Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R



Yüklə 0,94 Mb.
səhifə5/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Əkinə qulluq. Həyatının birinci ili baldırğan zəif böyüyür və alaqlardan əziyyət çəkir. Ona görə də bu dövrdə alaqlarla mübarizəyə xüsusi fikir verilməlidir. Herbisidlərin istifadə edilməsi də yaxşı nəticə verir.

Vegetasiya müddətində mütəmadi olaraq cərgəarası becərmələr aparılır. Onlardan biri (vegetasiyanın ortasında) ammonium şorasının (100-150 kq/ha) verilməsi ilə birlikdə aparılır.

Nəmliklə yaxşı təmin olunmuş rayonlarda baldırğanın örtüklü səpini də mümkündür. Örtük bitkisi kimi gülüllə yulafın qarışığı və erkən yazda cərgəaraları becərilən zaman səpilmiş günəbaxan ola bilər. Örtük bitkiləri hektardan 210-290 sen. yaşıl kütlə verir və alaqlarla mübarizədə əlverişli üsul hesab edilir.

İkinci ili baldırğanın özü güclü inkişaf edib alaqları məhv edir. Bu zaman qulluq işləri cərgəaralarının becərilməsi və yemləmələrin aparılmasından ibarət olur.



Gübrələnməsi. Baldırğan gübrələrlə, xüsusən də azotlu gübrələrə yaxşı, münasibət göstərir. Aparılan hesablamalar göstərir ki, hektardan 500 sen. yaşıl kütlə məhsulu verdikdə baldırğan torpaqdan 125 kq azot, 29 kq fosfor, 212 kq kalium və 75 kq kalsium aparır. Torpaqdan istifadə etdiyi azotun və fosforun miqdarına görə qarğıdalıya yaxın, kalium və kalsiumun miqdarına görə isə ondan üstündür.

Elmi-Tədqiqat institutlarında aparılan təcrübələrlə sübut olunmuşdur ki, baldırğan N60P80K120 normasında ( təsir edici maddə hesabı ilə) gübrələnməlidir.

Bəzi tədqiqatçılar isə N80P80K80 normasını məsləhət görürlər. Ümumiyyətlə baldırğanın gübrələnməsi də başqa bitkilərdə olduğu kimi torpağın qida maddələri ilə təmin olunma dərəcəsindən və planlaşdırılmış məhsuldan asılı olaraq həyata keçirilməlidir.

Yığım. Baldırğanın yaşıl kütləsini birinci il biçmək məsləhət görülmür. İkinci və sonrakı illərdə baldırğanın yaşıl kütləsini silos üçün qönçələmə fazasının sonu, çiçəkləmənin əvvəlində silos yığan kombaynlarla biçirlər.

Avqustun sonu, sentyabrın əvvəllərində isə o ikinci çalım (biçin) üçün hazır olur.

Baldırğanın toxumluq sahələri mərkəzi çətirləri saralmağa başladıqda və toxumları qonurlaşanda, onlara yüngülcə toxunduqda tökülməyə başlayan zaman yığılmağa başlayır.

Bu məqsədlə uyğunlaşdırılmış taxıl kombayınlarından istifadə edilir. Yığılıb döyülmüş toxum kütləsinin içərisində yan çətirlərdən yığılmış və yaxşı yetişməmiş toxumlar da olur. Bu toxumlar yetişdikdən sonra yaxşı cücərti verir. Toxumları yığıldıqdan sonra nazik qatla çardaq altında və ya yaxşı havalanan yerlərdə sərilir, qurudulur və sortlaşdıran maşınlardan keçirilir. Baldırğan toxumlarını yığmaq üçün СМ-2,6 markalı sorqoyığan maşınlardan da istifadə etmək olar. Bu maşın baldırğanın çiçək qrupunu kəsib yanında gedən qoşquya tullayır.

Yada salmaq lazımdır ki, Sosnovski baldırğanının tərkibində bioloji aktiv maddə olan furokumarin vardır. Bədənin açıq hissələrinə düşdükdə dərinin günəş şüalarına həssaslığını artırır, dəridə qızartılar bəzən də yanıqlar əmələ gəlir. Ona görə də əkinlərə qulluq və yaşıl kütlənin yığılması zamanı ələ rezin əlcək geyinməli və bədənin açıq hissələri örtülməlidir.

Sosnovski baldırğanının iki sortu yaradılmış və rayonlaşdırılmışdır. Bunlardan biri “Uspex”, digəri isə “Severyanin” sortudur. Sosnovski baldırğanının yerli materiallardan fərdi və kütləvi seçmə yolu ilə yaradılmış sortlarının popolyasiyalarından da istifadə olunur. Tərkibində furokumarin olmayan və az miqdarda olan sortları da yaradılmışdır.



Veyrix qırxbuğumu

Veyrix qırxbuğumu (Poligonum weyrichii Fr. Schmidt) qarabaşaq (Poligonaceae) fəsiləsinə daxil olan çoxillik yem bitkisidir. Bu bitkiyə Yaponiyada Saxalin və Kuril adalarında rast gəlinir. MDB ölkələrində mədəni şəkilə yaxın vaxtlarda salınmışdır. Onu Rusiyanın Qeyri-qaratorpaq vilayətlərində (Moskva, Kalinin, Murmansk, Komi MR) Belarusda və Baltikyanı ölkələrdə becərirlər. Ukraynada, Şərqi Sibirdə, Uzaq şərqdə və s. yerlərdə suvarma şəraitində becərilmək perspektivi vardır.

Yaşıl kütlə məhsuldarlığı hektardan orta hesabla 450-500 sen. dir. Yüksək aqrotexnika ilə becərildikdə 600-800 s/ha - da məhsul almaq olar. 100 kq yaşıl kütləsində 11-16 yem vahidi, 2-2,4 kq asan həzm olunan protein vardır.

Quru maddəsi (23-25%) proteinlə (15-22%) zəngindir. Tərkibində 0,9-4,6% yağ, 5-14% kül, 24-28% sellüloz, 43-48% azotsuz ekstraktiv maddələr vardır.

Yaşıl kütləsində çoxlu askorbin turşusu (40-200 mq %) rutin (quru maddənin 2,0-2,8 %-nə qədəri), karotin (10-25 mq%) fol turşusu və mikroelementlər olur. Yaşıl siloslaşır, amma yaxşı olar ki, ona başqa karbohidratlı yemlər qatılsın. Silosunun 100 kq-da 15-16 yem vahidi vardır. Bir yem vahidində 150 qrama qədər həzm olunan protein olur.

Qönçələnmə fazasında yığıldıqda ot unu hazırlamaq üçün də yararı olur. Siloslamaq üçün çiçəkləmə fazasının başlanğıcında biçirlər. Bitkinin həyatı 10-15 il davam edir.

Torpağın 2 m dərinliyinə gedən mil kökü vardır. Kök üzərində 2 - ci il əmələ gətirdiyi yan köklər torpağın üst qatında yerləşir. Həyatının 3-4-cü ili yerüstü budaqların qoltuq tumurcuqlarından kökümsovlar törəyir ki, bunlar da yeni budaqlar və əlavə köklər törədir.

Kökün əsas kütləsi torpağın üst qatında yerləşir. Köklərində çoxlu aşılayıcı maddələr vardır.

Gövdəsi 2,5 m hündürlüyündə dikdayanan, düyünlərindən yüngülcə əyilmiş, dərin şırımlı, buğumaralarında içi boş, tüklü, zəif budaqlanandır. Yarpaq ayası 30 sm uzunluqda, 15 sm enində azca ürəyəbənzər formada, iti kənarı, alt hissəsi tüklüdür.

Çiçək qrupu süpürgədir. Yan budaqları üzərində süpürgəciklər 3-6 ədəd olmaqla yerləşir. Çiçək qrupunda onların sayı bir neçə mindir. Çiçəyi tacı ağımtıl- çəhrayı rəngli olmaqla xırda və çirkindir. Bu bitki üzərində funksional dişi (qısa erkəkcikli, dişicikli), funksional erkək (uzun erkəkcikli, erkəkcikli) və ikicinsli çiçəklər olur. Onlar ayrı-ayrı bitkilərdə yerləşir. Ona görə də veyrix qırxbuğumu ikievli, çarpaztozlanan bitki hesab edilir. Toxumlaması pisdir, çiçəklərinin yalnız ¼ - i toxum əmələ gətirir. Meyvəsi xırda qozcuqdur. Meyvləri səpin qarabaşağının meyvəsinə oxşardır. 1000 ədəd toxumunun kütləsi 2,5- 4,0 qramdır. Orta toxum məhsuldarlığı 1,5-3,0 s/ha-dır. Yüksək aqrotexnika tətbiqi ilə becərildikdə 4,0-4,5 s/ha-da toxum almaq olur. Toxumları ilə çoxaldılır. Plantasiyalarını yaratmaq üçün şitilindən və kökümsovlarından hazırlanmış çilikləri də istifadə edilir.

Rusiyada bu bitkinin seleksiya sortları yaradılmışdır. Bu bitkinin birinci sortu “Sıktıvkarlı“ sortu hesab edilir. Yem məqsədi ilə becərildikdə qırxbuğumun başqa növləri də məs: Panyutin, Zabaykalye, Saxalin və s. perspektivlidir.

Bioloji xüsusiyyətləri. Veyrix qırxbuğumu soyuğa və şaxtaya davamlı bitkidir. Onun kökümsovları -35 0C şaxtaya dözə bilir.

Veyrix qırxbuğumunu nəmlik sevən bitkidir, ancaq quraqlığa da yaxşı dözür. Nəmliyə ən çox tələbatı həyatının birinci ili, cücərtilər əmələ gələn dövrdə və cücərtilərdə köklərin inkişafı dövründə göstərir. Bitki böyüdükcə nəmliyə daha az tələbat göstərir və payız-qış və yaz yağıntılarından istifadə edir.

Veyrix qırxbuğumu üçün ən yaxşı torpaqlar qranulometrik tərkibi orta gillicəli və qumsal torpaqlar hesab edilir. Torpaq məhlulunun reaksiyası (pH) 5,5-6,5 olduqda daha yaxşı bitir.

1 ton yaşıl kütləsi ilə veyrix qırxbuğumu torpaqdan 4-5 kq N, 0,9-1,0 kq P2O5, 5-6 kq K2O, 1,9-2,3 kq CaO aparır.

Təcrübələrdə 60,5 ton/ha (dörd ildə orta) yaşıl kütlə məhsulu vermişdir.

Toxumları payızın axırında, şaxtalar düşməzdən əvvəl səpilir. Yaz səpinlərində çıxışları kəskin azalır. Səpini tərəvəz toxumu səpənlərlə 60 x 70 sm cərgəarası olmaqla aparmaq olar. Səpin norması hektara 6-8 kq, basdırılma dərinliyi 1-2 sm-dir. Veyrix qırxbuğumunun toxumları saxlandıqda cücərmə qabiliyyəti kəskin azalır. Ona görə də səpin üçün təzə toxumlarından istifadə olunmalıdır.

Veyrix qırxbuğumu birinci ili zəif böyüyür ona görə də birinci il əsas fikri alaq otları ilə mübarizəyə vermək lazımdır. Bunun üçün 2-4 dəfə cərgəarası becərmə aparılmalıdır. İkinci il və sonrakı illərdə erkən yazda və ya birinci biçindən sonra cərgəarası becərmələr və mineral azotla yemləmə aparılır.

Veyrix qırxbuğumunu adətən birinci ili biçmirlər. Çünki məhsuldarlıq aşağı olur və biçin bitkilərin zəifləməsinə səbəb olur. İkinci və sonrakı illərdə biçilib yaşıl yem və ya silos kimi istifadə edilir. Optimal biçin vaxtı kütləvi çiçəkləmə vaxtı hesab edilir. Ot unu hazırlamaq üçün qönçələmə fazasında biçilməsi məqsədəuyğundur.

Qeyri - qaratorpaq zonanın mərkəzi rayonlarında qırxbuğumun yığılmasını iyunun axırı, iyulun əvvəlində aparmaq olar. Qırxbuğum sahəsi istismar edilərkən sahəni 2-3 ildən bir olmaq şərti ilə, ildə 2 dəfə yox, 1 dəfə biçmək məsləhət görülür. Qırxbuğumun yaşıl kütləsi yaxşı olar ki, başqa bitkilərlə qarışdırılaraq siloslaşdırılsın. Əkinə qulluq və siloslaşdırma zamanı ələ rezin əlcək geyinməli və bədənin başqa hissələrini örtmək lazımdır.

Deşikyarpaq silfiya

Deşikyarpaq silfiya (Silphium perfoliatum L.) - Astra (Asteraceae) fəsiləsinə daxil olan, çoxillik, polikarp, yem bitkisidir. Avropaya XVIII əsrdə Şimali Amerikadan gətirilmişdir. Şimalı Amerikada onun çoxlu yabanı formaları vardır. Bal verən bitki kimi də maraq doğurur. Xarici ölkələrdə dərman bitkisi kimi də istifadə edilir. Onun əkinləri əsasən Ukraynada (Çernovski vilayəti) Komi də, Volqaboyunda, Qərbi Sibirdə, Belorusda, Baltkyanı ölkələrdə və Uzaq Şərqdədir. Yüksək ekoloji plastikliyə malik olan bitkidir.

100 kq yaşıl kütləsində 12-15 yem vahidi, 1,8-2,3 kq asan həzm olunan protein vardır. Tərkibi həmçinin şəkərlərlə, mineral duzlarla, vitaminlərlə (karotin, askorbin turşusu) zəngindir. Quru maddəsi (12-20%) heyvan orqanizmi tərəfindən yaxşı mənimsənilir. Yem kimi həm yaşıl halda, həm silos halında, həm də ot unu şəkilində istifadə olunur.

Hektardan yaşıl kütlə məhsuldarlığı 900-1000 sen.ə qədərdir. Orta hesabla 400-500 s/ha yaşıl kütlə verir. Plantasiyaları 12-15 il istifadə edilə bilər.

Kök sistemi qarışıq tiplidir. Əsas kökü əlavə və yan köklərə budaqlanır. Kökün əsas kütləsi əkin qatında yerləşir. Lakin bəzi kökləri torpağın dərin qatlarına gedə bilir.

Gövdəsi 2,0-2,5 m hündürlükdə, dik dayanan, şirəli, dördüzlü, tüklü, orta hissələrindən budaqlanandır. Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaq, əsasından birləşmiş, iri, uzunsov-ellips formalı, sərt tükcüklüdür.

Çiçək qrupu 3-5 sm diametri olan səbətdir. Hər gövdədə 5-dən 20-yə qədər səbət olur.

Silfiyada 2 tip çiçək olur. 1) Xarici çiçək - sarı ləçəkli yalançı dilcik çiçəkləri. Bunlar dişicikli, məhsuldar çiçəklərdir. 2) Mərkəzi çiçək - bunlar boru şəkilli ikicinsli, məhsulsuz olurlar. Çarpaz tozlanan bitkidir.

Meyvəsi 10-12 mm uzunluğunda uzunsov - ürək formalı iki qanadlı toxumcadır. Meyvənin eni 8-10 mm, rəngi bozumtul-qara və ya qəhvəyi olmaqla yastı, sıxılmış vəziyyətli, yuxarı hissəsi çuxurludur. 1000-ədədinin kütləsi18-24 qr-dır. Hektardan 5-8 sen. toxum yığmaq olur. Silfiya bitkisini də xəndəkotu bitkisi kimi şitillə və ya kök çilikləri ilə çoxaltmaq olar.

Silfiyanın perfoliatum növü çox polimorfdur və seleksiya aparılmaq üçün yaxşı obyekt hesab edilir.

Silfiya nəmliyə və torpaq münbitliyinə tələbkar bitkidir. Silfiya toxumları payızın axırında səpilir. Hektara səpin norması 15-20 kq-dır.

Cərgə araları 60 x70 sm olmaqla gencərgəli üsulla səpilir. Toxumları 2-4 sm dərinliyə basdırılır. Səpinin birinci ili silfiya da başqa çoxillik otlar kimi zəif böyüyür və qulluq tələb edir.

Silos hazırlamaq üçün yaşıl kütləsi qönçələmə fazasında və ya çiçəkləmənin əvvəlində biçilir. Toxumluq məqsədi ilə yaxşı olar ki, seyrəldilmiş sahələr istifadə olunsun. Toxumların yetişməsi qeyri-bərabər gedir. Səbətlərin 60-70 %-i qonurlaşanda taxıl biçən maşınlarla hündürdən biçilir. Yığılmış toxumlar həmin ilin payızında və ya növbəti ilin yazında istifadə edilməlidir. Çünki toxumlar saxlandıqda onların cücərmə qabiliyyətləri aşağı düşür.
Saflorabənzər rapontik (maral kökü)

Saflorabənzər rapontik (Rhaponticum carthamoides (Willd.) İljin. Astra (Asteraceae) fəsiləsinə daxil olan çoxillik, polikarp, müalicəvi yem bitkisidir. Qədim zamanlardan xalq təbabətində köklərindən tonuslaşdırıcı maddələr almaq üçün istifadə edilir. Yaşlı və cavan marallar cütləşmə dövründə rapontikin yerüstü hissəsini və kökünü yeyirlər ki, bu da onların törədicilik qabiliyyətini və dözümlülüyünü artırır. Maral kökünə Altay, Sayan, Cunqar Tarbaqat dağlarında rast gəlinir. Monqolstanda da bitir. Əvvəlcə dərman bitkisi kimi mədəni hala salınmış, sonradan yem bitkisi kimi istifadə edilməyə başlanmışdır. Maral kökünün köklərindən alınmış ekstraktı tonuslaşdırıcı içkilərdən olan “Sayan”-ın tərkibinə də qatırlar. Maral kökünün ən vacib xüsusiyyətlərindən biri heyvanlarda qısırlığın azalmasına təsir göstərməsidir. Toxum çatışmamazlığı səbəbindən əkin sahələri azdır. Ancaq o yaşıl yem, silos, senaj və ot unu əldə etmək üçün perspektivli bitkidir.

Maral kökü yaşıl kütləsində olan zülalın miqdarına görə üçyarpaqdan və yoncadan geri qalmır. Bununla yanaşı tərkibində çoxlu karbohidratlar vardır, təmiz halda yaxşı siloslaşır.

Yaşıl kütləsində 15-20 % quru maddə vardır ki, onunda 16-28 %-ni protein, 3-7%-ni yağ, 17-25 %-ni sellüloz, 37-50 % -ni AEM (azotsuz ekstraktiv maddələr) 9-15 %-ni kül təşkil edir. Vitaminlə zəngindir. Xüsusilə tərkibində rutin (quru maddənin 7 %-i-nə qədər) çoxdur.

100 kq yaşıl kütləsində 14-16 yem vahidi, 1,6-2,0 kq asan həzm olunan protein vardır. Hektardan 400-450 sen. yaşıl kütlə verə bilər. Orta məhsuldarlığı isə 200-250 sen.- dir. Maral kökü plantasiyası 10-15 il istifadə edilə bilər.

Kök sistemi güclü inkişaf etmişdir. Qarışıq tiplidir. Əsas kökü odunlaşmış, torpağın 1,0-1,5 m dərinliyinə gedir. Yan və əlavə kökləri gövdənin yeraltı hissəsində yerləşmiş və onları çox vaxt kökümsov adlandırırlar.

Köklərini torpaqdan bitkinin 3- 4- cü yaşlarında çıxarırlar. Hektardan 50-100 sen. kök məhsulu verir.

Gövdəsi budaqlanmayan, 1,0-2,2 m hündürlükdə, zəif qabırğalı, içi boş, zərif tüklüdür. Bitki vegetativ budaqlar ilə yanaşı 1- 4 ədəd generativ budaqlar da əmələ gətirir. Rozet və gövdə yarpaqları iri, lələkvari bölünmüşdür. Yarpaqlarının saplaqla birlikdə uzunluğu 60-100 sm-dir. Yarpaqların ölçüsü və dilimlənməsi gövdənin yuxarısına doğru azalır.

Çiçək qrupu demək olar ki, 5-8 sm-lik şarşəkilli səbətdir. Çiçəklər ikicinsli, boruşəkilli genişlənmiş, yuxarı hissədə beş yerə bölünmüş bənövşəyi -zanbağı rəngli tacı vardır. Arılar vasitəsilə çarpaz tozlanır.

Meyvəsi 6-8 mm uzunluqda, 3-4 mm enində dördüzlü qabırğalı toxumcadır. Meyvənin rəngi bozumtuldan tutmuş bənövşəyi - qəhvəyi rəngə qədər dəyişir. Səbətində 200-400 ədəd toxumca olur. 1000 ədədinin kütləsi 14-16 qr, toxum məhsuldarlığı 2-5 s/ha - dır.

Maral kökünün şərq yarımnövünə (ssp. orientale) daxil olan populyasiyaları əkinlərdə daha çox yayılmışdur.

Maral kökü tez böyüməsi ilə seçilir, biçiləndən sonra yaxşı böyüyür. Mayın axırı və iyunun əvvəlində yaşıl kütləsi biçilir. 2 biçində hektardan 350-450 sen. yaşıl kütlə məhsulu verə bilir. Plantasiyaları yüksək məhsuldarlığını 10 il və daha artıq saxlaya bilir. Maral kökü torpaq münbitliyinə tələbkar bitkidir. Toxumları ilə çoxaldılır. Toxumları cücərmə qabiliyyətinin yüksək olması ilə fərqlənir. Toxumları erkən yazda səpmək lazımdır. Səpin norması 6-10 kq/ha - dır. Səpini adətən gencərgəli (45 sm) üsulla aparılır, toxumları 2-3 sm dərinliyə basdırılır. Səpin üçün tərəvəz toxumu səpən səpicilərdən istifadə edilir.

Əkinə qulluq işləri digər cərgəaraları becərilən çoxillik bitkilərdəki kimidir. Silos üçün yaşıl kütləsi çiçəkləməni əvvəlində biçilir.

Toxumluq sahələrində əvvəlcə çiçək qrupu yığılıb götürülür. Yığıma çiçək qrupunun 70% - i qonurlaşanda başlanır. Toxumları sorqo yığan maşınlarla yığılır. Qalan kütləsini isə kombaynla biçib silos hazırlayırlar. Hektardan 300-600 kq toxum verə bilir.



Xəndəkotu

Xəndəkotu cinsinin 20-25 növündən keçmiş SSRİ (indiki MDB) ərazisində 17 növü bitir. Onlardan ən çox yayılanları aşağıdakılardır. 1. Krım xəndəkotusu (Symphytum tauricum Willd.) Rusiyanın Avropa hissəsində, əsasən onun cənub yarısında, həmçinin Şimali Qafqazda bitir. 2. Ürəkvarı xəndəkotu (S. cordatum Waldst. et. kit. ex. Willd.) Karpat dağlarında daha çox rast gəlinir. Ona Rusiyanın Xmelinski, Ternopol, Jitomir vilayətlərində, eləcədə Macarıstan və Rumıniyada rast gəlinir. Meşə senozlarında üç endemik Qafqaz növünə rast gəlinir. a) iriçiçəkli xəndəkotu (S. grandiflorum DC.), b) köçəri xəndəkotu (S. peregrinum Ledeb.) -Bunların hər ikisinin də çiçəkləri tutqun-sarı rənglidir. c) Qafqaz xəndəkotusu (S. caucasicum Bieb.) - Mavi rəngli çiçəkləri olan xovlu-tüklü bitkidir. 3. Şərq xənədkotusu (S. orientale L.) - Qara dəniz ətrafı meşələrdə və onun cənub hissələrində bitən ağımtıl çiçəkləri olan bitkidir.

Bu vaxta qədər xəndəkotunun çox növləri (hibrid, dərman Qafqaz və s.) üzərində seleksiya işləri aparılmışdır. Xəndəkotunun bütün növləri polimorf olmaqla təsərrüfat formalarının yaradılması üçün yaxşı materialdır.

Tüklü xəndəkotu. Tüklü xəndəkotu (Symphytum asperum Lepech) çuğundur (Boraginaceae) fəsiləsinə daxil olan çoxillik, polikarp, ot tipli yem bitkisidir. Mədəni halda XVIII əsrdən məlumdur. Əvvəllər dərman və bəzək bitkisi kimi istifadə edilirdi. Aralıq dənizi ölkələrində, Avropada, Afrikada və Asiyada rast gəlinir. Xarici ölkələrdə xüsusən də Yaponiyada Avstriyada və İngiltərədə yem, dərman,siderat və hətta ərzaq bitkisi kimi istifadə edilir. Perspektivli növləri Qafqazda, Sibirdə və Orta Asiyada bitir. Bu bitki hələ kifayət qədər yayılmamışdır. Amma yüksək plastiklik qabiliyyətinə görə bir çox bölgələr üçün perspektivli sayılır.

Yaşıl kütləsi qidalılıq dəyərinə görə paxlalı otlardan geri qalmır. Tərkibi proteinlə, karbohidratlarla, vitaminlərlə (B12, karotin, askorbin turşusu) və mineral duzlarla zəngindir.

100 kq-da 15-19 yem vahidi, 2-3 kq asan həll olunan protein vardır. Qurudulduqdan sonra heyvanlar tərəfindən yaxşı yeyilir. Quru ot, ot unu, silos və senaj istehsalına yararlıdır.

Vegetasiya ərzində bir neçə dəfə biçilməsi (suvarma şəraitində 5 dəfə) xəndəkotundan 550-1000 sen/ha yaşıl kütlə məhsulu götürməyə imkan verir. Plantasiyaları 10-12 il istifadə edilir.

Kök sistemi qarışıq tiplidir. Mil (əsas) kökdən, ondan ayrılan yan köklərdən, əlavə köklərdən və yerüstü gövdəköklərindən (kökümsovlardan) ibarətdir. Yerüstü hissəsində 5-7 gövdə əmələ gətirir. Hündürlüyü 1,5-2,0 m, içi boş, qabırğalı, yuxarı hissədən budaqlanan, sərt tükcüklüdür. Ona görə də ona tüklü xəndəkotu adı verilmişdir. Generativ budaqlardan əlavə, üzərində yalnız yarpaq rozetləri olan vegetativ gövdələr də əmələ gətirirlər. Yarpaqları rozet şəkilli, saplaqlı 50-70 sm uzunluğunda, 10 sm-ə qədər enində olmaqla gövdə yarpaqları xırda, yuxarı yarpaqları oturaq olur.

Çiçəkdaşıyan budaqları yuxarı yarpaqların qoltuğunda yerləşir. Çiçək qrupu süpürgə tiplidir. Süpürgəsi hər birində 20 çiçək toplanan burumlardan (qıvrımlardan) ibarətdir. Çiçəyin tacı borulu zəngşəkilli olmaqla moruğu rəngdən tutmuş tünd-mavi rəngə qədər dəyişilir. Çarpaz tozlanan bitkidir.

Meyvəsi 4-5 mm uzunluqda qozcuqdur. 1000 ədədinin kütləsi 8-10 qr-dır. Orta toxum məhsuldarlığı 1,0-1,5 s/ha - dır. Qabaqcıl təsərrüfatlar 4-5 s/ha - da götürə bilir. Toxumları ancaq payızda səpəndə yaxşı cücərir. Plantasiyalarını şitillə və ya kök çilikləri ilə də yaratmaq olar.

Tüklü xəndəkotu nəmliklə yaxşı təmin olunmuş münbit torpaqlara tələbkardır. Onu toxumla və vegatativ yolla artırmaq olar. Toxumları yaxşı olar ki, qışqabağı səpilsin. Hektara səpin norması 7-10 kq-dır. Cərgəaraları 60-70 sm olmaqla gencərgəli üsulla səpilir. Toxumları 2-3 sm dərinliyə basdırılır.

Həyatının birinci ili xəndəkotu, xüsusən də toxumla səpilən xəndəkotu yavaş (zəif) böyüyür və 2-3 cərgəarası becərmə tələb edir. Sonrakı illərdə əkinə qulluq işləri yemləmə gübrələrinin verilməsindən, cərgəaralarının yaz becərməsi və biçindən sonra becərilməsi işlərindən ibarətdir.

Yaşıl yem və ot unu hazırlamaq üçün xəndək otu tez, yəni çiçəkləməyə qədər biçilir. Silos hazırlamaq üçün isə onu kütləvi çiçəkləmə və ya toxumların yetişməsi dövründə biçirlər.

Tez biçildikdə xəndəkotunu başqa yaxşı siloslaşan bitkilərlə qarışıq siloslamaq olar.

Toxumları eyni vaxtda yetişmir və tez tökülür ki, bu da yığım vaxtı çətinlik yaradır. Yetişmiş çiçək qruplarını yığmaq üçün sorqo yığan maşınlardan istifadə edilir.



Ürəkyarpaq katran

Ürəkyarpaq katran (Crambe cardifolia Stev.) - Kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan çoxillik quraqlığa davamlı bitkidir. Aralıq dənizi hövzəsi ölkələrinin və şimali Qafqazın təbii florasında rast gəlinir. Yem kimi istifadə olunmasına yaxın vaxtlarda başlanılmalıdır. Ukraynada Krasnodar diyarında Komidə Udmurtyada xeyli əkin sahələri vardır. Quraqlıq rayonlar üçün daha yararlı bitki hesab olunur.

Yaşıl kütləsi qidalılıq dəyərinə görə yem kələminə yaxındır. Onunla müxtəlif heyvanları, xüsusən qoyunları yemləyirlər. Karbohidratlı bitkilərlə siloslayır, həm də ot unu hazırlamaq üçün istifadə edrilər. Bitki yaxşı xora vermək qabiliyyəti ilə seçilir və ondan “yaşıl konveyer”- də istifadə etmək olar.

Yüksək məhsuldarlığı 900-1000 s/ha, orta məhsuldarlığı isə 400-500 s/ha -dır.

Torpağın 3-m-də qədər dərinliyinə işləyə bilən, yaxşı inkişaf etmiş güclü kök sistemi vardır. Kökü torpağın 0-0,5 və 1-2 m-lik qatlarında budaqlanır. Bu bitkinin quraqlığa dözümlülüyünün səbəbi də elə bununla izah edilir.

Gövdəsi 1,5-2,5 m hündürlükdə, çılpaq və budaqlanandır. 3-7 ədəd gövdə əmələ gətirir.

Aşağı yarpaqları (kökə yaxın olanlar) iri, uzun saplaqlı, yumurta və ya böyrəkşəkilli, əsasən dərin ürək formalı olmaqla kənarları qeyri-bərabər dişşəkillidir. Bəzən saplağında və yarpaq ayasında tükcük (qılçıq) olur. Gövdə yarpaqları qısa saplaqlı olmaqla nisbətən xırdadır.

Çiçək qrupu 1,5-1,7 metr diametri oaln iri süpürgədir. Çarpaz tozlanır. Meyvəsi iki üzvcüklü açılmayan qındır. Qının yuxarı üzvcüyü (hissəsi) iri olmaqla aşağı hissəsi inkişaf etməmişdir. Qınında bir ədəd, müstəsna hallarda iki ədəd toxum yerləşir. Toxumları üzəri damarlı, qabırğalı qozcuqdur. 1000 ədədinin kütləsi 30-35 qr-dır. Hektardan 5-15 sen. toxum verir.

Katranın yerüstü hissəsinin tərkibində qlükozinolitlərin azaldılması istiqamətində seleksiya işləri aparılır.

Topinsolneçnik

Topinsolneçnik –Astra (Asteraceae) fəsiləsinə daxil olan bitkidir. Bu bitki XX əsrin 40-cı illərində sovet seleksiyaçıları tərəfindən yerarmudu (Solanum tuberosum L.) və günəbaxan bitkilərinin (Helianthus annus L.) növarası çarpazlaşdırılması nəticəsində yaradılmışdır.

İstifadə olunması istiqamətinə görə yerarmuduna (topinambura) çox oxşayır. Lakin onun bir sıra üstünlükləri vardır. Yumruları yuvalarda daha kompakt (yığcam) yerləşir, yumruların iriliyinin (həcminin) böyük olması, növbəli əkində becərilməsi, yaşıl kütləsi və kök yumrularında daha yüksək karbohidratların, zülalların vitaminlərin və başqa qida maddələrinin olması, şaxtaya davamlılığının yüksək olması, həmçinin daha geniş becərilmə arealına və riskli əkinçilik rayonlarında da becərilməsin mümkün olması bu bitkinin üstün cəhətləridir.

Xarici görünüşünə görə bu bitki bu bir çox xüsusiyyətlərinə görə valideyin formalarına bənzəyir və onlardan üstündür. Yarpaqlarının sayına və ölçüsünə, gövdəsinin yoğunluğuna və budaqlanma qabiliyyətinə görə aralıq mövqe tutur.

Yüksək məhsul verən bitkidir. Düzən şəraitdə hektardan verdiyi köküyumru və yaşıl kütlə məhsuldarlığına görə yerarmudundan üstündür. Bu üstünlük xüsusən Şimal rayonlarında özünü göstərir.

Kök yumrusu ilə vegetativ çoxaldılması (yerarmudu kimi) heterozis effektindən daha uzun müddət istifadə etmək imkanı verir.

Yaradılmış sort və hibridləri kökyumrusu və yerüstü hissəsinin məhsul vermə nisbətinə görə silosluq, yumruluq və universal olmaqla 3 yerə bölünür. Yem və texniki məqsədlər üçün daha geniş miqyasda becərilir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə