Müəllifdən



Yüklə 0,63 Mb.
səhifə3/8
tarix11.03.2018
ölçüsü0,63 Mb.
#31130
1   2   3   4   5   6   7   8

- Bəyəm, sən, sovməəni görmək istəmirsən? - deyə soruşur.

Mən bilirəm, mənim özümü belə aparmağım onun xoşuna gəlmir. O, məni - zəif, qorxaq, öz istədiyini əldə etməyi bacarmayan biri hesab edir. Şahzadə qız öpüşsüz - filansız qurbağaya çevrildi.

- Dünən olanları yadına sal, - mən deyirəm. - Barda sən mübahisənin davam etməsini istəmirdin və onu yarımçıq qoydun. Amma mən indi həmin şeyi təkrarlayanda, sən məni mühakimə edirsən.

Qoca laqeydcəsinə bizə qulaq asır. Yəqin, çox məmnundur - onun gözləri önündə heç olmasa nə isə baş verir, zira, burda, bu balaca şəhərdə bütün səhərlər, bütün gündüzlər, bütün gecələr bir-birindən fərqlənmir.

- Qapı bağlı deyil, - o, qocaya müraciət edir. - Əgər sənə pul lazımdırsa, biz verə bilərik, az da olsa. Ancaq bu xanım kilsəyə baxmaq istəyir.

- İndi - olmaz.

- Yaxşı görək! Biz onsuz da girəcəyik!

Və mənim əlimdən yapışaraq içəri daxil olur.

Ürəyim az qalır yerindən çıxsın - Qoca qəzəblənə, polis çağıra, səyahətimizi korlaya bilər.

- Niyə belə elədin?

- Çünki sən sovməənin içini görmək istəyirdin.

Ancaq məndə alınmır: gözlərim baxmır - bu deyişmə və mənim qadağaya münasibətim belə gözəl bir səhərin bütün cazibəsini məhv elədi.

Mən diqqətlə bayırda baş verənlərə qulaq kəsilirəm, qocanın necə polis çağırdığını təsəvvürümə gətirirəm. Kafirlər. Soyğunçular. Onlar qanunu pozurlar, qadağaları tapdalayırlar. Axı, qoca onlara dedi - bağlıdır, ziyarət saatı qurtarıb! O xəstə və taqətsizdir, onun bizi saxlamağa gücü çatmazdı, biz yaşlıya hörmət etməmişik və bu polisin gözündə bizim günahımızı ağırlaşdıracaq.

Mən içəridə gözlərin alışması üçün nə qədər vaxt gərəkdirsə, düz o qədər qalıram. Lakin ürəyim elə bərk döyünür ki, onun ürəyimin tappıltısını eşidəcəyindən qorxuram.

- Biz gedə bilərik, - mən «Atamız» duasını oxumaq üçün lazım olan vaxtı ötürərək deyirəm.

- Pilar, qorxma. Sənə bu qocanın çaldığına oynamaq lazım gəlməyəcək.

Mən qarovulçu ilə konfliktin dostumla mübahisəyə səbəb olmasını istəmirəm. Sakitliyimi qorumalıyam.

- Nədən danışdığını başa düşmürəm, - mən cavab verirəm.

- Elə adamlar var ki, daima kiminləsə - ətrafdakılarla, özləriylə, həyatla döyüşürlər. Və tədricən onların başlarında müəyyən bir teatral oyun yaranmağa başlayır, onun librettosunu isə öz uğursuzluqlarının və məyusluqlarının diqtəsiylə yazırlar.

- Mən bu cür çoxlarını tanıyıram.

- Bədbəxtlik ondadır ki, onlar bu pyesi təkbaşına oynaya bilməzlər, - o davam edir. - Və onda onlar başqa aktyorların köməyindən istifadə edirlər.

İndi, təxminən, buna bənzər bir şey baş verdi. Qoca kimdənsə nəyə görəsə acıq çıxmaq, hirsini kiminsə üstünə tökmək istəyirdi və bizi seçdi. Əgər biz ona qulaq assaydıq, qadağasına boyun əysəydik, onda bu an məğlubiyyətin acısını çəkərdik, peşman olardıq. Biz onun uğursuzluqlarının və miskin həyatının bir hissəsinə çevrilərdik.

Lakin onun düşmənçiliyi çox açıq idi, ona görə də ondan qorunmaq bizim üçün çətinlik törətmədi. Bundan da pisi, adamların həyatın ədalətsizliyindən şikayətlənərək, başqalarından məsləhət, yardım, himayə gözləyərək, özlərini qurban kimi aparmağa başlayaraq bizi də «səhnəyə» çağırmasıdır.

O, mənim gözlərimə baxdı.

- Ehtiyatlı ol, - o dedi. – Belə oyuna qoşulsan - mütləq məğlub olacaqsan.

O haqlıdır. Amma yenə də mən rahat deyildim: ürəyimdə xoşagəlməz hiss qalmışdı.

- Mən dua elədim. İstədiyim hər şeyi elədim. Biz çölə çıxa bilərik.

Və biz bayıra çıxırıq. Kilsədəki yarıqaranlıq və günəşin gözqamaşdıran işığı arasındakı kontrast elə güclüdür ki, mən bir neçə dəqiqə heç nə görmürəm. Görmə qabiliyyətim bərpa olanda qocanın orada olmadığını sezirəm.

- Gedək, nahar edək, - o deyir və şəhərciyə tərəf yönəlir.


Nahar zamanı mən iki stəkan şərabın axırına çıxdım. Hələ ömrüm boyu bu qədər çox içməmişdim. Mən əyyaşa çevrilirəm.

«Ağ eləmə».

O, ofisiantla danışır. Ətrafda hələ Qədim Romaya aid tikililərinin xarabalıqlarının qaldığını öyrənir. Mən söhbətə qoşulmağa cəhd edirəm, ancaq pis əhval - ruhiyyədə olduğumu gizlədə bilmirəm.

Şahzadə qurbağaya çevrildi. Nə olsun ki? Əgər mənə heç nə gərək deyilsə - nə kişi, nə məhəbbət - bunun nə əhəmiyyəti var?

«Mən, axı, əvvəldən bilirdim, - mən düşünürəm. - Bilirdim ki, o mənim dünyamın tarazlığını pozacaq. Ağlım mənə xəbərdarlıq etdi - ancaq ürəyim onun məsləhətini eşitmək istəmədi».

Mənə çatan o cüzi nəsnənin əldə olunması çox baha başa gəldi. Mən arzuladığım bir çox şeydən imtina etməli, qarşıma sərilən bir çox yollardan üz çevirməli oldum.

Mən arzularımın çoxunu ən böyük arzuma – ruhumun sakitliyinə qurban verdim. Və indi onu itirmək istəmirəm.

- Səni nə isə narahat edir, - o, qarsonla söhbətini kəsib soruşur.

- Hə, düz tapmısan. Məncə, o qoca polisə xəbər verdi. Məncə belə balaca şəhərdə bizi tapmaq o qədər də çətin olmayacaq. Və məncə, sənin tərsliyinə salıb, məhz, burda nahar etmək istəmənin ucbatından biz tətilimizin üstündən xətt çəkə bilərik.

O, içində mineral su olan stəkanı əlində fırladır. O, yəqin bilir ki, mən yalan danışıram və iş heç də qocada deyil. İş ondadır ki, mən xəcalətdən ölürəm. Niyə biz yaşamımızın başına belə iş açırıq? Niyə gözdə çöpü görürük, amma dağlara, çöllərə, zeytun meşələrinə fikir vermirik?

- Qulaq as, - o deyir. - İnan ki, boş yerə narahat olursan: qoca çoxdan evindədir və bu hadisəni də artıq unudub.

«Axmaq, mən buna görə narahat deyiləm» - mən fikirləşirəm.

- Ürəyinin səsinə qulaq as, - o davam edir.

- Mən elə belə də eləyirəm, - mən deyirəm. – qulaq asıram. Və burdan getmək istəyirəm. İçimdə nə isə xoşagəlməz hiss var.

- Bu günlük daha içmə. Şərab sənə kömək eləmir.

Bu ana qədər mən özümü birtəhər saxlamışdım. İndi mənə çatır - ən yaxşısı, içimdə yığılıb qalan hər şeyi deməkdir.

- Sən əminsən ki, hər şeyi bilirsən. Sən sehrli anlar haqqında, böyük adamın qəlbində saxlanmış körpə haqqında danışırsan. Və mən başa düşmürəm ki, sənin burda, mənim yanımda nə işin var?!

- Mən sənə valeh oluram, - o gülür. - Sənə və sənin necə öz ürəyinə qarşı mübarizə aparmana.

- Necə, necə? - mən bir də soruşuram.

- Heç nə, mən elə-belə… - o cavab verir.

Ancaq mən onun nə demək istədiyini artıq başa düşmüşəm.

- Özünü aldatma. Əgər istəyirsənsə, biz bunu aydınlaşdıra bilərik. Sən mənim hisslərim barədə yanılırsan.

O, stəkanı oynatmağı dayandırıb, düz mənim gözlərimin içinə baxır:

- Yanılmıram. Mən bilirəm - sən məni sevmirsən.

Mən əməlli - başlı çaşıram.

- Lakin mən sənin məhəbbətin uğrunda mübarizə aparacam, - o davam edir. - Dünyada elə şeylər var ki, onların uğrunda sonuna qədər mübarizə eləməyə dəyər.

Mən ona nə cavab verəcəyimi bilmirəm.

- Məsələn, sənin uğrunda, - o sözünü bitirir.

Mən baxışlarımı yayındırıram və özümü elə göstərirəm ki, guya, restoranın interyerinə baxıram. Mən özümü qurbağa kimi hiss edirdim və birdən yenə şahzadəyə çevrildim.

«Mən onun sözlərinə inanmaq istəyirəm, - mən gözlərimi üzərində balıqçı qayıqları təsviri olunmuş rəsmə zilləyərək fikirləşirəm. – Bu heç nəyi dəyişməyəcək, amma hər halda mən özümü bu qədər zəif, lazımsız hiss etməyəcəyəm».

- Sənə belə hücum etdiyimçün bağışla, - mən deyirəm.

O gülümsəyir və ofisiantı çağırıb hesabı ödəyir.


Geri qayıdanda mənim çaşqınlığım keçməmişdi. Günahkar kim idi? Günəş? - Ancaq indi payızdır və günəş nəinki yandırmır, heç isitmir də. Qoca?–Ancaq qoca artıq xeyli vaxt idi ki, mənim həyatımdan getmişdi.

Hər şey günahkar ola bilərdi - yeni olan hər şey. Təzə ayaqqabı ayağı sürtür. Yaşam da belədir - o, bizi qəfildən yaxalayır və qeyri - müəyyənliyə sürükləyir. Hətta biz bunu istəməsək də, hətta bu bizə lazım olmasa da.

Mən ətrafı seyr edərək fikrimi dağıtmağa çalışıram, amma daha zeytun sahələrini, təpənin zirvəsindəki şəhərciyi, qocanın kandarında oturduğu sovməəni görə bilmirəm. Bütün bunlar mənə yaddır, heç nə tanış deyil.

Mən dünənki ziyafəti və onun elə hey zümzümə etdiyi nəğməni xatırlayıram:



Bu gecə Buenos - Ayresdə nə isə var,

Nə isə, heç bilmirəm…

Onda bəs mən nəyi bilirəm?

Qalxdım və geyindim, evdən çıxdım, Arenales küçəsinə getdim…
Əgər biz Bilbaodayıqsa, Bueons - Ayresin bura nə dəxli var? Və «Arenales» - hansı küçədir? O, bununla nə demək istəyirdi?

- Dünən sənin dayanmadan oxuduğun hansı mahnı idi? - mən soruşuram.

- «Dəlinin balladası», - o cavab verir. - İndi niyə soruşursan?

- Heç, elə-belə, - mən cavab verirəm.

Ancaq mənki bunun elə - belə olmadığını bilirəm. Mən bilirəm, o - tələ idi, ona görə oxuyurdu. O, hansısa tanış, mənim min dəfə eşitdiyim bir şeyi mızıldana bilərdi, lakin o, mənim heç vaxt eşitmədiyim mahnını seçdi.

Bəli, bu tələdir. Nə vaxtsa, radioda və ya diskdə mən bu nəğməni eşidən kimi o və Bilbao yadıma düşəcək, ömrümün payızının bahara çevrildiyi günlər yadıma düşəcək. Mən ruh yüksəkliyini, macəra ruhunu və allah bilir, hardan peyda olmuş körpəni xatırlayacam.

O, hər şeyi nəzərə alıb. O ağıllı və təcrübəlidir, o həyatı tanıyır və ürəyi istəyən qadını fəth etməyi bacarır.

«Mən dəli oluram», - öz - özümə deyirəm. İki gün dalbadal içdiyim üçün əyyaşa çevriləcəyimdən qorxuram. Elə bilirəm ki, onun bütün hiylə və fəndlərdən xəbəri var. Əminəm ki, onun qayğısı məni tora salır və idarə edir.

Restoranda o necə dedi? «Mən sənin öz ürəyinə qarşı necə mübarizə aparmağına valeh oluram».

O yanılır - Mən ürəyimlə artıq çoxdan və böyük uğurla döyüşürəm. Mən əlçatmazı sevməyəcəyəm.

Mən öz imkanlarımın sərhəddini bilirəm, necə ki, əzab çəkmək bacarığımın sonsuz olmadığını bilirəm.

- Mənə nə isə de, - geri, maşının yanına qayıdarkən mən xahiş edirəm.

- Nə deyim?

- Nə isə. Danış mənimlə.

Və o, Müqəddəs Məryəmin Fatimədə möcüzəli zühurundan danışmağa başlayır. Bilmirəm, o, bunu indi niyə xatırladı, ancaq üç çobanın necə onunla söhbət etməsi haqqındakı əhvalat fikrimi dağıdır.

Və tezliklə ürəyim sakitləşir. Yəni mən son həddimi bilmirəm? Yəni mən özümü idarə edə bilməyəcəyəm?!

Biz getdiyimiz yerə gecə çatdıq. Mən kiçik meydançanı, otra əsrlərdən qalma tikililərə və su quyusuna zəif sarı işıq salan fənəri qatı duman pərdəsindən güclə seçirdim.

- Duman! - o, ucadan sevinclə dedi.

Mən təəccüblə ona baxdım.

- Biz Sent-Savendəyik, - o davam etdi.

Şəhərciyin adı mənə heç nə demirdi. Ancaq artıq Fransada olduğumuzu anladım və mən də sevindim.

- Sən məni niyə, məhz, bura gətirmisən? - mən soruşdum.

- Sənə ev satmaq istəyirəm, - o gülə-gülə cavab verdi. - Bir də ki, mən söz vermişdim ki, Müqəddəs Məryəmqüsursuz hamiləliyi gününə qədər qayıdacağam.

-Bura?


-Məhz, bura yox. Bura yaxına bir yerə.

O əyləci basdı. Biz maşından düşərək əl - ələ verib qatı dumanın içinə irəlilədik.

-Bu yer mənim həyatıma gözlənilmədən daxil olub, - o dilləndi.

«Necə ki, sən - mənim», - mən düşündüm.

-Bir dəfə, məhz, burda mən başa düşdüm ki, yolumu azmışam. Yox, belə yox. Daha doğrusu, mən yenidən öz yolumu tapdığımı başa büşdüm.

-Sən tapmaca danışırsan, - mən dedim.

-Sənə nə qədər ehtiyacım olduğunu, məhz, burda anladım.

Mən, yenə - özüm də niyəsini bilmədən - ətrafa baxdım.

-Bunun sənin yoluna nə dəxli var?

-Biz kirayə mənzil tapmalıyıq, çünki bu şəhərdəki hər iki mehmanxana yalnız yayda işləyir. Sonra yaxşı bir restoranda şam edərik - polisdən qorxmadan rahatca oturarıq və tələsik maşına qaçmaq da lazım gəlməyəcək. Şərab dilimizin bağını sökəndə isə doyunca söhbət edərik.

Hər ikimiz güldük. Mən yüngülləşdim. Yolboyu ağlıma gələn cəfəngiyyatların siyahısını tutmağa başladım. İspaniyanı Fransadan ayıran sıra dağlar keçəndə isə ruhumu qorxudan və gərginliklən təmizləməsi üçün Allaha dua etdim.

Mən artıq səfeh qız rolunu oynamaqdan, özümü mümkünsüz məhəbbətdən qorxan rəfiqələrim kimi - hərçənd heç biri bunun nə olduğunu dəqiq bilmir - aparmaqdan yorulmuşam. Əgər zamanında dayanmasaydım, onunla yanaşı keçirdiyim bu sayılı günlərin mənə verə biləcəyi bütün yaxşılıqları itirərdim.

«Ehtiyatlı ol, - mən fikirləşdim. – Əgər bənddə çat əmələ gəlsə, dünyada heç bir qüvvə onu bərpa edə bilməyəcək».

- Müqəddəs Məryəm, bizi qoru: indi və axirətdə, - o dedi.

Mən susdum.

- Niyə «Amin» demədin?

Çünki artıq bunu vacib və gərəkli hesab etmirəm. Vaxt vardı ki, din mənim həyatımın bir hissəsi idi. Vardı, amma daha keçdi.

O geri döndü və biz maşına yönəldik.

- Ancaq mən hələ də dua edirəm, - mən davam etdim. - Biz Pireneyləri keçəndə mən dua elədim. Amma bu mexaniki baş verdi, heç bilmirəm, öz duama inanıram, ya yox.

- Niyə?


- Ona görə ki, əzab çəkirdim və Allah məni eşitmirdi. Ona görə ki - və bu tez-tez olurdu - mən bütün qəlbimlə sevməyə çalışırdım, ancaq mənim sevgim əzilirdi, ona xəyanət edilirdi. Əgər Allah məhəbbətin özüdürsə, o, mənim hisslərimə daha ehtiyatlı yanaşa bilərdi.
- Hə, Allah məhəbbətin özüdür. Ancaq bu məsələlərdən Müqəddəs Ananın başı daha yaxşı çıxır.

Mən qəhqəhə ilə güldüm, ancaq nəzərlərimi ona çevirəndə zarafat etmək fikrində olmadığını, tam ciddi danışdığını gördüm:

Müqəddəs Anaya «qeydsiz - şərtsiz sevməyin» sirri əyandır. O, sevərək və əzab çəkərək bizi cəhənnəm əzabından xilas edir. İsa da bizi ilkin günahdan beləcə xilas etmişdi.

- İsa-Allahın oğludur. Müqəddəs Anasa–sadəcə qismətinə Onu öz bətnində gəzdirmək xoşbəxtliyi nəsib olmuş adi qadındır, - mən yersiz gülüşümü ciddi tonla ört-basdır etməyə çalışaraq cavab verdim. Mən istəyirdim ki, o bilsin - mən onun etiqadına hörmət edirəm. Lakin etiqad və sevgi heç vaxt mübahisə etmir, belə sevimli şəhərcikdə isə – xüsusilə.

O, maşının qapısını açaraq oturcaqdan bizim rükzaqları götürdü. Mən əlimi özümünkünə uzadanda, o, təbəssümlə əlimi itələdi:

- İcazə ver, mən aparım.

«Mənimlə çoxdan belə nəzakətlə rəftar etməmişdilər» deyə fikirləşdim.

Biz rastımıza çıxan ilk qapını döyürük, ancaq qadın səsi deyir ki, burda kirayəyə otaq vermirlər. İkinci qapının arxasından cınqır belə çıxmır. Üçüncü evdə qoca bizi gülərüzlə qarşılayır, lakin məlum olur ki, çarpayı ikinəfərlikdir. Mən imtina edirəm.

- Bəlkə biz irəli, bundan böyük şəhərə gedək?- çıxanda mən soruşdum.

- İndicə otaq tapacağıq, - o cavab verdi. – Sən Özgə haqqındakı pritçanı eşitmisən? Bu - yüz il qabaq yazılmış bir əhvalaın fraqmentidir, müəllifi…

- Kimin yazdığı vacib deyil, danış, - Sent-Savendəki yeganə meydanda onunla yanaşı addımlaya - addımlaya xahiş edirəm.

- Bir nəfər, cürbəcür yollarla həyata uyğunlaşmağa çalışan, ancaq bütün əziyyətləri boşa çıxan köhnə dostu ilə rastlaşır. «Ona bir az pul vermək lazımdır» deyə o fikirləşir. Amma belə alınır ki, elə həmin axşam dostunun varlandığını və bütün borclarını qaytardığını eşidir.

Onlar sevimli barlarına gedirlər və dostu hamının əvəzinə hesabı ödəyir. Ondan uğurunun səbəbini soruşanda isə o, cavab verir ki, lap yaxın vaxtlaradək Özgə kimi yaşayırmış.

- «Özgə» kimdir?- ondan soruşurlar.

- Özgə - o kəsdir ki, mənə həmişə onun kimi olmağı öyrədiblər, amma mən o deyiləm. Özgə əmindir ki, insan bütün yaşamı boyu, qocalanda acından ölməmək üçün necə pul toplamaq barədə fikirləşməyə məcburdur. Və bu barədə o qədər çox fikirləşir, o qədər nəhəng planlar qurur ki, yaşadığından ömrünün sonuna sayılı günlər qalanda xəbər tutur. O əl - ayağa düşür, lakin artıq gecdir.

- Bəs onda sən özün kimsən?

- Mən - ürəyinin səsini dinləyən hər hansı birimiz kimiyəm. Adi insanam - həyatın misteriyasına məftun olan insan, möcüzəyə açıq olan insan, gördüyü hər işdən sevinən və ilham alan insan. Bədbəxtlik ondadır ki, daima məyusluq qorxusunun təsiri altında əzilən Özgə məni istədiyim kimi hərəkət etməyə qoymurdu.

- Lakin əzab deyilən bir şey də var, - bardakı digər müştərilər ona etiraz edirlər.

- Məğlubiyyət də var. Və dünyada heç kim ondan sığortalanmayıb, dahası - heç kim ondan canını qurtarmayacaq. Odur ki, ən yaxşısı öz arzularının reallaşması uğrunda vuruşmaq və bu müharibədə bir neçə döyüşü uduzmaqdır, nəinki nəyin uğrunda vuruşduğunu heç vaxt bilmədən darmadağın edilmək.

- Vəssalam?- qulaq asanlar soruşurlar.

- Vəssalam. Bu həqiqət mənə əyan olanda, qərara gəldim ki, hər zaman olmaq istədiyim kimi olum. Özgə orda, mənim evimdə qaldı, o mənə baxırdı, amma mən onu bir daha özümə yaxın buraxmadım, baxmayaraq ki, o məni qorxutmağa, gələcəyim haqqında fikirləşməmək, qara gün üçün tədarük görməməklə böyük risk etdiyimi beynimə yeritməyə çalışırdı.

Və Özgəni həyatımdan qovduğum həmin andan etibarən, İlahi enerji öz möcüzələrini göstərməyə başladı.


«O, bu əhvalatı uydurdu. Bu uydurmadır, hərçənd ola bilsin ki, ağıllı dır», - gecələmək üçün yer axtardığımız müddət ərzində mən fikirləşdim. Lakin bütün Sent - Savendə cəmi – cümlətanı 30 ev güclə olardı, odur ki, tezliklə o, mənim haqlı olduğumu qəbul etməli oldu və qabağa - bundan daha böyük bir şəhərə getmək fikri ilə razılaşdı.

O, nə qədər böyük ruh yüksəkliyi hiss edir - etsin, Özgəni özündən nə qədər çoxdan və uzağa qovur - qovsun, Sent - Savenin camaatının ağlına belə gəlmirdi ki, bu şəhərdə gecələmək onun arzusudur və heç bir vəchlə bizə yardım etmək istəmirdilər. Bir də mənə elə gəlirdi ki, o, həmin əhvalatı danışanda mən özümü görürdüm - öz qorxularımı, qətiyyətsizliyimi, möcüzə vəd edən hər şeydən qaçmaq arzumu, onlara görməmək - çünki sabah hər şey bitə bilər və biz əzab çəkməli olarıq - istəyimi tanıyırdım.

Allahlar aşıq - aşıq oynayırlar və heç soruşmurlar ki, biz onların oyununda iştirak etmək istəyirik, ya yox. Onların vecinə də deyil, sən arxada nə qoymusan - sevgili, ev, iş, karyera, arzu. Allahları maraqlandırmır ki, sənin həyatında hər şey öz yerindədir və sən istənilən arzunu iradə və zəhmətin sayəsində reallaşdırmağa qadirsən. Allahlar bizim ümidlərimizlə, planlarımızla hesablaşmırlar; Kainatın hansısa küncündə onlar aşıq - aşıq oynayırlar - və budur, təsadüfən seçim sənin üstünə düşür. Və o andan etibarən qələbə və ya məğlubiyyət – təsadüfün əlindədir.

Allahlar oyuna başlayanda Sevgini qəfəsindən buraxırlar. Bu qüvvə yaratmağa və ya dağıtmağa - onun azadlığa çıxdığı an küləyin hansı istiqamətdə əsməsindən asılı olaraq - qadirdir.

Hələ ki, külək onun tərəfə əsirdi. Lakin küləklər allahlar qədər dəyişkən və şıltaqdırlar – indicə varlığımın ən dərin qatlarında mən də mehəbənzər nə isə hiss etdim.
Sanki Özgənin əhvalatının tamamilə gerçək olduğunu və Kainatın hər zaman xəyalpərvərlərin tərəfini tutduğunu mənə sübut etmək üçün tezliklə biz kirayə otaq - iki çarpayılı - tapa bildik. İlk öncə mən vanna qəbul etdim, paltarımı yudum və təzə maykamı çiynimə saldım. Özümü tamamilə fərqli hiss etdim və bu mənə inam verdi.

«Nə bilmək olar, Bəlkə Özgənin bu maykadan xoşu gəlmir», - mən öz - özümə güldüm.

Ev sahibləri ilə şam etdikdən sonra – payızda və qışda bu şəhərcikdə restoranlar da bağlanır - o, səhər alıb qaytaracağına söz verərək bir şüşə şərab istədi.

Biz geyindik, iki stəkan götürdük və evdən çıxdıq.


- Gəl, quyunun yanında oturaq, - mən təklif etdim.

Elə belə də etdik - oturduq və isinə - isinə, sakitləşə - sakitləşə şərab içməyə başladıq.

- Deyəsən, Özgə qayıdıb və sənin bədəninə keçib,- mən zarafat etdim.-Kefin çox pisdir.

O güldü:

- Mən dedim ki, biz otaq tapacağıq və tapdıq. Kainat həmişə bizə arzularımızı həyata keçirməkdə kömək edir - onlar nə qədər axmaq olursa - olsun. Zira onlar bizim arzularımızdır və dəyəri yalnız bizə məlumdur.

Meydan bir addım o yanı görməyə imkan verməyən və fənərin işığında sarımtıl rəngə çalan dumana bürünmüşdü.

Mən dərindən nəfəs aldım. Daha təxirə salmaq mümkün deyildi.

- Gəl, sevgidən danışaq, - mən dedim. - Daha bundan qaçmayaq. Axı, sən son günləri necə keçirdiyimi bilirsən. Əlimdə olsaydı, belə mövzu, ümumiyyətlə yaranmazdı. Amma əgər artıq yaranıbsa, mən onun haqqında fikirləşməyə bilmirəm.

- Məhəbbət təhlükəlidir.

- Bilirəm. Mən sevmişəm. Sevgi - narkotikdır. Əvvəlcə eyforiya, yüngüllük, tam vəhdət hissi yaranır. Növbəti gün sən yenə istəyirsən. Sən hələ içinə çəkməyə macal tapmamısan - baxmayaraq ki, hiss etdiklərin xoşuna gəlir - ancaq əminsən ki, istənilən an onsuz keçinə bilərsən. Sən sevimli varlıq haqqında iki dəqiqə fikirləşirsən və üç saat yadına da düşmür. Lakin tədricən ona öyrəşirsən və tamamilə ondan asıla hala düşürsən. Onun haqqında üç saat fikirləşirsən və iki dəqiqəliyə unudursan. Əgər o, yanında yoxdursa, sən növbəti dozadan məhrum olunmuş narkomanların yaşadıqlarını hiss edirsən. Belə dəqiqələrdə dozaya görə qarətə, qətlə, istənilən alçaqlığa hazır olan narkomanlar kimi sən də sevginin xatirinə hər şeyə hazırsan.

- Qorxulu bənzətmədir, - o dedi.

Doğrudan da, mənim misalım şərabla, quyu ilə, meydanı üzük kimi əhatəyə almış orta əsrlərə aid evlərlə yaxşı tutuşmurdu. Ancaq bununla belə hər şey, məhz, mənim dediyim kimi idi. Əgər o, bu qədər səyi sevgi əldə etmək üçün çəkibsə, onu hansı təhlükələrin gözlədiyini bilməlidir.

- Ona görə də yalnız yanında saxlaya biləcəyin adamı sevmək lazımdır, - mən fikrimi bitirdim.

O, dumana baxa - baxa xeyli müddət cavab vermədi. Deyəsən, bir daha o, mənə sevgi barədə söhbətlərin təhlükəli dalğalarında üzməyi təklif etməyəcək. Bəli, mən çox sərt danışdım, amma başqa nə edə bilərdim?

«Məsələ bağlandı», - deyə fikirləşdim. Birlikdə keçirdiyimiz üç gün - üstəgəl mən eyni paltarda gəzirdim - öz məqsədindən imtina etmək üçün ona yetdi. Mənim qadınlıq qürurum sındırılmışdı, lakin eyni zamanda mən həm də yüngüllük hiss edirdim.

«Yəni ürəyimin dərinliklərində mən elə bunu istəyirdim?»

Yəqin ki… Çünki sevgi küləyinin necə bir fırtınaya çevriləcəyini artıq hiss edirdim. Çünki artıq bəndin divarında əmələ gələn çatı görə bilirdim.

Biz hələ bir xeyli içdik və boş – boş şeylərdən danışdıq - bizə otaq vermiş ev sahiblərini müzakirə etdik, nə vaxtsa bu şəhərciyin əsasını qoymuş müqəddəsi xatırladıq. O, mənə dumanda itmiş kiçik meydanla üzbəüz yerləşən kilsə ilə bağlı bir neçə əfsanə danışdı.

- Sən mənə qulaq asmırsan, - birdən o dedi.

Doğrudan da - fikrim hardasa uçurdu. Mən yanımda elə bir insanın olmasını istərdim ki, onu görəndə ürəyim rahat və ahənglə döyünsün, elə bir insan ki, onun yanında sakit olum, çünki sabah onu itirmək qorxusu yoxdur. Onda vaxt da yavaş axardı və biz də söhbət üçün qabaqda bütöv bir ömrün olduğunu bilərək sadəcə susardıq. Və mənə çətin qərarlar qəbul etmək, ciddi şeylər üçün baş sındırmaq, sərt sözlər demək lazım gəlməzdi.
Biz susuruq və bu çox şey deyir. Həyatımız boyu ilk dəfədir ki, biz susuruq, hərçənd mən bunu indicə - o bir şüşə də şərab tapmaq üçün ayağa qalxanda dərk elədim.

Biz susuruq. Mən onun addımlarını eşidirəm - o, bizim bir saatdan çox vaxt keçirdiyimiz, şərab içə - içə dumana baxdığımız quyunun yanına qayıdır.

Həyatımızda ilk dəfədir ki, biz susuruq - sözün əsl mənasında susuruq. Yox, bu bizi Madriddən Bilbaoya qədər maşında sıxan sükut deyil. Heç San-Martin-de-Unks yaxınlığındakı sovməədə dayanarkən mənim ürəyimi qorxudan donduran da deyil.

Belə sükut hər cür sözdən daha çox şey deyir. Belə sükut mənə deyir ki, bizim bir - birimizə nə isə izah etməmizə daha heç bir ehtiyac yoxdur.

Addımlar kəsilir. O mənə baxır və yəqin ki, qarşısında gözəl mənzərə peyda olur – fənərin zəif işıqlandırdığı gecə, quyu, qadın.

Orta əsrlərə aid evciklər, XI əsrə aid kilsə, səssizlik.

Mən sükutu pozmaq qərarını verəndə şərabın ikinci şüşəsi yarısına qədər boşalmışdı.

- Dünən səhər ağlıma gəlmişdi ki, əyyaşa çevrilirəm. Bütün günü içirəm. Bu üç sutka ərzində keçən bir ildə içdiyimdən çox içmişəm.

O, bir söz belə demədən əllərini saçlarımda gəzdirir. Mən onun toxunuşunu hiss edirəm və kənara çəkilmirəm.

- Mənə bir az həyatından danış,- mən xahiş edirəm.

- Mənim həyatımda fövqəladə heç nə yoxdur. Mən öz yolumu gedirəm və imkanım daxilində bunu ləyaqətlə eləməyə çalışıram.

- Bu necə yoldur belə?

- Məhəbbət axtaranın yolu, - və boş şüşəni əlində oynada-oynada bir anlıq susur. - Məhəbbətsə - çox çətin yoldur.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə