Mühazirələr konspekti dos. Rzayeva S. M


Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı



Yüklə 407,09 Kb.
səhifə3/7
tarix23.01.2018
ölçüsü407,09 Kb.
#22400
növüMühazirə
1   2   3   4   5   6   7

Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı
Bu yataq Bakı şəhərindən 12km şimal-şərqdə yerləşmişdir. Yatağın tutduğu sahənin uzunluğu 10 km,eni isə 3 km-dir.Oroqrafik cəhətdən bu yataq en istiqamətdə uzanan düzənliyi xatırladır.Düzənliyin qərbində yerləşən Balaxanı sahəsində Boğ-Boğa palçıq vulkanı yerləşmişdir.Qərbdə hündürlüyünü saxlayan bu vulkan şərqdə yüksəkliyini itirərək Zabrat düzənliyi ilə əvəz olunur.Cənubda en istiqamətində uzanan Böyükşor və Ramana gölləri yerləşmişdir.
Bu yataq demək olar ki, 1869-cu ildə kəşf olunub və 1871-ci ildən istismar olunur.

Yatağın geoloji quruluşunda - Eosen çöküntülərindən tutmuş Üst Pliosenə qədər bütün stratiqrafik komplekslər iştirak edir. Yatağın qərbində yer səthinə Qırmaki və Qırməkialtı lay dəstəsinin çöküntüləri çıxır. Neftli-qazlı komplekslər Abşeron litofasiyasında (qumlu, gilli layların növbələşməsi) özünü göstərir. Neftlilik əsasən Məhsuldar qat çöküntüləri ilə əlaqədardır.Sahədə Məhsuldar qatın qumlu-gilli çöküntülərinin demək olar ki, bütün kəsilişi açılmışdır.

Tektonik cəhətdən bu yataq Fatmayı-Zığ antiklinal xətti üzərində yerləşən növbəti antiklinal qalxımla əlaqədardır. Balaxanı-Sabunçu-Ramana yatağı braxiantiklinal quruluşa malikdir. Qırışıq assimmetrikdir. Yəni, şimal qanadda layların yatımı 20-250, cənubda isə 60-800 təşkil edir. Qırışıq çoxlu sayda tektonik qırılmalarla mürəkkəbləşmişdir. En istiqamətdə keçən qırılmalar kiçik amplituda malik olub, Məhsuldar qatın üst şöbəsinin lay dəstələri ilə əlaqədardır. Belə tektonik qırılmalar dərinə getdikcə sönürlər. Yatağı uzununa kəsən iki eninə qırılma müşahidə olunur. Bunlar da məhsuldar qatın alt şöbəsi ilə əlaqədardır. Bu iki uzununa tektonik qırılmalar qraben əmələ gətirir. İki qırılmalar arası məsafə 300 m təşkil edir. Amplitudları 90-100 m-dir. Uzununa keçən qırılmalar həmçinin dərinə getdikcə sönürlər. Yatağın neftlilik-qazlılığı əsasən məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qatın kəsilişində əsasən aşağıdakı qumlu horizontlar ayrılır:

1) Suraxanı lay dəstəsi - A, B, C, D I və I'; 2) Sabunçu lay dəstəsi – II, III, IV; 3) Balaxanı lay dəstəsi – V, VI, VII, VIII, IX və X; 4) Fasilə lay dəstəsi – QüG, QüQ, QlD, QaD və Qala. Qeyd olunan qumlu lay dəstələrinin hamısı yataqda neftlidir. X horizont və Fasilə lay dəstəsi Sabunçu və Ramana sahələrində suludur. Ümumiyyətlə,Balaxanı-Sabunçu-Ramana yatağında 28-ə yaxın neftli horizont mövcuddur.Onlardan 10-u alt məhsuldar qatın payına düşür.

Suraxanı neft-qaz yatağı

Suraxanı neft-qaz yatağı Abşeron yarımadasının cənub-şərqində,Bakı şəhərindən şərqdə yerləşir. Bu yataq 1905-ci ildən istismardadır. Yatağın relyefi düzənlikdən ibarətdir, düzənliyin əsasını Abşeron yaşlı əhəngdaşları təşkil edir. Yatağın geoloji quruluşunda – Pont mərtəbəsindən tutmuş Üst Pliosenə qədər çöküntü kompleksi iştirak edir. Bu yataq əsasən tektonik cəhətdən - meridional istiqamətdə uzanmış gümbəzvari formaya malikdir. Qırışığın qərb hissəsi yastı olub, 10-200-lik bucaq altında yatır. Şərq hissəsi isə bir qədər dik yatıma malik olub, 20-300-lik bucaq altında meyl edir. Şərq hissədən qırışığın tağına doğru getdikcə layların yatım bucağı 60-700-yə çatır. Suraxanı qırşığını en istiqamətdə keçən çoxlu sayda qırılma mürəkkəbləşdirir. Bu qırılmaların amplitudu 50-60 m-dir. Stratiqrafik dərinlik artdıqca bu qırılmalar sönür və məhsuldar qatın alt şöbəsində eninə qırılmalar müşahidə olunmur. Məhsuldar qatın alt şöbəsində qırışığı kəsən iki uzununa qırılma müşahidə olunur. Uzununa keçən qırılmanın amplitudu 50-60 m-dir. Yatağın neftlilik-qazlılığı məhsuldar qatın bütün qumlu horizontları ilə əlaqədardır. Yalnız X horizont və Fasilə lay dəstəsi istisna olmaqla. Suraxanı yatağında istismar olunan obyektlərin sayı 56-ya çatır.



Bibiheybət neft-qaz yatağı

Bibihebət neft və qaz yatağı Abşeron neftli-qazlı rayonunun cənubunda, Xəzər dənizinin kənarında yerləşir. 1873-cü ildən istismar olunur. Yataq geomorfoloji cəhətdən mürəkkəb quruluşa malikdir. Yataq üç tərəfdən Abşeron yaşlı əhəngdaşlarından təşkil olunmuş yüksəkliklərlə əhatə olunub. Yataqda dənizə yaxın hissədə Bibiheybət d ərəsi qeydə alınır. Bu hissədə həmçinin sönmüş palçıq vulkanı da qeydə alınır. Yatağın bir hissəsi dənizlə əlaqədardır. Bu hissə 1924-cü ildə qurudulmuş və ona Buxta adı verilmişdir. Yataqda yer səthinə Suraxanı lay dəstəsinin çöküntüləri çıxır. Yatağın geoloji quruluşunda - Üst Miosen çöküntülərindən tutmuş Pliosenə qədər çöküntü kompleksi iştirak edir.Məhsuldar qatın kəsilişində aşağıdakı horizontlar ayrılır: Üst Məhsuldar qat

Suraxanı lay dəstəsi - I, II, III, IV horizontlar; Sabunçu lay dəstəsi – V, VI, VII, IX, X və XI horizontlar; Balaxanı lay dəstəsi – XII, XIII, XIV, XV horizontlar; Fasilə lay dəstəsi – XVI.

Alt məhsuldar qat

Qırmaki üstü gilli lay dəstə; Qırmaki üstü qumlu lay dəstə; Qırmaki lay dəstəsi; Qırmakialtı lay dəstə; Qala lay dəstəsi;

Məhsuldar qatın ümumi qalınlığı 1600-1800 m-dir. Tektonik cəhətdən bu qırışıq – braxiantiklinal qırışıq olub, assimmetrik quruluşa malikdir. Şimal-şərq qanadı yastı 20-300, cənub-qərb qanadı isə nisbətən dikdir. Şimal-şərq qanadda qırışığın uzanmasına paralel, uzunluğu 2 km, eni isə 500 m olan bir sahə ayrılır. Bu sahədə Qırmakialtı lay dəstəsinin çöküntüləri iştirak etmir. Bu sahədə Qırmaki lay dəstəsi birbaşa Miosen çöküntülərinin üzərinə yatır.Bu da burada qədim tağın olması ilə izah edilir. Bibiheybət qırışığında iki qrup qırılma qeydə alınır: birinci qrup tektonik qırılmalar üst məhsuldar qatda iştirak edir, ikinci qrup tektonik qırılmalar isə alt məhsuldar qatda yayılmışdır. Alt məhsuldar qatda izlənilən tektonik qırılmalar yatağı uzununa istiqamətdə mürəkkəbləşdirmişdir. Bu qırılmaların amplitudu 70-80 m təşkil edir. Neftlilik-qazlılıq nöqteyi- nəzərdən Məhsuldar qat çöküntüləri diqqəti cəlb edir. Burada Qırmaki lay dəstəsi istisna olunmaqla, bütün qumlu horizontlar neftli-qazlıdır. Yatağın tağ hissəsində sərbəst qaz yatağı müşahidə olunur. Məhsuldar qatın kəsilişində 17-yə qədər neftli obyektlər müəyyən edilmişdir. Miosen çöküntülərinin neftlilik-qazlılığını müəyyən etmək məqsədi ilə bu qırışıqda bir neçə kəşfiyyat quyusu qazılmasına baxmayaraq, anomal yüksək təzyiq olduğuna görə bu çöküntülərdə qazımanı başa çatdırmaq mümkün olmamışdır. Ona görə Miosen çöküntülərinin neft-qazlılığı Bibiheybət yatağında müəyyən olunmamuşdur.


Binəqədi neft-qaz yatağı

Bu neft və qaz yatağı Abşeron yarımadasının mərkəzində, Bakı şəhərindən 9 km şimalda yerləşir. Binəqədi yatağının relyefi digər yataqlardan çox fərqlənir. Palçıq vulkanlarının əmələ gətirdiyi relyef yatağı daha da mürəkkəbləşdirmişdir. Bu relyefə Böyük dağ, Kiçik dağ, Keyrəki,Ziyil- Piri və s. palçıq vulkanlarının əmələ gətirdikləri yüksəkliklər təsir göstərmişdir. Bu yüksək relyefləri bir-birindən ayıran dərələrə də rast gəlinir. Sahədə bir neçə duzlu göllərə də rast gəlinir (Binəqədişor, Böyükşor, Masazır və s.).



Yatağın geoloji quruluşunda - Eosen çöküntülərindən tutmuş Pliosen çöküntülərinə qədər çöküntü kompleksi iştirak edir.

Eosen çöküntüləri bozumtul əzilmiş gillərdən ibarətdir və yatağın diapir hissəsində kütlə şəklində yerləşir.

Maykop çöküntüləri qəhvəyi rəngdə əzilmiş boz gillərdən təşkil olunmuşdur. Bu çöküntülər yatağın tağ hissəsində yer səthinə çıxır və 75-800 bucaq altında yatırlar.

Çokrak horizontu – tünd-boz gillərdən təşkil olunmuşdur. Horizontun kəsilişində mergel, dolomit və kiçik qalınlıqlı qumdaşlarına da rast gəlinir qalınlıq 60-70 m-dir. Üst Miosen çöküntüləri – Konq, Karaqan, Sarmat ,Meotis. Bunlar gillərdən, alevritlərdən, mergellərdən, , qum araqatla rından təşkil olunmuşdur və qalınlıq 350 m-dir. Pont çöküntüləri – bozumtul gillərdən təşkil olunmuşdur və qalınlıq 120 m.

Məhsuldar qat çöküntüləri Abşeron litofasiyasında yayılmışdır. Qumlu-gilli çöküntülərin növbələşməsindən ibarətdir. Məhsuldar qatın kəsilişində Qırmaki altı lay dəstəsindən tutmuş Suraxanı lay dəstəsinə qədər bütün lay dəstələri iştırak edir. Balaxanı-Sabunçu-Ramana yatağından fərqli olaraq bu yataqda məhsuldar qatın qumluluq faizi şərqdən qərbə doğru getdikcə xeyli azalır. Məhsuldar qatın qalınlığı 1250-1275 m-dir.Yatağın geoloji quruluşunda həmçinin Abşeron, Ağcagil mərtəbələri də iştirak edir.

Tektonik cəhətdən yataq en istiqamətdə uzanan mürəkkəb antiklinal qırışıqdan ibarətdir. Yataq diapir quruluşa malikdir. Qırışığın nüvəsində Maykop lay dəstəsinin , Çokrak horizontunun və Diatom lay dəstələrinin çöküntüləri ilə əhatə olunan Eosenin (qoun) əzilmiş gilləri iştirak edir. Qırışığın şimal qanadı cənub qanada nisbətən daha dik yatıma malikdir. Belə ki, layların yatım istiqaməti şimal qanadda 55-700 (məhsuldar qat), daha qədim çöküntülərə görə (miosen-oliqosen) isə 70-850 təşkil edir. Qırışıq çoxlu sayda tektonik qırılmalarla mürəkkəbləşmişdir. Bu qırılmalardan ən əsasını uzununa qırılma təşkil edir ki, onunla da Ziyilpiri, Keyrəki,Abix , Böyükdağ və s. palçıq vulkanları əlaqədardır. Bu qırılma demək olar ki, Binəqədi sahəsini sərbəst Çaxnaqlar neftli sahəsindən ayırır. Bu sahədə zəngin neft yataqları Qırməkialtı dəstəsinin qalxma istiqamətində pazlaşan layları ilə əlaqədardır. Bundan başqa çox da böyük olmayan fay və əks-faylar da müəyyən olunmuşdur.Qırışığın şimal qanadı böyük qırılma ilə mürəkkəbləşmişdir ki,bunun da nəticəsində pont və diatom çöküntüləri koun lay dəstəsinin çöküntüləri ilə kontakta gəlir. Yatağın neftlilik-qazlılığı alt Məhsuldar qat və Miosen çöküntüləri ilə əlaqədardır. Hazırda Miosen çöküntülərindən neft alınır. Yataq 1896-cı ildən istismardadır.



Lökbatan neft-qaz yatağı
Bu neft-qaz yatağı Abşeron neftli-qazlı rayonunun cənub-qərb hissəsində yerləşir. Lökbatan neft-qaz yatağı Bakı şəhərindən 10-13 km cənub- qərbdə,eyni adlı palçıq vulkanının tutduğu sahədə və onun şərq və qərbindəki düzənlikdə, Puta və Yasamal dərələrinin kəsişdiyi yerdə yerləşir. Yatağın relyefi sadə quruluşa malikdir. Palçıq vulkanının dəniz səviyyəsindən yüksəkliyi 101 m-dir. Lökbatan neft-qaz yatağı Qərbi Abşeronun ən böyük yataqlarından biridir.Bu yataq burada aparılmış detal geoloji-kəşfiyyat işləri nəticəsində 1932-ci ildə müəyyən olunmuşdur

Yatağın geoloji quruluşunda üst miosendən Abşeron və Ağcagil mərtəbələrinə qədər çöküntü kompleksi iştirak edir. Onun sahəsində Ağcagiil və Abşeron mərtəbələrinin və Məhsuldar qatın Suraxanı lay dəstələrinin çöküntüləri geniş yayılmışdır. Qırməkialtı lay dəstəsi Pont mərtəbəsi üzərinə transqressiv olaraq yatır. Qırməkialtı lay dəstəsi qırışığın uzaq cənub qanadında müəyyən olunmuşdur. Məhsuldar qatın digər lay dəstələri və üst miosen çöküntüləri quyular vasitəsilə açılmışdır. Bu çöküntülər əsasən Abşeron yarımadasına xas olan litofasiyaya malikdir. Ona görə kəsilişin ayrı-ayrı stratiqrafik vahidlərinin təsvirinə çox yer vermirik. Lakin qeyd etmək lazımdır ki, bu kəsilişdə əsas yeri tutan məhsuldar qat çöküntüləri yarımadanın digər yataqlarının kəsilişlərinə nisbətən xeyli gilli olmasıdır. Bundan əlavə burda məhsuldar qatın üst şöbəsinin ümumi qalınlığı qonşu Atəşgah, Binəqədi, Bibiheybət və s. yataqların sinxronik kəsilişindən ən azı 250-350 m fərqlidir. Bu kəsilişdə yuxarıdan aşağı A, I, I a, II, III literli layları və IIIa, IIIb, IIIc, IV, IVa, IVb, IVc, IV, V, VI, VIa, VIb, VI-VII1, VI-VII2, VI-VII3 kimi qumlu və alevritli horizontlar ayrılmışdır. Sonuncu üç horizont Qərbi Abşeronda vahid Y11 horizont kimi birləşdirilir. Bu horizont Mərkəzi və Şərqi Abşeronda yayılan Fasilə lay dəstəsinin stratiqrafik analoqu hesab edilir.Müəyyən edilmişdir ki, yatağın şərq hissəsində nisbətən yüksək kollektorluq xüsusiyyətləri və sabit qalınlıqları ilə səciyyələnən qum-qumdaşı horizontları, qərb istiqamətdə fasiya dəyişkənliyinə məruz qalaraq xeyli gilliləşir. Həmin istiqamətdə horizontların qalınlıqlarının tədricən azalması da qeyd olunur. Onların bəziləri yatağın qərb qurtaracağında pazlaşır və yaxud qumlu gilə keçir. Məhsuldar qatın ümumi qalınlığı və habelə ayrı-ayrı qum, qumdaşı, alevrit horizontlarının qalınlığı şimaldan cənuba doğru artır. Bu hal kəsilişin orta və alt hissələri üçün daha da səciyyəvidir.Məhsuldar qatın alt şöbəsində QÜG,QÜQ, QD və QAD iştirak edir.QÜG dəstənin qalınlığı 70-100m, QÜQ dəstənin qalınlığı 35-50 m, QD qalınlığı şimal qanadda 160m, cənub qanadda isə 250 m-dir. QAD çöküntüləri şimal qanadda qeydə alınmı.,cənub qanadda isə bir neçə quyuda açılmışdır. Açılmış qalınlıq 60 m-dir.

Ağcagil və Abşeron mərtəbəsinin çöküntüləri strukturun uzaq qanadında və periklinalında yayılmışlar.

Tektonik cəhətdən Lökbatan neft-qaz yatağı en istiqamətində uzanmış braxiantiklinal qırışıqla əlaqədardır. Qırışığın cənub qanadı nisbətən yastı (45-500),şimal qanadı isə nisbətən dik (55-659) meyl edir. Bu qırışıq, Güzdək muldasını əhatə edən Qovundağ-Şabandağ-Atəşgah-Lökbatan-Puta-Korgöz antiklinal zonasının növbəti unudulyasiyasından biri olmaqla bərabər, həmin zonanın Şabandağdan cənubda meridional istiqamətdən kəskin surətdə qərbə əyildiyi sahədə yerləşmişdir. Lökbatan qırışığı bir sıra pozğunluqlarla mürəkkəbləşmişdir. Bunlardan biri qırışığın şarnirindən keçən və amplitudu 300-350 olan uzununa qırılmadır.Bu qırılma üzrə qırışığın cənub qanadı və tağ hissəsi bir qədər qalxmışdır və şərq hissədə şimal qanad üzərinə aşmışdır. Əsas pozğunluq hesab olunan üstəgəlmədən əlavə qırışığın tağ hissəsində bir neçə nisbətən kiçik uzununa və eninə pozğunluqlar da müəyyən edilmişdir. Onların yerdəyişmə amplitudası 15-55 m arasında dəyişir. Lökbatan palçıq vulkanının əsas pozğunluqdan bir qədər cənubda, yenə də en istiqamətində uzanan və 50-55 m amplituda malik nisbətən kiçik bir pozğunluqla əlaqədar olduğu artıq qəti müəyyən edilmişdir.

Yatağın əsas neft-qaz perspektivliyi cənub qanadda Qırməkialtı lay dəstəsinin pazlaşan suxurları ilə,miosen-oliqosen çöküntüləri kompleksinin terrigen kollektorları ilən və üst təbaşirin karbonatlı kollektorları ilə əlaqədardır.
Qaradağ qaz-kondensat yatağı

Qaradağ qaz-kondensat yatağı Abşeron yarımadasının cənub-qərbində, Xəzərin sahilində yerləşir.Yatağın relyefi palçıq vulkanlarının əmələ gətirdiyi yüksəkliklərlə mürəkkəbləşmişdir.Yataqda yer səthinə Məhsuldar qat çöküntülərinin Suraxanı,Sabunçu lay dəstələri və eləcə də üst Miosen çöküntüləri çıxır.Quyular vasitəsilə Məhsuldar qatın Balaxanı lay dəstəsi , Məhsuldar qatın alt şöbəsi, Pont mərtəbəsi, Miosen çöküntüləri və Maykop seriyasının çöküntüləri açılmışdır.

Maykop yaşlı çöküntülər - bu qırışıqda bir neçə quyu ilə açılmışdır və əsasən gilli litofasiyada özünü büruzə vermişdir. Burada həmçinin kiçik qalınlıqlı qum laycıqlarına rast gəlinir. Qalınlıq 800-850 m.

Çokrak horizontu - Bu horizontun qalınlığı 50 m olub,gilli-qumlu litofasiyaya malikdir. Qazılmış bir neçə quyuda Çokrak horizontundan neft alınmışdır.

Diatom lay dəstəsi(karaqan-sarmat) - gilli fasiya ilə xarakterizə olunur. Kəsilişdə qalınlığı 1,5-3 m-ə çatan qumlu laylar müşahidə olunur və neft-qazlılıq cəhətdən diqqəti cəlb edir.Açılmış qalınlıq 1200m-ə qədərdir.

Pont mərtəbəsi əsasən gilli litofasiyadadır.Qalınlıq 100 m. Məhsuldar qat çöküntüləri - qumlu gilli çöküntülərin növbələşməsindən ibarətdir. Şimal qanadda və şimal periklinalda qalınlıq 2300 m, cənub qanadda isə 2800-3000 m təşkil edir. Ağcagıl mərtəbəsi - qalınlığı 100 m olan gilli litofasiya ilə xarakterizə olunur. Abşeron mərtəbəsi - gilli-qumlu əhəngdaşlarından ibarətdir. Qalınlıq- 800m-əqədər.

Qaradağ qırışığı iki hissədən ibarətdir: en və meridional hissə.En istiqamətində uzanan hissə ölçülərinə görə meridional hissəyə nisbətən böyükdür.Bu qırışıq cənub qanadı dik (35-600) və şimal qanadı az maili(30-350) olan böyuk bir qalxımdan ibarətdir. Qırışığın oxu boyu sürüşmə amplitudu 200-300m. Olan böyük bir pozğunluq keçir.Bu pozğunluqla Axtarma, Torpağı-Axtarma,və Pilpilə palçıq vulkanları əlaqədardır ki, onların da brekçiyaları sahənin bütün mərkəzi hissəsini əhatə edir.Bu qırılmadan başqa qırışıq bir sıra eninə qırılmalarla da mürəkkəbləşmişdir.Qırışığın meridional hissəsində qərb qanadda layların yatım bucaqları 550 –dən artıq deyildir, şərq qanadda isə onlar 700 çatırlar.

Qırışığın uzunluğu V horizontun tavanına görə 12 km,eni isə 4.5-5 km-dir. Bu hissədə VII-VIIa horizontlarının neftlilik sərhəddinə görə yatağın təxmini hündürlüyü 2600 m-dir.

Qaradağ yatağının ərazisində çoxlu sayda təbii neft-qaz təzahürləri müşahidə edilmişdir.İntensiv neft-qaz təzahürləri həmçinin bir sıra struktur-xəritəalma quyularının qazılması prosesində müşahidə edilmişdir. Qaradağ yatağı 1939-cu ildən istismara daxil olmuşdur.İlk sənaye əhəmiyyətli neft 2 saylı kəşfiyyat quyusundan ( V horizont) alınmışdır.1955-ci ildə cənub qanadda yayılmış VII və VIII horizontlardan qaz-kondensat alınıb. VII horizontdan 400-500 m3/gün qaz və 70-75 ton/gün kondensat alınıb. VIII horizontdan isə 250-300 m3/gün qaz və 40-45 ton/gün kondensat alınıb.

Qaradağ yatağının neft-qazlılığı Məhsuldar qat və Miosen çöküntüləri ilə əlaqədardır. Quyular vasitəsilə Məhsuldar qatın Qırmakıaltı lay dəstəsinin neftliliyi ərazidə müəyyən edilib. Yataqda qazılmış bir neçə dərin quyu (116, 205,107,109) isə Miosen çöküntülərinin sənaye əhəmiyyətli neft- qazlılığını müəyyən edib. Lay suları, V horizont da daxil olmaqla cod,aşağıdakı horizontlarda və intervallarda isə qələvi tərkiblidir. Yatağın qərb periklinalı və şimal qanadı Məhsuldar qatın alt hissəsi və Miosen hesabına perspektivli sayılır.




Abşeron arxipelağı neftli-qazlı rayonu
Bu rayon Abşeron yarımadasına söykənən Xəzər dənizinin şelfini və Kəpəz qırışığınıa qədər olan Abşeron astanasını əhatə edir. Abşeron arxipelağında Məhsuldar qatın kollektorları əlverişli litofasiya ilə xarakterizə olunur. Qumlu kollektorlarla gilli örtüklərin növbələşməsi ,həmçinin əlverişli struktur şərait Məhsuldar qatın kəsilişində 20-dən artıq neft-qaz yatağını müəyyən etməyə imkan vermişdir. Arxipelağın şərq hissəsində aşkar edilmiş yataqlardan 9-unda neft-qaz yataqları işlənmədədir. Bunlara Pirallahı, Xali, Həzi Aslanov, Çilov, Gürgan -dəniz, Palçıq Pilpiləsi, Neft Daşları, Günəşli və s. aiddir.

Abşeron arxipelağı tektonik quruluşuna görə üç tektonik zonaya bölünür: Şimalda Şimali-Abşeron tektonik zonası, mərkəzdə Abşeron-Balxanyanı, cənubda Cənubi-Abşeron tektonik zonası. Şimali-Abşeron tektonik zonası –bu zonada Qoşadaş, Ağburun- dəniz, Abşeron küpəsi, Xəzri, Gilavar, Dan Ulduzu, Novxanı, Əşrəfi və Qarabağ strukturları yerləşir.



Abşeron küpəsi
Bu sahə Pirallahı adasından şimal-qərbdə dənizdə yerləşir. Qalxımın mərkəzi hissəsində dənizin dərinliyi 2-3 m, uzaq hissələrdə isə 25-26 m təşkil edir. Bu sahədə xəritəalma işləri 1950-1958-ci illər arasında aparılmışdır. 1952-ci ildən isə struktur və dərin qazıma işləri aparılmışdır. Bu qalxımın geoloji quruluşunda Maykop lay dəstəsindən Abşeron, Ağcagil çöküntülərinə qədər çöküntü kompleksi iştirak edir.

Maykop lay dəstəsi - əsasən gillər və mergel ara qatları ilə müşahidə olunur. Maykop lay dəstəsinin dabanı hələ müəyyən olunmayıb. Çokrak horizontu – quyular vasitəsi ilə açılmış əsasən gil və mergel araqatlarından təşkil olunmuşdur. Qalınlıq 100 m-dir. Diatom lay dəstəsi – həmçinin gillər və nazik qatlı mergellərlə, qumlar və qumdaşlarının növbələşməsindən ibarətdir. Qalınlıq 150 m-dir. Pont mərtəbəsi – gillərdən təşkil olunmuşdur. Qalınlıq 100-120 m-dir. Məhsuldar qatın üst şöbəsi Balaxanı lay dəstəsi qırışığın böyük bir hissəsində yuyulmaya məruz qalmışdır. Qırışığın tağında QüG lay dəstəsinin, qanadlarında isə Suraxanı lay dəstəsinin çöküntüləri yer səthinə çıxır. Qazılmış quyular vasitəsi ilə QÜQ lay dəstəsi, Qırmaki lay dəstəsi, QaD və QAD lay dəstəsi çöküntüləri müəyyən edilmişdir. Balaxanı lay dəstəsi çöküntüləri, yəni Məhsuldar qat əsasən gil, qum və qumdaşlarının növbələşməsindən ibarətdir. Qalınlı q 1800-2000 m-dir. Abşeron küpəsində Ağcagil mərtəbəsinin çöküntüləri qırışığın cənub-qərb qanadında müəyyən edilmişdir.

Tektonik cəhətdən Abşeron küpəsi qalxımı asimmetrik antiklinal quruluşa malikdir. Onun cənub qanadı nisbətən yastı 25-300, şimal qanadı isə 48-500-dir. Qırışığın tağı bir uzununa qırılma ilə mürəkkəbləşmişdir ki, bu uzununa qırılma nəticəsində cənub-qərb qanadı aşağı düşmüşdür Sənaye əhəmiyyətli qaz fontanı qırışığın cənub-şərq periklinalında 4 saylı quyuda QaD sınanması zamanı , neft fontanı isə QD –də alınmışdır. Sahədə neftlilik-qazlılıq Qıraməki lay dəstəsinin diatom lay dəstəsi ilə kontaktında müəyyən edilmişdir. Sahə öyrənilərkən onun kəsilişində təbaşir çöküntüləri də müəyyən edilmişdir. Təbaşirin yuyulmuş səthi üzərində eosen çöküntüləri yatır.

Xəzri Qalxımı
Bu qalxım Abşeron küpəsi qalxımından şərqdə yerləşir. Bu sahədə üst təbaşir çöküntüləri açılmışdır. Bu çöküntülər boz-karbonatlı gillərlə, qumdaşları və xirda dənəli alevrolitlərdən təşkil olunmuşdur. Xəzri qalxımında qazılmış 4 saylı quyudan 4300 m dərinlikdə az miqdarda. yəni 6000-7000 m3/gün qaz alınmışdır.

Dan Ulduzu qalxımı
Bu qalxım Əşrəfi qalxımından çox da dərin olmayan dar, ensiz undulyasiya ilə ayrılır. Bu strukturda iki kəşfiyyat quyusu qazılmışdır. Birinci quyu 3096 m dərinlikdə olmaqla IV dövr çöküntülərindən Qırmaki altı dəstəyə qədər çöküntü kompleksini açmışdır. Neftli-qazlı obyektlər olmadığına görə bu strukturda sınanma işləri aparılmamışdır. Ondan 3,5 km şimalda qazılan 2 saylı quyu da

1 saylı quyunun açdığı çöküntüləri açmışdır.


Novxanı qalxımı
Dan Ulduzu qalxımından cənubda yerləşir. Bu sahədə iki axtarış quyusu qazılmışdır. 1 saylı quyuda QAD-dan qaz və kondensat alınmışdır. Debiti uyğun olaraq 150000 m3/gün qaz və 20-25 ton /gün qaz-kondensat alınmışdır. 1 saylı quyudan cənub-qərb istiqamətdə 2 km məsafədə ikinci quyu qazılmış və qaz obyektlərinin olmasına baxmayaraq sınanma işlərin aparılmamışdır.


Əşrəfi qalxımı

Dan Ulduzu qalxımından şərqdə yerləşir. Qərb-şimal-qərb, şərq-cənub-şərq istiqamətində uzanır. Burada bir kəşfiyyat quyusu qazılmışdır. IV dövr çöküntülərinin qazılması zamanı 360-480 m səthə yaxın hissədə qaz yığımları müəyyən edilmişdir. Suraxanı lay dəstəsinin qazılması zamanı 1360-1400 m dərinlik intervalda 1% qaz yığımı, 1600-1672 dərinlikdə isə 5% ehtiyat durur. Sabunçu və Balaxanı lay dəstəsinin qazılması zamanı məhsuldarlıq müəyyən olunmamışdır, Fasilə lay dəstəsindən isə su alınmışdır. QÜG lay dəstəsinin qazılması zamanı nəticəsində 3182m-də qazın göstəricisi 2% olmuşdur. Qırmaki dəstəsi və Qırmaki altı dəstə qazılan zaman nə onlarda, nə də Pont çöküntülərində heç bir karbohidrogen əlaməti müəyyən olunmamışdır. 1 saylı quyu 3710 m dərinliyə qədər qazılmış və iki obyekt sınanmışdır. Birinci obyektdə Qırmaki altı lay dəstəyə uyğun olan 3524 - 3536 m dərinlik intervalında 640000 m3/gün qaz və 70 m3/gün kondensat alınmışdır. İkinci obyektdən isə (bu obyekt QüQ dəstəyə uyğundur) 3274-3283 m dərinlik intervalına uyğun gələn obyektlərin sınanmasından isə 556 ton/gün neft və 27 m3/gün qaz alınmışdır. Bu quyu IV dövrdən Miosenə qədər çöküntü kompleksini açmışdır.



Qarabağ qaz-kondensat yatağı

Bu qalxım Günəşli qalxımından şimal-şərqdə yerləşir. Bu qırışıq 1978-1984-cü illərdə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində müəyyən edilmişdir. Qarabağ qalxımı braxiantiklinal quruluşa malik olub şimal-qərb, cənub-şərq istiqamətində uzanır və 15,5 km uzunluğa, 3,5 km enə malik olmaqla assimmetrik quruluşa malikdir. Bu qırışığın cənub-qərb qanadı 18-200, şimal-şərq qanadı isə nisbətən yastı olub 5-70 bucaq altında yatır. Dərinliyə getdikcə layların yatım bucağı artır ki, bu da qırışığın konsedimentasion qırışıq olmasını göstərir. Bu qırışıq horst tipli uzununa qırılmalarla mürəkkəbləşmişdir. Qarabağ qalxımında üç axtarış quyusu qazılmışdır. Bu quyular Miosendən IV dövrə qədər çöküntü kompleksini açmışlar. 1 və 2 saylı quyular qırışığın cənub-qərb qanadında 3 saylı quyu isə şimal-şərq qanadında qazılmışdır. Bu quyularda qaz, kondensat və neft olduğu aşkar edilmişdir. 1 saylı quyu 1997-ci ildə qazılmış və Qırmaki üstü qumlu dəstədə qazın varlığı müəyyən edilmişdir. 2 saylı quyu isə 1998-ci ildə qazılmış və 2 obyekt mənimsənilmişdir. Birinci obyektdə (Qırmaki altı dəstədə) 3665-3680 m dərinlik intervalında qaz və kondensat alınmışdır. Debitləri uyğun 846000 m3/gün və 24,6 m3 kondensat alınmışdır. 2-ci obyekt 3414-3433 m intervalda Qırmaki üstü qumlu dəstəyə uyğun gəlir ki, debitləri uyğun olaraq 700 m3/gün və 83 ton/gün olmuşdur. 3 saylı quyuda 3723 və 3750 dərinlik intervalında (QaD üst hissəsi) qaz alınmışdır. QüQ dəstəyə uyğun gələn 3426-3469 dərinlik intervalından isə neft alınmış və debiti 300 ton/gün olmuşdur. Qeyd etmək lazımdır ki, Şimali Abşeron qalxımlar zonasında Qala lay dəsətəsi ilk dəfə olaraq Qarabağ sahəsində müəyyən edilmişdir (150 m). Bu onu deməyə əsas verir ki, Qarabağ strukturundan cənub-şərqdə yerləşən strukturların quruluşunda Qala lay dəstəsi əsas istismar obyekti kimi iştirak edir. Azərbaycanın əsas neft-qaz ehtiyatları Abşeron-Balxanyanı qalxımlar zonası ilə əlaqədardır.Bu qalxımlar zonasına Darvin küpəsi, Pirallahı, Xali, Gürgan-dəniz, Çilov, Palçıq Pilpiləsi, Neft Daşları, Günəşli, Çıraq, Azəri strukturları aiddir. Bu antiklinal zonada ən zəngin yataqlardan Neft Daşlarını, Günəşlini və s. göstərmək olar.




Yüklə 407,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə