məsələlərlə yanaşı daha çox tətbiqi həndəsi məsələlərə baxılmışdır. Məsələn, kəsik piramidanın həcmi, bir
fiqurun səthinin sahəsi hesablanmışdır. Bu məsələlər və onların həlli Misirlilərin sanki müəyyən nəzəri,
ümumiləşdirici biliklərə malik olduqlarını göstərir. Moskva Papirusunun müəllifi məlum deyil.
Neugebauer Misir riyaziyyatının riyaziyyat elminə bir töhfə vermədiyini, hətta sonrakı dövr riyaziyyatına
mənfi təsir göstərdiyini (“əsas kəsrlər”dən: 1/2, 1/3, 1/4, 1/5,... həddindən çox istifadə etdiklərini) irəli sürür
(səh. 84). Görkəmli elm tarixçisinin bu iddiasını qəbul etmək çətindir. Misirlilərin riyazi bacarıqlarına
yunanlar o vaxtdan 1300-1400 il keçdikdən sonra yiyələnə bilmişdilər və onlar Misirlilərə minnətdar
olduqlarını qeyd edirdilər. Herodotun “həndəsə Misirdə başlanıldı, oradan Yunanıstana keçdi”
(Historia/The
Histories, II, 109)
və ya Aristotelin “Misirdə elm yarandı; məhz orda kahinləri zəruri olan sərbəst vaxtları
vardı”
(Metafizika, A1)
fikirlərini təkzib etmək üçün böyük əsas varmı?!
Qədim Misir zəka sahibləri və həkimləri
Bəzi Misir zəka sahiblərinin adı zamanımıza gəlib çatıb. Tot (Thoth, Thot, Thout) Misir mifologiyasına görə
tanrılarla insanlar arasında vasitəçi, Xeyir və Şər arasında hakim (yəni Filosof!?), yazı və bilik sisteminin
yaradıcısıdır. Adının necə tələffüz edildiyi məlum deyil, Tahuti, Tetu və digər çox variantlar var. Qədim
yunanlar onu Tot adlandırmış, riyaziyyatın, astronomiyanın, tibb və botanikanın atası saymış, öz tanrılarından
olan Hermes`lə onu qovuşdurmuş Hermes Trismegistus (Üçqat böyük Hermes) adı vermiş, əlkimyanın
təməlini də onun adı ilə bağlamışlar. Əlbəttə ki, Tot`u gerçək tarixi məlum olmayan əfsanələşmiş tarixi
şəxsiyyət saymaq olar. Lakin gerçək tarixi şəxslər olmuş yaradıcı insanlar da məlumdur. “-27”-ci əsrdə Merit-
Ptah adlı qadın, yəqin ki, adı məlum olan ilk həkim qadındır. Amenhotep (Hapu oğlu) “-15”-ci əsrin
sonlarında və əsasən “-14”-cü əsrin birinci yarısında yaşamış faraon 3-cü Amenhotep` sarayında memar,
səlnaməçi/yazıçı, kahin və dövlət adamı olub. O dövrün ən məşhur zəka və praktik fəaliyyət dühası sayılan
şəxs isə İmhotep (t. “-2650” – t. “-2600) adlı çoxbilgindir. Faraon Coser`in (Djoser, Zoser,...) vəziri və ya baş
vəziri olmuş, memar, mühəndis, həkim, filosof və şair kimi fəaliyyət göstərmişdir. Əhəng daşından tikilmiş
və qədim zamanlardan bu günə gəlib çatmış ən böyük memarlıq abidəsinin – Pilləvari Piramidanın (Saqqara,
Memfis yanında) memarı və mühəndisi olmuşdur.
(Şəkil)
İmhotep sağlığında istisna dərəcədə nüfuz sahibi
olmuş, ölümündən sonra adı get-gedə daha da məşhurlaşmış, müqəddəsdirilmiş, yunanlar onu həkim-tanrı
Alklepius`la eyniləşdirmişlər. Tarixi şəxslərdən biri də Hesira (Hesy-Ra) adlı tanınmış həkimdir, faraon
Coser`in sarayında fəaliyyət göstərmişdir.
Herodot`a görə Misirdə hər həkim bir xəstəliyi müalicə edir, yəni həkimlər ixtisaslaşmışlar və ölkə
həkimlərlə doludur; bu həkimlər bütün xəstəliklərin yeməkdən əmələ gəldiyini iddia edirdilər.
Mesopotamiya mədəniyyəti
Misir mədəniyyəti müəyyən mənada Nil çayına borclu idisə, Mesopotamiya (iki çay arası) bir-birinə yaxın iki
çaya –Dəclə və Fərat çaylarına, eləcədə bu “iki çay arası”na borcludur. Dövlətlər, xalqlar, dillər dəyişsə də,
bu yer böyük mədəniyyət mərkəzi olaraq davam etdi.
Babilistan hökmdarı Nabonessar və ondan sonra güclü
Assuriya hökmdarı 2-ci Tiqlat-Pileser (“-8”-ci əsr) dövrü riyaziyyat və astronomiyanın inkişaf dövrü idi,
Günəş və Ay tutulmaları sistemli şəkildə müşahidə edilir və qeydiyyata alınırdı.
İki çay arasına Xaldea (Chaldea; kaldislər) da deyirdilər. Mənşəcə naməlum Şumer mədəniyyəti və onu əvəz
edən semit Akkad mədəniyyəti yüksək inkişaf etmiş suvarma sisteminə, əkinçilik və təsərrüfat (aqrar)
həyatına, qanunvericilik, riyaziyyat, astronomiya və ədəbiyyata malik idi. Şumer tanrılar panteonu
insansayağı tanrılardan ibarətdi; bu cəhətdən yunan və şumer tanrılarını müqayisə etmək mümkündür. Gil
üzərində mixi yazı (cuneiform) ilə yazılmış kitablar papirusa nisbətdə daha uzunömürlü idi, bu səbəbdən
Mesopotamiya mədəniyyəti, o cümlədən riyaziyyatı və astronomiyası haqqında Misirə nisbətən qat-qat çox
qaynaqlar (gil lövhəciklər) qalmışdır.
B.e.ə. 2-ci minilliyin ilk əsrlərində şumerdilli (artıq ölü dil) məktəbdən məzun olmaq üçün qoyulan yüksək
tələblər akademik səviyyənin bir göstəricisi kimi qəbul oluna bilər. Şumercədən akkadcaya şifahi və yazılı
tərcümə, qramatika və fonetika, akkad-şumer sözlüyü, kalliqrafiya, musiqi alətlərində çalmaq və xor
dirijorluğu, riyaziyyat və yerölçmə işi, qida məhsullarının və digər materialların sərf normaları, ədəbi-dini
mətnlərin
öyrənilməsi,...məktəbi bitirəndə qazanılan bilik və vərdişlərin heç də tam siyahısı deyil
(И.М.
Дьяконов. Научные представление на древнем Востоке. См. «Очерки истории естественно-научных знаний в
древности», «Наука», Москва, 1982; стр. 62-63).
Bir dildə (bu halda akkadcada) elm və ədəbiyyatın inkişafı
nümunə dildən (bu halda şumercədən) tərcümə vasitəsilə həyata keçirilməyə başlanılırdı. Bu, bəşər tarixində
dəfələrlə təkrar olunacaq bir hadisə olacaqdı.
Nineviyadakı (indiki İraqda Mosul ətrafı) Assiruya hökmdarı Aşurbanipal`ın ([-669/8]-[-627]) zəngin
(sistemli!) kitabxanası (gil!) alim və yazıçıların əməkdaşlıq mərkəzi ola bilərdi. Ondan əvvəlki hökmdar
Sennaxerib`in (“-705”-“-681”) sarayında da kitabxana olub. Əslində Assuriya hökmdarı 1-ci Tiglath-Pileser
([-1114]-[-1076]) sarayında kitabxana mövcud olduğu deyilir.