Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R



Yüklə 0,94 Mb.
səhifə7/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Biçənəklər. respublikamızda 150 min hektara yaxın təbii biçənək sahələri vardır. Onlar dağ, dağətəyi zonalarında və meşə zonalarında, çay kənarlarında yerləşir. Bəzi otlaqlar biçənək kimi də istifadə edilir. Biçənəklərin ot örtüyü zəngin və məhsuldar olur. Dağlıq zonada yerləşən biçənəklər ildə 1 dəfə biçilir və hər hektardan 20-30 sentner quru ot alınır. Biçənəklərdə ot örtüyü zəngin olur və heyvanlar onu iştaha ilə yeyir. Biçənəklərdə səthi və əsaslı yaxşılaşdırma aparılır. Bu tədbirlər hesabına biçənəklərin məhsuldarlığı və onun keyfiyyəti yaxşılaşdırılır. Əsaslı yaxşılaşdırmada yerli zonanın torpaq-iqlim şəraitinə uyğun daha dəyərli yem otlarının toxumları səpilir. Əsaslı yaxşılaşdırma zamanı ya kotanla şumlanır yada torpaq dırmıqlanır, sonra sahə dırmıqlanır və ot toxumu səpilir.

Örüşlər. Örüşlər təbii yem mənbələrindən ən çox istifadə edilənidir. Örüşlərin 4 növü var: 1 kənd ətrafı örüşlər; 2 keçid (yolüstü) örüşlər; 3 müvəqqəti örüşlər; yamaq (düşərgəkənarı) örüşlər. Örüşlərin ümumi sahəsi 1,5 mln. Hektar ətrafındadır. Örüşlərdə ot örtüyü müxtəlifdir. Örüşlərin otarılma əmsalı yüksək olur. Örüş otu ən ucuz başa gələn yem mənbəyidir, onun yaxşılaşdırmasına ehtiyac çoxdur.

Əlavə yem mənbələri. Bu yem mənbələrinin əsas üstünlüyü odur ki, yem istehsalına əmək sərf edilmir, yem ucuz başa gəlir. Bu növ yemin bəziləri heyvanların orqanizmində gedən biokimyəvi prosesləri sürətləndirir. Gövşəyən heyvanların yemləndirilməsində əlavə yemlərdən istifadə olunur. Bu yem mənbəyinin əsasını sənayedə istehsal edilən yemlər təşkil edir (şəkər zavodunun tullantıları, günəbaxandan yağ alındıqda alınan tullantılar və s.)

Əlavə yem mənbələrinin bir neçə qrupu vardır: 1 kombinə olunmuş yemlər; 2 heyvan mənşəli yemlər, yem əlavələri, vitamin əlavələri, yeyinti məhsullarının qalığı.

Tarla yem istehsalı. Heyvandarlığın yemlə təmin edilməsində tarla yem istehsalı mühüm rol oynayır. Kənd təsərrüfatında yem bitkilərinin becərilməsi, onlarda yüksək miqdarda keyfiyyətli yem istehsal edilməsi heyvandarlıq məhsulları istehsalının sürətlə artırılmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əksər rayonlarında birillilik və çoxillilik yem bitkilərinin becərilməsinə xüsusi əhəmiyyət verilir. Tarla yem bitkilərinin daha mütərəqqi becərmə üsullarının həyata keçirilməsi, yeni daha məhsuldar yem bitkilərinin sortlarının seçilib becərməsi tədbirləri hesabına yemçilik sürətlə inkişaf etdirilir.


Mühazirə № 8: “Otlaq və biçənəklərin əsaslı yaxşılaşdırılması

Mühazirənin planı:

1.Əsaslı yaxşılaşdırma işlərinin aparılma prinsipləri.

2.Əkmə biçənək və otlaq növləri və onların yaradılmasında əsas tədbirlər.

3.Ot qarışıqlarının seçilməsi, norması və səpilməsi.



İstifadə olunan ədəbiyyat

  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.

Otlaq və biçənəklərin əsaslı yaxşılaşdırılması

Təbii yem sahələri istifadə edildikcə ilbəil məhsuldarlığı aşağı düşür. Ot örtüyündə qiymətli yem otları azalır. Ona görə də təbii yem sahələrində əsaslı yaxşılaşdırma aparmaqla yeni məhsuldar otlaq və biçənəklər yaradılır. Süni şəkildə yaradılan otlaq və biçənəklər yem və ya tarla növbəli əkinləri daxilində, bəzən də heç növbəli əkin tətbiq etmədən yaradılır.

Əsaslı yaxşılaşdırma işləri nəticəsində torpağın bioloji fəallığı artır, üzvi maddələrin parçalanması baş verir, bitkilərdən ötrü həzm edilə bilən qida maddələri toplanır.

Əkmə biçənəklərin təbii çəmənliklərdən bir sıra üstünlükləri var. Əkmə biçənəklərin təkcə ümumi məhsuldarlığı deyil, həmçinin yemin qida qəyəri təbii çəmənliklərlə nəsbətən yüksəkdir, çünki birincidə paxlalı və taxıl otların xüsusi çəkisi artıq olur.

Bioloji xüsusiyyətlərinə görə əkmə biçənək və otlaqlar iki qrupa bölünür: birillik otlardan ibarət olan və bir vegetasiya dövrü ərzində istifadə olunan birillik və çoxillik otlardan ibarət olan və təkrar səpin olmadan bir neçə il müddətinə istifadə olunan çoxillik otlaq və biçənəklər. Öz növbəsində, çoxillik əkmə otlaq və biçənəklər, 2-3 il ərzində işlədilən qısa müddətli, 4-6 il ərzində işlədilən orta müddətli və 7-10 il və daha artıq işlədilən uzun müddətli istifadə edilən otlaq və biçənəklərə bölünürlər.

İstifadə mahiyyətinə görə biçənək, otlaq və biçənək-otlaq kimi istifadə olunan əkmə otlaq və biçənəklər olur.

Əsaslı yaxşılaşdırmadan qabaq təbii yem sahələrinin torpaq və bitki örtüyü, ərazinin suvarma mənbəyi öyrənilir. Həmin məlumatlar əldə edildikdən sonra süni çəmənlik salınacaq ərazidə hidromeliorativ və mədəni-texniki tədbirlər həyata keçirilir. Əvvəlcə təbii yem sahələrinin xəritəsi tərtib edilir. Xəritədə yaşayış məntəqələri, yollar, su quyuları, artezianlar, dərələr, meşələr, kolluqlar, bataqlıqlar və s. göstərilir. Ərazidə nisbi yüksəkliklər horizontlarla göstərilir. Hidrotexniki tədqiqat apararkən ərazidə yeraltı suların səviyyəsi, yerüstü suların su rejimi, suyun tərkibi öyrənilir.

Mədəni-texniki işlər görmək məqsədilə aparılan tədqiqatda torpaq və bitki örtüyü, sahənin texniki vəziyyəti və s. ətraflı öyrənilir.

Həddən artıq nəmli torpaqlarda qurudulma aparılmadan süni çəmənlik salmaq olmaz. Çünki çox nəmli torpaqlarda bitki köklərinin tənəffüsü pozulur, üzvi qalıqlar parçalanmır, torpağın temperaturu aşağı düşür, don daha dərinə gedir, daha gec əriyir, torpaq gec isinir, orada zəhərli və zərərli bitkilər bitir. Respublikamızda belə torpaqlar 68 milyon hektardır. Qurutma açıq və ya qapalı kanallar çəkməklə aparılır.

Respublikamızın cənub rayonlarında çəmənliklərdən yüksək məhsul götürmək üçün suvarmalar aparmağa böyük ehtiyac vardır. Suvarma üçün müxtəlif mənbələrdən – yeraltı sulardan, gölməçə və süni dəryaçalardan, çaylardan istifadə edilə bilər. Suvarmalar bir və ya bir neçə dəfə aparıla bilər. Düzgün suvarma rejimi müəyyən etmək üçün bitkinin bioloji xüsusiyyətləri, onun kök sisteminin yayıldığı dərinlik, kökün inkişafının intensivliyi, kökün ifraz etdiyi maddələrin fizioloji aktivliyi, hüceyrə şirəsinin qatılığı, osmos təzyiqi, sorma qüvvəsi, bitkinin suyu buxarlandıran hissələrinin səthinin böyüklüyü nəzərə alınmalıdır.

Səpindən əvvəl kökün yayılacağı torpaq zonası kifayət qədər nəmləndirilməlidir. Vegetasiya suvarmaları ilə torpağın yer səthinə yaxın quruyan zonası nəmliklə təmin edilməlidir. Torpaqda nəmliyin bərabər dərəcədə paylanmasını təmin etmək üçün şumlamadan sonra torpaq səthi skreper, qreyder və ya buldozerlə hamarlanmalıdır.

Əsaslı yaxşılaşdırma yolu ilə bataqlaşmış, eləcə də kol basmış, yararsız sahələrdə yüksək məhsul verən süni çəmənlik yaratmaq olar. Əsaslı yaxşılaşdırma təsərrüfata çox baha başa gəlsə də otlağın məhsuldarlığının 5-8 dəfə artırılmasına səbəb olur. Odur ki, əsaslı yaxşılaşdırmağa çəkilən xərc 2-3 il ərzində ödənilir.

Mədəni otlaqlar çox zaman heyvandarlıq fermalarına 2-3 km yaxın yaradılır. Bu zaman otlağı suvarmaq və heyvanları su ilə təmin etmək üçün su mənbələri olmalıdır. Hər hektardan 400-450 sentner yaşıl kütlə götürülən otlaqlarda hər baş inək üçün 0,1-0,15 hektar, 10-15 inəyə 1 hektar, 25-40 baş buzov üçün 1 hektar sahə ayrılır. Bu hesabla inək otlaq dövründə 10-12 ton, körpə mal-qara isə 6-8 ton yaşıl yemlə təmin olunur. Məhsuldarlıq 300-350 sentner olarsa, 1 baş mal-qaraya 0,4-0,5 hektar sahə ayrılır. İnəklərin çəkisi 400-500 kq, gündəlik süd sağımı 8 kq olarsa, gündə 40-45 kq yaşıl ot yeməlidir. 10-12 kq süd verərsə, 45-55 kq, 14-16 süd verərsə, 55-65 kq, 18-20 kq olarsa, 65-70 kq olmalıdır.

Suvarılan zonada mədəni otlaqlar yaratmaq üçün ayrılan sahələr yaxşı hamarlanmalıdır, kol və daşlardan təmizlənməlidir. Zona aqrokimya laboratoriyasında torpaqda qida maddələrinin (azot, fosfor, kalium) miqdarı öyrənilməlidir.

Torpağın səthi hamarlaşdırıldıqdan sonra şumlanmalıdır. Şum qatının dərinliyindən asılı olaraq aran zonasında əsas şum 23-25 sm, dağətəyi suvarılan sahələrdə isə 22-23 sm dərinliyində aparılmalıdır. Yaz səpini üçün əsas şum payızda, oktyabr-noyabr aylarında aparılmalıdır. Faraş yığılan sahələr isə yayda şum edilib payızda ot səpini aparılır. Səpin qabağı kultivasiya 8-10 sm dərinliyində aparılmalı, arxasınca mala çəkilməli və daha sonra vərdənə çəkilməlidir.

Suvarılan ağır qranulometrik tərkibli torpaqlarda şum arat edilməli və səpin qabağı becərmə aparılmalıdır.

Bərk çimli, az məhsuldar və aşağı keyfiyyətli sıxkollu otlaqlardan (ağbığ, çəmənlicə, cil) ibarət cırlaşmış çəmən və otlaqları şumlamaq iqtisadi cəhətdən daha əlverişlidir. Sonra qiymətli çoxillik ot qarışıqları səpmək və uzunömürlü mədəni əkmə çəmənlik və otlaqlar yaratmaq lazımdır.

Əkmə biçənək və otlaqların yaradılmasında əsas tədbirlər çimin çevrilməsi, gübrə verilməsi və ot qarışıqlarının əlavə əkinindən ibarətdir.

Çimi qaldırmağa başlamazdan qabaq artıq nəmlənmiş sahələri qurutmaq, kolluq, kötük, daşlardan təmizləmək və səthi hamarlamaq, sonra isə çimi işləmək lazımdır.

Torpağın becərilməsi. Adi torpaqlarda çimi çevirməyə və becərməyə payızın əvvəlində başlayırlar: az pozulmuş torf qarışıqlı qurudulmuş bataqlıqlarda və möhkəm çimlənmiş çəmənliklərdə - yayda; subasar çəmənlərdə, harada ki, torpaq yuyulur, daşqın sular azaldıqdan sonra – yazda, mamır torfluqlarda – yazda, birinci bitkinin səpininə bir il qalmış.

Qurudulmuş bataqlıqları və möhkəm çimlənmiş çəmənlikləri PKBN-100A, PKBN-75 (qoşma və asma) kol-bataqlıq kotanları ilə 25-30 sm dərinliyə şumlayırlar. Mədəniləşdirilmiş torflu bataqlıqları PBN-3-45 markalı üçgövdəli asma kotanla və ya başqa markalı maşınlarla becərirlər.

Torpaq layı sıx olmayan çox kəsəklənmiş çəmənlərdə çimi vərdənə ilə vərdənələmək və ya ağır diskli mala ilə işləmək lazımdır.

Şumlanmış çimi yazda diskli malalar, çim çox möhkəm olduqda isə BDT-2,5 və ya BDNT-2,2 markalı ağır malalarla becərirlər. Hazırda çimi 0,9 m götürümlü xüsusi frezlərlə becərirlər. Maşın hərəkət etdikdə baraban sürətlə fırlanır, barabanın bıçaq və ya qarmaqları isə çimin üst qatını xırda parçalara kəsir və onu hamarlayır.

FBN-1,5 və FBN-2 markalı genişgötürümlü bataqlıq frezləri cil təpəciklərini məhv etməyə və ağır çimləşmiş torpaqlarda layı işləməyə xidmət edir. Adətən, belə sahələri frezin iki keçidi ilə becərirlər, birinci keçiddə becərmə təpəciyin özülündən 4-5 sm, ikincidə isə 20-dən 25 sm-ə qədər aşağı aparılır.

Frez, kotandan fərqli olaraq, çimi çevirmir, onu kəsir və eyni zamanda bütün şum qatını yumşaldır. Genişgötürümlü frezlərin tətbiqi və torpağın kifayət dərinlikdə işlənməsi çoxillik ot əkini, əkmə biçənək və otlaqlar yaratmaq üçün torpağın hazırlanma müddətini və xərcini xeyli azaldır.

Əkmə biçənək və otlaqların yaradılmasını ilkin kulturaları tətbiq etmək və tezləşdirilmiş çəmənləşmə üsulu ilə həyata keçirirlər. İşlənmiş çimdə iki-üç il tarla bitkiləri (birillik) becərirlər. Birinci il çöl noxudu-vələmir qarışığı, sudan otu, ikinci il isə cərgəarası becərilən bitkilər (kartof, kökümeyvəli bitkilər), tərəvəzlər, yazlıq taxıllar səpilir. Üçüncü il dənli bitkilər, onların örtüyü altına isə ot qarışıqları səpirlər, yəni çəmənləşmə aparırlar. Bu cür əsaslı yaxşılaşdırma üsulunda əkmə biçənək və otlaqları 4-5 ildən sonra istifadə etməyə başlayırlar. Bəzən tarla dövrünü cərgəarası becərilən bitkilər hesabına qısaltmaq olur. Bu üsul sahənin səthinin düzəldir, çimi və kök qırıqlarını parçalayır, torpağın məhsuldarlığını yüksəldir və su-hava rejimini yaxşılaşdırır.

Bəzən qısa müddətdə əkmə biçənək və otlaqlar yaratmaq məqsədilə ot toxumlarını dərhal çim becərildikdən sonra dənli bitkilərin örtüyü altına səpirlər. Bu üsula tezləşdirilmiş çəmənləşmə üsulu deyilir və bunu zəif çimli yerlərdə və onu frez və ya diskli malalarla becərmək mümkün olduqda aparmaq lazımdır.

Turşluq dərəcəsi artıq olan torpaqlardakı çəmənliklərin əsaslı yaxşılaşdırılması zamanı birinci növbədə əhəng ilə gübrələmə aparmaq lazımdır. Bu zaman turşluq dərəcəsinin aşağı enməsi və torpağın məhsuldarlığının yüksəlməsi ilə yanaşı səpilən otların cücərtilərinin yetişmə qabiliyyəti yaxşılaşır, onların məhsuldarlığı və məhsuldar uzunömürlülüyü artır. Bir hektar torpağa tam norma - 4-6 ton üzvi və qeyri-üzvi gübrə verməklə yüksək effekt əldə etmək olar.

Ot qarışıqlarının seçilməsi, norması və səpilməsi

Suvarılan mədəni otlaqlar yaradarkən ot qarışığının düzgün seçilməsi mühüm əhəmiyyətə malikdir. Suvarılan zonada çoxillik paxlalı otlardan yoncanın Az-5, Az-262 sortları, “Zəfər” sortu, taxıl otlarından çobantoppuzu, çəmən yulafı, ayrıqotu, otlaq rayqrası və tonqal otunu qarışdırmaq yaxşı nəticə verir.

Dağətəyi yarımsəhra şəraitində otlaq salınırsa, xaşanın AzETPİ-8, AzETPİ-74 sortları çoxillik taxıl otları ilə qarışdırılır.

Ot qarışığı düzgün seçildikdə otlaq yüksək məhsul verir, otarmağa davamlı olur. Su və qida maddələrindən səmərəli istifadə olunur. İribuynuzlu qaramal üçün suvarılan otlaq yaradarkən çobantoppuzu, çəmənyulafı, tonqalotu kimi hündürboylu otlar, rayqras, ayrıqotu, yonca, xaşa kimi alçaq boylu bitkilər qarışıq əkilməlidir. Çəmən otlaqlarında 2, 3, 4 və 5 ot qarışığından istifadə edilməlidir. 3-4 ot növündən ibarət mədəni çəmənlik yaradarkən az toxum tələb olunur, səpin, gübrə vermək, sahəyə qulluq etmək daha çox səmərə verir.

Ən yaxşı səpin müddəti sentyabr-oktyabr ayları sayılır. Əgər payız səpini gecikərsə, səpin erkən yazda, fevral-mart aylarında aparılmalıdır. Səpin SZT-47 markalı taxılsəpən və ya SUT-47 markalı ot toxumu səpən, SN-16 markalı asma qurğularla aparıla bilər.

Səpindən qabaq bütün ot toxumu növləri üzrə səpin norması (1000 ədəd, təmizliyi, cücərməsi) təyin edilməlidir.

Universal səpin maşını olmazsa qarışıqdakı ot toxumları ayrılıqda da səpilə bilər. SUT-47 markalı seyalka (otsəpən) 2-3 ot toxum qarışığını səpə bilir. Toxumlar müxtəlif irilikdə olarsa iri və orta irilikdə olanlar – tonqalotu, xaşa, çəmənyulafı, otlaq rayqrası, ayrıqotu, çobantoppuzu - iri toxum yeşiyindən, xırda toxumlar isə - qarayonca, çəhrayı üçyarpaq – kiçik yeşikdən səpilir. Xırda toxumlar 1-2 sm, iri və orta toxumlar 2,5-5 sm dərinliyinə səpilməlidir. Səpin SU-24 və ya SUB-48 markalı taxıl səpən seyalka ilə də aparıla bilər. Bu zaman yonca, üçyarpaq toxumları 1:3 nisbətində ağac kəpəyi və ya qumla qarışdırılmalıdır.

Çarpazı səpin də aparıla bilər. Bu zaman paxlalı ot toxumları br istiqamətdə, taxıl otları isə digər istiqamətdə səpilməlidir.

Səpiləcək toxumların toxum nəzarət laboratoriyasında kondisiyaya uyğun olması öyrənilməlidir. Toxumlar 1-2 ildən artıq saxlandıqda cücərmə qabiliyyətlərini azaldırlar. Ona görə 1-2 illik toxumlardan istifadə edilməlidir.
Muğan, Salyan, Şirvan, Mil-Qarabağ, Abşeron və Naxçıvan MR-də ot qarışığı və səpin normaları aşağıdakı qədərdir:

I qarışıq II qarışıq

Yonca – 10 Yonca – 10

Çobantoppuzu -8 Çobantoppuzu – 6

Tonqalotu – 10 Çəmənyulafı – 8

Otlaq rayqrası – 10 Tonqalotu – 8

Hektara cəmi 38 kq Hektara cəmi 32 kq

III qarışıq

Yonca – 10

Çobantoppuzu – 8

Çəmənyulafı – 10

Otlaq rayqrası – 10

Hektara cəmi 38 kq

Lənkəran, Quba, Xaçmaz, Şəki, Zaqatala, Gəncə, Qazax və Dağlıq Qarabağ üçün aşağıdakı qədərdir:



I qarışıq II qarışıq

Yonca – 8 Yonca – 10

Xaşa – 40 Çobantoppuzu – 6

Çəmənyulafı – 10 Tonqalotu – 8

Çəmən qırtıcı – 10 Otlaq rayqrası – 10

Hektara cəmi 68 kq Hektara cəmi 34 kq

III qarışıq

Yonca – 8

Üçyarpaq – 6

Çəmənyulafı – 10

Otlaq rayqrası – 12

Hektara cəmi 36 kq

Otlaqlar vaxtaşırı gübrələnməlidir. Fosfor və kalium gübrələri payızda və ya erkən yazda və hər otarmadan sonra verilməlidir. Orta və az münbit torpaqlarda hektara təsiredici maddə hesabilə 180-240 kq azot, 60-90 kq fiziki çəkidə fosfor və kalium verilməlidir. Səpilən ili otlaq 1-2 dəfə çalınmalıdır ki, alaq otları məhv olsun. Çalımdan sonra hektara 150-200 kq ammonyak şorası və 200-300 kq superfosfat verilməlidir.

Respublikamızın aran zonalarında otlaqlardan yüksək məhsul götürmək üçün mütləq suvarmalar aparmaq lazımdır. Otlaq düzgün suvarılarsa intensiv böyüyür, çox məhsul verir və ot örtüyünün ömrü uzun olur.

Təbii yem sahələri 3 üsulla suvarıla bilər: 1)səthi suvarma üsulu; 2)yeraltı suvarma (yeraltı borularla axan su kapilyarlarla yuxarı qalxıb torpağı nəmləndirir; 3)süni yağışyağdırma üsulu ilə suvarma.

Təcrübədə birinci üsul daha çox tətbiq edilir. Otlaq və biçənəklər 30 m enində 200 m uzunluqda olan sahələrə bölünüb suya basdırılır. Belə sahələr bir-birindən 25 sm hündürlüyündə olan torpaq tirələrilə ayrılır.

Suvarma müddəti, norma və sayı bitki növündən, becərmə üsulundan, aqrotexnikanın səviyyəsindən, bec.rildiyi rayonun təbii şəraitindən və hava şəraitindən asılıdır.

Quraq rayonlarda yonca bitkisinin suvarma norması 3000 m3-lə 1000 m3/hek arasında olur.

Yoncanı və ot qarışığını Orta Volqa boyunda 3 dəfə çalmaqla hektardan 70-120 sentner quru ot götürmək üçün 5-7 dəfə, quraq illərdə isə 8-10 dəfə suvarırlar. Hektara 4000-8000 m3 ümumi suvarma norması verilir. Yoncanın çobantoppuzu, çəməntopalı, qılçıqsız tonqalotu ilə qarışıq əkinlərini 7-10 dəfə suvarıb gübrələdikdə hektardan 100 sentner quru ot və ya 500 sentner yaşıl ot götürmək mümkün olur. Suvarmalar hektardan 2000-4000 yem vahidi istehsal etməyi təmin etməklə yanaşı, həm də otların xora verməsini gücləndirir.

Mədəni otların suvarmalar hesabına torpağın 0-30 sm təbəqəsi 50-75 % nəmlikdə saxlanmalıdır. Azərbaycanın aran rayonlarında otlaqlar 8-15 dəfə, dağətəyi zonada 6-10 dəfə sulanmalıdır. Çəmən-otlaq otları qarışığı səpilən otlaqlar birinci ili 9 dəfə suvarılmalıdır. Birinci suvarmanı erkən yazda cücərtilər alındıqdan sonra və ya kollanma fazasında, ikinci mayın birinci yarısında, üçüncü iyunun ortasında, dördüncü iyulun əvvəlində, beşinci iyulun axırında, altıncı avqustun ortasında, yeddinci sentyabrın əvvəlində, səkkizinci sentyabrın ortasında, doqquzuncu sentyabrın axırında aparılmalıdır. İkinci və sonrakı illərdə suvarmalar erkən yazda və hər dəfə otarmadan sonra gübrələmənin ardınca aparılmalıdır. Quraq illəri iki otarma arasında iki su verilməlidir. Birinci su otarmadan sonra, ikinci birincidən 13-15 gün sonra aparılmalıdır. Qumsal torpaqlarda yağış yağdıran aqreqatla hektara 300-500 m3 su verilməlidir.

Təxmini suvarma normaları aşağıdakı qədər götürülməlidir.

Cədvəl 1

Təxmini suvarma normaları



I suvarma apreldə

300-450 m3/ha

II suvarma mayda

350-500 m3/ha

III-IV suvarma iyun-iyulda

550-750 m3/ha

V-VI avqustda

500-650 m3/ha

VII-VIII sentyabrda

300-450 m3/ha

Süni yağış yağdırmaq üçün DDN-100M, DDN-70, DDN-45M aqreqatlarından, örtülü suvarma şəbəkəsində isə “Voljanka”, “Freqat”, “Siqma-50” və ya KN-50 markalı aqreqatlardan istifadə olunur.

Dağətəyi rayonlarda isə DN-1, PUK-3 markalı uzaqvuran aqreqatlardan istifadə olunur. Otarmadan sonra yeyilməyən otlar biçilib kənara çıxarılır. Suvarmadan əvvəl sahəyə ammonium şorası verilir.

Cədvəl 2

Təbii zonalar üzrə suvarmanın miqdarı və normaları


Zonalar

Suvarmanın sayı

Su təminatı, %-lə



50-60

65-75

Ümumi vegetasiya suvarmaları

Miqdarı


Ümumi norma

Gəncə-Qazax

11-12

4900

10-12

5400

Şirvan

7-10

5040

8-10

5750

Mil-Qarabağ

11-12

4900

10-12

3400

Muğan-Salyan

9-10

6900

10-12

7400

Abşeron

13-15

7300

12-14

7500

Naxçıvan

10-12

5300

11-13

7800

Lənkəran

5-6

3500

6-8

3200

Şəki-Zaqatala

7-8

4500

8-9

4000

Quba-Xaçmaz

5-6

3500

6-8

3200


Mühazirə № 9: HEYVAN QRUPLARI ÜZRƏ OTLAQ TƏLƏBATI, KONKRETSƏRAİTİNDƏ AYRI-AYRI OTLAQ TİPLƏRİNDƏ MÜXTƏLİF BAŞ HESABI İLƏ XAL-XALLARIN SAYI VƏ SAHƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ,

OTLAQ DÖVRİYYƏSİNİN TƏRTİBİ

Ucuz heyvandarlıq məhsulları əldə etmək işində otlaqların böyük iqtisadi əhəmiyyəti vardır. Istifadə olunan yemlərin içərisində otlaq yem nə qədər çox olarsa, südün, yunun maya dəyəri bir o qədər aşağı düşər.

Təsərrüfatlarda qoyun əti mal və donuz ətinə nisbətən iki dəfə ucuz başa gəlir. Bunun səbəbi odur ki, qoyunlar təqribən bütün il boyu otlaq yemi ilə yemlənir.

Otlaq yemi çox qidalıdır. Bu yemin tərkibində həzm olunan çoxlu zülal, heyvan orqanizminə lazım olan hər cür vitamin və xeyli mineral maddələr vardır. Otlaq yemindən istifadə edildikdə heyvandarlıq məhsulları istehsalına az yem vahidi sərf olunur. Heyvanların otlaqda yemlənməsinə az əmək sərf edildiyi üçün ətin, südün, yunun maya dəyəri çox aşağı düşür. Respublikanın yemçilik təsərrüfatının inkişafında təbii yem mənbələri mühüm yer tutur. Hazırda respublikamızda yem ehtiyatının üçdə iki hissəsi təbii biçənəklərdə və otlaqlarda cəmləşmişdir. Buna görə də otlaqlardan düzgün istifadə olunmalıdır.

Otlaqdan düzgün istifadə dedikdə elə becərmə üsulları və otluq başa düşülür ki, o, otluğun keyfiyyətini pisləşdirmədən böyük miqdarda yüksək məhsul qaramalı yemləyə bilsin.

Cavan ot kollanma fazasında ən yüksək qidalıq dəyərinə malik olur. Toxumların yetişmə dövründə otda zülalın miqdarı 50-60%-ə qədər azalır, sellüloza isə artır. Bitki qocaldıqca ondan həzmə gedicilik əmsalıda azalır. Əgər kollanma fazasında həzmə gedicilik əmsalını 100% qəbul etsək, o, tam meyvəvermə fazasında ən çoxu 60-70%-ə bərabər olur. Ot qocaldıqca onun yeyilmə qabiliyyəti aşağı düşür. Bitkinin kollanma fazasında heyvan yaxşı keyfiyyətli otu tam yediyi halda, meyvəvermə fazasında onun cəmi 40-50%-ni yeyir.

Odur ki, cavan qalmasını təmin etmək üçün otlaqlardan düzgün istifadə çox mühüm şərtdir. Buna eyni otlaq sahəsini yay müddətində dəfələrlə istifadə etmək ilə nail olmaq olar.

Odur ki, otun cavan qalmasını təmin etmək üçün otlaqlardan düzgün istifadə çox mühüm şərtdir. Buna eyni otlaq sahəsini yay müddətində dəfələrlə istifadə etmək yolu ilə nail olmaq olar.

Otlaq mənbələrinin məhsuldarlığı aşağı düşməsin deyə, küz üsulu ilə otarma tətbiq etmək, orlaq və biçənək üçün istifadəni uyğunlaşdırmaq, əlavə ot əkmək, gübrə vermək, mümkün olan yerdə isə suvarma və başqa tədbirlər həyata keçirmək lazımdır.

Otarmanın iki üsulu mövcuddur: sərbəst və küzlə. Sərbəst və ya sistemsiz otarmada heyvanlar bütün otlaq boyu otlayır və daha yaxşı yeyilən otlardan istifadə edir, qalan otları tapdalayır. Bu otarma üsulu yalnız az məhsuldar səhra və yarımsəhra otlaq mənbələrində, dağlıq və çöl rayonlarında tətbiq olunur.

Küz sistemində bütün otlaqları ayrı-ayrı sahələrə (ağıllılara) bölür və onlardan ciddi sürətdə növbə ilə istifadə edirlər. Heyvanlar bir ağılda otlayınca, o biri ağılda otarılmış ot böyüyür. Qaramal, adətən, həmin sahələrə yay müddətində 3-4 dəfədən az olmayaraq hər 24-30 gündən bir qayıdır.

Təsərrüfatda ağılların sayı və ölçüsünə də xüsusi fikir verilməlidir. Ağılların sayı otluğun məhsuldarlığından asılı olaraq müəyyənləşdirilir. 1 hektar otlağa düşən inibuynuzlu qaramalın sayı 12-25 başdan artıq olmamalıdır. Bir ağılı ən çoxu 5-6 gün istifadə edirlər.

Hər bir sahənin böyüklüyü elə hesablanmalıdır ki, inəklər bir-birini sıxışdırmasınlar və otu yaxşı yeyə bilsinlər. Ağıl çox böyük olmamalıdır ki, orada otarma müddəti uzadılmasın.

Ağılların sayı otlağın sahəsindən və ağalın ölçülərindən asılıdır. Təcrübələrlə müəyyən olunmuşdur ki, xırda ağıllar iri ağıllara nisbətən daha əlverişlidir, çünki heyvanlar bir sahədən başqa səhəyə keçməklə təzə yem alırlar. Yüksək məhsuldar otlaqların 8-10 məhsuldarları isə 10-12 ağıla bölürlər.

Otarmanın başlama müddətini müəyyənləşdirdikdə yadda saxlamaq lazımdır ki, qaramalı otarmaöa erkən yazda başlamaq olmaz, bu otlaq mənbəyinin məhsuldarlığını kəskin sürətdə aşağı düşməsinə səbəb ola bilər. Hər bir bitki yalnız bərkidikdən, yaxşı kök saldıqdan və yarpaqlarla örtüldükdən sonra yaxşı yaşıl kütkə artımı verməyə başlayır.

Erkən otramada heyvanlar çimi və bununla birlikdə bitkini kök sistemini zədələyir. odur ki, heyvanı otluğa torpaq quruduqdan və bitki müəyyən hündürlüyə çatdıqdan sonra buraxmaq olar.

Bütün ağıllıların bir dəfə otarılmasına tələb olunan vaxt otarılma dövrü adlanır. Küz sistemi ilə otarmanın birinci dövründə heyvanları, adətən birincı ağıllılarda otarmanı dayandırmaq lazımdır. Təkrar otarma və ya növbəti dövr, bitkilərin 13-20 sm-ə qədər uzandıqdan sonra başlanır. Şaxtalar başlayana 25-30 gün qalmış otarmanı dayandırmaq lazımdır, əks halda çoxillik çəmən otları qışlama üçün zəruri olan kifayyət miqdarda qida maddələri ehtiyatı toplaya bilmir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə