Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə10/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   ...   4   5   6   7   8   9   10   11   12
Yaş psixologiyası

2/Təlim vəzifələri. Bu uşağın dərsdə və yaxud evdə yerinə yetirdiyi konkret tapşırıqlar deyil, o, tam, qaydalı şəkildə tapşırıqlar sistemidir. Onların yerinə yetirilməsi nəticəsində müəyyən elm sahələrindəki vəzifələrin həlli yolları tapılır. Təlim fəaliyyətinin formalaşmasında əsas məsələ məktəb- lini konkret tapşırıqların həllində düzgün nəticə əldə etməsinə yönəltməkdir.

3/Təlim işləri şərtlərin ümumi qəbulu və onlardan istifadə formalarıdır ki, məktəblilər məsələlərin ümumi həllini tapır və onu mənimsəyirlər.

4/Təlim işlərinin düzgün seçilməsi və onların tam yerinə yetirilməsi funksiyası nəzarətdən asılıdır.

5/ Qiymətin mahiyyəti tapşırılmış təlim işlərinin nə dərəcədə tam şəkildə müəyyən edilməsindən asılıdır.

Beləliklə, təlim fəaliyyətinin formalaşdırılması müəllimlə birgə iş prosesində həyata keçirilir. Məktəbə gələn uşaq oxuya bilmir. İlk əvvəl hər şeyi müəllim edir: məqsəd qoyur, təlim işlərinin həll etmə nümunələrini nümayiş etdirir, hər bir təlim işinin yerinə yetirilməsinin gedişinə nəzarət edir və hər bir məktəblinin icra etdiyi təlim tapşırıqlarını qiymətləndirir. Tədricən müəllim məktəblini ayrı-ayrı element- lərin sərbəst həllini yönəldilmiş təlim fəaliyyətinin strukturuna daxil edir.
MÖVZU 13. YENİYETMƏLİK YAŞIN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

PLAN:

1. Yeniyetməlik yaş dövrünün inkişaf xüsusiyyətləri

2. Yeniyetməlik yaş dövründə aparıcı fəaliyyət

3. Yeniyetməlik yaş dövründə ünsiyyətin xüsusiyyətləri


2. Yeniyetməlik yaş dövründə aparıcı fəaliyyət təlim fəaliyyətidir. Təlim fəaliyyətində yeniyetmə biliklərin əsasını mənimsəyərkən onun həyat təcrü- bəsi artır, dünyagörüşü elmi xarakter daşımaqla maraqları geniş, dərin məzmunlu və sabit olmağa başlayır. Təlimdə yeniyetmələrin tədris fənlərinə seçici münasibəti formalaşır. Belə ki, şagird gələcəkdə hansı sahədə mütəxəssis olmağa hazırlaşırsa, bununla əlaqədar fənnlərə daha çox maraq göstərir. Yeniyetmələr əmək və oyun fəaliyyəti ilə də məşğul olurlar. Onlar müxtəlif oyunları sevir, stolüstü oyunlarla daha çox maraqlanırlar. Yeniyet- mələr əmək fəaliyyətində əzmlə iştirak edirlər, onlar özünəxidmət əməyi ilə məşğul olur, məktəbin həyətyanı sahəsində işləyir və ətraf mühitin yaşıllaş- dırılmasında fəal surətdə iştirak edirlər.Beləliklə, təlim fəaliyyətinin təsiri altında yeniyetmələrin idrak proseslərinin inkişafında da əsaslı dəyişikliklər baş verir.

Yeniyetməlik dövründə məktəblinin idrak fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaranır. Yeniyetməlik dövründə qavrayış çox sürətlə inkişaf edir. Bu dövrdə yeniyetmənin qavrayışı hərtərəfli, seçici xarakter daşıyır. Qavrayışın həcmi genişlənir. Onun qavrayışı ən çox maraqlandığı cisim və hadisələrlə bağlı olur: nə ilə çox maraqlanırsa, onu da yaxşı qavrayır, maraqlanmadığı sahədə qavrayışı da səthi olur. Yeniyetmədə zaman, məkan və hərəkət qavrayışı nəzərə çarpacaq dərəcədə inkişaf edir. Yeniyetmənin hafizəsində yeni ilkin xüsusiyyətlərə təsadüf edilir. Yeniyetmə hafizəsini tənzim və idarə etməyi bacarır, yaddasaxlamanın səmərəli üsullarından şüurlu surətdə istifadə edir, öyrənəcəyi materialı müqayisə edir, sistem- ləşdirir.

Tədricən şagirdlərdə mənalı yaddasaxlama və yadasalmanın üstünlüyü barədə əqidə yaranır. Yaddasaxlama üsullarından yeniyetmə heç də həmişə düzgün istifadə edə bilmir. Belə ki, kitaba baxanda o, hər şeyi bildiyini zənn edir, müəllim isə ondan kitaba baxmadan danışmağı tələb etdikdə məlum olur ki, yeniyetmə materialı yaxşı öyrənməmişdir.Yeniyetməlik yaşında şagirdlərin diqqətinin inkişafında da müəyyən səciyyəvi xüsusiyyətlər müşahidə olunur. Yeniyetmədə sabit, ixtiyari diqqətlə yanaşı, diqqətin tez yayınması hallarına da təsadüf edilir. Yeniyetmənin diqqətindəki bu xüsusiyyət çox vaxt onun iş şəraitindən, şagirdin dərsə olan maraq və münasibətindən, keçirdiyi psixi halından, maraqlarından və s. asılıdır. Yeniyetmənin diqqəti onun həcminin genişlənməsi, bir obyektdən digərinə keçirilməsi xassəsinin inkişafı da xarakterikdir.

Yeniyetmənin idrak fəaliyyətinin inkişafında ən səciyyəvi cəhət onda maddi aləmi dərk etməsinin daha yüksək forması olan mücərrəd təfəkkürün sürətlə inkişaf etməsidir. Bu yaşda şagirdlərdə mücərrədləşdirmə, müqayisə etmə, əqli nəticə çıxarma sürətlə inkişaf edir. Yeniyetməlik dövründə əyani-obrazlı təfəkkür yenə fəaliyyətdə olur, lakin bu vaxt təfəkkürün nəzəri-mücərrəd tipi daha çox üstünlük təşkil edir. Uşaqlar daha çox yeni anlayış və məfhumlar mənimsəyirlər. Yeniyetməlik dövründə tənqidi təfəkkürün inkişafı da xarakterik haldır. Yeniyetmələr öz fikirlərini bildirməyə çalışır, öz idrak obyektlərinə tənqidi münasibət göstərməyə can atırlar.

Yeniyetməlik dövründə nitq də sürətlə inkişaf edir. Yeniyetmələr oxu və yazı vərdişlərini daha da təkmilləşdirirlər. Yeniyetmələr qrammatik və orfoq- rafik qaydalara yiyələndikdə onlarda həm şifahi, həm də yazılı nitq inkişaf edib zənginləşir. Yeniyetmələrdə rabitəli nitq inkişaf edir.

Yeniyetməlik yaşında məktəblinin təxəyyülü, xüsusilə də yaradıcı təxəyyülü xeyli inkişaf edir. Məktəblilər riyaziyyat, ədəbiyyat və s. elmlərə aid biliklərini müəyyən sahəyə tətbiq edir, hekayə yazmağa, model quraşdırmağa və digər işlər gösrməyə başlayırlar. Yeniyetmənin təxəyyülü yaş artdıqca reallaşır və tənqidi xarakter daşıyır.

3. 10-11 yaşından etibarən ünsiyyət oğlan və qızların həyatında o dərəcədə böyük əhəmiyyət kəsb edir ki, onu yaş psixologiyasında yeniyet- mənin psixi həyatının müstəqil sahəsi kimi fərqləndirirlər. Ünsiyyət tələbatına yeniyetmənin psixi inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verilir. Müəyyən edilmişdir ki, uşağın xarici aləmə ən sadə münasi- bəti də başqa adama münasibət vasitəsilə əks olunur. Yeniyetmə üçün yoldaş- larla ünsiyyət hətta o dərəcədə əhəmiyyət kəsb edir ki, onunla müqayisədə təlim çox vaxt ikinci plana keçir, doğma adamlarla ünsiyyətin rolu xeyli azalır.T.V.Draqunovanın müəyyən etdiyi kimi, yeniyetmənin həmyaşıdlarla ünsiyyəti sadəcə olaraq təlim fəaliyyəti və məktəbin hüdudları ilə məhdudlaş- mır, yeni maraq, məşğələ və münasibətlər dairəsini əhatə edərək onun üçün həyatın müstəqil sahəsinə çevrilir.

Uşaqların istər məktəb, istərsə də məktəbdənkənar ünsiyyətində söhbət əsas yer tutur. Psixologiyada onun iki növünü fərqləndirirlər. Birinci növ söhbətlərə uşaqların bir-birlərinə müxtəlif sahələri əhatə edən yeni xəbərlər haqqında məlumat verdikləri söhbətlər aiddir. İkinci növ söhbətlərə onların öz yoldaşlarının münasibətləri, uşaqların qarşılıqlı münasibətləri, sinifdə və ya tanış uşaqlarla baş vermiş hadisələr özlərinin xüsusi münsibətləri haqqında söhbətlər daxildir. Onlar 1/ ayrı-ayrı oğlan və qızların fiziki keyfiyyətləri haqqındakı təəssüratlarını bir-birləri ilə bölüşür; 2/ oğlanlarla qızların qarşılıqlı münasibətlərini və sinfin "sevgi macəralarını" təhlil edir və bir-birlərinə məlumat verirlər.Deməli, ikinci növ söhbətlər həm rəfiqə qızların, həm də dost oğlanların ünsiyyətində olduqca böyük yer tutur. onların çoxlu şəxsi sirrləri də məhz bu sahə ilə əlaqədarıdr. bu sirrlərin məzmunu müxtəlif olsa da, bu, dost oğlanlardan və rəfiqə qızlardan hər biri və ya ikisi üçün nə isə şəxsi, subyektiv cəhətdən mühümdür.

Yaxın yoldaş və dostla ünsiyyət yeniyetmənin mühakimələrinin xüsusi obyektinə çevrilir. Onlar bir-birləri üçün nümunəyə çevrilir, bir-birlərinə fəal təsir göstərirlər.
MÖVZU 14. YENİYETMƏLİK YAŞ BÖHRANININ XÜSUSİYYƏTLƏRİ
PLAN:
1. Yeniyetməlik yaş böhranının xüsusiyyətləri
1. Yeniyetməlik yaşını, adətən, “keçid yaşı”, “böhranlı yaş” kimi səciy- yələndirirlər. Orqanizmdə baş verən fizioloji proseslər nəticəsində yeniyet- mələrin rəftar və davranışında yaşlılar və yaşıdları ilə münasibətində neqativ hallar: tərslik, höcətlik, dikbaşlıq, mənfi emosiyalar, bəzən isə aqressiv təzahürlər, affekt tipli reaksiyalar meydana çıxır. Onlar yaşlıların tələblərinə mane olmaq istəyir, onlara müqavimət göstərir, balacaları buyurur, onlara göstərişlər verir, müstəqilliyə və sərbəstliyə can atırlar. Rus psixoloqu A.Q.Kovalev haqlı olaraq qeyd edir ki, burada söhbət heç də yeniyetmələrin “yaş böhranı”ndan deyil, yaşlılarla, xüsusilə müəllimlərlə və tərbiyəçilərlə münasibətlərinin böhranından gedir.

Bununla belə, böhran yaş dövründə yeniyetmənin özünüdərketmə və özünütəsdiqetmə səylərinin, “mən” obrazı və mənlik şüurunun emosional və idraki sferada əhəmiyyətli, müsbət yeni keyfiyyətlərin formalaşmasının əsasını qoyulur. İnkişafda böhranların baş verməsi qarşısı alınmaz bir proses olduğuna görə, əsas vəzifə heç də onun qarşısını almağa deyil, yeniyetmənin bu mərhələni “ağrısız”, “fəsadsız” keçməsini təmin etməkdən ibarət olmalıdır.

Görkəmli psixoloq A.N.Leontyevin fikrincə, uşağın psixi inkişafında böhran xarakterli çətinliklərin yaranması zəruri və qanunauyğun xarakter daşımır. Böhranlar yox, yalnız əsaslı dönüşlər və inkişafda keyfiyyət dəyişik- likləri zəruridir. Böhranın əmələ gəlməsi ona dəlalət edir ki, lazımi keyfiyyət dəyişiklikləri vaxtında və tələb olunan istiqamətdə baş verməmişdir. Böhran olmaya da bilər, çünki uşağın inkişafi kortəbii proses deyildir. Bu inkişaf idarə olunan tərbiyə ilə istiqamətlənən prosesdir.

Bununla əlaqədar, oğlan və qızlar özlərinə daha çox diqqət yetirməyə, daha yaraşıqlı görünməyə çalışırlar. Görkəmli psixoloq L.S.Vıqotski öz fikrini belə ifadə etmişdir: “Yeniyetməlik yaşını hamı “cinsi yetişmə yaşı” adlandırır. Lakin bu yaş, eyni zamanda, “şəxsiyyətin yetişməsi yaşıdır”. Yeniyetməlik yaş dövründə yaşlılıq hissinin meydana gəlməsi uşaqların özünüqiymətləndir- məsinə də əsaslı təsir göstərir. Əvvəlki dövrdən fərqli olaraq, yeniyetmə indi öz həyatına passiv münasibət bəsləmir, özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yaranır. Bunun nəticəsi olaraq, yeniyetmədə özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmə meyli əmələ gəlir. Yeniyetmələri xarakterizə edən digər bir cəhət də onların məktəbdə keçilən fənlərə seçici münasibət bəsləməsi ilə bağlıdır. Yeniyetmə gələcəkdə hansı sahəyə hazırlaşacaqsa, həmin fənlərə daha çox maraq göstərir. Hətta yeniyetmə dərsləri “lazımlı” və “lazımsız” qruplara ayırır.Yeniyetməlik böhranı dövründə təzahür edən mənfi xüsusiyyətlər keçici xarakter daşıyır. Bu yaş mərhələsində xarakterin əlamətləri, şəxsiyyətlərarası münasibətin əsas formaları stabilləşir, mənəviyyatın, sosial yönəlişliyin təməli möhkəmlənir, şəxsi özünütəkmilləşdirmə cəhdləri–özünüdərketmə, özünü təsdiqetmə və özünüifadə formalaşır. Yeniyetməlik yaşı fəallıq, coşğun ehtiraslar, qaynayan enerji, böyük arzu və ideallar dövrüdür. Yeniyetməlik yaşında bir-biri ilə ziddiyyət təşkil edən müxtəlif meyllər özünü göstərir. Psixoloji və sosial yetkinliyi lazımi səviyyədə olmayan yeniyetmə böyüklər qarşısında özünün yeni fikirlərini sübuta yetirməyə çalışır, bərabər hüquqlara nail olmağa, ona verilən imkanları geniçləndirməyə çalışır. Eyni zamanda yaşlıdan kömək və müdafiə olunmaq istəyir. Yeniyetmə gözləyir ki, yaşlılar onun bu mübarizəsini təhlükəsiz edəcək, onu riskli addımlar atmağa qoymayacaqlar. Onun, əksinə, əsaslandırılmış və ciddi şəkildə etirazı bir anlığa narazılığa səbəb olsa da, əslində yeniyetməni sakitləşdirir, emosional rahatlığa çıxarır.

Yeniyetməlik yaş dövrü keçici bir mərhələ olub, yeniyetmənin zəngin im- kanlarının bazasıdır. Psixoloq nəzərə almalıdır ki, yeniyetməlik dövrü yalnız çətinliklər, ziddiyyət və böhranlar dövrü deyildir. Bu yaş dövrü gələcək şəxsiyyətin təşəkkülünün əsas və zəngin bazası, B.A.Suxomlinskinin təbirincə desək, “vətəndaşın doğulması” dövrüdür. Məktəb psixoloqunun peşəkar fəaliyyəti bu sahədə iş sisteminin qurulmasında, ilk növbədə, diaqnostik metodlar vasitəsi ilə yeniyetmələrin davranış qüsurlarının determinantlarını müəyyənləşdirməyə, belə davranışın parametrlərini və səviyyələrini aşkara çıxarmağa, pedaqoji tövsiyələrə, müvafiq korreksiyaedici tədbirlərin həyata keçirilməsinə yönəlməlidir. Onu da nəzərə almaq lazımdır ki, böhranlı dövrlərdə yaşlılarda narahatlıq törətməyən yeniyetmələr də diqqət mərkə- zində olmalı və psixoloqdan kömək almalıdır. Bir sözlə, bu yaş dövründə yeniyetmələri başa düşməyi bacarmalı və onlara vaxtında kömək göstəril- məlidir.

Uşaqların psixi inkişafında bir yaş mərhələsindən digərinə keçid bir qayda olaraq coşğun və intensiv şəkildə baş verir. Bu müəyyən çətinliklərlə, xüsusən də uşaqların yaşlılarla münasibətlərində problemlərin yaranması, eləcə də öz hüquqlarını tələb etməsi müşayiət olunur. Belə keçid dövrləri inkişafda yaş böhranlarına, sıçrayışlı keçidlərə gətirib çıxarır. “Yaş böhran- ları” yeniyetmələrin psixi inkişafında müxtəlif keçid xarakterli dəyişmələrlə və tipoloji xüsusiyyətlərlə müşahidə olunur. Bu cür dəyişmələr uşaq şəxsiy- yətinin inkişafında mühüm əhəmiyyət kəsb edir.

“Yeniyetməlik yaş böhranı”- böhranlı yaş kimi səciyyələndirilir. Bu yaş döbrü fiziki keyfiyyətlərin inkişafı və formalaşması üçün senzitiv dövrdür. Bu böhran dövründə şəxsiyyətlərarası münasibətlərin əsas formaları stabilləşir, sosial yönəlişliyin təməli möhkəmlənir, özünüdərketmə, özünüqiymətlən- dirmə, özünütəstiq formalaşır. Bu “yaş böranı”nda yeniyetmələrdə iradi fəaliyyət ünsürləri formalaşır, onların hərəkətləri şüurlu iradi hərəkətlərin obyektinə çevrilir. Bu dövrdə yaşlılıq hissi və meyli əmələ gəlir. Yeni xüsusiyyətlər-əxlaqi şüur və mənlik şüuru təzahür edir. Yeniyetmələrin özü və ətraf adamlar haqqında təsəvvürlər dəyişilir. Bu “yaş böhranı”nda şəxsi qarşılıqlı münasibətlər sistemində tutduqları yer artıq yeniyetmələr üçün mühüm əhəmiyyət kəsb etməyə başlayır.

MÖVZU 15. GƏNCLİK YAŞ DÖVRÜNÜN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ


PLAN:
1. Gənlik yaş dövrünün inkişaf xüsusiyyətləri

2. Gənclik dövründə şəxsiyyətin inkişafı

3. Özünüdərketmə və mənlik şüurunun inkişafı.
1. İnsan ömrünün gənclik çağı-fiziki cəhətdən yetkinliyinin başa çatması, onun özünüdərketməsinin, intelektinin sürətli inkişafı, özünəməxsus yüksək keyfiyyətlərinin, dünyagörüşünün formalaşması, peşə seçmək və yaşlılıq həyatına başlamaq dövrüdür. Gənclik yaşı öz inkişafında, adətən, iki mərhələdən keçir: birinci mərhələ-erken gənclik (15-18 yaş) ikinci mərhələ isə yetkin gənclik (18-25yaş) dövrü adlanır.Gənclik bioloji, psixoloji, psixoseksual və sosioloji amillərin təsiri altında inkişaf edib formalaşır.

Bioloji baxımdan gəncin orqanizmi təkamül sayəsində fiziki cəhətdən əsaslı surətdə dəyişir, bədən möhkəmlənir, hərəkət, iş qabiliyyəti xeyli inkişaf edir. Ümumiyyətlə, ilk gənclik illərində orqanizmin fiziki inkişafı demək olar ki, əsasən tamamlanır; belə ki, gənclərin boy artımı qızlarda 16-17 yaşda, oğlanlarda isə 17-18 yaşda təxminən böyüklərlə eyni səviyyəyə çatır, 16 yaşlı oğlanların əzələ qüvvəsi 12 yaşdakına nisbətən iki dəfə artır.




Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə