Mühazirə 1 Turşulaşdırılmış su və turşulaşdırılmış spirtlə təcrid olunan zəhərli maddələr qrupu. Tətbiq edilən üsulların xüsusiyyətləri



Yüklə 51,56 Kb.
tarix02.03.2018
ölçüsü51,56 Kb.
#29498
növüMühazirə


Mühazirə 1

Turşulaşdırılmış su və turşulaşdırılmış spirtlə təcrid olunan zəhərli maddələr qrupu. Tətbiq edilən üsulların xüsusiyyətləri
Məhkəmə kimyasının inkişafının ilk mərhələlərində zəhərlənmələr əsasən metal zəhərləri və zəhərli bitkilərdən alınmış preparatlar (cövhərlər, ekstraktlar, dəmləmələr, bişirmələr və s.) təsirindən baş verirdi. Avropada zəhərli bitkilərə maraq XIX əsrin əvvəllərində yaran­mağa başlamışdı. Bitki mənşəli zəhərlər ilk növbədə insanları zəhər­ləmək üçün deyil, müalicə məqsədilə alınmış, lakin sonralar cinayət obyektinə çevrilmişdir. 1815-ci ildə Orfila ilk dəfə zəhərlərin orqa­nizmə təsiri haqda kitab yazmış və bununla da toksikologiya elminin əsasını qoymuşdur. XIX əsrin sonlarında Klod Bernar kurare zəhə­rinin təsir mexanizmini öyrənmişdir.

Belə hallarda tədqiqat obyektləri kimi zəhərlənmədən ölmüş şəxslərin daxili üzvləri istifadə edilirdi. Bitkilərdən alınmış preparatların kimyəvi tərkibləri uzun müddət ərzində araşdırılmamış qalırdı. Elmin həmin dövrdəki səviyyəsi də bunu həyata keçirməyə imkan vermirdi. Bu isə məhkəmə-kimyəvi tədqiqat aparmağa mane olur və əngəllər törədirdi.

1806-cı ildə F. Sertürner tiryək xaşxaşından morfin əldə etmişdir. Bu bitki xammalından təmiz halda alınan ilk alkaloiddir. Sonralar XIX əsrin birinci yarısında müvafiq bitkilərdən digər alkaloidlər ( xinin, nikotin, atropin, akonitin, teobromin və s.) də alınmışdır. Buna baxmayaraq həmin dövrdə meyitin daxili üzv və toxumalarından bu alkaloidlərin ayrılma üsulları hələlik işlənib hazırlanmamışdı.

1823-cü ildə Lassan meyitin daxili üzvlərindən morfinin çıxarılma üsulunu təklif etmişdir. Bu məhkəmə-kimyəvi analiz məqsədilə alkoloidin bioloji materialdan təcrid edilməsinin ilk üsulu hesab edilir. Sonralar bu üsul M.J. Orfilla tərəfindən bioloji materialdan bəzi digər alkaloidləri təcrid etmək məqsədilə istifadə edilmişdir. Lassan tərəfindən təklif edilən üsulla alkaloidləri təcrid etmək üçün bioloji material qısa müddət ərzində su ilə qaynadılır, sulu çıxarış süzülür, quruyana qədər su buxarlandırılır, quru qalıq etil spirtində həll edilir və spirtli məhlul alkaloidləri aşkar etmək üçün istifadə edilir.

Göründüyü kimi, Lassanın təklif etdiyi üsul bir sıra əsaslı qüsurlara malikdir. Belə ki, əksər alkaloid əsasları suda həll olmadıqları üçün bioloji materialdan bu üsulla təcrid oluna bilməzlər. Digər tərəfdən bioloji materialdan ayrılan quru qalıq öz tərkibində çox miqdar kənar qarışıqlara malik olur ki, bunlar da tədqiq olunan maddələrin müvafiq analitik reaksiyalarla aşkar edilməsinə mane olurlar. Odur ki, bioloji materialdan alkaloidləri təcrid etmək üçün birinci üsül kimi qəbul edilən Lassan üsulu kimyəvi-toksikoloji analiz təcrübəsi üçün yaramır.

Bioloji materialdan alkaloidlərin turşulaşdırılmış spirtlə təcrid edilməsinin ilk üsulu 1851-ci ildə J.S. Stas tərəfindən təklif edilmişdir. Etil spirtini turşulaşdırmaq üçün Stas oksalat və çaxır turşularından istifadə etmişdir. Üsulun mahiyyəti odur ki, alkaloidlər oksalat və ya çaxır turşularının duzları şəklində etil spirti ilə çıxarış edilir, etil spirti su hamamı üzərində 35ºC temperaturda buxarlandırılır, alınan qalıq piylər, qətranlar, boya, aşı və digər maddələrdən azad olmaq üçün su ilə işlənir, sonra isə alkaloid əsasları dietil efiri ilə ekstraksiya edilir. Göründüyü kimi, üsul olduqca sadədir və məqsədli maddələrin kənar qarışıqlardan təmizlənməsi lazimi şəkildə yerinə yetirilmir. Bunu nəzərə alaraq F. Otto 1856-cı ildə Stas üsulunu təkmilləşdirməyə səy göstərmiş, Stas üsuluna bir əməliyyat - əsas maddəni kənar qarışıqlardan təmizləmə daxil etmişdir. Bu məqsədlə kənar qarışıqlar turş mühitdən dietil efiri ilə ekstraksiya edilməklə uzaqlaşdırılır. F. Otto tərəfindən təkmilləşdirilmiş Stas üsulu onların şərəfinə olaraq uzun illər ərzində Stas-Otto üsulu kimi qəbul edilmiş və hazırda da ədəbiyyatda bu cür təqdim edilir. Bioloji material bir neçə dəfə oksalat turşusu ilə turşulaşdırılmış spirtlə çıxarış edilir, turş spirtli çıxarışlar bioloji materialdan ayrılır, süzülür, şərbət qatılığına qədər buxarlandırılır, üzərinə mütləq (və ya 96%-li) spirt əlavə edilir. Bu zaman zülallar və digər maddələr lopa (yumaq) şəklində çökür. Lopa süzülməklə məhluldan ayrılır. Süzgəc etil spirti ilə yuyulur. Əsas filtrat və süzgəc üzərindəki çöküntünü yuyan etil spirti (yəni yuyuntu məhlulu) birləşdirilir, yenidən şərbət qatılığına qədər buxarlandırılır. Kənar qarışıqlar mütləq etil spirti ilə çökdürülür. Bu əməliyyat o vaxta qədər davam etdirilir ki, şərbətəbənzər kütlə mütləq etil spirti təsirindən çöküntü verməsin. Turş spirtli çıxarış su ilə duruldulur və ayırıcı qıfda dietil efiri ilə çalxalanır. Bu zaman mütləq spirt təsirindən çökməmiş kənar qarışıqlar dietil efiri təbəqəsinə keçir. Efir təbəqəsini ayırdıqdan sonra turş spirtli çıxarış ammonyak və ya natrium-karbonat məhlulu ilə qələviləşdirilir, dietil efiri ilə çıxarış aparılır. Nəticədə alkaloidlər efir təbəqəsinə keçmiş olur. Efirli çıxarış buxarlandırılır, alınan qalıq alkaloidlər üçün tədqiq edilir. Stas-Otto üsulunun mahiyyəti budur.

Stas-Otto üsulu bir neçə onilliklər ərzində müxtəlif dəyişikliklərə uğradılmış, təkmilləşdirilmiş və yeni modifikasiyalar təklif edilmişdir. Bu modifikasiyalar bir-birindən yalnız bioloji materialdan alkaloidləri təcrid etmək üçün spirti turşulaşdırmaq məqsədilə istifadə edilən turşunun, eləcə də turş spirtli çıxarışı qələviləşdirmək məqsədilə istifadə olunan qələvinin seçilməsinə və həmçinin çıxarışların kənar qarışıqlardan təmizləmə üsuluna görə fərqlənirlər. Həlledici kimi götürülən etil spirtini turşulaşdırmaq məqsədilə oksalat turşusu əvəzinə çaxır, sulfat, xlorid və sirkə turşuları istifadə edilmişdir. Alkaloidlərin ekstraksiya olunduğu turş spirtli çıxarışları qələviləşdirmək üçün natrium-hidroksid və barium-hidroksid təklif olunmuşdur. Qələviləşdirilmiş çıxarışlardan alkaloidləri ekstraksiya etmək üçün dietil efiri əvəzinə xloroform, amil spirti, dixloretan, benzol və s. ekstragentlər təklif edilmişdir.

Göründüyü kimi, Stas-Otto üsulunun daha da təkmilləşməsi məsələsinə müxtəlif ölkə alimləri girişmiş və hər biri bu üsulun inkişafı üçün töhfəsini təqdim etmişdir. Nəticədə bu üsul daha da təkmilləşmiş və ən müasir variantı qəbul edilmişdir. Üsulun son müasir variantı bioloji materialdan nəinki alkaloidləri, həmçinin toksikoloji məna kəsb edən çox saylı digər zəhərli maddələri də təcrid etmək üçün müvəffəqiyyətlə tətbiq edilir.

Alkaloidlərin tədqiqat obyektlərindən turşulaşdırılmış su ilə təcrid edilməsinin ilk ideyası Qremə məxsusdur. 1856-cı ildə S. Makadam oksalat turşusu ilə turşulaşdırılmış su vasitəsilə bioloji materialdan alkaloidləri təcrid etməyə nail olmuşdur. Alınan çıxarışları kənar qarışıqlardan təmizləmək üçün fəal kömürdən istifadə etmişdir. 1861-ci ildə Uslyar və Erdman alkaloidləri bioloji materialdan təcrid etmək məqsədilə xlorid turşusu ilə turşulaşdırılmış su istifadə etmişlər. 1865-ci ildə Q. Dragendorf alkaloidləri bioloji materialdan ayırmaq üçün bu maddələrin sulfat turşusu ilə turşulaşdırılmış su ilə təcrid edilməsinə əsaslanan ilk üsul işləmişdir. Dragendorfun təklif etdiyi üsula görə xırdalanmış meyit materialı 2-3 dəfə bir neçə saat ərzində 40-50ºC temperaturda sulfat turşusu ilə turşulaşdırılmış su ilə çıxarış edilir. Hər bir çıxarışdan sonra bioloji materialdan alınan turş sulu çıxarışlar birləşdirilir, süzülür və şərbət qatılığına qədər buxarlandırılır. Alınan şərbətəbənzər kütlə üzərinə ondan 3-4 dəfə çox həcmdə 96%-li etil spirti əlavə edilir, 24 saat ərzində çıxarış aparılır, əmələ gələn çöküntü süzülür. Etil spirti uçana qədər filtrat buxarlandırılır və üzərinə su əlavə edilir. Turş sulu çıxarış ardıcıl olaraq əvvəl petroleyn efiri ilə çalxalanır (təmizləmək üçün), sonra benzin, xloroform və nəhayət petroleyn efiri ilə ekstraksiya edilir. Göstərilən üzvi həlledicilərlə alınan çıxarışda teobromin, narkotin, papaverin, brusin və s. bu kimi alkaloidlər tədqiq edilir. Sonra turş sulu məhlul qələvi reaksiyaya qədər (lakmusa görə) ammonyak məhlulu ilə qələviləşdirilir və bu məhluldan ardıcıl olaraq alkaloidlər benzin və amil spirti ilə ekstraksiya edilir.

Dragendorf üsulunu yerinə yətirərkən bioloji materialı sulfat turşusu məhlulu ilə qızdırdıqda çıxarışa kifayət miqdarda zülali maddələrin parçalanma məhsulla­rından ibarət kənar qarışıqlar keçir. Bu şəraitdə tərkibində mürəkkəb efir qrupu olan bəzi alkaloidlər (atropin, skopolamin, kokain, arekolin və s.) hidroliz oluna bilər. Təqdim edilən bu materialdan göründüyü kimi alkaloidlərin turşulaşdırılmış su ilə təcrid edilməsinə əsaslanan Dragendorf üsulu da bir çox qüsurlara malikdir. Buna baxmayaraq bu üsul alkaloidlərin bioloji materialdan turşulaşdırılmış su ilə təcrid edilməsinin ilk üsulu sayılır və uzun illər ərzində istifadə edilmişdir.

Turşulaşdırılmış su ilə alkaloidlərin bioloji materialdan təcrid edilməsi məsələsi ilə daha sonralar bir çox tədqiqatçılar məşğul olmuşdur. Belə ki, 1943-cü ildə M.D. Şvaykova və A.V. Stepanov bitki mənşəli ərzaq məhsullarından alkaloidlərin təcridi üçün sürətli üsul təklif etmişlər. Bu üsulda həlledici kimi oksalat turşusu ilə turşulaşdırılmış su istifadə olunmuşdur. 1949-cu ildə isə A.A. Vasilyeva alkaloidləri təzə meyit materialından təcrid etmək məqsədilə M.D. Şvaykova və A.V. Stepanov üsulundan istifadə etmiş və yüksək nəticələr əldə etmişdir. Daha sonralar bu üsul kimyəvi-toksikoloji laboratoriyalarda geniş miqyasda istifadə edilmişdir.

A.A. Vasilyevanın təklif etdiyi üsula əsasən meyit materialı yaxşı xırdalanır və oksalat turşusu ilə turşulaşdırılmış su ilə çıxarış edilir. Alınan çıxarış tənzifdən keçirilir. Turş sulu çıxarış xloroformla çalxalanır, xloroform su təbəqəsindən ayrılır. Sonra turş sulu çıxarış qələviləşdirilir və alkaloidlər xloroformla qələvi məhluldan ekstraksiya olunur.

A.A. Vasilyeva üsulu bioloji materialdan alınan sulu çıxarışın süzülməsini nəzərdə tutmur, o yalnız çıxarışın tənzifdən keçirilməsini həyata keçirir. Tənzifdən keçirilmiş bu cür çıxarış bulanıq şəkildə olub yalnız suda həll olan qarışıqlarla yox, həmçinin bioloji materialın çox xırda hissəcikləri ilə çirklənmiş halda olur. Bioloji material və turşulaşdırılmış su qarışığının turşuluq dərəcəsi lakmusa görə müəyyən edildiyi üçün pH-ın dəqiq ədədi qiyməti məlum olmur. Bioloji materialdan alınan turş və qələviləşdirilmiş çıxarışın pH-ı təyin edilmir. Bunlar bir daha onu sübut edir ki, A.A. Vasilyeva üsulu da müvafiq qüsurlardan istisna deyildir.

Alkaloidlərin bioloji materialdan turşulaşdırılmış spirt və turşulaşdırılmış su ilə təcrid edilməsinin nəticələrini yoxladıqda aydın olmuşdur ki, bu üsullar tədqiq olunan maddələrin orqanizmin üzv və toxumalarından çıxarışa tam keçməsini təmin etmir. Bununla əlaqədar belə bir fərziyyə irəli sürülmüşdür ki, zəhərlənmə nəticəsində alkaloidlərin müəyyən miqdarı orqanizmin toxumalarının hüceyrəsinin dərin qatlarına keçir və tam təcrid edilmədikləri üçün qismən bu hüceyrələrdə qalır. Elə buna görə də alkaloidlərin digər təcrid edilmə üsulları da təklif edilmişdir. Bu üsulların məğzi ondan ibarətdir ki, bioloji materialın hüceyrələri əvvəlcədən dağıdılır, alınan toxuma homogenatından tədqiq olunan maddə müvafiq həlledici ilə çıxarılır. Orqanizmin toxuma hüceyrəsini dağıtmaq üçün bu üsulların müəllifləri müxtəlif variantlar təklif etmişlər: sürtmə, dondurma və fermentlərin təsiri ilə.

Qrosserin təklif etdiyi üsula əsasən tərkibində alkaloid olan bioloji material qurudulur, təmizlənmiş qumla qarışdırılır və mexaniki təsirlə sürtülür. Sonra alınan homogenat sulfat turşusu ilə turşulaşdırılmış su ilə çıxarış edilir.

Qruter üsuluna görə tədqiq edilən bioloji material qum və ammonium sulfatla qarışdırılır, üzərinə sirkə turşusu və su əlavə edilir, qarışıq həvəngdə dəstə ilə mükəmməl sürtülür, çıxarış aparılır və süzülür. Filtrat alkaloidlərin tədqiqi üçün istifadə edilir.

Dondurma prosesinə əsaslanan üsulla da alkaloidləri bioloji materialdan təcrid etmək mümkündür. Tədqiq olunan bioloji material xırda hissəciklər şəklində doğranır və dondurulur. Bu vaxt hüceyrənin tutumu donur və nəticədə onların divarı dağılır. Bioloji materialın donmuş hissəcikləri üzərinə buzlu sirkə turşusu, ammonium-sulfat və su əlavə edilir, qarışıq həvəngdə yaxşı sürtülür, homogenat bir müddət sakit buraxılır və sonra süzülür. Filtrat alkaloidlər üçün tədqiq edilir.

Bioloji materialdan alkaloidlərin təcrid edilməsinin digər üsulları bioloji materialın fermentlər (pepsin, tripsin, pankreatin və s.) təsirindən hidroliz edilməsinə əsaslanır. Bu üsulun səmərəliyinin yoxlanması nəticəsində müəyyən edilmişdir ki, həmin üsul olduqca ağırdır, alkoloidlərin turşulaşdırılmış spirt və turşulaşdırılmış su ilə təcrid edilmə üsulundan elə bir üstünlüyü yoxdur.

Bəzi alkoloidlərin, xüsusən piridin və piperidin törəməli alkaloidlərin (koniin, arekolin, nikotin, anabazin, paxikarpin) bioloji materialdan təcrid edilməsi üçün su buxarı ilə qovma üsulundan da istifadə edilə bilər.

Alkaloidlər və onlara yaxın bəzi toksik maddələr bioloji materialdan digər üsullar vasitəsilə də təcrid edilə bilər. İlk növbədə bioloji materialın müxtəlif üzvi həlledicilərlə (turşulaşdırılmış) çıxarış üsulunu qeyd etmək olar.

Alkaloidlər və digər toksik maddələrin bioloji materialdan təcrid edilmə üsullarının çox sayda olmasına baxmayaraq, kimyəvi-toksikoloji analiz təcrübəsində həmin maddələrin turşulaşdırılmış spirt və turşulaşdırılmış su ilə təcrid edilmə üsulları daha tez-tez istifadə edilir və hələlik ən əlverişli üsullar sayılır.

Qeyd etmək yerinə düşər ki, toksik maddələrin bioloji materialdan turşulaşdırılmış spirt və turşulaşdırılmış su ilə təcrid edilməsinin XIX əsrin ikinci yarısında təklif edilmiş ilk üsulları əvvəllər yalnız alkaloidləri tədqiqat obyektlə­rindən ayırmaq üçün istifadə edilmişdir. Həmin dövr əsasi xassəli sintetik azotlu maddələrin, yəni alkaloidlərin analoqlarının kimyasının inkişafının yalnız başlanğıc mərhələsi idi. Odur ki, o vaxtlar sintetik azotlu dərman preparatları tibb təcrübəsində istifadə edilmirdi və zəhərlənmənin səbəbi də ola bilməzdi. XIX əsrin sonlarından başlayaraq tibb təcrübəsinə sintetik azotlu dərman preparatlarının daxil edilməsinin təməli qoyuldu və get-gedə geniş vüsət aldı. Çox şübhəsiz ki, bu preparatların bəziləri zəhərli xassəyə malik idilər və bəzən ağır zəhərlənmələr törədirdilər. Bu sintetik maddələrin bioloji materialdan təcrid edilməsi üçün xüsusi üsullar işlənib hazırlanmırdı, yalnız əvvəllər alkaloidləri tədqiq etmək məqsədilə təklif edilmiş üsullardan istifadə edilirdi. Beləliklə, turşulaşdırılmış spirt və turşulaşdırılmış su ilə çıxarış aparmaqla təcrid etmə üsulu sintetik azotlu dərman preparatları və zəhərli maddələrin digər bir çox nümayəndələrini bioloji materialdan ayırmaq məqsədilə tətbiq edilmiş və bu gün də müvəffəqiyyətlə istifadə edilir.

Müasir baxışlara görə bioloji mayelərdən (qan, plazma, tüpürcək, mədə yuyuntusu, sidik, qan zərdabı, öd) təcrid etmə üsulu iki istiqamətdə yerinə yetirilə bilər: maye-maye sistemində ekstraksiya ilə təcridetmə; silikagel və fəal kömürlə modifikasiya olunmuş sintetik qətranlarla sorbsiya ilə təcridetmə.

1.Maye-maye sistemində ekstraksiya əməliyyatı təcridetmənin ikinci mərhələsinə müvafiq gəlir, yəni maddələrin sulu mühitdən üzvi həlledici fazaya keçirilməsi ilə təcridetməyə. Maye-maye sistemində ekstraksiya üsulu hazırda alkaloidlərin bioloji mayelərdən təcrid edilməsi üçün ən geniş istifadə edilən üsuldur. Bu üsul ilə alkaloidlərin maye aqreqat formasında olan bioloji obyektdən təcrid edilməsi üçün müvafiq pH-da su ilə qarışmayan üzvi həlledicilərdən (xloroform, efir, dixloretan və s.) istifadə edilir. Təcridetmə faktoru ilk növbədə təcrid olunan maddənin ionlaşma dərəcəsindən və kimyəvi təbiətindən asılı olur.

Nəzərə almaq lazımdır ki, bioloji mayelər öz xüsusiyyətlərinə görə fərqlənirlər və təcridetmə əməliyyatı zamanı bu məsələlərə diqqət verilməlidir. Bioloji mayelərdən kimyəvi-toksikoloji analizdə ən çox tədqiq olunan obyekt sidikdir.

Sidik digər bioloji mayelərdən az zülala malik olması ilə fərqlənir. Sidikdə tədqiqat aparan zaman mühitin pH-ının ammonyak ifraz edən bakteriya florasının təsiri nəticəsində dəyişməsi nəzərə alınaraq daim nəzarətdə saxlanılmalıdır. Bakteriya florasının pH-ın ədədi qiymətlərinə təsirini obyekti dondurmaqla, sidiyə bor turşusu və ya digər bakteriostatik maddələr əlavə etməklə azaltmaq olar, lakin sonrakı tədqiqatlar zamanı əlavə edilən bakteriostatik maddələrin ekstraktların tərkibinə keçə bilmələri nəzərə alınmalıdır.

Sidiyin tərkibində olan endogen maddələr (aminturşuların kiçikmolekullu metabolitləri, aminlər, sidik cövhəri, karbon turşuları, steroidlər, urobolin piqmenti və s.) bioloji obyekti sarı rəngə boyayaraq analizin gedişinə mane olurlar, fotometrik təyinatda fon yaradırlar.

Sidik nümunəsindən alkaloidləri təcrid etmək üçün obyekt qatı xlorid turşusu ilə turşulaşdırılır və efirlə dörd dəfə ekstraksiya edilir. Efirli çıxarışlar birləşdirildikfən sonra susuz natrium-sulfatla susuzlaş­dırılır, filtrdən süzülür, su hamamında buxarlandırmaqla qatılaşdırılır, neytral və zəif əsasi xassəli alkaloidlər axtarılır.

Efir ayrıldıqdan sonra qalan sulu hissə qatı ammonyak məhlulu ilə qələviləşdirilir, xloroformla dörd dəfə ekstraksiya edilir. Xloroformlu çıxarışlar birləşdirildikdən sonra susuz natrium-sulfatla susuzlaşdırılır, filtrdən süzülür, su hamamında buxarlandırmaqla qatılaşdırılır və qüvvətli əsasi xassəli alkaloidlər axtarılır.

Qan tərkibinə görə digər bioloji mayelərdən kəskin fərqlənir. Hətta eyni alkaloidlə zəhərlənmiş şəxslərdə və meyit materialında metabolizm nəticəsində alınan nəticələr fərqlənir. Zəhərli maddələrin arterial və venoz qanda miqdarları da fərqli olur. Analiz üçün qan özü, qan zərdabı və ya plazma götürülə bilər. Əgər antikoaqulyant kimi heparindən istifadə edilmişsə, heparinin albumunlərlə birləşmiş yağ turşularını sıxışdırıb çıxarması nəzərə alınmalıdır. Bu bir tərəfdən zəhərli maddə­lərin albuminlərlə birləşməsinə gətirir, digər tərəfdən isə sərbəstləşmiş yağ turşuları asanlıqla ekstraktların tərkibinə keçərək onları çirkləndirə bilir. Qandakı fermnetlərin fəallıqlarını zəiflətmək üçün onu soyuducuda dondurmaq məsləhət görülür.

Tüpürcək ağız boşluğu sekresiya vəzilərinin məhsuludur. Tüpürcək nümunələri əvvəlcə sentrifuqadan keçirilir, sonra isə fermentlərin fəallıqlarını azaltmaq məqsədi ilə soyuducuda dondurularaq saxlanılır. Müəyyən edilmişdir ki, alkaloidlərin ionlaşmamış formaları qan plazmasından birbaşa tüpürcəyə diffuziya edir. Bu da alkaloidin tüpürcəkdəki qatılığının qandakı qatılığı ilə birbaşa əlaqəli olduğunu göstərir.

Öd qaraciyərin, öd kisəsinin və on iki barmaq bağırsağın sekretor fəaliyyətinin məhsuludur. Ödün tərkibində çoxlu miqdarda su, öd turşuları və piqmentlər vardır. Ödün pH-ı (6,7-8,3) fərqləndiyi üçün daim nəzarətdə saxlanılmalı və ehtiyac yarandıqda bufer məhluldan istifadə edilməlidir.

Zəhərli maddələr ödün tərkibində çox zaman konyuqa olunmuş şəkildə olduqlarından təcridetmədən əvvəl onun fermentativ hidrolizi (β-qlükuronidaza ilə) aparılır.

Bioloji mayelərdən maye-maye sistemində ekstraksiya üsulunun da müsbət və mənfi cəhətləri vardır. Üsulun üstünlüyü nisbətən sadə və az mərhələli olması və çox vaxt tələb etməməsidir. Çatmayan cəhətləri isə maye-maye sistemində ekstraksiya zamanı tədqiq edilən maddələrlə yanaşı çoxlu miqdarda kənar qarışıqların da təcrid olunması və gələcəkdə çıxarışın əlavə olaraq təmizlənməsinə ehtiyacın yaranmasıdır.

Silikagel və fəal kömür ilə modifikasiya olunmuş sintetik qətranlarla sorbsiya.

Adsorbsiya ilə alkaloidlərin bioloji mayelərdən təcrid edilməsinin müsbət və mənfi cəhətləri vardır. Üsulun üstünlüyü aşağıdakılardır:

-obyektdə əlavə əməliyyatların aparılmasına ehtiyac qalmır.

-çıxarışın eyni zamanda qatılaşdırılmasına və təmizlənməsinə imkan yaranır.

Üsulun çatmayan cəhətləri aşağıdakılardır:

-naməlum zəhərlərin analizi zamanı sorbsiyanın gücünün kifayət etməməsi və zəhərin kolonkadan qeyd olunmadan keçməsi.


V.F.Kramarenko alkaloidlər və onların sintetik analoqlarını bioloji materialdan turşulaşdırılmış su ilə təcrid etmək üçün xüsusi üsul təklif etmiş və həmin üsulun hər bir mərhələsi elmi cəhətdən lazımi şəkildə əsaslandırılmışdır:

1) Bioloji materialdan alkaloidlər və digər sintetik azotlu əsasların təcrid edilməsinə çıxarıcı həlledicinin təsiri. 2) Bioloji materialdan alkaloidlər və digər sintetik azotlu əsasların təcrid edilməsinə mühitin pH-ının təsiri. 3) Bioloji materialdan alkaloidlər və digər sintetik azotlu əsasların təcrid edilməsinə turşunun təbiətinin təsiri. 4) Bioloji materialdan kənar qarışıqların təcrid edilməsinə turşulaşdırılmış həlledicilərin təsiri. 5) Sulu çıxarışdan alkaloid və digər sintetik azotlu əsasların tam ekstraksiya edilməsinə mühitin pH-ının təsiri. 6) Sulu çıxarışdan alkaloid və digər sintetik azotlu əsasların tam ekstraksiya edilməsinə ekstragentin təbiətinin təsiri. 7) Sulu çıxarışdan alkaloid və digər sintetik azotlu əsasların tam ekstraksiya edilməsinə elektrolitlərin təsiri. 8) Süzmə əməliyyatının alkaloidlər və digər maddələrin çıxımına təsiri.



Yüklə 51,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə