Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə1/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   78
Mühazirələr 2021



Azərbaycan dilində işgüzar və akademik

kommunikasiya

Mühazirə 1

Azərbaycan dili və onun ünsiyyət imkanları

İnsanlar bir-birlərini fərq etdiyi andan ünsiyyətə başlamışlar. Bir insanın özünü sosial varlıq, cəmiyyətin bir üzvü kimi hiss etməsi üçün ünsiyyət labüddür. Fərdin ailə içində, qohumlar arasında, məktəb və universitetlərdə, daha sonra iş həyatında qurduğu müxtəlif məzmunlu ünsiyyət onun şəxsiyyət kimi formalaşmasında, ətraf mühiti anlamasında, özünü ifadə etməsində mühüm rol oynayır və bu proses bütün həyat boyu davam edir.

Müasir dövrümüzdə iş həyatının bütün sahələrində uğur qazanmaq üçün sağlam ünsiyyət qurmaq qaçınılmaz şərtlərdən biridir. Məlumdur ki, iş həyatı bütün dünyada sosial mühit, sosial münasibətlər tələb edir. Sosial mühitə uyğunlaşmaq, sağlam ünsiyyət qurmaq istiqamətində bilik və bacarıqlar əldə etmək, bu bilik və bacarıqların tətbiqi yollarını öyrənmək müvəffəqiyyətə gedən yolda mühüm addımlardır.

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin məqsədi tələbələrin işgüzar kommunikasiya sahəsində ünsiyyət və nitq səriştələrini formalaşdırmaq, şifahi və yazılı nitqdə Azərbaycan dilinin imkanlarından səmərəli istifadə etmək vərdişləri aşılamaqdan ibarətdir. Müasir dövrdə savadlı yazmaq bacarığı, gözəl danışmaq qabiliyyəti, müxtəlif tipli sənədləri tərtib etmək, elektron yazışmalar aparmaq səriştəsi, internet resurslarından istifadə hər bir insanın peşəkar-mədəni səviyyəsini müəyyənləşdirən mühüm amillərdən biridir.



Dünya iqtisadiyyatının qloballaşması, mədəniyyət və təhsili əhatə edən inteqrasiya prosesləri, gənc mütəxəssislərin hazırlanmasında yeni tələb və bacarıqlar diqtə edir. Bu yeni tələblər arasında reklam texnologiyalarını yazılı işgüzar ünsiyyətdə tətbiq etmək, bir komanda daxilində səmərəli işləmək, şifahi və yazılı mədəniyyətlərarası işgüzar ünsiyyət dilində milli və beynəlxalq xüsusiyyətləri nəzərə almaq bacarığı da mühüm yer tutur. “Azərbaycan dilində işgüzar və akedemik kommunikasiya” fənni məhz bu bacarıq və keyfiyyətlərin tələbələrə aşılanmasını əsas məqsəd kimi qarşıya qoyur.

Uğurlu münasibət yaratmaq üçün öncə ünsiyyətə mane olan məqamları müəyyənləşdirib aradan qaldırmaq və uğurlu ünsiyyətə kömək edəcək vasitələrdən istifadə imkanlarınızı artırmaq gərəkdir. Bu gün sakini olduğumuz real dünyada heç də bütün mesajlar birbaşa, açıq formada təqdim olunmur. Mesajları düzgün anlamaq üçün isə ilk növbədə mənsub olduğunuz cəmiyyətin ictimai-mədəni səviyyəsinə, etnik-əxlaqi normalarına, eləcə də iş ortamı qaydalarına hakim olmaq gərəkdir. Bu fənnin tədrisi zamanı sizə iş həyatınızda (hətta həyatınızın bütün istiqamıtlərtində) uğura imza atmaq üçün tələb olunan qaydalar və prosedurlar izah olunur. Bu qaydalara uyğun olaraq qurulacaq karyeranızda addım-addım irəliləmək üçün sizlərə verilən ipucları çətin və enişli-yoxuşlu iş həyatınızda köməyinizə çatacaq və nəticədə siz düzgün qurulan işgüzar münasibətlərin müvəffəqiyyətə aparacağını görəcəksiniz.

Hər hansı əcnəbi dili öyrənməyin nə qədər çətin və uzun bir proses olduğu hamıya məlumdur. Bunun üşün xeyli vaxt sərf edərək səylə çalışmaq lazımdır. Lakin dünyada hamı üçün əlçatan və anlaşılan bir ünsiyyət forması da var ki, bu da jest və mimikaların dilidir. Bəzən onu işarə və yaxud bədən dili adlandırırlar. Fənnin tədrisi prosesində müasir işgüzar kommunikativ proseslərin mühüm atributu olan jest və mimikaları tələbələrə öyrədilməsi, gələcək iş həyatlarında jest və mimikalardan istifadə yollarınının aşılanması da nəzərdə tutulur.

Bütün yuxarıda sadalanan keyfiyyətlərə sahib olmaq üçün ən önəmlisi isə Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində səlis danışmaq və savadlı yazmaq bacarığıdır. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni dil və nitq, nitqdə Azərbaycan ədəbi dil normalarından düzgün istifadə qaydaları, mədəni nitqə verilən tələblər, nitq etiketləri və s. məsələləri də əhatə edir, eləcə də dövlət dili statusu ilə bağlı Azərbaycan ədəbi dilinin inkişaf tarixi haqqında ümumi məlumat verilir. Bundan əlavə, bu fənn tələbələrə elmi əsərlərin – məqalə, tezis, annotasiya, dissertasiyaların hazırlanması qaydalarını, auditoriya qarşısında çıxış etməyin sirlərini, hər hansı bir nitqi hazırlama texnikasını öyrədir. Bir sözlə, fənnin tədrisi müddətində ünsiyyətin ən sadə ünsürlərindən başlayaraq akademik kommunikasiyaya qədər önəmli sahələri əhatə edən müxtəlif nəzəri və təcrübi biliklərin tələbələrə aşılanması nəzərdə tutulur.




Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə