Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə8/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   ...   4   5   6   7   8   9   10   11   12
Yaş psixologiyası

Əxlaq normaları düzgün davranış sayəsində mənimsənilir. Uşaq üçün nümunəvi davranış forması yaşlıların nəzakətli hərəkəti, mədəni davranışı, qarşılıqlı təsiridir. Nümunəvi davranışların mənimsənilməsində yaşlıların onlara insanlar haqqında söylədikləri nağıl və hekayələr mühüm rol oynayır. Nümunəvi davranışa meyillənən uşaq dinlədiyi nağılın, onların qəhrəman- larının yaxşı və pis olmasına aydınlaşdırmağa cəhd edir. Məktəbəqədər yaşlı uşaqda nəvazişə, məhəbbət hissinə tələbat çox olur və burada əsas yeri uşağın anasına olan münasibəti tutur. Uşaqda bütün emosional hallar-məhəbbət, sevinc ahahın vasitəsi ilə formalaşır. Böyüklərlə uşağın münasibəti çox incə, mehriban, həssas olmalı, uşağa məhfi, yaxud müsbət təsir kortəbii deyil, düşünülmüş formada olmalıdır. Kiçik məktəbəqədər yaşlılar tədricən oyuncaqla düzgün davranmaq, gün rejimini gözləmək kimi mədəni-gigiyenik vərdişlər mənimsəməyə başlayırlar. Burada uşaq yalnız yaşlıların tələbi ilə yox, həm də özü qaydaları mənimsəməyə cəhd edir, hətta həmkarı, həmyaşıd- ları davranış qaydalarını pozanda uşaq tərbiyəçiyə şikayətlənir, bəzi hallarda isə uşaqlarda gördükləri yeni davranışın, onlara məlum olmayan qaydaların mənasını, hərəkəti edib-etməməyin mümkünlüyünü soruşur. Orta, xüsusən yuxarı məktəbəqədər yaşlılar başqa uşaqlarla qarşılıqlı münasibəti ifadə edən qaydaların mənimsənilməsini ön plana çəkir və yoldaşların maraqlarını, onlarla qarşılıqlı əlaqə qaydalarını, mürəkkəbləşən fəaliyyəti mənimsəməyə çalışır. Məktəbəqədər uşaqlıq dövründə uşaqlarda şəxsiyyətin inkişafı üçün zəmin yaranmış olur. Uşaq özünü başqa əşyalardan, onu əhatə edən adamlar- dan ayırmağa başlayır. Bu isə uşaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə səbəb olur.

3 yaşlı uşaqda onun özü haqqında təsəvvürlər yaranır. Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri ilə adlandırmağa başlayır. Bununla bağlı olaraq, “3 yaşın böhranı” özünü qabarıq şəkildə biruzə verir. Uşaq “mən” kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini biruzə verir; onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Bununla əlaqədar olaraq uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət etməyə, “mən özüm”-deyə şəxsi fəallıq göstərməyə başlayır. D.İ.İsayev və B.E.Kaqanın fikrincə, formalaşan “Mən” nəinki ümumi “Mən”, həm də zəruri surətdə müəyyən oğlan və qız “Mən”idir. Uşağın cinsindən və ailədəki vəziyyətindən asılı olaraq onunla valideynlər arasında müəyyən münasibət üslubu yaranır. Valideynlər uşaqların tərbiyəsində oğlan və qız tərbiyəsi ilə bağlı cəhətlərə daha çox diqqət yetirməyə başlayırlar

Artıq 3 yaşda özünü dərketmə uşağa təkcə öz tələbatını ödəmək deyil, bu tələbatın mahiyyətini başa düşmək imkanı verir. Uşaqda öz “mən”i haqqında ilk fikirlər yaranır. Mənlik şüuruna dialektik baxımdan yanaşmaq lazımdır. O, bir tərəfdən insanı həyat şəraitində tutduğu mövqeyilə, digər tərəfdən özünün mənəvi, mədəni inkişafı, dünyagörüşünün artması, öz iradə və xarakterini tərbiyə etməsi, təkmilləşdirməsi və s. ilə əlaqədar dəyişir və inkişaf edir”. Özünüdərketmə başqa adamları müşahidədə, yaşlılarla münasibətdə formalaşır. Yaşlılar uşaqlara kömək edirlər ki, onların öz cinsləri barədə təsəvvürləri olsun. Uşaqların cinsi mənsubiyyəti müəyyən oyunları, oyuncaq- ları seçməkdə özünü göstərir. Oğlanların maraqları daha çox texnikaya, yarış xarakterli oyuna yönılir, o, qələbə əzmi ilə çıxış edir. Oğlan güclü, cəsarətli, təşəbbüskar həmyaşıdını lider kimi qəbul edir. Qızlar isə daha çox şəxsiyyət- lərarası münasibətlərə maraq göstərir və yumşaq təbiətli, şən, güzəştə gedən həmyaşıdlarını sevirlər. Yemi şəraitə qızlar sakit, sürətlə və asanlıqla uyğunlaşırlar. Oğlanlar isə bu şəraitə hay-küylə alışırlar. Uşaqları şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri də həya hissinin təşəkkülüdür. Bu bəzən valideynin uşağa tutduğu iradda özünü göstərir. Təcrübələr göstərir ki, ailədəki ünsiyyət zamanı qızlar qadınlıq etalonlarının, oğlanlar isə kişiyə məxsus cəhətləri mənimsəyir. Ailədaxili münasibətdə uşaq başqa adamları başa düşməyi, yaşlılara, qadınlara. özündən kiçik uşaqlara hötmət etməyi, öz nöqsanlarını görməyi öyrənirlər. Uşaq şəxsiyyətində müsbət keyfiyyətlər - başqalarına qayğı göstərmək, dərdinə şərik olmaq kimi hisslər də təzahür edir. Uşaq şəxsiyyətinin inkişafında iddia səviyyəsi də mühüm rol oynayır. Uşağın iddia səviyyəsi tədricən müəyyən tələbata çevrilir və iddia edir ki, onun nailiyyətlərinə qiymət verilsin. Özü də uşaq öz həmyaşıdlarının yox, böyüklərin təsdiq etdiyi iddia səviyyəsini fərqləndirir. İddiasına nail olan uşaq, müəyyən rollarda çıxış edərək bəzən onlarda başqasının nailiyyətlərinə paxıllıq hissi özünü göstərir. Belə ki, nailiyyəti böyük olanda özünü tərifləyir, aşağı olanda isə başqasına paxıllığı tutur.

M/yaşlı uşaqların həmyaşıdları ilə ünsiyyətə tələbatı onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır və ünsiyyət tələbatı başqa adama simpatiya münasibətə gətirib çıxarır. Ünsiyyət tələbatı uşaqların birgə fəaliyyət zamanı müəyyən əmək tapşırığı yerinə yetirərkən inkişaf edir, bu prosesdə uşaq kollektivə, ictimai qaydalara alışır. Uşaq şəxsiyyətinin inkişafına təsir edən amillərdən biri də qrupa ictimai rəyin təsiridir. 3 yaşlılar qrupunda predmet, hadisələr, hərəkətlər haqqında ümumi rəy olmur, bir uşağın rəyi başqasına təsir etmir. Lakin 4-5 yaşlı uşaqlar öz həmyaşıdları ilə razılaşır, əksəriyyətin rəyini qəbul etməyə başlayırlar. Bu yaşda uşaqda qiymətvermə də müşahidə olunur. Lakin bu qiymətvermə ya yaşıdlarının, ya da tərbiyəçinin verdiyi qiymətin sadəcə təkrarıdır. Uşağın qrupda üstünlük təşkil etməsi onların biliyindən, əqli inkişafıdan, davranışından, ünsiyyət yaratmaq bacarığından, zahiri görünüşündən. fiziki güc və mübarizliyindən asılıdır, fərqlənən uşaqlar ideala çevrilir. Uşaq şəxsiyyətinin inkişafında emosional həssaslıq və hisslər də böyük rol oynayır. Şəxsiyyətin inkişafında etik etalonıarın da müəyyən rolu var. Etik etalonlar insanın xeyirxahlığında və ya bədxahlığında özünü göstərir, uşağın mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır.

Uşaq şəxsiyyətinin formalaşmasında sosiogenezdə təşəkkül tapan və avtomatlaşmış uşaq submədəniyyəti mühüm rol oynayır. Uşaq submədəniy- yətinin məzmununa ənənəvi xalq oyunları, uşaq folkloru, estetik, dini təsəv vürlər, hüquq məcəlləsi daxildir. Uşaq submədəniyyətinin bir sıra funksiya- ları var: sosiallaşdırma, psixoterapevtik təsirlər, mədəniyyəti qoruma, gələ- cəyi proqnozlaşdırma, bələdləşmə. Bu funksiyaların icrası prosesində uşaq şəxsiyyəti normal formalaşır. Şəxsiyyətin inkişafında ailə böyük tərbiyəvi tərbiyəvi əhəmiyyətə malikdir. Yadda saxlamaq lazımdır ki, valideyn uşağa ən yaxın adamdır. Uşaqlar onlara hamıdan çox inanır, etibar edirlər. Valideynlərlə uşaqlar arasında münasibətlər yaxşı olduqda, onun uşağın şəxsiyyətinə təsiri bir o qədər səmərəli ola bilər. Beləliklə, uşağın bir şəxsiyyət kimi inkişafının təməli ailədə və uşaq bağçasında həmyaşıdları ilə ünsiyyətdə qoyulur. Orada aparılan təlim-tərbiyə işləri uşaq şəxsiyyətinin inkişafının bünövrəsini, özəyini təşkil edir. Ümumiyyətlə, uşaq şəxsiyyətinin inkişafı bir çox vəziyyətlərdən, amillərdən asılıdır. Burada fərdi psixoloji fərqlər əsasında təşəkkül edən uşaq fərdiyyətinin mənbələri mühüm rol oynayır.

MÖVZU 9. MƏKTƏBƏQƏDƏR YAŞ DÖVRÜNDƏ OYUN VƏ

FƏALİYYƏTİN NÖVLƏRİ
PlAN:
1. Məktəbəqədər yaş dövründə oyun və fəaliyyətin növləri
1. Bir sıra xarici ölkələrdə qədimdən bu günə kimi uşaq oyunlarının təbiətinə, mahiyyətinə aid bioloji, naturalist nəzəriyyələr hegemon rola malikdir. (Q.Spenser, K.Qross, K.Büller, V.Ştern, F.Boytendayk və b.) Oyun nəzəriyyəsinin banilərindən olan K.Qross belə hesab edir ki, uşaq oyunu dərk etmədən, onun vasitəsilə özünü həyata hazırlayır; oyunların mexanizmi instinktlə, bioloji amillərlə şərtlənir, mütəmadi təmrinlər vasitəsilə tədricən təkmilləşir. Biogenetik nəzəriyyə nümayəndələri fərdi oyunu insanın tarixi təəssüratlarının gizli, instinktiv formasının təzahürü hesab edirlər. Psixo- analizin banisi Z.Freyd isə oyunda cinsi həvəsin, seksual meylin təzahürünü görür və qeyd edir ki, uşaq oyun prosesində özünün fərdi həvəsinə, seksual tələbatına nail olur.

Görkəmli psixoloq A.Adlerin fikrincə, uşaq oyun prosesində özünün qeyri-müstəqilliyini, bacarıqsızlığını aradan qaldırır. Ona görə də o, fantastik, möcüzəli oyunlar oynayır, real həyatla uyğun gəlməyən sosial arzuların üstündən keçir.

Oyunlara tarixi yanaşma da mövcuddur. (L.S.Vıqotski, D.B.Elkonin və s.) Onların fikrincə, ibtidai insanın da övladı ta qədimdən oyun xarakterli işlərdə iştirak etmiş, onu əhatə edən əşyalardan oyunda istifadə etmişlər.

Uşağın oyunları ilə onu əhatə edən real aləm arasında heş də müəyyən sədd yoxdur, onun oynadığı oyunlar ətraf aləmlə, böyüklərin fəaliyyəti ilə sıx bağlı olur. Uşağın oyun prosesində təzahür edən xüsusiyyətləri yaşadığı tarixi dövrün – coğrafi, iqtisadi, mədəni şəraitin, mikro və makromühitin təsirilə təşəkkül tapır. Deyilənlərdən aydın olur ki, bağça yaşlı uşaqların aparıcı fəaliyyəti olan oyun onların psixi inkişafında bir sıra keyfiyyət dəyişiklikləri əmələ gətirir.

Üç yaşdan sonra uşaq kollektiv xarakterli oyunlara daha çox maraq göstərir, hətta o istəyir ki, müəyyən vəzifə bölgüsü aparılsın. Lakin bir çox hallarda üç yaşlı uşaq nə ilə oynadığını, hansı oyuncaqdan necə istifadə etdiyini çox tezliklə unudur. Bununla əlaqədar tərbiyəçi və valideynlər uşaqların oyununa rəhbərlik etməli, onlara oyunun tələb və funksiyalarını tez-tez xatırlatmalıdırlar.

Üç yaşdan etibarən uşaqların fəaliyyətində rollu oyunlar müşahidə olunur. Belə oyunlar uşağın həyatında böyük hadisə olmaqla bərabər, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etməkdə mühüm vasitəyə çevrilir. M/q yaş dövründə oyunun uşaq fəaliyyə- tində aparıcı rola malik olması heç də ondan irəli gəlmir ki, müasir uşaqlar vaxtlarının çox hissəsini, adətən, əyləncəli oyunlara sərf edir, əksinə oyunun dominant fəaliyyət növünə çevrilməsi uşağın psixi inkişafında əsaslı dəyişikliklərin yaranmasına səbəb olur. Tədricən oyunların süjetinin rəngarəngliyi artır və bununla da onların davamlılıq müddəti artır: 3-4 yaşlı uşaq cəmi 10-15 dəqiqə, 4-5 yaşlı uşaqlar 40-45 dəqiqə, böyük məktəbəqədər yaşlılar isə bir neçə saat oyun oynaya bilirlər.

Rollu oyunların süjeti ilə yanaşı, məzmununu da fərqləndirmək lazım gəlir. Oyunun məzmunu dedikdə, uşağın yaşlıların fəaliyyətində əsas məqam kimi fərqləndirdikləri cəhət nəzərdə tutulur. Müxtəlif yaş qruplarına aid olan uşaqlar eyni süjetli oyunu tama başqa məzmunda oynayırlar. Rollu oyunların süjet və məzmununun inkişafı ona dəlalət edir ki, uşaq onu əhatə edən adamların həyat fəaliyyətinə daha dərindən nüfuz etsin.

Oyun prosesində o, iki cür qarşılıqlı münasibətdə olur ki, bunlardan biri oyun, digəri isə həqiqi, real qarşılıqlı münasibətdir. Real qarşılıqlı münasibətlər ümumi işin icrası zamanı uşaqların öz oyun yoldaşları ilə, oyun süjeti haqqında danışarkən, rolları bölüşdürərkən, oyunun gedişində qarşıya çıxan anlaşılmazlıqları müzakirə edərkən təzahür edən münasibətlərdir. Oyun fəaliyyətində uşaqların müəyyən ünsiyyət formaları da meydana çıxır. Uşaq öz yoldaşları ilə ünsiyyətə girmək üçün hərəkətlərini uzlaşdırmaq bacarığına, təşəbbüskarlıq və ünsiyyətlilik kimi keyfiyyətlərə malik olmalıdır. Göstərilənlərlə yanaşı, oyun uşağın psixi keyfiyyətləri və fərdi xüsusiyyət- lərinin intensiv inkişafını təmin edir, həm də psixi proseslərin qarşıdakı məqsədə müvafiq şəkildə formalaşmasına şərait yaradır. Oyun prosesində uşağın hər şeydən əvvəl ixtiyari hafizəsi inkişafa başlayır.

Aparılan tədqiqatlardan məlum olur ki, uşaqlar diqqətlərini oyun zamanı laboratoriya şəritində olduğundan daha yaxşı cəmləşdirir və daha çox yadda saxlayırlar. Oyun prosesində uşaqda qarşıya məqsəd qoyma asanlıqla baş verir. Əgər uşaq diqqətli olmağa səy göstərmirsə, oyunun tələblərinə riayət etmirsə, onun şərtlərini yadda saxlamırsa, dərhal yaşıdları tərəfindən oyun- dan kənarlaşdırılır.

Oyun şəraiti və uşağın burada iştirakı onun əqli fəaliyyətinin inkişafına da müsbət təsir göstərir. Uşaq oyunda cisim və əşyaların “əvəzediciləri” ilə hərəkət edir, onlara yeni adlar verir, bu isə öz növbəsində yeni məfhumların yaranmasına səbəb olur və təfəkkürün inkişafı üçün zəmin yaranır. Cisim və əşyaların “əvəzediciləri” ilə hərəkət zamanı uşaq mövcud cisim və hadisələr, onların xüsusiyyətləri və mahiyyəti haqqında düşünməyə başlayır. Uşaq yaşa dolduqca, cisim və əşyalarla əvvəlki vaxtlarla müqayisədə çox az “ünsiyyətə” girir, daha çox onlarla əqli planda məşğul olmağa başlayır.

Oyun uşaq nitqinin də inkişafına xeyli təsir göstərir, belə ki oyuna daxil edilmiş uşaq nitq vasitələrilə ünsiyyətə girmək üçün müəyyən inkişaf səviyyəsinə malik olmalıdır. Yoldaşlarını başa düşmək və öz fikrini onlara izah etmək tələbatı uşağın əlaqəli nitqini inkişaf etdirir. Didaktik oyunlardan istifadə zamanı tərbiyəçi uşaqlara nitqini inkişaf etdirməyə, nitq qüsurlarını aradan qaldırmağa şırait yaradır. Rollu oyunlar uşaq təxəyyülünün inkişafına da böyük təsir edir. Oyun zamanı qeyd olunduğu kimi, uşaq cisim və əşyaları bir-birilə əvəz edir, öz üzərinə müxtəlif rollar götürür. Bu qabiliyyət isə təxəyyülün inkişafı üçün əsas zəmin olur.

Məktəbəqədər yaş dövrünün sonuna yaxın oyun fəaliyyətinin tərkibində gələcəkdə aparıcı rola malik olacaq təlim fəaliyyəti də özünü büruzə verməyə başlayır. (rollu oyunda müəllim-şagird rolu və s.) Əlbəttə, təlim heç də birbaşa oyundan nəşət etmir: o, oyun fəaliyyətinə yaşlılar tərəfindən daxil edilir. Ancaq məktəbəqədər yaşlı uşaqlar təlimə müəyyən qaydaları olan rollu oyun kimi yanaşır, lakin bu qaydaları yerinə yetirərkən o, özü də bilmədən elementar təlim elementlərini mənimsəyir. Bundan sonra onda ilk təlim bacarıqları və oxumağa meyl özünü büruzə verir. Məktəbəqədər yaşlı uşaqların həyatının təşkilində oyunlarla yanaşı, fəaliyyətin məhsuldar növləri olan: rəsm, yapma, applikasiya və quraşdırma üzrə məşğələlərin, habelə əmək fəaliyyətinin üstün əhəmiyyəti vardır. həmin məşğələlər uşaqların sensor, əxlaqi, əmək və estetik tərbiyəsinə, dünyagörüşünün formalaşmasına səmərəli təsir göstərir. Xüsusi təşkil edilmiş məşğələlər vasitəsi ilə uşaqlar qələmi və fırçanı düzgün tutmağa, rəsmetmə üçün zəruri olan əl hərəkətlərinin koordi- nasiyasına uyğunlaşırlar. 4 yaşlı uşaqlar isə düzgün rəsmetmə bacarıqlarına malik olmasalar da, rəsmetmənin mahiyyətini anlayırlar. Böyük məktəbə- qədər yaşlı uşaqlar rəsm məşğələləri vasitəsi ilə əsas rənglərin adlarını öyrənməklə yanaşı, onları fərqləndirməyi bacarır, rəng duyumuna sahib olurlar.Bağça yaşlı uşaqların həyat və fəaliyyətinin təşklində yapma üzrə məşğələlərində xüsusi yeri vardır. Onlıarın vasitəsi ilə uşaqlar gil və plastilin- dən istifadə etməklə müxtəlif fiqurlar düzəldirlər. Bu yaş dövründə quraş- dırma üzrə məşğələləri də uşaqların psixi inkişafında xüsusi yer tutur. Tikinti və təbii materiallardan, kağəz və kartondan istifadə etməklə bu məşğələlərə cəlb edilən uşaqlar sadə texniki bacarıqlara yiyələnirlər.


MÖVZU 10. 3 YAŞIN BÖHRAN XÜSUSİYYƏTLƏRİ
PLAN:
1. 3 yaşın böhran xüsusiyyətləri
1. Sıçrayış xarakterli keçidlərlə xarakterizə olunan yaş böhranlarının psixoloji mənbəyini uşaqların fiziki və psixi imkanları ilə onun ətrafdakılarla qarşılıqlı münasibətləri arasındakı ziddiyyətlər təşkil edir. Bir sıra təzahür formaları ilə xarakterizə olunan böhran uşaqların şəxsiyyətinin hərtərəfli formalaşmasında mənlik şüurunun ilkin müşahidəsi ilə səciyyələnir.

Uşaqların inkişafında belə sıçrayış xarakterli keçidlər “yaş böhranları” adlanır. “Böhran” sözü yunan mənşəli söz olub, “çıxış, dönüş anı” mənasını verir. Böhran bir yaş dövründən digərinə keçid anında meydana gələn konfliktin bu və ya digər dərəcədə ifadəli formasıdır. Yaş böhranları qaçıl- mazdır və uşağın psixi inkişafında güclü psixoloji təsirə malikdir. Yaş böhranlarının mənbəyini uşağın fiziki və mənəvi imkanları ilə onun ətrafdakı- larka qarşılıqlı münasibətlərinin və fəaliyyət növlərinin əvvəlki formaları arasındakı ziddiyyət təşkil edir.

Uşaqların psixi inkişafında yaş böhranlari və onlarin təzahür xüsusiy- yətlərinin elmi-psixoloji cəhətdən araşdirilmasi sahəsində Azərbaycan psixo- loqlarindan: Ə.Bayramov, Ə.Əlizadə, M.Həmzəyev, Ə.Qədirov, E. Quliyev, Q.Əzimov və s., eləcə də rus psixoloqlarindan: L.Vıqotski, A.Leontyev, A.Markova, L.Slavina və başqaları əhəmiyyətli tədqiqatlar aparmiş, həm erkən uşaqlıq, məktəbəqədər, həm də məktəb yaşı dövründə yaş böhran- larının psixoloji məzmununa aydınlıq gətirmişlər.

Aparılan elmi tədqiqat işlərində uşaqlarin orqanizminin anatomik-fizioloji, psixoloji dəyişiklikləri, yaş böhranlarının mahiyyəti, yaranma dövr- ləri, bu dövrlərdə özünü göstərən təzahür formaları, ünsiyyət prosesləri, idrak imkanları, hisslərin dəyişilməsi və s.kimi problemlər geniş təhlil olunmuşdur. Bütün bunların əhatəsində uşağın şəxsiyyətinin inkişafi üçün mühüm faktlar qeydə alınmışdır.

Rus psixoloqu L.S.Vıqotski uşaqlığın “çətin dövrləri” fikri ilə bağlı qeyd etmişdir ki, böhranlı yaş dövründə uşaqların inkişafı nəinki dayanmır, ləngimir, əksinə, fövqəladə dərəcədə coşğun sürətli şəkildə davam edir. Bu mərhələdə uşaqların həddindən artıq inadkar olması bəzi psixi sabitsizliklə müşayiət olunsa da, şəxsiyyətin irəliyə doğru köklü dəyişmələrinə gətirib çıxarır.

ABŞ psixoloqu D.Levitsona görə, insanın həyatı stabil dövrlərlə dəyişmə- lərin növbələşmələrindən ibarətdir. Stabil yaş dövrlərində insanın psixi həyatının müxtəlif komponentləri bir-biri ilə müvazinətdə olduğu halda, böhranlı dövrlərdə bu müvazinət pozulur.

Alman psixoloqu A.Adlerin fikrincə, “qələbə hissi” körpənin psixi siması üçün müsbət qiymətləndirməyə, təqdir edilməyə olan “aclığın” xarak- terik təzahürüdür. Uşaq fəaliyyətinin subyekti baş verən böhranın daşıyıcısı və obyektidir. Onun həyatında baş verən yaş böhranları içərisində ən kəskin təəssürat doğuran 3 yaşın və yeniyetməlik yaşın böhranlarıdır.

Erkən uşaqlıq dövrünün sonunda xüsusi məna kəsb edən yaş böhranı başlayır. 3 yaşın böhranı məktəbəqədər uşaqlıq dövründə müşahidə olunan ən ağır və dərin yaş böhranıdır. Erkən uşaqlıq dövründə uşaqlarda şəxsiyyətin inkişafı üçün də zəmin yaranmış olur. Uşaq özünü başqa əşyalardan, onu əhatə edən adamlardan ayırmağa başlayır. Bu isə uşaqda ilkin özünü- dərketmə formasının meydana gəlməsinə səbəb olur. 3 yaşlı uşaqda onun özü haqqında təsəvvürlər yaranır. Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri ilə adlandırmağa başlayır.

Bununla bağlı olaraq, “3 yaşın böhranı” özünü qabarıq şəkildə biruzə verir. Uşaq “mən” kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini biruzə verir; onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Bununla əlaqədar olaraq uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət etməyə, “mən özüm”-deyə şəxsi fəallıq göstərməyə başlayır.

Artıq 3 yaşda özünü dərketmə uşağa təkcə öz tələbatını ödəmək deyil, bu tələbatın mahiyyətini başa düşmək imkanı verir. Uşaqda öz “mən”i haqqında ilk fikirlər yaranır. Mənlik şüuruna dialektik baxımdan yanaşmaq lazımdır. O, bir tərəfdən insanı həyat şəraitində tutduğu mövqeyilə, digər tərəfdən özünün mənəvi, mədəni inkişafı, dünyagörüşünün artması, öz iradə və xarakterini tərbiyə etməsi, təkmilləşdirməsi və s. ilə əlaqədar dəyişir və inkişaf edir”.

3 yaş böhranı praktik olaraq cinsi identifikasiyanın formalaşması ilə eyni vaxtda və sıx qarşılıqlı əlaqədə baş verir. D.İ.İsayev və B.E.Kaqanın fikrincə, formalaşan “Mən” nəinki ümumi “Mən”, həm də zəruri surətdə müəyyən oğlan və qız “Mən”idir. Uşağın cinsindən və ailədəki vəziyyətindən asılı olaraq onunla valideynlər arasında müəyyən münasibət üslubu yaranır. Valideynlər uşaqların tərbiyəsində oğlan və qız tərbiyəsi ilə bağlı cəhətlərə daha çox diqqət yetirməyə başlayırlar.3 yaşın böhranı ilk dəfə Elzoy Kelerin “Üç yaşlı uşaqların şəxsiyyəti haqqında” əsərində öz əksini tapmışdır.

Müəllif tərəfindən bu böhranın bir neçə vacib simptomları da qeydə alınmışdır:

Neqativizm. Bu mənfi reaksiya bir adamın başqa adama münasibəti ilə bağlıdır. Bu zaman uşaq böyüklərin müəyyən tələblərinə tabe olmaqdan imtina edir.

İnadkarlıq. Bu reaksiya uşağın özünün şəxsi qərarıdır. İnadkarlığı təkidliliklə qarışdırmaq olmaz. İnadkarlıq onunla bağlıdır ki, uşaq öz tələblərində, qərarında israrlıdır. Burada şəxsiyyətin fərqləndirilməsi baş verir.

Tərslik. Bu hal neqativizmə və inadkarlığa daha yaxındır, lakin özünün spesifik xüsusiyyətlərinə malikdir. Tərslik bir qədər şəxssiz xarakter daşıyır. Tərslik uşağın evdə hökm sürən qayda-qanunun əleyhinə qəti etirazıdır.

Özbaşnalıq. Bu zaman uşaq sərbəstliyə cəhd göstərir. Uşaq özü nəyi isə sərbəst etmək istəyir. Bu hal 1 yaşın böhranını xatırladır. Lakin orada uşaq yalnız fiziki müstəqilliyə cəhd göstərir. Burada isə söhbət daha dərin, müstəqil fikir və qərərsiz niyyətdən gedir.

Yaşlıların nüfuzdan düşməsi. Ş.Büler yazırdı ki, ananın uşağından “axmaq” sözünü eşitməsi həmin ailənin ən böyük faciəsidir.

Etiraz-qiyam. Bu hal əsasən valieynlərlə şəxsi mübahisələrdə özünü göstərir. Uşağın bütün davranışı qiyamı xatırladır. Guya ki, uşaq ətrafdakılarla müharibə vəziyyətindədir, həmişə onlarla konfliktdədir. Tək uşaqlı ailədə despotizmə cəhdə meyl müşahidə olunur. Uşaq ətrafındakıların hamısına münasibətində zalımlığını təzahür etdirir, bunun üçün də çoxlu sayda yollar axtarır. 3 yaşlı uşaq artıq özünə qarşı yönəldilmiş haqsızlığa, səhv nəticəyə, tənqidə, yersiz nəzarətə etirazını bildirir. Başqaları tərəfindən ciddi qəbul olunmasına səy göstərir. Əldə etdiyi müstəqillik isə onu öz məsuliyyətini artırmaq, davranışını iradi formaya salmaq məcburiyyəti ilə üzləşdirir.

Neqativizm odur ki, uşaq məhz böyüklərin dediyinə görə hərəkət etmək istəməməsidir. Bu zaman reaksiya hərəkətin məzmununa deyil, böyüklərin təklifinə görə verilir. Bu isə neqativizmə yeni xüsusiyyət daxil edir– uşaq verilən tələbi yerinə yetirmir, çünki bunu ondan xahiş edirlər.

MÖVZU 11. 6 YAŞ BÖHRANI VƏ MƏKTƏBƏ PSİXOLOJİ HAZIRLIQ


PLAN:
1. 6 yaşın böhranı və məktəbə psixoloji hazırlıq

1. Psixoloji ədəbiyyatlardan və real həyatdan görmək olur ki, kiçik məktəbli yaşında uşaqlar kəskin şəkildə dəyişir və tərbiyə məsələləri də bir qədər mürəkkəbləşir. Bu mərhələ elə keçid anıdır ki, uşaq nə bağça yaşlıdır, nə də tam məktəblidir.6 yaş böhranının daha əhəmiyyətli xüsusiyyəti uşağın şəxsiyyətinin xarici və daxili tərəflərinin differensasiya etməyə başlamasıdır. Belə ki, uşaq artıq “mən hirsliyəm”, “mən qəddaram”, “mən yaxşıyam”, “mən sevinirəm” kimi hissləri başa düşür, duyğu və həyəcanın yeni strukturunu yaradır. 3 yaşlı uşaq özünün başqaları ilə münasibətlərini dəyişirsə, artıq 6 yaşlı uşaq öz həyəcanının faktlarını açıqlayır.

Bunlara əsaslanaraq aşağıdakı xüsusiyyətləri qeyd etmək olar:

1. Həyəcan artıq xüsusi məna kəsb edir – həyəcanlanan uşaq artıq bilir ki, o hirslənib. Bunun əsasında uşaqlarda özünə qarşı hələ həyəcanın ümumiləş- dirilməsinə qədər mümkün olmayan yeni münasibətlər yaranır. Ardıcıl olaraq 6 yaşa qədər həyəcanın bütün xarakteri yenidən dəyişir.

Psixoloq L.S.Viqotski bu halı şahmat lövhəsi ilə müqayisə edərək yazır ki, “Şahmatı yenidən öyrənməyə başlayan uşaq şahmat lövhəsinə yeni-yeni bələdləşməyə başladığı kimi, 6 yaşlı uşağın həyəcanının xarakter də yenidən dəyişir.”

2. 6 yaş böhranında ilkin olaraq həyəcanın ümumiləşdirilməsi, məntiqi hisslər yaranır. Məsələn, əgər məktəbəqədər yaşlı uşaqlarda dəfələrlə eyni hal baş verərsə, o zaman uşaqda həmin situasiyaya affektiv münasibət yaranır. Belə ki ,məktəbəqədər yaşlı uşaqlarda düzgün özünüqiymətləndirmə, özünü sevmək hissi yox dərəcəsindədir. Öz vəzifələrinə, nailiyyətlərinə inam, tələbatın səviyyəsi məhz 6 yaşın böhranı ilə əlaqəli yaranır. Uşaqğın ətraf aləmə münasibəti dəyişir, nəticədə mühit özü dəyişir, deməli, uşağın inkişafının dinamikası da dəyişir, inkişafda yeni dövr başlayır. Səmimilik və sadəlik bir daha göstərir ki, uşaq daxilində olduğu kimi xaricində də belədir.

Psixoloqların fikrincə, 6 yaşında uşaqlar özlərini əsasən xarici əlamətlər baxımından səciyyələndirir və daxili aləmlərini davranışlarından fərqləndirə bilmirlər. Formalaşmamış özünüdərketmə sayəsində uşaqlarda özünütəh- liletmə meyli yaranır. Bunun vasitəsi ilə uşaqlar onları əhatə edən mühitdə nələrin baş verdiyini, bu hadisələrin onlara nə dərəcədə aid olmasını anlamağa başlayırlar. 6 yaş dövründə uşağın şəxsiyyətinin inkişafında diqqəti cəlb edən xüsusiyyətlərdən biri də ətrafdakı adamların, xüsusilə də yaşlıların və yaşıdların təqlid edilməsidir. Müəyyən edilmişdir ki, məktəbəqədər yaş dövrü təqlidçilik yolu ilə şəxsiyyətin inkişafı üçün senzitiv yaş dövrü kimi nəzərdən keçirilə bilər.

Məktəbəqədər yaş dövründə uşaqların təqlidçiliyi – mənəvi-etik selek- tivliyə (seçiciliyə) malik olmadığı üçün, onlar yalnız müsbət deyil həm də mənfi davranış nümunələrini asanlıqla mənimsəyirlər. Bu da uşaqlıq illərində pis vərdişlərin mənfi adət şəkli almış hərəkətlərin meydana çıxmasına səbəb olur.6 yaşın tamamında uşaqlarda iradi fəaliyyətin əsas ünsürləri formalaşmış olur. Uşaq qarşısına məqsəd qoyur, qərar qəbul edir, fəaliyyət planının qurur, onu icra etmək üçün plan və vasitələr seçir, qarşısına çıxan çətinlikləri aradan qaldırmaq üçün səy göstərmək təşəbbüslərini nümayiş etdirir. Bununla belə, 6 yaşlı uşaqılarda fəaliyyətin ixtiyari formaları hələ kifayət qədər formalaş- madığı üçün, onların qarşıya qoyduqları məqsədləri hələ kifayət qədər davamlı və düşünülmüş xarakterdə olmur. Tapşırıqların çətinliyi, vaxt sərfinin çoxluğu, məktəbin daxili nizam-intizam qaydaları, gün rejiminin tələbləri və s. uşaqlarda yorğunluq yaradır, onlarda diqqətsizlik və dalğınlıq hallarının yaranmasına səbəb olur.

Təlimdə 6 yaşlı uşaqların əqli fəaliyyəti oyun vasitəsi ilə stimullaş- dırıldıqda, cəlbedici və rəngarəng vasitələrlə emosional cəhətdən motivləş- dirildikdə məhsuldar şəkil almağa başlayır. 6 yaşın tamamında uşaqların hərəkətlərində ixtiyariliyin səviyyəsi əhəmiyyətli dərəcədə artmağa başlayır, onların hərəkətləri şüurlu iradi hərəkətlərin obyektinə çevrilmiş olur.

6 yaşlılar ailədə və məktəbdə yaşlıların göstərişi ilə əməyə cəlb olunur, növbətçilik edir, məsuliyyətliliyə alışdırılırlar. Uşaqlarda öz hərəkətlərinə cavab- dehlik hisləri meydana gəlir, başladıqları işi sona yetirmək, məişət əməyində analarına kömək etmək təşəbbüsləri artır.

6 yaş böhranında uşaqlar öz davranışlarını daha əhəmiyyətli motivlərə tabe etməyə qadir olur, əxlaqi motivlərin ilkin təzahürləri meydana çıxır, səliqəlilik təşəkkül tapmağa başlayır. Fəaliyyətin meydana gələn iradi tənzimi iş və hərəkətlərin ardıcıl və davamlı xarakter almasına, çətinliklərə müəyyən münasibətin formalaşmasına gətirib çıxarır. Bununla belə, bu yaş dövründə bütün uşaqlarda fəaliyyətin ixtiyari formalarının formalaşdığını söyləmək doğru olmazdı. Xarakterində yaşa müvafiq şəkildə iradi keyfiyyətlərin formalaşmaması sayəsində uşaqlarda tez bezikmə, yorulma, işdən tez-tez yayınma, hətta çətinlik zamanı ağlama hallarına da rast gəlmək olur.

Cəmiyyətin gələcəyi olan uşaqların formalaşması, təlim işləri, insanın sonrakı inkişafı bir çox cəhətdən uşağın məktəb təliminə hazırlığından, özü də düzgün həllindən asılıdır. Ona görə də uşağın məktəb təliminə psixoloji hazırlığı problemi həm nəzəri, həm də praktik əhəmiyyət daşıyır. Uşağın məktəb təliminə psixoloji cəhətdən hazırlanması məktəbəqədər yaş dövrünün sonunda fiziki və mənəvi inkişafın ən yüksək mərhələsini təşkil edir.

Uşağın məktəb təliminə psixoloji cəhətdən hazırlanması heç də o demək deyil ki, məktəbə daxil olan müddətədək uşaqda müəyyən psixoloji keyfiyyət- lər təzahür edir. Sözsüz ki, bu keyfiyyətlər məktəb təlimi zamanı ona məxsus olan həyat və fəaliyyət şəraitinin təsiri altında formalaşır və yalnız bunların sayəsində uşaq məktəb həyatına, müntəzəm təlim prosesinə uyğunlaşa bilir. M/q yaş dövrünün sonunda uşaqların əksəriyyətində məktəbli olmaq, ciddi fəaliyyət göstərmək, oxumaq meylləri baş qaldırır.

Bu, inkişafın “böhranı” ilə əlaqədar meydana çıxır, daha doğrusu, uşaq dərk edir ki, onun ümumi vəziyyəti, mövqeyi durmadan artmaqda olan imkanları ilə müvafiq gəlmir, aparıcı fəaliyyət növü olan oyun yaşlılarla ünsiyyət üçün daha əlverişli deyil. Məktəbli olmağı, haqqında hamının hörmətlə danışdığı təlim kimi məsul bir vəzifəyə qoşulmağı uşaq həm də yaşlılaşmağa doğru atılmış bir addım kimi qəbul edir.

Uşaq bağçalarının hazırlıq qruplarında aparılmış sorğulardan məlum olmuşdur ki, uşaqların hamısı, nadir hallar istisna olmaqla, məktəbə böyük həvəslə can atır, uşaq bağçasında qalmaq istəmirlər. Uşaqları məktəbə cəlb edən amillərdən biri də məktəb həyatının xarici atributlarıdır: parta arxasın- da oturmaq, şəkilli kitablara, rəngli karandaşlara, məktəbli çantasına və s.ə malik olmaq arzularıdır.

I sinfə daxil olan uşaq ətraf aləm haqqında, onu əhatə edən cisim və hadisələr, insanlar və onların əməyi, davranışın əxlaq normaları haqqında müəyyən bilik ehtiyatına malik olmalıdır. Burada həmin biliklərin həcmi ilə yanaşı, həm də keyfiyyəti böyük əhəmiyyət kəsb edir. M/q yaş dövründə uşaq əvvəlllər yalnız ənənəvi şəkildə məktəbdə öyrədilən bir sıra xüsusi bilik və vərdişlərə-savada, saymaya, hesablamaya, hesab məsələlərinin həlli vərdişlə- rinə yiyələnməlidir. Bəhs olunan yaş dövründə uşağın savada, riyaziyyat ünsürlərinə yiyələnməsi onun məktəbdəki təliminə müvəffəqiyyətlə təsir göstərir. Qiraət, hesablama, məsələ həlli vərdişlərinin faydalılığı isə onların nə dərəcədə düzgün mənimsədilməsindən, formalaşdırılmasından asılıdır.

Məktəb proqramının mənimsənilməsinə hazırlıq işində dediyimiz bilik və vərdişlərlə yanaşı, uşağın idrak fəaliyyətinin və idrak maraqlarının inkişaf səviyyəsi də həlledici əhəmiyyət kəsb edir. Əgər məktəbdə öyrədilən biliklərin məzmunu uşağı özünə cəlb etmirsə, dərsdə tanış olduğu yeniliklər, idrak prosesinin özü onu maraqlandırmırsa, uşağın məktəbə, oxumağa və müəllimə olan müsbət münasibəti heç vaxt təlimdə müvəffəqiyyət qazandıra bilmir. Məktəbə daxil olan uşaq cisim və hadisələri planauyğun şəkildə nəzərdən keçirməli, onların müxtəlif xüsusiyyətlərini fərqləndirməyi bacar- malıdır. Uşağın məkan və zamanda düzgün istiqamət seçməsinin də olduqca böyük əhəmiyyəti vardır. Məktəb biliklərin müəyyən sistem halında mənim- sənilməsi ilə əlaqədar uşağın təfəkkürünə də bir sıra yüksək tələblər verir: o, ətraf varlığın hadisələrində əsas olanları seçməyi, müqayisə etməyi, oxşar və fərqli cəhətləri fərqləndirməyi bacarmalı, mühakimə yürütməli, hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyi öyrənməlidir.

Uşağın məktəb təliminə hazırlığını müəyyən edən məsələlərdən biri də uşağın nitqinin inkişafıdır. Bu cəhət özünü hər hansı bir hadisənin mahiy- yətini düzgün ifadə etməkdə, öz fikir və düşüncəsini başqalarına çatdırmaqda, müəyyən cisim, əşya, şəkil və ya işi ətrafdakıların başa düşəcəkləri şəkildə ardıcıl, anlaşıqlı və rabitəli surətdə şərh etmək bacarığında göstərir.

Müəyyən qüsurlar olduqda loqopedə yönləndirilməlidir. Oyun və fəaliy- yətin məhsuldar növlərinin təşkili də uşağın məktəbə hazırlanmasında mühüm yerlərdən birini tutur. Davranışın ilk ictimai motivlərinin təzahürü, motivlər ierarxiyasının yaranması, qavrayış və təfəkkür tərzlərinin formala- şıb təkmilləşməsi, qarşılıqlı münasibətlərin ictimai motivlərinin inkişafı məhz fəaliyyətin həmin növlərində həyata keçirilir.

MÖVZU 12. KİÇİK MƏKTƏBLİLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ


PLAN:
1. Kiçik məktəblilırin aparıcı fəaliyyəti

2. Kiçik məktəb yaşı dövründə təlimə psixoloji hazırlıq problemi


1. Təlim fəaliyyəti dedikdə, müəllimin rəhbərliyi altında həyata keçirilən bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi nəzərdə tutulur. Bu prosesdə iki anı fərqləndirmək lazım gəlir: birincisi, təlim fəaliyyətinin məzmunudur ki, bura elmi anlayışlar, qanunlar, əməli məsələlərin həllinə əsaslanan ümumi üsul və tərzlər daxildir. Bunların sayəsində uşaq bilik və bacarıqları mənimsəyə bilir. İkincisi, təlim fəaliyyətinin strukturudur.

Təlim fəaliyyətinin strukturu aşağıdakı komponenetlərdən ibarətdir: 1) təlim şəraiti, yaxud vəzifələri; 2) təlim işləri; 3) nəzarət; 4) qiymətləndirmə.




Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə