Mühazirələr konspekti dos. Rzayeva S. M


Neft Daşları neft-qaz yatağı



Yüklə 407,09 Kb.
səhifə4/7
tarix23.01.2018
ölçüsü407,09 Kb.
#22400
növüMühazirə
1   2   3   4   5   6   7

Neft Daşları neft-qaz yatağı


Abşeron arxipelağına daxil olan və Neft Daşları-Palçıq pilpiləsi adı ilə təsvir edilən neft və qaz yatağı Bakı şəhərindən 110 km cənub-şərqdə yerləşmişdir.Dənizin dibi dəyişkən qalınlığa malik olan gilli və narın qumlardan ibarət çöküntülərdən təşkil olunmuşdur.Yatagın şimal və şimal-şərq hissəsində dənizin dərinliyinin kəskin artması nəzərə çarpır.Burada 300-400 m-lik məsafədə dərinlik 18-25 m arasında dəyişir, qərb və cənub-qərb hissələrində isə 5-6 km məsafədə dərinlik 15-20 m-dən artıq deyildir. Xəzər dənizində hakim olan şimal küləkləri yatağın sahəsində intensiv qaz və neft çıxışlarından sızılan neft təbəqələrini qumdaşılarına doğru apararaq, onların neftlə hopdurulmasına və şirələnməsinə səbəb olur. Bəzi tədqiqatçılar “Neft Daşları” adının elə bu hadisəyə görə verildiyini göstərirlər. Neft Daşları haqqında ilk məlumat G.Abix tərəfindən verilmişdir. 1901-1902-ci illərdə bu sahədə N.İ.Lebedev tərəfindən tədqiqat aparılmışdır. 25-illik fasilədən sonra 1926-cı ildə aparılmış tədqiqat nəticəsində S.A.Kovalevski rayonun tektonikası və stratiqrafiyası haqqında səthi məlumat vermişdir. 1939-cu ildə M.F.Mirçink tərəfindən Abşeron arxipelağında məlum qrışıqların üç antiklinal zona (tektonik xətt) ilə əlaqədar olduğu göstərilmişdir. 1951-ci ildən etibarən Neft Daşları rayonu sənaye istismarına verilmişdir. Neft Daşlarının geoloji quruluşunda Qoundağ dəstəsindən tutmuş Abşeron mərtəbəsi də daxil olmaqla geniş intervalda çöküntü kompleksi iştirak edir. Qoundağ dəstəsi çöküntülərinin litoloji tərkibi göyümtül-sarı və sarı rəngli gillərlə səciyyələnir. Bu dəstənin tam qalınlığı öyrənilməmişdir. Şimal-şərq qanadında 32 saylı quyu vasitəsilə diatom dəstəsinin çöküntüləri açılmışdır. Litoloji tərkibi açıq boz, əksər halda ağ gillərdən və gilli şistlərdən ibarətdir. Pont mərtəbəsi çöküntüləri tünd və boz gillərdən ibarətdir. Pontun kəsilişində bəzən incə dənəli qumlu dənəciklər də rast gəlir. Mərtəbənin qalınlığı 115-273 m arasında dəyişir. Qala dəstəsi çöküntüləri bu və ya digər dərəcədə yuyulmağa məruz qalmış Pontun üzərində yatmışdır. Qala dəstəsi qumlu-gilli litofasiyada yayılmışdır. Neft Daşları sahəsində Qala dəstəsinin tam qalınlığı 250-300 m arasında dəyişir. Qırmakıaltı dəstənin litoloji tərkibi açıq-boz rəngli iri və orta dənəli kvarslı qumlardan və az qalınlığa malik olan bozumtul bərk gillərdən ibarətdir (qalınlıq 2-4 m). Qırmakı dəstəsi gil,qum və qumdaşının növbələşməsindən ibarətdir. Burda iki qumlu bölmə neftliliyi ilə fərqlənir. Dəstənin qalınlığı 250 m-dən artıq deyildir. Qırmakıüstü qumlu dəstəsi az qalınlığa malik olan orta və iri dənəli kvarslı qumdaşı və qumlardan təşkil olunmuşdur. Dəstənin ümumi qalınlığı 30-50 m-dən artıq deyildir. Qırmakıüstü gilli dəstənin litoloji tərkibi boz və qonur rəngli gillərdən və bozumtul incə dənəli qumlardan ibarətdir. Qırmakıüstü gilli dəstənin qalınlığı 120 m-dən artıqdır. Fasilə lay dəstəsi iri dənəli qum, qumdaşı və kiçik çaqıllardan təşkil olunmuşdur. Balaxanı və Sabunçu dəstələri qumlu litofasiyada yayılmışdır. Bu çöküntülər Neft Daşlarının şimal-şərq qanadı və cənub-şərq periklinalında rast gəlir.Bu çöküntülər sənaye əhəmiyyətli neftli qum laylarına malikdir.Suraxanı dəstəsi və Abşeron mərtəbəsinin çöküntüləri dəniz dibində qırışığın uzaq qanad və periklinal hissələrində müşahidə edilir. Məhsuldar qatın üst hissəsinin ümumi qalınlığı 900 m-dən artıqdır. Neft Daşları tektonik cəhətdən şimal-qərb-cənub-şərq istiqamətində uzanmış iri antiklinal qırışıqdan ibarətdir. Qırışığın uzunluğu 17,5 km-ə yaxındır. Uzanma istiqaməti boyunca qırışığın şarniri undulyasiyaya məruz qaldığından iki qalxımın yaranmasına səbəb olmuşdur. Birinci qalxım cənub-şərqdə yerləşməklə Neft Daşları adı ilə məşhurdur. Palçıq pilpiləsi adlanan ikinci qalxım isə şimal-qərbdə yerləşmişdir. Neft Daşları qırışığı asimmetrik quruluşludur. Cənub-qərb qanadı 35-400, şimal-şərq qanadı isə 40-500 dərəcəli yatıma malikdir. Bu qırışığın cənub-şərq periklinalı eninə və uzununa istiqamətdə keçən pozğunluqlarla mürəkkəbləşmişdir. En istiqamətində keçən pozğunluğun varlığını Neft Daşlarda yatım bucağının kəskin dəyişməsi göstərir. Dizyunktiv dislokasiya nəticəsində parçalanmış Neft Daşları qırışığını hazırda neftlilik-qazlılığa görə üç tektonik sahəyə bölmək olar: şimal-qərb, cənub-qərb, şimal-şərq.

Qırışığın şərq hissəsindən eninə qırılma ilə ayrılan birinci tektonik sahədə sənaye əhəmiyyətli neft-qaz yataqları QaD qumlu və alevrolitli kollektorları ilə əlaqədardırlar, Məhsuldar qatın digər dəstələri isə suludur.Qırışığın şərq hissəsinin cənub-qərb qanadını əhatə edən və uzununa və eninə qırılmamalarla hüdudlanan ikinci tektonik sahədə sənaye əhəmiyyətli neft və qaz yataqları Məhsuldar qatın alt şöbəsinin demək olar ki,bütün dəstələrində(QaD,QAD,QD,QÜQ) və Məhsuldar qatın üst şöbəsinin alt hissələrində müəyyən edilmişdir.

Üçüncü tektonik sahə qırışığın şərq periklinaının geniş şimal-şərq qanadını əhatə edir.Bu sahədə sənaye əhəmiyyətli neft-qazlılıq Məhsuldar qatın bütün dəstələrinin yəni QaD-dan Suraxanı lay dəstəsinə kimi qumlu horizontları ilə əlaqədardır.Burada 28-dən yuxarı sərbəst neftli-qazlı horizont müəyyən edilmişdir.

Neft Daşları yatağının neft və qazlılığı Qala, Qırmakıaltı, Qırmakı, Qırmakıüstü qumlu, Fasilə, Balaxanı, Sabunçu dəstələri ilə əlaqədardır. Qala dəstəsində üç istismar obyekti məlumdur. Dəstənin dabanına yaxın hissədə yerləşmiş obyekt şimal-şərq qanadının tağyanı hissəsində neftlidir və quyularda yüksək hasilatla fərqlənir. Ümumiyyətlə, Neft Daşlarında Qala dəstəsində -3,Qırmakıaltı dəstəsində -2, Qırmakı dəstəsində -2, Qırmakıüstü qumlu dəstəsində -1, Fasilə dəstəsində -1 neftli horizont qeyd olunur. Bundan başqa Balaxanı dəstəsinin bütün horizontlarının və IV horizontun sənaye əhəmiyyətli neftliliyi müəyyən edilmişdir.

Bu yataqda neft hasilatının gələcək perspektivliyi mezozoyun terrigen-karbonatlı çöküntüləri ilə əlaqələndirilir.

GÜNƏŞLİ NEFT-QAZ YATAĞI

Günəşli qalxımı 1958-1963-cü illərdə aparılan seysmik-kəşfıyyat işləri nəticəsində aşkar edilmişdir. Günəşli sahəsində dərin axtarış qazıması 1977-ci ildə 1 saylı quyunun strukturun şimal-şərq periklinal hissəsində qazılması ilə başlanmışdır. Axtarış- kəşfıyyat işlərinin aparılmasında əsas məqsəd sahənin geoloji quruluşunun, MQ çöküntülərinin litofasiyası və neftqazlılığının öyrənilməsindən ibarət olmuşdur.

Günəşli yatağının kəşf edilməsi 1979-cu ildə 4 saylı axtarış quyusunun mənimsənilməsi ilə əlaqədar olmuşdur; quyunun BLD-nin X horizontunun 3455-3423 m intervalından sınaq işləri zamanı 230 t/gün neft fontanı alınmışdır. Sonra 1980-ci ilin noyabr ayında 6 saylı axtarış quyusunun FLD-dən sınanması nəticəsində 320t/gün neft alınmışdır.

Günəşli yatağı Xəzər dənizi akvatoriyasında, bütün dünyada məşhur olan Neft Daşları yatağının 12 km cənub-şərqində , Bakı şəhərindən 120 km məsafədə yerləşir.yerləşir; yataq sahəsində dənizin dərinliyi 84-300 m intervalında dəyişir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi ŞmQ-də 24 m, və CŞ isə 300 m təşkil edir. Qalxımın CŞ hissəsində dənizin dibinin relyefi fonunda palçıq vulkanı mənşəli hündür təpə qeyd olunur. Günəşli yatağının bazasında 28 may adına NQÇİ yaradılmışdır; bu rayon Bakı şəhərinin Əzizbəyov rayonu tərkibinə daxildir. 01.01.2004-cü ildə yataqda neft və kondensat tipli laylar QaD, QA, QÜQ, FLD lay dəstələrindən və BLD-in horizontlarında aşkar edilmişdir. Günəşli yatağında kəşfiyyat işləri ilk dəfə 1930-cu illərdə başlanmış və Abşeron- Balaxanyanı sahə regional geofıziki tədqiqatlarla əhatə olunmuş, kəşfıyyat işləri aparılmışdır. 1970-ci ildən başlayaraq Abşeron arxipelağı daxilində seysmik işləri aparılmağa başlanıldı. 1975-ci ildə aparılan işlər nəticəsində Gilavar, Günəşli, Cənub, Neft Daşları strukturlarının geoloji quruluşları dəqiqləşdirildi və MQ-ın üst və orta hissələrinin seysmik horizontlarına görə struktur sxemlər tərtib edildi.

Günəşli yatağının geoloji quruluşunda üst miosendən başlamış müasir yaşlı çöküntülər də daxil olmaqla qalınlığı 4300m olan süxur kompleksi iştirak edir.

Yatağın əsas neft-qaz obyekti olan MQ çöküntüləri tam qalınlıqda açılmış və yaxşı öyrənilmişdir: qalınlığı 2800-3000m-dir. MQ-ın tam qalınlığı 13, 5, 11, 15, 16,18, 21, 22, 23, 28 saylı quyularda açılmışdır. 1 saylı quyunun məlumatlarına əsasən MQ fauna ilə xarakterizə olunan üst miosen yaşlı sarmat çöküntülərinin yuyulmuş səthi üzərində yatır; sarmat çöküntüləri 55m qalınlıqda açılmışdır. Günəşli yatağının kəsilişində MQ-ın daban hissəsindən başlayaraq lay dəstələri və horizontları aşağıdakı ardıcıllıqla təsvir edilir : QaD qum və gillərdən ibarət olub, litoloji tərkibinə görə 3 hissəyə: QaD-1, QaD-2 və QaD-3-ə bölünür. Kəsilişin daban istiqamətində qumluluq artır.QaD-nin qalınlığı 290-340 m olub, məhsuldarlıq QaD-3 və QaD-2 ilə əlaqədardır. QaD-1 əsasən gillərdən ibarət olub, neft-qazlılıq cəhətdən praktiki əhəmiyyət kəsb etmir.

QAD-ın qalınlığı 75-100 m olub, gil təbəqələrinə malik 70% xırda və iridənəli qum və qumdaşlarından ibarətdir. Bu lay dəstəsi QaD-ni açan quyulardan başqa, həm də bir çox quyularda da açılmışdır. QD süxurları əsasən gillərdən ibarət olub, nazik qalınlıqlı, xırdadənəli qum, qumdaşı və alevritlərə malikdir. QÜQ litoloji tərkibcə iridənəli kvars qumlarından ibarət olub, ayrı-ayrı qumdaşı və nazik qalmlıqlı gil təbəqlərinə malikdir. Qum laylarının içərisində qara və əlvan rəngli çınqıllar və bərk süxur qırıntıları rast gəlinir. Bu çöküntülər 2900-3550m dərinlikdə açılmış və qalınlığı 45-65 m intervalında dəyişir. QÜG nadir hallarda qum-alevrit laylarına malik açıq-boz rəngli sıx gillərdən ibarətdir, 2800-3550 m dərinlikdə açılıb və qalınlığı 120-150 m-dir. FLD yatağın ən böyük neft ehtiyatına malik obyektidir. Litoloji tərkibcə kiçik qalınlıqlı gil laylarına malik iri və ortadənəli qum-alevrit süxurlarından ibarətdir. Qalınlığı 110-150m olan bu lay dəstəsi 2700-3550 m dərinlikdə açılmışdır. BLD qum-alevrit və gil süxurlarının növbələşməsindən ibarətdir. Kəsilişdə V, VI, VII, VIII, IX və X horizontlar gil paçkaları ilə ayrılırlar. Qumluluq kəsilişin aşağısına doğru tədricən artır və 50%-ə çatır. X horizont da FLD kimi yatağın ən məhsuldar obyektlərindəndir: qalınlığı 60-80 m olub, 2000-3050 m dərinlikdə açılmışdır. BLD-nin qalınlığı 610-750 m-dir. BLD-nin IX horizontu da sənaye işlənmədədir: qalınlığı 110-130m olub, qumluluq kəsilişin alt hissəsinə doğru artır. IX horizontdan yuxarıda yerləşən VIII, VII, VI və V horizontların da qalınlıqları müxtəlif olub, 70-140 m intervalında dəyişilir və kəsilişdə sınaq və geofıziki tədqiqat məlumatlarına əsasən neftqazlı kollektorlar vardır. SbLD qum gil süxurlarının növbələşməsindən ibarət olub, kəsilişdə II,III və IV qumlu horizontlara ayrılır ki, bunlarda gil paçkaları ilə izolə edilmişlər. Lay dəstəsinin qalınlığı 320-440 m, horizontların qalınlığı isə 50-70 m intervalında dəyişir.

Ağcagil mərtəbəsi (üst pliosen) xırdadənəli qum və vulkan külünə malik boz təbəqəli gillərdən ibarətdir; qalınlığı 650110 m-dir. Abşeron mərtəbəsi 250-320m qalınlığa malik olub, tünd-boz qumlu gillərdən ibarətdir. Qədim Xəzər çöküntüləri Bakı mərtəbəsi ilə təmsil olunub, tünd boz rəngli gillərdən ibarətdir. Gillərin içərisində xırdadənəli qum təbəqələri də rast gəlinir. Qalınlığı 60m-dir. Müasir çöküntülər gilli balıqqulaqlarından ibarət olub, bəzi yerlərdə kobuddənəli qumlarada rast gəlinir. Beləliklə, Günəşli yatağının kəsilişində neft-qazlılıq cəhətdən əhəmiyyət kəsb edən horizont və lay dəstələri çoxsaylı axtarış-kəşfiyyat quyularında tam qalınlıqla açılmış və öyrənilmişdir. Günəşli yatağı Abşeron-Balxanyanı qalxımlar zonasında Neft Daşları yatağının şərqində yerləşir və ondan nisbətən kiçik yəhərlərlə ayrılır. Günəşli qalxımının şərq istiqamətdə Çıraq yatağı liə birləşmə zonası palçıq vulkanı və eninə pozğunluqlarla mürəkkəbləşmişdir.

Günəşli sahəsində 1980-ci ilə qədər aparılan seysmik və 1980-1981-ci illərdə ÜDNM işlərinin nəticələrinə əsasən sxematik struktur xəritələr tərtib edilmişdir. Bir qədər sonra, 1983-cü ildə aparılan seysimik materiallann yenidən interpretasiyası işlərinə əsasən yeni sxematik struktur xəritələr tərtib edilmişdir. 1998-ci ildən sonra keçən illər ərzində 40 quyu qazılmış : bu quyularm məlumatları da nəzərə alınaraq struktur xəritlər və geoloji profillər yenidən tərtib edilərək dəqiqləşdirilmişdir. Yatağın geoloji qruluşunu əks etdirən 12 profil və 8 struktur xəritə tərtib edilmişdir( I, V, VII, IX, FLD, QÜQ, QA və QaD horizont və lay dəstələrinin tavanına görə). Bu xəritə və profillər seysmik kəşfiyyat materialları ilə bərabər 238 quyunun məlumatına görə tərtib edilmişdir. Profildə 254 və 256 saylı quyuların arasından keçən 2 saylı uzununa qırılma qeyd olunur; amplitudası 30m olub, XII blok mərkəzi IX bloka nisbətən qırılıb düşmüşdür. Qeyd etmək lazımdır ki, strukturun VII, VIII, IX və X bloklarını əhatə edən mərkəz sahəsində blokların bir-birinə nisbətən qırılıb- qalxmasını (düşməsini) birmənalı təyin etmək çətinlik törədir. Buna səbəb mərkəzi sahəni sərhədləndirən 1 və 2 saylı uzununa qırılmaların amplitudalarının kiçik və həm də müxtəlif olmasıdır. Ona görə də mərkəzi blokların bir-biri ilə və qanadların mərkəzi sahəyə nisbətən qırılıb- qalxması və ya düşməsini təyin etmək nisbi xarakter daşıyır. Günəşli yatağında 25 axtarış-kəşfıyyat və 259 hasilat və başqa quyular qazılmış və nəticədə kəsilişdə olan neftli və qazlı horizont və lay dəstələri ətraflı öyrənilmişdir. Yataqda neftlilik ilk dəfə 1979-cu ildə 4 saylı quyuda X horizontun sınaq işləri zamanı 230 t/gün neft fontanı alınması ilə müəyyənləşdirilmişdir. FLD-nin neftliliyi isə 1980-ci ildə 6 saylı quyudan 320 t/gün hasilatla neft alınması ilə müəyyənləşdirilmişdir. Bu quyular yatağın kəşf olunmasının ilk müjdəçiləri idilər. Sonradan aparılan axtarış-kəşfıyyat işləri nəticəsində yatağın neftliliyinin MQ çöküntüləri ilə əlaqədar olduğu aydınlaşdı. MQ çöküntülərinin horizont və lay dəstələri üzrə neftqazlılığının paylanması kəsilişin aşağısından başlayaraq yuxarı istiqamətdə ardıcıllıqla verilir :

QaD-nin qalınlığı 233-324m , 1, 3, 5, 11, 15, 16, 18, 21, 22, 23, 28 saylı quyular vasitəsilə tam açılmışdır; 24, 81, 83, 84, 93, 273, 278, 286 saylı quyularda isə bu lay dəstəsi 30-140m açılmışdır. Kəsilişin aşağı istiqamətində qumluluq artır; kəsilişdə 3 qumlu paçka (QaD-3, QaD-2 və QaD-1) ayrılır. QaD-in aşağı hissəsində süxurların müqaviməti artır və qalınlığı 60-140 m olan qumlu paçka QaD-3-ə aid edilir. Günəşli yatağının məhsuldar horizontlarının litoloji-kollektorluq xüsusiyyətləri axtarış-kəşfiyyat quyularından götürülmüş süxur nümunələrinə əsasən öyrənlimişdir. Süxurların götürülməsi kəsilişin 1700-2760 m intervalını əhatə edir ki, bu da bütün məhsuldar layları xarakterizə edir. Məhsuldar horizontların məsaməlik, keçiricilik, karbonatlıq və gillilik parametrlərini öyrənmək üçün 280-dən çox nümunələrə əsasən təyin edilmiş 1200 analizin nəticələrindən istifadə edilmişdir. Süxurlarm analizi “Azneft” İstehsalat Birliyinin Mərkəzi laboratoriyasmda aparılmışdır.




ÇIRAQ NEFT-QAZ-KONDENSAT YATAĞI

Bu yataq 1988-ci ildə açılmışdır. Balaxanı lay dəstəsinin VI, VII, VIII və X horizontlarından və Fasilə lay dəstəsindən neft alınmışdır. Balaxanı lay dəstəsinin IV və V horizontlarından neft, QÜQ, QAD-dən qaz və kondensat alınmışdır. Hal-hazırda Günəşli yatağı SOCAR tərəfindən, digər Çıraq yatağı isə xarici şirkətlər tərəfindən işlədilir. Günəşli və Çıraq yataqlarında Məhsuldar qatın kəsilişində 17-yə yaxın neftli-qazlı horizont vardır.



AZƏRİ NEFT-QAZ-KONDENSAT YATAĞI

Bu yataqda Balaxanı lay dəstəsinin VI və VIII horizontlarından qaz və kondensat, IX və X horizontlarından və Fasilə lay dəstəsindən neft alınmışdır.




KƏPƏZ NEFT-QAZ YATAĞI

Neft və qaz yataqları bu yataqda Balaxanı lay dəstəsinin VI horizontunda və Fasilə lay dəstəsində acılmışdır.



CƏNUBİ ABŞERON TEKTONİK ZONASI

Abşeron-Balxanyanı tektonik zonasından cənubda yerləşir. Bu zonaya Qum-dəniz, Bahar, Şahdəniz və Abşeron strukturları aiddir.



QUM-DƏNİZ NEFT-QAZ YATAĞI

Bu yataq Qaraçuxur-Zığ qırışığından cənubda yerləşir. Yataq 1955-ci ildə strukturun tağında qazılmış quyu ilə kəşf edilmişdir. Bu quyu gündəlik hasilatı 200 m3 qaz, 15-20 m3 kondensat vermişdir. Qum-Dəniz sahəsinin geoloji quruluşunda Məhsuldar qatın Qala lay dəstəsindən üst Pliosen çöküntülərinə qədər çöküntü kompleksi iştirak edir. Tektonik cəhətdən Qum-dəniz sahəsi Qaraçuxur-Zığ qırışığının cənub periklinalını təşkil edir. Bu qırışıq fay və əks- fay tipli uzununa və bir neçə eninə qırılmalarla mürəkkəbləşmişdir. Qırışığın şərq qanadında kiçik gömülmüş palçıq vulkanı yerləşmişdir. Qeyd etmək lazımdır ki, Qaraçuxur-Zığ qırışığının oxu Qum-dəniz qırışıqlığının qərb qurtaracağına doğru meridional istiqamətdə uzanır. Adadan cənuba doğru isə o, Bahar yatağına doğru uzanır. Qırışıq asimmetrikdir, onu şərq qanadı dik(150), qərb qanadı isə nisbətən yastıdır(8-100). Qum-dəniz yatağı çox laylı yataqdır. Balaxanı lay dəstəsinin IV horizontundan başlayaraq bütün horizontlar neftli-qazlıdır. Sənaye əhəmiyyətli neft-qaz yığımları Balaxanı, Fasilə, QüQ, QaD, QAD lay dəstələri ilə əlaqədardır. Hal-hazırda yataqda 33 quyu işləyir, gündəlik hasilat 100 ton neft

və 21000 m3 qaz təşkil edir.

BAHAR QAZ-KONDENSAT YATAĞI

Bu yataq neft-qaz-kondensat yatağıdır. Bahar sahəsinin geoloji və geofiziki üsullarla öyrənilməsi 1950-ci illərdən başlanmışdır. Geofiziki üsullarla tədqiqi nəticəsində Fatmai-Zığ-Qum-dəniz antiklinal xəttinin davamında sərbəst bir qalxımın mövcud olduğu müəyyən edilmişdir. Bu yataq 1968-ci ildən istismardadır. Geofiziki tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qırışığın oxyanı hissəsindən uzununa bir qırılma keçir. Tektonik cəhətdən bu qırışıq braxiantiklinal olub, submeridional istiqamətdə uzanır, uzun ox üzrə ölçüləri 8-10 km, en oxu üzrə isə 4-5 km-dir. Qırışığın hündürlüyü 150 m-dir. Uzununa qırılmadan başqa qırışıq bir neçə eninə qırılmalarla da mürəkkəbləşmişdir. Eninə və uzununa qırılmalar yatağı ayrı-ayrı tektonik bloklara parçalamışdır. Bahar yatağı çoxlaylı yataqdır. Məhsuldar qatın kəsilişində 9 fərdi yataq aşkar edilmişdir. Burada qazılmış quyular Bahar yatağında 5 kondensat yatağı (V, VI, VII, VIII, IX) , bir qaz yatağı ( X) və 3 neft yatağı (Fasilə, QüQ və QAD) olduğunu müəyyən etmişdir.

Cənubi Abşeron tektonik zonasında ən çox diqqəti cəlb edən Şahdəniz kondensat yatağıdır.

ŞAHDƏNİZ QAZ-KONDENSAT YATAĞI

Bu qalxım Cənubi Xəzər çökəkliyinin şimal-qərb hissəsində yerləşmişdir. Bu qırışıq Qaraçuxur-Zığ - Qum-dəniz-Bahar antiklinal xəttinin şərq struktur elementi sayılır. Qalxım şimal-qərb- cənub-şərq istiqamətində uzanan iri braxiantiklinal qırışıqdır. Qırışığın şimal-qərb periklinalında layların yatım bucağı 8-100 təşkil edir. Qalxımın tağ hissəsində palçıq vulkanı yerləşmişdir. Qalxımın cənub-şərq qanadı mürəkkəb quruluşa malikdir. Şimal-qərb qanadı isə sabit quruluşlu olub, enli və yastıdır.

Şahdəniz sahəsində təbii neft-qaz çıxışlarına rast gəlinməmişdir. Şahdəniz sahəsində 5 quyu qazılmışdır. 2 quyu isə qazılmaqdadır. Sahədə qazılan 4 saylı quyu Suraxanı lay dəstəsinə, 5 saylı quyu isə 906 metr dərinliyə qədər qazılmışdır. Hər iki quyu texniki səbəblərdən ləğv edilmişdir. 6 saylı quyu 5500 m dərinliyə qədər qazılmışdır və Balaxanı lay dəstəsinin VII horizontunun çöküntülərini açmışdır. 1 və 2 saylı (SDX 1 və SDX 2) quyular xarici neft şirkətləri tərəfindən qazılmışdır. Hər iki quyu Məhsuldar qatın üst sərhəddini açmışdır. SDX 1 quyusu dənizin 348 m dərinliyində 6310 m-ə qədər qazılmışdır. 1999-cu ildə 23 iyun tarixində sınanma nəticəsində 6225-6289 m dərinlik intervalında Fasilə lay dəstəsindən 1,5 mln ton qaz və 400 ton kondensat alınmışdır. Təqribi hesablamalara görə VIII və X horizontlar 700 mlrd m3 qaz və 700 mln ton kondensat saxlayırlar. 1999-cu ilin mayın 4-də qırışığın tağ hissəsində SDX 2 quyusu qazılmışdır. Bu quyu SDX 1 quyusundan 6 km cənubda qazılmışdır. Quyunun dərinliyi 6500 m-dir. 5892 metr dərinlikdə Fasilə lay dsətəsinə uyğun gələn intervaldan 1,8 mln m3 qaz və 400 ton kondensat alınmışdır. Bu sahədə hal-hazırda axtarış-kəşfiyyat işləri davam etdirilir. Şahdəniz sahəsinin ölçüləri uzunluğu 16,5 km, eni 5,5 km-dir.

ŞAMAXI- QOBUSTAN NEFTLİ-QAZLI RAYONU

Bu rayon cənub-şərqi Qafqazın əksər hissəsini əhatə edir. Geomorfoloji

cəhətdən ərazidə aşağıdakı tektonik zonalar ayrılır: 1. Şimal zona; 2. Mərkəz zona; 3. Cənub zona və Şamaxı rayonu zonası. Cənub zona özü iki hissəyə bölünür: cənub-qərb və cənub-şərq hissə. Şimal geomorfoloji zona qərbdən Pirsəhhət çayının yuxarı axımını, şərqdən isə Xəzər dənizi sahilini əhatə edir. Ərazidə yüksək dağlıq sistemləri müşahidə olunmuşdur.Yüksəkliklər qərbdən-şərqə doğru azalır. Mərkəzi geomorfoloji zona qərbdən Pirsəhhət çayının orta axımından başlayıb Abşeron yarımadasının qərb sərhəddinə doğru uzanır. Yüksəkliklər qərbdən-şərq istiqamətinə doğru azalır. Burada geomorfoloji yüksəkliklərlə bərabər palçıq vulkanlarının əmələ gətirdikləri yüksəkliklər də qeydə alınır. Cənub zona nisbətən sadə relyeflə xarakterizə olunur. Burada yalnız palçıq vulkanlarının əmələ gəirdiyi yüksəkliklər diqqəti cəlb edir. Bu zona cənubdan Nəvai dərəsi ilə hüdudlanır, şərqdən isə Xəzər dənizi sahillərinə qədər uzanır. Bu zonanın hüdudlarında Ceyrankeçməz depressiyası, cənub-qərb və Ələt silsiləsi yarımzonaları ayrılır.

Şamaxı şəhərini əhatə edən geomorfoloji zona, şərqdən Pirsəhhət çayının orta axımından başlayıb, qərbdə Ləngəbiz qalxımlar sisteminə qədər uzanır. Şamaxı-Qobustan neftli-qazlı rayonunun geoloji quruluşunda Yura çöküntülərindən IV dövr çöküntülərinə qədər çöküntü kompleksi iştirak edir. Yura çöküntüləri şimal zonada ayrı-ayrı sahələrdə yer səthinə çıxır. J2 - hər iki mərtəbəsi ilə (Bayos və Bat) iştirak edir. Bat əsasən gillərdən, gilli şistlərdən və kobud dənəli qumdaşlarından ibarətdir (qalınlıq 2000-2500 m). J3 – sisteminin çöküntüləri şimal zonada yer səthinə çıxır. Litoloji tərkibinə görə gil, qum və karbonatlı süxurlardan ibarətdir (qalınlıq 2000m). Təbaşir sisteminin çöküntüləri ərazidə tam kəsilişi ilə iştirak edir. Alt təbaşir çöküntüləri fliş xarakterli olub, gil, qum, qumdaşı, alevrit, əhəngdaşı və mergellərin növbələşməsindən ibarətdir (qalınlıq 2000-2500 m). Üst təbaşir çöküntüləri kəsilişdə bütün mərtəbələri ilə iştirak edir. Bu çöküntülər çöküntülər terrigen- karbonat xarakterdədir (2200-2500 m). Şamaxı-Qobustan neftli-qazlı rayonunda Paleogen sistemi Paleosen sistemi ilə başlayır. Paleosen əsasən gil süxurlarından ibarətdir (qalınlıq 280 m). Eosen çöküntüləri həmçinin ərazidə geniş yayılmışdır. Əsasən gillərdən təşkil olunmuşdur (qalınlıq 1000-1200 m). Maykop lay dəstəsi öyrənilən ərazidə iki litofasiyada yayılmışdır. Şimal və Mərkəzi zonada gilli, cənub zonada gilli-qumlu litofasiyda yayılmışdır. Maykopun kəsilişində qalınlığı 25-35 sm-ə çatan bir neçə qum layı ayrılır (qalınlıq 650-850 m). Orta Miosen çöküntüləri Çokrak, Karaqan, Konq ərazidə iki litofasiyada rast gəlinmişdir. Şimal və mərkəzi zonada qumlu, cənub zonada gilli-qumlu litofasiyadadır. Qumluluq ən çox Çokrak horizontu ilə əlaqədardır. Çokrak horizontunun qalınlığı 50-60 m-dir. Orta Mioseninin qalınlığı 800-900 m-dir. Ərazidə

Üst Miosen Sarmat mərtəbəsi ilə başlayır və gilli xarakterlidir (qalınlıq 700-800 m). Meotis mərtəbəsi gilli litofasiyada yayılmışdır (500 m). Pont mərtəbəsi kobud dənəli süxurlardan ibarətdir (qalınlıq 350 m). Pliosen çöküntüləri ərazidə geniş yayıılmışdır. Əsasən gilli-qumlu litofasiyadadırlar (qalınlıq 3000m). Məhsuldar qat çöküntüləri ərazinin ən çox Ceyrankeçməz depressiyasında, Ələt tektonik zonasında yayılmışdır. Ağçaqıl mərtəbəsi gilli- qumlu litofasiyadan ibarətdir (200 m). Abşeron mərtəbəsi Abşeron neftli-qazlı rayonunda yayılmışdır (qalınlıq 1100-1200 m). IV dövr çöküntüləri kobud dənəli süxurlardan ibarətdir (qalınlıq 200-250 m). Şamaxı-Qobustan neftli-qazlı rayonunun tektonikasına gəldikdə isə, geomorfoloji zonaya müvafiq olaraq burada üç tektonik zona ayrılır: şimal tektonik zona, mərkəzi tektonik zona və cənub tektonik zona. Cənub tektonik zona özü iki hissəyə bölünür: cənub-qərbi və cənub-şərqi tektonik zona. Şamaxı-Qobustan neftli-qazlı rayonu Qafqaz istiqamətində keçən bir neşə tektonik yarıqlarla, palçıq vulkanları ilə və üstəgəlmə tipli qırılmalarla mürəkkəbləşmişdir. Ərazinin tektonik xüsusuiyyətlərinin mürəkkəbliyi onun neftlilik-qazlılıq cəhətdən perspektivliyini öyrənməyə imkan vermir. Şamaxı-Qobustan neftli-qazlı rayonun əsas neftli-qazlı kompleksləri aşağıdakılardır:

1. Yura sistemi; 2.Təbaşir sistemi;

3. Maykop seriyası;

4.Çokrak horizontu ;

5. Məhsuldar qat.

Şamaxı-Qobustan neftli-qazlı rayonunda 200-250-yə qədər lokal qalxım müəyyən edilmişdir. Hazırda bu rayonda 1 yataq istifadəyə verilmiş, 1 yataq isə istismara hazırlanıb.



Yüklə 407,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə