Mühazirələr konspekti dos. Rzayeva S. M



Yüklə 407,09 Kb.
səhifə5/7
tarix23.01.2018
ölçüsü407,09 Kb.
#22400
növüMühazirə
1   2   3   4   5   6   7

UMBAKİ NEFT-QAZ YATAĞI

Bu yataq Şamaxı-Qobustan neftli-qazlı rayonun cənub-qərbində yerləşir. Oroqrafik cəhətdən sahə bir sıra kiçik təpələr və çökəkliklərlə mürəkkəbləşmiş yaylalardan ibarətdir. Sahəsinin qərb hissəsində bir-birinə bitişik olan Qazandağ və Umbakı təpələri relyefin nisbətən daha çox mürəkkbələşməsinə səbəb olmuşdur. Cənubdan sahə sıldırımlı, yamaclı Qələndərtəpə silsiləsi ilə hüdudlanır. Nisbətən düzənlik xarakteri daşıyan şərq hissəsinin relyefi Qələndər palçıq vulkanı ilə mürəkkəbləşmişdir. 1947-1950-ci illərdə sahəsinin müxtəlif yerlərində 80-dən artıq struktur xərtiəalma quyuları qazıldı. 1953-cü ildə qazılan kəşfiyyat quyuları üst Maykop, Çokrak lay dəstələrinin qum və qumdaşı horizontları ilə əlaqədar olan neft yataqlarını açdı. Kəşfiyyat quyuları vasitəsilə öyrənilmiş Maykop dəstəsi 2 yarım dəstəyə bölünür: Alt Maykop və Üst Maykop. Alt Maykop yarımdəstəsinin kəsilişi burada dabanına qədər öyrənilmişdir. Lakin onun əsas etibarilə gillərdən ibarət olduğu güman edilir. Üst Maykop yaımdəstəsinin kəsilişində qum və qumdaşı laylarının həm miqdarı ,həm da qalınlığı xeyli çoxalır. Üst Maykop yarımdəstəsində 6 qumlu horizont ( I, II, III, IV, V, VI ) müəyyən edilmişdir. Bir-birindən qalınlığı 15-50 m olan gil layları ilə ayrılan bu horizontlar nisbətən yüksək kollektorluq qabiliyyətinə malikdir. Sahənin kəsilişində üst Maykop yarımdəstəsinin qalınlığı 500 m-ə çatır. Çokrak horizontu mergel və dolomit araqatları olan gillərdən təşkil olunmuşdur ki, onun da kəsilişində həmişə qum , qumdaşı və alevrolit araqatları rast gəlir. Karaqan–Konq horizontları gil, qum və alevrolit çöküntülərinin növbələşməsindən ibarətdir (qalınlıq 600 m). Sarmat mərtəbəsinin çöküntüləri enli zolaq şəklində qırışığın şimal qanadında, eləcə də periklinal hissəsində yer səthinə yayılmışdır (qalınlıq 850 m). Meotis mərtəbəsinin çöküntüləri Umbaki qırışığının uzaq qanad hissələrində və qərb periklinallarında məhəlli yayılmaya malikdir. Bu çöküntülər sarımtıl boz və qonur boz çöküntülərin gilli şistlərlə növbələşməsindən ibarətdir (qalınlıq 350 m). Kəsilişdə qalınlığı 45 m-ə çatan brekçiyavarı dolomitlərə də rast gəlinir. Umbaki yatağının tektonikası çox mürəkkəbdir. Bu yataq en istiqamətdə uzanır.Qırışığın uzun oxu boyunca üstəgəlmə xarakterli tektonik qırılma müşahidə edilir. Bu qırılma ilə qırışığın şimal qanadı 1300 m amplitudla cənub qanad üzərində yatır. Yatağı ayrı-ayrı tektonik bloklara parçalayan qırılmalar da müşahidə edilmişdir. Üstəgəlmələrdə layların yatım bucağı şimal qanadda 35-450 təşkil edir. Tektonik cəhətdən Umbaki qırışığı braxiantiklinal qırışıq olub, Girdə-Qələndərtəpə antiklinal xəttinin şərqdə axırıncı qalxımı hesab olunur.

Umbaki yatağı çoxlu sayda təbii neft-qaz çıxışları ilə seçilir. Neft-qaz üstəgəlmənin üzərində yerləşən çoxlu sayda qrifonlardan yer səthinə çıxır. Qazıma nəticəsində üstəgəlmənin şimal-şərq qanadında Üst Maykopun kəsilişində üç neftli-qazlı (III, IV, V) horizont müəyyən edilmişdır. Həmçinin III horizont 1951-ci ildən işlənməyə verilmişdir. 1953-cü ildə Üst Maykopun III horizontunun sınanması zamanı şimal qanadın tektonik bloklarının birində güclü qaz fontanı (hasilatı 500 000 m3 olan) alınmışdır. Qazlılıq əsasən Çokrak horizontu ilə əlaqədardır. Neftlilik isə Üst Maykopun III, IV, V horizontları ilə əlaqədardır.
DUVANNI NEFT-QAZ YATAĞI

Duvannı neft-qaz yatağı sahəsi Qobustan vilayətinin cənubunda,Qaradağ neft-qaz yatağından 32 km cənub-qərbdə, Duvannı dəmir yol stansiyasından 1,5-5 km şimal-qərbdə yerləşir. Ümumiyyətlə,təpəlik xarakterli relyefə malik olan bu sahənin qərbində Qazan-Quzan dağı,şimalında Kiçik Kənizdağ palçıq vulkanı, şimal-şərqində Böyükdaş yaylası, cənub-qərbində isə Kiçikdaş təpəsi yerləşmişdir. Bu hündürlüklərin mütləq yüksəkliyi 150-350 m arasında dəyişir. Sahənin mərkəz hissəsi bir qədər düzənlik xarakteri daşıyır, lakin onun relyefi müxtəlif istiqamətlərdə uzanan dərələr və nisbətən kiçik təpəciklərlə mürəkkəbləşmişdir. Sahənin geoloji quruluşunu səthi olaraq 1929-cu ildə S.F.Fyodorov,1930-cu ildə B.M.Sarkisyan, 1933-cu ildə A.İ.Kleşşov tərəfindən öyrənilmişdir.1938-1941-ci illər ərzində qırışığın şimal-qərb hissəsində qazılmış 5 kəşfiyyat quyusunun vasitəsilə məhsuldar qatın kəsilişi 1200-1250 m-ə qədər açıldı ki,bu da həmin qatın yuxarı hissəsinə (Suraxanı və Sabunçu dəstələrinə) müvafiq gəlir. Yatağın kəsilişini Abşeron vilayətinin sinxronik kəsilişilə müqayisə etdikdə, onun stratiqrafik cəhətcə Suraxanı və Sabunçu dəstələrinə və Balaxanı dəstəsinin üst hissəsinə müvafiq olduğunu görürük. Bu kəsiliş, ümumiyyətlə, boz, qonur-boz,qırmızımtıl-qonur və qumlu-alevritli gillərin, pis çeşidlənmiş narın dənəli əhəngli qumların və qumdaşıların, alevritlərin və zəif sementləşmiş alevrolitlərin qeyri-müntəzəm növbələşməsindən ibarətdir. Gillərin və qumlu-alevritlərin nisbətinə görə məhsuldar qatın açılmış hissəsi bir-birindən fərqlənən üç dəstəyə bölünür (yuxarıdan aşağıya). 1.Qumlu-gilli dəstə (300 m) əsasən gillərdən, nadir hallarda təsadüf edilən alevrit və qum təbəqəciklərindən ibarətdir. Dəstənin daxilində qalınlığı 50 m-dən 100 m-ə kimi dəyişən I, II, II və IV qumlu-gilli-alevritli horizontlar ayrılır.

2.Gilli-qumlu dəstə (250-260 m) boz və qonur-boz gillərin, qum, alevrit, zəif sementlənmiş qumdaşı təbəqələrinin qeyri-müntəzəm növbələşməsindən ibarətdir. Bu dəstənin kəsilişində V, VI, VII və VIII qumlu kollektor horizontları ayrılır. 3.Qumlu-gilli dəstə (280-300 m) əsas etibarilə qum və alevritlərdən və gil aratəbəqələrindən ibarətdir. Həmin dəstənin kəsilişində IX, X, XI, XII qumlu-alevritli horizontlar ayrılır. Ağcaqıl mərtəbəsi qırışığın şərq və şimal-şərq hissəsində yayılaraq, Məhsuldar qat çöküntülərinin üzərinə kiçik bucaq uyğunsuzluğu ilə yatır.Onun kəsilişi əsas etibarı ilə boz, qonur-boz, bəzən zəif gilli qumlardan ibarətdir. Mərtəbənin qalınlığı 145-180 m arasında dəyişir. Abşeron mərtəbəsinin kəsilişində alt və orta yarımmərtəbələr ayrılır.Alt Abşeron çöküntüləri litoloji cəhətcə qonur-boz, tünd boz laylı gillərdən və nadir rast gələn nazik gilli qum təbəqəciklərindən ibarətdir.Qalınlıq 230-250 m.Orta Abşeron çöküntüləri Duvannı sahəsinin şimal-şərq, cənub-qərb hissələrində yayılaraq Böyükdaş, Kiçikdaş və Qazan-Quzan yüksəkliklərini əhatə edir.Yarımmərtəbənin qalınlığı 350 m-dir. Duvannı qırışığı assimmetrik quruluşludur. Onun cənub-qərb qanadı az meyilli (22-250), şimal-şərq qanadı isə nisbətən dik (44-450) yatmışdır.Qırışıq şimal-qərb—cənub-şərq istiqamətində uzanır.Onun tağında Məhsuldar qat çöküntülərinin yer üzərinə çıxmış hissəsinin qalınlığı 325-350 m-dən artıq deyildir. Beləliklə, burda Məhsuldar qatın kəsilişi demək olar ki, tamamilə yuyulmadan mühafizə olunmuşdur. Mükəmməl xəritəalma işlərinin və habelə struktur-xəritəalma və kəşfiyyat quyularından alınan məlumatlara görə müəyyən edilmişdir ki,qırışıq müxtəlif amplitudlu bir sıra dizyunktiv pozğunluqlarla mürəkkəbləşmişdir. Bu pozğunluqlardan biri qırışığın uzun oxu boyunca keçərək onun şimal-şərq qanadını kəsir. Bu pozğunluğun amplitudu qırışığın cənub-şərq hissəsində 150-200 m-ə çatır. Bundan başqa şimal-şərq qanadı, eninə keçən və onu üç tektonik bloka bölən əlavə iki pozğunluqla ciddi surətdə mürəkkəbləşmişdir. Bu pozğunluqların səthi şimal-qərb istiqamətində meyl edir. Duvannı sahəsində təbii neft çıxışları yoxdur. Burada qazılmış 4, 6, 8, 11, 13, 15, 17, 19 və 20 saylı struktur- xəritəalma quyularında zəif neftlilik əlamətləri görünmüşdür. Duvannı sahəsinin kəsilişində Məhsuldar qatın aşağı hissəsi (Balaxanı dəstəsinin və alt şöbə stratiqrafik analoqları) hələ açılmamışdır. Duvannı qırışığının kəsilişinin qonşu Kənizdağ, Daşgil və Qaradağ sahələrinin kəsilişi ilə müqayisəsinə əsasən burada da əsas neftli-qazlı obyektlərin,Məhsuldar qatın Balaxanı, Fasilə dəstələri və alt şöbə ilə əlaqədar olduğunu göstərmək olar. Məhsuldar qatın aşağı hissəsini qırışığın cənub-şərq periklinalında açmaq geoloji nöqteyi nəzərdən daha əlverişlidir.

AŞAĞI KÜR NEFTLİ-QAZLI RAYONU

Aşağı Kür neftli-qazlı rayonu şimaldan və şimali-şərqdən Şamaxı-Qobustan neftli-qazlı rayonu ilə, qərbdən və cənubi-qərbdən Qərbi Xəzər tektonik yarığı ilə, şərqdən isə Xəzər dənizi ilə hüdudlanır. Oroqrafik cəhətdən Aşağı Kür neftli-qazlı rayonu yüksəkliklərlə mürəkkəbləşən düzənlikdən ibarətdir. Yüksəkliklər əsasən rayonun şimali-şərqində qeydə alınır. Burada Kəlaməddin, Böyük Hərəmi, Kiçik Hərəmi, Bəndovan, Mişovdağ, Qalmaz kimi yüksəkliklər ayrılır. Cənub hissəyə doğru isə Kürovdağ, Kürsəngə, Babazənən-Durovdağ, Neftçala yüksəklikləri diqqəti cəlb edir. Bu yüksəkliklər palçıq vulkanının konuslarına uyğun gəlir. Rayonda geomorfoloji quruluş tektonik quruluşu tamamlayır. Aşağı Kür neftli-qazlı rayonunda Kür çayının əmələ gətirdiyi çoxlu sayda axmazlar müşahidə olunur.

Bu rayonun geoloji quruluşunda Miosen çöküntülərindən tutmuş IV dövr çöküntülərinə qədər stratiqrafik vahidlər iştirak edir. Miosen çöküntülərinin qalınlığı- 1000 m, Məhsuldar qat- 3500-4000 m, Ağcagıl- 100-450 m (yalnız Padar sahəsində 450 m), Abşeron mərtəbəsi - 1200 m, IV dövr çöküntülərinin qalınlığı isə 1300 m-dir. Rayonun neft-qazlılığı 1931-ci ildə müəyyən olunmuşdur.

Tektonik cəhətdən rayon 2 zonaya ayrılır: Şirvan və Muğan zonaları. Şirvan zonasına Kəlaməddin, Böyük Hərəmi, Kiçik Hərəmi, Mişovdağ, Qalmaz, Bəndovan; Muğan zonasına isə Padar, Kürovdağ, Qarabağlı, Babazənən-Durovdağ, Xıllı və Neftçala antiklinal qalxımları aiddir. Bu iki antiklinal xətt arasında Kürsəngə-1 və Kürsəngə-2 qırışıqları yerləşmişdir.

Bu rayonun neft-qazlılığı Abşeron, IV dövr və Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Hal-hazırda bu neftli-qazlı rayonda Kəlaməddin, Mişovdağ, Qalmaz, Neftçala, Kürsəngə, Babazənən-Durovdağ, Xıllı, Kürovdağ və s. kimi yataqlar istismardadır.


Neftçala neft yatağı

Bu yataqda axtarış-kəşfiyyat işləri 1896-cı ildən aparılmışdır. 1926-1927-ci illərdə Abşeron mərtəbəsində 3 horizontun neftliliyi ( I, II, III ) müəyyən edilmişdir ki, bunlar da 1931-ci ildən istifadəyə verilmişdir. 1937-1938-ci illərdə məhsuldar qatın üst şöbəsinin çöküntülərinin neftliliyi və qazlılığı müəyyən edilmişdir.İlk sənaye əhəmiyyətli neft 1926-cı ildə orta Abşeronun 11 horizontundan alınmışdır. Sonrakı illərdə orta Abşeronun 1 və 111 horizontlarının da neftliliyi müəyyən olundu.

Bu yatağın geoloji quruluşunda Məhsuldar qat, Abşeron, Ağcagıl, IV dövr çöküntüləri iştirak edir. Məhsuldar qat çöküntüləri onun tavanından 3500 m dərinlikdə müəyyən edilmişdir.

Tektonik cəhətdən bu qırışıq şimal- şimal-qərb istiqamətdə uzanan braxiantiklinaldan ibarətdir. Qırışıq asimmetrikdir. Onun şimal qanadı nisbətən dik (25-300), cənub qanadı isə nisbətən yastıdır (10-120). Bu qırışıq çoxlu sayda eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir.Bunların arasında qırışığın oxyanı hissəsini kəsən iki uzununa qırılma diqqəti cəlb edir. Bu əsas qırılmalarla yanaşı şimal-şərq hissədə palçıq vulkanları müşahidə edilmişdir.

Məhsuldar qatın kəsilişində 20-yə qədər qumlu horizont müəyyən edilmişdir. Bu horizontların qalınlığı 75-100 m-ə qədərdir. 20 qumlu horizontdan 8-i neftli-qazlıdır.

Yatağın perspektivliyi Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Neftçala yatağında müəyyən edilən XX horizont Abşeron neftli-qazlı rayonunda olan Fasilə lay dəstəsinin analoqu hesab olunur. Bu yatağın lay sularının tərkibində J və Br elementləri aşkar edilmişdir.




Kürovdağ neft yatağı

Bu yataq həmçinin Padar-Neftçala antiklinal xətti üzərində yerləşən qırışıqdır. Burada tədqiqat işləri 1925-1930-cu illərdə aparılmışdır və Kürovdağ qırışığı müəyyən edilmişdir. 1954-1955-ci illərdə yataqda IV dövr və Abşeron çöküntülərinin neftliliyi müəyyən edilmişdir. 1955-ci ildən isə Məhsuldar qat çöküntülərinin neft-qazlılığı müəyyən edilmişdir.

Yatağın geoloji quruluşunda Məhsuldar qat, Ağcagıl, Abşeron və IV dövr çöküntüləri iştirak edir. Məhsuldar qatın qalınlığı 3800 m-dir.

Tektonik cəhətdən bu qırışıq braxiformaya malik olub şimal-şərq- cənub-şərq istiqamətdə uzanır. Qırışıq müxtəlif istiqamətli qırılmalarla mürəkkəbləşmişdir. Neft-qazlılıq Bakı mərtəbəsi, Abşeron mərtəbəsi və Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Məhsuldar qatın üst hissəsində 5 qumlu horizont müəyyən edilib ki, qalınlığı 500 m-dir. Neftlilik-qazlılıq da bu horizontlarla əlaqədardır. Dərinliyə getdikcə məhsuldar qatın kəsilişində gillilik artır. Yatağın neft-qazlılıq perspektivliyi Miosen çöküntüləri ilə əlaqədardır.



BAKI ARXİPELAĞI NEFTLİ-QAZLI RAYONU

Bu rayon cənub-şərqi Qobustanın və Aşağı Kür neftli-qazlı rayonunun dənizdə davamıdır. Bu rayonda geoloji-tədqiqat işləri 1951-ci ildən aparılmağa başlamışdır. Rayonda palçıq vulkanlarının əmələgəlmələri və çoxlu sayda sualtı adalar mövcuddur. Burada dənizin dərinliyi 6-50 m arasında dəyişir. Lokal qalxımların əksəriyyətində Məhsuldar qatın üst hissəsi, üst Pliosen və IV dövr çöküntüləri yuyulmuşdur. Bu rayon eyni adlı struktur zonanı əhatə edir. Bu rayonda seysmik işlər nəticəsində pliosen çöküntülərinə görə 45 lokal qalxım müəyyən edilmişdir. Nəticədə Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə adası, Ələt dəniz, Qarasu kimi nəhəng yataqlar aşkar edilmişdir və istismara verilmişdir.

Rayonun geoloji quruluşunda üst Miosen, Məhsuldar qat, Abşeron, Ağcagıl mərtəbələri və IV dövr çöküntüləri iştirak edir. IV dövr çöküntülərinin qalınlığı 650 m, Abşeron və Ağcaqıl mərtəbələrinin qalınlığı birlikdə -930 m, Məhsuldar qat- 3700-3800 m (üst Məhsuldar qat- 2800-3000 m, alt mMəhsuldar qat- 800 m), üst miosenin qalınlığı tam açılmamışdır.

Tektonik cəhətdən bu rayon 1962-ci ildə geofiziki tədqiqat işləri nəticəsində müəyyən edilmiş Yavandağ-Səngəçal regional qalxımı ilə əlaqədardır. Bu qalxım üzərində aşağıdakı antiklinal xətlər ayrılır:



  1. Səngəçal dəniz- Duvannı dəniz- Xərə-Zirə adası;

  2. Ələt dəniz- Xərə-Zirə dəniz- Ümid;

  3. Pirsəhhət- Hamamdağ dəniz- Qarasu- Səbail;

  4. Çigil daşı- Şirvan dəniz;

  5. Yanan tava- Atəşgah- İnam;

  6. Neftçala dəniz- Kürdaşı;

  7. Qızılağac dəniz- Lənkəran dəniz.

Rayonun neftliliyi-qazlılığı 1962-ci ildə müəyyən olunmuşdur. Neft-qazlılıq Məhsuldar qat çöküntüləri ilə əlaqədardır (üst şöbəyə aid V, VII; alt şöbə VIII, IX horizontlar). Hamamdağ dəniz və s. qalxımlarda çoxillik axtarış-kəşfiyyat işləri hələ də müsbət nəticə verməmişdir. Seysmik məlumatlara görə Bəndovan dəniz, Çigil- dəniz kimi gömülmüş qalxımlar zonası müəyyən edilmişdir. Seysmik xüsusiyyətlərinə görə onların tağ hissələri parçalanmamışdır və güman etmək olar ki, bu strukturlar Məhsuldar qat və Abşeron mərtəbəsi çöküntülərində neft-qaz yataqlarının axtarışı üçün maraq kəsb edir. Bakı arxipelağı neftli-qazlı rayonunun cənub hissəsinin neftlilik-qazlılığı Məhsuldar qat və Miosen çöküntüləri ilə əlaqələndirilir. Çünki bu neftli-qazlı rayonda Məhsuladar qat çöküntülərinin qalınlığının və litofasial xüsusiyyətlərinin paylanma xarakteri Aşağı Kür neftli-qazlı rayonu ilə eynilik təşkil edir.

Səngəçal- dəniz- Duvannı -dəniz- Xərə-Zirə adası

neft-qaz-kondensat yatağı

Bu yataq Bakı arxipelağının şimalında, Bakı şəhərindən 45 km cənubda yerləşir. Su üzərinə çıxan Duvannı və Xərə-Zirə adaları istisna olmaqla dənizin dibi düzdür və cənubi-şərq istiqamətdə dərinləşir. Yatağın sahəsində və ətrafında dənizin dərinliyi 3-20 m, Xərə-Zirə adasında 20 m təşkil edir. Adalar palçıq vulkanının fəaliyyəti ilə, əsasən vulkan brekçiyaları ilə əlaqədardır.

Yataqda geoloji kəsilişin quyularla açılmış hissəsində ən dərin çöküntülər orta Miosenə aiddir. Ondan yuxarı hissələr Məhsuldar qat, Ağcaqıl, Abşeron mərtəbələri və IV dövr çöküntülərindən ibarətdir. Orta miosendə Çokrak horizontu açılmış və az qumluluğu ilə seçilən gillərdən ibarətdir (474 m). Qobustandakı quru Duvannı sahəsində Çokrak horizontu qum, gil, qumdaşı və dolomitlərin növbələşməsindən ibarətdir. Diatom lay dəstəsi (Karaqan, Konq və Sarmat mərtəbəsi) çöküntüləri gil, qumdaşı və mergellə ifadə olunmuşdur (760 m). Üst Miosen-Pont mərtəbəsi Səngəçal-Duvannı sahələrində açılmışdır (70-80 m). Məhsuldar qat çöküntüləri yatağın bütün sahələrində tam qalınlıqla açılmışdır və ən böyük qalınlıq 3950-4000 m Səngəçal dəniz və Xərə-Zirə dəniz adası sahəsinin şimal-şərq hissəsində aşkar edilmişdir. Ən az qalınlıq 3000 m-dən az Səngəçal dəniz strukturunun cənub-qərb qanadında açılmışdır. Qala lay dəstəsi şərti olaraq QaD-dən aşağıda yatan qum və alevrit təbəqələri olan qat hesab olunur. QaD az miqdarda gil təbəqəciklərinə malik olan və 65 % qumlardan və qumdaşlarından təşkil olunmuşdur. Qala lay dəstəsi narın qum-alevrit təbəqələri olan gillərlə təmsil olunmuşdur. Dəstənin davamına doğru qumların və alevritlərin qalınığı, miqdarı azlır (268-407 m). QÜQ lay dəstəsi – burada Qaradağ bölgüsünə görə VIII horizonta uyğun gəlir. Onun tam kəsilişi Duvannı dəniz lokal qalxımında öyrənilmişdir. Qalınlıq 27-62 m-dir. QÜG dəstənin kəsilişi 90 % gillərlə təmsil olunmuşdur. Lokal strukturlar üzrə qalınlıqlar aşağıdakı kimi dəyişir: Səngəçal dəniz – 120-169 m, Duvannı- dəniz – 153-204 m, Xərə-Zirə adasında – 208-222 m arasında dəyişir. Yataqda Məhsuldar qatın kəsilişinin V horizontdan yuxarı hissəsinin qum-alevrit layları olmaqla yeknəsək gillərdən təşkil olunduğunu nəzərə alaraq, bu gillərin də qalınlığı 2500-2700 m olduğuna görə Balaxanı, Sabunçu,Suraxanı lay dəstəsini ayırmaq mümkün olmadığından Məhsuldar qatın üst şöbəsi belə bölünür: VII horizont (Abşerondakı Fasilə lay dəstəsinə uyğun gəlir) – 60-145 m, VII-V horizont ayırıcı gil qatı – 360 m, V horizont – 125-160 m, Ağcaqıl mərtəbəsi – 50-100 m, Abşeron mərtəbəsi – 1000-1100 m, IV dövr çöküntüləri – 840 m.

Səngəçal dəniz – Duvannı dəniz – Xərə-Zirə adası yatağının tektonik quruluşunda şimal-şərqdən- cənub-şərqə doğru uzanan eyni adlı antiklinal xətt üzərində yerləşən Səngəçal- dəniz, Duvannı -dəniz, Xərə-Zirə lokal strukturlar yerləşir. Bu yataq Məhsuldar qatın VIII horizontuna görə ölçüləri 30×11 km olan vahid strukturla braxiantiklinalla təmsil olunmuşdur. Lokal strukturların bir-birinə keçid sahələri özlərini izohipslərin sıxlığı ilə biruzə verir. Səngəçal -dəniz lokal strukturu assimetrik quruluşlu və günbəzvari formaya malikdir və Duvannı -dəniz strukturundan qısa və dayaz yəhərciklə ayrılır. Strukturun şimal-şərq qanadı 45-600, cənub-qərb qanadı isə 20-300 bucaq altında yatır.

Duvannı -dəniz qırışığı palçıq vulkanı ilə mürəkkəbləşmişdir. Şimal-şərq qanadın yatım bucağı 45-500, cənub-qərb qanadda isə 35-400 təşkil edir.

Xərə-Zirə adası strukturunun tağı eyni adlı palçıq vulkanı ilə mürəkkəbləşmişdir. Onun şimal-şərq qanadı 15-200, cənub-qərb qanad isə nisbətən dik olub 30-400 təşkil edir.

Səngəçal- dəniz – Duvannı -dəniz – Xərə-Zirə qırışıqlığını təşkil edən strukturların tağ hissələri üzrə uzununa qırılma keçir. Bu uzununa qırılma Səngəçal dəniz sahəsində qırılıb-qalxma (şimal-şərq qanadı qalxıb, amplitud 200-600 m), Duvannı- dəniz sahəsində isə qırılıb-düşmə (şimal-şərq qanad düşüb, amplitud 500-1400 m) kimi özünü biruzə verir. Bu uzununa qırılmadan daha 2 qırılma ayrılır ki, bu da ümumi strukturun 3 hissəyə bölünməsinə səbəb olur: şimal-şərq qanadı, mərkəzi hissə, cənub-qərb qanad. Kompleks tədqiqatlar nəticəsində bu yataqda 14 eninə tektonik qırılmanın olması müəyyən edilmişdir. Uzununa və eninə qırılmaların kəsişməsi nəticəsində yataq 12 tektonik bloka bölünmüşdür. Bu qırılmaların hamısı VII və VIII horizontun tavanına görə qurulmuş struktur xəritələrdə izlənilir.

Yataqda 1935-ci ildən başlayaraq geofiziki-kəşfiyyat, həm də struktur və struktur-axtarış qazıması işləri aparılmağa başlamışdır. Dərin axtarış qazıması 1951-ci ildən başlamışdır. Aparılan bu işlərin nəticəsində yatağın geoloji quruluşu öyrənilmiş və neftli, qazlı, kondensatlı horizontlar müəyyən edilmişdir. Yatağın sənaye neftliliyi 1963-cü ildə Duvannı- dəniz strukturunun şimal-şərq qanadında qazılmış 24 saylı quyunun sınaq işləri ilə təsdiq edilmişdir. Burada ilk dəfə Məhsuldar qatın VII horizontundan sutkada 250 t neft fontan alınmışdır. 1965-ci ildə bu horizontdan Səngəçal-dəniz strukturunda 150 t/gün, həmin ildə də Duvannı- dəniz sahəsində 29 saylı quyuda VIII horizontdan 300 000 m3/gün qaz alınmışdır. 1974-cü ildə Duvannı -dəniz sahəsində 361 saylı quyuda V horizontdan 200 t/günneft alınmışdır. 1995-ci ilə qədər yataqda 158 axtarış-kəşfiyyat quyusu qazılmışdır ki, onların da xeyli hissəsi məhsuldardır. Bu yataqda Məhsuldar qatın kəsilişində 5 neftli-qazlı obyekt aşkar edilmişdir: Vyux, Vor, V, III, VII, VII horizontlar. Vyux horizont – qaz-kondensat, qalanları müxtəlif qarışıq tipli olub müxtəlif bloklarda qaz-kondensat, neft və qaz yığımları əmələ gətirirlər. Sərbəst qaz V və VII horizontlar üçün səciyyəvidir. Vyux obyekti V blokda qaz-kondensatlıdır və s. V horizontda gündəlik hasilat neft və kondensat alınmışdır ki, bunlar da uyğun olaraq neft 2-200 t-a qədər, qaz isə 20-400 000 m3-ə qədər çatır. VII horizont yatağın bütün strukturlarında neft-qazlıdır. Horizontun neft-qaz ehtiyatının əsas hissəsi onun alt hissəsində yerləşən qumlu hissəsidir. Bu horizont yataq üzrə əsas neftli obyektdir.

VIII horizont qırışığın şimal-şərq qanadında qaz-kondensat yatağı əmələ gətirir. Neft yığımlarının olması ancaq V blokda təsdiq olunub. Quyularda ilkin gündəlik hasilat 13-15 t kondensat, qaz isə 50-650 min m3-ə qədərdir.

Oliqosen-miosen çöküntüləri, QLD, QÜG, Suraxanı, Abşeron mərtəbəsi sınaqdan keçirilmiş və hamısından su alınmışdır.


Xərə-Zirə- dəniz qaz-kondensat yatağı

Bu struktur Bakı arxipelağının şimalında yerləşir. 1950-1955-ci illərdə aparılmış seysmik-kəşfiyyat işləri nəticəsində Xərə-Zirə -dəniz sərbəst antiklinal qırışığı müəyyən edilmişdir. Onun tektonik quruluşu haqqında detal təsəvvürlər dərin kəşfiyyat quyularının və dərin istismar qazıması işləri məlumatlarına görə alınmışdır. Xərə-Zirə dəniz qırışıqlığının şimal-şərq qanadı daha ətraflı öyrənilmişdir və burada məhsuldar qatın V, VI, VII horizontları açılmışdır. Cənub-qərb qanadda 4 quyu qazılmasına baxmayaraq və hətta 6026 m dərinlikdə belə V horizont açılmayıb. Xərə-Zirə- dəniz qırışığı şimal-qərb -cənub-şərq istiqamətində uzanmış böyük braxiantiklinal qırışıqdır. Onun ölçüləri uzun ox üzrə 19 km, qısa ox üzrə 9 km, hündürlüyü 1600 m təşkil edir. Qırışıq asimmetrik quruluşa malikdir. Şimal-şərq qanadda yatım bucağı 220, cənub-qərb qanadda isə 16-200 təşkil edir. Qırışıqlığın tağyanı hissəsi və ona bitişik olan cənub-qərb qanadı 2 uzununa qırılma ilə mürəkkəbləşmişdir. Uzununa qırılmalar qırışığı sərbəst tektonik sahələrə bölür. Qırışığın cənub-qərb qanadında 2 eninə qırılma ayrılır ki, onlar da bu qanadı 3 bloka bölür və qanada pilləli xarakter verir.

Xərə-Zirə - dəniz sahəsində 1973-cü ildə VII horizontun sınanması nəticəsində 5190 və 5203 m intervalından gündəlik hasilatı 1000 m3 qaz və 250 t kondensat alınmışdır. 1974-cü ildə V horizontun sınanması nəticəsində 4615-4592 m dərinlik intervalından 400 000 m3 qaz və 70 t kondensat alınmışdır. 1982-ci ildə VIII horizontun sınanması nəticəsində 800 000 m3 qaz və 250 t kondensat alınmışdır ki, bununla da yatağın yüksək perspektivli olduğu bir daha sübut olunmuşdur. Beləliklə, bu yataqda sənaye əhəmiyyətli Məhsuldar qatın V, VII, VIII horizontları müəyyən edilmişdir.

Ələt- dəniz neft-qaz yatağı

Bu yataq Bakı arxipelağının şimal hissəsində, Bakı şəhərindən 55 km cənub-qərbdə yerləşir. Yatağın ətrafında dənizin dərinliyi 10-20 m təşkil edir. Yatağın sahəsində dəniz səthindən aşağıda və ondan üstdə əhəngdaşı təpəcikləri müşahidə olunur.

Bu yatağın geoloji quruluşunda Miosen, Pliosen (alt və üst) və IV dövr çöküntüləri iştirak edir.

Orta və üst miosenə aid olan Diatom lay dəstəsi gilli çöküntülərlə təmsil olunmuşdur və 4 saylı quyuda açılmışdır (24 m).

Üst miosenə aid olan Pont mərtəbəsi çöküntüləri qum aqreqatlarına malik olan gillərdən ibarət olub 4 saylı quyuda açılmışdır (43 m).

Məhsuldar qat (alt Pliosen) - Qala lay dəstəsindən başqa bütün lay dəstələri quyularla açılmışdır. Bu yataqda Məhsuldar qatın alt şöbəsi QAD ilə başlayır. Bu dəstə qum və alevritlərin üstünlük təşkil etdiyi qumlu və gilli çöküntülərin növbələşməsi ilə təmsil olunmuşdur. Maksimum açılmış qalınlıq 70 m-dir. QLD az təsadüf olunan alevrit aqreqatları olan gillərdən təşkil olunmuşdur (300 m). QÜQ dəstə gil aqreqatlarına malik olan qum və qumdaşılarından təşkil olunmuşdur (55 m). QÜG dəstə qırışığın tağında Pont mərtəbəsi üzərində qeyri-uyğun yatır, gil, qum, qumdaşılarından ibarət olub, tam qalınlıq 200 m-ə barabərdir. Məhsuldar qatın üst şöbəsi əsasən gillidir. Lakin onun alt hissəsində qumlu aqreqatların miqdarı xeyli artır. Bu hissədə VII və V qumlu horizontlar aydın seçilir. VII horizont fasilə lay dəstəsinə uyğundur, qum, qumdaşı və gillərin növbələşməsindən ibarətdir (110 m). Ayırıcı qat, yəni V-VII horizontları ayıran qat bəzən təsadüf olunan qum və qumdaşı araqatına malik olub, gillərdən təşkil olunmuşdur (240-260 m). Balaxanı lay dəstəsinin V qumlu horizontu 110 m qalınlıqla gilli-qumlu çöküntülərdən təşkil olunmuşdur.

Ağcaqıl mərtəbəsi çöküntüləri qırışığın tağını əhatə edərək, qum aqreqatları olan gillərdən ibarətdir (60 m).

Abşeron mərtəbəsi çöküntüləri strukturun qanadlarında və periklinallarında yayılmışdır. Aşağı hissədə palçıq vulkanları brekçiyasına malik gillərlə, qum aqreqatları, qumdaşı və mergellərlə təmsil olunmuşdur (860 m).

IV dövr çöküntülərinin kəsilişində qədim Xəzər çöküntüləri qum, qumdaşı aqreqatlarına malik gillərlə ifadə olunmuşdur (400m.).

Miosen çöküntüləri qum və balıqqulağı çöküntülərindən təşkil olunmuşdur (10-20 m).

Tektonik cəhətdən Ələt- dəniz qırışığı Lənkəran-Ələt tirəsinin cənub-şərqdə davamı olan Ələt- dəniz – Xərə-Zirə antiklinal xətti üzərində yerləşən ilk strukturdur. Kompleks geoloji-geofiziki materiallar əsasında bu qalxım şimal-şərq cənub-şərq istiqamətində uzanmış braxiqırışıqla təmsil olunmuşdur. Məhsuldar qatın VII horizontunun tavanına görə qurulmuş struktur xəritəyə görə onun ölçüləri 8,5×5,5 km təşkil edir. Qalxım 3 uzununa, 3 eninə və həmçinin 6 lokal eninə qırılmalarla mürəkkəbləşmişdir və onların qarşılıqlı kəsişməsi nəticəsində qırışıq 17 tektonik bloka bölünmüşdür. Uzununa tektonik qırılmaların amplitudası cənub-şərq istiqamətdə, eninə qırılmaların isə şimal-şərq istiqamətdə azalır. Cənub-qərbi qanad pilləli forma almışdır, şimal-şərq qanad isə uzununa qırılma üzrə enmişdir. Bunların nəticəsi olaraq qırışığın mərkəzi qalxmışdır.

Ələt -dəniz sahəsində geoloji-kəşfiyyat işləri 1930-cu illərdən aparılmışdır. 1950-ci illərdə qazılmış xəritəalma quyuları vasitəsi ilə kiçik bir günbəzvari qırışığın olması aşkar edilmişdir. 1958-ci ildə bu qalxımda instrumental planalma işləri, 1959-cu illərdə struktur- axtarış qazması həyata keçirilmişdir. 1957-1958-ci illərdə strukturda aparılmış seysmik-kəşfiyyat işləri nəticəsində qalxımın cənub-şərq periklinalı dəqiq öyrənilmişdir. 1960-1965-ci illərdə və 1980-ci illərdən sonra axtarış qazıması işləri aparılmağa başlamışdır. 1983-cü ildə 6 saylı quyuda VII horizontdan sınaq işləri zamanı 3638-3656 m intervalında gündəlik hasilatı 130 t olan neft fontanı alınmışdır. Sonrakı illərdə həmin quyudan 20-320 t arasında neft alınmaqla bu yataq təsdiqləndi. 2001-ci il vəziyyətinə görə yataqda 45 quyu qazılmışdır - 14 axtarış, 8 kəşfiyyat, 23 istismar quyularıdır. Bunlardan 32 quyuda sınaq işləri aparılmış, 25 quyuda sənaye əhəmiyyətli məhsul alınmışdır. VII horizontdan 1983-2000-ci illərdə istismar zamanı 583 000 t neft və 923 mln m3 qaz alınmışdır.



Yüklə 407,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə