Mühazirəçi: T. E. N., Prof. İ. M.Əliyev FƏNN: avtomatikanin əsaslari mühazirə 15



Yüklə 18 Kb.
tarix07.11.2017
ölçüsü18 Kb.
#8851
növüMühazirə

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK fakültəsi

ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası


Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev


FƏNN: AVTOMATİKANIN ƏSASLARI


Mühazirə 15
MÖVZU: AVTOMATİKANIN İDARƏETMƏ NƏZƏRİYYƏSİNİN MƏQSƏDİ

VƏ VƏZİFƏLƏRİ
P L A N


  1. Avtomatik idarəetmə nəzəriyyəsi.

  2. Avtomatik sistemlərin öyrənilməsinin əsas məqsədi.

3. Avtomatik sistemlərin anlayışları.
ƏDƏBİYYAT


  1. A.Ə.Əfəndizadə Avtomatik idarəetmə nəzəriyyəsi. Bakı 1981.

  2. И.Ф.Бородин, Н.И.Кирилин. Автоматизация технологических процессов М. Агропромиздат, 1986.

  3. В.И.Загинайлов, Л.Н.Шеповалова. Основы автоматики. М. Колос 2001.


GƏNCƏ 2011

AVTOMATİK İDARƏETMƏ NƏZƏRİYYƏSİNİN MƏQSƏDİ

VƏ VƏZİFƏLƏRİ
Avtomatik idarəetmə nəzəriyyəsinin məqsədi avtomatik sistemlərin qurulmasının ümumi prinsipləri və hesabatını öyrənməkdir.

Avtomatik sistemlərin işlənməsi və layihələndirilməsi aşağıdakı mərhələlərdən ibarətdir: idarə olunan obyektin öyrənilməsi, onun xarakteristika və parametrlərinin düçar olduğu iş şəraiti və təsirlərin təyini; sistemə təqdim olunan mənbələrin müəyyən edilməsi; funksional sxemin seçilməsi; avtomatik sistemin prinsipial sxeminin işlənilməsi; sistemin statik xassələrinə təqdim olunan tələblər əsasında sistemin elementlərinin və parametrlərinin hesabatı və seçilməsi; sistemin dinamikasını xarakterizə edən struktur sxemin tərtibi; sistemin dayanıqlığının tədqiqi; sistemin dinamik xassələrinə təqdim olunan tələblər əsasında təshihləyici qurğuların parametrlərinin seçilməsi (idarəetmə prosesinin keyfiyyəti); laboratoriya şəraitində yaxud modullaşdırıcı qurğularda sistemin tədqiqi və sxemdə müvafiq təshihlər aparmaq bütövlükdə sistemi layihələndirmək, hazırlamaq və quraşdırmaq; real şəraitdə sistemi qurmaq (sazlamaq), avtomatik sistemin təcrübə (sınaq) istismarı; təcrübə istismarının nəticələrini ümumiləşdirmək və sistemin təkmilləşdirilməsi üzrə tövsiyələr tərtib etmək;

Avtomatik sistemi layihələndirmə və tədqiq məsələləri statik və dinamik rejimlərin birgə baxılması nəticəsində həll edilməlidir. Belə ki, avtomatik sistemə daxil olan obyektlər və elementlər texnikanın istənilən sahəsinə aid ola bilər. Ona görə də avtomatik sistemlərin statika və dinamikasının ümumi metodlarının öyrənilməsi yalnız mexanikanın yaxud istilik texnikasının, yaxud elektrotexnikanın yaxud radiotexnikanın predmenti ola bilməz. Bununla belə məlumdur ki, avtomatik sistemlərin statika və dinamikasının çox mühüm məsələləri istənilən texnika sahəsində eyni riyazi və təcrübi metodlarla həll olunur.

Ona görə avtomatik idarəetmə nəzəriyyəsi adlı xüsusi elm sahəsi yaranmışdır. Bu fənn bütün qapalı avtomatik sistemlər üçün ümumi olan qurulma prinsiplərinin, bütövlükdə sistemin statik və dinamik xassələrinin tədqiq metodlarını, ona təqdim olunan keyfiyyət tələbləri əsasında elementlərin parametrlərinin seçilmə metodlarını öyrənir.

Nəzəriyyənin mühüm sahələrindən biri avtomatik sistemlərin cəbri, diferensial və başqa tənliklərinin həllinin təhlili və qiymətləndirilməsidir. Bəzən bu məqsəd üçün ehtimal nəzəriyyəsi, informasiya, variasion hesablama metodları tətbiq olunur.

Müasir dövrdə istehsalat proseslərinin avtomatlaşdırılması texniki tərəqqinin əsas istiqamətlərindəndir.

Avtomatlaşdırma müxtəlif əməliyyatları sürətlə və dəqiq icra etməklə əmək məhsuldarlığını və istehsalat mədəniyyətini yüksəldir, istehsalatın əlverişli idarə olunmasını təmin edir.

İstehsalatda texnoloji proseslərin avtomatlaşdırılması təkcə iqtisadi cəhətdən deyil, eləcə də texniki və ictimai baxımdan da böyük əhəmiyyətə malikdir. Bütün bunlar əməyin xarakterinin kökündən dəyişməsinə kömək edir. Kənd təsərrüfatının müxtəlif sahələrində avtomatikanın geniş tətbiq edilməsi zehni əməklə fiziki əmək arasındakı fərqin aradan qaldırılmasına xidmət göstərir.

Avtomatikanın əsasları fənni avtomatik sistemlərin kənd təsərrüfatı istehsalında nəzəri və təcrübi tətbiq edilməsinin əsas vəziyyətlərini mənimsəmək məqsədilə öyrənilir.

Hər bir avtomatik sistemə bir sıra elementlərdən ibarət olan hər hansı avtomatik qurğu daxildir. Ona görə avtomatik sistemlərin tətbiq edilmə üsullarının öyrənilməsinə avtomatikanın elementlərinin əsas xassələri və iş prinsipindən başlamaq lazımdır. Nəhayət avtomatik qurğularda elementlərin məqsədə uyğun seçilməsi və birləşdirilməsi üçün həmçinin avtomatikanın nəzəri əsaslarına yiyələnməlidir.

Fənnin məqsədi kənd təsərrüfatı maşın və qurğularının avtomatik idarəetmə sisteminin öyrənilməsidir.

Fənnin tədqiqat obyekti stasionar və səyyar kənd təsərrüfatı maşınları, qurğuları və aqreqatları və onlarda gedən texnoloji proseslərdədir.

Fənn öyrənildikdən sonra gələcək mütəxəssis avtomatlaşdırma sahəsində nəzəri bilikləri təcrübi məsələlərin, o cümlədən aşağıdakıları həll üçün tətbiq etməyi bacarmalıdır:

-kənd təsərrüfatı istehsalının avtomatlaşdırılmasının texnoloji əsasların, avtomatlaşdırmanın texniki vasitələrinin quruluşunu, iş prinsipini, əsas xarakteristikalarını və seçilmə metodlarını bilməli;

-k/t-ı proseslərinin avtomatlaşdırılması sxemlərinə və onların iş prinsiplərinə bələd olmalı;

- avtomatlaşdırmanın mexaniki vasitələri əsasında texnoloji proseslərin avtomatlaşdırma sxemlərinin qurulmasını və tətbiq edilməsini.

İstehsalı avtomatlaşdırması elektrikləndirmənin yeni mərhələsi və yüksək pilləsidir.

Texnoloji proseslərin avtomatlaşdırması komplekt mexanikləşdirmə mərhələsidir. Bu texnoloji prosesləri bilavasitə idarə etmək və bu funksiyaları avtomatik qurğulara ötürmək vəzifələrindən insanın azad edilməsini təmin edir.



Texnoloji proseslərin avtomatlaşdırılması zamanı enerjinin, materialların və informasiyaların alınması, çevrilməsi, ötürülməsi və istifadə edilməsi xüsusi texniki vasitələrin və idarəetmə sistemlərinin köməyi ilə yerinə yetirilir.
Yüklə 18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə