MüASİr azərbaycan



Yüklə 189,27 Kb.
səhifə3/3
tarix01.11.2017
ölçüsü189,27 Kb.
#7731
1   2   3

ZAMANIN SEÇİMİ

Prezidentin seçdiyi daxili və xarici siyasət xəttinin uğurları, bu xəttin ölkə əhalisi tərəfindən dərk edilmiş şəkildə qiymətləndirilməsi və qəbul olunması Azərbaycanda onun özünə xas olan, qlobalist romantizmdən azad, Azərbaycan dövlətçiliyinin qurulmasının tarixi prosesinin reallıqlarını nəzərə alan və milli inkişafın məntiqindən irəli gələn konsolidasiya edilmiş demokratiya modelinin, yaxud ABŞ-ın vitse-prezidenti Dik Çeyninin təbirincə desək, “soverign democracy” modeli yaratmaq yolundakı gələcək fəaliyyəti stimullaşdırır.

Bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək, öz inkişaf modelini nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyevin anlamında demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar paralel, kəsişmədən bir-birini qabaqlamadan həyata keçirilir. Siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflıq barədə danışmaq olar.

Demokratiya milli maraqların və dövlət müstəqilliyinin ziyanına olaraq kənardan zorla qəbul etdirilə bilməz. Bizim hər birimiz demokratiyanı öz daxilimizdə “yetişdirir”, sonra isə onu ictimai-siyasi səviyyəyə ötürürük. Bu gün başqa geosiyasi və etnik-milli məkanlarda yüzilliklər boyu formalaşmış təcrübəni “qəflətən daxil etmək”, “kor-koranə köçürmək”, “gətirmək” olmaz. Hər bir cəmiyyət onun yeni idarəçilər, top-menecerlər, intellektuallar nəsli formalaşdıqca, sosial-iqtisadi bazis dəyişdikcə demokratikləşir və daha şəffaf olur. Bu, bir-birindən asılı olan, iqtisadi inkişafın milli dünyagörüşü ilə dəstəklənən siyasi transformasiyalarla yanaşı getdiyi, onların bir-birini qabaqlamadığı prosesdir. Bu həqiqətlərin başa düşülməsi Prezidentin Azərbaycanda demokratik transformasiya məsələsinə yanaşmasını formalaşdırır.

Bir neçə il bundan əvvəl ABŞ Prezidenti C.Buş (oğul) “hər yerdə demokratiya” anlayışını adi danışıq dilinə daxil etməyə cəhd göstərmişdi. Lakin ətrafa nəzər saldıqda, geosiyasi maraqlar naminə geoiqtisadi demarşları təhlil etdikdə istər-istəməz bu qənaətə gəlirsən ki, “hər yerdə mövcud olan demokratiya”, çox ehtimal ki, utopiyadır. Hərbi qüvvə vasitəsilə devrilmiş və müdaxilələrə, “demokratikləşməyə” məruz qalmış məkanlar təkcə milli suverenliyin itirilməsi, qlobal inteqrasiya prosesləri ilə əlaqədar sərhədlərin silinməsi təhlükəsi ilə üzləşmir, həm də ehtimal edilən rəqabət mübarizəsindən xeyli dərəcədə kənarda qalır, yanacaq-energetika sahəsi, strateji kommunikasiyalar üzərində nəzarəti itirir. Belə məkanlarda innovasiya və texnologiyalar yalnız “strateji tərəfdaşlıq” çərçivəsində satın alınan məhsul kimi mümkündür. İnkişafın idxal edilmiş modelinin təzyiqi altında cəmiyyətlər düşərgə baraklarına çevrilir, ölkələrin müdafiə qabiliyyətinin zəifləməsi isə onları “forpostlara” çevirir.

İnstitusional əsasları zəif olan ölkələr üçün milli ideya və ya milli identiklik kimi amillər yoxdur. Ona görə ki, cəmiyyətin daxili bazisi kənardan olan nəzarətə və direktivlərə tabedir. Bu isə ona gətirib çıxarır ki, ya milli “Mən” və suverenlik, bunun nəticəsi kimi dövlətçilik tədricən itirilir, yaxud da sərt radikallaşma və təcavüzkar millətçiliyin güclənməsi kimi əks proses gedir. Bunların hər ikisi sabitlik, dövlətin və onun vətəndaşlarının təhlükəsizliyi üçün çox qorxuludur. Hər ikisi sonda hərc-mərcliyə, xaosa və çox ola bilsin ki, anarxiyaya gətirib çıxarar.

Qərb analitiklərinin fikrincə, istənilən modernləşmə vesternləşməyə, yəni “qərbləşməyə” gətirib çıxarmalıdır. Düzdür, cəmiyyətlər özləri seçim etməlidir, lakin vesternləşmə olmadan modernləşmə şansı çox cüzidir. Böyük qalmaqala səbəb olmuş “Sivilizasiyaların toqquşması?” bestsellerinin müəllifi S.Hantinqton bu barədə kifayət qədər dəqiq yazmışdır. Bununla belə, gözümüzün qabağında heyrətamiz siyasi metamorfozalar baş verir: dəbdə olan “qloballaşma” terminindən istifadə etməklə cəmiyyətin milli dayaqları yox edilir, “gecə gözətçisi dövləti” layihəsi həyata keçirilir, dövlətin qüdrəti zəifləyir. Bu baxımdan F.Fukuyama ilə razılaşmamaq çətindir. O yazır: “Güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir, çünki dövlətlərin zəifliyi və dağılması yoxsulluqdan tutmuş, QİÇS, narkotiklər və terrorizmə qədər bir sıra çox ciddi problemlərin mənbəyidir” (Фукуяма Ф. Сильное государство. М.2006. с. 5).

Dünyanın ən böyük siyasi filosoflarından və sosioloqlarından biri olan Ziqmunt Baumanın fikrincə, “bu gün baş verən qloballaşma hər cəhətdən mənfi qloballaşmadır, dövlət sərhədlərinə, yerli maraqlara, hüquqlara, imtiyazlara və digər məqamlara məhəl qoymamaqda ixtisaslaşan qüvvələrin qloballaşmasıdır. İndiyə qədər qloballaşmış qüvvələr, güclər milli dövlətlərin qüdrətini, qabiliyyətini azaltmaqda davam edən elə həmin qüvvələrdir. Buraya maliyyə, qloballaşan ticarət, informasiya, habelə cinayətkar təşkilatlar (müxtəlif mafiyalar), silah və narkotiklər alveri, beynəlxalq terrorizm aiddir” (bax: «Полит.ру» , 6 мая 2011 г.).

Prezident İlham Əliyevin milli dövlət quruculuğu, Azərbaycanın demokratik inkişafı məsələləri barədə mövqeyi tarixi məntiqə, dünya təcrübəsinə, səmərəli siyasətə, ən başlıcası isə Azərbaycanın milli maraqlarına söykənən milli ideyanın gerçəkləşməsinin nəzərə alınmasına əsaslanır. Cəmiyyətin bu dərk edilmiş obyektiv tələbatı onun milli dəyərlərindən irəli gəlir və dövlətin qorunub saxlanmasına, onun mövcudluğu və mütərəqqi inkişafı üçün əlverişli şərait yaradılmasına yönəlmişdir. Milli maraqlara və inkişaf strategiyasının mahiyyətinə xalqın əksəriyyətinin həmrəy münasibətinə əsaslanan demokratiya daha səmərəlidir və hər bir yeni müstəqil dövlət üçün nümunə ola bilər.

REGİONAL GEOSİYASƏTİ FORMALAŞDIRARKƏN

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətin çoxvektorluluğuna, regionda ən yüksək döyüş qabiliyyətinə malik ordu yaradılmasına və ölkənin geostrateji mövqeyinin maksimuma çatdırılmasına yönəlmiş fəaliyyət xətti bu gün də davam etdirilir. Məhz Azərbaycan cəmiyyətinin monolitliyi və siyasi iradəsi, eləcə də əhalinin geniş təbəqələrinin düşüncəsi və qəlbində ölkənin lideri kimi İlham Əliyevin alternativinin olmaması tarazlaşdırılmış və çoxvektorlu, lakin qat-qat fəal xarici siyasət yeritməyə imkan vermişdir.

İlham Əliyevin prezidentlik dövrü, ilk növbədə müstəqil xarici siyasət təşəbbüslərinin, o cümlədən iqtisadi və nəqliyyat-energetika təşəbbüslərinin sayı ilə fərqlənir. 2003-cü ildən bəri dövlət başçısı dünyanın 45 ölkəsinə 146 səfər etmişdir və buraya yalnız dövlət səfərləri və rəsmi səfərlər daxildir. Xarici ölkələrin liderlərinin və siyasi xadimlərinin Azərbaycana səfərlərini də buraya əlavə etsək, görərik ki, bu gün ölkəmiz Cənubi Qafqazda regional liderə çevrilmişdir, onun fikri nəzərə alınmasa, istənilən regional layihələr ya bəri başdan səmərəsizliyə məhkum olacaq, yaxud da açıq-aşkar utopiya olaraq qalacaqdır. Bu gün Azərbaycan təkcə xammal ixracçısı və nəqliyyat dəhlizi deyil, həm də Avropa geoiqtisadiyyatının və regional siyasətin mühüm vəsiləsidir. Üstəlik, ölkəmiz tədricən Cənubi Qafqaz regionunun intellektual və informasiya mərkəzinə çevrilməkdədir. Müasir geosiyasət bizi regional və qlobal proseslərlə bağlı bir sıra məsələləri yenidən qiymətləndirməyə məcbur edir. Azərbaycan məhz bütün bunları başa düşərək, Avrasiyanın coğrafi mərkəzi kimi çıxış edib təkcə regional geosiyasəti deyil, həm də geoiqtisadiyyatı öz xeyrinə dəyişməyə nail olmuşdur.

Azərbaycan millətinin və dövlətçiliyinin, cəmiyyətimizin kollektiv “Mən”inin milli semantika və dünyanı dərk etmək simvolikasının əsasını təşkil edən bütün milli prioritetlər hazırda Prezident İlham Əliyevin xarici siyasət xəttində reallaşır. Azərbaycan Respublikası müsəlman və türk həmrəyliyi prosesində lider mövqelərdən birini tutur, Avropa inteqrasiyasına sadiqliyini nümayiş etdirir, ABŞ və Rusiya kimi qlobal dövlətlərlə, regiondakı qonşu dövlətlərlə və MDB üzrə tərəfdaşlarla qarşılıqlı şəkildə tamamlanan əlaqələri qurmaqda davam edir. Azərbaycan müasir dövrün qlobal çağırışlarında – istər terrorizmə, transmilli cinayətkarlığa və narkotrafikə qarşı mübarizədə, ətraf mühitin qorunması problemlərinin həllində, istərsə də demoqrafiya və əhali miqrasiyası kimi məsələlərdə özünü bir sıra ölkələrin və beynəlxalq təşkilatların etibarlı tərəfdaşı kimi göstərmişdir. Son illərdə mədəniyyətlərarası dialoqla bağlı bir sıra qlobal təşəbbüslərin müəllifi məhz Azərbaycandır.

Beləliklə, Azərbaycan Respublikası regionda informasiya mübadiləsinin və qarşılıqlı intellektual fəaliyyətin prioritet amilinə çevrilir. Müxtəlif dillərdə yayımlanan və çox geniş analitik və xəbər spektrini əhatə edən informasiya resurslarının sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir. Buna görə də dünya intellektual elitasının müxtəlif mərkəzləri Azərbaycanla birgə iqtisadi, siyasi, elmi və humanitar xarakterli layihələri nəzərdən keçirməyə maraq göstərir. Hərçənd, bu da sirr deyil ki, ölkədə ictimai şüura təzyiq göstərmək məqsədilə informasiya-analitik “beşinci dəstə”lər yaratmaq cəhdləri də müşahidə olunur. Lakin sabitliyi pozmağa göstərilən bu cür cəhdlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşmişdir və bundan sonra da üzləşəcəklər. Azərbaycan belə cəhdləri informasiya təxribatı, onun daxili işlərinə qarışmaq aktı və ölkənin suverenliyinə qəsd hesab edir.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun əvvəlki illərlə müqayisədə daha yüksək fəallığının sənaye-iqtisadi potensial və hərbi quruculuq, habelə cəmiyyətin monolitliyinin səviyyəsi baxımından Azərbaycanın Ermənistandan və kriminal “Dağlıq Qarabağ Respublikası” rejimindən total üstünlüyü kimi real əsasları vardır. Hazırda Ermənistanda mövcud olan kriminal rejim regionda yaranmış reallıqları qəbul etməkdən inadla boyun qaçırır, ictimai şüurla manipulyasiya edərək, yalançı şüarlar və miflərlə pərdələnərək, beynəlxalq hüququn müddəalarını özünün istədiyi kimi yozaraq təcavüzkar işğal siyasətini və tarixi həqiqətin danılmasını davam etdirir.

Azərbaycan erməni tərəfinə hər cür iqtisadi, siyasi və informasiya təzyiqi göstərmək siyasətini davam etdirəcəkdir. İlham Əliyev öz müraciətlərində və çıxışlarında Qarabağ probleminə aid məsələlərə təkcə ölkənin xarici siyasət xəttinə görə cavabdeh olan dövlət başçısı kimi deyil, həm də ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi toxunur.

Ermənistanda isə iqtisadiyyat bütün istiqamətlər üzrə tənəzzül keçirir, ölkə rəhbərliyinin irrasional siyasəti nəticəsində cəmiyyət ehtiyac və məhrumiyyətlərə düçar olmuşdur. Ermənistanda və onun işğal etdiyi Azərbaycan torpaqlarında fəlakətli demoqrafik vəziyyət hökm sürür, son illərdə erməni sosiumunda daxili siyasi qeyri-sabitlik müşahidə edilir, diaspor ilə münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşmişdir. Bugünkü Ermənistanın reallıqları bunlardır. Ermənistanın birinci prezidenti və indiki erməni müxalifətinin lideri Levon Ter-Petrosyanın BBC telekanalına müsahibəsi bunun ən yaxşı təsdiqidir. O, həmin müsahibəni tamamilə birmənalı şəkildə belə tamamlamışdır: “...Əgər Ermənistan hər hansı fəlakətli vəziyyətlə üzləşərsə, bunun təqsiri yalnız və yalnız bizdə olacaqdır” («Первый президент Армении Левон Тер-Петросян: интервью русской службе ВВС», http://www.1in.am/rus/armenia_apolitics_4736.html).

İlham Əliyevin müəyyən etdiyi hücum xarakterli xarici siyasət, Azərbaycan reallıqlarını dünya məkanına yayımlayan müasir kanalların yaradılması və daim təkmilləşdirilməsi, ölkədə KİV sektorunun və İnternet məkanının inkişafı çox qısa müddətdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistanla qarşıdurmada strateji qüvvələr nisbətində özünü göstərmişdir. Lakin hazırda informasiya məkanında uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, bu istiqamətdə hər gün iş aparılmalı, ermənilərin mövqeyinin saxta olması barədə dəlillər gücləndirilməli və konkret tarixi sübutlar təqdim edilməlidir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasının yeniləşdirilməsi, ümidverici hərbi-sənaye kompleksinin yaradılması da İlham Əliyevin prezidentliyi dövründə qazanılmış nailiyyətlərdir. Bu gün Cənubi Qafqazda ən güclü ordu Azərbaycanındır. Ölkədə müxtəlif tipli atıcı silahların, zirehli maşınların, kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatlarının və döyüş sursatının istehsalı qaydaya salınmışdır. Azərbaycanın illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən çoxdur və bu göstərici artmaqda davam edir.

Azərbaycan ərazisinin işğal edilməsi, hüququn güc üzərində aliliyinin Ermənistan tərəfindən total şəkildə inkar edilməsi heç də təbii hal kimi qəbul edilə bilməz. Prezident dəfələrlə vurğulamışdır ki, Azərbaycanın səbrinin həddi vardır, beynəlxalq hüququn prinsipləri sərbəst şəkildə yozulmamalı, beynəlxalq gündəlikdə həmin prinsiplərə prioritet verilməlidir. Bu mənada dünya siyasətində “ikili standartlar”ın - bir halda təcavüzkarı sakitləşdirmək, başqa halda onu məcbur etmək praktikasının olmasını xatırlatmaq vacibdir. Çox vaxt aşkar görünür ki, dünya birliyi bəzi regionlarda münaqişəli vəziyyətlərə qeyri-mütənasib dərəcədə ciddi diqqət yetirdiyi halda, başqa regionlarda bu vəziyyətə açıq-aşkar etinasızlıq göstərir, münaqişələrin “dinc yolla həll edilməsi” və danışıqlar cəhdinə sədaqətdən dəm vurulur, həmin danışıqlar isə onilliklər boyu davam edir və heç bir nəticə vermir. Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasının zəruriliyi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884 nömrəli) 19 ildən artıqdır ki, icra olunmamış qalır. Halbuki bəzən hətta beynəlxalq hüquqi baxımdan xeyli mübahisəli, lakin müasir dünya nizamının sırf geosiyasi tələblərinə cavab verən hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə saatda həyata keçirilir.

Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan qarşıdurması çərçivəsindən çıxmış, beynəlxalq və regional məsələyə çevrilmişdir. Son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəal iştirakı, bəzi ölkələr tərəfindən Ermənistan-Türkiyə sərhədinin açılmasının “zəruriliyi” məsələsi ilə əlaqədar Türkiyə rəhbərliyinə təzyiqlər edilməsi onu göstərir ki, dünyanın daha rasional və ədalətli qaydaya ehtiyacı vardır. XXI əsrin geosiyasəti getdikcə daha çox geoiqtisadiyyata və yanacaq-energetika amilinə istiqamətlənir. Bu isə heç şübhəsiz, qlobal sabitlik və təhlükəsizlik üçün yeni təhdidlər və çağırışlar doğurur.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycan diplomatiyasının ənənələri qərarlaşmışdır və ən yeni dövrdə mühüm nailiyyətlər qazanılmışdır. Qondarma “Türkiyə-Ermənistan yaxınlaşması” deyilən təşəbbüslərin qarşısının alınması, 2010-cu ildə Türkiyə ilə Strateji Əməkdaşlıq Şurası yaradılması haqqında saziş, Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanması, Azərbaycandan nəql edilən qazın həcmi, tranzit şərtləri və qiyməti barədə Rusiya və Türkiyə ilə danışıqlardakı irəliləyiş, Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyasının uğurla başa çatdırılması və s. buna misal ola bilər.

Eyni zamanda, regional inkişaf istiqamətində irəliləyiş və Dağlıq Qarabağ probleminin tezliklə həlli yollarının axtarışının hərtərəfli fəallaşması bir-biri ilə qarşılıqlı surətdə bağlı olmaya bilməz. Prezident bu barədə öz mövqeyini daim vurğulayaraq bildirir ki, Azərbaycan ilə Ermənistan arasında silahlı qarşıdurma və Azərbaycan torpaqlarının işğal edilməsi faktı aradan qaldırılarsa, regionun iqtisadi gələcəyi keyfiyyətcə fərqli inkişaf dinamikasına malik ola bilərdi. Bu baxımdan Ermənistan tərəfini danışıqlar prosesində konstruktiv mövqe tutmağa məcbur etmək üçün göstərilən hər hansı cəhdlər 1990-cı illərdən başlayaraq Azərbaycanın xarici siyasətindəki iqtisadi və nəqliyyat-energetika amillərinin olması sayəsində əlavə dəyər kəsb etmişdir.


AZƏRBAYCANÇILIQ” VƏ VƏTƏNDAŞLIQ

Tarixi prosesin yeni mərhələsi Azərbaycan xalqının tarixi irsinə və onun kollektiv yaddaşına, milli zəfərlər və ya uğursuzluqlar təcrübəsinə, milli qürurun obrazlar və rəmzlərinə tamam fərqli münasibət bəslənməsini tələb etmişdir. Hazırda Azərbaycanın humanitar təfəkkürü “azərbaycançılıq” ideologiyasının məna dolğunluğu elementlərinə dair dərin və sistematik tədqiqatlar aparmağa başlayır. Əlbəttə, bu modelin ideoloji baxımdan özünü artıq tam təsdiqləməsini söyləmək hələ tezdir. Lakin inamla demək olar ki, müstəqil Azərbaycanın vətəndaşlarının gələcək nəsilləri millətin formalaşması semantikasındakı bu strateji irəliləyişə görə dövlətimizin indiki başçısını lazımınca qiymətləndirəcəklər.

Bu məna dolğunluğu mühüm rol oynayır, çünki tədqiqatların elə indiki mərhələsində aşkar görünür ki, “azərbaycançılıq” millətin və müstəqil dövlətin dünyanı dərk etməsi sistemidir, ilk növbədə məsuliyyətə və şüurlu vətəndaş mövqeyinə, milli yaddaşa və sabahkı günə istiqamətlənməyə əsaslanır. Məhz məsuliyyət və vətəndaşlıq şüuru etnik, sosial və dini mənsubiyyətindən asılı olmayaraq, bu gün ölkənin hər bir vətəndaşına özünün Azərbaycan millətinə, bu ölkənin ictimai-siyasi həyatına, kollektiv iqtisadi və sosiomədəni uğurlara aidiyyətini hiss etməyə imkan verir.

Bu gün artıq millətin dəyərlər sistemində vətəndaşlıq mövqeyinə, hər bir azərbaycanlının şəxsiyyət kimi inkişafının roluna, insanın və vətəndaşın öz qabiliyyətlərini reallaşdırmaq imkanlarının maksimum üzə çıxarılmasına strateji yanaşma aşkar görünür. Dövlət aparatına, ictimai fəaliyyətə, iqtisadiyyat sektorlarının və müəssisələrin idarə edilməsinə, elmi tədqiqat fəaliyyətinə mümkün qədər çox sayda fəal gənclərin cəlb olunması dövlət başçısının uzunmüddətli kadr siyasəti forması almışdır. 2005-2009-cu illərdə ölkənin gənclər sektorunun inkişaf proqramının uğurla həyata keçirilməsinin nəticələri göz qabağındadır. 2011-ci ilin aprel ayında Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması haqqında Sərəncam imzalamışdır.

Dünya təcrübəsi, o cümlədən keçmiş sosialist düşərgəsinin bəzi ölkələrinin təcrübəsi göstərir ki, inkişafın milli xüsusiyyətlərinin nəzərə alındığı demokratiya modelinin bərqərar olması üçün təkcə cəmiyyətdə yeni davranış normalarının və dəyərlərin təşəkkülü deyil, həm də liderlərin və elitaların təhsil səviyyəsinin və submədəniyyətlərin şəffaflığının daim artırılması tələb olunur. Hər il bir neçə yüz gənc azərbaycanlı xarici ölkələrin nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil almağa göndərilir. Son illərdə azərbaycanlıların xaricdə təhsil proqramları üçün ayrılan müxtəlif növ kvotaların sayı yalnız artmaqdadır. Prezident özünün bir çox çıxışlarında Azərbaycan cəmiyyətinin təhsil səviyyəsinin keyfiyyətcə dəyişməsində, ölkəyə biliklərin və ən yaxşı dünya təcrübəsinin cəlb edilməsində bu gənclərin rolu barədə öz fikirlərini vurğulayır. Məhz bu insanlar sabah dövlət aparatının, ölkə iqtisadiyyatının idarəetmə sükanı arxasında dayanacaq, Azərbaycanda ictimai-siyasi münasibətlərin inkişafının ümumi istiqamətini müəyyən edəcəklər.

İstənilən genişmiqyaslı sosial dəyişikliklər motivasiyalı sosial qrup olmasını tələb edir, bunsuz həmin dəyişiklikləri həyata keçirmək mümkün deyildir. Tədqiqatçıların fikrincə, “biliklər cəmiyyəti”, “biliklər iqtisadiyyatı”, “informasiya sivilizasiyası”, “innovasiya modernləşməsi” trendinə keçid dövründə kreativ modernləşdirmə qrupu bu cür sosial komponent ola bilər. Məhz həmin qrup insan kapitalının təkrar istehsalının subyekti, mədəni resursların və informasiya resurslarının daşıyıcısı kimi innovasiyaların əsas generatorudur.

Müasir Azərbaycanda kreativ qrup təşkil edən insanlar sırasına özünün peşə və ya sosial fəaliyyəti hüdudlarında inkişafın generatoru olan, maddi və ya mənəvi dəyərlər yaradan şəxsləri aid etmək olar. Buraya ilk növbədə, sahəvi və fundamental elmin nümayəndələrini, yüksək texnologiyaları işləyib hazırlayan və tətbiq edənləri, bəzi biznes seqmentlərinin nümayəndələrini, mənəvi dəyərlər və informasiya sisteminin yaradılması sahəsində çalışan ziyalıların fəal hissəsini aid etmək vacib olardı.

Kreativ qrupu ayrıca sosial-psixoloji tip kimi təsnif etmək mümkündür. Bu tipə çox vaxt daxili “təməli” olan, iradi keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanlar aid edilir. Məhz bu keyfiyyətlərə malik insanları tərbiyə etmək hazırda Azərbaycan dövlətinin və bütövlükdə cəmiyyətin ən aktual vəzifəsidir.

Ölkədə milli demokratiyanın təkamülü və ictimai həyatın, xüsusən QHT sektorunun nəzərəçarpacaq dərəcədə fəallaşması, İnternetin uğurla yayılması da gənclərin işlə təmin edilməsi, onların sosiallaşması, maraq dairələri üzrə ünsiyyət, sosiumda müxtəlif mövzularda ictimai diskussiyaların keyfiyyətinin artırılması sahələrində müsbət irəliləyişlər əldə edilməsində sanballı rol oynamışlar.

Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektual şəxsiyyətlərin formalaşması çox vaxt müxtəlif təşkilatlarda göstərilən təşəbbüskarlığın təzahürləri ilə bağlı olur. Qeyri-hökumət təşkilatlarının ölkədə cərəyan edən ictimai və sosial-humanitar prosesə fəal cəlb edilməsi məqsədilə onların dəstəklənməsi, konstruktiv ictimai tənqid üçün şərait yaradılması, QHT-lərin maddi-texniki bazasının möhkəmlənməsi, habelə aktual sosial və humanitar layihələrin həyata keçirilməsinə kömək göstərilməsi Azərbaycan cəmiyyətinin demokratikləşməsi yolunda görülən mühüm işlərdir. Hazırda Azərbaycanda üç mindən çox qeyri-hökumət təşkilatı vardır. 2007-ci ilin iyul ayında Prezidentin Sərəncamı ilə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması QHT sektorunun dəstəklənməsində və ölkədə vətəndaş cəmiyyətinin inkişafında mühüm addım olmuşdur.

Sirr deyil ki, həmin Şura yaradılana qədər Azərbaycan QHT-lərinin əksəriyyətinin fəaliyyəti əsasən müxtəlif beynəlxalq fondların onlara göstərdiyi köməkdən asılı idi. Bu isə həm bu təşkilatların fəaliyyətinin istiqamətinə, həm də Azərbaycanda vətəndaş təşəbbüslərinin inkişafına ictimai tələbatı heç də həmişə təmin etməyən bu və ya digər layihələrdə müəyyən dərəcədə üstüörtülü siyasi məqamların olmasında özünü göstərməyə bilməzdi.

Bu gün isə Şura yerli qeyri-hökumət təşkilatlarına maddi və informasiya dəstəyi verir. Bunun nəticəsidir ki, 2008-ci ildə Şuraya 365 təşkilat müraciət edərək maliyyə dəstəyi istəmişdisə, 2010-cu ildə onların sayı demək olar ki, üç dəfə artmışdır. Ötən üç ildə mindən çox sosial və humanitar layihə uğurla həyata keçirilmişdir. “Üçüncü sektor”un layihələri üçün dövlət büdcəsindən bütövlükdə 10 milyon manatdan çox vəsait ayrılmışdır. Bu müddətdə əvvəllər xarici donorların heç vaxt maliyyələşdirmədiyi sahələrdə ilk dəfə olaraq layihələr həyata keçirilmişdir: məsələn, Dağlıq Qarabağın işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü problemləri ilə əlaqədar Azərbaycan reallıqları haqqında məlumatın dünya ictimaiyyətinə çatdırılması, qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi və s.

Ölkənin demokratik tranzitində və səmərəli vətəndaş cəmiyyətinin formalaşmasında müstəqil KİV-lərin inkişafı mühüm yer tutur. Azərbaycanda müstəqil mətbuatın təşəkkülü Sovet İttifaqının mövcudluğunun son illərinə təsadüf etmişdir. O vaxt Azərbaycanda ilk müstəqil qəzet və jurnallar yaranmağa başlamışdı. İndi isə Azərbaycanda dörd mindən çox KİV qeydiyyata alınmışdır, onlardan 300-dən çoxu daimi fəaliyyət göstərir. Müstəqil kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi zərurəti nəzərə alınaraq, habelə hadisələri və prosesləri qabaqlayaraq ictimai rəyin inteqratoru kimi çıxış edə biləcək keyfiyyətli jurnalistikanın formalaşmasına şərait yaratmaq məqsədilə 2008-ci ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası təsdiq edilmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır.

Təsadüfi deyildir ki, 2010-cu ilin dekabr ayında 30 gündəlik və 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 telekanal və 3 radio kanalı arasında aparılmış sorğunun nəticələrinə görə Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

İndiki dövrdə İnternet, innovasiyalar və sənayeləşmə ölkənin dünya birliyinə uğurla inteqrasiya etməsi üçün yeni perspektivlər açır və Azərbaycanda gələcəyin yetkin vətəndaş cəmiyyətinin qurulması üçün bu amillər əsas kimi götürülmüşdür.

Bütün bunlar dövlətçiliyin dərk edilmiş, başa düşülmüş, suveren və demokratiyanın “hazır reseptlərindən” azad yolla məqsədyönlü şəkildə inkişafına nail ola biləcək mütəşəkkil siyasi qüvvə yaratmağa kömək edir. Həm də yeni şəraitə uyğunlaşma “yuxarıdan” zorla qəbul etdirilmir, “aşağıdan” baş verir, gündəlik həyat prosesləri lazımi şəklə salınmaqla, qarşılıqlı etimad və sosial inteqrasiya potensialına malik olan dəyərlər və normalar aşkar edilməklə baş verir.

Azərbaycan gənclərinin indiki nəsli vətəndaşı olduqları dövlətin beynəlxalq aləmdə müstəqil mövqelərdən çıxış etməsini təbii hal hesab edir. Lakin başa düşmək lazımdır ki, bu mövqeni yaradan ölkə daxilində, Cənubi Qafqaz regionunda və dünyada baş verən proseslər haqqında geniş təsəvvürə malik olan liderdir. Milli ideyanın uğurla həyata keçirilməsi, milli identikliyin qorunub saxlanması və eyni zamanda, dünya birliyinə inteqrasiya həqiqətən tarixi nailiyyətdir, çünki iqtisadiyyatın inteqrasiya olunduğu, texnologiyaların sürətlə inkişaf etdiyi, transmilli maliyyə kapitalı və bilik axınları qarşısında dövlətlərarası sərhədlərin götürüldüyü müasir aləmdə milli ideoloji konsepti inkişaf etdirmək çətindir. Hər yerdə mövcud olan qlobalizmin məddahları milli, lokal dəyərlərin üstündən xətt çəkmiş, milli dövlətlərin əhəmiyyətini azaltmaqla, onları anaxronizm hesab etməyə başlamışlar. 1990-cı illərin əvvəlində Qərbin bütün fəlsəfi və siyasi təfəkkürü bu ruhda idi. Belə nəticələr çıxarmağın yanlışlığı göz qabağındadır. Nə yaxşı ki, bunu başa düşən qüvvələr var və onlar dünyanın bir sıra regionlarındakı real həyatı və ictimai prosesləri əsas götürərək bildirirlər ki, bütün milli xüsusiyyətlərin aradan qaldırılması bəşəriyyətin plüralist inkişafı üçün ciddi təhlükə doğurur. Bu gün bəzi elmi nüfuz sahibləri də onların səsinə səs verərək, tarixi inkişafın məntiqinə zidd olan belə ictimai-siyasi konseptlərin yanlışlığı barədə xəbərdarlıq edirlər. Müasir mütəfəkkirlər hesab edirlər ki, yeni qlobal inteqrasiya şəraitində yalnız milli dövlətin inkişafı, texnoloji inkişaf, milli mənlik şüurunun inkişafı və modernləşmə ayrı-ayrı xalqların və bütövlükdə bəşəriyyətin xeyrinədir. Buna görə də bərabər tərəfdaşlar hüququnda mədəni qarşılıqlı mübadiləyə üstünlük verilməklə dünya birliyinə inteqrasiya milli sosiomədəni məkanın qorunub saxlanması üçün zəruri olan gücü verir.

Milli ideya azərbaycanlıların özlərini identikləşdirməsinə, xalqın zəngin mədəniyyətini və onun tarixi irsini əks etdirən dünyagörüşünə əsaslanır.

Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, mədəniyyət Azərbaycan xalqının böyük sərvətidir. Azərbaycanın tarixi abidələrinin beynəlxalq təşkilatlar tərəfindən tanınması prosesinin başlanması bu qayğının nəticəsi olmuşdur. 2000-ci ildə Bakının tarixi mərkəzi – Qız qalası və Şirvanşahlar sarayı da daxil olmaqla İçərişəhər YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Bu qurumun ən mühüm vəzifələri dünya əhəmiyyətli obyektləri qoruyub saxlamaq və xüsusi mədəni, tarixi və ya ekoloji əhəmiyyətinə görə onları populyarlaşdırmaqdır. Eyni zamanda, Azərbaycan hökuməti hələ 1998-ci ildə ölkəmizin Hirkan milli parkı, Lökbatandakı palçıq vulkanları, Atəşgah məbədi, Naxçıvandakı Mömünə xatın, Yusif ibn Küseyir, Qarabağlar və Gülüstan türbələri, Abşeronun müdafiə qalaları kimi tarixi abidələrinin, habelə Şuşa, Ordubad, Şəki və digər şəhərlərin həmin siyahıya daxil olunmasını təklif etmişdi.

2003-cü ildən bu günə qədər Prezident İlham Əliyevin siyasəti ölkəmizin tarixi irsinin qorunması və təbliğinə yönəlmişdir. Günümüzün dəyişmiş reallıqlarına uyğun olaraq, eləcə də mədəniyyət abidələrimizin Ermənistan tərəfindən mənimsənilməsi cəhdlərinin çoxalması ilə əlaqədar mədəni irsə qayğı göstərilməsi və onun qlobal miqyasda təbliğ edilməsi işləri tamamilə yeni səviyyəyə çatdırılmışdır. İndi Azərbaycan bu və ya digər hadisələrə “cavab” reaksiyası vermək praktikasından özünün mədəniyyət incilərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəal siyasətə keçir.

2007-ci ildə YUNESKO-nun Dünya İrsi Siyahısına Azərbaycan mədəniyyətinin daha bir abidəsi - Qobustan qayaüstü təsvirləri daxil edilmişdir. Milli dövlət təsisatının həyat qabiliyyətli olması faktının özünün çox vaxt şübhə altına alındığı qloballaşan dünyada xüsusi əhəmiyyət kəsb edən qeyri-maddi dəyərlərin rolunu və mənasını başa düşən Prezident Azərbaycan mədəniyyətinin muğam sənəti, xalçaçılıq, aşıq sənəti və qədim bahar bayramı Novruz kimi bənzərsiz nümunələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsi və təbliğinə xüsusi diqqət yetirir. Buna görə də Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, 2003-2010-cu illərdə Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısı Azərbaycan muğamı, Novruz bayramı, Azərbaycan aşıq sənəti və ənənəvi Azərbaycan xalça sənəti ilə zənginləşmişdir.

İndi ölkədə Azərbaycan mədəniyyətinin milli abidələrinin bərpası və qorunub saxlanması üçün çox böyük işlər görülür. Bu sahədəki müsbət dinamikanı adi gözlə də görmək olar. Prezidentin tapşırığına uyğun olaraq, Bakının tarixi mərkəzi İçərişəhərin bərpası və qorunub saxlanması sahəsində genişmiqyaslı işlər görülür.

Qeyd etmək yerinə düşər ki, zəngin mədəni irsə və ölkə daxilində müxtəlif mədəniyyətlərin birgə mövcud olması sahəsində tarixi təcrübəyə malik bir diyar kimi Azərbaycan indi regional miqyaslı mədəniyyətlərarası dialoq üzrə ideal platformaya uğurla transformasiya edir. 2009-cu ildə Bakı islam mədəniyyətinin paytaxtı elan olunmuşdu, 2011-ci il aprelin 7-9-da isə burada mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu keçirilmişdir. Bu forumun keçirilməsi heç də təsadüfi deyildi – o, Azərbaycan tərəfinin təşəbbüsü ilə başlanmış və “Bakı prosesi” adlanan prosesin məntiqi nəticəsi idi. Azərbaycanda bu prosesin əsası 2008-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin iclasında qoyulmuşdu.

Prezidentin siyasi fəlsəfəsi bundan ibarətdir ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx ünsiyyət saxlasınlar, problemləri açıq müzakirə etsinlər, öz fikirlərini sərbəst bildirsinlər. İndi Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair bu cür sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilmişdir. Bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır, çünki Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamışlar. Prezidentin dediyi kimi, Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir”. Bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir.

Azərbaycanın uzunmüddətli perspektivdə özünü yetkin bir dövlət kimi təsdiq etməsi və demokratiya qurulması sahəsindəki uğurları cəmiyyətin sosiomədəni fonunda dəyişikliklərə şərait yaratmışdır. Milli identikliyin müxtəlif aspektləri yeni-yeni formalarda təzahür edir, dünya təcrübəsi ilə sintez edərək vətəndaşların həyatının mənəvi-əxlaqi komponentini intensiv surətdə zənginləşdirir. İcma şüurunun, kollektiv, fərdiləşdirilməmiş şüurun açıq-aydın təzahür edən arxetipi tədricən demokratik tranzit üçün daha açıq olan kütləvi şüurun digər formasına çevrilir.

Cəmiyyətimizin Azərbaycan millətinin ruhuna xas olan tolerantlığı hələ keçən əsrin 70-ci illərində Azərbaycanda şəxsiyyətlərarası və kollektiv münasibətlərin bütün spektrinin gündəlik tərkib hissəsinə çevrilmiş və tətbiqi forma almışdı. Bu təcrübə müasir Azərbaycan üçün də mühüm güc mənbəyidir və ölkədə yaşayan, özlərinin Azərbaycan millətinə mənsub olmasını hiss edən bütün etnosların birliyini səciyyələndirir. Dövlətimizin tərəqqisi və ərazi bütövlüyü naminə hər şeydən əziz olan canlarını da əsirgəməmiş Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının adları və soyadları, onların çox müxtəlif etnik mənşəyi ilə tanışlıq buna ən yaxşı sübutdur.


SABAHI DÜŞÜNƏRKƏN

Tempora mutantur et nos mutamur in illis (lat.)

Zaman dəyişir, onunla birlikdə biz də dəyişirik.

Azərbaycanın sənaye-iqtisadi qüdrəti və ölkə rəhbərliyinin dövlətin strateji inkişafına dair layihələrinin - mühüm dəyər oriyentirləri sistemini harmonik şəkildə əks etdirən layihələrin olması informasiya cəmiyyətinin müasir tələblərinə uyğun surətdə milli mənlik şüurunun transformasiyasının əsasıdır.

Bu gün vətəndaşlıq şüuru lazımi səviyyədə olan hər bir azərbaycanlı müasir Azərbaycan dövlətçiliyinin inkişafına dair tarixi layihəyə özünün şəxsi töhfəsini real şəkildə hiss edə bilər. Məhz son illərdə təkamül yolu ilə Azərbaycan fərdlərin ölkədə həyata keçirilən bütün tədbirlərin mənasını başa düşmək, dərk etmək imkanına malik şüurlu vətəndaşlara çevrilməsi üçün rahat şərait yaradan ölkə olmuşdur.

Azərbaycanda yaranmış iqtisadi inkişaf və dövlət idarəçiliyi modeli, modernləşmə xəttinin seçilməsi, heç şübhəsiz, bundan sonra yalnız təkmilləşəcək və bu mənada Azərbaycan demokratiyasının təkamülü istiqamətində səylər davam etdiriləcəkdir. Lakin artıq indidən demək olar ki, Azərbaycanın inkişaf vektorları barədə Prezidentin strateji planları özünü tamamilə doğrultmuşdur.

İndi bütün siyasi ssenarilər və müzakirələr yalnız inkişaf məcrasında nəzərdən keçirilir və bu fakt son illərdə qazanılmış nailiyyətlərin nəticəsidir. İlham Əliyev şəxsiyyətinin fenomeni müasir Azərbaycanın tarixi uğurlarında başlıca rol oynamışdır və əgər belə demək mümkündürsə, Azərbaycan millətinin və Azərbaycan dövlətçiliyinin tarixinin növbəti quruculuq mərhələsinin lokomotivinə çevrilmişdir. Bu sahədəki uğurlar mübahisə doğurmur və azərbaycanlıların gələcək nəsilləri tərəfindən layiqincə qiymətləndiriləcəkdir.

Əlbəttə, Azərbaycanın inkişafı indiyədək qazanılmış uğurlarla kifayətlənə bilməz. Buna görə də gələcəyin fəth edilməsi dövlətin yüksələn xətlə inkişafının növbəti mərhələsində, yəni biliklərə əsaslanan cəmiyyətdə Azərbaycan milli ideyasının əsas vəzifəsidir.



İllər, onilliklər keçəcək, inkişaf etmiş müstəqil Azərbaycanın vətəndaşlarının nəsilləri bir-birini əvəz edəcək, yeni çağırışlar yaranacaqdır. Lakin 1993-cü ilin yayından başlanmış və bütün sonrakı illərdə gələcək nəsillər üçün azad və insana layiq həyatın təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər millətin kollektiv yaddaşında həmişəlik qalacaqdır. “Bizim ən yaxşı vətəndaşlarımızın” yeni nəsilləri dövlət idarəçiliyi sükanını əldə saxlayacaq, bu gün Prezident İlham Əliyevin milli ideyanı gerçəkləşdirərək formalaşdırdığı səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və açıq cəmiyyətin bünövrəsinə əsaslanacaqlar.



Yüklə 189,27 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə