Mühazirə 3 Alkaloidlər, təmizləmə üsulları, çökdürmə və rəngli



Yüklə 69,37 Kb.
tarix02.03.2018
ölçüsü69,37 Kb.
#29497
növüMühazirə


Mühazirə 3

Alkaloidlər, təmizləmə üsulları, çökdürmə və rəngli

reaksiyaları. Miqdari təyinat üsulları. Təsnifatı.

Alkaloidlər təbii birləşmələr sinfinə mənsub bitki mənşəli mürəkkəb maddələrdir. Tərkibində azot atomlan olan heterotsiklik quruluşa malik əsasi xassə daşıyan üzvi maddələr alkaloidlər adlanır.

Alkaloidlər bioloji fəal maddələrdir. Çox geniş spektrə malik farmakoloji təsirləri vardır. Analizi yerinə yetirmək üçün ardıcıl olaraq aşağıdakı mərhələləri həyata keçirmək lazımdır:

1) Tədqiqat obyektindən alkaloidləri mümkün qədər tam çıxarmaq. Alkaloidləri tədqiqat obyektindən çıxarmaq özü də 2 ardıcıl əməliyyatdan ibarətdir: a) bioloji materialdan alkaloidləri təcrid etmək; b) sulu çıxarışdan alkaloidləri üzvi həlledici (xloroform) ilə ekstraksiya etmək. 2) Xloroformlu çıxarışm qalığını təmizləmək. 3) Ümumalkaloid çökdürmə reaktivlərlə qalığı tədqiq etmək, yoxlamaq. 4) Alkaloidlərin varlığmı müəyyən etmək üçün kimyəvi rəngli reaksiyalar və digər üsullarla tədqiqat aparmaq. 5) Kimyəvi tədqiqatların nticələrini farmakoloji sınaqla təsdiq etmək, bu bəzi alkaloidlərin qəti sübutu üçün olduqca vacibdir. 6) Alkaloidləri mümkün hallarda miqdarca təyin etmək.

Alkaloidlərin böyük əksəriyyəti əsas şəklində adi otaq temperaturunda bərk kristallik, bəzi halda amorf maddələrdir. Lakin piridin və piperidin törəməli alkaloid­lərin hamısı (koniin, arekolin, nikotin, anabazin və paxikarpin) əsas şəklində mayedir.

Alkaloid əsasları həm mineral (xlorid, nitrat, sulfat, fosfat və s.), həm də üzvi turşularla (çaxır, oksalat, limon, sirkə və s.) asan birləşərək müvafiq duz əmələ gətirirlər. Alkaloid duzları suda yaxşı həll olur, bəzi duzlar spirtdə də həll olur. Bu duzlar üzvi həlledicilərdə həll olmur və ya çox çətin həll olurlar.

Bu duzlar çox asan və tez hidroliz olur. Turşulaşdırılmış sulu məhluldan üzvi həlledici ilə ekstraksiya apardıqda hidrolizdən sonra alınan alkaloid əsasları sulu məhluldan xloroform təbəqəsinə keçirlər.

Qələvilər təsirindən alkaloid duzları zəif əsasın duzu kimi parçalanaraq alkaloid əsasları əmələ gətirir ki, bunlar da üzvi həlledici ilə asanlıqla ekstraksiya olunur.

Molekulunun tərkibində fenol hidroksili olan alkaloidlər (morfin) qələvilərlə fenolyatlar əmələ gətirir. Bu isə suda həll olur, üzvi həlledici ilə ekstraksiya olunmur. Kimyəvi təbiətcə mürəkkəb efir olan bəzi alkaloidlər (atropin, kokain, skopolamin, arekolin və s.) qələvi təsirindən sabunlaşa bilir.

Xloroformlu çıxarışın təmizlənməsi. Qələvili sulu məhluldan alınan xloro­formlu çıxarış çox vaxt kənar maddələr (piylər, zülallar və parçalanma məhsulları, boya, aşı maddələr və digərləri) ilə çirkli halda olur.

Xloroformlu çıxarışı təmizləmək üçün bir neçə üsul təklif edilmişdir: 1) eks­traksiya və reekstraksiya, 2) xromatoqrafiya, 3) duzlamaq, 4) adsorbsiya.

1) Ekstraksiya başqa təmizləmə üsullarına nisbətən daha çox istifadə olunur. Ekstraksiyanın köməyi ilə çıxarışı lipidlər, aminturşular, zülallar və onların parçalan­ma məhsullarından təmizləmək olur. 2) Alkaloidləri kənar qarışıqlardan təmizləmək məqsədilə müxtəlif variantlı xromatoqrafiya üsulu da tətbiq olunur. 3) Xloroformlu çıxarışı kənar qarışıqlardan təmizləmək üçün istifadə edilən səmərəli üsullardan biri də duzlamaq, başqa sözlə duza qoymaq üsuludur. Bu məqsədlə çıxarışa müəyyən elektrolit əlavə edilir. 4) Alkaloid çıxarışını kənar qarışıqlardan azad etmək məqsədilə son illərdə adsorbsiya üsulu daha geniş vüsət alır. Adsorbent kimi fəal kömür və ion-mübadilə sorbentləri götürülür. Bu məqsədlə gil və süni qətranlar da işlənə bilir.

Bioloji materialdan alkaloidlər və digər maddələrin təcrid edilməsinə çixarici həlledicinin təsiri

Bioloji materialdan alkaloid və digər sintetik azotlu əsasların kimyəvi-toksikoloji analiz təcrübəsində istifadə edilən təcrid etmə üsulları həmin maddələrin turşulaşdırılmış etil spirti və ya turşulaşdırılmış su ilə çıxarış aparmaqla ayrılmasına əsaslanır.

Zəhərli maddələri müxtəlif bioloji materialdan təcrid etmək üçün istifadə edilən həlledicilər aşağıda göstərilən tələblərə müvafiq gəlməlidirlər:

1) Çıxarıcı həlledicılər bioloji materialın toxuma və hüceyrəsinə yaxşı keçməlidirlər; 2) Toxuma və hüceyrələrdə zəhər və zülali maddələr arasında yaranmış rabitəni qırmamalıdırlar; 3) Çıxarıcı həlledicinin tərkibinə daxil olan turşu təsirindən bioloji materialda əmələ gələn zəhərli maddələrin duzlarını yaxşı həll etməlidirlər. 4) Bioloji materialdan çıxarışa keçə biləcək qarışıqları mümkün dərəcədə az miqdarda həll etməlidirlər.

Məlumdur ki, alkaloidlərə duz və əsas şəklində rast gəlinir. Qələvi məhlullarda alkaloidlər əsas şəklində olurlar. Alkaloidlər əsas şəklində suda əksər halda həll olmurlar, üzvi həlledicilərdə isə yaxşı həll olurlar. Turş məhlullarda isə əksinə, alkaloidlər duz şəklində olurlar. Alkaloid duzları suda yaxşı həll olduqları halda, üzvi həlledicilərdə ya tamam həll olmurlar, ya da çox az həll olurlar. Alkaloidlər orqanizmə düşdükdən sonra zəif qələvi reaksiyaya malik qana (pH 7,35-7,40) sorulur, sonra isə orqanizmin üzv və toxumalarına paylanır. Güman etmək olar ki, alkaloidlər orqanizmdə əsasi şəkildə olurlar.

Bioloji materialdan alkaloidlər və digər maddələrin təcrid

edilməsinə mühitin pH-in təsiri

Bioloji materialın tərkibində əksər alkaloidlər sərbəst halda yox, zülallar və orqanizmin digər tərkib komponentləri ilə birləşmə şəklində olurlar. Bir qrup müəlliflərə görə alkaloidlərin zülallarla qarşılıqlı təsiri nəticəsində müvafıq kimyəvi birləşmələr əmələ gəlir. Digər müəlliflər isə hesab edirlər ki, bu iki qrup maddələrin qarşılıqlı təsiri nəticəsində əmələ gələn reaksiya məhsulu kompleks birləşmələrdən ibarətdir.

Alkaloidlərin zülallarla qarşılıqlı təsir mexanizmini başa düşmək üçün zülalların bəzi xassələrini yada salmaq lazım gəlir. Məlum olduğu kimi zülallar amfoter xassəli maddələrdir. Mühitin pH-ından asılı olaraq zülallar həm turşu, həm də əsas kimi dissosiasiya edirlər. Onlar turş mühitdə əsas kimi dissosiasiya edərək müsbət yüklü kation, qələvi mühitdə isə turşu kimi dissosiasiya edərək mənfi yüklü anion əmələ gətirirlər. Mühitin pH-ın müəyyən ədədi qiymətində zülallarda müsbət və mənfi yüklərin sayı eyni olur. Bu halda zülalların yüklərinin cəmi sıfıra bərabər olur və elektrik sahəsində onlar hərəkətsiz qalırlar. Zülallar və digər amfoter maddələrin yükə malik olmadıqları və elektrik sahəsində hərəkət edə bilmədikləri pH-ın ədədi qiymətinə onların izoelektrik nöqtəsi deyilir.

Məlum olduğu kimi alkaloidlər dissosiasiya etdikdə müsbət yüklü kationlar əmələ gəlir. İzoelektrik nöqtədən yuxarı pH-da mənfi yükə malik olan zülallar alkaloid kationları ilə birləşərək müvafiq birləşmə və ya kompleks əmələ gətirirlər. Zülalların alkaloidlərlə qarşılıqlı təsiri üçün canlı orqanizmdə lazımi əlverişlı şərait vardır. Belə ki, qanın pH-ı 7,35-7,40, orqanizmin toxumaları da zəif qələvi reaksiyaya malikdir. pH-ın bu qiymətlərində qan və toxumaların mənfi yükə malik zülalları alkaloid kationlari ilə çox asanlıqla birləşirlər. Beləliklə, bu məlumatlardan aydın görünür ki, alkaloidlərin zülallarla orqanizm şəraitində birləşməsi çox asan başa gəlir. Sonralar müəyyən edildi ki, izoelektrik nöqtədən yuxarı pH-da zülallarla yalnız alkaloidlər deyil, həmçinin əsasi xassəli sintetik azotlu üzvi maddələr də birləşirlər.

Orqanizm şəraitində alkaloidlər ilk növbədə digər zülallara nisbətən miqdarca daha çox olan albuminlə birləşir. Belə ki, qan zərdabında olan zülalların 60%-ini albumin təşkil edir. Albumin orqanizmin müxtəlif üzv və toxumalarının tərkibində də bu və ya digər miqdarda vardır. Albumindən başqa alkaloidlər və bir çox əsasi xassəli azotlu maddələrlə digər zülallar da birləşirlər.

Orqanizm şəraitində müxtəlif zəhərli maddələrin orqanizmin əsas tərkib hissəsi hesab edilən zülallar və digər maddələrlə qarşılıqlı əlaqəsinə mühitin pH-ının təsirinin öyrənilməsi sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq, uzun müddət ərzində zülalların alkaloidlərlə əmələ gətirdikləri reaksiya məhsullarının parçalanma şəraiti tədqiq olunmamış qalırdı.

V.F.Kramarenkonun apardığı elmi araşdırmalar nəticəsində müəyyən edildi ki, zülalların əksər alkaloidlər, onların sintetik analoqları və digər əsasi xassəli azotlu birləşmələrlə əmələ gətirdikləri reaksiya məhsulları turşular təsirindən pH 2-3 olduqda parçalanırlar. Bu elmi nəticə sübut etmişdir ki, çıxarıcı həlledicinin (turşulaşdırılmış etil spirti və ya turşulaşdırılmış su) pH-ını düzgün tənzimləmək, dəqiq seçməklə alkaloidlər və digər üzvi əsasları bioloji materialdan təcrid etmək mümkündür. Alkaloidlər və digər azotlu əsaslan bioloji materialdan təcrid etmək üçün hal-hazırda kimyəvi-toksikoloji analiz təcrübəsində geniş istifadə edilən üsullara müvafiq olaraq çıxarıcı həlledici pH 2,5-3,0 olana qədər turşulaşdırılır. Mühitin pH-ının bu qiymətində zülallarla alkaloidlər və digər azotlu üzvi əsaslar arasında yaranmış rabitə qırılır, parçalanır, nəhayət məqsədli maddənin çıxarışa keçməsi üçün əsaslı zəmin yaranır. Bioloji materialdan alkaloidləri təcrid etmək üçün istifadə olunan çıxarıcı həlledicinin pH-ının düzgün tənzimlənməməsi kimyəvi-töksikoloji analiz nəticəsində bu maddələrin tam və ya qismən itməsinin səbəblərindən biri ola bilər.

Bioloji materialdan alkaloidlər və digər maddələrin təcrid

edilməsinə turşunun təbiətinin təsiri

Bioloji materialdan alkaloidlər və digər əsasi xassəli azotlu birləşmələrin təcrid edilmə dərəcəsi su və etil spirtini turşulaşdırmaq üçün istifadə edilən turşunun təbiətindən də asılıdır. Bu onunla izah olunur ki, çıxarıcı həlledicinin tərkibində olan turşunun təbiətindən asılı olaraq bioloji materialın tərkibində olan zəhərli maddələr (alkaloidlər) həmin turşunun müvaflq duzlarına çevrilirlər. Nəticədə turşudan asılı olaraq alkaloidlərin oksalat, tartrat, sulfat, xlorid, asetat və s. duzları əmələ gəlir ki, bunların da su və spirtdə həllolma qabiliyyətləri tamamilə fərqlidir. Zəhərli maddələr çıxarıcı həlledicidə nə qədər yaxşı həll olursa, bioloji materialdan həmin maddələr bir o qədər asan təcrid olunur. Bu deyilənləri morfin timsalında göstərmək olar. Morfinin müxtəlif turşularla əmələ gətirdiyi müvafiq duzların su və etil spirtində həllolma qabiliyyətləri bir-birindən kəskin fərqlənirlər. Belə ki, morfin-asetat suda daha yaxşı həll olur (1:2,5). Suda morfin-tartrat nisbətən pis həll olur (1:10). Suda daha pis həll olan morfin-sulfat (1:20) və morfin-hidroxlorid (1:40) duzlarıdır. Etil spirtində morfin-hidroxlorid və morfin-asetat 1:100 nisbətində həll olduqları halda, həmin alkaloidin sulfat və tartrat duzları daha pis (1:1000) həll olurlar. Morfın duzlarının su və etil spirtində müxtəlif həllolma qabiliyyətlərindən asılı olaraq bioloji materialdan bu alkaloidlərin həmin həlledicilərlə təcrid olunma dərəcəsi eyni olmur. Morfini çaxır turşusu ilə turşulaşdırılmış su ilə təcrid etdikdə bioloji materialdan daha çox alkaloid ayrılır, nəinki həmin alkaloidi çaxır turşusu ilə turşulaşdırılmış spirtlə təcrid etdikdə. Həmçinin sıüfat turşusu ilə turşulaşdırılmış su həmin turşu ilə turşulaşdırılmış spirtə nisbətən bioloji materialdan morfınin daha çox çıxımını təmin edir.

Alkaloidlər və digər əsasi xassəli azotlu birləşmələri bioloji materialdan təcrid etmək üçün istifadə edilən etil spirti və suyu turşulaşdırmaq məqsədilə mineral turşuların yaramadığı haqqında bəzi ədəbiyyat mənbələrində məlumatlar vardır. Bu onunla əsaslandırılır ki, üsulu yerinə yetirərkən mineral turşular tərkibində mürəkkəb efir qrupu olan alkaloidləri (atropin, kokain, skopolamin və s.) parçalaya bilər, həmçinin bioloji materialın tərkibində olan zülalları hidroliz etməklə alkaloidli çıxarışı hidroliz məhsulları (peptidbr, aminturşular və s.) ilə çirkləndirə bilər. Bu məsələni də V.F.Kramarenko mükəmməl araşdırmağa nail olmuşdur. Belə ki, alkaloidlər və digər zəhərli maddələri bioloji materialdan təcrid etdikdə onu turşulaşdırılmış su (pH 2-3) ilə 2-3 saat ərzində çıxarış edirlər. Eksperiment araşdırmalar sübut etmişdir ki, bu müddət (2-3 saat) ərzində tərkibində mürəkkəb efir qrupu olan alkaloidlər parçalanmır, bioloji material isə hidrolizə uğramır. Zülalların hətta qismən hidrolizi üçün nisbətən sərt şərait (turşunun daha yüksək qatılığı və uzun müddət ərzində qızdırma) tələb olunur. Odur ki, həm pH2-3 olan mineral turşuların duru məhlulları, həm də bu cür pH-a malik üzvi turşu məhlulları eyni müvəffəqiyyətlə bioloji materialdan alkaloidləri (həmçinin mürəkkəb efir qrupuna malik) təcrid etmək üçün istifadə edilə bilir.
Bioloji materialdan kənar qarışıqların təcrid edilməsinə

turşulaşdırılmış həlledicilərin təsiri

Zəhərli maddələri turşulaşdırılmış spirt və ya turşulaşdırılmış su ilə təcrid etdikdə bioloji materialdan çıxarışa zəhərli maddələrlə birlikdə zülallar, onların parçalanma məhsulları (peptidlər, aminturşular), lipidlər və digər müxtəlif qarışıqlar keçə bilir. Çıxarışa keçən qarışıqların tərkibi və miqdarı bioloji materialın tərkibindən, çürümə (parçalanma) dərəcəsindən, çıxarıcı lıəlledicinin təbiətindən, mühitin pH-ından və bəzi digər amillərdən asılıdır.

Bioloji materialdan turşulaşdırılmış suya zəhərli maddə ilə birlikdə zülali maddələr (əsasən albuminlər), bəzi aminturşular və digər birləşmələrin qarışığı keçir. Məlumdur ki, təmizlənmiş suda zülallar çox cüzi miqdarda həll olurlar. Suya turşu və ya qələvi əlavə etdikdə zülalların həll olması kifayət dərəcədə artır. Beləliklə, zəhərli maddəni təcrid etmək üçün istifadə edilən turşulaşdırılmış su bioloji materialdan alınan çıxarışda zülalların miqdarının çoxalmasına səbəb olur. Zülal molekullarının hidratlaşması da onların suda həll olmasını çoxaldır. Molekullarının hidratlaşması nəticəsində zülallar öz tərkiblərində kimyəvi cəhətdən birləşmiş suya malik olurlar. Bu cür su onların kütləsinin 30-50%-ni təşkil edir. Hidratlaşmış zülal molekulları hidratlaşmamış molekullara nisbətən sulu çıxarışa daha asan keçirlər. Turşulaşdırıl­mış suya meyitdə zülalların parçalanma məhsulları olan ayrı-ayrı aminturşular da keçirlər. Aminturşulardan bir çoxu turşulaşdırılmış suda yaxşı həll olurlar.

Lipidlər suda həll olmadıqları üçün bioloji materialdan turş sulu çıxarışa praktik olaraq keçmirlər. Bioloji materialdan turşulaşdırılmış etil spirtinə əsasən lipidlər, zülali maddələrin bir qismi, bəzi aminturşular və digər qarışıqlar keçirlər. Lipidlərə orqanizmin hüceyrələrində yerləşən və üzvi həlledicilərdə (etil spirti, dietil efıri, xloroform və s.) həll olan maddələr aiddir. Piyləri, yağ turşularını, mumları, alifatik spirtləri, fosfoqliseridləri, lipoproteidləri, xolesterini və bir sıra digər maddələri lipidlərə aid etmək olar. Lipidlər praktik olaraq suda həll olmurlar.

Əksər zülallar etil spirtində həll olmurlar. Etil spirti və su ilə yaxşı qarışan üzvi həlledicilər (metil spirti, aseton və s.) təsirindən zülalların denaturasiya prosesi baş verir. Bioloji materiala etil spirti əlavə etdikdə zülalların hidratlaşma dərəcəsi və həmçinin həll olmaları azalır.

Zülalların həll olması və onların çökməsi həlledicilərin dielektrik keçiriciliyindən kifayət dərəcədə asılıdır. Etil spirtinin dielektrik keçiriciliyi (D=24) suyun dielektrik keçiriciliyinə (D=80) nisbətən azdır. Həlledicilərin dielektrik keçiriciliyi azaldıqda həll olan maddə molekulları arasında cazibə qüvvəsi artır. Odur ki, etil spirti təsirindən zülal molekullarının aqreqasiyası baş verir, onların həll olması azalır və nəticədə çöküntüyə keçməsi baş verir.

Zəhərli maddəni turşulaşdırılmış spirtlə təcrid etdikdə bioloji material hissəciklərinin səthində zülalların denaturasiyası baş verir. Bunun nəticəsində isə etil spirtinin bioloji materiala keçməsi və tədqiq olunan zəhərli maddənin etil spirti ilə praktik olaraq tam çıxarılması üçün çətinlik yaranır.

Çürümüş bioloji materialı turşulaşdırılmış spirt və turşulaşdırılmış su ilə çıxarış etdikdə alınan çıxarışın çirklənmə dərəcəsi haqqında məsələ bu günə kimi araşdırıl­mamış qalır.



Sulu çıxarışdan alkaloid və digər sintetik azotlu əsasların

tam ekstraksiya edilməsinə müxtəlif amillərin təsiri

Bu amillərə misal olaraq sulu çıxarışın pH-ı, ekstragentin təbiəti və elektrolitin kimyəvi tərkibini göstərmək olar.

Kimyəvi-toksikoloji analiz təcrübəsində turşulaşdırılmış etil spirti və ya turşulaşdırılmış su ilə bioloji materialdan təcrid edilmiş alkaloidlər və digər zəhərli maddələr üsulun növbəti mərhələsində əvvəlcə turş sulu məhluldan, sonra isə qələviləşdirilmiş həmin sulu məhluldan su ilə qarışmayan eyni bir üzvi həlledicinin yeni payları ilə ardıcıl olaraq ekstraksiya edilir. Alkaloid və digər zəhərli maddələrin sulu məhluldan üzvi həlledici təbəqəsinə ekstraksiya dərəcəsi yuxarıda göstərilən amillərin düzgün seçilməsindən və tənzim edilməsindən asılıdır. Odur ki, ilk növbədə bu maddələrin sulu məhluldan üzvi həlledici təbəqəsinə tam keçməsini təmin edən əlverişli pHvə üzvi ekstragent seçilməlidir.

Turşulaşdırılmış etil spirti və ya turşulaşdırılmış su ilə bioloji materialdan təcrid olunan zəhərli maddələri uzun müddət ərzində müəlliflər iki qrupa bölmüşlər: 1) turşulaşdırılmış sulu məhluldan üzvi həlledici ilə ekstraksiya olunan məddələr; 2) qələviləşdirilmiş sulu məhluldan həmin üzvi həlledici ilə ekstraksiya olunan maddələr. Zəhərli maddələrin bu cür iki qrupa bölünməsi şərti xarakter daşıyır. Belə ki, bioloji materialdan turşulaşdırılmış etil spirti və ya turşulaşdırılmış su ilə təcrid olunan əksər zəhərli maddələr həm turş, həm də qələvi mühitdən su ilə qarışmayan eyni bir üzvi həlledici ilə müəyyən dərəcədə ekstraksiya olunur. Ona görə də bu zəhərli maddələr, xüsusən də alkaloidlər üçün belə kəskin, dəqiq sərhəd qoymaq olmaz ki, onlar yalnız qələvi reaksiyalı sulu məhluldan üzvi həlledici təbəqəsinə ekstraksiya edilir. Alkaloidlərin təsnifatına yalnız bu cür yanaşmaq tövsiyə olunur: l) Üzvi həlledici təbəqəsinə əsasən turş mühitdən ekstraksiya olunan alkaloidlər (kofein, teobromin, teofıllin, narkotin, kolxisin); 2) Üzvi həlledici təbəqəsinə əsasən qələvi mühitdən ekstraksiya olunan alkaloidlər (əksəriyyəti).

Alkaloidlərin maksimum ekstraksiya sahəsi həmçinin sulu məhlullardan onları ekstraksiya etmək üçün istifadə edilən üzvi həlledicilərin təbiətindən də asılıdır.

Həm turşulaşdırılmış, həm də qələviləşdirilmiş məhluldan zəhərli maddələrin ekstraksiya edilməsi üçün ekstragent kimi xloroformun tətbiq edilməsi iki cəhətdən əlverişlidir. Xloroform bu qrupa daxil olan əksər üzvi zəhərli maddələrin çox yaxşı həlledicisidir. Digər tərəfdən o su təbəqəsindən asanlıqla ayrılır, yəni komponentlər ilə çətin təbəqələşən emulsiya əmələ gətirmə imkanı çox azdır. Emulsiyanın əmələ gəlməməsi üçün ekstraksiya əməliyyatı çox ehtiyatla aparılır, ayırıcı qıf yüngül çalxalanır və ya bir neçə dəfə yavaşca çevrilir. Ayrıcı qıfı güclü silkələmək qəti ol­maz, bu emulsiyanın əmələ gəlməsinə imkan yaradır. Bu halda emulsiya əmələ gəl­miş olarsa, onu bir neçə üsulla aradan qaldırmaq mümkündür: 1) az miqdar (0,5-1 ml) spirt əlavə edilir; 2) ayırıcı qıf maye qarışıqla birlikdə isti yerdə saxlanılır; 3) maye qarışıq ammonium-sulfatla doydurulur; 4) maye qarışıq (emulsiya) sentri­fuqadan keçirilir.

Tədqiqatçıların təqdimatına görə ekstraksiyanın yuxarıda göstərilən qanunauy­ğunluqları yalnız alkaloidlər üçün yox, eyni zamanda onların sintetik analoqları, əsasi xassəli azotlu üzvi maddələrə də aiddir.

Alkaloid və digər əsasi xassəli azotlu üzvi birləşmələrin sulu məhluldan tam ekstraksiyasını təmin etmək üçün həmin maddələrin maksimum miqdarda ekstraksiyasını təmin edən üzvi həlledici istifadə etmək və ekstraksiya prosesini maksimum müvafiq pH intervalında aparmaq lazımdır.

Neytral xassəli zəhərli maddələrin sulu məhluldan ekstraksiya dərəcəsi əsasən üzvi ekstragentin təbiətindən asılıdır, mühitin pH-ından asılı deyildir (və ya az asılıdır).

Alkaloidlər və digər zəhərli maddələrin sulu məhluldan üzvi ekstragentlərlə ekstraksiya dərəcəsinə elektrolitlər də müəyyən dərəcədə təsir göstərirlər.



Bioloji materialdan zəhərli maddələrin oksalat turşusu ilə turşulaşdırılmış spirtlə təcrid etmə üsulu. Bioloji materialdan alkaloidlərin ayrılmasının ilk üsulu bu maddələrin oksalat turşusu ilə turşulaşdırılmış etil spirti ilə təcrid edilməsinə əsaslanır. Bu üsul ilk dəfə Stas tərəfindən təklif olunmuş və sonra Otto tərəfindən əlavələr edilmişdir. Uzun illər ərzində Stas-Otto üsulu kimi təqdim edilən bu üsulun bir çox mənfi cəhətləri nəzərə alınaraq ildən-ilə təkmilləşdirilmiş və müasir variantı təklif edilmişdir. Üsulun son variantı iki mərhələdən ibarətdir: 1) zəhərli maddələrin bioloji materialdan təcrid edilməsi; 2) təcrid edilmiş zəhərli maddələrin kənar qarışıqlardan təmizlənməsi. Hər bir mərhələ özü də üç yarımmərhələdən ibarətdir. Birinci mərhələdə bunlar yerinə yetirilir: 1) bioloji materialın həlledici ilə qarışdırılması; 2) qarışığın pH-ının yoxlanması; 3) çıxarışın aparılması. İkinci mərhələdə isə ardıcıl olaraq aşağıdakı əməliyyatlar aparılır: 1) kənar qarışıqların mütləq və ya 96%-li spirtlə çökdürülməsi; 2) kənar qarışıqların su ilə çökdürülməsi; 3) ekstraksiya üsulu ilə zəhərli maddələri yarımqruplara ayırmaqla qismən təmizləmə.

Bioloji materialdan zəhərli maddələrin oksalat turşusu ilə turşulaşdırılmış su ilə təcrid etmə üsulu. Alkaloidlərin müxtəlif bioloji materialdan A.A.Vasilyeva üsulu ilə təcrid edilməsi həmin çıxarıcı həlledicidən istifadə etməyi nəzərdə tutur. Uzun illər ərzində həmin üsul kimyəvi-toksikoloji analizin inkişafı üçün xüsusi əhəmiyyətə malik olmuşdur. Lakin A.A.Vasilyeva üsulu bəzi qüsurlardan istisna deyildir. Odur ki, A.A.Vasilyevanm təklif etdiyi və bir müddət orijinal hesab edilən bu üsul hazırda kimyəvi-toksikoloji analiz təcrübəsində istifadə edilmir. Turşulaşdırılmış su ilə təcrid etmə üsulu get-gedə daha da təkmilləşdirilmiş və müasirləşdirilmişdir.



Ümumalkaloid çökdürmə reaktivlərlə tədqiqat. Kənar qarışıqlardan azad olmuş qalıq ilk növbədə ümumalkaloid çökdürmə reaktivlərin köməyi ilə tədqiq olu­nur. Çökdürmə reaktivlər bunlardır:

l) Tanin. Bu aşı maddədir, 1 : 10 və ya 1 : 100 təzə hazırlanmış məhlulu işlənir. Alkaloid duzları ilə neytral və zəif turş mühitdə ağ və ya sarımtıl rəngli çöküntü verir. Çöküntü spirt, sirkə turşusu və ammonium duzlarında həll olur.

2)Pikrin turşusu. Doymuş məhlul (təxmini 1%-li) şəklində işlənir. Əksər alkaloidlərlə kristallik çöküntü verir.

3)Yodun kalium-yodiddə məhlulu, I/KI. Tərkibindən asılı olaraq bu 2 cür hazırlanır: a) Vaqner reaktivi - 1 qr yod, 2 qr kalium-yodid və 50 ml sudan ibarətdir; b) Buşard reaktivi - 1,27 qr yod, 2 qr kalium-yodid və 100 ml su qarışığından ibarətdir. Alkaloid duzlarının sulu məhlulu ilə qonur rəngli çöküntü verir.

4)Bismut-yodidin kalium-yodiddə məhlulu, BiI3/KI və ya KBiI4 - Dragendorf reaktivi. 8 qr bismut-əsasi - nitrat 20 ml nitrat turşusunda (sıxlığı 1,18) həll edilir və 27,2 qr kalium-yodidin 30 ml suda məhlulu üzərinə əlavə olunur. Bir neçə gündən sonra maye reaksiya nəticəsində əmələ gəlmiş kalium-nitrat çöküntüsündən ayrılır və filtrat su ilə 100 ml-ə çatdırılır. Əksər alkaloidlərlə narıncı rəngli amorf, piridin və piperidin törəməli alkaloidlərlə kristallik (həmin rəngdə) çöküntü verir.

5)Kadmium-yodidin kalium-yodiddə məhlulu, CdI2/KI və ya K2CdI4 - Marme reaktivi. 10 qr kadmium-yodidin 30 ml suda qaynar məhlulunda 5 qr kalium-yodid həll olunur, sonra bərabər həcmli kalium-yodidin doymuş məhlulu ilə qarışdırılır. Reaktiv alkaloid duzlarının sulu məhlulu ilə ağ və ya sarımtıl rəngli çöküntü verir, çöküntü reaktivin artığında həll olur.

6)Civə-yodidin kalium-yodiddə məhlulu, HgI2/KI və ya K2HgI4 - Mayer reaktivi. 1,35 qr civə xlorid (HgCl2) tərkibində 5 qr kalium-yodid olan qatı məhlulla işlənir və su ilə 100 ml-ə qədər duruldulur. Zəif turş və neytral mühitdə alkaloid duzları məhlulu ilə ağ və ya sarımtıl çöküntü verir.

7)Fosfor-molibdat turşusu, H3PO4×12MoO3×2H2O - Zonnenşeyn reaktivi. Alkaloidlər üçün olduqca həssas reaktividir. Alkaloid duzları ilə qarşılıqlı təsirdə açıq-sarı və ya qonur rəngli amorf və ya kristallik çöküntü əmələ gəlir. Çox alkaloid bu reaktivə həssasdır.

8)Fosfor-volframat turşusu, H3PO4×12WO3×2H2O - Şeybler reaktivi. Bütün alkaloidlərlə reaktiv ağ amorf çöküntü verir. Çox alkaloid bu reaktivə olduqca həssasdır.

Ümumalkaloid çökdürmə reaktivlər alkaloidlər, onların sintetik analoqları və əsasi xassəli digər üzvi maddələrlə çox halda amorf çöküntü verirlər. Çökdürmə reaktiv kimi üzvi turşular istifadə etdikdə tədqiq olunan maddələrlə müvafıq duz əmələ gəlir. Bütün alkaloidlərə görə çökdürmə reaktivlərin həssaslığı eyni deyildir.



Rəngli reaksiyalarla tədqiqat. Kimyəvi-toksikoloji analiz təcrübəsində alkaloidlərin varlığını müəyyən etmək üçün istifadə olunan rəngli reaksiyaların əsasında aşağıdakı proseslər durur: 1) suyu hopdurmaq, suyu çəkmək (qatı sulfat turşusu götürülür); 2) alkaloidin oksidləşməsi, bunun üçün sulfat turşusu mühitində kalium-dixromat istifadə edilir; 3) eyni vaxtda həm oksidləşmə, həm də su hopdurma; 4) suçəkici maddə iştirakında (məs., qatı sulfat turşusu) aldehidlərlə kondensləşmə.

Alkaloidlərlə rəngli reaksiya məhsulu verən reaktivlər bunlardır:

1) Qatı sulfat turşusu. 2) Qatı nitrat turşusu. 3) Nitrat turşulu qatı sulfat turşusu - Erdman reaktivi.

20 ml qatı sulfat turşusu tərkibində 10 damla 30%-li nitrat turşusu olan 100 ml su üzərinə əlavə olunur.

4) Molibdat turşulu qatı sulfat turşusu - Frede reaktivi. Toz halına salınmış nat­rium-molibdat və ya ammonium-molibdatın qatı sulfat turşusunda təzə hazırlanmış doymuş məhluludur. Reakliv saxlanılan zaman molibdat turşusunun reduksiya olması nəticəsındə rəngi göy rəngə keçir və belə reaktiv alkaloidləri aşkar etmək üçün yaramır.

5) Vanadat turşulu qatı sulfat turşusu - Mandelin reaktivi. 0,01 qr ammonium- vanadatın 2 ml qatı sulfat turşusunda təzə hazırlanmış məhluludur.

6) Formaldehidli qatı sulfat turşıısu - Marki reaktivi. Bir damla formalinin 1 ml qatı sulfat turşusunda təzə hazırlanmış məhluludur.

Rəngli reaktivlərlə reaksiyanı aparmaq üçün bir az xloroformlu çıxarış götürülür, 6 hissəyə bölünür, kiçik çini kasalara yerləşdirilir, otaq şəraitində xloroform uzaqlaşdırılır. Hər bir qalıq üzərinə müvafiq reaktivdən bir damla əlavə olunur. Rəngin dəyişməsi dərhal və ya bir qədər keçdikdə baş verir. Paralel olaraq standart alkaloid nümunəsi ilə kontrol təcrübə qoyulur.

Qatı sulfat turşusu ilə narkotin sarı-yaşıl, tebain qan-qırmızı (sonra sarıya keçir), qatı nitrat turşusu ilə brusin qan-qırmızı (sonra sarıya keçir), morfın qan-qırmızı (sonra narıncıya keçir) rəng verir.

Kimyəvi-toksikoloji analiz təcrübəsində alkaloidləri aşkar etmək məqsədilə çökmə və rəngli reaksiyalardan başqa mikrokristalloskopik reaksiyalar, fiziki və fıziki-kimyəvi üsullar da istifadə olunur.

Bioloji materialdan turşulaşdırılmış su və ya turşulaşdırılmış spirtlə təcrid olunmuş və müvafiq üsullarla təmizlənmiş alkaloidləri kimyəvi-toksikoloji analiz təcrübəsində aşkar etmək üçün yuxarıda göstərilən kimyəvi üsullarla yanaşı fiziki və fiziki-kimyəvi üsullar da işlənir.

Farmakoloji sınaqlar. Bəzi alkaloidləri qəti sübut və varlığını təsdiq etmək üçün farmakoloji sınaqların çox böyük əhəmiyyəti vardır. Bu sınaqlar kimyəvi reaksiyalara nisbətən bəzi alkaloidlər üçün daha spesifıkdir.

Alkaloidlərin miqdari təyini. Bioloji materialdan təcrid edilmiş və təmizlən­miş alkaloidlər və digər toksik maddələrin miqdari təyini kimyəvi-toksikoloji analizin son mərhələsidir. Toksik maddələrin miqdari təyini onların eyniliyini müəyyən etdikdən sonra aparılır. Eyniliyi təyin edərkən elə toksik maddələr ta-pıla bilər ki, on­lar ölümdən qabaq müalicə məqsədilə terapevtik dozada qəbul edilmişdir və ölü­mün səbəbi ola bilməz. Digər tərəfdən tapılan maddə orqanizmin normal tərkib hissəsi ola bilər. Odur ki, belə hallarda toksik maddələrin miqdari təyini aparıl­malıdır.

Alkaloidlərin təsnifatı. Alkaloidlər molekullarında olan heterotsiklik nüvənin təbiətindən asılı olaraq aşağıdakı qruplara bölünür:

1) Piridin və piperidin törəmələri.


piridin piperidin

2) Tropan törəməli alkaloidlər.

Tropan piperidin və pirrolidin nüvələrinin kondensləşməsindən əmələ gələn bitsiklik nüvədir.


pirrolidin tropan

3)Xinolin törəməli alkaloidlər.

Xinolin a,b-benzopiridindir, yəni benzol və piridin nüvələrinin kondensləşməsi nəticəsində yaranır.



4) İzoxinolin törəməli alkaloidlər.

İzoxinolin b,g-benzopiridindir.

5) İndol törəməli alkaloidlər

İndol benzopirroldur, yəni benzol və pirrol nüvələrinin kondensləşməsi nəticəsində əmələ gəlir.


6) 1-metilpirrolizidin (heliotridan) törəməli alkaloidlər.

Pirrolizidin iki pirrolidin nüvəsinin kondensləşməsindən əmələ gəlir.


pirrolizidin heliotridan


7) Purin törəməli alkaloidlər.

Purin pirimidin və imidazol nüvələrinin kondensləşməsindən əmələ gələn bitsiklik nüvədir.


pirimidin imidazol purin


8) Atsiklik quruluşlu alkaloidlər.

9) Müxtəlif quruluşlu alkaloidlər.
Yüklə 69,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə