olmuşdur. Platon, Kant, Hegel, Toynbi, Freyd və bir çox 

başqa filosof, tarixçi, sosioloq və psixoloqlar öz əsərlərində bu mövzuya müxtəlif 

dərəcədə toxunmuşlar. Buna baxmayaraq problemin nəzəri təhlilinin başa çatdığı haqda 

fikir yürütmək hələ tezdir. Son yüz il ərzində ictimai inkişafın xüsusiyyətləri onun həllinə 

tamamilə yeni nöqtədən yanaşmağı tələb edir. Bir tərəfdən, obyektiv olaraq kütləfi şəkil 

almış ictimai istehsalın inkişaf sürəti qadının professional fəaliyyətin ayrı-ayrı sahələrinə 

cəlb olunmasına səbəb oldu. Nəticədə qadınların «intellektual bacarıqsızlığı» barədə 

rəvayətin puçluğu aşkara çıxdı. Bununla da həm kişilik və qadınlıq haqqındakı, həm də 

onların «təbiiliyi» ilə bağlı mövcud təsəvvür şübhə altına alındı. Digər tərəfdən isə, baş 

vermiş  dəyişikliklərlə  əlaqədar olaraq cinslər arasında münasibət probleminə  ənənəvi 

elmi baxışların birtərəfliyi, bununla bağlı mövcud nəzəri fikirlərin ideoloji funksiyası aşkar 

olunmağa başladı. Bu həmçinin ictimai elmlərdə geniş yayılan cinsi münasibətlərin 

təsvirindəki «qalıq prinsipi»nə  də aid idi. Qanunauyğun olaraq məhz həmin problemə 

həsr olunmuş xüsusi bir nəzəriyyənin yaradılması ehtiyacı yarandı. Tədricən sonradan 

Qərbi humanitar elmdə qender adını almış yanaşma təşəkkül tapdı. Qender yanaşması 

özünü feminist təhlilin məntiqi nəticəsi kimi təqdim etdi. 

Feminizmin nə demək olduğunu müəyyənləşdirmədən qender araşdırmalarının 

mahiyyətini anlamaq mümkün deyil. 

Feminizm elə bir mürəkkəb hadisədir ki, o iki aspektdə nəzərdən keçirilməlidir. Bir 

tərəfdən, bu – qadın hüquqları  uğrunda geniş ictimai hərəkat; digər tərəfdən isə – 

müxtəlif sosial-fəlsəfi, sosioloji, psixoloji, kulturoloji və qadının cəmiyyətdəki vəziyyətini 

təhlil edən nəzəriyyə kompleksidir. 

Feminizm ictimai-siyasi hərəkat olaraq uzun inkişaf yolu keçmişdir. XIX əsrin 

ortalarında yaranan feminizmin qadın hərəkatı olaraq əsas tərkib hissələrindən biri ilkin 

mərhələdə ictimai bərabərliklə bağlı olan siyasi tələblər idi. Bu dövr qadın hərəkatının 

«ilk dalğası» adlandırılır və o zaman ABŞ-da, Avropa ölkələrində qadınların 

hüquqlarının kişilərlə bərabər olması tələbi irəli sürülməyə başlamışdı. Bu işdə mühüm 

rolu sufrajizm – qarşısına seçki hüququnun bərabərliyinə nail olmaq məqsədi qoymuş 

hərəkat oynadı. Həmin dövrdə feminizm özünü yalnız ictimai-siyasi hərəkat olaraq 

tanıtmadı. Bu hərəkatın yaranması və inkişaf etməsi qadının cəmiyyətdəki vəziyyəti ilə 

bağlı problemlərə, onun sosial tərəqqidəki roluna, qadın həyatının tarixinə, cinslər 

arasındakı münasibətlərə  və «qadın məsələsi» adlanan axında yerləşən digər 

problemlərə həsr olunmuş ayrı-ayrı elmi əsərlərin yaranmasına səbəb oldu. Hər şeydən 

əvvəl bu Con Stüart Millin («Qadının asılılığı»,  1869), Avqust Bebelin («Qadın və 

sosializm»,  1879), Fridrix Engelsin («Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi», 

1884) və digər müəlliflərin elmi araşdırmaları idi. Məhz qadın tarixi sahəsində elmi 

araşdırmaların, özü də müəllifi qadın – Marqaret Fuller və Şarlotta Perkins Gillman olan 

yazıların meydana gəlməsini xüsusi qeyd etmək lazımdır. Bu yazıları başlanğıcı Meri 




 

 

Uollstonkraftın «Qadın hüquqlarının müdafiəsi» (1792) ilə qoyulmuş feminist klassika 



adlandırmaq düzgün olardı. Qeyd edək ki, feminist ideyaların yaranması  və inkişafını 

əks etdirən belə yazıların meydana gəlməsi lazımi qədər ciddi ideya-nəzəri  əsasların 

mövcudluğu ilə şərtlənir. Onlardan ən əsas və mühümləri aşağıdakılardır. Birincisi, bu – 

Qərbi Avropa ictimai fikrində olduqca geniş yayılmış  və  sərhədləri daxilində insan 

hüquqları  nəzəriyyəsinin inkişaf etdiyi liberal fəlsəfi  ənənədir. Həmin istiqamətin 

görkəmli nümayəndələri və elə baniləri C.Lokk və J.-J Russo idi. İkincisi, feminist 

baxışların başqa bir ideya mənbəyi o zamanlar güclü təsirə malik olan utopik sosializm 

idi. Daha ardıcıl  şərhini o, Ş.Furyenin, A.Sen-Simonun və R.Ouenin əsərlərində aldı. 

«Feminizm» termini Robert Ouen tərəfindən icad olunmuşdu. 

XIX  əsrin sonu – XX əsrin  əvvəlində burjuaziya cəmiyyətindəki sosial-iqtisadi, 

siyasi reallıqlar qadının ictimai həyatın müxtəlif sahələrində mahiyyətcə obyektiv 

iştirakını: kütləvi kapitalist istehsalına siyasi fəaliyyətdə  cəlb olunmasını; təhsilin, 

səhiyyənin inkişafında qadın iştirakının güclənməsini; qadının təhsil alması ilə bağlı 

müxtəlif maneələrin tədricən azalmasını; hüquqi azadlıq və bərabərliyin genişlənməsini 

şərtləndirdi. Bununla da «ilk dalğa» adlanan qadın ictimai hərəkatı  çərçivəsində 

formalaşmış bir sıra müxtəlif tələblər müəyyən dərəcədə yerinə yetirildi. Bu, XX əsrin 

ortalarına yaxın feminist hərəkatın tədricən zəifləməsinə səbəb oldu. Yalnız XX yüzilliyin 

70-ci illərinin sonunda qadın ictimai-siyasi hərəkatı kütləvi xarakter alaraq öz «ikinci 

dalğası»nın zirvəsinə çatdı. 

Feminizmin tərkib hissəsi olan nəzəri araşdırmalara gəldikdə isə  aşağıdakıları 

qeyd etməliyik.  

XX  əsrin ilk onillikləri məhz qadın baxışı mövqeyindən yazılmış  və cinslərin 

münasibətləri, qadın psixologiyası problemlərinə dair yeni əsərlərin yaranması ilə seçildi 

ki, bu yazılar feminist nəzəriyyənin inkişafına qiymətsiz xidmət göstərdi. Bu – Lili Braun, 

Karen Horni, Aleksandra Kollontay və başqalarının kitabları idi. Eyni zamanda təhsil 

müəssisələrində qadın problemləri üzrə tədris kurslarının tətbiqi də müşahidə olunurdu. 

Məsələn,  1900-cü ildən  1905-ci ilə  qədər Parisdə Azad sosial elmlər kollecində 

qadınlığın formalaşmasında sosial şəraitin rolunu təhlil edən fəlsəfi, sosioloji və tarixi 

baxışları birləşdirən fənlərarası kurs tədris olunurdu. 

Qadın hərəkatında olduğu kimi qadın tədqiqatlarında da 60-cı illərin ortalarına 

qədər davam edən müəyyən bir zəifləmə müşahidə edilirdi. Buna baxmayaraq həmin 

dövrdə Amerika tədqiqatçısı Meri Birdin («Amerika və qadınlar qadının gözü ilə», 1933; 

«Cins və temperament üç ibtidai cəmiyyətdə»,  1935; «Qadın tarixdə bir qüvvə kimi», 

1946; «Kişilər və qadınlar»,  1949), fransız filosofu Simona de Bovuarın («İkinci cins», 

1949) və ingilis yazıçısı Virciniya Vulfun («Üç gineya», 1938; «Öz otağı», 1929) yazıları 

çıxmışdı ki, onlar XX əsrin ikinci yarısında feminist fikrinə mühüm təsir göstərdi. 

Feminist hərəkatının 60-cı illərin ortalarında qalxmış «ikinci dalğası» feminist 

ideologiyasının inkişafında keyfiyyətcə yeni bir mərhələ oldu. Qadınlara qarşı 

münasibətdə qeyri-bərabərliyin nə olduğu və bu qeyri-bərabərliyin necə aradan qaldırıla 

biləcəyinin nədən ibarət olduğunun izahı ilə bağlı yanaşmaların rəngarəngliyi feminist 

ideologiyasının da istiqamət rəngarəngliyinə  səbəb oldu. İndi onlardan ən  əsaslarını 

nəzərdən keçirək. 

Başlanğıcını sufrajizmdən götürən liberal feminizm islahatçı meyilli qadın hərəkatı 

ideologiyası olaraq özünü 60-jı illərdə Amerika və Avropada təsdiq etdi. Liberal 

feminizm hesab edir ki, qadın qeyri-bərabərliyi ona kişi ilə  bərabər hüquqların 

verilməsindən imtina və onun həmin hüquqlar uğrunda müstəqil mübarizədəki ətaləti ilə 

izah olunur. Liberal feminizm qadınlar üçün hər  şeydən qabaq mülki hüquqların  əldə 

olunması sahəsində həqiqətən bərabər şərait təmin edən islahatların keçirilməsini tələb 

edir. Bu zaman məqsədyönlü, ünvanlı sosial siyasət qadınların mülki hüquq və iqtisadi 

imkan təminatının səmərəli bir üsulu olaraq nəzərdən keçirilir. Belə siyasətin özülü kimi 

liberal feminizm idrak və biliyin qüdrətini əsas götürür.  



 

 

Liberal yönlü islahatlar praktikada doğrudan da qadınlar üçün imkanların 



müəyyən dərəcədə genişlənməsinə  və qadın hüquqları ilə bağlı müvafiq ictimai fikrin 

formalaşmasına nail oldu. Bununla liberal feminizmə qadın hərəkatının  ən populyar 

istiqaməti kimi yanaşmaq imkanı ortalığa çıxdı. Lakin liberal islahatlar bütün qadınlar 

üçün bərabərliyi təmin edə bilməzdi, çünki sosial bərabərsizlik hər hansı  cəmiyyətdə 

saxlanılır; onun sinfi, irqi, etnik və digər bərabərsizliklər kimi təzahürünü isə  təkcə 

islahatla aradan qaldırmaq mümkün deyil. Lakin hər  şeydən  əvvəl qadınların iqtisadi 

müstəqilliyinə nail olan liberal feminizm cəmiyyətdə onlardan əsasən qadın və ana 

rolunun gözlənməsini aradan qaldıra bilmədi. 

Qadın bərabərsizliyini və qadın əsarətini təhlil edən sosial feminizm isə diqqətini 

əməyin kapitalist təşkilinin tənqidində; kasıbların feminizasiyasında; ödənişsiz qadın 

əməyində; ictimai istehsalatda məşğul olan qadınların ikili iş günündə; qadının işçi 

olaraq ikinci dərəcəli statusunun formalaşmasında; qadınlar arasındakı sinfi 

təbəqələşmədə; qadının ziddiyyətli sinfi statusunda (bir tərəfdən, ərinin statusunun ona 

aid olması; digər tərəfdən – onun bir işçi kimi tutduğu sosial-sinfi mövqe); qadınların 

sosiallaşması ilə bağlı stereotiplərdə  və sosial-rol nöqteyi-nəzərindən onların kişilərlə 

müqayisədə qeyri-bərabər vəziyyətində cəmlədi. 

Əsas fikrini qadın problemlərinin  ən mühüm aspektinə yönəldən sosial 

feminizmin qadın bərabərsizliyinin sosial-iqtisadi səbəblərinin açılmasında da böyük 

xidmətləri vardır. Ancaq həyat göstərdi ki, qadının vəziyyəti təkcə kapitalist istehsal 

üsulu və buna müvafiq sosial-iqtisadi amillərlə bağlı deyil. Və bir çox sosialmədəni və 

psixoloji məzmuna malik problemlər kompleksi də sosial feminist təhlilindən kənarda 

qaldı. 


Feminist ideologiyasının qadın hərəkatının «ikinci dalğası» illərində geniş yayılan 

başqa bir istiqaməti radikal feminizm oldu ki, onu fərqləndirən  əsas cəhət qadın 

bərabərsizliyinə bioloji determinizm nöqteyi-nəzərindən yanaşmaq idi. Liberal 

feminizmin qadının vəziyyətini  ədalətli qanunvericilik islahatlarının köməkliyi ilə 

dəyişməyin mümkünlüyü barədə ideyasını inkar edən radikal feminizm seksuallığın 

yenidən təşkilini qadının  əsarət və istismarının ləğvi üçün əsasverici  şərt olaraq 

nəzərdən keçirirdi. O, cinslərin bioloji fərqini və qadınla kişinin bərabərliyinin 

mümkünsüzlüyünü həmin problemin həlli üçün əsas götürürdü. 

Radikal feminizm insan cəmiyyətində  ən birinci və  ən geniş yayılan istismar 

formasının qadın əsarəti olması fikrinə söykənir. Bu fikir onunla təsdiqlənir ki, tarixən ilk 

əsarətə düşən qrup qadınlar olmuşdur; qadın əsarəti beynəlxalq xarakter daşıyır və ən 

çətin ləğv oluna bilən istismar formasıdır; nəhayət, qadın istismarını digər istismar 

formalarını  tədqiq edərkən konseptual model kimi nəzərdən keçirmək mümkündür. 

Radikal feminist nəzər nöqtəsinə  əsasən qadın istismarının  əsas kanalı – həmişə kişi 

dominasiyası imkanı yaradan kişi nəzarətidir. Radikal feminizm həmçinin bu 

dominasiyanı  həyata keçirən müxtəlif sosial institutların (dövlət, ailə, din və s.) rolunu 

araşdırır. Cəmiyyəti cinslərin fərqi və ziddiyyətləri mövqeyindən təhlil edərək, radikal 

istiqamət onu iki müxtəlif qütblü – texnoloji və estetik mədəniyyət modeli arasında kişi 

davranışını  əks etdirən birincisinin təsdiq olunduğu «kişi cəmiyyəti» kimi 

səciyyələndirirdi. Bu istiqamətin ayrı-ayrı nümayəndələri tərəfindən qadın bərabərsizliyi 

probleminə baxışların radikallıq dərəcəsindən asılı olaraq, yaranmış  şəraitdən müxtəlif 

çıxış variantları  təklif olunurdu: cinslər arasında münasibəti dəyişmək məqsədi güdən 

feminist inqilabı; qadının kişi cəmiyyətindən ayrılmasına əsaslanan feminist separatizmi; 

kişi mədəniyyətinin qadın mədəniyyəti ilə  əvəz olunması; iki mədəniyyət modelini 

birləşdirən mədəniyyətin yaranması  və s. Hər bir variantda radikal feminizm öz 

vəzifəsini cəmiyyətin kişi dominasiyasının aradan qaldırılması, seksuallığın yenidən 

təşkili və  cəmiyyətin mənəvi  əsasının dəyişməsini nəzərdə tutan transformasiyasında 

görürdü.  Əks halda cəmiyyətin olduqca sönük inkişaf perspektivi proqnozlaşdırılır: 




 

 

totalitar rejimlərin hökmranlıq etməsi; atom müharibələri; ekoloji kataklizmlər və son 



nəticədə bəşəriyyətin məhvi. 

Qadın mədəniyyətinin inkişafında radikal feminizmin mühüm xidmətləri vardır. 

Qadın məkanında feminizmin məhz bu istiqamətinin təsiri ilə feminist incəsənəti, 

ekologiya, analıq, reproduksiya öz inkişafı üçün güclü təkan aldı. Radikal feminist 

hərəkatının təşəbbüsü ilə yaradılmış qadın kooperativləri, klinikalar, klublar, sığıncaqlar 

kişiləri hakimiyyətdən və imtiyazlardan məhrum etmək məqsədi ilə  ədəbiyyatda, 

musiqidə, tibbdə  və  hətta məşğulluq və texnologiya sahəsində belə feminist 

alternativinin yaranmasına təsir etmişdi. Radikal feminizm ictimai şüurun liberallaşması 

və cinslərə münasibətdə yeni şərhlərin yaranmasına da əhəmiyyətli dərəcədə  təsir 

göstərdi. Radikal feminizmin cəmiyyətin bir çox sahələrinə  təsir göstərməsinə 

baxmayaraq, o, feminizmin əsas istiqamətinə çevrilmədi. Radikal feminizmin 

çatışmazlıqları  hər  şeydən  əvvəl onda idi ki, əsas diqqəti qadın biologiyasının 

dəyişməzliyinə yönəldərək özünün qadına qarşı  sırf ümumiləşmiş baxışında irqi və 

sosial-sinfi fərqlərin təsirini nəzərə almırdı. Bundan başqa, kişi və qadını onların 

təbiətinin təqdiri (kişilərin təcavüzkarlığı  və yarış  həvəsi; qadınların ehtiraslılığı  və 

qayğıkeşliyi) baxımından nəzərdən keçirərək radikal feminizm qeyri-iradi olaraq aradan 

qaldırmaq və dağıtmaq istədiyi stereotipləri absolyutlaşdırmağa başladı. 

Feminist ideologiyasının digər bir istiqaməti olan psixoanalitik feminizm 60-cı 

illərdə bəzi sol meyilli feminizm nəzəriyyəçilərinin sinfi analoqlar cəmiyyətində cinslərin 

nisbətini izah etmək üçün az olması və insan psixikasının daha dərin kəsimlərini tədqiq 

etmək məqsədi ilə psixoanalizə müraciət etməsi nəticəsində yarandı. Feminizmin 

psixoanalitik nəzəriyyəsi olduqca ziddiyyətli şəraitdə formalaşırdı. Elmdə psixoanalizdən 

qadınların asılılığı  və passivliyini əsaslandırmaq və möhkəmləndirmək məqsədi ilə 

istifadə etmək ənənəsi təşəkkül tapdığı üçün feministlər bu nəzəriyyəyə əvvəlcə tənqidi 

yanaşdılar. Hər  şeydən  əvvəl bu, Freydin qadının asılılığı, irrasionallığı, emosionallığı, 

passivliyi haqda fikirlərindən doğan feminist tənqid ilə bağlı idi. Buna görə də ilkin olaraq 

psixoanaliz feministlər tərəfindən (Simona de Bovuar, Betti Fridan, Keyt Millet) qadına 

təzyiq aləti kimi nəzərdən keçirilirdi. Lakin tədricən feminist ideologiyasının bəzi 

nümayəndələri psixoanalizin faydasını anlamağa başladı, çünki psixikanın qeyri-şüuri 

sahələrinə yol açaraq o, qadına öz həyatının həm şəxsi, həm də sosial-siyasi ölçüsünü 

daha dərindən anlamağa imkan verirdi. Psixodinamikanın  şəxsiyyətlərarası  və digər 

sosial münasibətlərin xarakterinə  təsirini açaraq, psixoanaliz təfəkkür və emosiyaların 

formalaşma mexanizmini başa düşməyə, qadının bir tabeçi olaraq mövqeyinin 

transformasiyasını anlamağa kömək edirdi. Bu istiqamətin nümayəndələri Freyddə 

qadın asılılığının  əsaslandırılmasını yox, istismardan azad olmaq üçün qadının 

transformasiya etdiyi patriarxat mədəniyyətinin daxilində baş verən proseslərin təsvirini 

axtarırdılar. Psixoanalitik feminizmdə ingilis-amerikan və fransız yanaşmaları adlanan 

nəzər nöqtələri formalaşdı. ABŞ-da  ən sanballı sayılan Doroti Dinnerstayn və Nensi 

Xodorovun nəzəriyyəsidir ki, Britaniya məktəbinin obyekt münasibətləri  ənənələri 

əsasında formalaşmışdır.  Ən ümumi görünüşdə bu nəzəriyyənin mahiyyəti ondan 

ibarətdir ki, uşağın  əsasən ana tərəfindən tərbiyə olunması kişilərdə qeyri-iradi olaraq 

tədricən təkcə qadın asılılığından azad olmaq və hər şeyə qadir qadın-ana qarşısında 

qorxu hissinin formalaşmasına deyil, həm də qadını özünə tabe etmək, öz 

dominasiyasını  təmin etmək, qadına münasibətdə  həmişə üstün vəziyyətdə olmaq 

cəhdinə  gətirib çıxarır. Feminist psixoanalizinin fransız cərəyanı Lakanın, Yuliya 

Kristevanın və Lyuis İriqareyin adları ilə bağlıdır. Bu cərəyan çərçivəsində seksuallığın 

linqvistik strukturu, cinsi fərqlərin silinməsi, qadının hər növ qeydə alınmış eyniləşmədən 

imtina etməsi və s. problemlər araşdırılır. Tam müəyyən olunmuş 

özünəməxsusluqlarına baxmayaraq, psixoanalitik feminizmin bütün cərəyanları son 

nəticədə qeyri-şüuri səviyyədə  əzilmə prosesinin dərk olunması  və sonradan şəklini 

dəyişməsi kimi ümumi bir problemdə cəmlənir.  



 

 

Psixoanalitik feminizmin əsas çatışmazlıqları onun universalizm iddiasında 



olmasından, qadın subordinasiyasının mədəni-tarixi, sosial-mədəni və siyasi-iqtisadi 

formalaşma  şəraitinə  məhəl qoymamasından ibarətdir. Feminist ideologiyasının digər 

istiqamətlərindən fərqli olaraq, feminist psixoanaliz ayrıca feminist ictimai hərəkatı 

(Fransada «Psixoanaliz və siyasət» qrupu istisna olmaqla) üçün əsas rolunu oynamadı. 

Eyni zamanda psixoanalizin feminist şərhi feminizmdən 80-90-cı illərin postmodernist 

konsepsiyalarına keçid üçün nəzəri əhəmiyyətə malik idi. 

Feminizmin yuxarıda araşdırdığımız təhlili göstərir ki, rəngarəng nəzəri 

istiqamətlərinə və ayrı-ayrı ictimai-siyasi hərəkatlar şəklindəki praktiki ifadə formalarına 

baxmayaraq, o, qadın bərabərsizliyi problemini əsaslı surətdə  həll edə bilmədi.  İlk 

növbədə bu, feminizmin feminist araşdırmaları prosesində müəyyyən edilmiş, öz sosial 

tərkibinə görə qeyri-həmcins və  təbəqələşmiş olan bütün qadın  əhalisinin maraqlarını 

əks etdirmək kimi obyektiv bacarıqsızlığı ilə ilə izah olunur. Müasir cəmiyyət onunla 

səciyyələnir ki, şəxsiyyətin eyniliyi və buna müvafiq olaraq həmin  şəxsiyyətin 

cəmiyyətdə tutduğu yer bu və ya başqa cinsə aidliyindən savayı həm də və hər şeydən 

əvvəl onun təhsil səviyyəsi, ixtisası, əməyin mövcud bölgü sistemindəki yeri, maddi rifah 

səviyyəsi, hakimiyyətə yaxınlığı, sinfi və etnik mənşəyi, ailə vəziyyəti, hansı dinə etiqad 

etməsi və başqa amillərlə, həmçinin həmin amillərin qarşılıqlı əlaqəsi və onların sosial 

sabitliyə  təsir xüsusiyyəti ilə müəyyən olunur. Feminizm isə  həmin xüsusiyyətləri 

hərtərəfli təhlil etmək və nəzərə almaq üçün elmi alət təklif edə bilmədi. 

Bununla belə feminist tədqiqatların obyektiv gedişi və qadın bərabərsizliyi 

problemində feminist təhlilin tətbiqi «qender» adlanan elmi kateqoriyanın yaranması və 

bununla  əlaqədar elmi tədqiqatın müstəqil bir sahəsi olan qender araşdırmalarının 

meydana çıxmasına səbəb oldu. Məhz qender araşdırmaları qadın probleminin feminist 

təhlilindəki ziddiyyətləri həll etməli və onun çatışmazlıqlarını aradan qaldırmalı idi. Elmi 

təhlil kateqoriyası olaraq qender, birincisi, qadının cəmiyyətdəki vəziyyətindən doğan 

çoxsaylı sosiomədəni fərqləri, ikincisi isə onların mədəniyyətdən çıxarılma məntiqini 

açmalı və izah etməli idi. 

«Qender» anlayışı bioloji və sosial cinslər arasındakı  fərqin dərk olunması 

nəticəsində yaranmışdır. Bioloji cins (ingilis dilində «sex») insanların anatomik-bioloji 

xüsusiyyətlərinin (əsasən reproduktiv sistemdə) toplusudur ki, onun əsasında insanlar 

bir-birini kişi və qadın olaraq eyniləşdirir. Bu anlayışı  təkcə kişi ilə qadın arasındakı 

bilavasitə bioloji fərqdən doğan xarakteristikaya aid etmək lazımdır. Sosioloji cinsə 

(ingiliscə «qender») bir növ cəmiyyətin fizioloji reallıq üzərində qurduğu mürəkkəb 

sosiomədəni konstrukt kimi yanaşmaq gərəkdir. Bu məhfum (qender) mürəkkəb 

sosiomədəni prosesi əks etdirir ki, onun hüdudları  çərçivəsində kişi və qadının 

cəmiyyətdə rolundakı, müvafiq davranış növündəki, «kişi» və «qadın» arasındakı 

mental və emosional xarakteristikalardakı fərqlər və, nəhayət, həmin prosesin bilavasitə 

nəticəsi – qenderin sosial konstruktur həyata keçirilir. Belə yanaşmada qender kişi və 

qadın arasında sosial münasibətin təşkil modeli kimi çıxış edir və  təkcə ailədəki 

şəxsiyyətlərarası ünsiyyəti deyil, həm də  cəmiyyətin digər sosial institutlarındakı ayrı-

ayrı əlaqə və təsirləri əks etdirir. Bu, qenderi cəmiyyətin sosial sistemini nizamlayan ən 

mühüm sosial struktur göstəricilərindən biri olaraq nəzərdən keçirməyə imkan verir. 

Cins  əlamətinə  əsaslanan sosial struktur fərdi səviyyədə qender şüurunun sosial 

yenidən istehsalının fəal iştirakı ilə dəstəklənir. Həmin prosesdə mühüm rolu hökmranlıq 

və hakimiyyət münasibətləri oynayır. Məhz onlar cəmiyyətdə qender bərabərsizliyinin 

özünəməxsus büruzə forması  və eyni zamanda şəxsiyyətin, və ilk növbədə qadının 

əzilməsinin səbəbi rolunda çıxış edir. Patriarxat cəmiyyətdə «kişi» və «qadın» rollarının, 

ixtisaslarının, məşğuliyyətlərinin və xarakterin xüsusiyyətləri ilə bağlı sabit anlayışlar 

sistemi mövcuddur. Bu zaman nəyin «kişi»yə, nəyinsə «qadın»a aid olduğu barədə 

müəyyən cərgəli, sabit təsəvvürlər meydana çıxır. Bunun əsasında kişi və qadın 

arasında sosial funksiyalar bölünür, həmçinin fərdlərin davranışında müəyyən cinsi 



 

 

rolun yerinə yetirilməsini bildirən normalaşma sistemi qurulur. Həm kişi, həm də qadın 



cəmiyyətdə onun müəyyənləşmiş rolunun gözlənildiyi obyektə çevrilir. «Bu mənada kişi 

və ya qadın olmaq heç də müəyyən təbii keyfiyyətlərə malik olmaq yox, bu ya digər 

sosiocins rolunun yerinə yetirilməsi deməkdir» (Feminizm: perspektivı soüialğnoqo 

znaniə. M., 1992). Üstəlik «cinslə  əlaqəsi olmayan bir çox fenomenlər (təbiət və 

mədəniyyət, həssaslıq və rasionallıq, ilahi və dünyəvi, mənəvi və cismani) müəyyən 

mədəni-simvolik cərgədən sonra «kişi» və «qadın»lıqla eyniləşdirilir və beləliklə həmin 

cütlüklərin içərisində özünəməxsus iyerarxiya yaranır» (Klimenkova Q.A. Filosofskie 

problemı neofeminizma 70-x.// Voprosı filosofii, № 2, 1989). Bu zaman «kişi»yə aid 

olanlar üstün kimi müəyyən edilir. Ümumbəşəri normativ «kişi»yə aid kimi qəbul edilir, 

normadan kənarlaşma onun neqativ şəkillərində isə «qadın»a aid edilir. 

   Müasir  mədəniyyətdə androsentrizmin təqdim etdiyi «kişi» və «qadın»lığın 

xarakteristikaları assimmetrikdir və cinsi-rol münasibətlərinin nisbətən sabit qavrayış 

stereotipləri sistemini yaradır. Qender stereotipi deyərkən «davranış modelləri və «kişi» 

və «qadın» barədəki anlayışlara müvafiq olan xarakterik əlamətlər haqda 

standartlaşdırılmış  təsəvvürlər» nəzərdə tutulur (Voronina S., Klimenkova T. Qender i 

kulğtura.// Jenşina i soüialğnaə politika (qendernıy aspekt), M., 1992). 

Qender stereotipləri insana ömrü boyu təsir göstərir. Ailə, uşaq bağçası, məktəb 

– bütün bu sosiallaşma institutları  ənənəvi qender stereotiplərini tətbiq edir. Məktəb 

proqramları, ədəbi obrazlar, predmetlərin bölünmə sistemi, öyrədici proqramların mətni 

və  bədii ifadə dili, müəllimlərin davranışı – ənənəvi məktəb təliminin bütün bu 

parametrləri qızları fəal şəxsi karyeraya münasibətdə ikinci plana keçməyə sövq edərək, 

qender stereotipləri assimmetriyasını formalaşdırmaqda davam edir. Valideynlərin 

oğulun və  qızın tərbiyəsinə  və  təhsilinə baxışı da tam fərqlidir.  Əgər oğlandan yüksək 

qiymət, sonradan təhsilini davam etdirmək və karyera pilləsi üzrə irəliləmək tələb 

edilirsə, məktəbdə  qızın aldığı qiymətlərə  səthi yanaşılır və orta səviyyəyə  də qane 

olurlar. 

Qender rolları  və stereotipləri problemi əməyin mövcud bölünmə sistemi ilə  sıx 

surətdə bağlıdır. Əməyin cinsə görə bölümü və kişi və qadın əməyinin sosial əhəmiyyəti 

ilə bağlı ictimai qavrayış ona səbəb oldu ki, ikili əmək yükünə baxmayaraq, qadın öz 

əməyinin adekvat qiymətləndiriləcəyinə (nə maddi, nə  də sosial münasibətdə) arxayın 

ola bilməz. Buna baxmayaraq müasir cəmiyyətin reallıqları  əməyin bu cür bölümünə 

ciddi ehtiyacın olmasını inkar edir. Bir çox qadınlar ictimai istehsalda, ödənişli məşğulluq 

sahəsində  iştirak edir, kişilər isə öz növbəsində əksər hallarda yeganə ailə dolandıran 

statusunu itirir. 

Dediklərimizə yekun vuraraq aşağıdakıları qeyd edə bilərik. Bir tərəfdən, feminist 

araşdırmaların məntiqi davamı olan, digər tərəfdən isə – bir sıra sosiomədəni proseslərə 

yeni baxış kontekstində sosial bərabərsizlik probleminin keyfiyyətcə  və prinsipcə yeni 

həll mərhələsi olan qender araşdırmalarının meydana gəlməsi bir neçə  səbəblə 

şərtlənir. Birincisi, qender nəzəriyyəsinin mühüm tərkib hissəsi olan sosial cins 

konsepsiyası insanda sosial başlanğıcı lazımi qədər səmərəli  şəkildə  tədqiq etmək və 

«kişi» və «qadın» rol toplusunun şərtlənmə dərəcəsini sosiumun xüsusiyyətləri ilə aşkar 

etmək imkanı verir. İkincisi, qender metodologiyası istehsalat və ailə sosial rollarının 

birləşməsindəki sosial-iqtisadi ziddiyyət mexanizmini açır, bu ziddiyyətin istiqamətini və 

həlli yollarını müəyyən edir, həmin prosesdə kişinin və qadının iştirak dərəcəsini ortalığa 

çıxarır. Üçüncüsü, qender nəzəriyyəsinin yaranması  cəmiyyətdə o fikrin tədricən 

formalaşması ilə bağlıdır ki, sosial siyasətdə qadına qarşı proteksionizmin feminizmdə 

mühüm nailiyyət olaraq müasir şəraitdə onun qeyri-bərabər vəziyyətinin guya aradan 

qaldırıldığını göstərir və mahiyyətcə qadına qarşı  həmişə qeyri-obyektiv münasibət 

yaradır. Bununla bağlı olaraq sosial bərabər imkan mühitinin formalaşması üçün şəraitin 

yaradılmasına yönələn yeni siyasətin nəzəri-metodoloji  əsaslarının işlənməsi vacibliyi 

duyulur. Dördüncüsü, qender araşdırmaları obyektiv olaraq əsas qayəsi hər bir şəxsin 



 

 

süverenliyi və  bərabərhüquqlu inkişafı olan ictimai həyatın bütün dünyada 



demokratikləşməsi və humanistləşdirilməsi meyli ilə birləşir. Prinsipcə yeni olan bu 

nəzəriyyənin  əhəmiyyəti hər  şeydən  əvvəl insan cəmiyyətinin bütün nümayəndələrinin 

harmonik yaşaması üçün əlverişli  şəraitin yaranması yollarının elmi axtarışında və 

əsaslandırılmasındadır. 



 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 

 

1.  Əli Seyidabas oqlu, Rəna Seyidrza qızı. Qender tadqiqatları./Cəmiyyətdə cinslərin 

sosial rolları və qarşılıqlı munasibətinin bəzi fəlsəfi problemləri.- B., 1999 

2.  Здравомыслова  Е.,  Темкина  А.  Социальное  конструирование  гендера  как 

феминистская  теория. - В  кн.:  Женщина.  Гендер.  Культура./Под  ред. 

З.А.Хоткина. - М., 1899 

3.  Клименкова  Т.А.  Философские  проблемы  неофеминизма 70-х  г. // Вопросы 

философии. № 2, 1989 

4.  Машика Т.В. Занятость женщин и материнство. – М., 1989 

5.  Пол  женщины. /Сборник  статей  по  гендерным  исследованиям.  Под  ред . С . 

Шакировой, М. Сеитовой . - Алматы , 2000  

6.  Феминизм и гендерные исследования, /Хрестоматия. Под ред. В. И. Успенской. 

- Тверь, 1999 

7.  Феминизм: перспективы социального знания. – М., 1992 

8.  Шаповаленко  М.  Теория  и  практика  политической  деятельности  феминизма. 

/Теория  и  история  феминизма.  Курс  лекций.  Под  ред.  И.Жеребкиной. - 

Харьков, 1996 

9.  Эллиот  П.,  Мендел  Н.  Теория  феминизма. /Гендерные  исследования: 

феминистская  методология  в  социальных  науках.  Под  ред.  И.Жеребкиной.- 

Харьков, 1998 

10. Энгельс  Ф.  Происхождение  семьи,  частной  собственности  и  государства. 

/Маркс К., Энгельс Ф. Собр. соч., т. 21. 



 

Yüklə 74,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə