MüASİr azərbaycan



Yüklə 189,27 Kb.
səhifə2/3
tarix01.11.2017
ölçüsü189,27 Kb.
#7731
1   2   3

YENİ PARADİQMA
Ad cogitandum et agendum homo natus est (lat.) –

İnsan düşünmək və iş görmək üçün yaranmışdır.
2003-cü ildə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Ölkə yuxarıda sadalanan istiqamətlərin hamısında nəzərəçarpacaq uğurlar qazanmışdır. Azərbaycan dövləti uzunmüddətli həyat qabiliyyətinə malik olduğunu, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirmişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyi həm adi vətəndaşlar, həm də qlobal miqyaslı ən mühüm güc mərkəzləri üçün aksioma çevrilmişdir. Məhz Heydər Əliyevə xas olan xarizma, uzaqgörənlik, iradi keyfiyyətlər, təcrübə, başqa sözlə desək, onun şəxsiyyəti göstərilən dövrdə bizim üçün sistem əhəmiyyətli “millət”, “dövlətçilik”, “idarəetmə sistemi”, “hakimiyyət”, “inkişaf etmiş iqtisadiyyat”, “mənəvi dirçəliş”, “liderlik”, “transformasiya”, “çoxvektorluluq” kimi dəyərlərin təşəkkülü və möhkəmlənməsində çox mühüm rol oynamışdır.

Prezident İlham Əliyevin şəxsiyyəti ölkənin inkişafının 2003-cü ildə başlanmış növbəti mərhələsinin rəmzinə çevrilmişdir. Dövlətçilik quruculuğu tarixi prosesinin məntiqi müasir dövrün çağırışlarını başa düşməyin keyfiyyətcə yeni səviyyəsinə keçməyi tələb edirdi. Bununla belə, sistem dəyərləri dəyişməz qalmalı idi. İlham Əliyev Azərbaycan milləti üçün hər iki tələbi təmin edən seçim oldu. Əgər bu seçimə Azərbaycan milləti və dövlətçiliyinin bütün tarixi təcrübəsi prizmasından nəzər salsaq, o, mahiyyət etibarilə reallıq olan tarixi dövlət layihəsinin legitimləşdirilməsi idi.

Müstəqil milli dövlətçiliyin və identikliyin qorunub saxlanmasını və eyni zamanda, dünya birliyinə inteqrasiya strategiyasını nəzərdə tutan milli ideyanın Prezident İlham Əliyev tərəfindən fəlsəfi baxımdan dərk edilməsi onun bütün əməli fəaliyyətində öz əksini tapır. Böyük dövlət xadimi kimi İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər onu tarixi miqyaslı siyasətçi, millətin kollektiv tarixi təcrübəsini dövlət quruculuğu istiqamətinə yönəldən ali idarəçilik funksiyalarını yerinə yetirməyə sövq edir. Azərbaycan cəmiyyəti və dünya birliyi bu fenomeni 2003-cü ildən bu günə qədər müşahidə edə bilir. Milli və dövlət müstəqilliyinin qorunub saxlanması, dünya birliyinə inteqrasiya indi azərbaycanlıların milli mənlik şüurunun tərkib hissəsinə çevrilmişdir. Məhz müstəqil Azərbaycan dövlətinə görə, onun hadisələrlə zəngin tarixinə görə qürur hissi, Azərbaycan millətinin dünya tarixinə öz töhfəsini verməyə hazır olması Heydər Əliyevi belə deməyə sövq etmişdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bu siyasi kateqoriyalar tarixi prosesin yeni mərhələsində yeni keyfiyyət məzmunu ilə dolğunlaşmış, milli mənlik şüurunun strukturunu möhkəmlətmiş, milli “Mən”də konkret və dəqiq forma kəsb etmişdir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın qazandığı bütün uğurlardan danışarkən, ilk növbədə, ölkə iqtisadiyyatının vəziyyətinin kökündən dəyişməsini vurğulamış, 1993-2003-cü illərdə həyata keçirilmiş islahatların bütün spektrini, o vaxta qədər ölkəyə cəlb edilmiş investisiyaların ümumi həcminin 15 milyard dollar olmasını, bu proseslərdə ictimai-siyasi sabitliyin mühüm rol oynamasını xatırlatmışdır. İlham Əliyev yeni vəzifədə elə ilk nitqində müasir Azərbaycanın ən mühüm probleminə - Dağlıq Qarabağın işğal edilməsinə yeni səpkidə münasibətini bildirmiş, dünya birliyini “ikili standartlardan” imtina etməyə çağırmış, dünyanın və regionun əsas aktorlarının təcavüzkara təzyiq göstərməkdə öz rollarını fəallaşdırmasının zəruriliyini vurğulamışdır. Prezident İlham Əliyev öz mövqeyinin vektorunu göstərmişdir: “Biz torpaqlarımızın işğal edilməsi ilə heç vaxt barışmayacağıq, Azərbaycan öz ərazilərini nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Bu bəyanatlar Dağlıq Qarabağ üstündə Ermənistanla hərbi qarşıdurma şəraitində dövlətin inkişafının strateji konsepsiyasının, eləcə də politoloji baxımdan adi “postsovet məkanından” inkişaf etməkdə olan azad dövlətə siyasi və iqtisadi keçid dövründə cəmiyyətin transformasiyasının əsasına çevrilmişdir.
SÖZLƏ ƏMƏL BİR OLANDA
Concordia parvae res crescunt, discordia maximae dilabuntur (lat.) –

Harmoniya olduqda ən kiçik də böyüyür, nizamsızlıqda isə böyük də yox olur.
2003-cü ilə qədər Azərbaycanda hakim elitanın, cəmiyyətin fəal hissəsinin və geniş xalq təbəqələrinin təşəkkül tapmış həmrəyliyi daxili siyasətdə yanaşmalara dəyişikliklər olunmasını tələb edirdi. Müstəqillik illərində yaradılmış yeni dövlət təsisatları indi artıq onların fəaliyyətinin şəffaflığı və səmərəsinin artırılması istiqamətində təkmilləşdirilirdi. Bu, ilk növbədə, Azərbaycan cəmiyyətinin sosial və iqtisadi aspektlərinə aid idi, çünki Prezident İlham Əliyevin strateji baxışlarının reallaşdırılması ən əvvəl əhalinin maddi rifahının yaxşılaşması və yüksəlməsində, ölkənin hər bir vətəndaşının, - istər dövlət orqanlarında xidmət, istərsə də ictimai fəaliyyət və ya şəxsi təşəbbüsü olsun, - özünütəsdiqi üçün bütün imkanların açılmasında öz əksini tapmalı idi.

İlham Əliyev 2003-cü ildə dövlətə başçılıq etdiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının həyat qabiliyyətli strukturunun təmin edilməsi üçün zəruri olan və idarəçiliyə cəlb edilmiş kadrların seçilməsi məsələsinə keyfiyyətcə yeni yanaşma tələb edən genişmiqyaslı infrastruktur layihələri irəli sürdü. Həmin məsələnin başa düşülməsi dünya birliyinə inteqrasiyanın strateji məqsədi ilə ahəngdar şəkildə uzlaşırdı. Sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını “cavanlaşdırmadan”, həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən bu məqsədə çatmaq mümkün olmazdı. Bununla bərabər, iqtidar başa düşürdü ki, regional miqyasda Azərbaycanın çox böyük təbii və yüksək insani resursları nəzərə alınmaqla, həmin istiqamətlərdə qazanılan uğurlar ölkəni regional lider səviyyəsinə ucaldacaqdır.

Modernləşmə müasir dövlətin zəruri funksiyalarından biridir. Azərbaycan innovasiya modernləşməsinin həyata keçirilməsində çox maraqlıdır. Bu halda həmin proseslər fəal sosial qrupların maksimum sayda nümayəndələrini əhatə edəcəkdir. İnnovasiya modernləşməsi tipologiya baxımından inkişafın təkamül yoluna yaxındır, bu isə Azərbaycanın demokratik transformasiya strategiyasına uyğundur. Düşünürük ki, dəyişməkdə olan dünyada modernləşmə siyasətinin həyata keçirilməsi ölkədə keyfiyyət dəyişiklikləri üçün mühüm stimul olacaqdır. Ona görə ki, Azərbaycan dövləti daha möhkəm olacaq, çünki o, yeni çağırışlara, postindustrial cəmiyyətə xas olan dinamik mühitdə yaşamağa daha yaxşı uyğunlaşdırılacaqdır. Eyni zamanda, modernləşmə ritorikasının ölkənin müvafiq inkişaf strategiyalarının bütünlükdə məzmununa və real sosial-iqtisadi proseslərin tərkib hissəsinə çevrilməsi vacibdir. Əks halda o, təbliğat proqramı kimi qalacaq ki, bu da insanları məyus edə bilər.

Prezident İlham Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə sahəsində ölkə qarşısında duran əsas vəzifələr kimi müəyyən etmişdir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, inkişaf və modernləşmə idarə edilən proseslərdir, onların təkcə lokomotivi deyil, həm də hərəkəti tənzimləmək üçün pedalları vardır.

Qərbin tanınmış siyasi filosofları bildirirlər ki, “qızıl milyard” ölkələri qeyri-Qərb dövlətlərinin modernləşməsinin uğurlu olmasında o qədər də maraqlı deyildir. Qərbi həmin ölkələrin iqtisadiyyatının yalnız ayrı-ayrı sahələrinin inkişafı qane edir. Çünki həmin sahələr bu və ya digər dərəcədə Qərbin maraqlarına xidmət edir. “Qızıl milyard” ölkələrinə inkişaf etmiş rəqiblər lazım deyildir. Onlar, bir qayda olaraq, ucqar ölkələrin istismarı hesabına fəaliyyət göstərir. Onlara həmin ölkələrin təbii ehtiyatları və insan resursları lazımdır.

Müasir qlobal çağırışlar və dünyada yaranmaqda olan yeni geosiyasi və geoiqtisadi struktur şəraitində Azərbaycan milli ideyasının və milli ideologiyasının həyata keçirilməsi o halda uğurla nəticələnəcəkdir ki, bunlar yalnız milli strateji maraqlara əsaslanmış olsun.

Prezident İlham Əliyevin dövründə ölkənin seçdiyi dinamik sosial-iqtisadi inkişaf xətti üçün ən ciddi sınaq əvvəlcə Amerika iqtisadiyyatının ümumi axsaması fonunda ABŞ-ın ipoteka sistemində başlanmış böhranın doğurduğu 2008-2011-ci illərin dünya maliyyə böhranı oldu. Qeyd etmək yerinə düşər ki, əvvəlcə yalnız maliyyə sektorunu bürüyən böhran sonradan iqtisadiyyatın real sektoruna da keçmişdi. Fond və valyuta bazarlarında yaranmış problemlər qlobal iqtisadiyyatda struktur sarsıntılarına gətirib çıxarmış və xammal bazarlarında güclü dəyişkənliklə müşayiət olunmuşdu ki, bu da ayrı-ayrı ölkələrin və bütöv regionların milli iqtisadiyyatına son dərəcə mənfi təsir göstərmişdi. Əksəriyyətinin korporativ tarixi Avropanın bəzi dövlətlərinin yaşından çox olan ən iri beynəlxalq banklar, o cümlədən Lehman Brothers, Fannie Mae, ING, Northern Rock və ABM Amro kimi nəhənglər müflisləşmə həddinə çatmışdı. 2011-ci ilin martına qədər Amerikanın 350-yə yaxın bankı müflisləşdiyini bildirmişdi. Citigroup, General Motors, AIG və General Electric də daxil olmaqla, ən iri şirkətlər on minlərlə əməkdaşı ixtisar etmək məcburiyyətində qalmışdı. Portuqaliya, Yunanıstan, İslandiya və bir sıra başqa ölkələr ciddi böhran dərəcəsinə çatmış və öz tərəfdaşlarından maliyyə yardımı istəməyə məcbur olmuşdu. Onlar böhranın nəticələrindən hələ də özlərinə gələ bilmirlər.

Maliyyə-iqtisadi böhran bir sıra dövlətlərin sosial siyasətinə də təsir göstərmişdi. Həmin ölkələr öz borclarını yüngülləşdirməyə çalışaraq əhaliyə ödənilən sosial müavinətləri və pensiyaları azaltmağa məcbur olmuş, cəmiyyətin aztəminatlı təbəqələrinə kömək məqsədi ilə nəzərdə tutulan müxtəlif proqramlar kəskin şəkildə məhdudlaşdırılmışdı və s.

Hətta bu gün, dünya iqtisadiyyatının tədricən özünə gəldiyi bir vaxtda da böhranın nəticələri hiss edilir. Onun nəticələri o qədər ciddidir ki, dünyanın bir sıra regionlarında sosial gərginliyə səbəb olur, dünya iqtisadiyyatında resursların qeyri-bərabər paylanması, ərzaq qıtlığı, siyasi qarşıdurmalar kimi xroniki hallar bunu daha da kəskinləşdirir. Bu isə öz növbəsində sosial-siyasi sabitliyin pozulmasına gətirib çıxarır və çox vaxt belə halların nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün olmur. Dünya təcrübəsi göstərir ki, iqtisadi zəiflik, xarici amillər qarşısında tab gətirməmək çox vaxt dövlətlərin suverenliyi və milli təhlükəsizliyi üçün təhlükəyə çevrilir. Nəticədə həmin dövlətlərin bundan sonra hansı istiqamətdə hərəkət etməli olması barədə öyüd-nəsihət verməyə cəhd göstərən çoxlu məsləhətçilər peyda olur və onlar bəzən bunu dövlətlərin daxili işlərinə qarışmaq niyyətlərini gizlətmədən edirlər.

Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməmişdir. Hətta böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə 2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı.

Hələ 2004-cü ilin əvvəlində qəbul edilmiş və sonrakı dörd ildə həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı iqtisadi artım sürətinin saxlanmasında mühüm rol oynamışdır. Proqram çərçivəsində qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildikdən sonra 2009-2013-cü illər üçün yeni proqram qəbul edilmişdir və hazırda o da uğurla həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf planlarının həyata keçirilməsi, habelə nəzərdə tutulan işlərin yerinə yetirilməsinin gedişi ilə tanışlıq çərçivəsində 2003-cü ildən 2011-ci ilin may ayına qədər respublikanın 58 rayon və şəhərinə 195 səfər etmişdir. Təkcə bu fakt dövlət başçısının bölgələrin hərtərəfli və sürətli inkişafına dərin maraq göstərməsinə dəlalət edir.

2008-2009-cu illərdə dünya böhranının şiddətli vaxtında yaranmış çətinliklər Azərbaycanın xarici borclardan həddən çox asılı olan bir sıra kommersiya banklarına, o cümlədən sistemyaradan banklara da müvəqqəti təsir göstərmişdi. Lakin tənzimləyici dövlət orqanlarının gördüyü səriştəli tədbirlər və müvafiq dövlət fondlarında ehtiyatların həcminin kifayət qədər olması sayəsində bu çətinliklər tezliklə aradan qaldırılmışdı. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı 2003-cü ildən başlayaraq ölkənin kommersiya banklarının kredit bazarında daha ehtiyatlı davranışına yönəlmiş bir sıra qabaqlayıcı tənzimləmə tədbirləri görmüşdü. Böhran ərəfəsində bankların çoxunda əcnəbi ekspertlərin iştirakı ilə yaradılmış və təkmilləşdirilən riskləri idarəetmə sistemləri mövcud idi, aktivlərin və kreditlərin təminatı kimi qəbul edilən girovların keyfiyyətinə dair tələblər sərtləşdirilmişdi.

Prezidentin strateji baxışları çərçivəsində qarşıya qoyulmuş iqtisadi xarakterli vəzifələr iqtisadiyyatın müxtəlif sahələrində mövcud istehsal güclərinin modernləşdirilməsini davam etdirməyə, müəyyən edilmiş müddətlərdə iqtisadiyyatın strukturunu şaxələndirməyə imkan vermişdir. 2004-2011-ci illərdə ölkənin dövlət büdcəsinin mədaxil hissəsi 7,6 dəfə artmışdır. Həmin dövrdə ümumiyyətlə 900 minə yaxın iş yeri, o cümlədən 700 min daimi iş yeri açılmışdır.

2010-cu ildə yerli banklar tərəfindən ölkə iqtisadiyyatına ayrılmış qısamüddətli kreditlərin məbləği 8,8 faiz artmışdır. Uzunmüddətli kreditlər üzrə isə bu göstərici 9,1 faiz idi. 2011-ci il fevralın 1-nə ölkənin bank sektorunun aktivlərinin ümumi həcmi 13 milyard manatdan çox idi. 2010-cu ildə fiziki şəxslərin ölkə banklarındakı depozitlərinin ümumi həcmi 29,7 faiz artaraq ilin yekunlarına görə 3,3 milyard manat olmuşdur.

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2011-ci il aprelin 1-nə 25,7 milyard manata çatmışdır. Həmin tarixdə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları da maksimum məbləğə çataraq 6,7 milyard ABŞ dolları olmuşdur.

Onu da vurğulamaq lazımdır ki, qeyri-neft sektorunun inkişafı iqtisadi və sosial xarakterli başqa məsələlərin həlli üçün Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulmuş strateji məqsədlərdən biri olmuşdur. Son 7 ildə ümumi daxili məhsul təxminən 3 dəfə artmış, hətta 2008-2009-cu illərdə dünya maliyyə böhranının ən kəskin dövründə də öz dinamikasını saxlamışdı. Eyni zamanda, qeyri-neft sektorunun inkişaf sürəti bütövlükdə iqtisadiyyatın inkişaf sürətini xeyli qabaqlayırdı. Belə ki, 2010-cu ildə ölkədə ÜDM-in artımı 5 faiz olduğu halda, qeyri-neft sektorunda bu göstərici 7,9 faiz idi.

Uzunmüddətli perspektivdə neft-qaz ehtiyatlarının məhdud olacağını nəzərə alaraq, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə daha çox diqqət yetirir. Bu məqsədlə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilmiş geniş tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kiçik və orta sahibkarlığın fəal kreditləşdirilməsi, o cümlədən uzunmüddətli kreditlərin ayrılması özəl sektorun inkişafına güclü təkan vermişdir. Bu gün Azərbaycan vətəndaşlarının, onun idarəçilik və işgüzar elitasının ən yaxşı nümayəndələrinin “uğur tarixlərinin” əksəriyyəti məhz özəl sektorda müşahidə olunur. Kreditlərin 80 faizinin regionlara verilməsi göstərir ki, iqtisadiyyatın təkcə sektorlar üzrə deyil, həm də respublikanın bölgələri üzrə şaxələndirilməsinin zəruriliyinə diqqət yetirilir.

Təkcə son bir ildə ölkədə beş mindən çox müəssisə açılmışdır. Həm də ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların həcmi saxlanılmaqla onların strukturunda müsbət dəyişikliklər baş verir – investisiyaların üçdə iki hissəsi Azərbaycanın öz kapitalı ilə təmin edilir.

Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi üçün nadir təbii-iqlim şəraiti vardır. Lakin Prezidentin fikrincə, ölkəmiz özünün bu üstünlüyündən hələ yetərincə istifadə etmir. Dünyadakı 11 iqlim qurşağından 9-nun Azərbaycan ərazisində olması il boyu müxtəlif bitkiçilik məhsullarının yetişdirilməsi, eləcə də ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün əlverişli şərait yaradır və biz bu imkanlardan bacarıqla istifadə etməliyik. Azərbaycan iqtisadiyyatının intensiv və dinamik inkişafı, maddi resursların artırılması ölkənin kənd təsərrüfatı qarşısında yeni imkanlar açmışdır. Bu yeni imkanlardan yetərincə və səmərəli istifadə edilməsi aqrar sektorda dövlət siyasətinin ən başlıca vəzifələrindən biridir.

Hazırda kənd təsərrüfatı milli iqtisadiyyatın ən mühüm sahəsidir. 1995-ci ildən etibarən Heydər Əliyevin təşəbbüsü ilə ölkədə radikal torpaq islahatlarına başlanmışdı. Hazırda aqrar istehsalda özəl sektorun payı 99,7 faizdir. Bu isə o deməkdir ki, aqrar sektor bazar münasibətləri əsasında inkişaf edir. Ölkə əhalisinin 47 faizi kəndlərdə yaşayır, məşğul əhalinin 39,7 faizi kənd təsərrüfatı sahəsində çalışır.

Müasir Azərbaycanın həm qida məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək, həm də bəzi məhsul növlərini xarici ölkələrə ixrac etmək üçün bütün imkanları vardır. Həyat səviyyəsinin yaxşılaşması, vətəndaşların pul gəlirlərinin çoxalması adambaşına qida məhsullarına istehlakçı tələbatını yüksəltmişdir ki, bu da öz növbəsində ölkədə ərzaq bazarını genişləndirməyə şərait yaratmışdır.

Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə “2008-2015-ci illərdə əhalinin ərzaqla etibarlı təmin edilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə başlanmışdır. Bu proqram ölkədə yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi, habelə regionların sosial-iqtisadi inkişafı üzrə əvvəlki dövlət proqramlarını uğurlu şəkildə tamamlayır, aqrar, regional-iqtisadi və sosial siyasətdən ibarət bir növ üçbucaq yaradır, uzun müddət üçün əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının möhkəm təməlini qoyur.

Aqrar sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması nəticəsində 2010-cu ildə kənd təsərrüfatı müəssisələrinin sayı 2036-ya, sahibkarların sayı 2659-a, emal müəssisələrinin sayı isə 556-ya çatmışdır.

2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı, bütün başqa vergilərdən azad edilmişlər. Bu siyasət 1999-cu ildən tətbiq olunur.

Rayonlarda və kəndlərdə sahibkarlığın dövlət tərəfindən təşviqi prosesi də davam edir. Sahibkarlığın İnkişafına Kömək Milli Fondu tərəfindən verilmiş kreditlərin çox hissəsi məhz aqrar sahəyə yönəldilmişdir. Dövlət tərəfindən maliyyələşdirilən layihələrin 94 faizi məhz kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrini əhatə edir.

İqtidar yaxşı başa düşür ki, aqrar sahədə dövlət siyasəti daha çevik həyata keçirilməli və əlaqələndirilməli, bu sektorun kadr potensialı gücləndirilməli, institusional problemlər həll edilməlidir. Bu məsələlərin həllini təmin etmək üçün Prezident İlham Əliyev 2011-ci il mayın 3-də “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə” Sərəncam imzalamışdır. Bu, aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsində və aqrar elmin yenidən təşkilində mühüm vəsilə olacaqdır.

2010-cu il bir də onunla əlamətdar olmuşdur ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm də qaz ölkəsi statusunu növbəti dəfə təsdiqləmişdir. Təsdiq edilmiş ehtiyatlarının həcmi 200 milyard kubmetrə çatan “Ümid” qaz yatağı açılmışdır. Bu tarixi layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi aktoru statusuna transformasiyası şəraitində ölkənin geoiqtisadi əhəmiyyətini yeni səviyyəyə yüksəldir.

Prezident İlham Əliyev ölkənin daxili simasını dəyişməklə bərabər, həm də onun regional funksionallığını modifikasiya etmişdir. Hazırda regional əhəmiyyətli şimal-cənub və şərq-qərb istiqamətində yollar çəkilir, Çindən Avropaya qədər geniş bir məkanı əlaqələndirəcək Bakı–Tbilisi-Qars dəmir yolu tikilir. Bunlarla yanaşı, yeni lokomotivlər və qatarlar, təyyarələr, gəmilər və bərələr alınır, çünki Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi artmaqdadır. Bütün bu infrastruktur layihələrinin həyata keçirilməsi, Bakıda yeni aeroport kompleksinin və dəniz limanının tikilməsi şübhəsiz ki, Azərbaycanın bütün regionun mərkəzi nəqliyyat qovşağına və rəqabətədavamlı logistika mərkəzinə çevrilməsinə şərait yaradacaqdır.

Müasir Azərbaycanın iqtisadi siyasətindən və modernləşmə xəttindən danışarkən informasiya və kommunikasiya texnologiyaları sahəsinə toxunmamaq olmaz. Son üç ildə Azərbaycan bu sahənin inkişaf dinamikasına görə MDB ölkələri arasında liderlik edir. Belə ki, BMT-nin məruzəsinə görə, ölkələrin elektron hökumət yaradılmasındakı uğurlarını əks etdirən “United Nations e-Government Survey-2010” indeksi üzrə Azərbaycan dünyanın 192 ölkəsi arasında 83-cü yeri, “e-iştirak” indeksinə görə isə 157 ölkə arasında 68-ci yeri tutmuşdur.

Prezidentin müəyyən etdiyi strategiyaya görə, Azərbaycan yaxın 10-15 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsindən gələn gəlirlərin həcminin neft ixracından əldə edilən gəlirlərə çatdırılmasına nail olmağı planlaşdırır. Prezident hələ 2003-cü ildə Cenevrədə, informasiya cəmiyyəti qurulması problemlərinə həsr edilmiş dünya sammitindəki çıxışında dəqiq göstərmişdir ki, Azərbaycanın əsas məqsədi özünün “qara qızıl”ını insan kapitalına çevirməkdir və bu işdə aparıcı rollardan biri informasiya texnologiyaları sahəsinə məxsusdur. İKT artıq bu gün öz həcminə və potensialına görə energetika sahəsindən sonra ikinci yeri tutur, lakin inkişafın perspektivləri və dinamikası baxımından bu sektor şəksiz liderdir. 2003-cü ildən bəri bu sahədə orta illik artım sürəti 30-32 faiz səviyyəsində olmuşdur, halbuki dünya üzrə illik artım orta hesabla cəmi 10 faizdir. Yalnız böhranlı 2009-cu il istisna təşkil etmiş, həmin il artım dinamikası 13-14 faizə düşmüşdü. Son yeddi ildə İKT sektorunun həcmi 5 dəfə artmışdır və hazırda 1,5 milyard ABŞ dollarına yaxındır. Bu isə Azərbaycanda bütövlükdə ÜDM-in 1,9 faizinə və qeyri-neft sektorunda ÜDM-in 4,3 faizinə bərabərdir. Hər il büdcədən bu sahəyə ayrılan birbaşa investisiyalar 50-60 milyon dollardan çoxdur. Ümumiyyətlə, son dörd ildə rabitə və informasiya texnologiyaları sahəsinə 600 milyon dollardan çox sərmayə qoyulmuşdur. Təkcə son beş ildə Azərbaycan bazarlarına və regiondakı digər bazarlara 500-dək yeni İT - şirkət çıxmışdır. Davos Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2010-2011” hesabatında göstərilir ki, şəbəkə hazırlığının səviyyəsinə (The Network Readiness Index) görə Azərbaycan dünyanın 138 ölkəsi arasında 70-ci yeri tutur.

Azərbaycan Prezidentinin müəyyən etdiyi strategiyaya görə, “Virtual zona” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə çərçivəsində bütün ölkə bir növ “makrotexnopark”a çevriləcəkdir. Layihə çərçivəsində güzəştlər konkret əraziyə deyil, İT fəaliyyətinin müəyyən növlərinə şamil ediləcəkdir. Vergi və gömrük güzəştləri, ucuz kreditlər, bütün zəruri infrastruktur – bunların hamısı İKT sahəsində biznes fəaliyyətini asanlaşdırmalıdır.

Ümumdünya inteqrasiyası, təhsilin beynəlmiləlləşməsi və qlobal maliyyə axınlarının günbəgün sürətlənməsi şəraitində bütövlükdə İKT, o cümlədən İnternet hər bir fərdin həyatının ayrılmaz tərkib hissələrinə çevrilir. Buna görə də dövlətin vəzifəsi ən yaxın perspektivdə hər bir vətəndaşın informasiya-kommunikasiya texnologiyaları ilə qarşılıqlı münasibətlər sahəsinə maksimum cəlb olunmasını təmin etməkdən ibarətdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın ilk orbital peykinin buraxılması layihəsi çərçivəsində işlər davam edir. Bu layihənin əhəmiyyətini qiymətləndirməmək olmaz. O, iqtisadiyyatdan daha çox informasiya baxımından əhəmiyyətlidir və Azərbaycanın müasir və uğurlu ölkə statusunu vurğulayır.

Şübhəsiz ki, Prezidentin iqtisadi siyasətinin əsas məqsədi Azərbaycanın ixrac potensialını genişləndirmək, xarici şirkətləri ölkəmizdə bütövlükdə Cənubi Qafqaz və Xəzər hövzəsi regionuna xidmət edəcək regional ofislərin və nümayəndəliklərin təşkilinə cəlb etməkdir. Azərbaycan xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmaqla bərabər, ölkə iqtisadiyyatı özü də iri investora çevrilir, dünya iqtisadi məkanında özünün müsbət imicini transformasiya edir. 2003-2010-cu illərdə Azərbaycan fəal investisiya siyasəti həyata keçirmiş və başqa ölkələrin iqtisadiyyatına 5,7 milyard dollar sərmayə qoymuşdur. Şübhəsiz ki, Azərbaycanın maliyyə ehtiyatları bu göstəricini bir neçə dəfə artırmağa və dünyanın bir sıra regionlarında həyata keçirilən qlobal layihələrdə Azərbaycanın iştirakını təmin etməyə imkan verəcəkdir.

Bütün bunlar onu göstərir ki, artıq bu gün yeni texnologiyalar sahəsində gələcək uğurların təməli qoyulur. Bu, Azərbaycan iqtisadiyyatına nəinki çox güclü təkan verəcək, həm də Prezidentin həyata keçirdiyi strateji layihələrə uyğun olaraq, gəlirlərin şaxələndirilməsini təmin edəcəkdir.

Müasir dövrün qarşıya qoyduğu vəzifələrə və çağırışlara uyğun olaraq ölkənin bundan sonrakı modernləşmə və inkişaf xətti İlham Əliyevin aşağıdakı sözlərində vurğulanmışdır: “Biz 10 il, 20 il, 50 il qabağa baxmağa çalışmalıyıq. Dünya necə inkişaf edəcək?! Azərbaycan nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?! Demoqrafik vəziyyət necə olacaq?! ... Bu gün aparılan işlər 10 il, 15 il, 20 il bundan sonra uğurlu inkişafımızı təmin edəcəkdir”.


Yüklə 189,27 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə