MühaziRƏ 9 Obyektlərin identifikatlaşdırılması və təsnifatlaşdırılması



Yüklə 42,75 Kb.
tarix02.12.2017
ölçüsü42,75 Kb.
#13596

MÜHAZİRƏ 9

Obyektlərin identifikatlaşdırılması və

təsnifatlaşdırılması.
Plan

  1. İdentifikatlaşdırmanın mahiyyəti.

  2. İdentifikatlaşdırmanın əsas metodları.

  3. Obyektlərin təsnifatlaşdırılmasının mahiyyəti.

  4. Təsnifatlaşdırmanın əsas metodları.


İdentifikatlaşdımanın mahiyyəti.

İdentifikatlaşdırma obyektə onu digər obyektlərdən birmənalı surətdə fərqləndirən unikal adın, nömrənin, nişanın, şərti işarənin, əlamətin verilməsidir. Obyektə unikallıq verən ad, nömrə, nişan, şərti işarə, əlamət identifikator adlanır.

Şərti işarə dedikdə, obyektin identifikatlaşdırılmasını təmin edən hərf, rəqəm və digər işarələrin müəyyən qaydalar üzrə tərtib edilmiş dəsti (yığımı) başa düşülür.

Məlumdur ki, hər bir obyekt onu digər obyektlərdən, hətta oxşar obyektlərdən fərqləndirən əlamətlərə malikdir. Bu əlamətləri insan özünün hiss orqanları vasitəsilə dərk edir. Bizim hiss orqanlarımız hər bir obyekt haqqında informasiyanı qəbul edir və onu beynimizə ötürür. İnsan beyni informasiyaları yadda saxlamaq, təhlil etmək və lazımi qərarlar qəbul etmək üçün böyük imkanlara malikdir. Bir obyekti digərlərindən həmin obyektə məxsus olan müəyyən əlamətlərə görə fərqləndirirlər. Bu zaman insan çalışır ki, ən zəruri əlamətləri və ya bir əsas əlaməti seçsin. Bu əlamət identifikatordur. Məsələn, mağazadan müəyyən avtomobili alan zaman bir alıcı üçün identifikator ağ rəngdir, digəri üçün isə qırmızı rəngdir. Praktiki olaraq soyadlar, adlar, nömrələr, işarələr, ünvanlar, xarakteristikalar, göstəricilər və s. obyektlərin identifikatorlarıdır. Konkret obyekti bir çox digər obyektlərdən dəqiq fərqləndirmək üçün bir neçə identifikatorlardan istifadə etmək lazımdır. Məsələn, avtomobilin rəngindən əlavə onun qiymətinin müəyyən məbləğdən baha olmaması da alıcılar üçün vacibdir.

Müxtəlif situasiyalarda konkret obyektin və ya oxşar obyektlər qrupunun identifikatlaşdırılması zərurəti meydana çıxır. Belə ki, maddi-texniki təminat məsələlərinin həlli üçün konkret markalar, modellər, artikullar, tiplər, məhsulu tam identifikatlaşdıran xassələr haqqında informasiya alınmalıdır. Bu informasiya məhsulun düzgün seçilməsinə və onun satın alınması haqqında qərar qəbul etməyə imkan verir. Bu məqsədlə minimum və maksimum informasiyalardan istifadə edilə bilər. Minimum informasiya yığımı məmulatın adını, onun şərti işarəsini və ya kodunu, nömrəsini, həmin məmulatın xarakteristikalarını təyin edən normativ və ya texniki sənədin işarəsini özündə birləşdirir. Maksimum informasiya yığımı minimum informasiya yığımına əlavə olaraq məmulatın fıziki-kimyəvi və istismar (istehlak) xarakteristikalarını özündə birləşdirir.

İdentifikatlaşdırmanın əsas metodları

Obyektlərin identifikatlaşdırılmasının ən çox istifadə edilən metodları aşağıdakılardır:


  • unikal adlar metodu;

  • rəqəmli nömrələr metodu;

  • şərti işarələr metodu;

  • təsnifat metodu;

  • istinad metodu;

  • təsviri metod;

  • təsviri-istinad metodu.

Unikal adlar metodu ən qədim metoddur. Planetlərin, çayların, dağların və s. adları unikaldır və “obyekt-ad” və ya “ad-obyekt” söz birləşməsi kimi ifadə edilir. Məsələn, Yer planeti, Xəzər dənizi, Kür çayı, Baykal gölü və s. Obyektlərə verilən unikal adlar identifikatorlardır. Onlar identifikatlaşdırılan obyektlər haqqında informasiyanın işlənməsi (emalı) sistemlərində geniş tətbiq olunurlar, məsələn: Mingəçevir hidroelektrik stansiyası, “Mir” kosmik stansiyası, “Texkor” mühafizə örtüyü. “Obyekt-ad” söz birləşməsinin istifadəsi identifikatlaşdırmanın məcburi şərtidir, belə ki, eyni ad bir neçə obyektə verilə bilər: Məsələn Kür çayı, “Kür” restoranı, “Kür” kinoteatrı və s.

Rəqəmli işarələr metodu ən geniş yayılmış metodlardan biridir. Obyektin adı ilə birlikdə onun nömrəsi obyekti birmənalı identifikatlaşdırmağa imkan verir. Hazırda praktikada nömrəli identifikatlaşdırmanın iki əsas üsulu tətbiq olunur: sıra və seriyalı-sıra üsulları.

Obyektə sıra nömrəsi tərtib olunmuş sıra əsasında verilir. Bu sıranı nömrələnməni həyata keçirən orqan müəyyən edir. Məsələn, qatarların nömrələnməsini dəmir yol nəqliyyatını idarə edən orqan, avtobusların nömrələnməsini avtobus hərəkətini idarə edən orqan, küçədə evlərin nömrələnməsini kommunal xidməti müəyyən edir. Böyük şəhərlərdə evlərin nömrələri şəhərin mərkəzindən uzaqlaşdıqca artır. Burada cüt nömrələr küçənin sağ tərəfində (mərkəzdən baxdıqda) yerləşən evlərə verilir. Çox hallarda obyektlərə nömrələr onların meydana çıxdığı, uçotu, qeydiyyatı zamanı verilir: növbədə adamın nömrəsi, konkret müəssisədə işləyən şəxsin tabel nömrəsi, sənədi qeydiyyatdan keçirən zaman ona verilən nömrə və s.

Bu üsulun müsbət cəhəti ondan ibarətdir ki, o, obyektin sadə və qısa (işarələrin miqdarına görə) identifıkatlaşdırılmasını təmin edir. Onun çatışmayan cəhəti isə qeyri-informativlikdir, yəni sıra nömrəsi və ya adın verildiyi obyekti xarakterizə edən bir neçə əlamətlərin olmamasıdır. Bu çatışmamazlıq obyekti identifikatlaşdıran seriyalı sıra nömrəsinin istifadəsi ilə bir qədər azalır. Məsələn, əgər otağın mərtəbə ilə əlaqələndirilməsi 4.18 kimi göstərilibsə, bu 18 nömrəli otağın 4-cü mərtəbədə yerləşdiyini göstərir.

Seriyalı-sıra üsuluna tipik misal kimi tarixin identifikatlaşdırılmasını göstərmək olar. Məsələn 16.04.96 tarixi 1996 –cı ilin aprel ayının 16-nı identifikatlaşdırır. Vətəndaşlara şəxsiyyat vəsiqəsinin verilməsi sistemində vəsiqənin seriyalı-sıra nömrəli identifikatlaşdırılması geniş tətbiq olunur. Hər vəsiqə müəyyən seriya daxilində unikal 8 rəqəmli nömrəyə malikdir, məsələn seriya AZE №00398239.



Şərti işarələr metodu məhsulların və sənədlərin identifikatlaşdırılması zamanı geniş tətbiq edilir. Şərti işarələrin ən çox istifadə olunan üç üsulu mövcuddur: mnemonik (hafizəni möhkəmlətmə üsulu), təsnifat və mnemotəsnifat üsulları.

Şərti işarələrin qurulmasının mnemonik üsulu məhsul və ya sənəd haqqında lazımi məlumatların başa düşülməsini və yadda saxlanılmasını asanlaşdırır. Məsələn, şərti işarə “Traktor DT-75” obyektin adı ilə yanaşı, aşağıdakı mnemonik işarəni özündə birləşdirir: D-dizel, T-traktor, 75-mühərrikin gücü 75a.q.

Şərti işarələrin qurulmasının təsnifat üsulu o hallarda istifadə olunur ki, informasiya kompüter sistemlərində işlənilir (emal edilir). Bunun əsasında məmulatların və konstruktor sənədlərinin vahid təsnifat sistemi qurulmuşdur.

Şərti işarələrin qurulmasının mnemotəsnifat üsulu yuxarıda göstərilən hər iki üsulların müsbət cəhətlərini özündə birləşdirir və informasiyanın yadda saxlanılmasını yaxşılaşdırır, onun kompüter emalının mümkünlüyünü təmin edir.



Təsnifat metodu o hallarda istifadə edilir ki, həll olunmalı məsələ üçün həmcins obyektlər qruplarının identifikatlaşdırılması zərurəti yaranır. Bu metodun üstünlüyü onun böyük informasiya tutumuna malik olmasıdır. Burada böyük obyektlər qrupundan müəyyən əlamətlərə malik olan lazımi obyektləri seçmək mümkündür. Bu metod obyektlərin sistemləşdirilməsini təmin etdiyi üçün bir çox fəaliyyət sahələrində geniş istifadə olunur. Bu metod xüsusilə idarəetmə sistemlərində informasiyanın emalı zamanı daha səmərəlidir. Məsələn, uşaq baxçaları və ya yük avtomobilləri, fəaliyyət növləri və ya zərərli istehsalat və s. haqqında informasiyanın toplanması zamanı bu metoddan istifadə edilir.

Təsnifat qruplaşmasına verilən kod konkret təsnifçi çərçivəsində həmin qruplaşmanın tam identifikatlaşdırılmasını təmin edir. Bu metod özünün sistemliliyinə və informativliliyinə görə bir çox hallarda digər metodlarla birgə tətbiq olunur.



İstinad metodu obyektlərin identifıkatlaşdırılması üçün o hallarda istifadə olunur ki, konkret xarakteristikaların (xassələrin, göstəricilərin, əlamətlərin) şərhi normativ və ya texniki sənədlərdə verilmiş olsun. Bu xarakteristikalar haqqında informasiyaya malik olmaq konkret məhsulun sifarişi zamanı çox vacibdir.

İdentifikatlaşdırma məmulatın adını, onun şərti işarəsini və bu məmulata qoyulan hərtərəfli tələbləri özündə birləşdirir, məsələn: yüngül minik avtomobilləri üçün pnevmatik şinlər QOST 4754-80 üzrə.

Sənədin konkret məmulatın identifıkatlaşdırılmasını təmin etmədiyi hallarda bir qayda olaraq məhsulun istehsalçısı haqqında informasiya əlavə edilir, məsələn: Dondurulmuş düşbərə TŞ 10 RF 570.19.94 “Orlovski” quş əti kombinatı.

Bu metodun mənfi cəhəti ondan ibarətdir ki, ondan istifadə edən zaman məhsulun əsas xarakteristikaları və xüsusiyyətləri açıqlanmamış qalır.



Təsviri metod o hallarda istifadə edilir ki, konkret obyekti onun xarakteristikalarını (xassələrini, parametrlərini, göstəricilərini) təsvir etməklə (yazmaqla) identifıkatlaşdırmaq zərurəti ortaya çıxır. Bu zaman eyni ada, tətbiq sahəsinə və bir-birinə yaxın göstəricilərin nomenklaturasına malik olan həmcins obyektlər bu göstəricilərin qiymətləri ilə bir-birindən fərqlənə bilərlər. Məsələn, yeyinti və ya qeyri- yeyinti maye malların saxlanılması üçün istifadə edilən plastik kütlədən hazırlanmış kanistrlərin texniki şərtləri əsas ölçülərə görə identifikatlaşdırılan bir neçə oxşar kanistrləri özündə birləşdirir:

Hündürlüyü, mm-dək

278

220

265

Uzunluğu, mm-dək

185

185

225

Eni, mm-dək

125

170

225

Kütləsi, kq-dək

0,33

0,40

0,70

İdentifıkatlaşdırmanın təsviri metodu obyektin bütün əsas xarakteristikalarından istifadəni nəzərdə tutur və onların köməyi ilə bu obyekti digər həmcins obyektlərdən fərqləndirməyə imkan verir.

Obyektlərin hərtərəfli təsviri bir qayda olaraq əsas göstəriciləri, xassələri, xarakteristikaları, ölçüləri, istifadə şəraitini, tətbiq sahəsini və s. özündə əks etdirən normativ və texniki sənədlərdə verilir. Məsələn, texniki şərtlərin dövlət standartları, həmçinin konkret məhsulun texniki şərtləri əsas parametrlər və ölçülər, ümumi texniki tələblər, təhlükəsizlik tələbləri, nəzarət metodları, qablaşdırmaya, nişanlamaya, daşınmaya və saxlanılmaya tələblər və s. kimi bölmələri özündə birləşdirir.

İdentifikatlaşdırmanın təsviri metodu tibbdə xəstənin tibbi kartasının, kriminalistikada cinayətkarın və törədilmiş cinayətin xarakterinin, geologiyada mineralın şərhi və s. üçün tətbiq olunur.

İdentifikatlaşdırmanın təsviri metodunun əsas üstünlüklərindən biri xarakteristikaların müqayisəsi yolu ilə həmcins obyektlərin tutuşdurulmasının mümkünlüyüdür. Müqayisə müxtəlif üsullarla, o cümlədən avtomatlaşdırılmış üsullarla aparıla bilər. Bu üsullar həmcins obyektlərin sistemləşdirilməsi və standartlaşdırılması məqsədi ilə onların seçilməsi zamanı, ən yaxşı xarakteristikalara malik olan obyektlərin yaxınlıq və müxtəliflik dərəcəsini müəyyənləşdirən zaman tətbiq olunur.



Təsviri-istinad metodunda identifikatlaşdırmanın təsviri metodundan fərqli olaraq obyektin əsas xarakteristikalarının ancaq o hissəsi istifadə edilir ki, bu xarakteristikalar müəyyən sənəddə verilir və bu sənədə istinad edilir. Kanada mütəxəssislərinin apardıqları tədqiqatlar göstərir ki, konkret obyektin səriştəli seçilməsi üçün yeddi əsas xarakteristika kifayətdir.

Bu metod müxtəlif obyektlər, həmçinin müxtəlif informasiya nəşrləri (kataloqlar, göstəricilər, kadastrlar və s.) haqqında məlumatlar bankının yaradılması zamanı geniş istifadə edilir. O, obyektlərin identifıkatlaşdırılması üçün zəruri informasiyanın həcmini xeyli azaltmağa imkan verir. Bu isə kompüter yaddaşından qənaətlə istifadə edilməsi və nəşrlərin həcminin ixtisarı üçün böyük əhəmiyyətə malikdir. Məhsulun kataloqlarında adətən onun adı, təyinatı və tətbiqi sahəsi, sifariş zamanı istifadə olunan şərti işarəsi, məhsula qoyulan bütün tələbləri özündə əks etdirən sənədlərin əsas işarələri, istehsalçı müəssisənin adı və ünvanı, həmçinin əsas xarakteristikaların ədədi qiymətləri verilir.

Obyektlərin təsnifatlaşdırılmasının mahiyyəti

Müxtəlif obyektlərin, hadisələrin, xassələrin və s. təsnifatlaşdırılması dünya təcrübəsində lazımi informasiyanın toplanması, işlənməsi və təqdim edilməsi üçün geniş istifadə edilir. Təsnifatlaşdırma obyektlərin sistemləşdirilməsinin əsasını təşkil edir, bu isə unifikasiya və standartlaşdırma üzrə aparılan işlərin ilk mərhələsidir.

Obyektlərin təsnifatlaşdırılması hər şeydən əvvəl o hal üçün zəruridir ki, burada əsas əlamətlərinə görə fərqlənən obyektlər çoxluğu haqqında informasiyanın emalı bir məsələ kimi qarşıya qoyulur, yəni çoxlu obyektlərin içərisindən müəyyən obyektlər haqqında informasiya almaq tələb olunur. Məsələn, məhsulun ümumi çoxluğu konkret məmulatların milyonlarla adını özündə birləşdirir: təyyarələr, avtomobillər, nasoslar, parçalar, ayaqqabılar, kostyumlar və s. Məhsul haqqında informasiya bir çox avtomatlaşdırılmış sistemlərdə emal olunur. Bu zaman məhsulla bağlı məsələlər ayrı-ayrı müəssisələrin, regionların, bütövlükdə ölkənin və beynəlxalq əməkdaşlığın avtomatlaşdırılmış sistemləri səviyyəsində həll olunur.

Məhsul haqqında informasiyanı elə yerləşdirmək (təsnifatlaşdırmaq) lazımdır ki, hər bir istifadəçi informasiyanın ancaq ona lazım olan hissəsini ala bilsin. Çoxsaylı informasiyalara əhali haqqında, müəssisə və təşkilatlar haqqında, əhaliyə xidmət haqqında, fəaliyyət növləri haqqında və s. informasiyanı aid etmək olar.



Təsnifatlaşdırmanın əsas metodları

Texniki-iqtisadi və sosial informasiya obyektlərin təsnifatlaşdırılmasının əsas metodları ierarxiya və faset metodlarıdır. Bu metodlar haqqında bir qədər geniş məlumatlar aşağıda şərh olunur.



Təsnifatlaşdırmanın ierarxiya metodu onunla xarakterizə olunur ki, ilkin obyektlər çoxluğu ardıcıl surətdə təsnifat qruplaşmaları üzrə bölünür, bunlar isə öz növbəsində daha az saylı qruplara bölünürlər (yəni hər qrupda yerləşdirilən obyektlərin sayı əvvəlki qrupa nisbətən az olur və s.)

Beləliklə, obyektlər siniflərə, qruplara, növlərə və s. bölünür. Bu bölgü obyektləri xarakterizə edən əsas əlamətlərə görə “ümumidən xüsusiyə doğru” prinsipi üzrə aparılır, yəni hər bir qruplaşma seçilmiş əlamətə müvafiq olaraq bir neçə digər qruplaşmalara bölünür, onlar isə öz növbəsində digər əlamətə görə yenidən bir neçə qruplaşmaya bölünür və s. Beləliklə, təsnifat qruplaşmaları arasında tabeçilik (ierarxiya) münasibəti müəyyənləşdirilir.

İerarxiya təsnifatlaşdırılmasının əsas üstünlükləri onun məntiqliyindən, ardıcıllığından və informasiyanın əl ilə emalı üçün yararlılığından ibarətdir. Onun mənfi cəhəti isə strukturun çevikliyinin az olmasıdır, çünki burada əlamətlər əvvəlcədən qəbul olunur və bu əlamətlərə görə bölgü aparılır. Bundan başqa, ierarxiya metodu əlamətlərin birgə tətbiq olunmasını nəzərdə tutmur, bu isə onun az çevikliyini bir daha sübut edir.

Təsnifatlaşdırmanın faset metodu onunla xarakterizə edilir ki, obyektlər çoxluğu verilmiş əlamətlərə malik olan konkret məsələlərin həlli üçün yarımçoxluqlara (təsnifat qruplaşmalarına) bölünür.

Faset təsnifatlaşdırılmasının qurulma ardıcıllığı ierarxiya təsnifatlaşdırılması ilə eynidir, yəni burada da obyektlər çoxluğu təyin edilir, bu çoxluğun əsas əlamətləri və bu əlamətlərin qrupları müəyyənləşdirilir, əlamətlər qruplarının (fasetlərin) və əlamətlərin- xarakteristikaların hərəkət etdirilmə qaydası seçilir.

Obyektlər çoxluğundan müəyyən əlamətlərə malik olan konkret yarımçoxluğu ayırmaq üçün obyekti hərtərəfli xarakterizə edən və onun identifkatlaşdırılmasını təmin edən əsas əlamətləri- xarakteristikaları seçmək, onları həmcinslilik (oxşarlıq) prinsipi üçün fasetlərdə qruplaşdırmaq və onlara kod vermək lazımdır.

Faset təsnifatlaşdırılmasının əsas üstünlüyü onun çevikliyidir. Bu çeviklik obyektləri lazımi əlamətlərinə görə sistemləşdirməyə və fasetlərin hər hansı birləşməsi üzrə informasiya axtarışını həyata keçirməyə imkan verir. O, həmcinin əlamətlərin seçilmiş siyahısı əsasında yarımçoxluqların formalaşmasına yaxşı şərait yaradır, lakin informasiyanın əl ilə emalı üçün bir qədər uyğunsuzdur.






Yüklə 42,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə