Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası



Yüklə 0,79 Mb.
səhifə1/9
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#82459
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
Mühazirə 12morfologiya


Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası

Plan:

1. Sözün tərkibi

2. Sözün leksik mənası, yaxınmənalı və əksmənalı sözlər. Sözün həqiqi və məcazi mənası

3. Nitq hissələri haqqında anlayış

4. İsmin, sifətin, sayın öyrədilməsi yolları

5. Əvəzliyin, feilin, zərfin öyrədilməsi yolları


12.1 Sözün tərkibi

Sözün tərkibinin öyrənilməsi nitq inkişaf və orfoqrafik vərdişlərin möhkəmlənməsi üçün faydalıdır. Şagirdlər sözün qrammatik əlamətlərini öyrənməklə, qohum sözlərdə söz köklərinin eyni cür yazıldığını yəqin etməyi, morfoloji prinsipə uyğun sözləri düzgün yazmağı vərdiş edirlər. Ona görə də şagirdləri qohum sözlərin müqayisəsi üzrə məşq etdirmək lazımdır. Şagirdlərdə kök haqqında ilk anlayış qohum sözlər üzərində müşahidələr əsasında yaranır. Kiçik mətndə işlənmiş qohum sözlər (ot, otlu, otarmaq) şagirdlərdə həmin sözlərin bir obyektlə (ot ilə) bağlı olması, bu hissənin bütün sözlərdə təkrarlanması təsəvvürü yaradır. Bununla belə, bəzən şagirdlər qohum sözləri məna yaxınlığına görə müəyyənləşdirdikləri halda (geniş- enli; duzlu-şor; kiçik-balaca və s.), məktəb, məktəbli; bağ, bağban - kimi sözləri qohum hesab etmirlər. Onlar elə güman edirlər ki, məktəb-binanı, bağ-meyvə ağaclarının olduğu sahəni bildirdiyi halda, məktəbli və bağban insanı bildirir. Onların fikrincə, müxtəlif obyekti bildirən, həmçinin müxtəlif nitq hissələrinə mənsub olan sözlər eyniköklü ola bilməz. Belə bir çətinliyi aradan qaldırmaq, uşaqlarda “kök” və “eyniköklü sözlər” anlayışı formalaşdırmaq üçün şagirdlərə elə misallar verilməlidir ki, onlar isim, sifət və fellərin eyniköklü ola bilməsi qənaətinə gəlsinlər: məsələn, yaz-fel, həm də isim, yazı-isim, yazılı-sifət, yazıçı-isim, yazılmaq-feil və s.



“Sözün kökü” mövzusu ilə əlaqədar ilk dərslərdə sözün hissələri-kök və şəkilçi haqqında anlayış verilir. Şagirdlər buraxılmış sözü ismin müxtəlif hallarında (məktəb, məktəbli, məktəbə, məktəbi, məktəbdə, məktəbdən) əlavə etməklə rabitəli mətni tamamlayırlar, hər dəfə əlavə etdiyi sözü əvvəlki ilə müqayisə edir, onların şəkilçilərinin müxtəlif, köklərinin isə eyni olduğunu görürlər.

Şagirdlər ”kök” anlayışına aşağıdakı əlamətləri daxil edirlər: “Kök” qohum sözlər üçün ümumi olan başlıca mənanı bildirən hissədir. “Şəkilçi” isə sözün hissəsi olmaqla yeni sözlər əmələ gətirməyə xidmət edir. Bəzən şagirdlərdə belə bir yanlış təsəvvür yaranır: “Kök sözün məna verən, şəkilçi isə məna verməyən hissəsidir”. Halbuki şəkilçi sözə qoşulduqda bütövlükdə cümlənin mənasını dəyişir, ona yeni məna verir. Bu cəhəti nəzərə alaraq müəllim şəkilçinin sintaktik rolunu başa salmaq məqsədilə yazı taxtasında belə bir cümlə yazır: “Biz İlqarı çağırırıq.” Sonra o, İlqarı sözündəki şəkilçisini pozub, əvəzinə ismin digər hallarının şəkilçilərini əlavə etməyi tələb edir. Şagirdlər İlqar sözünə növbə ilə -ın, -a, -da, -dan – şəkilçilərini əlavə edir, sözlər arasında heç bir əlaqənin yaranmadığını, heç bir şeyin başa düşülmədiyini görürlər. Deməli, həmin cümlədəki sözlər arasında əlaqə yaradan hissə şəkilçisidir.

Şagirdlərdə eyniköklü sözlər haqqında təhrif olunmuş təsəvvürün yaranmasına imkan verilməməlidir. Onların eyniköklü sözlər anlayışını şüurlu başa düşmələri üçün omonim köklərə xüsusi diqqət verilməlidir: gül (lük)- gül (dü), sağ(lam)-sağ(dı), yaz(maq)-yaz(lıq), dağ(lıq)-dağ(la) və s. Belə müqayisə prosesində şagirdlər öyrənirlər ki, səs-hərf tərkibi eyni olan bu sözlər eyniköklü deyil: məsələn, müəllim başsız, başqa, başlıq, başlamaq, baş, başmaq sözlərini yazı taxtasına yazıb, eyniköklü sözləri seçməyi tələb edir. Belə şəraitdə səslənməsinə görə eyniköklü sözlərə bənzər sözləri tapmaq vəzifəsi şagirdi şüurlu fəaliyyətə qoşur.

Şəkilçi haqqında qazanılmış praktik vərdişlər III sinifdə sistemə salınır, təsnif edilir, şagirdlər sözdəyişdirici sözdüzəldici şəkilçilərlə tanış olurlar.

Sözün tərkibinin öyrədilməsi prosesində qarşıya çıxan ən böyük çətinlik şagirdlərə “sözdəyişdirici” və “sözdüzəldici” şəkilçilər (anlayışlar) arasında fərqin başa salınmasıdır. İlk dəfə traktor-traktorçu, məktəb-məktəbli misalları əsasında müəyyən obyektdə çalışan, təhsil alan adamdan söhbət getdiyi başa salınır. Növbəti mərhələdə əşya adları ilə yanaşı, tədricən əlamət, nəhayət, həm də hərəkət bildirən eyniköklü sözlərin tapılması üzrə iş gedir; buz, buzlaq, buzlu, buzlayır və s. Nəhayət, dərslikdəki çalışmalarda istifadə olunan hansı şəkilçilərin yeni söz düzəltmək xüsusiyyətinə malik olması izah edilir. Nəticədə uşaqlara başa salınır ki, dilimizdəki bir çox şəkilçilər sözlərin formasını, qismən də olsa mənasını dəyişir, lakin bu zaman ümumi məna saxlanır.

Dilimizdə elə şəkilçilər də vardır ki, müəyyən sözlərə qoşulmaqla yalnız onların şəklinə deyil, məzmununa da güclü təsir göstərir, tamamilə yeni mənalı sözlər düzəldir.

Belə şəkilçilər sözdüzəldici şəkilçilər adlanır. Əgər şagird məktəbin, məktəbə, məktəbi, məktəbdə, məktəbdən, məktəblər, məktəbimiz sözlərində sözdüzəldici şəkilçilərin təsiri ilə məktəb sözündən başqa heç bir yeni söz öyrənmirsə, məktəbli sözünün məktəb sözü ilə bağlı yeni məna qazandığını, söhbətin məktəb binasından deyil, orada təhsil alan insandan getdiyini öyrənir, yaxud gül sözündən güldan sözünü düzəltdikdə o, indiyədək bilmədiyi yeni sözlə tanış olur. Beləliklə, sözdüzəldici şəkilçilər şagirdlərin lüğət ehtiyatını zənginləşdirir, genişləndirir və dəqiqləşdirir.

“Sözün tərkibi” mövzusunun tədrisi onun quruluşca növlərinin öyrədilməsi ilə tamamlanır. I sinifdən etibarən şagirdlər oxuduqları bədii parçalarda, qrammatik çalışma mətnlərində mürəkkəb sözlərə də rast gəlir, lakin bu terminlə yalnız III sinifdə tanış olurlar. Sadə və düzəltmə sözlərdən fərqli olaraq mürəkkəb sözlərin yaranması prosesində ayrı-ayrı mənası olan iki-üç sözdən yeni mənalı, yeni məzmunlu söz meydana gəlir: məsələn, istiot sözü hərarət bildirən isti və bitkinin bir növünü bildirən ot sözünün birləşməsindən əmələ gəlib, yeni keyfiyyət acı tərəvəz anlayışı ifadə edir. “O, çox ağciyər adamdır” cümləsindəki ağciyər sözü ağ sifəti və ciyər ismindən əmələ gələrək qorxaq mənasında işlənir. Bu zaman sözlərin şəkli əlaməti sabit qaldığı halda, mənaları dəyişir.

Mürəkkəb sözlər müxtəlif yollarla əmələ gəlir. İbtidai siniflərdə, əsasən, bitişik və defislə yazılan mürəkkəb sözlər üzrə iş aparılır. Şagirdlər günəbaxan, Qarabağ, ağacdələn, ayaqqabı, dəvəquşu, şanapipik, əlüzyuyan və s. kimi mürəkkəb sözləri sözlərin digər növlərinə nisbətən daha asan qavrayır və onların yazılışında o qədər də səhvə yol vermirlər. Defislə yazılan mürəkkəb sözlərlə tanışlığa isə xüsusi diqqət yetirmək lazım gəlir. Müəllim əvvəlcə iki eyni sözdən əmələ gələn mürəkkəb sözlər (qaça-qaça, tez-tez, yavaş-yavaş, asta-asta və s.) verib, onların seçilməsi və yazılması üzrə müəyyən vərdişlər yarandıqdan sonra tərəfləri müxtəlif sözlərdən ibarət mürəkkəb sözlər (bağ-bağat, gül-çiçək, dağ-daş, mal-qara, ev-eşik və s.) üzrə, nəhayət, bir tərəfi məna verməyən birləşmədən ibarət (çör-çöp, zir-zibil, mer-meyvə, səs-səmir və s.) mürəkkəb sözlər üzrə iş apara bilər.

Mürəkkəb sözlərin şüurlu mənimsənilməsi üçün onların əmələgəlmə yollarını şagirdlərə başa salmaq və belə sözlərin yaradılmasına dair çalışmalar vermək lazımdır: məsələn, mürəkkəb sözləri təhlil etmək, onların etimologiyasını açmaq bu sahədə ilkin çalışmalardır. Sonralar müəllim mürəkkəb sözlərin yaradılmasına imkan verəcək sözləri yazı taxtasında cüt-cüt yazır (əmi, qız; dəvə, quş; ot, biç; taxıl, döy; günə, bax və s.). Şagirdlər həmin sözlərdən istifadə etməklə müvafiq sözlər (əmiqızı, dəvəquşu, otbiçən, taxıldöyən, günəbaxan) düzəldirlər. Daha sonra defislə yazılan mürəkkəb sözlərin əmələ gəlməsi üzrə də iş aparmaq olar. Müəllim yazı taxtasına mürəkkəb sözü buraxılmış bir neçə cümlə (Dirrikdə ... üzünü günəşə tərəf çevirdi. Uşaqlar dənizin sahilində ... yığdılar və s.) yazır, şagirdlər nöqtələrin əvəzinə günəbaxan, balıqqulağı sözlərini əlavə edirlər. Müəllim yazı taxtasında eynimənalı bir sözlə əvəz edilməsi mümkün olan söz birləşmələri yazır (saçı uzun olan qız; pipyi şana kimi olan quş və s.), şagirdlər hər bir söz birləşmələrini eynimənalı sözlə (uzunsaç, şanapipik və s.) əvəz edirlər. Şagirdlərin diqqəti mürəkkəb sözün necə yaranması ilə yanaşı, onun tələffüzü və yazılışına da yönəlir. Onlar [balıxqulağı], [ayaxqabı], [istot] kimi tələffüz etdikləri sözləri balıqqulağı, ayyaqqabı, istiot– şəklində yazmağı, yaxud [qara-dinməz, kəklik-otu] kimi tələffüz etdikləri sözləri qaradinməz, kəklikotu şəklində yazmağı öyrənirlər.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə