MühaziRƏ 4 Əmək mühafizəsi üzrə işlərin təşkili Plan



Yüklə 114,5 Kb.
tarix15.11.2018
ölçüsü114,5 Kb.
#79741
növüQaydalar


MÜHAZİ4
Əmək mühafizəsi üzrə işlərin təşkili

Plan


  1. Əmək mühafızəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi

  2. Əmək mühafizəsinin öyrədilməsi və təlimatların növləri

  3. Əmək mühafizəsi norma və qaydalarına dövlət nəzarəti

  4. Əmək mühafizəsinə ictimai nəzarət

  5. Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər

Əməyin mühafizəsi tədbirlərinin planlaşdırılması

Müəssisələrdə sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi Əmək Məcəlləsinin 222-ci maddəsində nəzərdə tutulmuşdur.

Həmin maddənin 2-ci hissəsinə görə işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafızəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.


  1. əmək şəraitinin və istehsalat proseslərinin səmərələşdirilməsinin perspektiv

planı.

  1. təhlükəsizlik texnikası və istehsalat sanitariyasının səmərələşdirilməsinin illik planı.

  2. sanitariya-sağlamlıq tədbirlərinin kompleks planı.

Əmək şəraitinin yaxşılaşdırılması sahəsində əməyin mühafizəsi üzrə illik tədbirlər planı əsasən üç bölmədən ibarət olur:

  1. Bədbəxt hadisələrə qarşı tədbirlər;

  2. İstehsalat xəstələnmələrinə qarşı tədbirlər;

  3. Əmək şəraitinin yaxşılaşdırılması üzrə ümumi tədbirlər;

Əmək mühafizəsi sahəsində işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədilə nəzərdə tutulan tədbirləri düzgün və vaxtında həyata keçirmək üçün pul vəsaiti olmalıdır.

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi

Əmək Məcəlləsinin 220-ci maddəsində əməyin mühafızəsi tədbirlərinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Məqsəd və təyinatından asılı olmayaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin gəliri hesabına maliyyələşdirilir.

Əməyin mühafızəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır. Bu vəsaitin başqa məqsədlərə sərf edilməsi qadağandır.

Əmək məcəlləsinin 221-ci maddəsinə uyğun əməyin mühafizəsi fondu yaratmaq nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəssisələr səviyyəsində əməyin mühafizəsi fondu yaradılır. Dövlət Əməyin Mühafizəsi fondu müvafiq İcra Hakimyyəti tərəfindən təsdiq edilir.

Dövlət Əməyin Mühafizəsi fondu: dövlət büdcəsindən ayırmalar; müəssisələrin mənfəətlərinin bir faizi miqdarında ayırmalar; əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalandırılmış vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyə edilmiş hissəsi; müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil edilir.



Əmək mühafizəsinin öyrədilməsi və təlimatların növləri

Əməyin mühafızəsi sahəsində rolu az olmayan təlimatlar hər bir müəssisənin özündə həmin müəssisənin həmkarlar təşkilatı ilə birlikdə hazırlanır və təsdiq olıunur. Əməyin mühafizəsi sahəsində qanunvericilik aktlarına uyğun olaraq nazirliklər, baş idarələr, dövlət konsernləri, assosiasiyalar və birliklərdə sahə həmkarlar ittifaqları təşkilatının mərkəzi komitələri ilə birlikdə təlimatlar hazırlayır və onu təsdiq edirlər. Bundan başqa müəssisələrdə işçilərə əmək təhlükəsizliyinin öyrədilmə növləri və qaydaları, əmək təhlükəsizliyinin öyrədilməsi barədə DÜİST 12.0.004-89 əsasında müəyyən edilir. Qüvvədə olan normativ sənədlərə və əsasnaməyə uyğun olaraq müəssisə və təşkilatlarda işə qəbul edilənlər əməyin təhlükəsizliyi üzrə təlimatlandırılmalı və işləyənlər ixtisas dərəcələrini artırmalıdırlar. Əlavə təhlükəsizlik şərtləri tələb edən işlərdə çalışan işçilər xüsusi proqramla öyrədilir, imtahan verir və həmin işləri aparmaq hüququ verən vəsiqə alırlar.

Əməyin mühafızəsinin təşkilində işəgötürənin (müdiriyyətin) ən başlıca vəzifələrindən biri mövcud qaydalarla işçiləri tanış etməkdən ibarətdir. İşəgötürən işçini işə qəbul edərkən, onu təhlükəsizlik texnikası, istehsalat sanitariyası, eləcə də yanğından mühafızə qaydaları ilə tanış etməlidir. Həmin tanışlıq qanunvericilik əsasında rəsmiləşdirilir.

Nəzərdə tutulan qaydalarla tanışlıq, yaxud izahat işlərinin vacib və zəruriliyi haqqında kollektiv müqavilələrdə, habelə digər normativ sənədlərdə xüsusi göstərişlər vardır.

Əmək təhiükəsizliyi standartlar sistemi DÜİST 12.0.004-89 və digər normativ hüquqi aktlara uyğun işçilərə keçilən təlimatların növləri aşağıdakılardır:


  1. Giriş təlimatı;

  2. İş yerinə görə (peşə üzrə) təlimat:

  3. Təkrar təlimat;

  4. Növbədənkənar təlimat;

  5. Məqsədli təlimat.

Müəssisədə işə yeni qəbul edilən bütün işçilərə, o cümlədən müvəqqəti və mövsümi işlər, ezamiyyətə gəlmiş şəxslərə, istehsalat təcrübəsinə göndərilmiş şagird və tələbələrə təhsilindən, iş stajından və vəzifəsindən asılı olmayaraq təhlükəsizlik texnikası üzrə giriş təlimatı keçilməlidir.

Giriş təlimatı dedikdə yeni işə qəbul olunan və başqa işə keçirilən işçi ilə fərdi olaraq aparılan təlimat nəzərdə tutulur. Giriş təlimat işçilərlə tək-tək, yaxud qrup halında söhbət, mühazirə formasında aparılır. Giriş təlimatını əmək mühafızəsi mühəndisinin iştirakı ilə uyğun sahənin baş mütəxəssisi keçir.

Giriş təlimatının xüsusi təşkil edilmiş əmək mühafızəsi kabinetində aparılması nəzərdə tutulur. Giriş təlimatı aparıldıqdan sonra əmək qanunvericiliyinə uyğun olan jurnal və şəxsi vərəqə formalarında sənədləşdirilərək rəsmiləşdirilir.

Giriş təlimatı zamanı təlimatı keçən təlimat alan işçilərə aşağıdakı məsələləri başa salır: müəssisənin daxili əmək intizamı qaydalarını; sanitariya-gigiyena, təhlükəsizlik texnikası, əmək haqqından ümumi qaydaları; müəssisə ərazisində özünü gözləmək qaydalarını; zərər çəkən şəxslərə ilk yardım göstərmək qaydalarını; baş vermiş hadisənin bir neçəsinin səbəbini və təhlilini izah etmək və s..

Giriş təlimatı sənədləşdirildikdən sonra işçi əvvəlcədən müəyyən olunmuş iş yerinə (sex, sahə) göndərilir.



İş yerinə görə təlimat. İşə qəbul edilən işçi giriş təlimatı aldıqdan sonra nəzarət vərəqəsi ilə nəzərdə tutulan iş yerinə göndərilir. İş yerinə görə (peşə üzrə) təlimat növünü laboratoriya müdiri, emalatxana müdiri və başqaları iş yerinə təzə gələn işçilərə işin (peşənin) xüsusiyyətinə uyğun keçir. İş yerinə görə təlimatlandırma zamanı işçiyə aid olan məsələlər ətraflı başa salınır. İş yerinə görə təlimatın keçilmə müddəti işin xüsusiyyətinə uyğun müəyyən edilir.

Təlimatlandırma zamanı işçilərə aşağıdakı məsələləri başa salmaq və öyrətmək nəzərdə tutulur:

1. İş yerinin (maşın, mexanizm, avadanlıq və s.) quruluşu, iş prinsipi, işdə baş verə biləcək təhlükəli hallar və təhlükənin aradan qaldırılma yolları.

2. İş yerinin təmiz və səliqəli saxlanılması.

3. Fərdi mühafızə vasitələri və qoruyucu quruluşlardan istifadə etmək qaydaları.

4. Bədbəxt hadisələrdən zərərçəkənlərə ilk yardım qaydaları.

5. İş yerində tələb olunan təhlükəsizlik, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi qaydaları.

İş yerinə görə təlimat keçildikdən sonra təlimatların keçirilməsi barədə jurnalda qeydə alınır. İş yerində təlimatın sənədləşdirildiyi jurnal işçinin işlədiyi müəssisədə saxlanılır.

İş yerinə görə təlimat, əsasən işçi bir iş yerindən digər iş yerinə keçirilərkən, istehsalat təcrübəsinə gəlmiş şagird və tələbələrlə, yeni iş yerinə yetirən işçilərlə, tikinti-quraşdırma işləri aparanlarla və s. keçilir. Bütün hallarda təlimatın keçirilməsi yuxarıda göstərilən xüsusi jurnalda qeydə alınır.

Təkrar təlimat. Bütün işçilərin əmək mühafızəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, əməyin gigiyenası, yanğın təhlükəsizliyi barədə mövcud qayda və təhlükəsiz iş üsullarını, habelə təlimatları hansı səviyyədə bilməsini müəyyən etmək üçündür. Bu məqsədlə ildə iki dəfədən az olmayaraq bütün işçilər təkrar təlimat növünü keçməlidirlər. Təkrar təlimat mövsümi işlərə uyğun, yaxud müəssisə yeni iş pririsipli maşınlar, kimyəvi preparatlar aldıqda həmin işlərə görə uyğun sahənin baş mütəxəssisi tərəfindən keçirilir. Təkrar təlimat zamanı işçilərə daha təhlükəsiz iş üsullarını təmin edən məsələlərə fikir vermək, onların mükəmməl nəzəri və praktiki biliyə malik olmasına çalışmaq lazımdır.

Uyğun sahənin baş mütəxəssisi işçilərə təkrar təlimat zamanı, əsasən aşağıdakı məsələləri başa salmalıdır:

1. Görüləcək işin məzmunu, həmin işə uyğun təhlükəsiz iş üsulları.

2. Görüləcək işlərə uyğun tələb olunan təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaları.

3. Fərdi mühafızə və qoruyucu vasitələrdən düzgün istifadə etmək və onları sınaqdan keçirmə qaydaları.

4. İş yerinin düzgün təşkil edilməsi.

5. Zərər çəkmiş şəxsə həkimə qədər ilk yardım qaydaları.

6. Maşın və mexanizmlərin istismar qaydalarına düzgün əməl olunması və s.

Təkrar təlimatı keçməkdə məqsəd fərdi və qrup halında eyni ixtisaslı işçilərin təsdiq edilmiş proqram əsasında əmək mühafizəsi sahəsində norma və qaydaları bilmək səviyyəsini artırmaqdan ibarətdir.

Təkrar təlimat öyrədilib qurtardıqdan sonra əməyin mühafızəsinə görə qüvvədə olan “Təlimatların öyrədilməsi barədə qeydiyyatlar” jurnalında sənədləşdirilib qeydi aparılır. Jurnalın forması iş yerinə görə təlimat növündə göstərilmişdir.



Növbədənkənar təlimat. Bu təlimat növü iş yerinə görə təlimat həcmində baş müxtəxəssis tərəfindən eyni ixtisaslı işçilərə qrup halında və ya fərdi qaydada keçirilir.

Növbədənkənar təlimatı, əsasən aşağıdakı hallarda keçmək tələb olunur:

a) əmək mühafizəsi qaydalırının dəyişdirilməsi zamanı;

b) əməyin təhlükəsizliyinə təsir göstərən texnoloji proseslərin dəyişdirilməsi zamanı;

c) əməyin təhlükəsizliyinə əlavə tədbirlər göstərilərsə, işdə 30 təqvim günündən çox fasilə olduqda, başqa işlər üçün 60 gün olarsa;

d) əmək təhlükəsizliyi tələblərinin pozulması ilə zədələnmə (travma), qəza, partlayış və yanğın baş verərsə.

Növbədənkənar təlimat növündə təlimatı keçən şəxs işçilərə işin xarakterindən asılı olaraq təhlükəsizlik texnikası qaydaları tələblərinə uyğun lazım olan məsələləri başa salır. Əvvəlki təlimatların keçirilməsi zamanı mövcud olan nöqsanları aradan qaldırmaq məqsədilə görüləcək tədbirlər yenidən öyrədilir.

Növbədənkənar təlimat keçildikdən sonra iş yerinə görə təlimatda göstərilən ümumi “Təlimatların öyrədilməsi barədə qeydiyyatlar” jurnalında sənədləşdirilib qeyd aparılır.



Məqsədli təlimat əməyin mühafızəsi sahəsində ən təhlükəli işlərdə icazə naryadı tələb edilən işlərə göndərilən işçilərə keçilir. Təlimat keçən işçinin təlimatı mənimsəmə səviyyəsini mütləq yoxlamalıdır. Məqsədli təlimatı icazə naryadını verən şəxs aparır. Təlimatın keçirilməsi naryadda qeyd edilir. Görülən işin xarakteri və şəraiti bir neçə dəfə dəyişərsə, məqsədli təlimat da həmin sayda keçirilməlidir.

Əmək mühafizəsi norma və qaydalarına dövlət nəzarəti

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Azərbaycan Respublikası Əmək məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinə dair normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı (Dövlət Əmək Müfəttişliyi) həyata keçirir.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları inzibati hüquq pozulmaları haqqında Azərbaycan Respublikasının məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (Dövlət Əmək Müfəttişliyi) hüquqları, vəzifələri və fəaliyyət qaydaları Aərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzim edilir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və göstərişlərindən məhkəməyə şikayət verilə bilər.

Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq normativ aktlara əməl edilməsinə dövlət nəzarəti Əmək məcəlləsinin 235-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən əməyin mühafizəsi normalarının, qaydalarının, habalə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan(Dövlət Əmək Müfəttişliyi) nəzarət edir.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəsi şəxslərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar hökmən icra olunmalıdır.

Əmək məcəlləsinin 308-ci maddəsinə görə işə götürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən əmək məcəlləsinin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə Əmək məcəlləsinin 15-ci maddəsi ilə müəyyən edilmiş Dövlət Əmək Müfəttişliyi orqanı həyata keçirir.

Azərbaycan Respublikası ərazisində əmək qanunvericiliyinə və normativ hüquqi aktların tələblərinə, norma və qaydalarına dürüst və eyni cür əməl olunmasına dövlət nəzarəti Azərbaycan Respublikası prokurorluğu tərəfəndən həyata keçirilir.

Əməyin mühafizəsi sahəsində qüvvədə olan qayda və normalara düzgün əməl edilməsinə Dövlət nəzarətini aşağıdakı səlahiyyətli orqanlar və müəyyən sahələr üzrə inspeksiyalar üzrə həyata keçirirlər.



  1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi.

2. Sahə həmkarlar ittifaqının, yaxud Respublika Həmkarlar İttifaqları Konfederasiyasının texniki əmək inspeksiyaları

3. Dövlət Sənayesdə işlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsi nəzdində «Dövlətdağnəzarət» inspeksiyası.

4. Respublika Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət sanitariya nəzarətçiləri

5. Respublika Energetika Nazirliyinin Dövlət Energetika nəzarətçiləri

6. Respublika Daxili İşlər Nazirliyində Dövlət Yanğın Müfəttişliyi

7. Respublika Daxili İşlər Nazirliyi yanında Dövlət Avtomobili Müfəttişliyi və başqaları.

Əmək qanunvericiliyinə uyğun dövlət nəzarət orqanlarının hər biri özünün xidməti sahəsində əməyin mühafizəsinə dair norma və qaydaların pozulmasına görə təqsiri olan işçini, işəgötürəni, müəssisə rəhbərini müəyyən olunmuş formada və məbləğdə cərimə etmək hüququna malikdir.

Dövlət Əmək MüfəttişliyiVətəndaşların Azərbaycan Respublikası Konstitutsiyası ilə nəzərdə tutulmuş əmək hüquqlarının müdafiəsini təmin edən və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır.

Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətində Azərbaycan Respublikası Konstitutsiyasını, Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarlarını, normativ və hüquqi aktlarını, habelə Dövlət Əmək Müfəttişliyi haqqında Əsasnaməni rəhbər tutur.

Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini Azərbaycan Respublikasının əməyin mühafizəsi sahəsində sahə nəzarəti orqanları, həmkarlar ittifaqı, işəgötürənlərlə sıx əlaqədə durur.

Texniki əmək inspeksiyaları. Müəssisələrdə işlərin təhlükəsiz görülməsi üzərində dövlət nəzarətini yerinə yetirən orqan həmkarlar ittifaqının texniki əmək inspeksiyasıdır. Texniki əmək inspeksiyaları xidmət etdiyi təsərrüfat sahələrində işlərin təhlükəsiz aparılmasına, istehsalat sanitariyasının vəziyyətinə və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət edir və müəssisələrin həmkarlar ittifaqı komitələrinə bu sahədə köməklik göstərir.Texniki əmək müfəttişi istehsalatda baş vermiş bədbəxt hadisə və qəzaları təhqiq edir, bu barədə hüquqi-təhqiqat orqanlarına texniki rəy verir. Texniki əmək müfəttişinin rəyi hüquqi qüvvəyə malik olan aktdır ki, onun əsasında müəyyən inzibati və ya cinayət-hüquq xarakterli tədbirlər görülür. Həmin aktın əsasında bədbəxt hadisə nəticəsində sağlamlığın pozulmasına görə zərərin və eləcə də bədbəxt hadisə ilə əlaqədar olaraq həmkarlar ittifaqı təşkilatının sərf etdiyi ictimai sığorta vəsaitinin ödənilməsi üçün müəssisəyə vətəndaşlıq iddiası verilə bilər.

Texniki əmək müfəttişləri maneəsiz olaraq istədikləri vaxt xidmət etdikləri müəssisə ərazisini gəzmək, əməyin mühafizəsi məsələləri üzrə müdiriyyətdən lazımi sənədləri, arayışları, izahatları və s. tələb etmək; əməyin mühafizəsi haqqında qanunvericiliyin texniki təhlükəsizlik və istehsalat səviyyəsi qaydalarının pozulması hallarını aradan qaldırmaq barəsində məcburi göstərişlər vermək, lazım gəldikdə texniki ekspertiza aparılmasını tələb etmək səlahiyyətinə malikdirlər.



Dövlət sanitariya nəzarəti. Müəssisələrdə sanitariya- gigiyena normalarına, epidemiyaya qarşı sanitariya norma və qaydalarına düzgün riayət olunması üzərində dövlət sanitariya nəzarəti haqqında əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sanitariya – epidemiologiya orqanları və idarələrin bəzilərində isə müvafiq nazirliklərin və idarənin tibbi xidmətləri həyata keçirilir.

Dövlət energetika nəzarəti. Elektrik qurğularına təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbirlər üzərində dövlət nəzarətini respublika ərazisində dövlət energetika nəzarəti haqqında əsasnaməyə uyğun olaraq Energetika Nazirliyinin Dövlət Energetika Nəzarət Sisteminin inspeksiya nəzarətçiləri həyata keçirirlər.

Dövlət energetika nəzarəti sisteminin əsas vəzifəsi nəzərdə tutulan nazirliyə tabe olan elektrik stansiya və şəbəkələrinin texniki vəziyyətinə, elektrik qurğularında təhlükəsiz xidmətin təmin olunmasında tədbirlərin aparılmasına, elektrik enerjisinin düzgün istifadə olunmasına və verilən enerjinin keyfiyyətli olmasına nəzarəti düzgün yerinə yetirməkdən ibarətdir.



Dövlət yanğın nəzarəti. Dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarnın yanğına qarşı tədbirlərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun bölmələrinin vəzifəli şəxsləri tərəfindən aparılır.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikası yanğın nəzarəti üzrə Baş Dövlət inspektorudur.



Dövlət dağ-mədən texniki nəzarəti. Sənaye müəssisələrində və bəzi obyektlərdə işlərin təhlükəsiz görülməsi qaydaları üzərində dövlət nəzarətini Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ - Mədən Nəzarəti Komitəsi və onun yerli orqanlar bu komitə haqqında əsasnaməyə uyğun olaraq həyata keçirirlər.

Sənayedə dövlət dağ mədən texniki nəzarəti filiz- mədən, neft və qaz çıxarma, neft və qaz emalı sənayesi, habelə qaldırıcı qurğuların, təzyiq altında işləyən qazan qurğularının, boruların, bixar, isti su boru kəmərlərinin, qazın nəql etdirilməsi, saxlanması və ondan istifadə edilməsi ilə əlaqədar olan obyektlərin inşa edilməsində və istifadəyə verilməsində, partlayış işlərinin aparılmasında və s. qüvvədə olan əməyin mühafizəsi qayda və normalarının düzgün həyata keçirilməsinə nəzarəti yerinə yetirir.

Dövlət dağ - mədən texniki nəzarət orqanları öz işlərinin aparılmasında əməyin mühafizəsinə dair bütün tələbatlara, avadanlıqların düzgün istismarına və texniki vəziyyətinə, işçilərin attestatsiya olunmasına və təhlükəsizlik texnikası qaydalarına işçi yerlərində riayət olunmasına nəzarət edilir.

Əməyin mühafizəsinə ictimai nəzarət

Əmək qanunvericiliyinə və əməyin mühafizəsi sahəsindəki qaydalara və normalara riayət olunmasına ictimai nəzarət həmkarlar ittifaqı komitələri tərəfindən yerinə yetirilir.

Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti əmək kollektivinin müvəkkil etdiyi şəxslər və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri həyata keçirirlər.Əmək mühafizəsi üzrə əmək kollketivinin müvəkkil etdiyi şəxsin həmkarlar ittifaqı təşkilatının nümayəndələrinin iş yerlərində əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlamaq, aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını vəzifəli şəxslərdən tələb etmək, habelə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə işə götürən qarşısında məsələ qaldırmaq hüququ vardır.

Əmək mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün işə götürən ona hər həftə əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır.

Əmək məcəlləsinə görə işçilərin və işə götürənlərin əmək hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarət «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası qanununda və məcəllədə nəzərdə tutulmuş qaydaya müvafiq həmkarlar ittifaqları orqanları, habelə işə götürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir.

İşə götürən tərəfindən həmkarlar ittifaqlarının məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yol verilməzdir.


Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər

Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri Əmək məcəlləsinin 186-cı maddəsinə uyğun nəzərdə tutulur. Belə ki, işə götürən və işçi normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə ohdəlikləri icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

İşçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər.

a) töhmət vermək

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək

c) kollektiv müqavilədə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının

25% -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək və s.

Əmək məcəlləsinin 310-cu maddəsinə görə istər işçilər, istərsədə işə götürənlər, istərsə də başqa fiziki şəxslər əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qayda ilə məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyalarını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.



İnzibati məsuliyyət. Əmək məcəlləsinin 312-ci maddəsinə müvafiq əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər, inzibati hüquq pozmalar haqqında nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

İnzibati məsuliyyət vəzifəli şəxsin müəyyən edilmiş qaydada cərimə olunmasıdır. Dövlət əmək müfəttişləri, həmkarlar ittifaqının texniki əmək müfəttişləri, Dövlətdağnəzarət, sanitariya nəzarəti orqanları inzibati qaydada cərimə etmək hüququna malikdirlər.

Dövlət nəzarəti orqanları əməyin mühafizəsi qaydalarının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edə bilərlər. Cərimə olunmuş vəzifəli şəxs on gün müddətində xalq məhkəməsinə şikayət edə bilər. Məhkəmənin şikayətlər barədə hökmü qətidir və bu hökmdən şikayət verilə bilməz.

Əmək qanunvericiliyinə görə inzibati məsuliyyətə yalnız istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına cavabdeh olan vəzifəli şəxslər kimi müəssisə rəhbərliyi, sahə rəhbərəri, baş mütəxəssislər, iş icraçıları, briqadirlər və başqaları cəlb olunurlar.

İnzibati cəzalar əməyin mühafizə qaydalarının pozulması faktı aşkara çıxarılan vaxtdan bir ay keçənə qədər verilə bilər.

Cinayət məsuliyyəti. Əmək məcəlləsinin 313-cü maddəsinə görə müvafiq ictimai – təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi qaydalarını və ya işçilərin, işə götürənlərin hüquqlarını və qanuni mənafelərini, habelə Əmək məcəlləsinin tələblərini hər hansı formada kobud şəkildə pozan şəxslər Azərbaycan Respublikasının Cinayət məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.

Əmək qanunvericiliyinin qəsdən pozulmasında, işçilərin qeyri-qanuni işdən çıxarılmasında, qeyri-qanuni işdən çıxarılmış işçilərin işə qaytarılması haqqında məhkəmənin qərarı pozulduqda, işə qəbulun inkar edilməsində, hamilə qadınların və yaxud südəmər uşağı olan qadınların işdən qanunsuz azad edilməsində rəhbər və s. işçilər cinayət məsuliyyətinə cəlb olunurlar.

Əməyin mühafizəsi qaydalarının pozulması ilə bədbəxt hadisələr yarandıqda, yaxud yarana bilərsə, habelə ağır nəticəli hallar baş verdikdə vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Cinayət məsuliyyətində təqsirkar vəzifəli şəxslərə cəza formaları müəyyən edilir: cərimə, işdən çıxarmaq, bir ilə qədər azadlıqdan məhrum edilmə, islah-əmək işlərinə cəlb edilmə, vəzifədən kənar edilmə.

Əməyin mühafizəsi qaydalarının pozulması işçinin zədələnməsinə və ya əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdursa, üç ilə qədər azadlıqdan məhrum edilmə və ya bir ilə qədər islah əmək cəzası verilir. Əməyin mühafizəsi tələblərinin pozulması ölüm və bir neçə şəxsin ağır zədələnməsi ilə nəticələnmişdirsə, beş ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

Vəzifəsi olmayan şəxsin əmək mühafizəsi qaydalarını pozması nəticəsində işçi bədbəxt hadisəyə düçar olmuşdursa, həmin şəxs müqəssir kimi cinayət məsuliyyətinə cəlb edilə bilər.

Maddi məsuliyyət. Əmək məcəlləsinin 191-ci maddəsinə müvafiq əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işə götürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək məcəlləsinə və ya müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqdan vurduqları ziyana görə maddi məsuliyyət yaranır.

a) ziyanın həqiqətən vurulduğu aşkar olunduqda

b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda

c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda

Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri Əmək məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuşdur. Yəni, ziyan vurmaqla təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

İşə götürən işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar Əmək məcəlləsinin 195-ci maddəsində, işçiyə dəyən maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası 196-cı maddədə nəzərdə tutulmuşdur.

Əmək məcəlləsinin 197-ci maddəsinə uyğun işçiyə dəymiş maddi ziyanın ödənilməsinə baxılma qaydası göstərilmişdir. İcra ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işə götürənə ərizə ilə müraciət etməlidir. İşə götürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.

İşçi bütövlükdə və ya qismən işə götürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Əmək məcəlləsinin 200-cü maddəsinə görə tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işə götürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

İşə götürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işə götürənin əmri ilə həyata keçirilir.



Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edərsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.





Yüklə 114,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə