Müasir dövrdə qərb ölkələrində multikulturalizmin vəziyyəti



Yüklə 20,81 Kb.
səhifə1/3
tarix13.01.2022
ölçüsü20,81 Kb.
#82838
  1   2   3
Müasir dövrdə qərb ölkələrində multikulturalizmin vəziyyəti


Müasir dövrdə qərb ölkələrində multikulturalizmin vəziyyəti.

Müasir dövrdə Qərb ölkələrində multikulturalizmə qarşı artan sərt reaksiyanın əsas səbəblərindən biri cəmiyyətin immiqrantlara qarşı mənfi rəyi dayanır. Bu, xüsusən Avropa üçün aktualdır. Avropa ictimaiyyəti belə hesab edir ki, mühacirlər onların mədəniyyətinə uyğunlaşmaq əvəzinə, Qərbin əsrlər boyu formalaşmış mədəni, sosial və siyasi sisteminə ziyan vururlar. Burada immiqrant deyərkən əsasən müsəlmanlar nəzərdə tutulur. Son dövrdə Avropa ölkələrini bürümüş miqrant böhranı multikulturalizmə qarşı əhval-ruhiyyənin artmasını sürətləndirir.

Ümumiyyətlə, Qərbdə multikulturalizm əleyhinə debatların əsas mövzusu məhz müsəlman mühacirlər, habelə bu kontekstdə İslam dini ilə bağlıdır. Avropa ictimai fikrində anti-müsəlman əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğunu keçirilmiş rəy sorğuları təsdiq edir. Amerika Birləşmiş Ştatlarının nüfuzlu “The Pew Research Center” tədqiqat mərkəzinin keçirdiyi sorğulara görə, 2004- 2005-ci illərlə müqayisədə 2008-ci ildə avropalılar arasında müsəlmanlara “nisbətən mənfi” və “mənfi” yanaşanların sayı xeyli artmış, bəzən hətta 50 faizə çatmışdı. Həmin beyin mərkəzinin 2016-cı ilin yazında keçirdiyi sorğuya əsasən, müsəlmanlara mənfi münasibət Avropada ortalama 43%, o cümlədən Macarıstanda 72%, İtaliyada 69% təşkil edir.

Avropa ictimai rəyində geniş yayılmış pis stereotiplərin hədəfi multikulturalizm ideyasının iflasa uğraması ilə bağlı fikri cəmiyyətə aşılamaqdır. Multikulturalizmə qarşı mənfi reaksiyalar ekstremist siyasi partiyaların proqramlarında, bu partiyaların liderlərinin çıxışlarında əks olunmaqla yanaşı, akademik müzakirələrdə də özünü büruzə verir.

Multikulturalizmə qarşı ictimai diskursda ortaya çıxmış bu cür tənqidlər bütün Avropada multikulturalizm siyasətinin geriləməsinə səbəb olmuşdur. Alman politoloqu Kristian Yopkeyə görə, bunun 3 əsas səbəbi vardır:

1. Rəsmi multikulturalizm siyasətinə ictimai dəstəyin olmaması;

2. Miqrantların və onların övladlarının sosial iqtisadi marginallaşması ilə nəticələnən multikulturalizm siyasətinin mahiyyətindən irəli gələn çatışmazlıqlar;

3. Cəmiyyətdəki parçalanmanın qarşısını almaq üçün liberal dövlət tərəfindən minimum liberal standartların tətbiq edilməsi.

Bəzi mütəxəssislər hesab edirlər ki, multikulturalizmə qarşı qısqanc yanaşmalar olsa da, müxtəlifliyin idarə olunmasına yönəlmiş siyasi proqramlar davam etdirilməlidir. Bununla əlaqədar Derek Mak Cii yazır: “Biz refleksiv multikulturalizm mərhələsinə daxil olmuşuq. Bu, o deməkdir ki, multikulturalizm anlayışı yeraltına çəkilib, lakin multikulturalizmlə bağlı strategiyalar yerli səviyyədə siyasətə və praktikaya təsirini davam etdirməkdədir”. Eyni zamanda azlıqların mədəni adət və ənənələrinin tanınması barədə icitimaiyyətdə biliyin və informasiyanın az olması multikulturalizmə qarşı ictimai diskursda mənfi münasibəti gücləndirir.

Fleras multikulturalizm əleyhdarlarını üç cəbhəyə bölür:

1. Anti-multikulturalizm anti-immiqrasiya kimi;

2. Anti-multikulturalizm anti-müsəlmanlar kimi;

3. Anti-multikulturalizm anti-multikultural idarəetmə kimi.

Flerasın fikrincə, multikulturalizmin bu günümüzü müəyyənləşdirən irsi sübut edir ki, multikulturalizm uğurlu olub və bu da davam etməkdədir. O, bunu aşağıdakı arqumentlərlə əsaslandırır: a). keçmişlə müqayisədə “başqalarına” qarşı tolerantlıq və qəbul etmə hissi müəyyən limit daxilində artıb; b). Ağların avrosentrik hegemonluq ideyası rədd edilib; c). irqçilik artıq sosial və hüquqi cəhətdən qeyri-məqbuldur; d). miqrantlar əsas təsisatlara və orta sinfə ciddi şəkildə daxil ola bilib.

Nəhayət, mütəxəssislər iddia edirlər ki, multikulturalizm nə ölüb, nə də ölmək üzrədir. Meydanı tərk edən isə multikulturalizmin aşağıdakı köhnəlmiş formalarıdır:

1. Birləşməni deyil, parçalanmanı təşviq edən multikulturalizm;

2. Birgəyaşayışın modeli olaraq inklüzivliyə deyil, fərqliliyə üstünlük verən multikulturalizm;

3. Etnik icmaları idarəetmənin əsası kimi qəbul və təşviq edən multikulturalizm;

4. Əsas mədəni dəyərlərlə ziddiyət təşkil edən etno-mədəni dəyərlərə və praktikalara qarşı dözümlülük nümayiş etdirən multikulturalizm;

5. Azlıqları və hökumətlərin azlıq siyasətini tənqid etməyə qorxan multikulturalizm;

6. Daimi prinsipləri ortaya qoyan yox, özünün xüsusi təlimatlarını əks etdirən multikulturalizm;

7. Multikultural idarəetməni cəmiyyət quruculuğundan ayıran multikulturalizm.

Multikulturalizmin ölmədiyini sübut edən ən mühüm məqamlardan biri də onun yeni demokratiyalarda intişar tapmasıdır. Qeyd olunduğu kimi, bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir və xalqımızın həyat tərzidir”.


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə