Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R



Yüklə 0,94 Mb.
səhifə1/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   13

Azərbaycan Dövlət Aqrar Universiteti

Aqronomluq fakültəsi
Bitkiçilik və bitki mühafizəsi” kafedrası


Fənn: “Yem istehsalı”


Mühazirə № 1 : ÇOXİLLİK PAXLALI YEM OTLARININ ÖYRƏNİLMƏSİ

Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru,

dosent Hüseynov A. R.
Gəncə - 2017

Mühazirənin planı:


  1. Paxlalı yem otlarının əhəmiyyəti, tarixi və yayılması.

  2. Onların botaniki təsviri və bioloji xüsusiyyətləri.

  3. Paxlalı yem otlarının sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi.

  4. Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  5. Əkinlərə qulluq işləri (suvarma, alaqlar, xəstəlik və zərərvericilərdən mühafizə).

  6. Məhsulun yığılması.


Ədəbiyyat


  1. Behbudov H. Ə. «Azərbaycanın yemçilik təsərrüfatı»., Bakı, 1991, 230 s.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Əliyev S. C. və b. «Zülal probleminin həllində dənli - paxlalı bitkilərin rolu»., Kirovabad, 1988, 41 s.

  4. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  5. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  6. Quliyev Ə. M., Hüseynov S. B. «Yonca»., Bakı, 1986, 76 s.

  7. Masterova V. P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978,214 s.

  8. Məmmədov T. H. «Azərbaycanda paxlalı yem bitkiləri»., Bakı, 1964, 160 s.

  9. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  10. Tağıyev T. M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  11. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  12. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  13. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  14. Каджомис Л. Г. - « Выращивание многолетних трав на корм » Ленинград, «Колос», 1977, 246 с.

  15. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  16. Тен А. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», М:, Агропромиздат, 1986, 255 с.

ÇOXİLLİK PAXLALI YEM OTLARININ ÖYRƏNİLMƏSİ
Çoxillik paxlalı otlara əsasən aşağıdakı bitkilər aid edilir:

  • Yonca (Medicago L.)

  • Xaşa (Onobrychis)

  • Çəmən (qırmızı) üçyarpağı (Trifolium pratense L.)

  • Ağ və ya sürünən üçyarpaq (Trifolium repens L.)

  • Çəhrayı (hibrid) üçyarpaq (Trifolium hybridum L.)

  • Xəşəmbül (Melilotus Desr.)

  • Buynuzşəkilli qurdotu (Lotus corniculatus L.)

  • Şərq çəpişotu (Galegea orientalis Lam.)

  • Dərman çəpişotu (Galegea officinalis L.)

  • Çoxillik lüpin (Lupinus polyphyllus Lındl.)

Əhəmiyyəti. Çoxillik yem otlarının (yonca, xaşa, üçyarpaq və s.) əhəmiyyəti böyükdür. Bu otlar erkən yazdan payızın axırlarına qədər heyvanlar üçün yem vermək qabiliyyətinə malikdirlər. Tarla növbəli əkinlərində becərilən çoxillik otların bütün növləri havanın gündəlik temperaturu 5 0C olduqda intensiv inkişaf edərək öz inkişaflarını payızın sonunadək davam etdirirlər. Çoxillik otların uzun müddət inkişaf etməsi imkan verir ki, onlardan senaj, silos, quru ot, briket, ot unu istehsal edilsin və eləcə də biçənək bitkisi kimi istifadə olunsun.

Çoxillik otların yaşıl kütləsi və quru otu yüksək yemlilik dəyərinə malikdir.

Çoxillik otlar torpağın külək və su eroziyasının qarşısını almaq üçün çox güclü vasitədir. Çoxillik otlar kök kütləsinin qidalandığı zonalarda qida maddələrinin yuyulmasının qarşısını alır. Tədqiqatlarla müəyyən edilmişdir ki, qida maddələrinin yuyulması (azot, kalium) çoxillik otlarda payızlıq buğda əkinlərinə nisbətən 5-6 dəfə az olmuşdur.

Çoxillik otlar torpaqda humusun əhəmiyyətli dərəcədə toplanmasına şərait yaradaraq torpağın strukturunu yaxşılaşdırır. Torpaqda humus nə qədər çox olarsa onun istilik tutumu o qədər çox və istilikkeçirməsi (ötürməsi) o qədər az olar. Kontinental iqlim şəraitində bu hal bir vasitə kimi xüsusi əhəmiyyət kəsb edir, qış dövründə aşağı mənfi temperaturun payızlıq bitkilərə öldürücü təsirini yüngülləşdirir. Humusun miqdarı torpaqda çox olduqda fiziki nəmlik itkisi azalır və bitki tərəfindən nəmliyin istifadəsi məhsuldar olur. Torpaqda humusun miqdarı nə qədər çoxdursa, qida elementləri torpağın dərin qatlarına o qədər az yuyulur. Humus bitkilər üçün qida maddələri mənbəyidir, eyni zamanda faydalı torpaq mikroorqanizmlərinin intensiv inkişafına şərait yaradır.

Çoxillik paxlalı otlar torpağı azotla zənginləşdirilər. Ona görə də paxlalı otlardan sonra əkilən tarla bitkilərinin məhsuldarlığı digər sahələrə nisbətən yüksək olur. Çoxillik otların müsbət təsiri üç il davam edir.
Yoncanın əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Yoncanın (alfa-alfa) quru otunda çoxlu zülal, fosfor, kalsium və əvəzsiz amin turşuları (valin, leysin, izoleysin, lizin, metionin, trionin, triptofan, fenilalanin, arginin, histidin, pereonin və s.) olduğundan yüksək yemlilik dəyərinə görə fərqlənir. Yaşıl kütləsinin 1 sentnerində 21,7 y. v., yaxud 4,1 kq həzmə gedən protein var. Bir sentner quru yonca otunda isə 45,3 y.v. və 10,3 kq həzmə gedən protein olur. Güclü kök sistemi əmələ gətirərək yaxşı məhsul verməklə yanaşı, torpağı azot və üzvi maddələrlə zənginləşdirir. Üç illik bitki hektara 160-400 kq-a qədər bioloji azot toplayır ki, bu da 60-70 ton peyin deməkdir. Bir çox tarla bitkiləri, xüsusən pambıq bitkisi üçün ən yaxşı sələfdir. Yoncadan sonra digər kənd təsərrüfatı bitkiləri becərildikdə məhsuldarlıq 15-20% artır.

Müasir pambıqçılığı yoncanın səpini olmadan təsəvvür etmək qeyri mümkündür. Pambıq-yonca növbəli əkini pambığın məhsuldarlığını fasiləsiz artırır, lifin keyfiyyətini yüksəldir, torpaqda vilt xəstəliyinin törədicisini məhv edir. Eyni zamanda yonca şorlasma və eroziya prosesinin qarşısını alır, otlaqların yaxşılaşdırılmasına müsbət təsir göstərir. O, arıçılıq və yaşıllışdırma işlərində də istifadə olunur. Yonca əvəzolunmaz sələf bitkisidir, növbəli əkinlərdə əsas yer tutur.

Torpağın üst əkin qatında duzlaşmanı zəiflədir. Kökü torpağın dərinliyinə işlədiyindən quraqlığa davamlıdır.

Yonca vitaminlərlə (C, B1, B2, PP, E, K, və A) zəngindir.

Mütləq quru maddəyə görə yonca otunda 18% həzmə gedən zülal, 2,7% yağ, 30,2% sellüloz, 39,4% azotsuz ekstraktiv maddələr, 9,7% kül vardır. Yoncanın yaşıl kütləsi, quru otu, senajı və ondan hazırlanmış ot unu yüksək qidalılığa malikdir. Bütün növ kənd təsərrüfatı heyvanlarının zülalla təmin olunmasında əksər bitkilərdən üstündür. Digər orqanlara nisbətən yarpaqlarında qidalı maddələrin miqdarı daha çoxdur, gövdəsində isə nişastanın miqdarı artıq olur.

Bitkinin tarixi. Yonca geniş yayılmış və qədimdən becərilən paxlalı yem bitkisidir. Güman var ki, onun becərilməsi buğda ilə yanaşıdır.Müəyyən edilmişdir ki, yonca Orta Asiya və Zaqafqaziya respublikalarında bizim eradan 5 min il əvvəl becərilmiş və heyvandarlıqda yem kimi istifadə olunmuşdur.

Yonca paxlalılar fəsiləsinə aid olub 50-yə qədər növü vardır, bunlardan da 20 növü çoxillik və 16 növü birillik yoncadır. Ən çox yayılan və geniş becərilən səpin (adi) yoncasıdır (Medicago sativa).

Hazırkı təsnifata əsasən səpin yoncası (Medicago sativa ) altı sərbəst növə ayrılır:

1. Avropa yoncası – Medicago eusativa

2. Asiya yoncası – Medicago asiatica

3. Qafqaz yoncası – Medicago praesativa

4. Aralıq dənizi yoncası – Medicago polia

5. Mesapatomiya yoncası – Medicago mesopotomica

6. Mavi yonca – Medicago cerulea

İl ərzində yoncalıqların hər hektarından 700 -1000 sentner yaşıl kütlə və ya 150-250 sentner quru ot məhsulu götürmək mümkündür.

Yoncanın güclü, mil kökü var. Birinci il torpağın 2-3 m, sonrakı illərdə 8-10 m dərinliyinə işləyir. Belə güclü kök sisteminə malik olması onu quru, çöl rayonlarında becərməyə imkan verir. Həm də torpaqda çoxlu kök qalıqları saxladığına görə torpağı üzvi maddələrlə zənginləşdirir. Bundan başqa yoncanın kökündə fır bakteriyaları yaşayır ki, onlar havanın molekulyar (N2) azotunu udmaq (mənimsəmək, təsbit etmək) qabiliyyətinə malikdirlər. Üçillik yonca torpaqda 60-70 ton peyində olduğu qədər bioloji azot, üzvi maddə toplayır. Yonca səpininin birinci ili toxumlar bakterial gübrə rizotorfinlə (nitragin) mütləq işlənilməlidir.

Gövdəsi otvari, güclü budaqlanandır. Hər gövdədə 10-20 buğumarası olur. Birinci il yonca 3 gövdə, 2-ci il 15-16, 3-cü il isə bir bitkidə 20-dən çox gövdə (budaq) əmələ gəlir. Birinci ili bitkinin boyu 30-50 sm, sonrakı illər isə 100 sm-ə qədər böyüyə bilir. Yarpağı – yarpaq yanlığından, saplaqdan və 3 ləçəkdən ibarətdir. Çiçəyi çox çiçəkli dəstədir. Çiçək 5 kasa yarpağı və 5 ləçəkli olmaqla 10 erkəkcik və 1 dişicikdən ibarətdir. Meyvəsi 2-4 dəfə burulmuş çox toxumlu paxladır. Toxumu böyrəkşəkillidir. Toxumunun 1000 ədədinin kütləsi 2 q-dır.

Bioloji xüsusiyyətləri. Yonca yazlıq tiplidir. Yoncanın toxumları 5-6 0C temperaturda cücərir. Optimal temperatur 18-20 0C-dir. Çıxışlar -6 0C şaxtalara dözürlər. Qış dövründə qar örtüyü altında 40 0C şaxtaya davam gətirirlər. Bu bioloji xüsusiyyəti onun digər kənd təsərrüfatı bitkilərinə nisbətən erkən səpilməsinə imkan verir. Bitkilərin yazda böyüməsi 7-9 0C temperaturda başlayır. İnkişafa başladıqdan çiçəkləmənin əvvəlinə qədər 800 0C faydalı temperatur tələb olunur.

Yonca quraqlığa davamlı, eyni zamanda nəmliyə tələbkar bitkidir. Onun quraqlığa davamlılığı güclü və dərinə işləyən kök sistemi əmələ gətirməsi ilə təyin olunur. Ona görə də bitki təkcə torpaq nəmliyindən yox, dərin qatlardakı ehtiyat nəmlikdən istifadə etmək qabiliyyətinə malikdir. Yonca mezofit kimi yaxşı gövdə və yarpaq əmələ gətirmək üçün lazımi miqdarda nəmlik tələb edir. Toxum öz kütləsi qədər nəmlik qəbul etdikdən sonra cücərmə qabiliyyətinə malik olur. Yüksək məhsul almaq üçün 1 metrlik torpaq qatında tarla rütubət tutumunu 80%-də saxlamaq lazımdır. Yonca işıqsevən uzun gün bitkisidir.

Yonca havanı yaxşı keçirən qranulometrik tərkibi orta və yüngül gillicəli münbit torpaqlarda yaxşı inkişaf edir. Qrunt suları yaxın və daşlı torpaqlarda pis inkişaf edir. Torpağın turşluğuna pis reaksiya göstərir. Neytral və zəif qələvi (pH 6,5-8,0) reaksiyalı torpaqlarda yaxşı böyüyür. Torpaq reaksiyası pH 5,0 olduqda kökdə fır bakteriyaları əmələ gəlmir, yaxud əmələ gələn fırlar bioloji azotu udmurlar. Yonca torpaqdan çoxlu miqdarda qida elementləri, yəni 1 ton məhsulla 6 kq fosfor, 17-20 kq kalium, kalsium və maqnezium aparır.

Növbəli əkində yeri. Yonca üçün yaxşı sələflər – dənli taxıl bitkiləri, qara herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru yonca üçün pis sələfdir, ona görə ki, torpağın dərin qatını güclü qurudur. Suvarılan torpaqlarda yoncanı praktiki olaraq hər hansı sələflə növbələndirmək olar. Bundan başqa onu dənli taxıl bitkilərinin örtüyünə də səpmək olar.

Torpağın becərilməsi. Dənli taxıl bitkilərindən sonra (yonca əkinləri üçün), sələf bitkisinin məhsulu yığılan kimi kövşənlik 4-6 sm dərinlikdə üzlənir. Alaq otu toxumlarının cücərməsini sürətləndirmək üçün üzləmədən sonra sahənin suvarılması və torpağın səthi quruduqda malalanması tövsiyə olunur. Təxminən 2-3 həftədən sonra, alaq otu toxumları cücərdikdə ön kotancıqlı kotanla 28-30 sm dərinlikdə əsas şum aparılır. Pambıq əkini altından çıxmış tarlalarda üzləmə pambıq gövdələrinin çıxarılması ilə əvəz olunur və şumdan qabaq suvarma tövsiyə olunmur. Çünki, pambıq yığıldıqdan sonra torpaq dondurma şumu etmək uçun kifayət qədər rütubətli olur. Əsas şumun müddəti torpağın yetişməsindən ötrü böyük əhəmiyyətə malikdir. Aran rayonlarında yoncanın payız səpinindən ötrü əsas yay şumunun müddəti iyulun axırı – avqustun əvvəli hesab oluna bilər. Bu zaman şum ilə yoncanın səpilməsi arasında 30-40 günə qədər fasilə olur və bu müddət ərzində torpaq normal yetişir. Yaz səpinində isə dənli bitkilərdən sonra optimal dondurma şumu müddəti sentyabr - oktyabr aylarıdır. Dekabr –yanvar aylarında arat edilməsi tövsiyə edilir.

Şumun altına hektara 30-40 ton çürümüş peyin, 400-500 kq superfosfat, 120-150 kq kalium gübrələri verilməlidir.

Torpağın səpinqabağı becərilməsi. Yoncanın payız səpini üçün sentyabrın əvvəlində səpinqabağı kultivasiya və sonradan malalama keçirilir. Kultivasiyaya 3-4 gün qalmış su ehtiyatı yaradan suvarma (arat) yaxşı nəticə verir.

Yaz səpini üçün erkən yazda səpin qabağı iki dəfə kultivasiya və onların ardınca malalama aparılır.

Torpaq tamamilə narın vəziyyətə gətirilməlidir. Sahə dəqiqliklə hamarlanmalıdır.

Toxumun səpinə hazırlanması. Səpindən 1-2 ay qabaq toxum laboratoriya analizindən keçirilməli, cücərmə qabiliyyəti və təmizlik dərəcəsi müəyyən edilməlidir. Səpindən qabaq toxumlar toxumtəmizləyən maşınlarda diqqətlə təmizlənir. Toxumun təmizliyi 92-98%, cücərmə qabiliyyəti 70-95% olmalıdır. Yonca toxumlarını qızıl sarmaşıq toxumlarından təmizləmək üçün «Trifolin» markalı maqnit maşınından keçirmək lazımdır. Səpiləcək toxumları alaq otları qarışığından, başlıca olaraq kəhrə toxumlarından təmizləmək üçün toxumları duz məhluluna salmaq lazımdır. Belə tədbir zamanı kəhrə toxumlarının təxminən 80%-i və başqa alaq otu toxumlarının 90%-i təmizlənir. Bu məhlul 1 litr suya 360 qr. xörək duzu hesabı ilə hazırlanır. Yonca toxumları hazırlanmış məhlulun içərisinə tökülür və qarışdırılır. Məhlulun üzərinə çıxmış alaq otu toxumları tənzif kəfkirlə yığılır. Təmizlənmiş toxumları təmiz suda yuyub nazik təbəqə ilə sərərək qurudurlar.

Səpindən 25-30 gün əvvəl zərərverici və xəstəliklərə qarşı 1 ton toxuma 1,5 kq hesabı ilə 80% li TMTD və yaxud 1 ton toxuma 7 kq Bronotak qarışdırmaqla dərmanlamaq lazımdır.

Səpin qabağı toxumların ammonium molibdenatla işlənməsi müsbət nəticə verir. 100 qr. ammonium molibdenatı 400 qr. suda həll edərək bir hektara səpiləcək toxum normasına çiləmək lazımdır. Bitkinin kökündə fır bakteriyalarının yaxşı inkişafı və məhsulun keyfiyyətli alınması üçün səpin günü toxumları rizotorfin (nitragin) bakterial gübrəsi (preparatı) ilə işləmək lazımdır. Eyni zamanda səpinqabağı toxumların molibdenlə işlənməsi müsbət nəticə verir.

Səpin müddəti, üsulu və norması. Səpin müddətinin düzgün müəyyənləşdirilməsi, normal çıxış alınması üçün əsas şərtlərdən biridir. Yoncanın bioloji xüsusiyyətləri onun toxumlarının payız və yazda səpilməsinə imkan verir.

Yoncanın payız səpini sentyabrın 5-dən 30-nadək başa çatdırılmalıdır.

Yoncanın yaz səpini aran rayonlarında fevral ayının 20-dən martın 20-dək aparıldıqda yaxşı nəticələr alınır. Dağətəyi ərazilərdə martın 1-dən 20-dək, dağlıq ərazilərdə isə martın 20-dən aprelin 10-dək səpin aparıla bilər.

Yemlik yonca üçün toxumun səpin norması hektara 10-15 kq götürülür.

Yonca toxumları 2-3 sm dərinliyə basdırılır.

Yonca adətən Azərbaycanda başdan-başa üsulla səpilir və cərgəarası 7,5 sm-lik taxıl və ya ot toxumu səpən aqreqatlardan istifadə olunur.

Yonca xüsusilə öz inkişafının erkən dövrlərində fosforla qidalanmaya həssaslıq göstərir. Buna görə də toxumla birlikdə 50 kq/ha dənəvərləşdirilmiş superfosfat verilməlidir.

Səpin üçün taxıl otlarını səpən SUT-47, SZTN-47, SZT-3,6 markalı aqreqatlardan istifadə olunur.

Qulluq işləri. Yonca əkininə düzgün və vaxtında qulluq edilməsinin yüksək quru ot məhsulu alınmasında böyük əhəmiyyəti vardır.

Payızda yoncalıqları fosfor və kalium gübrələri ilə yemləndirdikdə onların qışa davamlılığı və məhsuldarlığı 10-15 sentner artır. Bundan əlavə bitkilərin erkən payızda hektara 1-2 sent. superfosfat və 0,5-1 sent. kalium duzu ilə yemləndirilməsi şaxtaya davamlılığını artırır.

Birinci ili yoncanın suvarılması 6-7 yarpaq dövründə hektara 600-800 m3 olmaqla aparılır.

Biçindən sonra quru otu təcili olaraq sahədən çıxarmaq lazımdır. Adətən biçindən 5-6 gün əvvəl suvarma aparılır. Hər biçindən sonra quru ot tarladan çıxarılmalı və 2 iz malalama aparılmalıdır.

Suvarılan bölgələrdə qrunt suyunun səviyyəsindən, torpağın qranulometrik tərkibi və relyefindən, torpaqda olan ehtiyat nəmlikdən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvarma həyata keçirilir.

Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə suvarılmalıdır. Cücərtilərin çıxmasına 1-2 gün qalmış əmələ gələn qaysağı dağıtmaqdan ötrü yüngül malalar və rotasiya toxaları tətbiq etmək lazımdır. Yonca sahəsində növbəti suvarma mart ayında aparılır. Bununla da yoncanın birinci biçinədək suvarılmasına ehtiyac qalmır.

Yaz səpinindən sonra yonca sahəsinin 2 dəfə suvarılması birinci biçininin optimal vaxtda aparılmasını təmin edir.

Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti daxilində isə yoncanın intensiv böyüməsi dövründə, yəni qönçə bağlamadan çiçəkləmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri tez-tez suvarılmalıdır.

Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suvarıldıqda 4-5 dəfə biçin aparılması mümkün olur.

Yonca sahələrinin biçinlər arası vaxtlı-vaxtında suvarılması və suvarma qabağı yemləmə gübrələrindən (superfosfat) istifadə edilməsi bol məhsul istehsal etməklə yanaşı bitkilərin fizioloji inkişafını təmin edir.

Yoncanın xəstəlik və zərərvericiləri. Yoncanın bir çox spesifik xəstəlik və zərərvericiləri vardır:

Yoncada – unlu şeh, qonur ləkə, sarı ləkə, askoxitoz və pas xəstəlikləri mövcuddur.

Mübarizə tədbiri: növbəli əkin, kalium və fosfor gübrələri ilə yemləmə aparılması, kükürdlə tozlama, yaxşı aqrotexniki fon.

Zərərvericilərdən – yonca birəsi, fitonomuş, yonca yarpaqbükəni, yonca taxtabitisi, yonca toxumyeyəni, noxud mənənəsi, yonca sovkası.

Mübarizə tədbiri: hektara 2-3 kq dendrobasillin, entobakterin çilənməsi.

Yoncanın biçilməsinin xüsusiyyətləri. Hava şəraiti əlverişli olduqda il ərzində yoncanı 4-5 dəfə quru ot üçün çalmaq olar. Çox vaxt yonca sutkada 2-3 sm boy atır. Quru ot üçün yoncanı qönçələmə fazasının axırı – çiçəkləmənin başlanğıcında biçmək zəruridir. Biçin gecikdirildikdə otun kimyəvi tərkibi pisləşir və keyfiyyəti aşağı düşür.

Nəzərə almaq lazımdır ki, axırıncı çalım qışlamaya (şaxtalara) 3-4 həftə qalmış aparılmalıdır. Bu müddətdə o, böyüyə bilir, rozet əmələ gətirir və kifayət qədər ehtiyat qida maddələri toplaya bilir. Müşahidələr göstərir ki, yoncanın gec çalınması qışlama zamanı çox vaxt bitkilərin məhv olmasına səbəb olur.

Tam qiymətli məhsul toplamaqdan ötrü çalınma hündürlüyünün böyük əhəmiyyəti vardır. Otların biçilməsində bitkilərin çoxlu miqdarda plastik maddələr ehtiyatı toplanan gövdələrinin alt hissəsinin saxlanması zərurətini nəzərə alaraq yoncanı yerdən 7-8 sm yüksəklikdə biçmək məsləhətdir. Çünki, bu bitkilərin yaxşı qışlamasına yardım edir.

Yoncanın qısa müddətdə yığılmasına ciddi fikir vermək lazımdır. Biçilmiş yoncanın qurudulmasında əsas məqsəd onda rütubəti azaltmaq və quru otu uzun müddət yaxşı saxlamaqdır. İtkinin qarşısını almaq və onu kəskin surətdə azaltmaq üçün otun qurudulma müddətini minimuma çatdırmaq lazımdır. Yoncanı qurudan zaman qiymətli qida maddələri ilə ən zəngin olan yarpaqların saxlanmasına çalışmaq lazımdır. Quraqlıq və isti rayonlarda otu zolaqlarla (sərilmiş halda deyil), tirələrdə qurutmaq məqsədəuyğundur. Otun dırmıqlanaraq tirələrə yığılmasına əlavə əmək sərf etməmək və zərif, qiymətli yarpaqların tökülməsinin qarşısını almaq üçün biçindən qabaq traktor otbiçən maşınlarını elə təchiz etmək lazımdır ki, biçin zamanı otu tirələrə yığsın.

Başqa təcrübələr göstərir ki, biçilmiş yonca ən tez zolaqlarda quruyur və kombinəedilmiş qurutma üsulunda biçilmiş yoncanın zolaqlarda 4 saat ərzində soluxdurulması və tirələrdə əlavə olaraq qurudulması zamanı yonca otu daha sürətlə quruyur.

Biçin KPF-1,8 və KPV-3 aqreqatları ilə aparılır. Dırmıqlama QBU-6, QVK-6 aqreqatlarla, presləmə-PSB-1,6 və PPV-1,6 aqreqatları və SNU-0,5-lə daşınaraq tayalara vurulur.

Yonca bitkisinin toxum məqsədilə becərilməsi. Elmi-tədqiqat və qabaqcıl təcrübə işlərinin nəticələri göstərir ki, 2 illik yoncanın ikinci biçinini toxum məqsədilə saxladıqda yüksək keyfiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait yaranır. Belə ki, birinci il səpilən yoncaya nisbətən 2 illik yoncanın köklərində daha çox fır bakteriyaları əmələ gəlir. Bitkilərin kökləri bioloji xüsusiyyətlərinə uyğun olaraq torpağın dərinliyinə işləyir.

Toxumluq məqsədilə yoncanı gencərgəli lent üsulu (70 x 15 sm) ilə səpirlər. Səpin norması cücərən toxum hesabı ilə 2-3 mln/ha və ya çəki ilə 4-6 kq/ha-dır.

Yoncanın ot və yaşıl yem üçün birinci biçini adətən, may ayının sonunadək başa çatdırılır. Birinci biçindən sonra hektara fiziki çəki hesabı ilə torpaq kartoqramı nəzərə alınmaqla 300-500 kq fosfor, 120-150 kq kalium gübrələri verilərək sahəyə 3-5 sm dərinlikdə çarpaz dırmıq çəkilməlidir. Qönçələmə fazasında toxumluq sahə 50 kq/ha azot hesabi ilə yemləndirilir.

Sahə aşağı sürətli suvarma ilə suvarılmalıdır. Toxumluq yonca sahəsində ikinci suvarmaya qönçələmə fazasında başlamaq lazımdır. Üçüncü suvarma isə çiçəkləmənin sonunda paxlaların əmələ gəldiyi vaxtda aparılmalıdır.

Toxumluq yonca sahəsi yüksək aqrofonda becərilməlidir. Əgər sahədə qızıl sarmaşıq (kuskuta) və digər alaq otları varsa, işçi qüvvəsinin köməyi ilə təmizlənməli və kənarda yandırılmalıdır. Bu tədbir çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Bundan başqa tozlanmanın yaxşı getməsi üçün yoncalıqlarda arı ailələrinin saxlanması zəruridir. Bitkinin paxlalarının 90-95%-i qonurlaşanda biçin başlanır.

İki illik yonca sahəsinin ikinci biçininin toxuma saxlanması ilə əlaqədar olaraq demək olar ki, həmin müddətdə gəmiricilərə təsadüf edilmir.

Yuxarıda göstərilən tədbirlərin optimal vaxtda yerinə yetirilməsi yoncanın hektardan toxum məhsuldarlığını artırır. Hər hektardan 3-5 və bəzi qabaqcıl təsərrüfatlarda isə 6-8 sentner yonca toxumu istehsal edilməsinə nail olunur. Bəzən, ehtiyac olduqda, alaq otlarından təmiz və normal sıxlıqda olan 3 illik yonca sahələrinin də ikinci çalımını toxum üçün saxlamaq olar.

Yonca sortları (2013) Yerli Naxçıvan (1939), AzNİXİ - 262 (1944),

AzNİXİ-5 (1962), AzSXİ-1(1967), Qaraqalpaq-1(1979), Abşeron (1989), Aran (p) (1996), Ağstafa (p) (2011)
Xaşanın əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Əhəmiyyəti. Xaşanın quru otu həzmə gedən protein və yemlilik dəyərinə görə yoncaya yaxındır. Şehli və yağışlı havada heyvanların xaşanın yaşıl kütləsi ilə yemləndirilməsi timpanit (köpmə) vermir.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə