Mühazirə Embriologiya "bioloji inkişafın"



Yüklə 127,92 Kb.
səhifə3/3
tarix26.03.2018
ölçüsü127,92 Kb.
#34395
növüMühazirə
1   2   3

CIFT (PLASENTA). Dölü ana orqanizmi ilə birləşdirən cift ana (desidual qişanın bazal hissəsi) və döl (trofoblast və RX mezodermadan təşkil olunmuş xovlu xorion) hissədən ibarətdir (şək.3-24). Uşaqlıq boşluğunda blastosist 1,5-2 sutka ərzində qalır. Normal menstrual tsiklin 20-21 günündə, yaxud mayalanmadan 5,5-6 sutka sonra endometriumun funksional qatının ən qalın olduğu zaman implantasiya baş verir (şək.3-24). Implantasiya zamanı blastosist uşaqlıq selikli qişa epiteli ilə yaxın əlaqə yaradır. Uşaqlıq epitel hüceyrələri və trofoblast hüceyrələri bir-birinə təmas etdiyi bəzi yerlərdə ixtisaslaşmış əlaqələr, həmçinin yarıqvari əlaqələr formalaşır. Uşaqlıq sekretinin təsirindən şəffaf qişanın əriməsi blastosistin daxili hüceyrə kütləsi yerləşən qütbü (polyar trofoblast) tərəfdən endometriuma pərçimlənməsinə səbəb olur. 2 sutkadan sonra blastosist bütövlükdə uşaqlığın selikli qişasına daxil olur. Xorion. Trofoblast və RX mezodermanın birləşməsindən yaranır. Xorionun formalaşmasında 3 dövr var: xovdan əvvəlki (inkişafın 7-8 həftəsində), xovların əmələ gəldiyi dövr (50-ci günə qədər), kotiledonlar dövrü (50-90 günə qədər).Xovdan əvvəlki dövr. Implantasiya zamanı trofoblast hüceyrələri proliferasiya edib, sitotrofoblastı əmələ gətirir, sonuncudan xaricdə isə onun törəməsi olan sinsiti yerləşir. Implantasiyanın erkən dövrlərində trofoblast sitolitik təsirə malik olmur: blastosist səthi epitel hüceyrələri arasına daxil olub onun tamlığını pozmur. Yalnız endometriumla qarşılıqlı təsirdə olduqdan sonra trofoblast sitolitik aktivlik əldə edir. Trofoblastı əhatə edən endometrial toxumada ana qanı ilə dolan boşluqlar-lakunalar yaranır. Lakunalar trofoblast hüceyrələrindən yaranan arakəsmə (birincili xovlar) ilə ayrılır. Lakunalar müəyyənləşdikdən sonra blastosist döl qovuğu adlanır; beləliklə ciftin inkişafında xovlu mərhələ başlayır. Xovların əmələ gəldiyi dövr. Bu dövrdə birincili, ikincili, üçüncülü xovlar yaranır (şək. 3.10). Birincili xovlar - sinsitiotrofoblastla əhatə olunmuş sitotrofoblast hüceyrələrinin yiğıntısıdır. Sitotrofoblast hüceyrələri qeyri-düzgün formada açıq sitoplamaya malikdir. Ikincili xovlar. 12-13 gündə birincili xovlara RX mezodermanın daxil olması döl yumurtasının bütün səthi boyu bərabər paylanmış ikincili xovların formalaşmasına səbəb olur. Ikincili xovlar desidual qişanın bazal hissəsində daha uzun olur. Ikincili xovların epiteli dairəvi formalı iri nüvəli açıq boyanmış hüceyrələrdir. Epitelin üzərində olan sinsiti qeyri-hamar sərhəd, tünd dənəli sitoplazmaya, fırçalı haşiyə və polimorf nüvələrə malikdir. Bu mərhələdə trofoblast hüceyrələrində mitozun miqdarı azalır, onların vaskulyarizasiyası başlayır. Üçüncülü xovlar. Inkişafın 3 həftəsində tərkibində qan damarları olan üçüncülü xovlar əmələ gəlir. Bu dövr plasentasiya adlanır. Desidual qişanın bazal hissəsinə baxan xovlar həm xorial mezodermadan əmələ gələn qan damarları ilə, həm də allantoisin damarları ilə təchiz olunur. Göbək damarları şaxələrinin yerli qan dövranı ilə birləşməsi ürək vurğularının başlanması gün ilə (21 gün) üst-üstə düşür və üçüncülü xovlarda embrional qanın sirkulyasiyası başlayır. Hamiləliyin 10 həftəsində xorion xovlarının vaskulyarizasiyası bitir. Artıq bu dövrdə cift (plasentar) baryer formalaşır.xorionun bütün xovları eyni inkişaf etmir. Düşücü (desidual) qişanın kapsulyar hissəsinə baxan xovlar zəif inkişaf edir və tədricən itdiyi üçün xorionun bu hissəsi hamar xorion adlanır. Hamar xorionun stroması qan damarları ilə zəif təchiz olur. Kotiledonlar dövrü. Formalaşmış plasentanın (ciftin) struktur funksional vahidi olub, tərkibində dölün damarları olan əsas xov və onun şaxələrindən ibarətdir. Hamiləliyin 140 günündə plasentada 10-12 böyük, 40-50 xırda və 150 qədər rudimentar kotiledonlar formalaşır. Artıq hamiləliyin 4 ayında plasentanın əsas strukturunun formalaşması bitir (şək.3-26). Formalaşmış plasentanın lakunalarında dəqiqədə 3-4 dəfə dolub boşalan 150 ml ana qanı olur. Xovların ümumi səthinin sahəsinin 14m2 olması hamilə və döl arasında mübadilənin yüksək səviyyəsini təmin edir. Desidual qişa. Desidual (düşücü) qişa bütün endometrium boyunca əmələ gəlsə də, ilk olaraq implantasiya nahiyəsində inkişaf edir. Ikinci həftənin sonunda endometrium bütünlüklə bazal (decidua basalis), kapsulyar (decidua capsularis) və divaryanı (decidua parietalis) hissələrdən ibarət desidual qişa (şək. 3.10) ilə əvəz olunur. Xorionu əhatə edən desidual qişa bazal və kapsulyar, uşaqlıq boşluğunun yerdə qalan nahiyələri isə divaryanı hissələri əmələ gətirir. Desidual qişada süngəri (spongioz) və kompakt zona ayrılır. Daha kövşək süngəri zonada endometrium vəziləri yerləşir. Desidual qişanın bazal hissəsi ciftin tərkibinə aid olub, döl yumurtasını miometriumdan ayırır. Süngəri zonada hamiləliyin 6 ayına qədər qalan çoxsaylı vəzilər vardır. Kapsulyar hissə hamiləliyin 18 günündə implantasiya olmuş döl yumurtasının üzərini tam örtür və sonuncunu uşaqlıq boşluğundan ayırır. Döl inkişaf etdikcə kapsulyar hissə uşaqlıq boşluğuna qabarır və 16 həftədə divaryanı hissə ilə birləşir. Vaxtında başa çatan hamiləlikdə kapsulyar hissə yalnız döl yumurtasının aşağı qütbündə (daxili dəliyin üzərində) yaxşı seçilir. Kapsulyar hissədə səthi epitel yoxdur. Desidual qişanın divaryanı hissəsi hamiləliyin 15 həftəsinə qədər kompakt və süngəri zonanın hesabına qalınlaşır. Daha sonra kompakt zonada iri desidual hüceyrələr itir. Divaryanı hissənin süngəri zonasında isə vəzilər hamiləliyin 8 həftəsinə qədər inkişaf edir. Divaryanı və kapsulyar hissənin birləşməsi momentində vəzilərin miqdarı tədricən azalır və onlar görünməz olurlar. Vaxtında başa çatan hamiləlik sonunda divaryanı hissə bir neçə qatda yerləşmiş desidual hüceyrələrdən ibarətdir. Hamiləliyin 12 həftəsindən divaryanı hissənin səthi epiteli itir. Desidual hüceyrələr. Kompakt zonada damarların ətrafında kövşək lifli birləşdirici toxuma hüceyrələri kəskin artır. Bunlar fibroblastlara bənzər cavan desidual hüceyrələrdir. Differensiasiya getdikcə desidual hüceyrələrin ölçüləri artır, onlar dairəvi forma alır, nüvələri açıq rənglənir, hüceyrələr bir-birlərinə sıx yerləşirlər. Hamiləliyin 4-6 həftəsində iri desidual hüceyrələr üstünlük təşkil edir. Desidual hüceyrələrin bir hissəsi sümük iliyi mənşəli olub, immun cavabda iştirak edir. Bu hüceyrələr prolaktin və prostaqlandinlər hasil edir. Xovlu xorion. Xovlu xorionu əmələ gətirən üçüncülü xovlar miometriuma baxan tərəfdə daha yaxşı inkişaf etmişdir. Xovlu xorionda kapilyarlar trofoblastın bazal membranına yaxın yerləşib səthi kapilyar toru əmələ gətirir. Üçüncülü xovların stromasında hüceyrəvi elementlər arasında makrofaqlar-Xofbauer hüceyrələri mövcuddur. Xovların zirvəsindən desidual toxumaya doğru desidual qişanın səthi kompakt zonası ilə əlaqəsi olan sitotrofoblast hüceyrələrindən təşkil olunmuş hüceyrəvi sütunlar uzanır. Kontakt nahiyəsində koaqulyasion nekroz zonası (Nitabux qatı) formalaşır. Sitotrofoblast hüceyrələri endometriumun süngəri zonasına, miometriuma və uşaqlıq damarları divarına sirayət edir. Hamiləliyin 6 həftəsində sitotrofoblastın spiral arteriyaların divarına sirayəti onların mənfəzinin açılmasına və ana qanı ilə xorion xovları arasında sirkulyasiyanın yaranmasına səbəb olur. Ana toxuması ilə yaxın birləşən xovlar lövbərləyici, bəndləyici adlanır. Lakin desidual qişanın bazal hissəsində olan xovların əksəriyyəti sərbəst yerləşir. Implantasiyanın molekulyar mexanizmi və ciftin inkişafı. Implantasiya önü dövrdə endometrium hüceyrələri progesteron və estrogenin a-reseptorlarını ekspressiya edirlər. Estrogen öz reseptoru ilə birləşib, endometriumda blastosist üçün reseptiv nahiyənin formalaşmasına inisiasiya edərək, həmçinin endometriumda bir sıra böyümə faktorlarının, xüsusən leykoz inhibitə edən faktor (LIF, Leukemia Inhibitory Factor) əmələ gəlməsini stimulə edir. LİF implantasiyanın başlanmasında və normal gedişində vacib rol oynayır. LİF menstrual tsiklin sekretor fazasının ortalarında endometriumun epitel hüceyrələri və vəziləri tərəfindən, implantasiya zamanı isə endometriumun stromal hüceyrələri tərəfindən sintez olunur. Implantasiya zamanı ilk mərhələ blastosistin endometriumun reseptiv nahiyəsi epiteli ilə endometriumun primitiv hormonlarının iştirakı ilə zəif və qeyri-stabil birləşməsidir. Bu zaman blastosist şəffaf qişadan azad olur, trofoblast hüceyrələrində isə L-selektin ekspressiya olur. Eyni zamanda endometriumun reseptiv nahiyəsinin epitel hüceyrələrində trofoblast hüceyrələrinin L-selektini ilə birləşən oliqosaxarid liqandlar aktivləşir. Bu birləşmə nisbətən qeyri-stabildir. Lakin getdikcə davamlı olub, trofoblastın endometrium toxumasına sirayət etməsinə şərait yaradır. Endometriumla davamlı birləşmədə inteqrinlər iştirak edir. Trofoblastda ekspressiya olunan anb3 inteqrinlər endometriumun hüceyrəarası matriks elementləri - fibronektin və perlekanla (heparan sulfat proteoqlikanı) birləşir. anb3 inteqrini menstrual tsiklin 19-24 günlərində (bu günlərdə blastosist üçün endometriumun reseptivliyi optimaldır) endometrium epitel hüceyrələrində də ekspressiya olunur. Ovaria - menstrual tsiklin lütein fazası defektli qadınlarda endometriumun epitelində anb3 inteqrinin olmaması sonsuzluğa səbəb olur. LİF, epidermisin böyümə faktoru, interleykin-1, insulinə bənzər böyümə faktorları, Hox A10 iştirakı ilə tsiklooksigenzanın aktivliyini və implantasiya üçün vacib olan prostaqlandinlərin əmələ gəlməsini tənzim edir. Tsiklooksigenaza (COX) 2 izoformada: konstitutiv (COX-1) və indusibel (COX-2) mövcuddur. Ovarial tsiklin lütein fazasının ortalarında endometriumda progesteron və estrogen COX-1 əmələ gəlməsini dayandırdığı halda, COX-2 hasilatı qalır. COX-2 defektlərində və prostaqlandinlərin olmadığı hallarda implantasiya baş vermir. COX-2 iştirakı ilə hasil olan prostaqlandin İ2 Peroxisome Proliferator-Activated Receptor (PRAR) liqandıdır. Implantasiya üçün, trofoblastın differensiasiyası və funksional fəaliyyəti üçün nüvə reseptoru PRARg vacibdir. Sonuncunun defektləri plasentanın anomal inkişafına səbəb olur. Implantasiya boyu sitotrofoblastdan hasil olan proteinazalar (xüsusən metalloproteinaza-9) və onların aktivliyi yüksəlir; metalloproteinaza-9 aktivlik və əmələ gəlməsinin artması endometriumdan İL-1 hasilatına səbəb olur. Xovların formalaşması zamanı sitotrofoblast hüceyrələri glial cells missing-1 (Drosophila-da neyron-qliya keçidinə nəzarət edir) ekspressiya edirlər. Desidual reaksiyanın inkişafında interleykin-11, insulinəbənzər böyümə faktorları, Hox A10, transkripsiya faktoru forkhead iştirak edir. Sitotrofoblastın differensiasiyası və endometriuma invaziyasında oksigenin rolu xüsusidir. Oksigen sitotrofoblastın proliferasiyası və onun differensiasiyası arasındakı tarazlığı (balansı) tənzim edir. Plasentanın erkən inkişafı nisbətən hipoksiya şəraitində (2-5% O2) olması proliferasiyaya əlverişli mühit yaratsa da, bu hal implantasiya zamanı sitotrofoblastın differensiasiyasına aid edilmir; sitotrofoblast tərkibində hüceyrələrin miqdarı tez artır. Onlar uşaqlıq divarının daha dərinliklərinə sirayət edərək, ana damarlarının mənfəzini örtür və fizioloji hipoksiyanı təmin edir. Beləliklə, hamiləliyin ilk trimestrində sitotrofoblastın inkişafı hələ çox kiçik olan dölün inkişafı ilə müqayisədə üstünlük təşkil edir, yəni plasentanın formalaşması dölün inkişafından əvvəl olur. Hamiləliyin ikinci yarısında isə yetkin funksional fəaliyyətdə olan plasentanın fonunda dölün inkişafı tezləşir. Hüceyrələrin O2 çatmamazlığına reaksiyası HIF (Hypoxia-Inducible Factor) ilə tənzimlənir. HIFa ailəsindən tərkiblərində Per/Arnt/Sim домен olan 3 zülal, bHLH transkripsiya faktoru olub, HIFa ilə HIFb dimerizasiyasına şərait yaradır. Heterodimerlər promotorlarında HİF həssas element olan vacib genlərin transkripsiyasını aktivləşdirir. Trofoblast hüceyrələri uşaqlıq divarının daha dərin qatlarına və ananın qan damarlarına sirayət etdikcə çoxlu miqdarda O2 əldə edilməsi hüceyrələrin hüceyrə tsiklindən kənarlaşdırılaraq differensiasiyaya məruz qalmasına səbəb olur. Hamiləliyin 10-12 həftəliyində xovarası sahələrə qanın axını başlayır. Endovaskulyar invaziyanın səviyyəsindən asılı olaraq sitotrofoblast hüceyrələri spiral arteriya boyunca miqrasiya edərək onun endotelinin yerini dəyişib (əvəz edib), hətta əzələ qatına daxil olurlar. Beləliklə, arteriyanın mənfəzinin böyüməsi hamiləliyin gecikmiş müddətlərində dölün inkişafını təmin etmək üçün qanla təchizatı qüvvətləndirir. Trofoblastın damardaxili invaziyasında çatmamazlıq aborta səbəb ola bilər; lazimı dərinliyə sirayət edə bilməmək dölün böyüməsinə mane olur. Çoxsaylı adi səbəblər (məs., nikotin) trofoblastın differensiasiyasına, ana və döl qarşılıqlı əlaqəsinə, aminturşuların plasentar nəqlinə, dölün böyüməsinə mənfi təsir göstərir. Subklinik viruslar, yaxud bakterial infeksiyalar sitotrofoblastın differensiasiyasını, həmçinin onun endometriuma invaziyasını inhibitə edə bilər. 21 trisomiya halında sitotrofoblast hüceyrələrinin birləşmək qabiliyyəti və sinsitiotrofoblastın formalaşması pozulur. Nəticədə trofoblastın invaziv aktivliyi azalır, apoptoza uğrayan hüceyrələrinin miqdarı artır. Bu cür qüsurlar aborta səbəb ola bilər. Digər hallarda, məsələn 2% hamilələrdə diri döl doğulması ilə bitən plasentar mozaisizmdə dölün inkişafdan qalması aşkarlanır. Ciftin funksiyaları.Ana və döl arasında qazlar, metabolit, elektrolit mübadiləsi passiv nəqliyyat, asanlaşdırılmış diffuziya və aktiv nəqliyyat hesabına olur. Ciftdən dölə steroid hormonlar sərbəst keçir. Ana AT nəqli reseptor vasitəli endositozun köməkliyi ilə olub, döldə passiv immuniteti təmin edir. Endokrin funksiya. Cift endokrin üzvdür, hamiləliyin normal gedişi və dölün inkişafı üçün vacib olan (xorionik qonadotropin, progesteron, xorionik somatomammotropin, fibroblast böyümə faktoru, transferrin, prolaktin, relaksin) bir sıra hormon və bioloji aktiv maddələr sintez edir. Kortikoliberin doğuşun başlanmasını müəyyən edir. Cift saatları. 485 hamilə qadının qanında plasentar kortikoliberinin müayinəsi göstərir ki, artıq hamiləliyin 18 həftəsində normal, vaxtından əvvəl və vaxtı ötmüş doğuşları ayırd etmək mümkündür. Detoksikasiya bəzi dərman maddələrinin cift vasitəsilə olur. Plasentar baryer (sədd). Plasentar səddin (ana qanı –döl qanı) tərkibinə aiddir: sinsitiotrofoblast, sitotrofoblst, trofoblastın bazal membranı, xovların birləşdirici toxuması, döl kapilyarlarının bazal membranı, döl kapilyarının endoteli. Xorion dölü ananın immun sisteminin təsirindən mühafizə edir.
Yüklə 127,92 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə