Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 165,49 Kb.
səhifə3/3
tarix17.09.2017
ölçüsü165,49 Kb.
#564
növüMühazirə
1   2   3

Misir təqvimi

Misir təqvimi əslində bütün bəşər tarixində ən ağıllı təqvimdir (O. Neugebauer, səh. 92). İl hər biri 30 gün olan 12 aydan və ilin axırında əlavə olunan 5 gündən ibarət idi (bu beş günü yunanlar epaqomen = “ilin üstündə olan” adlandırmışdılar). Mendeleev Rusiyada Misir təqviminin qəbul olunması tərəfdarı idi! Babillilərin və yunanların ay təqvimləri, eləcə də yunanların siyasi liderlərdən asılı olan təqvimləri mürəkkəb və əlverişsiz idi. Misir təqvimində astronomiya və hesab bir-birinə qovuşmuşdu.

Günün 24 bərabər saata və bir saatın 60 dəqiqəyə bölünməsi də Misirlilərdən gələn bölgünün Ellin-Babil modifikasiyası nəticəsində bərqərar oldu. Misirlilərdə əvvəlcə 12 gündüz və 12 gecə saatları vardı (daha əvvəlcə daha fərqli olub), bu saatlar da bir-birindən fərqli idi; gecə və gündüz saatları bir-birindən fərqlənirdi, həmçinin gecə saatları öz aralarında, gündüz saatları da öz aralarında müxtəlif idi. Ilin 12 aya bölünməsini yeganə mümkün bölgü kimi qiymətləndirmək düzgün olmazdı. Mərkəzi Amerikada yaşayan Maya xalqında il 19 aya bölünürdü, onlardan 18 ayın hər biri 20 gün olub, qalan bir ay isə 5 gündən ibarət idi.

Astronomik il (təqribən 365, 25 gün) mülki ildən (365) fərqli idi. Bu səbəbdən hər dörd ildən bir mülki il astronomik ildən bir gün əvvəl başlayırdı. 1460 astronomik il (buna Sirius dövrü deyilir) 1461 mülki ilə bərabər idi. 1460 ildən sonra hər iki növ il üzrə yeni il günü (ilin başlanğıcı) üst-üstə düşürdü (1460 ∙ 0,25 = 365). Qədim Misirdə parlaq Sotis (Böyük köpək bürcündə yer alan Sirius) 70 günə yaxın bir müddətdə “yoxa çıxır” (əslində Günəş doğanda çıxır və buna görə də görünmür) və yenidən yayda gecə-gündüz bərabərliyi ərəfəsində Günəşin çıxmasından həmən əvvəl görünürdü (buna Siriusun “heliak” doğuşu deyilir). Bu, kənd təsərrrüfatı üçün həyati vacib olan hadisədən - Nil çayının illik qabarma, daşma dövrünün başlandığından xəbər verirdi. Bu doğuşu yeni ilin başlanğıcı qəbul etmək təbii idi. Nilin sahillərindən çıxması bayram idi, məhsuldar lil və rütubət gəlirdi. Siriusun heliak doğuşu 365 gündən sonra yenidən baş verirdi. Qeyd edək ki, Misirin həyatında əsas yeri tutan Nil çayının uzunluğunu dəqiq bilirdilər; Qədim bir mətndə bu uzunluq 106 itru (1 itru = 10,5 km), yəni həqiqətə uyğun 1113 km olaraq verilmişdir (Oçerki...M.A. Korostovtsev, səh 128).

Misirdə dini işlər üçün ay təqvimi də mövcud idi. Amma əsas il Günəş ili idi. Beləliklə ilin başlanğıcı (heliak doğuş) hər dörd ildən bir bir gün dəyişilirdi (rahib-astronomların məlumatı əsasında), yəni bütöv təqvim sürüşkən idi. Təqvimi daşınmaz (tərpənməz) etmək cəhdləri olurdu, lakin bu yalnız m.ö. 26-cı ildə baş verdi.

Misirlilər ekliptikaya paralel bir qədər cənubda 36 “dekan” (ulduz və ya ulduzlar toplusu) müəyyən etmişdilər. Hər biri ekliptikanın 10° -ni təmsil edən dekanlar mülki ilin 36 dekadasına uyğunlaşdırılmışdı (7 günlük həftə əvəzinə 10 günlük dekada!).



Mesopotamiyada astronomiya

Yeddi günlük həftə ölçüsünün əmələ gəlmə səbəbi olaraq yeddi hərəkət edən səma cismi – Günəş, Ay və görünən 5 planet göstərilir, həftənin hər bir günü o allahlardan birinin şərəfinə adlandırılmışdı (bu, ən qədim zamanlarda Babilistanda baş vermiş və oradan da digər yerlərə, Misirə, Roma`ya yayılmışdı). Babilistanda günəş allahı – Şamaş (ədalət keşikçisi), Ay allahı Sin idi, Merkuri (Qud – ud) Nabo allahın, Venera (Dil-bat) - İştar, Mars (Zalbatan) – Nerqal (taun, bədbəxtlik rəmzi idi), Saturn (Saq-uş) – Ninib, Yupiter – Marduk (xoşbəxtlik rəmzi) allahın ulduzları idi. Sevgi ilahəsi İştar, göylərin bu gözəl (və parlaq) xanımı axşam və səhər bəlli qayda-qanunla səmada görünürdü.Bu yeddi səma cisminin hərəkətləri əsasında astroloji proqnozlar verilir, ölkədə nələr baş verəcəyi söylənilirdi (Pannekuk, səh.40 və 37-48). Babillər həftənin axırını nəs hesab edir, uğursuzluq və bədbəxtlik gətirə bildiyini söyləyir və bu səbəblə həmin gün işləmirdilər. Misirlilər, sonra Romalılar istirahət və ya dini bayramları 6, 7, 5-ci günlərə salırdılar..

Səmanın təqvimdə oynadığı həlledici rola misal olaraq İngiliscədə həftə adlarının mənşəinə baxaq. Sunday = Günəş günü, Monday = Ay günü, Tuesday = Mars günü (Marsa Tiw allah qarşı qoyulurdu), Wednesday = Merkuri günü (Merkuri = Woden), Thursday = Yupiter günü (Yupiter = Thor), Friday = Venera günü (Venera = Frig) və Saturday = Saturn günü deməkdir. Bu günkü əsas Avropa dillərində (Alman, İngilis, Fransız, ...) günlərin adı belədir (Roma-Latın mədəniyyəti! Məsələn, ruslarda belə deyil).

Babilistan astronomları Günəşin batma müddətinin (Günəş dairəsinin aşağı hissəsinin üfüqə toxunması ilə onun yuxarı hissəsinin üfüqdə yoxa çıxması) iki dəqiqə, yəni bir günün - 24 saatın 1/720 hissəsi qədər sürdüyünü müşahidə etmiş və nəticədə Günəş diametrinin 360°/720 = (1/2) ° olduğunu tapmışdılar.

Misirdə, xüsusilə də Babilistanda ulduz və planetlərin uzunillik, çoxəsrlik müşahidələri bir çox qanunauyğunluqları kəşf etməklə nəticələnmişdi (bunlardan bəziləri Hindistan və Çində də kəş olunmuşdu). Babilistanda səma cisimlərinin hərəkətindəki dövriliyi, təkrarlanmanı əsas götürərək hadisələri ədədi-hesabi üsullarla anlamağa və əvvəlcədən görməyə çalışırdılar, deyəsən onlarda həndəsi modellər olmayıb.

Bürclər

Qədim zamanlıarda səma bütövlükdə parlaq ulduzların ətrafındakı ulduzlar toplusu - bürclər şəklində təsvir olunub öyrənilirdi. Şəhərdə küçə və küçədəki ev nömrəsi ilə dəqiq ünvan müəyyən edildiyi kimi, Səmada bürclər və onda müəyyən qaydada yer alan ulduzu göstərməklə “gəzib-dolaşmaq” mümkündür. Çox zaman bürclərdəki parlaq ulduzları müəyyən xəyali xətlərlə birləşdirməklə bürcləri bütövlükdə müəyyən heyvan (gerçək və ya əfsanəvi) şəkli ilə eyniləşdirdilər. Bugünkü bürc adlarının əksəriyyəti yunanca səslənsə də, o adların əksəriyyəti yunancaya Babilistandan keçmişdi, daha doğrusu bürc adları əsasən yunancaya tərcümə edilmişdi (bunlar şimal yarımkürəsində görünənlərə aiddir, cənubdakılar əsasən yeni dövrdə, 17 və 18-ci əsrlərdə avropalılar tərəfindən ad alıblar!).

Müasir elmdə göy qübbəsi tamamilə bürclər arsında “bölüşdürülmüş” (yaxındakı ulduzları da uyğun bürcə aid etməklə) və bürcə daxil olan ulduzlar hərf və ya rəqəm işarəsi –adı almışlar (məsələn, Riqil Sentavrın adı “α Centauri”dir). Bürclərin bugünkü adı və sərhədləri 1922-ci ildə Beynəlxalq Astronomik Birliyin 1-ci qurultayında qəbul edilib. Bu qərara görə göy qübbəsi 88 bürc arasında bölüşdürülüb, onlardan 31-i səma ekvatorundan şimalda, 48-i cənubda və 9-u hər iki yarımdairədə yerləşir.

Bütün göy qübbəsi sanki gözümüzdən və dünyanın qütbü - polyusu adlanan tərpənməz səma nöqtəsindən keçən xəyali ox ətrafında müntəzəm şəkildə fırlanır –bu görüntüdür, əslində isə bu, Yerin öz oxu ətrafında dövr etməsi nəticəsində baş verir. Bu dövretmədə bürclər də, əsas şəkli çox pozmadan, hərəkət edir, dönürlər.



Günəş və Ayın hərəkətləri

Ay Yer ətrafında dövr edərkən müxtəlif şəkillər (səfhələr) alır. Ay bir-iki gün “yoxa çıxdıqdan” sonra (məsafəcə Günəşə yaxın olduğundan görünmür) Günəş batarkən batma nöqtəsinin yaxınlığında (qərbdə) qabarıq tərəfi Günəşə doğru yönəlmiş nazik oraq (hilal) şəklində görünür. Bir həftə ərzində Günəş batan yerdən sola uzaqlaşa-uzaqlaşa yarımdairə (hilal) şəklini alır. Daha bir həftə ərzində Ay Günəşlə əks tərəfə keçir və tam dairə şəklini alır; buna dolu ay (bədr) deyirlər (gözəlin hüsnünü tərənnüm edən şairlər onu on dörd gecəlik Ay`a bənzədirlər). 3-cü həftə Ay Günəşə o biri tərəfdən –şərqdən yaxınlaşmağa başlayır, yenidən yarımdairə şəklini alır (bu dəfə sağ tərəfdən kəsilə-kəsilə) və nəhayət, 4-cü həftədə nazik oraq (hilal) şəklinə düşüb qabarıq tərəfi Günəşə doğru yönəlir; bu, Günəş doğmazdan əvvəl görünür və Ay bir-iki gün içində səhər Günəşin şüaları altında sanki əriyib “yoxa çıxır”. Sonra “Yeni Ay” əmələ gəlir və hər şey təkrar olunur.

Şəkillər

Bu dövrə, “yeniləşmə” təqribən 29 gün yarım çəkir. Bu qədim dünyada Ay təqviminin əsasında dayanan Ayın Yer ərtafında tam dövretmə vaxtıdır. Bu səbəblə bir çox dillərdə səma cismi-Ay və zaman ölçüsü ay (təxminən otuz gün) eyni kəlmə ilə ifadə olunur.

Günəş və Ayın dövr etdiyi zolaq Zodiak adlanır (yunanca zodiakos kyklos = heyvanlar dairəsi ifadəsindəndir). 12 zodiak bürclərindən on biri heyvan adı daşıyır, tərəzi bürcü istisnadır. Zodiak bürclərini xüsusi işarələrlə (Zodiak işarələri ilə) təsvir edirlər. Günəş hər Zodiak bürcü ərazisini təqribən bir ay ərzində keçir. Bürclərin yunanca adları Zodiak işarələrinin Babilistandan götürüldüyünü göstərir.

Ay səma boyu qərbdən şərqə doğru hərəkət edir və müəyyən bürclərdən keçərək tam dövr edir. Günəş də bürclər boyu, amma Aya nisbətən çox yavaş, qərbdən şərqə doğru hərəkət edir və bir il ərzində əvvəlki vəziyyətinə qayıdır. Gündüz ulduzlar görünmür, lakin Günəşin doğması və batması vaxtı, eləcə də Günəş tutulması zamanı bürclərə görə bu dəyişmə, bu hərəkət müşahidə oluna bilir.



Günəş və Ayın tutulmaları

Günəş və Ayın tutulmaları qədimdə astronomiyanın ən əsas hadisələrindən biri hesab olunub. Müşahidələr göstərmişdi ki, Ay ancaq dolu ay zamanı, Günəş isə yeni ay zamanı tutula bilər. Bir müddət (təqribən 18 il 11 gün 7 saat 42 dəqiqə) keçdikdən sonra Günəş, Yer və Ayın qarşılıqlı vəziyyəti təkrarlanır. Bu vaxt tutulmaları əvvəlcədən xəbər verməyə kömək edir. Babilistanda (xaldeylər) bu vaxtı “Saros” adlandırmışlar, onu nə dərəcədə dəqiq bildikləri isə mübahisəlidir.

Ay tutulması Ayın Yerin kölgəsindən ibarət konusa düşməsidir. Bu zaman Günəşlə üz-zə duran tam (dolu) Ay və onun tutulması Yerin bütün kölgəli (yəni gecə) tərəfində müşahidə olunur.

Ay tutulması (tam, qismən, yarımkölgə) – Şəkil

Günəş tutulması isə Ayın yerdən görünməyən hissəsinin Günəşi örtməsidir. Bu zaman Günəş tutulması yalnız Ayın kölgəsinin yerə saldığı dar zolaqda müşahidə olunur. Şəkil. Dəqiq hesablama ilə Yer kürəsinin ixtiyari nöqtəsində Günəş tutulmasının nə vaxt baş verdiyini əvvəlcədən bilmək olur. Bu, xüsusi halda tarixi xronologiya üçün çox vacibdir. Herodot yazıb ki, Midiya və Lidiyalılar arasındakı savaş zamanı Günəş tam tutulmuşdu. Tarixçilər dəqiq vaxtı müəyyən edə bilmir, m.ö. 626-cı il və m.ö 583-cü il arasında dayanmışdılar. Bu Günəş tutulması m.ö. 585-ci il May ayının 28-də baş vermişdi!!

Şəkil: Ay və gün tutulmalarının vahid sxemi (3 səma cisminin qarşılıqlı vəziyyəti...)

Ay Günəşə nisbətən yerə təxminən 400 dəfə yaxındır və Ayın diametri Günəşinkindən təxminən 400 dəfə azdır. Buna görə Günəş və Ay yerdən təxminən eyni böyüklükdə görünür.

Planetlər

Beş səma cisminin Zodiak bürcləri içində daima öz yerini dəyişdiyi çox-çox qədimlərdən məlumdur. Yunanlar onları planet (planetes = gəzəyən, planetes aster = gəzəyən ulduz, latınca planeta) adlandırdılar. Planetlər parlaq ulduzlara bənzəyirlər, lakin “tərpənməz” ulduzlardan fərqli olaraq onlar yerlərini daima dəyişir - bir zodiak bürcündən digər qonşu bürcə doğru hərəkət edirlər. Merkuri və Venera Günəşə yaxın bürclərdə olur, Mars, Yupiter və Saturn isə yaxında da, uzaqda da, hətta Günəşdən tam əks tərəfdə də görünürlər.

Planetlərin hərəkətinin öyrənilməsi astronomiyanın inkişafında həlledici rol oynayıb. Astroloqlar (onlar həm də astronomlar idi) planetlərin zodiak içində vəziyyətinə görə insanın anadan olduğu tarixlə bağlı və insan həyatının digər mühüm məqamlarına aid horoskoplar düzəldir, insanın gələcəyindən xəbər verir, “uğurlu” və “uğursuz” günləri, vaxtı müəyyən edirdilər.

Planetlər əsasən qərbdən şərqə doğru hərəkət etsələr də, bəzən sanki göydə dayanır, sonra qısa müddətdə geriyə - qərbə doğru qayıdır, sonra isə dönüb yenə şərqə doğru yoluna davam edir. Başqa sözlə, planet qərbdən şərqə doğru hərəkətində geriyə boylanaraq “düyün vurmağı” və ya “ilmə salmağı” da unutmur, hərəkətində retroqradlıq var. Qədim dünyanın astronomları bu məsələni anlamaq üçün böyük zəhmət çəksələr də, yunanlar nəzəri/həndəsi modellər qursalar da, doğru izah yalnız heliosentrik sistem vasitəsilə verilmişdir.



Mesopotamiyada Ay təqvimi və Günəş ili

Qədim Babilistanda tapılmış cədvəllər ay təqvimi ilə verildiyindən o dövrün (Hammurapi) xronologiyasını bu günkü təqvimə əsasən müəyyən etmək olur (hələlik məlum olan ən qədim astronomik mətnlər B.E.Ə. 17-ci əsrə aiddir) Assuriya dövründə astronomlar öz müşahidələrini sistematik şəkildə yazırdılar. Ptolomey Nabonassar zamanındakı (m.ö. 847-ci ildən sonra) ay tutulmaları haqqında məlumatlara malik olduğunu söyləyir. M.ö. 500-cü illərdən sonra müşahidələrin və astronomik nəzəriyyənin riyazi əsasa dayandığı güman edilir (O. Neugebauer).

Ay təqviminin (“Ay ayı” = 29,53059 gün, yəni Ayın Yer ətrafında bir tam dövretmə müddəti) Günəş ilinə (365, 24220 gün) uyğunlaşdırılması, onlar arasındakı dəqiq əlaqənin müəyyənləşdirilməsi astronomiyanın əsas məsələlərindən biri olmuşdur. Ay “hesab”ının Günəş “hesab”ına necə “yerləşdirilməsi” mühüm sayılmışdır; yəni elə m və n saylarını tapmaq lazımdır ki,

m × (”Ay ayı”) = n × (Günəş ili)

olsun (mümkün qədər böyük dəqiqliklə). Bu sistemə interkalyasiya deyilir. 12 Ay Ayı, yəni bir Ay ili 354, 3671 gündür, bu, bir Günəş ilindən təqribən 11 gün qısadır. Üç Günəş ili ərzində Ay təqvimi Günəş təqvimindən təqribən 33 gün geri qalır. Bu vəziyyətdən çıxmaq üçün üç ildən sonra növbəti ilə bir ay,yəni 13-cü ay əlavə etmək olar. Lakin illər çox keçdikcə bu təqribi uyğunlaşdırma yeni xətalar verir, bu səbəbdən uyğunlaşdırmanı üç ildən bir deyil, daha uzun müddətli zamanı nəzərə alaraq etmək lazım gəlirdi.Məsələn, m =235 və n = 19 (19 illik düzəliş) sayları bu şərtlərə yaxşı cavab verir:

235 × (”Ay ayı”) = 6939, 69 gün və 19 × (Günəş ili) = 6939, 60

Bu cür təqvimdə 19 ilin 7-də 13-cü ay əlavə edilirdi, yəni 12 ilin hər biri 12 “Ay ayı”ndan, 7 ilin hər biri isə 13 ”Ay ayı”ndan ibarət qəbul olunurdu (12∙12 + 7∙13 = 235). Qədim dövrdə (təqribən m.ö. 1800 - m.ö. 400) Zodiak hər biri 30 dərəcə olan 12 hissədən ibarət olub Günəş və planetlərin hərəkətini təsvir etmək üçün əsas bölgü idi. Bu, Ay-Günəş təqvimi idi.

Yəhudilər və ərəblər İslamdan xeyli əvvəl bənzər sistemdən,Ay-Günəş təqvimindən istifadə edirdilər (əl-Biruni). Lakin hicrətin doqquzuncu ili Məhəmməd peyğəmbər bu sistemi ləğv etdi (hicrətin 9-cu ili; mümkündür ki, yəhudilərdən fərqli olmaq üçün). Hal-hazırkı İslam təqvimindəbir “islam ili” 12 “Ay ayı”ndan ibarət olub 354 günə bərabərdir (29,5 × 12 = 354). Bu təqvimdə təkrarlamalar (məsələn fəsillər) 33 ildən sonra başlayır; 33 Ay ili təqribən 32 Günəş ilinə bərabərdir, 33 Ay ili=11.682 gün, 32 Günəş ili=11.688;yəni 33-cü Ay ili tamamlandıqdan 6 gün sonra 32 Günəş ili tamamlanmış olur. Beləliklə, bu hadisə 60, 875 dəfə (365,25 : 6) təkrar olunduqdan sonra, yəni 33× 60,875=1986,875 (2008, 875?) Ay ilindən sonra daha bir Günəş ili əlavə əmələ gəlir).



Əslində Babilistan təqvimi Ay təqvimi idi; burada “ay” axşam başlayırdı – Günəş batandan sonra yeni Ay hilalı/aypara yenidən görünəndə. Hammurapi dövründən işlənən ay təqvimi (29 və 30 günlük 12 ay və 354 gündən ibarət) təqribən m.ö. 2-ci əsrdən başlayaraq 19 illik silsiləyə malik Ay-Günəş təqvimi ilə əvəz olundu. İlk 12 ilin hər biri 12 aydan, sonrakı 7 ilin hər biri isə 13 aydan ibarət idi.

Yunan sivilizasiyası Şərqdən bəhrələnir...

Qədim yunan elminin Şərqdən bəhrələndiyi şübhə doğurmur. Elm əvvəlcə məlum elmi nəticələrin mənimsənilməsindən başlayır. Qədim Yunan elmi və mədəniyyətinin çiçəkləndiyi dövrdən çox-çox əvvəl Şumer, Babilistan, Misir elmi və mədəniyyəti böyük uğur qazanmışdı. Yunanların mənimsəməsi üçün əsas yer (yaxın yer, qonşu) Misir və Babilistan, həmçinin İran (İran vasitəsilə Hindistan?) idi. Pifaqorun, Falesin və digər yunan mütəfəkkirlərinin şərqə səyahətləri, şərqdən öyrəndikləri haqqında yunan tarixçi və filosofları dəfələrlə açıq yazmışlar. Anaksimandr, Heraklit və Demokritus kimi filosofların da Şərqdən bəhrələndikləri qəbul olunmuşdur (Demokritus özü Asiya və Afrikanı ən çox gəzən, öyrənən filosof olduğunu deyirdi). Misir elmi, Misir bilik və bacarığı, həmçinin Babilistan, Assiriya və İran haqqında yunanlar (məsələn, Herodotus) xüsusi hörmətlə danışmış, Babilistan riyaziyyatçıları və astronomlarının, Misirli həkim və mütəfəkkirlərin adlarını çəkmişlər (bəzi Romalı müəlliflər də). Herodotus Misir təqviminin (il hər biri 30 gündən ibarət 12 aydan və ilin sonunda əlavə olunan beş gündən ibarətdir) üstünlüyü, Misirdə həndəsənin kəşfi və Babil astronomiyasının gücü (Günəş saatı-Sundial/gnomon və gündüzün 12 saata bölünməsi) haqqında yazır (Herodotus. Histories, II.3 and II.109 at Project Gutenberg (translation by George Campbell Macaulay). M.L. West`in əsərləri bu barədə ən etibarlı qaynaq sayıla bilər (1. M.L. West. Early Greek Philosophy and the Orient. Oxford University Press, 2001; 1971-də yazılmışdır. 2. M.L. West. The East Face of Hellicon. West Asiatic Elements in Greek Poetry and Myth. Oxford University Press, 1997). M.L. West`ə görə mədəniyyət, bütün qaz formalarında olduğu kimi, daha sıx olduğu yerdən daha seyrək olduğu yerə yayılır. Latın həyatı və düşüncə dünyası yunansız necə təsəvvür edilməzdirsə, yunan həyatı və düşüncəsi də Şərqsiz təsəvvüredilməzdir. Yunanıstanda yazı, təqvim və astronomiyanın, musiqi alətləri, zinət və dəbdəbənin, saray qayda və mərasimlərinin, din, mif və əfsanələrin, tibbin, Sokratöncəsi fəlsəfənin əmələ gəlməsində Şərq təsiri çox böyükdür. Bununla yanaşı yunan və hellinist elmi və mədəniyyətinin, riyaziyyat, astronomiya, fəlsəfə və tibbin inkişaf edib ən yüksək səviyyəyə gəlib çatması məhz yunan düşüncəsi, yunan səyidir. Biliklərin nəzəri müddəalarla sistemləşdirilməsi, riyaziyyatın aksiomlar və ciddi deduksiya üzərində qurulması və fəlsəfə özü yunan məhsulu, yunan əsəridir. Misir tibbi müalicə üsulları (yaranı tikmək, şişləri kəsmək üçün iti bıçağı/lanseti qızdırmaq, sınıqlara ağac çubuqlar bağlamaq,...) yunanlara keçdi, elmi bazası gücləndi, Galen ilə zirvəyə çatdı. Martin Bernal “Black Athena” adlı (digər mütəxəssislər tərəfindən ziddiyyətli qəbul edilən)3-cildlik əsərində yunan sivilizasiyasının yaranmasında Misir-Babilistan və ümumiyyətlə, Afro-asiya köklərini həlledici sayır (1. Black Athena: Afro-Asiatic Roots of Classical Civilization: The Fabrication of Ancient Greece, 1785-1985. Vol. 1. Free Association Books, 2004. 2. Black Athena: Afro-Asiatic Roots of Classical Civilization: The Archaeological and Documentary Evidence. Vol. 2. Free Association Books, 1991. 3. Black Athena: The Afroasiatic Roots of Classical Civilization, Volume 3: The Linguistic Evidence. Free Association Books, 2006). Mesopotamiya qaynaqlı miflərin Hessiod`un “Teoqoniya”sında yazılanlarla çox yaxınlığı aydın olmuşdur (H.C. Güterbock).Yunanlara Şərq təsiri barədəWalter Burkert`in çalışma və fikirləri akademik dairələrdə yaxşı qəbul olunmuşdur:Walter Burkert. The Orientalizing Revolution: Near Eastern Influence on Greek Culture in the Early Archaic Age.Harvard University Press, 1998. Həmçinin bax: Arnaldo Momigliano. Alien Wisdom: The Limits of Hellenization. Cambridge University Press, 1990.

İslam riyaziyyatçıları riyazi mətnlərdə hind-ərəb rəqəmlərindən, astronomik cədvəllərdə isə həm hərf, həm də rəqəmlərdən istifadə edirdilər. İbn Sina öz həyat tarixcəsində hind rəqəmlərini Misirdən gələn missionerlərdən öyrəndiyini qeyd etmişdi.
Yüklə 165,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə