Mühazirə müəllimi Bağırova Təranə Mövzu 1: Dünya iqtisadiyyatının tarixi. Plan


Dünya təsərrüfat sisteminin formalaşması mərhələləri və dünya ticarətinin mahiyyəti



Yüklə 342,13 Kb.
səhifə5/6
tarix01.11.2017
ölçüsü342,13 Kb.
#7973
növüMühazirə
1   2   3   4   5   6

3. Dünya təsərrüfat sisteminin formalaşması mərhələləri və dünya ticarətinin mahiyyəti.

Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələrin inkişafına, onların dünya birliyində özlərinə məxsus yer tutmalarına səbəb olur. Bu münasibətlərin məntiqi nəticəsi kimi dünya təsərrüfat sistemi mey­dana gəlmişdir. Dünya təsərrüfatı mürəkkəb quruluşa malikdir və öl­kələrarası istehsal kooperasiyasını, iş qüvvəsinin miqrasiyasını, xari­ci ticarəti, kapitalın və investisiyaların hərəkətini, elm və texnika sahə­sin­də qarşılıqlı əlaqələri, valyuta-kredit münasibətlərini və s. əhatə edir.

Dünya təsərrüfatının tarixən birinci mərhələsi dünya kapitalist təsərrüfatının meydana gəlməsi olmuşdur. Dünya kapitalist təsərrüfatı isə XIX əsrin ortalarında iri maşın­lı sənayenin inkişaf etməsi və dünya bazarının yaranması əsasında formalaşmışdır.

Dünya kapitalist təsərrüfatının yaranması bir tərəfdən, dəniz donanmasında yük daşınmasının artmasına, iri limanların tikilməsinə, kanalların, qitələlarası dəmir yollarının çəkilməsinə əsaslanmış, digər tərəfdən isə bunların inkişafını sürətləndirmişdir. Lakin bir qədər son­ralar və müasir dövrdə avtomobil nəqliyyatı və beynəlxalq əhəmiyyətli avtomobil yolları, habelə aviasiya daha sürətlə inkişaf etməyə baş­lamışdır. Bu sahədə dünya rabitə (radio, kabel, peyk və i.a.), habelə güclü elektron-hesablama maşınlarına əsaslanan informasiya sistemi də böyük rol oynamışdır.

Dünya təsərrüfatının ikinci mərhələsi dünya sosialist təsərrüfa­tının meydana gəlməsi olmuşdur. Bunun bünövrəsi 1917-ci ildə bolşe­viklərin iqtisadi cəhətdən geridə qalmış Rusiyada hakimiyyəti zorla ələ keçirmələri nəticəsində dünyada qüvvələr nisbətinin dəyişməsi və keçmiş Sovet Ittifaqının güclü hərbi və iqtisadi qüvvəyə çevrilməsi ilə qoyulmuşdur. Ikinci dünya müharibəsinin gedişində isə bir sıra ölkə­lər­də yaranmış obyektiv və subyektiv amillərdən istifadə edən "mütərəqqi" qüvvələr hakimiyyətə gəldikdən sonra, onlar da Çar Ru­siyasının yolu ilə getmiş və beləliklə də "dünya sosialist təsərrüfatı" meydana gəl­miş­dir. Lakin möhkəm təməl üzərində qurulmamış bu "dün­ya təsərrüfatı" uzun müddət yaşaya bilməmiş və 1990-cı illərin əvvəl­lərində tarix mey­da­nında nüfuzdan düşüb dağılmışdır.

Buradan aydın olur ki, dünya kapitalist təsərrüfatı hazırda ye­ganə hakim təsərrüfatdır, ümumdünya təsərrüfatı onun bazasında for­malaşır və inkişaf edir. Bu, onunla izah edilir ki, dünyanın bütün öl­kə­ləri az və ya çox dərəcədə beynəlxalq əmək bölgüsünə (BƏB) daxil­dirlər və müasir ETI-nin təsiri ilə onun daha da dərinləşməsi iqtisadi əla­qələrin genişlənməsini sürətləndirir. Hər bir ölkənin iqtisadi müba­dilədə iştirak etməsi isə ona öz tələbatını daha tam və az xərclə ödəməyə imkan verir. Və bu əsas üzərində BƏB-in bütün iştirakçılarında qarşı­lıqlı əlaqələrin inkişaf etdirilməsinə və deməli, iqtisadi əməkdaşlığa ma­raq yaradır. Bəs, beynəlxalq əmək bölgüsü nədir?

Beynəlxalq əmək bölgüsü, əmək bölgüsünün ən yüksək for­ma­sıdır. BƏB dedikdə, ayrı-ayrı ölkələrin müəyyən məhsul növlərinin isteh­salı sahəsində ixtisaslaşmaları və həmin məhsulları öz aralarında müba­dilə etmələri nəzərdə tutulur. BƏB ilk dəfə XX əsrin əvvəllərində bey­nəlxalq kapitalist əmək bölgüsü formasında meydana gəlmişdir.

BƏB-in əsasını dünya bazarı və ölkələr arasındakı iqtisadi mü­na­sibətlərin digər formaları təşkil edir. Onun inkişaf etməsinin əsas sə­bə­­bi isə bütün bəşəriyyət üçün ümumi olan elmi-texniki tərəqqinin qa­nu­nauyğunluqlarıdır. Başqa sözlə, dünya birliyinə daxil olan ölkələr öz aralarında elmi-texniki, ən yeni məhsul növləri istehsalı, elmi-tədqi­qat­la­rın və konstruktor işlərinin nəticələrinin mübadiləsi sa­hə­sində əməkdaşlıq etməyə maraqlıdırlar. Müasir dövrdə nəinki isteh­sal dairə­sində, həmçinin elmi fəaliyyət sahəsində də əmək bölgüsünün zəruriliyi meydana çıxır. BƏB-ə coğrafi amillər, ayrı-ayrı regionlarda bu və ya di­gər təbii ehtiyatla-rın olması da təsir göstərir. Müasir şəraitdə ən kəs­kin vaxtlarda bir-birinə elektrik enerjisi verməklə energetika ehtiyat­la­rından, habelə dəniz və okeanların sərvətindən səmərəli isti­fa­də etmək sahəsində də ölkələrin öz aralarında iqtisadi əməkdaşlığa gir­mə­ləri im­kanları meydana gəlmişdir.

BƏB öz növbəsində istehsalın beynəlmiləlləşməsinə səbəb olur. Bu, müxtəlif ölkələrin milli təsərrüfatları arasında əlaqələrin meydana gəlməsi və dərinləşməsini ifadə edən obyektiv prosesdir. Istehsalın bey­nəl­miləlləşməsi dünya miqyasında ictimailəşmənin spesifik forması olmaqla, cəmiyyətin iqtisadi həyatını əhatə edir və özünü bütün sahə­lər­də – istehsal, bölgü, mübadilə və istehlak – biruzə verir. Istehsalın beynəl­mi­ləlləşməsi beynəlxalq iqtisadi münasibət-lərin inkişaf etməsinin obyektiv əsasıdır. Bütün bunlar ölkələr arasında iqtisadi münasibətlərin obyektiv xarakter daşıdığını göstərir. Doğ­rudur, müəyyən sinfi mənafe­lər dünya təsərrüfat əlaqələrinə mane ola, yaxud da onu məhdudlaşdıra bilər. Lakin onların həyata keçirilməsinin obyektiv zəruriliyi labüd ola­raq özünə yol açmışdır və bundan sonra daha da inkişaf edəcəkdir.

Dünya təsərrüfat əlaqələrinin güclənməsinin əsasını təşkil edən amillər dəyişməz deyildir və müasir dövrdə onların əhəmiyyəti daha da artır. Bu, dünya iqtisadiyyatının beynəlmiləlləşməsi, müasir elmi-tex­ni­ki inqilabın hərtərəfli xarakter daşıması, informasiya və kommu­nika­si­ya vasitələrinin yeni rolu, yer kürəsində mövcud olan ehtiyatların vəziy­yəti və s. əlaqədardır.

Iqtisadi ədəbiyyatda dünya ticarəti belə səciyyələndirilir: "Bey­nəlxalq ticarət dedikdə, müxtəlif ölkələrdə alıcılar, satıcılar və vasi­təçilər arasında həyata keçirilən alqı-satqı prosesi nəzərdə tutulur".1

Beynəlxalq ticarət idxal və ixracdan ibarətdir. Bunların ara­sındakı nisbət ticarət balansı adlanır. BMT-nin nəşr etdirdiyi statistik məcmuələrdə dünya ticarətinin həcmi və dinamikası haqqında mə­lu­mat­lar bütün ölkələrin ixrac etdikləri məhsulların və göstərdikləri xid­mət­lərin ümumi məbləği kimi verilir.

Qədim zamanlarda meydana gəlmiş dünya ticarəti XVIII əsrin axırları və XIX əsrdə xeyli inkişaf etmiş, genişlənmiş və beynəlxalq əmtəə-pul münasibətləri sabit xarakter almışdır. Bu prosesə sə­nayecə daha çox inkişaf etmiş bir sıra ölkələrdə (Ingiltərə, Hollandiya və b.) iri maşınlı sənayenin əmələ gəlməsi və geniş vüsət alması təkan vermişdir. Bu prosesə həmin ölkələrə iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkə­lərdən xammal idxal olunması da təsir göstərmişdir. Sənayecə inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrdən idxal et­dikləri xammalların əvəzinə onlara, əsas etibarilə istehlak təyinatlı məhsullar ixrac edirlər.

Lakin XX əsrdə dünya iqtisadiyyatı bir sıra böhranlarla üz­ləşmişdir. Bunlardan biri 1914-1918-ci illərdə birinci dünya müharibəsi ilə əlaqədar baş verən böhrandır. Bu böhran ikinci dünya müharibəsinə qədər davam etmiş və əmtəə dövriyyəsinə mənfi təsir göstərmişdir. Bundan başqa, ikinci dünya müharibəsindən sonra, imperializmin müstəmləkə sisteminin dağılması ilə əlaqədar olaraq dünya ticarəti yeni çətinliklərlə üzləşmişdir. Lakin sonralar bu çətinlikləri ara-dan qaldırmaq mümkün olmuşdur. Bunu belə bir faktdan aydın görmək olar ki, ikinci dünya mü­haribəsindən sonra dünya ticarətinin inkişaf sürəti xeyli yüksəl­miş­dir. Belə ki, dünyada ixrac olunan məhsulların orta illik artım sürəti 50-ci illərdə 6%, 60-cı illərdə 8,2%, 1970-1991-ci illərdə 9%, 1991-1995-ci illərdə 6,2% olmuşdur.1 Bununla əlaqədar olaraq dünya ticarətinin həc­mi də artmışdır. Məsələn, o, 1965-ci ildə 172 mlrd. dollar, 1970-ci ildə 193,4 mlrd., 1975-ci ildə 816,5 mlrd., 1980-ci ildə 1,9 trln., 1990-ci ildə 3,3 trln., 1995-ci ildə isə 5 trln. dollardan çox olmuşdur.1 Buna bir sıra amillər təsir etmişdir.

Bunlardan biri ikinci dünya müharibəsindən sonrakı dövrdə yeni sahələrin yaradılması və köhnə sahələrin texniki cəhətdən yenidən qurulmasıdır. Bu, onunla əlaqədardır ki, elmi-texniki inqilabın təsiri ilə beynəlxalq miqyasda predmet (son məhsul üzrə), detal (hissələrin, de­talların və s. istehsalı üzrə), texnoloji (ayrı-ayrı əməliyyatların, texnoloji proseslərin həyata keçirilməsi üzrə) ixtisaslaşdırma və kooperasi­ya­laş­dır­ma dərinləşmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, adi kommer­si­ya ticarəti ilə yanaşı, beynəlxalq miqyasda istehsal – texniki əlaqələrə xid­mət gös­tərən əmtəə dövriyyəsi də artmışdır. Istehsalın beynəlxalq miq­yasda ixti­saslaşdırılması və kooperasiyalaşdırılmasının dərinləşməsi dün­ya tica­rətinin liberallaşdırılmasına, onun məhdudlaşdırılmasının qar­­şısının alın­masına və gömrük vergisinin əhəmiyyətli dərəcədə azal­dıl­masına səbəb olmuşdur.

Dünya ticarətinin artım sürətinə əvvəllərdə iqtisadi cəhətdən geridə qalmış ölkələrin bu prosesə fəal qoşulmaları da əhəmiyyətli təsir göstərmişdir. Belə ki, müstəqillik qazandıqdan sonra həmin ölkələrin səna­yeləşdirmə yolunu seçmələri, onların sənayecə inkişaf etmiş öl­kə­lərdən daha çox maşın və avadanlıq idxal etmələrinə səbəb olmuşdur.

Proqnozlara görə dünya ticarətinin yüksək sürəti yaxın gələ­cəkdə qalmaqda davam edəcəkdir.

Dünya ticarətinin quruluşunu öyrənərkən nəzərə almaq la­zım­dır ki, statistik məcmuələrdə əmtəələr beynəlxalq miqyasda qəbul edil­miş ticarət təsnifatı ilə qruplaşdırılır. Dünyada olan bütün öl­kələr, o cümlədən də Azərbaycan Respublikası əmtəələrin kodlaşdı­rıl­ması siste­mindən istifadə edirlər.

Dünya ticarətinin quruluşu elmi-texniki inqilabın və bey­nəl­xalq əmək bölgüsünün təsiri ilə dəyişir. Hazırda dünya ticarətində ema­ledici sənayenin məhsulları daha yüksək xüsusi çəkiyə malikdir. Başqa sözlə, dünya əmtəə dövriy-yəsinin 3/4 hissəsi onun payına düşür. Maşın, avadanlıq, nəqliyyat vasitələri, kimyəvi məhsulların xüsusi çə­kisi daha sürətlə artır. Ərzaq məhsulları, xammal və yanacağın xüsusi çəkisi təq­ribən 25%-ə bərabərdir.

Elm tutumlu əmtəələrin və yüksək texnologiya ilə istehsal olu­nan məhsulların ticarəti daha dinamik inkişaf edir. Bu isə öz növ­bə­sində ölkələrarası xidmətlərin, xüsusilə elmi-texniki, istehsal, kom­mu­nikasiya və maliyyə-kredit xarakterli xidmətlərin mübadiləsini sti­mul­laşdırılır. Bu da öz növbəsində (xüsusilə də informasiya – hesab­lama, konsaltinq, lizinq, injinirinq) istehsal təyinatlı əmtəələr üzrə dün­ya tica­rətinə marağı artırır.


4. Dünya valyuta sisteminin yaranması. Qızıl standart sistemi.
Dünya valyuta sistemi sənaye inqilabından və dünya təsərrüfat sistemi yarandıqdan sonra meydana gəlmiş və öz inkişafında aşağıdakı mərhələlərdən keçmişdir; 1) XIX əsrdə–yarandığı vaxtdan ikinci dün­ya müharibəsinədək olan dövr; 2) Ikinci dünya müharibəsinin gedişində–1944-cü ildə Bretton-Vudse (ABŞ) konfransında dünya valyuta sistemi-nin hüquqi cəhətdən rəsmləşdirildiyi vaxtdan XX əsrin 70-ci illərinin ortalarınadək olan dövr; 3) XX əsrin 70-ci illərinin ortaların­dan meydana gəlmiş və hazırda mövcud olan valyuta sistemi.

Dünya valyuta sistemi öz inkişafının ilk iki mərhələsində qızıl (qızıl sikkə) standartına əsaslanmışdır.

Pul tədavülü və beynəlxalq hesablaşmaların bu qaydada təşkili pulun vəzifəsinin qızılda təsbit olunmasını və milli pul vahidinin qızıl məz­mununun müəyyən edilməsini nəzərdə tuturdu. Bu, qızılın rəsmi qiyməti hesab olunurdu. Tədavülə qızıl sikkələr buraxılmışdı və onlar tədiyə vasitəsi hesab edilirdi. Mərkəzi banklar kağız pulları (bank­notla­rı, xəzinə biletlərini və başqa pul nişanlarını) nominal dəyərlə qızıla dəyişməyə borclu idilər. Qızılın istənilən şəkildə ölkəyə gətirilməsi və öl­kə­dən aparılmasına icazə verilirdi.

Qızıl standartı özünün klassik formasında XIX əsrin əvvəllə­rində meydana gəlmiş, əsrin axırlarında isə demək olar ki, sənayecə inkişaf etmiş ölkələrin hamısında mövcud olmuşdur.

Qızıl standartı şəraitində tədiyə balansının tənzimlənməsi əsas etibarilə kortəbii surətdə, xüsusi kanallar vasitəsilə qızılın bir ölkədən digərinə aparılması yolu ilə həyata keçirilmişdir. Bu dövrdə beynəlxalq hesablaşmaların aparılmasında, əslində dövlət iştirak etmir, rəsmi qızıl ehtiyatları isə tədiyə balansının tarazlaşdırılmasında başlıca "tənzim­ləyici" rolunu oynayırdı.

Lakin sonralar qızıl standartın ləğv olunması üçün obyektiv əsaslar yaranmağa başladı. Bu, beynəlxalq miqyasda kapitalın hərə­kə­tinin genişlənməsi, kredit və nəqd olmayan hesablaşmaların üstün­lüyə malik olduğu dövrdə daxili tədiyə mexanizminin təkamülü nəticəsində baş verirdi. Bunun təsiri ilə tədiyə balansı qalığının ödənilməsi mexa­niz­mində keyfiyyət dəyişiklikləri əmələ gəldi. Beynəlxalq hesablaş­mala­rı tarazlaşdırmaq üçün dövlət orqanlarının sərəncamında olan iqtisadi vasitələr xeyli genişləndi. Valyutanın devalvasiyası, yaxud da revalva­si­yası yolu ilə onun məzənnəsindən hiyləgərlik məqsədilə is­tifadə edil­mə­si, əmtəələrin, xidmətlərin və kapitalın hərəkətini tən­zimləmək üçün inflyasiya və ya deflyasiya siyasətinin yeridilməsi, uçot (faiz) dərəcələ­ri­nin dəyişdirilməsi, beynəlxalq borc və kreditlərdən isti­fadə olunması və nəhayət xarici borcların restrukturizasiyası–bütün bunlar alınmış bor­cun və kreditlərin ödənilmə müddətinin vaxtaşırı uzadılmasına və nəticə­də tədiyə balansını müvəqqəti olsa da tarzlaş­dırmağa və qızıl ehti­yat­ları hesabına onun mənfi qalığını qeyri-müəy­yən müddətə aradan qal­dır­mağa imkan verdi.

Beləliklə, qızıl standartı sisteminin daha səmərəli sistemlə əvəz edilməsi üçün obyektiv şərait hazırlanmış oldu. Buna dünya iqtisa­diy­yatında və iki dünya müharibəsi arasındakı dövrdə siyasi və iqtisadi qeyri-sabitlik də təkan verdi.

Beynəlxalq valyuta sisteminin yenidən təşkili planı ikinci dün­ya müharibəsi illərində hazırlanmış, onun yeni mexanizminin fəaliyyət prinsipləri isə 1944-cü ildə Bretton-Vudsedə (ABŞ) keçirilmiş valyuta-maliyyə konfransda müəyyən edilmişdir.

Bretton-Vudse valyuta sistemi elə dünya valyuta sistemi de­məkdir. Bu sistemə görə qızılla yanaşı, ABŞ dolları və çox az həcmdə In­giltərə funt sterlinqi ehtiyat yaratmaq vəzifəsini yerinə yetirir və bu məqsədlə onlar qızıla dəyişdirilirdi. Həm də onların qızıla dəyişdirilmə qiyməti də sabit idi. Yəni bir unsiya qızıl (bir unsiya 31,1 qrama bə­rabərdir) 35 dollara bərabər tutulurdu. Valyuta məzənnələri qəti müəy­yən olunmuşdu, ölkələr (sosialist ölkələrindən başqa) arasındakı valyu­ta münasibətləri BVF tərəfindən həyata keçirilirdi.

Qızıl-valyuta standartının normal fəaliyyət göstərməsi, ehti­yat­la­rın daim artırılmasını tələb edirdi. Bundan başqa, qızıl və valyuta (dollar) ehtiyatları arasında ən əlverişli nisbət qorunub saxlanmalı idi. Bu şərtlərə əməl olunmaması Bretton–Vudse sistemini uğursuzluğa gə­tirib çıxara, ehtiyat vəsaitin (dollar, fund sterlinq, qızıl) çatışmaması dünya ticarətində ləngimələrə, onun çox olması isə qəti müəyyən edil­miş valyuta məzənnələri sisteminin pozulma-sına səbəb ola bilərdi.

ABŞ-ın dollar ehtiyatı onun qızıl ehtiyatından bir neçə dəfə çox olduğuna və başqa ölkələr dollar ehtiyatının qızıl ehtiyatı ilə əvəz olun­masını tələb etdiklərinə görə o, (ABŞ) 1971-ci il avqustun 1-dən rəsmi olaraq Amerika dollarının qızıla dəyişdirilməsini dayandırdı. Ona görə qərbi Avropa ölkələri də dolların məzənnəsinin qorunub sax­lan­masına dair üzərlərinə götürdükləri öhdəlikdən imtina etdilər.Bununla da Bretton- Vudse valyuta sistemində böh-ran baş verdi. Odur ki, bu böhrandan çıxmaq üçün 1972-1974-cü illərdə BVF-nin «Iyirmilər komitəsi» dünya valyuta sistemində islahatlar aparılmasına dair layihə hazırladı. 1976-cı ilin yanvar ayında BVF-nin üzvü olan ölkələr Kinqston şəhərində (Yamayka) təşkilatın nizamnaməsində dəyişiklik edilməsi haqqında razılığa gəldilər və bu, Yamayka valyuta sistemi adını aldı.

Yamaykada BVF-nin nizamnaməsinə edilmiş də­yi­şikliklər 1978-ci ildə qüvvəyə mindi. Və burada dünya valyuta siste­min­də əmələ gələn aşağıdakı dəyişikliklər öz əksini tapdı:

1) Qızılın rəs­mi qiyməti ləğv olundu;

2) Dəyişən məzənnələr sistemi rəsmən təsbit edildi;

3) BVF-nin üzvü olan ölkələrin daxili və xarici iqtisadi siyasət­lə­rinin əlaqələndirilməsinə verilən tələblər artırıldı;

4) SDR-in əsas eh­tiyat aktivlərinə çevrilməsi bəyan edildi. Bütün bunların nəticəsində ölkələrin valyuta siyasətləri onların makroiqtisadi siyasətlərinin ayrıl­maz hissəsinə çevrildi.



Mövzu 6: XIX əsrin sonu və XX əsrin əvvəllərində dünya təsərrüfat sisteminin inkişafının əsas istiqamətləri.( 4 saat)

Plan
1. İkinci elmi- texniki inqilab və dünya məhsuldar qüvvələrinin inkişafı.

2. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın quruluşunun dəyişilməsi.

3. İnhisarçı kapitalizmin xüsusiyyətləri. İnhisarın formaları.

4. Bank kapitalının sənaye kapitalı ilə birləşməsi və fond bazarının inkişafı. Maliyyə oliqarxiyası.


1. İkinci elmi- texniki inqilab və dünya məhsuldar qüvvələrinin inkişafı.

XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı- ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunur.

XIX əsrin son otuzilliyində dünya üzrə sənaye məhsulu istehsalı üç dəfədən çox artmışdı. Sənayenin müxtəlif sahələrində elmin nailiyyətlərinin istehsala tətbiqi nəticəsində böyük texniki irəliləyişlər baş vermişdi.

Bu dövr üçün metallurgiya sahəsində poladəritmənin yeni üsulunun tapılması, kimya sənayesində sulfat turşusu və soda istehsalı, sənaye və iqtisadiyyatda yeni, güclü mexanizmlərin – daxili yanma mühərriki, buxar turbini və dizel istehsalı kimi böyük texniki kəşflər səciyyəvidir.

İstehsalın enerji bazasında mühüm texniki dəyişiklik baş vermişdi. Bu, maşınların hərəkətverici qüvvəsi kimi elektrik cərəyanından istifadə edilməsi ilə bağlı idi. İstehsalın və nəqliyyatın elektrikləşdirilməsinə başlanmışdı. Bu sahədə 1867- ci ildə Almaniyada E. V. Simensin ilk dinamo maşınının, 1883- cü ildə ABŞ- da T. Edisonun müasir generatorunun meydana çıxması, 1891- ci ildə müəyyən məsafəyə elektrik cərəyanını ötürən transformatorun tətbiqi mühüm rol oynadı. Elektrik enerjisinin alınması, ötürülməsi və qəbul edilməsi mexanizmi yaradılmışdı.

Sənaye və nəqliyyatda elektrik enerjisindən istifadə imkanları artmışdı. 1879- cu ildə Almaniyada Eş Vş Simans tərəfindən elektrik dəmir yolu nəqliyyat vasitəsi olan tramvay ixtira edilmiş, 1876- cı ildə Rusiyada Yabloçkov, 1880- ci ildə isə ABŞ- da T. Edison tərəfindən gözərmə lampaları, 1886- cı ildə metal alınmasında elektroliz üsulu, 1877- ci ildə elektrik poladəritmə sobası, 1887- ci ildə metalın elektriklə qaynağı kəşf edilmişdi. 1884- cü ildə Ç. Parsonson tərəfindən İngiltərədə fırlanma sürəti qat- qat çox olan reaktiv buxar turbini ixtira olunmuşdu.

Elektrik istehsalında təkmilləşdirilmiş hidravlik mühərriklərdən – su turbinlərindən istifadə başlanıldı. 1898- ci ildə ABŞ- da Niaqara şəlaləsi üzərində tikilmiş hidroelektrostansiya ilk cərəyan verdi.

Bu dövrdə çox mühüm yanacaq kimi neftin iqtisadi əhəmiyyəti artmışdı. Neft sahilatının sürəti ildən- ilə çoxalmağa başlamışdı. 1870- ci ildə bütün dünyada cəmi 0,8 milyon ton çıxarılmışdısa, artıq 1890- cı ildə bu rəqəm 20 milyon tona çatmışdı.

Bu dövrdə kimya texnologiyası da sürətlə inkişaf edirdi. Belçika alimi L. Bagelandın layihəsi əsasında plastmas istehsalına başlanılmışdı. 1913- cü ildə alman kimyaçısı F. Berqius kömürdən durulaşdırılmış ( maye) yanacaq almışdı.1915- ci ildə isə Almaniyada metil- kauçuk istehsalına başlanılmışdı. Alman kimyaçılarının sintetik yolla boya, dərman, ətriyyat və digər üzvi birləşmələr almaları kimya istehsalında böyük kəşflər olub, məhsuldar qüvvələrin inkişafında mühüm rol oynamışdı. Qeyri- üzvü kimya məhsulları istehsalında əsas xammal növü olan sulfat turşusu və sodanın kəşfi böyük əhəmiyyətə malik idi.

Metallurgiya və poladəritmə sahələrində də böyük dəyişikliklər baş vermişdir. Çuqundan polad alınmasının yeni üsulu( Q. Bessemer) işlənib hazırlanaraq istehsala tətbiq edilmiş, elektroliz üsulu ilə ( P. Er, Ç. Xoll) alüminium əldə olunmuş , elektidlə polad əridilməsinə başlanmış və gələcəkdə aviasiya üçün material olacaq düraliminium kəşf edilmişdi. XIX əsrin birinci yarısında ixtira və təkmilləşmə onlarla idisə, XIX əsrin sonu - XX əsrin əvvəllərində bu rəqəm minlərlə hesablanırdı.

Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu. Yeni sənaye sahələrinin yaranması və inkişafı struktur dəyişikliklərinə gətirib çıxarırdı.

ABŞ- da maşınqayırmanın yeni shəsi olan avtomobil istehsalı Q. Fordun layihəsi əsasında yaradıldı.Q. Fordun zavodunda ilk avtomobil 1892- ci ildə buraxılmışdı, cəmi 8 il sonra – 1900- cü ildə burada 4 min avtomobil istehsal edilmişdi.

Ümumiyyətlə, maşınqayırma sahəsində böyük texniki tərəqqi fasiləsiz, kütləvi və avtomatlaşdırılmış istehsalın təşkilinə şərait yaradırdı. Konveyer üsulu ilə kütləvi maşın istehsalı dünyada ilk dəfə 1912- 1913- cü illərdə ABŞ- ın maşınqayırma sənayesində - Fordun zavodlarında tşkil edilmişdi.

Qara metallarguya sahəsində struktur dəyişiklikləri baş vermişdi. Polad istehsalının xüsusi çəkisi ildən- ilə artırdı.

XIX əsrin sonunda texniki tərəqqi sənaye istehsalının iriləşdirilməsini tələb etməklə yanaşı, buna texniki şərait də yaradırdı.Belə ki, yeni poladtökmə texnologiyası ayrı- ayrı kiçik domna sobalarından böyük metallurgiya zavodlarına keçidi zəruri edirdi. Buxar əvəzinə elektrik enerjisinin tətbiqi sənaye müəssisələrinin genişlənməsini tələb edirdi. Elektrik enerjisinin müəyyən məsafəyə ötürülməsi isə iri müəssisələrin elektrik enerjisi mənbəyindən uzaq yerdə belə tikilməsinə imkan verdi.

Sənaye istehsalının və dünya ticarətini yüksək sürətlə artması nəqliyyat və rabitənin coşğun inkişafına təkan verirdi. 1860- cı ildən 1900- cü ilədək dünya dəmir yolu şəbəkəsi 4 dəfəyədək artmışdı. ABŞ, Almaniya və Rusiyada dəmir yolları daha surətlə çəkilirdi. Dəniz nəqliyyatında da çevriliş başa çatmış, yelkənli gəmilər buxar gəmiləri ilə əvəz olunmuşdu.

Yeni texnika və texnologiyanın tətbiqi nəticəsində sənayedə məhsuldar qüvvələrin inkişafının yeni səviyyəsi iqtisadiyyatda struktur dəyişikliyinə gətirib çıxartmışdı. Yüngül sənaye ilə müqayisədə ağır sənaye aparıcı sənayeyə çevrilmişdi.
2. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın quruluşunun dəyişilməsi.

ABŞ

ABŞ- ın bir neçə onillik ərzundə sənayenin inkişafına görə İngiltərəyə çataraq onu ötüb keçməsi bir sıra sosial- iqtisadi amillərlə bağlı idi. Hər şeydən qabaq ABŞ – da burjua- demokratik dəyişikliklər daha ardıcıl həyata keçirilmişdi. Avropaya nisbətən işçi qüvvəsinə tələbatın çoxluğu, yüksək maaş verilməsi və böyük torpaq sahələrinin olması XIX əsrin sonu- XX əsrin əvvəllərində Amerikaya müxtəlif ölkələrdən milyonlarla insanın axıb gəlməsinə səbəb olurdu. Amerika sənayesi dövlətin himayəçilik siyasəti nəticəsində xaricdən gətirilən malların, xüsusilə ingilis mallarının rəqabətindən müdafiə olunurdu. XIX əsrin sonunda xaricdən gətirilən mallar üzərinə qoyulan rüsum onların dəyərinin 75%- ni təşkil edirdi. ABŞ- a xarici sənaye mallarının axını azalırdısa, əksinə kapital axını artırdı. Avropa kapitalistlərini ABŞ- dakı yüksək mənfəət cəlb edirdi, ona görə də əmtəə ixracı ilə birlikdə öz kapitallarını da bura yönəldirdilər. ABŞ- ın iqtisadiyyatında baş vermiş struktur dəyişiklikləri hər şeydən əvvəl ümumi istehsalda sənayenin birinci yerə çıxması ilə nəticələndi.

Dəmir yol tikintisinin xüsusi çəkisinin sürətlə artması ABŞ iqtisadiyyatında vacib struktur dəyişikliklərindən biri idi. Dəmir yol tikintisi metala, yanacağa, maşına tələbatı artırır, metallurgiya və metal emalı istehsalının, kömür və neft sənayesinin inkişafına təkan verirdi. Sənaye istehsalının özündə böyük struktur dəyişkiliyi baş vermişdi. Bu, ağır sənayenin sürətli inkişafında özünü göstərirdi. ABŞ tarixində ilk dəfə ağır sənaye xüsusi çəkisinin artımına görə birinci yerə çıxmışdı.

1860- 1900- cu illərdə ABŞ- da ümumi sənaye istehsalının həcmi 7 dəfə artmışdı. 1913- cü ildə bütün dünyada əridilən poladın 47%- i, çıxarılan kömürün 45%- i, dünya üzrə neft hasilatının 82%- i ABŞ- ın payına düşürdü. ABŞ- da bütün dünya sənaye məhsulunun 36%- i istehsal olunur.

Ağır sənayenin strukturu ciddi şəkildə dəyişilmiş, texniki tərəqqi nəticəsində yeni neft, alüminium, rezin istehsalı, elektrotexnika, avtomobil sahələri yaranmışdı. Bütün sahələr eyni səviyyədə sürətlə inkişaf edirdi. XIX əsrin sonlarında yaranmış sahələr daha sürətlə irəliləyirdi. 1870- 1913- cü illərdə qara metallurgiya çuqun istehsalını dəfələrlə ötüb keçmiş, neft hasilatının həcmi isə 17 dəfə artmışdı.

Elektrotexnika sənayesinin 1892- ci ildə yaradılmış məşhur “ Ceneral elektrik kompani” şirkəti elektrik enerjisi ilə yanaşı,müxtəlif avadanlıqlar da istehsal edirdi.



Yüklə 342,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə