Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R


Mühazirə № 5 : “Birillik yeni yem bitkiləri



Yüklə 0,94 Mb.
səhifə4/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Mühazirə № 5 : “Birillik yeni yem bitkiləri

Mühazirənin planı:

  1. Yağlı turp

  2. Perko

  3. Əmənkömənci

  4. Şərq çəpişotu

İstifadə olunan ədəbiyyat

1.Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

2.Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

3.Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

4.Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

5.Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

6.Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

7.Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

8.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

9.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

10.Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

11.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

12.Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

13.Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

14.Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

15.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

16.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

17.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.


Birillik bitkilər

Yağlı turp

Yağlı turp (Raphanus raphanistrum L. var. oleifera Metzg.) kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan birillik ot bitkisidir. Bu bitki Şərqi Asiyada üç min il bundan əvvəl yağlı bitki kimi mədəni hala salınmışdır. Avropada və Rusiyada XIX əsrin axırlarından becərilir. Toxumunun tərkibində 40% - dən artıq yarımquruyan yağ olsa da toxumu çətin təmizləndiyindən geniş vüsət tapmamışdır. Hazırda Rusiyada xüsusən də Qeyri-Qaratorpaq bölgələrdə perspektivli yem bitkisi hesab edilir. Yaxşı bal verən bitkidir.

Turp torpaq münbitliyinə xüsusi tələbat göstərir. Vegetasiya müddəti qısadır. 50-60 gün ərzində hektardan 250-300 sen. yaşıl kütlə verə bilir. Ona görə də onu tez yığılan bitkilərdən sonra becərmək və təkrar səpmək də olur.

Yaşıl kütləsi silos üçün və yaşıl yem kimi istifadə edilir. Tərkibində zülal çox olduğu üçün çiçəkləmə fazasının sonuna qədər o pis siloslaşır. Ona görə də tez biçildikdə turpu başqa bitkilərlə qarışıq siloslaşdırmaq lazımdır. Yağlı turpu ağ xardal kimi başqa birillik otların tərkibində qarışıq becərmək olar. Yağlı turp gülüllə yulafın və ya çöl noxudu ilə yulafın qarışıq əkinlərində yaxşı komponent hesab olunur. Çiçəkləmə fazasında yaşıl kütləsində 10-16 % quru maddə, 12-26 % protein, C vitamini və mineral duzlar olur.

Əlverişli şəraitdə 75-80 gün hektardan 500-600 sen. yaşıl kütlə verə bilir. Toxum məhsuldarlığı 10-18 sen/ha - dır.

Kök sistemi milşəkillidir, yuxarı hissəsində 2-3 sm-ə qədər yoğunlaşmışdır və torpağın 0,8-1,0 m dərinliyinə işləyə bilir.

Gövdəsi 0,7-1,4 m hündürlükdə, budaqlanan, yaşıl qranit rəngli, buğumlarından əyilmiş, içərisi dolu, yaxud boş, müxtəlif dərəcədə tüklüdür.

Yarpaqları tükcüklüdür, aşağı yarpaqları saplaqlı, lirəvari-lələkşəkilli olmaqla 2-6 dilimlidir. Yuxarı yarpaqları xırda, tam kənarlı, demək olar ki, oturaqdır ( saplaqsız).Yarpağın rəngi sarımtıl-yaşıldan yaşıla qədər dəyişilir.

Çiçək qrupu seyrək salxımdır. Çiçəklərinin tacı kələmkimilərə xas olan ağ, çəhrayı və yaxud aşıq - bənövşəyi rənglidir, çarpaz tozlanır.

Meyvəsi itiuclu, açılmayan, şişkin qındır. Qının uzunluğu 3-7, diametri 1,0-1,5 sm olmaqla çətin seçilən yuvalara bölünmüşdür. İçərisində yumşaq parenximdə 6-10 ədəd açıq qəhvəyi rəngli, qeyri - düzgün oval formalı toxumları olur. 1000 ədəd toxumunun kütləsi 8-12 qramdır.

Toxumunu adi taxıl səpənlərlə cərgəvi üsulla səpirlər. Hektara 6-7milyon ədəd cücərə bilən toxum səpilir. Toxumları 2-4 sm dərinliyə basdırılır.

Yaşıl yem üçün turpu çiçəkləmə fazasından meyvəvermə fazasına qədər olan dövrdə, silos üçün isə təmiz halda meyvəvermə fazasında yığırlar. Toxumluq sahələri iki fazalı yığım üsulu ilə bitkinin orta hissəsindəki toxumlar yetişdikdə yığırlar.

İstehsalat şəraitində hazırda Polşa, Almaniya, Rumıniya və Hindistandan gətirilmiş formaları daha çox yayılmışdır. İlkin yerli sortları - “Tambovçanka”“Raduqa” yaradılmış və təsərrüfatlarda becərilir.

Perko

Perko bitkisi tetraploid çin kələmi (Brassica chinensis L.) ilə tetraploid payızlıq turpəngin (Brassica campestris L.) hibridləşdirilməsindən alınmışdır. Bu bitki kələmkimilər (Brassicaceae) fəsiləsinə daxildir. Mil kök sistemi vardır. Gövdəsi dik dayanan, yarpaqları eyni cür deyildir. Aşağı yarpaqları lirəşəkilli-lələkvari bölümlüdür. Çiçəkləri salxıma bənzər çiçək qrupunda toplanmışdır, sarı rənglidir, meyvəsi qıncıqdır.

Torpağın nəmliyinə yüksək tələbat göstərir. Quraq rayonlarda məhsuldarlığı azalır və yemlik dəyəri aşağı düşür. Həm yazlıq, həm də payızlıq bitki kimi becərilə bilər. Birinci ili çiçəkləmir ancaq tez böyüməsi ilə əlaqədar olaraq aralıq əkinlərdə istifadə etmək olar. Dənli-taxıl bitkiləri biçildikdən sonra səpildikdə sentyabrın ortalarına və axırında sahədə digər yem bitkilərinin olmadığı və ya az olduğu vaxt perko keyfiyyətli yaşıl kütlə məhsulu verir. Orta Asiyada perko pambıq kolları çıxarıldıqdan sonra əkilir və payız-qış və yaz dövründə hektardan 300-500 sen. yaşıl kütlə verir.

Perko bitkisi yaxşı xora verir. Latviya şəraitində may ayının əvvəlində səpilmiş perko üç ildə orta hesabla hektardan 520 sen. yaşıl kütlə vermişdir. Perko bitkisi yayın ikinci yarısında səpildikdə yaxşı qışlayır və aprelin axırı, mayın əvvəlində yaşıl kütləsi biçilir. Latviya şəraitində perkonun avqust səpinlərindən may ayının birinci ongünlüyündə 259 s/ha yaşıl kütlə biçilmişdir.

Tərkibində 9-11 % quru maddə vardır. Quru maddəsinin 15-20 %-ini protein təşkil edir.

100 kq yaşıl kütləsində 11 yem vahidi, 1 yem vahidində 120-140 qr, asan həzm olunan protein,140-150 qr. şəkər vardır. Perkonun tərkibində xardal yağı yoxdur, gövdəsi odunlaşmır, ona görə də heyvanlar tərəfindən iştaha ilə yeyilir. Ondan yüksək keyfiyyətli silos hazırlamaq və qarğıdalı və sorqo silosuna qatmaq olar. Bu da sorqo silosunun qidalılıq dəyərini daha da artırır. Perko bitkisi yaşıl yem kimi istifadə olunmaqla bərabər siderat bitkisi kimi də istifadə olunur.

Perkonun becərilmə texnologiyası payızlıq rapsın becərilmə texnologiyası ilə eynidir. Səpin qabağı torpağa təsir edici maddə hesabı ilə 100 kq azot, fosfor, 120 kq kalium verilməsi məsləhət görülür. Səpin norması 10-12 kq/ha-dır. Toxumları 1,5-2,0 sm dərinliyə basdırılır.

Əmənkömənci
Əmənkömənci Malvaceae (əmənkömənci) fəsiləsinə daxil olan birillik ot bitkisidir. Mədəni şəkildə 3 növü geniş yayılmışdır. 1) Melyuqa (Malva meluca Graebn.) 2. Qıvrım əmənkömənci (M. crispa L.) və 3. Köbəşəkilli əmənkömənci (M.verticillata L.) Yem məqsədi ilə 2- ci və 3 - cü növü becərilir. Meluca növü Rusiyaya XX əsrin 30-cu illərində gətirilmişdir.

Qıvrım və köbəşəkilli əmənköməncilərlə isə Rusiyanın Avropa hissəsində, Orta Asiyada və Sibirdə təbii bitmə yerlərində rast gəlinir. Əvvəllər əmənkömənci bir sıra ölkələrdə dərman, ərzaq və dekorativ bitki kimi becərilirdi. Sonradan onu qaba lif verən texniki bitki kimi becərməyə başladılar. Hektardan 11-18 sen. qaba lif verir. Sonralar isə onu yem bitkisi kimi öyrənməyə başladılar. Əmənkömənci yüksək yem keyfiyyətinə malikdir.

Biçin vaxtından (fazasından) asılı olaraq tərkibində 18-33% protein olur ki, bu da yoncada və üçyarpaqda olduğundan geri qalmır. Tərkibindəki zülal, amin turşu tərkibinə görə süd zülalı kazeinə yaxındır. Yeminin tərkibi həm də mineral duzlarla və vitaminlərlə zəngin olduğu üçün qiymətlidir.

Yaşıl kütləsi qarışıq silos hazırlamaq üçün maraq doğurur. Tərkibində karbohidratların miqdarı az, zülali maddələrin miqdarı isə çox olduğu üçün təmiz halda pis siloslaşır. Əmənkömənci həmçinin ot unu və quru ot hazırlamağa da yararlıdır. Toxumlarının tərkibində15-20% yağ vardır. Toxumları ilə quşları və donuzları yemləmək olur. Hektardan 600-800 sen. yaşıl kütlə məhsulu verə bilir. Orta məhsuldarlığı isə 300-400 s/ha-dır.

Torpağın 1,5-2,0 m dərinliyinə işləyə bilən güclü mil kök sistemi vardır.

Gövdəsi 2,0-2,5 m hündürlükdə, qeyri-düzgün dairəvi, düz, şirəli, yerə yatmayan, budaqlanandır. Yaşıl rəngdə və ya antosian rənginə boyanmış olur.

Yarpaqları iri, ürək formalı, 5-7 dilimli, saplaqlı tüksüz və yaxud zəif tüklüdür.

Qıvrım əmənköməncinin yarpaq ayasının kənarları qırçınlı-dalğalıdır.

Çiçəkləri xırdadır. Yarpaq qoltuğunda yerləşən köbələrdə toplanır. Hər köbədə 4-11çiçək olur. Çiçək tacının rəngi ağdan tutmuş qırmızı-bənövşəyi rəngə qədər dəyişilir. Fakültativ (istənilən şəkildə) tozlanan bitkidir.

Meyvəsi açıq qozadır. Qozasında 10 ədəd bozumtul rəngli, səthi qırışıqlı, sərt qabıqlı toxum olur. 1000 ədəd toxumunun kütləsi 3 - 4 qr. olur. Toxum qabığının möhkəm olması səbəbindən yalnız iki il saxlandıqdan və ya skarifikasiya edilib əkildikdən sonra normal cücərti verir.

Yerli populyasiyalardan seçmə və hibridləşmə yolu ilə yaradılmış seleksiya sortlarından istifadə edilir.

Əmənköməncini gencərgəli (cərgəarası 60 sm) üsulla səpirlər. Cərgəarasını 45 sm-də götürmək olar. Əmənköməncini yaşıl kütlə almaq üçün 30 sm cərgəarası qoymaqla səpilir. Qarğıdalı və günəbaxanla qarışıq səpinlərdə əmənkömənci iki cərgədən bir səpilir. Təmiz səpinlərdə hektara səpin norması 5-6 kq - dir. Toxumları 2-3 sm dərinliyə basdırılır.

Cücərtilərin əmələ gəldiyi ilkin dövrlərdə bitkisi yavaş böyüyür və qulluq tələb edir. Yaşıl kütləsi silos üçün avqustun axırı və sentyabrın əvvəllərində biçilir.

Toxum məqsədi ilə becərildikdə əmənköməncini adi cərgəvi və ya dar cərgəvi üsula becərmək məsləhətdir. Sıx səpinlərdə əmənköməncinin yarpaqları az, toxumları çox olur. Toxumluq sahələr ot biçənlərlə biçilib tökülür, toxumlar tam yetişib- quruduqdan sonra kombaynla döyülüb təmizlənir.


Şərq çəpişotu
Şərq çəpişotu (Galega orientalis Lam.) paxlalılar fəsiləsinə (Fabaceae) daxil olan çoxillik yem bitkisidir. Rusiya ərazisində XX əsrin əvvəllərindən (1920) öyrənilməyə başlanılmışdır. Kiçik sahələrdə Baltikyanı ölkələrdə, Rusiya federasiyasının qeyri – qaratorpaq vilayətlərində elmi-tədqiqat müəssisələrində, Ukraynada və Belarusda becərilir.

Yonca və üçyarpaq becərilən rayonlarda çəpişotu da becərilə bilər. Yaxşı bal verən bitkidir. Yabanı formalarına ancaq Qafqazda rast gəlinir.

Yaşıl kütləsi heyvanlara yedizdirmək üçün paxlalı otlardan əvvəl hazır olur. Tərkibində 25% quru maddə, çoxlu protein (quru maddənin 40%-ə qədəri), karotin və askorbin turşusu vardır. Yaşıl kütləsinin 100 kq-da 20-28 yem vahidi, 3-3,5 kq asan həzm olunan protein vardır. Quru otu və silosu heyvanlar tərəfindən yaxşı yeyilir. Quru otunda 56, ot ununda 75 yem vahidi vardır. Yaşıl kütləsinin bir yem vahidində 135 qr, quru otunun bir yem vahidində 190 qr, ot ununun bir yem vahidində isə 198 qr, asan həzm olunan protein vardır.

Çəpişotunun yaşıl kütləsi vitaminlərlə - askorbin turşusu, karotin, flavonol həmçinin mineral maddələrlə zəngindir. Bundan başqa çəpişotunun tərkibində heyvanlarda südün sekresiyanın (ifrazını) nizamlayan aktiv maddələr aşkar edilmişdir.

Ot unu şəklində və doğranmış halda proteinin konsentratıdır. Taxıl otlarının çəpişotu ilə qarışıq silosu yüksək keyfiyyətli yem hesab edilir. Hektardan yaşıl kütlə məhsuldarlığı 300-600 sen.- dir. Bu da hektardan 20-30 sen. protein deməkdir. Bu cinsə daxil olan başqa növlərdən fərqli olaraq çəpişotunun tərkibində heyvan orqanizminə zərərli təsir göstərən halegin alkaloidi yoxdur.

Botaniki təsviri. Şərq çəpişotunun (Galega orientalis Lam.) kök sistemi güclüdür. Mil kökü torpağın 0,6-0,7 m dərinliyinə gedir. Kökü torpağın 7 sm-lik qatında kök pöhrələri verir. Yan köklərində yumrular əmələ gəlir. Hər il bitkinin böyüməsi gövdənin yeraltı hissəsindəki qışlayan tumurcuqlardan və kök pöhrələri hesabına baş verir.

Gövdəsi 0,8-1,4 m hündürlükdə, dik dayanan, içi boş, dayaz şırımlı, yuxarı hissəsindən budaqlanandır. Kol əmələ gətirir. Yarpaqları 15-30 sm uzunluqda iridir, mürəkkəbdir, qeyri-bərabər lələkşəkillidir. Çiçək qrupu 30-70 ədəd iri göy-bənövşəyi rəngli çiçəkdən ibarət olan düzdayanan salxımdır. Gövdə üzərində 3-4 çiçək qrupu olur.

Meyvəsi düz və ya zəif əyilmiş, nəhayəti itiləşmiş, 2-4 sm uzunluqda, qonur və ya tünd qəhvəyi rəngli paxladır. Toxumları (3-7 ədəd) böyrəkşəkilli sarımtıl-yaşılımtıl və ya zeytunu rəngli olmaqla saxlanma zamanı tündləşir. Toxumları bərkdir və səpin qabağı skarifikasiya edilməlidir. 1000 ədəd toxumunun kütləsi 5-9 qr-dır. Hektardan 1,5-6,0 sen. toxum verir.

Şərq çəpişotunun iki forması - Şimali Qafqaz və Taşir (Lori) formaları becərilir. Şimali Qafqaz forması seleksiya işlərinin aparılması üçün daha maraqlıdır.

Bioloji xüsusiyyətləri və becərilmə aqrotexnikası. Şərq çəpişotu erkən səpildikdə birinci ili zəif böyüyür və payızda çiçəkləyir. Qışı yaxşı keçirmək üçün o birinci ili 100-120 gün aktiv böyüməlidir. İkinci il bitkinin böyüməsi çox tez başlayır və iyun ayında çiçəkləyir.

Çəpişotu Şimali Qafqazın endemik bitkisi olmasına baxmayaraq yüksək soyuğa və şaxtaya davamlılığı ilə seçilir. Qarsız qışlarda bu bitki -25 0C-yə qədər, qalın qar örtüyü altında isə - 40 0C-yə qədər şaxtaya dözür. -5-7 0C payız və yaz şaxtaları məhsuldarlığa zərər vurmur. Nəmliyə tələbatına görə çəpişotu yonca və üçyarpaq arasında orta mövqe tutur. Çəpişotu üçün ən yaxşı torpaqlar qumsal və yüngül gillicəli torpaqlardır. Torpaq reaksiyası (pH) neytrala yaxın olduqda daha yaxşı inkişaf edir. Çəpişotu səpilmiş sahələr 7-15 il istifadə edilir.

Çəpişotu üçün ən yaxşı sələflər cərgəarası becərilən bitkilərdir, amma onu taxıllardan və birillik otlardan sonra da əkmək olar.

Çəpişotu üçün şum əkin qatı dərinliyində aparılır. Şumdan qabaq sahəyə 80-90 ton yarımçürümüş peyin və fosforlu-kaliumlu gübrələr verilir. Gübrə verilərkən nəzərə alınmalıdır ki, çəpişotu 100 sen. yaşıl kütləsi ilə torpaqdan 55 kq azot, 8 kq fosfor, 32 kq kalium,10 kq kalsium aparır. Göründüyü kimi o torpaqdan ən çox azot istifadə edir. Amma buna baxmayaraq ona azot gübrəsi verilmir. Çünki, bu bitki atmosfer azotunu fiksasiya etmək qabiliyyətinə malikdir.

Yazda sahə malalanır, kultivasiya çəkilir və yaxud da kombinə edilmiş РВК-3 aqreqatı tətbiq edilir. Toxumlar səpinqabağı skarifikasiya edilir (bu iş üçün yonca doğrayan maşından istifadə etmək olar), bakterial gübrələrlə (rizotorfinlə) işlənilir ki, kökdə azot toplayan fırlar yaxşı əmələ gəlsin. Bunun üçün bir toxuma düşən bakteriyaların sayı 40000-dən az olmamalıdır.

Qeyri-qaratorpaq bölgələrdə çəpişotunun ən yaxşı səpin müddəti may ayının birinci yarısıdır. Səpin üsulu məqsəddən və sahənin alaqlanma dərəcəsindən asılı olaraq seçilir. Alaqlardan təmiz sahələrdə çəpişotu yem məqsədi ilə cərgəvi üsulla səpilir. Əgər alaqlarla çox zibillənmiş sahələrə səpin aparmaq zəruridirsə və herbisidlərin tətbiqi mümkün deyilsə belə sahələrdə yaxşı olar ki, cərgəaraları 45 sm olmaqla gencərgəli səpin üsulu tətbiq olunsun. Belə olduqda cərgəaralarını becərmək mümkün olur. Toxumluq məqsədi ilə becərildikdə cərgəaralarını 60 sm-ə qədər artırmaq olar. Səpin norması cərgəvi üsulda 30-40 kq/ha, gencərgəli üsulda isə 10-20 kq/ha - dır. Toxumları 1,5-2,0 sm dərinliyə basdırılır.

Elmi-Tədqiqat müəssisələrində aparılan tədqiqatlarla müəyyən edilmişdir ki, birinci ili çəpişotu əkinlərinə səpinqabağı eradikan və yaxud da treflan herbisidlərinin, sonrakı illərdə isə əkinlərinə 2,4 ДМ herbisidinin bazirqanla qarışığının verilməsi daha yaxşı effekt verir.

Əkinə qulluq işləri ikinci ildən başlayaraq sadələşir (asanlaşır) cərgəaralarında kultivasiya aparılır və fosforlu - kaliumlu gübrələr verilir.

Çəpişotu, ot unu hazırlamaq üçün gövdələmə və yaxud qönçələmə fazasında, quru ot, silos və senaj üçün çiçəkləmə fazasının əvvəlində biçilir. Xorası oktyabrın ikinci yarısında biçinə hazır olur.

Çəpişotu stabil toxum məhsulu verir və paxlaları yetişdikdə toxumları tökülmür. Toxumunun yığılmasına paxlaların 75-80%-i qonurlaşanda başlayırlar ki, bu da iyulun axırı, avqustun əvvəllərinə təsadüf edilir. Hektardan 2-8 sentner toxum verir.

Mühazirə № 6 : “Çoxillik yeni yem bitkiləri”

Mühazirənin planı:


  1. Sosnovski baldırğanı

  2. Veyrix qırxbuğumu

  3. Deşikyarpaq silfiya

  4. Saflorabənzər rapontik (maral kökü)

  5. Xəndəkotu (Tüklü xəndəkotu)

  6. Ürəkyarpaq katran

  7. Topinsolneçnik


İstifadə olunan ədəbiyyat

1.Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

2.Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

3.Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

4.Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

5.Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

6.Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

7.Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

8.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

9.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

10.Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

11.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

12.Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

13şАндреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

14.Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

15.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

16.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

17.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.


Çoxillik bitkilər
Sosnovski baldırğanı

Sosnovski baldırğanı (Heracleum sosnowskyi Manden). Kərəviz (Apiaceae) fəsiləsinə daxil olan çoxillik ot tipli bitkidir. Qədim zamanlardan qida və dərman bitkisi kimi məlumdur. Yaxşı bal verən bitkidir. Bitkinin şirəsində olan furokumarin və efir yağları damarları daraltmaq və genəltmək qabiliyyətinə malik olmaqla antiseptik və bakterisid təsirə malikdır. Baldırğanın tərkibində olan bəzi furokumarinlər dəriyə düşdükdə dermatid xəstəliyi yaradır. Bu bitkini bəzək bitkisi kimi də əkirlər. Lakin o, əsas etibarı ilə 7-8 il dalba-dal hektardan 600-1000 sentner yaşıl kütlə məhsul verən silosluq yem bitkisi kimi becərilir. Quru maddəyə (12-14%) çevirdikdə yaşıl kütləsinin tərkibində 10-24% protein, 50%-dən artıq azotsuz ekstraktiv maddələr, 8-14% kül, 20-30% şəkərlər, 30-90 mq % karotinlər, 900-1300 mq % askorbin turşusu vardır. Baldırğanın tərkibində rutin, fol turşusu və çoxlu mikroelementlər vardır. Hər 100 kq yaşıl kütləsində 14-15 yem vahidi vardır.

Baldırğanın silosu sarımtıl-yaşıl rəngdə olmaqla meyvə iyi verir. Turşuluğu (pH) 3,65-4,2-yə bərabər olmaqla, əsas qida maddələrinin yüksək dərəcədə həll olunması ilə seçilir. Tərkibinə görə baldırğanın silosu yaşıl kütləsindən demək olar ki, seçilmir. Silosunun 100 kq-da 9-17 yem vahidi vardır. Bir yem vahidində isə 93-121 qr. asan həzm olunan protein vardır. Siloslama zamanı baldırğanın yaşıl kütləsinə 30 %-ə qədər saman və ya püfə qatılır ki, nəmliyi bir qədər azalsın.

Tərkibində şəkər çox olduğuna görə baldırğan yaxşı siloslaşır və çətin siloslaşan bitkilərə qatılmaq üçün yaxşı komponent kimi maraq kəsb edir. Baldırğanın yaşıl kütləsi ilə bütün ev heyvanlarını həm təzə (yaşıl) halda, həm də qurudulmuş halda yemləyirlər. Qurudulduqdan sonra atlardan başqa qalan bütün heyvanlar onu yaxşı yeyir. O həm də vitaminli ot unu hazırlamaq üçün yararlıdır.

Botaniki təsviri. Sosnovski baldırğanı (Heracleum sosnowskyi Manden) Qafqaz florasının endemik növüdür. Burada bu bitkinin 26 növünə rast gəlinir. 2 ildən 7 ilə qədər siklik inkişaf keçirən monokarp bitkidir. Hər bir fərdi yalnız bir dəfə çiçəkləyir və sonra quruyub məhv olur. Yenidən əmələgəlmə qabiliyyətinə malik olduğu üçün onun səpinlərini 8-10 il istifadə etmək olur. Hal-hazırda bu bitki Moskva, Kalinin, Bryanskı, İvanov, Ryazan, Sankt-Peterburq vilayətlərində mədəni halda becərilir.

Baldırğan yaxşı inkişaf etmiş, üzərində yan kökləri olan mil kök sisteminə malikdir. Kökün əsas kütləsi torpağın üst qatında yerləşir.

Gövdəsi 1,5-4,5 hündürlükdə, tək-tək, içərisi boş, dəyirmi və şırımlı, 4-6 buğumarası olmaqla yuxarı hissədən budaqlanandır. Yarpaqları rozetşəkilli, saplaqlı, üçlu və lələkşəkilli olmaqla iki cüt yan buğumludur. Ayasının ölçüsü 60-120 sm-dir. Çiçək qrupu çoxşüalı mürəkkəb çətirdir. Əsas çətirin diametri 40-60, yan çətirinki isə 20-30 sm-dir. Çiçəkləri ağ rəngli, kəskin iyli beşləçəklidir. Yandakı çiçəklərin xarici ləçəkləri böyümüşdür. Çarpaz tozlanan bitkidir.

Meyvəsi iki toxumludur. Meyvəni əmələgətirən toxumlar yastı, oval-yumurtavari, sarımtıl qəhvəyi rəngli və qanadlıdır. Uzunluğu 9-15mm, eni 6-9 mm-dir. 1000 ədədinin kütləsi 12-15 qr-dır. Hektardan 3-6 sen. toxum verir. Təzə yığılmış toxumlarının rüşeymi tam yetişməmiş olur. Bir hektardan əldə olunan toxumla 15-30 hektar səpin aparmaq olar.



Bioloji xüsusiyyətləri və becərilmə aqrotexnikası. Birinci ili baldırğan zəif böyüyür, payızda kök ətrafında 5-6 rozet yarpaq əmələ gətirir. Baldırğan soyuğa davamlı bitkidir. Gövdə və yarpaqları 5-6 0C şaxtalara dözür. Yaxşı qışlayır, qalın qar örtüyü altında -35-40 0C şaxtaya dözə bilər. İkinci və sonrakı illərdə yarpaqların yaz oyanması qar əriyən kimi baş verir.

Münbitliyi kifayət qədər, və nəmliklə yaxşı təmin olunmuş torpaqlarda yüksək yaşıl kütlə məhsulu verir.

Baldırğan əkiləcək torpaq üzvi və mineral gübrələrlə (10 illik plantasiya üçün ilə 8-10 ton/ha peyin, 60-90 kq/ha t.e.m.ilə mineral gübrə) təmin olunmalıdır. Turşuluğu orta və yüksək olan torpaqları 4-6 kq/ha hesabı ilə əhəngləyirlər. Əkindən sonra sahə malalanır və hamarlaşdırılır. Alaqlarla zibillənmiş torpaqlarda torpağın səpinqabağı hazırlanması qara herikdə olduğu kimi aparılır.

Toxumları payızda səpilməlidir. Yaz səpini aparılacaqsa toxumlar mütləq stratifikasiya olunmalıdır.

Sosnovski baldırğanının maksimal yaşıl kütləsi iyunun axırı, iyulun ortalarında formalaşır. Biçindən sonra o tez bitir, xora əmələ gətirir ki, bunu da avqustun axırı və sentyabrın əvvəllərində şaxtalar düşməzdən əvvəl biçmək olur.

Sosnovski baldırğanının çoxillik bitki olmasını nəzərə alaraq onu növbəli əkində yerləşdirmirlər.

Baldırğanın ən yaxşı səpin müddəti payızda sentyabr-oktyabr aylarında şaxtaların düşməsinə 2-3 həftə qalmışdır. Hava şəraiti imkan verdikdə və torpaq həddindən artıq nəm olduqda səpini yazda aparırlar.

Əgər yazda səpin aparılacaqsa toxumlar mütləq stratifikasiya edilməlidir. Stratifikasiya aşağıdakı kimi aparılır. Baldırğanın toxumları suda isladılır və nəm halda bir sutka saxlanılır. Sonra toxumları qumla və ya yaxşı olar ki, taxta kəpəyi ilə 3:1 nisbətində qarışdırılaraq 15-20 sm qalınlığında yeşiklərə (qutulara) yığırlar. Yeşikləri 2-5 0C temperaturu olan soyuq yerdə 70-100 gün saxlayırlar. Yeşikdəki qumlu (kəpəkli) toxumları 15-20 gündən bir qarışdırırlar və quruduqda isladırlar. Toxumlar çərtdikdə (cücərməyə başladıqda) yeşiklər (qutular) 2-3 0C temperaturu olan buzluğa qoyulur və yaxud da qarda saxlanılır. Qeyri-qaratorpaq bölgələrdə toxumların stratifikasiyasına fevralda başlanılır. Baldırğanın toxumları digər yazlıq bitkilərlə eyni vaxtda səpilir. Qeyd etmək lazımdır ki, yazda səpilən stratifikasiya olunmamış toxumlar cücərti vermirlər.

Səpin üçün baldırğanın təzə yığılmış toxumları istifadə edilməlidir. Toxumların bir il keçdikdən sonra cücərmə qabiliyyəti 20-30% azalır. İki il saxlanmış toxumlar isə demək olar ki, cücərti vermirlər.

Baldırğanın yuva üsulu ilə səpildikdə daha müntəzəm çıxışlar alınır. Baldırğan toxumlarının başqa bitkilərin toxumlarını məsələn qarğıdalı toxumlarını səpən selkalarla (СУПН-8), kartof əkənlə (СКС-4), şitiləkən maşınla (СКН-6А) və başqa maşınlarla aparmaq olar. Bunun üçün səpinqabağı bu maşınların səpən aparatları müəyyən dərəcədə dəyişdirilib baldırğan toxumu səpmək üçün uyğunlaşdırılmalıdır.

Baldırğan toxumlarını tərəvəz toxumu səpən selkalarla (СО-4,2) gencərgəli üsulla səpdikdə də yaxşı nəticələr alınır. Səpicinin hər bir cığıraçanına iki ədəd toxumaparan istiqamətləndirilir. Bu zaman yuvalarda yox, cərgələrdə sıxlaşdırılmış səpin alınır.

Yuva üsulunda hər yuvaya 25-30 toxum, hektara isə 15-20 kq toxum səpilir. Gencərgəli üsulda səpin norması 25 kq-a qədər artırılır. Toxumlar 1,5-2,0 sm dərinliyə basdırılır.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə