Mühazirə müəllimi Bağırova Təranə Mövzu 1: Dünya iqtisadiyyatının tarixi. Plan



Yüklə 342,13 Kb.
səhifə2/6
tarix01.11.2017
ölçüsü342,13 Kb.
#7973
növüMühazirə
1   2   3   4   5   6

2. Quldarlığın inkişaf variantları.

Tarixdə, ilk sinifli cəmiyyət olan quldarlığın iki növünün olduğu məlumdur. Bunlardan biri Şərq, digəri isə antik quldarlıq adlanır. Quldarlıq Şərqdə eramızdan əvvəl IV minillikdə meydana gəlmişdir.

Şərq quldarlığına Misirdə, Babilistanda, İranda, Hindistanda, Çində mövcud olmuş quldarlıq dövlətlərini aid etmək olar. Antik quldarlıq isə Yunanıstanın bir çox şəhər- dövlətlərində, Yunanıstana məxsus xüsusiyyətlərə malik olan bəzi dövlətlərə və Romada hökmran olmuşdur.

Şərq quldarlığı özünün bir sıra xüsusiyyətləri ilə fərqlənir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Şərq quldarlığı üçün quldarların torpaq və digər istehsal vasitələri, habelə qullar üzərində icma, ibadətxana və dövlət mülkiyyəti formasında kollektiv mülkiyyət səciyyəvidir. Bu ölkələrdə quldarlıq kifayət qədər inkişaf etməmiş, bir çox hallarda patriarxal xarakter daşımışdır. Odur ki, Şərq quldarlığında istehsal münasibətlərini yarımquldar, yarımpartiarxal münasibət kimi müəyyən etmək olar. Şərq quldarlığında qulların sayı bir o qədər çox olmadığı üçün ictimai istehsalda onların əməyi özünün xüsusi çəkisinə görə azad istehsalçıların əməyinə nisbətən üstünlüyə malik olmamışdır. Kənd təsərrüfatında əsas istehsal pilləsi özündə patriarxal münasibətlərinin qalıqlarını əks etdirən kənd və qonşu icmalardan ibarət olmuşdur. Əmtəə münasibətləri yenicə meydana gəldiyi və ləng inkişaf etdiyinə, ticarət əksəriyyət hallarda primitiv xarakter daşıdığına görə quldarlıq təsərrüfatları da natural xarakter daşıyırdı.

Şərq quldarlığının xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, qullarla yanaşı, azad kənd əhalisi , kənd, yaxud qonşu icmaların üzvləri də mərkəzləşmiş despot( müstəbid) rolunda çıxış edən dövlət tərəfindən istismar olunurdu. Bir çox hallarda kəndlilər qulların vəziyyətindən az fərqlənən vəziyyətə düşürdülər. Bu , tarixdə “ hamılıqla qulçuluq” adı almışdır.

Şərq quldarlığı, həmçinin onunla fərqlənir ki, burada sinfi qütbləşmə son dərəcə ləng getmiş, cəmiyyətin siniflərə bölünməsi uzun dövr ərzində tam aydınlığı ilə özünü göstərməmişdir. Bütöv bir tarixi dövr ərzində sinfi münasibtələr kənd və ya qonşu icma münasibətləri, habelə partiarxal münasibətlərin qalıqları ilə çulğalaşmışdır. Qədim Şərq dövlətləri torpağın mülkiyyətçisi kimi gəlir ( renta) mənimsəmişlər. Bu gəlirin mənbəyi isə əkinçiliklə məşğul olan bilavasitə istehsalçıların- qulların, yaxud da azad kəndlilərin əməyi ilə yaradılan izafi məhsuldan ibarət olmuşdur.Qeyd etmək lazımdır ki, bəzi hallarda Roma quldarlıq dövləti də özünə məxsus olan torpaqlardan gəlir ( renta) götürürdü. Lakin quldarlıq dövlətlərində torpaq rentası, qul sahibi istehsalı özünə məxsus olan torpaqlarda deyil, dövlətin əlində olan torpaqlarda təşkil etdiyi, yaxud da azad kəndli öz təsərrüfatını dövlətə məxsus olan torpaqlarda apardığı hallarda mövcud olmuşdur. Belə hallarda quldarlıq dövləti quldarın mülkiyyətində olan qullar, habelə dövlət torpaqlarında təsərrüfatçılıq edən azad istehsalçılar - kəndlilər tərəfindən yaradılan izagi məhsulun bir hissəsini renta formasında mənimsəmişdir.

Antik quldarlıq Şərq quldarlığından xüsusi mülkiyyət münasibətlərinin nisbətən yüksək inkişaf səviyyəsi ilə də fərqlənir. Belə ki, Antik quldarlıqda qullar və istehsal vasitələri, o cümlədən torpaq üzərində xüsusi mülkiyyət kollektiv quldarlıq mülkiyyəti formalarına nisbətən üstünlüyə mailk olmuşdur. Onun başqa bir fərqləndirici əlaməti ondan ibarətdir ki, ictimai istehsalda qulların əməyi azad istehsalçıların əməyi ilə müqayisədə üstünlük təşkil etmişdir. Antik quldarlığın bir xüsusiyyəti də Şərq quldarlığının əksinə olaraq əmtəə münasibətlərinin, pul tədavülünün, ticarətin və ictimai istehsalın daha sürətlə inkişaf etməsidir.

Antik ölkələrdə quldarlıq münasibətləri öz inkişafında daha yüksək nailiyyətlər qazanmışdı və cəmiyyətin sinfi quruluşu dəqiq və aydın nəzərə çarpırdı.

Belə bir cəhəti də qeyd etmək lazımdır ki, patriarxal quldarlığına “ ev quldarlığı” xas olduğu və əmək prosesi qullar da iştirak etdikləri halda, antik quldarlıqda qulların mülkiyyətdən məhrum edilməsi demək olar ki, müəyyən hüquqi sənədlərlə təsbit olunmuşdur.

Beləliklə, quldarlıq qədim zamanlarda Asiya və Afrikanın inkişaf etmiş xalqları yaşayan ərazilərində meydana gəlmiş, Qədim Yunanıstanda, Qədim Romada özünün yüksək inkişaf səviyyəsinə çatmışdı.

Qədim dünyada iqtisadi fikirlər hakim natural quldarlıq təsərrüfatlarının müdafiə olunması ilə səciyyələnir. Odur ki, o dövrdə əmtəə- pul münasibətlərinə bu mövqedən yanaşılır və bununla əlaqədar olaraq şeylərin dəyərlərinə görə ekvivalent mübadiləsi ideyası irəli sürülürdü. Lakin qeyd etmək lazımdır ki, o dövrdə ekvivalent mübadilə qiymət qanunu kimi deyil, xalis empirik şəkildə nəzərdən keçirilirdi.
3. Qədim Asiyada iqtisadi təlimlər.

Qədim Şərqdə ən iri quldarlıq dövlətlərindən biri Babilistandır. Cəmiyyətin iqtisadi inkişaf qanunlarının dərk olunması ilə ilk cığır açanlar da məhz Babilistanda meydana gəlmişdir. Çar Xammurapi qanunları quldarlıq quruluşunu möhkəmləndirmək üçün sinfi mübarizənin zəiflədilməsinə cəhd göstərildiyini əks etdirir. Bu qanunlarda quldarlığın iqtisadi əsasları- xüsusi mülkiyyət müdafiə edilir və toxunulmaz hesab edilir, ona qəsd edənlərin ölüm cəzasına məhkum edilməsinin zəruriliyi göstərilir.

Xammurapi qanunları quldarlıq dövlətinin mənafeyinə uyğun olaraq sələmçiliyi məhdudlaşdırırdı. Bununla birlikdə bu qanunlarda hökmdarın əmtəə pul münasibətlərinə qayğısı ifadə olunsa da, onun quldarlıq təsərrüfatlarına xidmət etməsinə iatiqamətləndirilməsinə cəhd göstərilirdi. Həmin qanunlarda xırda ticarət sövdələşmələri nəzərdə tutulurdu ki, bu da əmtəə- pul münasibətlərinin kifayət qədər inkişaf etdiyini və natural təsərrüfatın hökmran olduğunu sübut edir.

E. ə. VIII- VII əsrlərdə Çində əkinçilik və sənətkarlığın inkişafını sürətləndirən dəmir alətlər yayılmağa başlayır. Əmtəə- pul münasibətləri genişlənir, ticarət inkişaf edir. İcmalar dağılır və irsi zadəganlıq xüsusi quldar təsərrüfatları tərəfindən sıxışdırılır. Siniflərarası , habelə hakim sinfin daxilində ziddiyyətlər kəskinləşir. Bu öz əksini Çin ideoloqu Konfusinin adı ilə məlum olan konfusiyaçılıqda tapır. O, quldarlığı müdafiə edir, ilk dəfə Çində irəli sürülən təbii hüquqular nəzəriyyəsini inkişaf etdirirdi. Bu nəzəriyyəyə görə Allah dünyanın yalnız ilk yaradıcısıdır və təbii qanunla idarə olunan ictimai həyat hadisələrinə qarışmır. Bu qanunlar Allahın insanlara verdiyin ağılın vasitəsilə kəşf olunur və mülki qanunlarla qorunur.

Konfusi “ Böyük birliyi” ( kollektiv mülkiyyəti- kənd icmalarını) və xüsusi sahibkarlığı ( quldarlıq mülkiyyətini) bir- birindən fərqləndirirdi. O, imperiyanın bütün ziddiyyətlərini xüsusi mülkiyyətlə əlaqələndirsə də son nəticədə ona( imperiyaya) üstünlük verir və haqq qazandırırdı. Ona görə də Konfusi cəmiyyətin silklərə bölünməsinə bəraət qazandırır , onun Allah və təbiət tərəfindən müəyyən olunduğunu iddia edirdi. Konfusi qeyd edirdi ki, sərvətin mənbəyi əməkdir və buna görə də hökmdarın sərvəti xalqın sərvətinə əsaslanır.

Lakin bununla birlikdə o, xalqın hesabına quldarların sərvətinin artırılması qayğısına qalırdı. O, xalqı çox işləyib, az istehlak etməyə çağırırdı. Konfusi həm də hakimiyyəti möhkəmləndirməyə cəhd edir, hökmdara xalqı zağ- zağ əsdirmək fikrini təlqin edirdi.

Kollektiv iqtisadi elmi əsər olan “ Quan- tszi” quldarlığın, sənətkarlığın və ticarətin daha da inkişaf etdiyi dövrə aiddir. Əsərdə ictimai həyatda baş verən dəyişikliklər, məhsulun çox və az olduğu illərin bir- birini əvəz etməsi ilə izah olunur. Burada əmək, dövlətin qüdrətinin mənbəyi elan edilir, ekvivalent mübadilə ideyası irəli sürülür. Müəllilər əsərə “ sənətkarlar” və “ əkinçilər” öz əməklərinin məhsullarını mübadilə edərkən bunlardan birinin digərinə nisbətən daha çox fayda əldə etməsini yolverilməz hesab edirlər. Onlar dövlət fondları yaratmaq, əkinçilərə güzəştli kredit vermək, dəmirə və duza qoyulan müstəqim vergiləri dolayı vergilərlə əvəz etməklə taxılın qiymətinin tənzimlənməsini tövsiyə edirdilər. Onalrın fikrincə, belə olduqda tacirlərin varlanmağa cəhd göstərmələrinin qarşısı alınır və kəndlərdə sakitlik hökm sürür.

Qədim Hindistanın ən mühüm “ iqtisadi” yadigarının müəllifi çar I Çandraquptanın məsləhətçisi və “ Artxaşastra” nın yaradıcısı Kautilya Vişniquptedir. “ Artxaşastra” nın məqsədi quldarlıq dövlətini möhkəmləndirmək olmuşdur. Burada “ şeylərin dəyəri” , dəyərin kəmiyyətinin “ iş günlərinin” miqdarı ilə müəyyən edilməsi problemləri, bazar qiymətləri ilə dəyərin fərqləndirilməsi və s. məsələlər öz əksini tapmışdır. Kautilya mənfəəti əmtəələrin qiymətinə “ sair xərclər” kimi daxil edir və qabaqcadan onu daxili ərazilər üçün qiymətin 5 faizi, xarici ərazilər ( əmtəələr) üçün isə 10 faizin həcmində müəyyən edilir.

“ Artxaşastra” nın iqtisadi siyasət proqramında çar məhsuldar qüvvələri inkişaf etdirməyə, əmtəələrin qiymətini tənzimləmməyə, əmtəə fondları yaradılmasına, aktiv dövlət büdcəsi balansına ( gəlirlərin artması, xərclərin isə azalması) riayət olunmasına çağırılır.
4. Qədim Yunan dövlətinin iqtisadi quruluşu.

Qədim Yunanıstanda iqtisadi fikrin tanınmış ilk nümayəndələrindən biri yazıçı, tarixçi, Sokratın tələbəsi Ksenofont ( e. ə. 430- 354) olmuşdur. Başlıca əsərləri “ Yunan tarixi”, “ Sokratın mədhi”, “ Sokrat haqqında xatirələr”, “ Ziyafət” və s.- dir. Bunlar Yunanıstanın ictimai, iqtisadi və siyasi tarixinə dair qiymətli məxəzdir.

Ksenofont öz əsələrində quldarların natural təsərrüfatı möhkəmləndirmək üçün əmtəə- pul münasibətlərini inkişaf etdirməyə cəhd göstərdiklərini qələmə almışdır. Odur ki, o təsərrüfat fəaliyyətini faydalı şeylərin , yəni istehlak dəyərlərinin yaradılması prosesi kimi nəzərdən keçirmişdir. Bununla əlaqədar olaraq o qədim yunan yazıçıları içərisində birinci olaraq əmək bölgüsünün əhəmiyyətinə diqqət yetirmiş və quldarlara tövsiyyə etmişdir ki, “ təsərrüfatın zənginləşməsi” üçün qulların tələbatlarının minimum ödənilməsi hesabına “ müəyyən artıqlığa” malik olmaq lazımdır. Digər tərəfdən isə Ksenofont əmək bölgüsü ilə bazarın tutumu arasında əlaqə və asılılıq , məhsulların istehlak dəyəri ilə yanaşı, mübadilə dəyyərinə də malik olmalarını göstərirdi.

Bu dövrün tanınmış münayəndələrindən biri də Platondur( e. ə. 427- 347- ci illər). E. ə. IV əsərdə Peloponnes müharibəsindən sonra Yunanıstan böhran keçirirdi. Bununla əlaqədar olaraq Platon zadəganların vəziyyətini möhkəmləndirmək və onların mənafelərini daha tam təmin etmək vəzifələrini həyata keçirməyi öz qarşısına məqsəd qoyur. “ Siyasət və dövlət” əsərini də bu məqsədlə yazmışdır. O , bu əsərində yeni dövləti təsvir dir, ona utopik xarakter verirdi. Bütün əhalini üç təbəqəyə bölür: birinci ikitəbəqəyə dövləti idarə edən filosoflar, dövlət idarə aparatını təşkil edən hərbçilər daxildirlər. Onlar hər hansı mülkiyyət malik deyildirlər,istehlak isə onlar üçün ictimai xarakter daşımalıdır. Mülkiyyətə, əkinçilərdən, sənətkarlardan və tacirlərdən ibarət üçüncü təbəqə malik olmalıdır. O, qulları vətəndaş saymır və heç bir təbəqəyə aid etmirdi. Bundan başqa, Platon əmək bölgüsü ticarət və pul arasında qarşılıqlı asılılığın olduğunu və tacirlərin xüsusi qrupa ayrıldığını qeyd edirdi.

Qədim Yunanıstanda quldarların ən çox yayılmış ideoloqu Aristoteldir. ( e. ə. 384- 322- ci illər). O, cəmiyyətin quldarlara və qullara bölünməsini adamlardakı təbii fərqlərlə izah edirdi. Aristotel “ əsl ( təbii) sərvət” in istehlak dəyərinin məcmusundan ibarət olduğunu qeyd etməklə birlikdə, bununla əlaqədar olan fəaliyyət dairələrini iqtisadiyyata aid edirdi. Aristotel quldarlıq təsərrüfatlarını möhkəmləndirmək məqsədilə orta səviyyədə yaşayan quldarlar sinifini möhkəmləndirməyi zəruri hesab edir, bunun üçün dövləti köməyi ilə ədalətli mübadilənin təmin olunmasını vacib sayırdı. Mübadilə dəyərini birinci dəfə o təhlil etmiş, əmtəələrin bir- birinə məhz nəyə förə müəyyən miqdar nisbətində mübadilə olunduğunun “ sirrini” aşkara çıxarmışdır ki, bunlar da sonralar əmək dəyər nəzəriyyəsinin meydana gəlməsində mühüm rol oynamışdır. O, əslində Ə- Ə formulunun Ə- П- Ə formuluna çevrilməsini aydınlaşdırır və belə bir nəticəyə gəlir ki, beş qaşıq bir evə və ya müəyyən məbləğdə pula bərabər tutulur. Lakin əmtəə istehsalı zəif inkişaf etdiyi və Aristotel dəyərin mahiyyətini tam dərk edə bilmədiyi üçün belə bir yalnız fikir irəli sürürdü ki,əmtəələr öz aralarında ona görə ölçüyəgələndirlər ki, burada pul vasitəçilik edir. Natural təsərrüfat tərəfdarı olan Aristotel Ə- П- Ə formulu üzrə tədavülü etiraf etsə də, ticarət və sələm kapitalınını hərəkət formulunu inkar edirdi.
5. Qədim Romada iqtisadi inkişafın əsas mərhələləri.

E.ə. III əsərdə Roma dövləti dirçəlmişdi. Bu zaman ölkədə iri latifundiyalarla yanaşı, bazarla sıx əlaqəsi olan quldar təsərrüfatları da mövcud idi. Həmin dövrdə quldar təsərrüfatlarını müdafiə etməyi Katon Starşi ( e. ə. 234- 149- cu illər) üzərinə götürür. O, özümnün “ Əkinçilik” kitabında “ çox qazanıb, az xərcləməyi” tövsiyə edir, muzdlu əmək tətbiqinin əleyhinə çıxırdı. O, gəlirin qulların hesabına təmin olunmasına çalışır və onların əməyinin təşkilinə xüsusi diqqət yetirirdi. Katon qulların iş gününə hədd qoyulmasını və ona ciddi riayət olunmasını tələb edirdi. Katon qulların hər hansı bir məsələdə razılığa gəlmələrindən ehtiyat edərək onların arasında münaqişələr törədilməsini müdafiə edir, iş heyvanlarına nisbətən onlarla daha pis rəftar etməyi tövsiyə edirdi. Məsələn, onun fikrincə bayram günlərində qullar işləməki, heyvanlar isə istorahət etməli idilər. Katon belə hesab edirdi ki, xəstələnmiş heyvanları müalicə etmək, xəstələnmiş qulu isə “ köhnə araba “ kimi satmaq lazımdır. Əkinçilikdə qul əməyi az məhsuldar olduğuna görə, Katon sonralar otlaq təsərrüfatlarının yaradılmasına tərəfdar çıxır bir qədər sonra isə ticarət və sələmçiliyə bəraət qazandırmağa çalışırdı.

Eramızdan əvvəl II- I əsrlərdə Roma dövlətində iqtisadi və siyasi böhran inkişaf etməyə başlayır. Tiberi və Qay Hrakxi qardaşları müvafiq olaraq e. ə. 163- 132 və 152- 121 ci illər) özlərinin aqrara islahatlarını irəli ürməklə bu böhranı dayandırmağa səy göstərirdilər. Bu məqsədlə onlar iri əkinçiliyi məhdudlaşdırmağı və müflisləşən kəndlilərin vəziyyətini möhkəmləndirməyi tələb edirdilər. Lakin Hrakxi qardaşları iri quldar təsərrüfatlarına qarşı mübarizədə məhv oldular.

Alim, aqronom, arxeoloq və tarixçi olan Verron ( e. ə. 116- 27- ci illər) latifundiyaları möhkəmləndirməyə çalışırdı. O, kənd təsərrüfatının əmtəəliyinin artdığını nəzərə alaraq öz qarşısına ölkədə sabit məhsul əldə edilməsini əsaslandırmaq vəzifəsini qoymuş və əkinçiliklə heyvandarlıq arasında “ böyük ittifaq” yaradılmasının zəruriliyini qeyd etmişdir. O, qulların maksimum dərəcədə istismar olunmasına tərəfdar çıxır və onları danışan alətlərə aid edirdi.

Lakin o dövrdə quldar latifundiyalarının böhranının güclənməsi ilə əlaqədar olaraq qullarla sərt davranılmasını tənqid etməyə başlayırdılar. Məsələn, yazıçı və aqronom olan Kolumella ( e. ə. I əsrdə) qullarla ağıllı rəftar olunmadığını göstərirdi. O, qulları icbari işə cəlb etmək üçün onlarla söhbət, bəzi hallarda hətta zarafat etməyi məsləhət görürdü. Amma Kolumella qul əməyinin məhsuldarlığının yüksəldiləməsi imkanlarına bir o qədər də inanmırdı və buna görə də zamanın tələbinə uyğun olaraq Roma imperiyası dövrünə və orta əsrlərə məxsus təhkimçilik üsulunu ( Kolonat) müdafiə edirdi.

Romada sosial- iqtisadi böhran 30- cu illərdə imperator hakimiyyəti qərarlaşdıqdan sonra gücləndi. Qulların istismarımnın daha da güclənməsi Spartakın ( e. ə. 74- 71- ci illər) başçılığı ilə ən böyük üsyana gətirib çıxardı. Artıq ermızın I əsirinin ortalarında yeni dini ideologiya- xristianlıq meydana gəldi. Bu, əvvəlcə qulların və bütün məzlum kütlələrin ideologiyası idi. IV əsrdə xristianlıq dövlət dini elan olunur və kilsə tədriclə zəhmətkeş kütlələrin güclü istismar mexanizminə çevrilirdi.

Beləliklə, qədim dünya müəlliflərinin iqtisadi baxışlarının nəzərdən keçirilməsi göstərir ki,onların hamısı quladlığı əbədiləşdirməyə cəhd edidilər. Bununla birlikdə, onların fikirləri dövrümüzdən bir neçə minilliklər əvvəl dəyər qanunu, əmtəə istehsalı və tədavülü haqqında səmərəli toxumlar olduğunu göstərir.


Mövzu 3: Orta əsrlərdə iqtisadi inkişaf. ( 2 saat)

Plan
1. Orta əsr iqtisadiyyatının inkişaf mərhələləri , əsas cəhətləri və təsərrüfatçılığın formaları.

2. Səlib yürüşlərinin iqtisadi əhəmiyyəti.

3. Orta əsr şəhərlərinin iqtisadi rolu. Sənətkarlıq və ticarət.

4. İqtisadi artımın iki tipi: Şimali İtaliya və Niderlandiya.


1. Orta əsr iqtisadiyyatının inkişaf mərhələləri, xüsusiyyətləri və təsərrüfatçılığın formaları.

Elmdə feodalizm dövrü tarixinin bir çox problemləri , o cümlədən dövrləşdirmə məsələsi mübadiləsidir. Ancaq son vaxtlar elm aləmində feodalizmin daha geniş yayılmış dövrləşdirməsi aşağıdakı kimidir:

1) erkən orta əsrlər – V- IX əsrlər. Bu dövrdə fedalizmin ilk əlamətləri meydana çıxmış, torpaqlar cəmiyyətin ali zümrəsinin əlində toplanmış, asılı kəndli təbəqəsi formalaşmış və vassal- torpaq münasibətləri bərqərar olmuşdur.

2) yuxarı orta əsrlər- X- XII ərslər. Bu dövr üçün təsərrüfatın domen( feodalın xüsusi mülkü) sistemin hökmranlığı, formalaşmış feodal ierarxiyası, sənətkarlıq və ticarətin yüksək inkişafı səciyyəvidir. Qetd etmək lazımdır ki, XIII yüzillik Qərbi Avropada feodalizmin inkişafının zirvəsi sayıla bilər. XIII yüzilliyədək Qərbi Avropanın hər yerində böyük iqtisadi yüksəliş özünü göstərmiş, minlərlə şəhər böyümüş və onlardan bir çoxu özünüidarə əldə etmişdir. Bu şəhərlərdə yüzlərlə peşə üzrə sənətkarlar çalışır , sex və gildiyalar yaranırdı. İqtisadi yüksəliş əhalinin iki- üç qat artımı ilə müşayət olunurdu.

3) son orta əsrlər- XIV- XV əsrlər. Bu dövrdə əmtəə pul münasibətlərinin təsiri altında domen təsərrüfatı azalmış və ya yox olmuş, kəndlilərin şəxsən azad olunması prosesi sürətlə getmiş, feodal ierarxiyası( nərdivan) dağılmışdır. Feodal sistemində böhranlı hallar yaranmış, ilkin kapitalizm ünsürləri meydana çıxmışdır.

Bu dövrləşdirmə Qərbi Avropa feodalizminin inkişaf mərhələlərinə tam uyğundur. Təbii ki, məsələlərə başqa yöndən yanaşan tədqiqatçıların bir qismi XVI- XVII əsrlərin, bəziləri, hətta Böyük Fransa burjua inqilabınadək XVIII əsri də feodalizm dövrünə daxil edirlər. Dünyanın digər bölgələri üçün feodalizmin xronoloji çərçivəsinin müxtəlifliyi də danılmazdır. İqtisadi tarix elmində feodal iqtisadiyyatının səciyyəvi cəhətləri aşağıdakı kimi müəyyən edilmişdir:



  • feodallar zümrəsinin əlində iri torpaq mülkiyyətinin hegemonluğu,

  • əsas əmək alətləri, mal- qara və xırda torpaq sahəsi üzərində fərdi mülkiyyət hüququnu saxlayan və bilavasitə istehsalçı olan kəndlilərin xırda təsərrüfatlarının feodalların iri torpaq mülkiyyəti ilə birləşməsi;

  • torpaq mülkiyyətçisi olmayan, ancaq irsi istifadə hüququnadək müxtəlif şərtlərlə torpağa sahiblik edən kəndli zümrəsinin özünəməxsus statusu;

  • kəndlilərin qeyri- iqtisadi məcburiyyətə ədsaslanan şəxsi və torpaq asılılığı, feodalın məhkəmə hakimiyyətinə tabe edilməsi, kəndlilərin silki hüquqsuzluğu kimi müxtəlif dərəcə və formalarının mövcud olması;

  • aqrar bölmənin ticarət və sənayedən( sənətkarlıq) üstün olması;

  • bütövlükdə elmi biliklərin və texnikanın aşağı səviyyədə olması, istehsalda əl əməyinin tətbiqi.

Feodallar tərəfindən kəndlilərin istismarı feodal rentası yığılması vasitəsilə həyata keçirilirdi. Feodal rentasının üç forması mövcud olmuşdur:

1) işləyib- ödəmə( biyar), 2) məhsul ( natural töycü), 3) pul.

Feodalizmin təşəkkülü dövründə işləyib ödəmə rentası məhsul rentası ilə birlikdə üstünlük təşkil etmişdir. XI- XV əsrlərdə şəhərlərin inkişafı, əmtəə pul münasibətlərinin genişlənməsi ilə pul rentası da mühüm yer tutmağa başlamışdır. Feodallar tədricən öz təsərrüfatlarını ixtisar edərək ağa torpaqlarını kəndlilərin ixtiyarına verir, natural və pul töycülərin hesabına yaşayırdılar. Bu proses kəndli təsərrüfatlarının iqtisadi müstəqilliyinin genişlənməsinə gətirib çıxarırdı.

Qərbi Avropada feodalizmin təşəkkül prosesi ilə əlaqədar müasir tədqiqatçılar 2 əsas yolun mövcudluğu fikrinə gəlmişlər:

1) son antik və barbar ( german- alman) cəmiyyətlərinin protofeodal ünsürlərinin üzvü surətdə birləşməsi nəticəsində yaranan Şimali Fransa medeli. Bu model VIII- IX əsrlərdə Şimali- Şərqi Qalliyada təşəkkül tapmışdır;2) Yunan- Roma və barbar ( german) qarışığının iştirakı olmadan yaranan sintezsiz model. Feodalizmin bu modeli İngiltərə( cənub rayonlarını çıxmaqla), Cənubi Şotlandiya və Almaniya üçün səciyyəvidir.

486- cı ildə Şimali Qalliyada meydana çıxan Frank dövlətində artıq VIII- IX əsrlərdə feodal quruluşunun əsasları təşəkkül tapmışdır. Bu dövrdə frank cəmiyyətinin əsas təsərrüfat formasını feodal votçinası( malikanə) təşkil edirdi və belə votçinalar ölçüsünə görə müxtəlif olurdu:

a)bir neçə yüz hektara bərabər olan iri malikanə ( 3- 4 min kəndli təsərrüfatı daxil idi);b) orta ( 300- 400 kəndli təsərrüfatı) ;c) xırda ( 10- larla təsərrüfat). Böyük Karlın qanununa görə ( VIII əsrin sonu) votçinada torpaq iki hissəyə ayrılırdı:

1) ağa və ya domen torpağı: torpaq sahəsinin ümumi ərazisinin təxminən 25- 30% - ni təşkil edirdi və ağaya məxsus əkin yerləri də buraya daxil idi.

2) asılı kəndlilərin istifadəsində olan pay torpaqları.

Müəyyən pay torpağına, evi olan həyətə, bəzən bağ və üzümlüyə malik kəndli iş mövsümündə ağa təsərrüfatını həftədə 2- 3 gün biyara çıxmaqla becərməli idi.

Erkən feodalizm dövründə təsərrüfat natural səciyyə daşıyırdı; sənətkarlıq kənd təsərrüfatının tərkibində idi. Bəzi istisnalarla bütün məhsul malikanə daxilində istehlak olunurdu; yalnız istehsal edilməsi mümkün olmayan məhsullar bazardan alınırdı.

X- XIII yüzilliklərdə Fransa iqtisadiyyatında məhsuldar qüvvələr inkişaf etmiş və kənd təsərrüfatının məhsuldarlığı yüksəlmişdir. Meşələrin təmizlənməsi hesabına əkin sahələri genişlənir, üçtarlalı əkin sistemi geniş tətbiq edilirdi. Belə şəraitdə feodallar üçün məhsul rentası toplamaq üçün sərfəli idi. Odur ki, senyorlar ağa əkinlərini ləğv edərək həmin torpaqları kəndlilərə paylamağa başladılar. Beləliklə, bazarı kənd təsərrüfatı məhsulları ilə təmin edən əsas zümrə kəndlilər oldular.

Fransada kəndlilər artıq XII əsrdən vəsait torpayaraq böyük ödənc verməklə azad olmağa başladılar. Feodallar belə kəndlilər üzərində məhkəmə hakimiyyətini saxlasalar da, villan adlanan belə kəndlilər azad adamlar kimi kral məhkəməsinə məhkəməsinə müraciət edə bilərdilər.

XIV- XV əsrlərdə kəndlilərin bir hissəsinin muzdlu işçilərə çevrilməsi, torpaq icarə münasibətlərinin genişlənməsi, ağaassal əlaqələrində torpağın deyil, tədricən pul münasibətlərinin üstünlük qazanması kimi yeni amillər feodal istehsal üsulunu sarsıtmağa başlamışdı.

Fransada olduğu kimi məhsuldar qüvvələrin inkişafı, şəhər sənətkarlığının yüksəlişi alman kəndini əmtəə- pul münasibətlərinə cəlb edərək aqrar quruluşda müəyəyən dəyişikliklər yaratmışdı. Əhalinin artması nəticəsində yaranmış torpaq qıtlığı problemi boş və meşə torpaqlarının hesabına həll edilirdi. Kəndlilərin öz torpaq payı üzərində hüququnu qoruyub saxladığı Fransadan fərqli olaraq , Almanyanın cənub və şimal- qərb torpaqlarında kəndlilər qısamüddətli icarədarlara çevrilirdilər. Orta Almaniyada isə öz irsi mülklərini saxlamışdılar; burada biyar təsərrüfatı hökm sürsə də, qismən pul qismən pul rentasına keçilmişdi. Nəticədə şəxsi asılılığın ağır forması yox olur, kəndlilərin böyük hissəsi şəxsi azadlığa nail olurdu.

XIV- XV əsrlərdə Almaniyanın aqrar quruluşunda iki istiqamət özünü biruzə verdi. Birinci istiqamət Elba çayından şərqdə yerləşən, əvvəllər məskunlaşdırılmamış ərazilərə , ikincisi Elbadan qərbdəki torpaqlara aiddir.

Fransa və Almaniyadan fərqli olaraq İngiltərə feodalizmi üçün antik və barbar protofeodal münasibətləri ilə əlaqəsi olmayan sintezsiz inkişaf yolu xasdır. Buna görə də ölkədə feodallaşma prosesi ləng gedirdi. XI əsrədək İngiltərə əhalisinin əsas hissəsini azad icmaçı kəndlilər təşkil edirdi və onların torpaq sahəsi kifayət qədər böyük olub 50 akra ( 1 akra 0,4 hektara bərabər idi) çatırdı. VII- VIII əsrlərdə kral tərəfindən döyüşçülərə və kilsəyə kütləvi torpaq bəxşişləri verilməsi, tədricən bu torpaqların vərəsəlik qaydasında ötürülməsi nəticəsində feodal torpaq sahibliyi bərqərar olmuşdu.

İngiltərədə keçirilən ümumi torpaq siyahıyaalması ilə feodal malikanəsi ( manor adlanır) əsas təsərrüfat forması hesab edildi. Bu təsərrüfat asılı kəndlilərin biyar əməyi ilə ( həftədə 2- 3 gün) becərilirdi.

XII- XIII əsrlərdə İngiltədərə aqrar təkamül ziddiyyətli yollarla getmişdi. Əkinçilik təkmilləşmiş, üçtarlalı əkin sistemi tətbiq olunmuş, əkilən torpaqların sahəsi artmışdı. Yuna olan tələbat qoyunçuluğun inkişafını sürətləndirirdi.

XII əsrin ortalarından əmtəə- pul münasibətlərinin genişlənməsi əkinlən torpaqların 80%- ni təşkil edən feodal manoriol( malikanə) təsərrüfat sistemində bir sıra özünəməxsus xüsusiyyətlər yaratmışdı. Kəndlilərin bir hissəsi( villanlar) şəxsi asılılığın ağır formasından azad olaraq torpaq sabihi- kopiqolderlərə çevrilirdi. Malikanə sahiblərinin bir hissəsi muzdurların əməyinə üstünlük verir. Bir hissəsi isə domeniol( malikanə) təsərrüfatı daha da genişləndirərək kəndlilərin biyar vasiətsiulə istismarını gücləndirirdilər.

XIV- XV əsrlərdə Fransada olduğu kimi İngiltərədə də feodal münasibətlərində dəyişikliklər müşahidə olunmağa başladı. Artıq iqtisadi baxımdan güclənmiş sərbəst kəndli təsərrüfatları malikanə təsərrüfatları ilə rəqabətə girməkdən çəkinmirdilər. Feodalların bir hissəsi faydasız biyar təsərrüfatlarından imtina edərək əkilən torpaqları natural və pul vergiləri ödəmək şərti ilə kəndlilərin ixtiyarına verməyə başladı.


Yüklə 342,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə