Mühazirələr konspekti dos. Rzayeva S. M



Yüklə 407,09 Kb.
səhifə6/7
tarix23.01.2018
ölçüsü407,09 Kb.
#22400
növüMühazirə
1   2   3   4   5   6   7

UMİD QALXIMI



Bu qalxım tektonik cəhətdən böyük ölçüyə malikdir.Burada qazılan ən dərin quyu 6715 m. dərinlikdə Y11 horizontu açıb.

Cənubi Xəzərin dərin sulu akvatoriyasının

neft-qaz perspektivli rayonu

Cənubi-Xəzər dərin sulu akvatoriyası geofiziki üsullar vasitəsi ilə müəyyən dərəcədə öyrənilmişdir. Cənubi-Xəzərin dərin sulu hövzəsi 24 km-lik çökmə qatına malik olub, Cənubi Xəzərin ən dərin intensiv enməyə malik olan müəyyən hissəsidir. İntensiv enmə burada alt Pliosen- IV dövrə aiddir. Alt Pliosen yaşlı çöküntülərin tavanı burada 6-8 km dərinlikdə qeyd olunmuşdur. Beləliklə, IV dövr çöküntülərinin qalınlığı 10-12 km təşkil edir. Cənubi Xəzərin dərin sulu hissəsində seysmik işlər nəticəsində müxtəlif istiqamətə malik olan 37 lokal qalxım qeydə alınmışdır. Burada ən böyük tektonik element Abix valıdır. Abix valı qərb- cənub-şərq istiqamətində 140 km məsafədə uzanır, burada alt Pliosen çöküntülərinin 3000 m qalınlığı qeydə alınmışdır. Ona bitişik olan sinklinallarda isə bu qiymət 6500-7500 arasındadır. Cənubi Xəzərin dərin sulu akvatoriyasında əsas neft-qaz perspektivliyi ona bitişik olan neftli-qazlı rayonlarda yüksək debitli neft-qaz yataqları müəyyən olunmuş alt Pliosen çöküntüləri hesab olunur. Bəzi tədqiqatçıların fikrincə Cənubi-Xəzərin dərin sulu hissəsində alt Pliosen yaşlı çöküntülərin qalınlıqlarının azalması qeyd olunur. Lakin bu fikir əksər tədqiqatçılar tərəfindən qəbul olunmur. Belə ki, Qırmızı qat və Məhsuldar qatın toplanması dövründə Cənubi Xəzər sedimentasyon hövzəsi hər tərəfdən güclü dislokasiyaya məruz qalmış ərazilərlə əhatə olunmuş və çöküntü toplanma mənbəyindən 250-300 km-dən çox məsafədə yerləşmişdir. Hövzənin mərkəzinə doğru Məhsuldar qat və Qırmızı qat çöküntüləri gilli süxurlarla müşahidə olunur ki, bu da Aşağı Kür və Bakı arxipelağı neftli-qazlı rayonlarında Məhsuldar qatın üst şöbəsinin kəsilişində müşahidə olunur. Məhsuldar qatın alt şöbəsinə gəldikdə isə belə nəticəyə gəlmək olar ki, onun litofasial xüsusiyyətləri Cənubi Xəzərin dərin sulu hissəsində qorunub saxlanılmışdır. Qeyd etmək lazımdır ki, kəsiliş boyu Məhsuldar qatın alt şöbəsi kvarslı materialların olması ilə səciyyələnir. Həmin qumdaşları layları Bakı arxipelağının Xərə-Zirə dəniz qalxımlarına qədər uzanmışdır. Bütün yuxarıda qeyd olunanlar Cənubi Xəzərin dərin sulu hissələrində alt Pliosenin məhsuldar kollektorlarının əlverişli litofasiyada inkişaf etməsini söyləməyə əsas verir. Cənubi Xəzərin dərin sulu hissələrində yüksək termobarik parametrlərlə alt Pliosen yaşlı çöküntülərin əsasən qaz-kondensatlı və bəzi hallarda neftli olması gözlənilir.

KÜR NEFTLİ-QAZLI VİLAYƏTİ
Yevlax-Ağcabədi neftli-qazlı rayonu

Bu neftli-qazlı rayon Orta Kür çökəkliyinin cənub hissəsində yerləşərək geniş ərazini əhatə edir. Neftli-qazlı rayonun geomorfoloji xüsusiyyətləri o qədər də mürəkkəb deyildir. Burada ərazinin əksər hissəsində Gəncə, Mil, Qarabağ düzənlikləri yerləşir.. Cənub-qərb hissədə Kiçik Qafqaza yaxın olan ərazi nisbətən yüksəkliklərlə xarakterizə olunur. Bu yüksəkliklər çay dərələri ilə kəsilir. Bu çaylara Şəmkirçay, Tərtərçay, Gəncəçay və s. misal göstərmək olar. Çay dərələrinin xarakterik xüsusiyyətlərindən biri də onun vadilərində daha qədim yaşlı çöküntülərin yer səthinə çıxmasıdır. Ərazinin geoloji quruluşunda – Mezozoy, Paleogen, Miosen, Pliosen və IV dövr çöküntüləri iştirak edir. Kəsiliş Yura sisteminin çöküntüləri ilə başlayır. Burada Yura sisteminin hər üç şöbəsi iştirak edir. Öyrəndiyimiz ərazidə Yura sisteminin çöküntüləri yer səthinə heç bir sahədə çıxmır və quyular vasitəsi ilə üst Yura çöküntüləri açılmışdır. Ona görə də Yevlax-Ağcabədi neftli-qazlı rayonun geoloji kəsilişini tərtib edərkən Kiçik Qafqazın Yura kəsilişindən istifadə olunmuşdur.. Kəsilişin əsas hissəsi maqmatik süxurlardan təşkil olunmuşdur. Yuranın orta şöbəsi bu cəhətdən daha xarakterikdir. Üst Yuranın kəsilişində vulkanogen çökmə və çökmə qatı daha geniş yayılmışdır. Çökmə mənşəli süxurlar həmçinin alt Yuranın kəsilişində müşahidə olunur. Yuranın qalınlığı 2500-4500 m hesab olunur. Təbaşir çöküntüləri də bu ərazidə geniş yayılmışdır. Alt təbaşir çöküntüləri yer səthinə çıxırlar. Bu kompleksin əsasən maqmatik süxurlardan ibarət olması güman edilir. Üst Təbaşir çöküntüləri isə yer səthinə çay dərələrində çıxır. Ümumiyyətlə təbaşir çöküntüləri iki litofasiyada özünü göstərir: vulkanogen və karbonatlı. Yevlax-Ağcabədi çökəkliyində qazılmış əksər quyularda Təbaşir çöküntüləri müəyyən edilmişdir. Məs. K və Y3 çöküntüləri Carlı sahəsində qazılmış 1 saylı quyuda, Muradxanlı sahəsində qazılmış 11 saylı quyuda, Mil sahəsində qazılmış 1saylı quyuda və Saatlı xüsusi məqsədli quyuda ətraflı öyrənilmişdir.

Çay dərələrində qeydə alınan Paleosen çöküntüləri gilli litofasiyadadır Quyu kəsilişlərində də Paleosen gilli litofasiyadadır.Ümumi qalınlıq 280-300m-dir. Eosen çöküntüləri bu ərazidə geniş yayılmışlar. Onlar əsasən gilli litofasiyadadır. Yalnız üst Eosendə qumluluğun faizi bir qədər çoxdur. Cənub-qərbdən şimal-şərqə doğru getdikcə orta Eosendə qumluluğun faizi də artır (qalınlıq 1600 m). Yevlax-Ağcabədi ərazisində Maykop çöküntüləri daha geniş yayılmışdır. Cənub-qərbdən – şimal-şərqə doğru Maykopun kəsilişində litoloji dəyişkənlik müşahidə olunur. Belə ki, üst hissədə Maykop çöküntüləri gilli xarakterli ,orta hissədə isə qumluluğun faizinin xeyli artdığı müəyyən edilmişdir. Cənub-şərq hissədə isə Maykop çöküntüləri tamamilə gilliləşmişdir. Ümumiyyətlə, Maykop çöküntülərinin kəsilişində iki şöbə ayrılır: Üst Maykop və Alt Maykop.

Üst Maykop şöbəsinə - A, B, C, D, E, I .

Alt Maykop şöbəsinə - II, III, IV, V, və VI qumlu laylar aid edilmişdir. Bu ərazidə Maykopun qalınlığı 2200 m təşkil edir. Şimal-şərq istiqamətdə Maykopun qalınlığı xeyli azalır.

Orta və Üst miosen çöküntüləri (Torton, Sarmat, Meotis və Pont) rayonunun şimal-şərq hissəsində Beyləqan sahəsində qeydə alınır. Bu sahələrdə Ağcagıl mərtəbəsi birbaşa Maykop çöküntüləri üzərinə yatır. Orta və Üst Miosen çöküntülərinin qalınlığı 900-1100 m təşkil edir. Yevlax-Ağcabədi neftli-qazlı rayonunda Pliosen çöküntüləri şimal-şərq hissədə qeydə alınır (qalınlıq 500 m). Ağcagil mərtəbəsinin qalınlığı 700, Abşeron mərtəbəsi isə 1200 m təşkil edir. IV dövr çöküntüləri 700 000 m qalınlıqla yayılmışdır. Tektonik cəhətdən Yevlax-Ağcabədi çökəkliyi şimal-qərbdən cənub-şərq istiqamətdə uzanan regional xarakterli iki tektonik yarıqla hüdudlanır. Çökəklikdə bir neçə antiklinal xətt qeydə alınır. Bu ərazidə müəyyən edilmiş qalxımların əksəriyyətində maqmatik kütlə müşahidə edilir. Burada əsas neftli-qazlı komplekslərə vulkanogen tip Üst Təbaşir çöküntüləri, karbonat tip Üst Təbaşir çöküntüləri, terrigen tip Eosen, Maykop və Çokrak kompleksləri aid edilir. Neftlilik-qazlılıq vulkanogen tip Təbaşirdə, 2 yataq Eosendə, 1 yataq Maykopda və 1 yataq Çokrakda müəyyən edilmişdir. Hal-hazırda Yevlax-Ağcabədi neftli-qazlı rayonunda istismar olunan yataqlar Muradxanlı qrupu qalxımlar zonası ilə əlaqədardır.



MURADXANLI NEFT YATAĞI

Bu neft yatağı Muradxanlı qalxımlar qrupunun cənub-şərq hissəsində yerləşmişdir. Muradxanlı qalxımlar qrupu 1948-ci ildə ilk dəfə olaraq qravimetrik üsul ilə müəyyən edilmişdir. Bu işlərin sayəsində sahədə gömülmüş qalxımın varlığı müəyyən edilmiş və bunun əsasında axtarış-kəşfiyyat quyularının qazılmasına başlanmışdır. 1968-ci ildən bu sahədə kəşfiyyat işləri aparılmağa başlanmış və 1971-ci ildə Muradxanlı sahəsində qazılan 5 saylı quyuda vukanogen kütlədən güclü neft fontanı alınmışdır (500 ton/gün). Muradxanlı yatağının geoloji quruluşunda Üst Yura və Təbaşir çöküntüləri, Paleogen, Miosen, Pliosen və IV dövr çöküntüləri iştirak edir. Geoloji kəsilişdə Ağcagil (300-400 m), Abşeron mərtəbəsi (300 m), Məhsuldar qat (500 m), Üst və Orta Miosen (200-600 m), Eosen (350 m), Paleosen (30-40 m), Təbaşir çöküntüləri (2600 m) iştirak edirlər. Tektonik cəhətdən bu qırışıq braxiantiklinal quruluşa malik olub, şimal-qərb- cənub-şərq istiqamətində uzanan bir qırışıqdır. Qırışıq asimmetrikdir. Onun cənub-qərb qanadı bir qədər yastıdır. Qırışığın tağında vulkanogen Üst Təbaşir yaşlı çöküntülər 3000 m dərinlikdə, qanadlarda isə 23 saylı quyunun məlumatlarına əsasən 4600 m dərinlikdə müşahidə olunurlar. 1979-1980-ci illərdə Muradxanlı sahəsində 20-yə yaxın dərin kəşfiyyat quyuları qazılmağa başlanılmışdır. Bu quyular effuziv süxurlarda olan neft yataqlarının konturunu dəqiqləşdirmək, həmçinin Maykop və Eosen çöküntülərinin neftlilik-qazlılığını müəyyən etmək məqsədi ilə qazılmışdır.Aparılan bu işlərin nəticəsində neftlilik konturu dəqiqləşdirilimiş və bundan başqa Təbaşir və Eosen çöküntülərinin kontaktında neft alınmışdır. Qırışığın tağ hissəsində Təbaşirin kəsilişində üç neftli obyekt müəyyən olunmuşdur. Birinci obyektin neftliliyi ilk dəfə 43 saylı quyunun 3030-3020 m intervalının sınanması nəticəsində aşkar edilmişdir. Belə ki, gilli mergellərdən və tuflu qumdaşlarından gündəlik hasilatı 68-75 ton olan neft axını alınmışdır. İkinci obyekt andezitlərdən, porfirin-bazalt və porfirinlərdən təşkil olunmuş effuziv süxurlardan ibarətdir. Məsələn, 3 saylı quyuda porfirinli-bazaltlı süxurlar sınanarkən 3060-3035 m dərinlik intervalında gündəlik hasilatı 68 ton olan neft axını alınmışdır. Bundan başqa 56 saylı quyuda 3082-305m. intervalı sınanarkən 130 ton, 61 saylı quyuda isə 3067-3050 m dərinlik intervalında 160 ton neft alınmışdır. İkinci obyektin neft yatağı tağın bir qədər qalxmış hissələrini əhatə edir. Üçüncü obyekt stratiqrafik cəhətdən bir qədər qədim neftli obyekt hesab olunur. 3 saylı quyuda 3144-3101m dərinlik intervalı sınanarkən gündəlik hasilatı 75 tondan 165 tona qədər neft axını alınmışdır.



GƏNCƏ NEFTLİ-QAZLI RAYONU

Bu rayon Yevlax-Ağcabədi neftli-qazlı rayonunun qərb hissəsində yerləşir. Bu rayon cənubdan Kiçik Qafqaz dağlıq sistemi ilə sərhədlənir. Nisbətən mürəkkəb quruluşlu, cənub-qərb dağətəyi zonasında üst Təbaşir və Paleogen yaşlı çöküntülər müxtəlif hündürlüyə malik yüksəkliklərdən və təpələrdən ibarətdir. Bu rayonun cənub hissəsinin oroqrafiyasında Kiçik Qafqazın şimal yamacından Kür düzənliyinə qədər uzanan çay dərələrinin rolu vardır. Rayonun əsas hissəsini müxtəlif qalınlığa və litoloji xüsusiyyətlərə malik olan Üst Pliosen və antropogen yaşlı çöküntülərlə örtülmüş Qazax-Gəncə, Qarabağ və Mil düzənlikləri təşkil edir.

Rayonun geoloji quruluşunda Mezozoy və Kaynozoy yaşlı çöküntülər iştirak edir.

Mezozoy yaşlı çöküntülər Yura və Təbaşir çöküntüləri ilə qeyd olunur. Yura çöküntüləri Gəncə neftli-qazlı rayonunun cənub-qərb hissəsində daha çox inkişaf etmişdir.

Yuranın kəsilişində gilli şistlər, gillər və metamorfizmləşmiş əhəngli qumlar mühüm rol oynayır. Yuranın qalınlığı 2500-4000 m arası dəyişir. Təbaşir yaşlı çöküntülər – bu ərazidə Alt Təbaşir Barrem, Alb, Apt mərtəbələri; ilə , Üst Təbaşir isə bütün mərtəbələri ilə iştirak edir. Kəsilişdə iştirak edən Üst Təbaşir çöküntüləri Senoman, Konyak, Turon, Kampan, Danimarka,Maastrixt və Dat mərtəbləri ilə iştirak edir. Əsasən gilli qumdaşlarının, əhəngdaşının mergellərlə və tufogen qumdaşları ilə qeyri-müntəzəm növbələşməsindən ibarətdir. Paleosen yaşlı çöküntülər Kiçik Qafqazın şimal ətəklərində eninə uzanmış çay vadilərində yer səthinə çıxır. Paleosenin geoloji kəsilişi müxtəlif rəngli gillərin,gilli mergellərin, kiçik qalınlıqlı əhəngdaşlarının və s. müntəzəm növbələşməsindən ibarətdir.Paleosen çöküntülərinin qalınlığı 200-250 m-dir.

Miosen və Eosen çöküntüləri Gəncəçaydan başlayaraq Tərtərçaya qədər cənub-şərq istiqamətində uzanır. Əsasən gilli süxurlardan təşkil olunmuşdur.Eosen çöküntüləri alt,orta və üst horizontları ilə xarakterizə olunur.Qazax-Tovuz ,Dəllər sahəsində Eosen çöküntüləri əsasən gilli suxurlardan təşkil olunmuşdur.

Maykop çöküntüləri demək olar ki, çayların vadilərində yer səthinə çıxır, konqlomerat və alevritlərdən təşkil olunmuşdur (qalınlıq 2200m).

Torton mərtəbəsi kəşfiyyat quyuları vasitəsi ilə Ağcabədi, Şirvanlı, Bərdə sahələrində açılmışdır (qalınlıq 550 m).

Sarmat mərtəbəsi tədqiq olunan rayonda çox geniş yayılmışdır. Qumlar və qumdaşlarından təşkil olunmuşdur (qalınlıq 600 m).

Ağcagil mərtəbəsi transqressiv olaraq bucaq uyğunsuzluğu ilə daha qədim çöküntülər üzərində yatır. Gillərdən, gilli qumdaşlarından təşkil olunmuşdur (qalınlıq 200-400 m).

Abşeron mərtəbəsi demək olar ki, çox da geniş yayılmamışdır (qalınlıq 400 m).

IV dövr çöküntüləri ərazidə geniş yayılmışdır (qalınlıq 100 m).

Gəncə neftli-qazlı rayonu tektonik cəhətdən Kür çökəkliyinin cənub-qərb və Kiçik Qafqaz meqaantiklinoriumunun şimal-şərq qanadını təşkil edir. Əsasən Kiçik Qafqaz sinklinorimununa daxildir. Gəncə neftli-qazlı rayonu əsasən iki iri tektonik elementlərlə xarakterizə olunur. Gəncə neftli-qazlı rayonunda, Naftalan, Qazanbulaq, Borsundu, Dəliməmmədli, Tərtər kimi sahələr ayrılır. Naftalan istisna olunmaqla bu sahələrin kəsilişində az miqdarda sənaye əhəmiyyətli neft yığımları aşkar edilmişdir.

Naftalan neft yatağı

Bu yataq Gəncə neftli-qazlı rayonunun mərkəzində yerləşir. Eyni adlı istirahət zonasında yerləşir. Təbii neft və qaz çıxışları hələ XIII əsrdə insanların diqqətini özünə cəlb etmişdir. Geomorfoloji cəhətdən yataqda üç kiçik təpə qeydə alınır. Ərazidən Naftalan qırı çıxır. 1930-1935-ci illərdən Naftalan sahəsində 20-dən çox quyu qazılmışdır ki, bu quyularda Maykop çöküntülərindən neft alınmışdır. Maykop lay dəstəsinin çöküntülərində alt hissədə II, III, IV, V, VI, VII horizontlar, üst hissədə isə I, A, B, C, D, E horizontları ayrılır. Ümumiyyətlə Naftalan yatağının geoloji quruluşunda demək olar ki, Eosen çöküntülərindən Abşeron çöküntülərinə qədər çöküntü kompleksi iştirak edir. Eosen gillərlə, mergellərlə, qumdaşları ilə xarakterizə olunur (qalınlıq 300m). Maykop lay dəstəsi gillərlə qumların növbələşməsindən ibarətdir. Maykopun alt hissəsində II, III, IV, V, VI, VII qumlu horizontları ayrılır. Maykopun üst hissəsində isə qeyd etdiyimiz kimi qumdaşları və gillərin növbələşməsindən təşkil olunan I, A, B, C, D, E horizontları müəyyən olunmuşdur. Ağcagil mərtəbəsi gillərlə və az miqdarda qumların növbələşməsindən təşkil olunmuşdur (qalınlıq 700 m). Abşeron mərtəbəsi gillərlə qumlarla və qravelitlərlə xarakterizə olunur (qalınlıq 300 m). Tektonik cəhətdən Naftalan sahəsi Maykop çöküntülərinə görə assimmetrik braxiantiklinal quruluşa malikdir. Şərq qanadı nisbətən yastı olub 15-250, qərb qanadı isə dik olub 40-450 təşkil edir. Ağcagil mərtəbəsinin çöküntülərinə görə qurulumuş struktur xəritədə üç lokal qalxım müşayət olunur: Naftalan, Qaraqoyunlu və Borsunlu qalxımları. Burada qalxımlar əsasən qırılmalarla mürəkkəbləşmişdir. Aparılmış kəşfiyyat işləri nəticəsində Maykop çöküntülərinin kəsilişində bir neçə neftli horizont müəyyən edilmişdir. Onlardan üçü ( 1hor., mergelli, 11hor.) müalicəvi əhəmiyyət daşıyır və ondan altda yatan III, IV, V, V1 horizontları ilə sənaye əhəmiyyətli neft yataqları əlaqədardırlar. Bundan başqa bu sahədə qazılmış iki quyu vasitəsilə Eosenin üst hissəsi açılmışdır.





ACINOHUR PERSPEKTİVLİ NEFTLİ-QAZLI RAYONU

Bu perspektivli rayon Kür dağarası çökəkliyinin şimal-qərb yamacını və Böyük Qafqazın cənub yamacını əhatə edir. Şərqdə Girdimançay ilə, qərbdə Alazan çayları arasında yerləşir. Bu rayonun relyefi kiçik yüksəkliklərlə xarakterizə olunur. Şimaldan cənuba doğru Daşüz, Qudbərekdağ, Qocaşen və s. yüksəkliklər qeydə alınırki, bunlar da bir-birlərindən ensiz vadilərlə ayrılırlar. Rayonun mərkəzində Acınohur düzənliyi yerləşir. Demək olar ki, Acınohur perspektivli neftli-qazlı rayonu bütünlükdə geoloji planalma ilə əhatə olunmuşdur. Rayonun cənub hissəsində qravimetrik planalma, seysmik kəşfiyyat işləri aparılmışdır. Rayonun cənub antiklinal xəttlərində, məsələn: Göyçayda, Qara Məryamda struktur axtarış qazıması aparılmışdır. Qara Məryam sahəsində Məhsuldar qatın fasiyasını və neft-qazlılığını öyrənmək məqsədi ilə axtarış-kəşfiyyat quyuları qazılmışdır.

Acınohur perspektivli neftli-qazlı rayonunun geoloji quruluşunda Pont mərtəbəsi, Məhsuldar qat, Ağcagil mərtəbəsi, Abşeron mərtəbəsi və IV dövr çöküntüləri iştirak edir. Pont mərtəbəsi məhdud şəkildə yayılmışdır. Əsasən gillərdən, konqlomeratlardan, qumdaşlarından ibarətdir (qalınlıq 230 m). Məhsuldar qat gilli, qumlu çöküntülərin növbələşməsindən ibarətdir. Bu çöküntülər məhdud şəkildə yayılmışdır (qalınlıq 800 m). Ağcagil mərtəbəsi çöküntüləri əsasən gillərdən təşkil olunmuşdur. Çox geniş yayılmışdır (qalınlıq 500-1500 m). Abşeron mərtəbəsi Acınohur neftli-qazlı rayonunda hər üç şöbəsi ilə iştirak edir. Bu çöküntülər çox geniş yayılmışdır (qalınlıq 1570 m). IV dövr çöküntüləri geniş yayılmışdır (qalınlıq 1000 m). Tektonik cəhətdən Acınohur perspektivli neftli-qazlı rayonu Krasnokalodsk-Daşüz antiklinoriumu, Mirzaan-Areş sinklinoriumu və Çatma-Göyçay antiklinori- umunun tərkibinə daxildir. Aparılan geoloji xəritəalma və geoloji axtarış işləri nəticəsində bu neftli-qazlı rayonda şimaldan-cənuba doğru aşağıdakı antiklinal xəttlər müəyyən edilmişdir:


  1. Daşüz-Heyvanlı;

  2. Qudbərekdağ;

  3. Gəmiqaya-Acıbulaq;

  4. Acınohur-Savalan-Kürdmaşı;

  5. Qocaşen-Göyçay;

  6. Dəyirmandağ-Qaraca-Qaraməryam.

Bütün bu qeyd etdiyimiz qalxımlar, ümumi Qafqaz istiqamətində uzanıb, bir-birlərindən sinklinal əyimlərlə ayrılırlar. Bu antiklinal xətlər üzərində yerləşən strukturların geoloji quruluşları da eyni deyildir. Beləki, daha mürəkkəb geoloji quruluşla şimalda və şimal-qərbdə yerləşən strukturlar malikdir. Əks tərəfdə isə tektonik gərginliyin nisbətən zəifləməsi baş verir. Müəyyən olunmuş qırışıqların əksəriyyətinin tağları üstəgəlmə tipli uzununa qırılma ilə mürəkkəbləşmişdir. Acınohur neftli-qazlı rayonu neftlilik-qazlılıq cəhətdən perspektiv hesab olunur. Belə ki, bu ərazinin şimal-qərbində yerləşən Gürcüstanın bəzi sahələrində Şirak lay dəstəsi və Sarmat yaşlı çöküntülərə qazılan quyulardan neft hasil olunur. Bundan başqa Acınohur rayonunun qərbində yerləşən Kür - Qabırrı çaylararası neftli-qazlı rayonunda da Sarmat mərtəbəsi çöküntülərindən neft və qaz hasil olunur. Bu sahədə Maykop lay dəstəsinin neftliliyi də sübut olunmuşdur. Acınohur neftli-qazlı rayonunun cənub-qərbində yerləşən Yevlax-Ağcabədi, Gəncə neftli-qazlı rayonunda Eosenin foraminifer çöküntülərindən və Maykop dəstəsindən külli miqdarda neft hasil olunur. Burada qazılan axtarış-kəşfiyyat quyuları vasitəsi ilə üst Təbaşir çöküntlərində neft-qaz təzahürləri aşkar edilmişdir. Bütün bunları nəzərə alaraq Acınohur rayonunda üst Təbaşir , Eosen, Maykop, Çokrak və Məhsuldar qat çöküntüləri perspektivli hesab edilir.



KÜR-QABIRRI ÇAYLARARASI NEFTLİ-QAZLI RAYONU

Bu rayon Azərbaycanın qərbində yerləşir. Cənubdan Kür çayı ilə, şimaldan Qabırrı çayı arasında yerləşir. Şərq sərhəddi Mingəçevir su anbarı, qərb sərhəddi Udabno sahəsindən keçən meridianla hüdudlanır. Ərazinin şimal hissəsi geoloji cəhətdən bir qədər mürəkkəbdir. Bir qədər kiçik yüksəkliklərlə xarakterizə olunur. Ərazinin cənub hissəsi isə düzənlikdən ibarətdir. Tektonik cəhətdən Kür-Qabırrı çaylararası neftli-qazlı rayonunda iki tektonik element müşahidə edilir: Çatma antiklinoriumu və Ceyrançöl sinklinorimu. Bu rayonda 30-dan çox müxtəlif ölçülü qalxım qeydə alınır. Qalxımların hamısı Qafqaz istiqamətində uzanır. Ərazinin geoloji quruluşunda üst Təbaşir çöküntülərindən başlamış əksər stratiqrafik vahidlər iştirak edir. Üst Təbaşir çöküntüləri bir neçə quyu vasitəsi ilə açılmışdır. Eosen çöküntüləri ərazidə geniş yayılmışdır (qalınlıq 2200 m). Bu ərazidə həmçinin Meotis , Pont, Məhsuldar qat (Şirak) çöküntüləri iştirak edir. Ağcagil mərtəbəsi çöküntüləri birbaşa Sarmat mərtəbəsi çöküntüləri üzərinə yatır. Ərazidə həmçinin Abşeron mərtəbəsi çöküntüləri də geniş yayılmışdır. Rayonun neftlilik-qazlılığı orta Eosen yaşlı çöküntülərlə əlaqədardır. Bu çöküntülər Tərsdəllər və Gürzündağ sahələrində dərin quyular vasitəsi ilə açılmışdır və neft fontanı alınmışdır. Quyuların ilk gündəlik hasilatı 300 ton olmuşdur. Hal-hazırda bu sahələrdə kəşfiyyat işləri saxlanılmışdır və neftlilik-qazlılıq cəhətdən üst Təbaşir çöküntüləri perspektivli hesab edilir.





CƏLİLABAD PERSPEKTİVLİ NEFTLİ-QAZLI RAYONU

Bu neftli-qazlı rayon Azərbaycanın cənub-şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə. cənubdan və qərbdən İranla sərhədlənir. Şimaldan isə Muğan və Salyan düzənlikləri ilə əhatə olunur. Neftli-qazlı rayonun əsas hissəsini Talış dağlıq sistemi tutur. Dağlıq hissədə Alaşar-Burovar silsiləsi uzanır. Bu silsilə qərb sərhəddən Xəzər sahilinə qədər uzanır. Əsas Talış dağlıq silsiləsi də rayonun cənub hissəsi boyunca uzanır. Bu iki böyük silsilə arasında Peştəvar silsiləsi suben istiqamətində uzanır. Cəlilabad perspektivli neftli-qazlı rayonunda həm qravimetrik planlama, həmçinin seysmik kəşfiyyat işləri aparılmışdır.Bu işlər nəticəsində ayrı-ayrı antiklinal zonaların quruluşu öyrənilmişdir. Daykənd kəndində qazılmış istinad quyusu IV dövr çöküntülərindən Ağcagil çöküntülərinə qədər kəsilişi açmışdır. Bundan başqa rayonun Ağdaş, Cəlair və s. sahələrində Oliqosen, Miosen çöküntülərində neft və qaz yataqlarını aşkar etmək məqsədi ilə kəşfiyyat quyuları qazılmışdır. Aparılmış tədqiqatlar nəticəsində rayonun geoloji quruluşunda, Talış dağlıq silsiləsi də daxil olmaqla, Təbaşir çöküntülərindən III dövr çöküntülərinə qədər çöküntü kompleksinin iştirak etdiyi müəyyən edilmişdir..

Alt təbaşir çöküntüləri kəşfiyyat quyuları vasitəsi ilə 3010-3015 m dərinlikdə aşkar edilmişdir və onlar mergellərlə xarakterizə olunurlar (1000 m). Paleosen çöküntüləri çökmə tuf əmələ gəlmələri ilə xarakterizə olunur və Talış silsiləsinin mərkəzi hissəsində yayılmışlar ( 1200 m). Eosen çöküntüləri çox geniş yayılmışdır və altda yatan Paleosen çöküntülərini transqressiv olaraq örtür.

Alt Eosen bazaltlarla, andezitlərlə, tuflarla xarakterizə olunur (qalınlıq 200 m). Orta Eosen daha geniş yayılmışdır. Burada kəsiliş tuf brekçiyaların, tuf alevritlərin növbələşməsindən ibarətdir (qalınlıq 1000 m). Üst Eosen bazaltlarla, onların tufları ilə və andezitlərlə xarakterizə olunur (1800 m). Oliqosen - alt Miosen (Maykop lay dəstəsi) həm dağlıq sistemində, həm də düzənlik sistemində çox geniş yayılmışdır. Bu lay dəstəsi karbonatli gillərlə, qumdaşları ilə xarakterizə olunur (qalınlıq 3000 m). Üst və Orta Miosen (Tarxan, Çokrak, Karaqan, Konq horizontları və Sarmat mərtəbəsi) bu çöküntülər əsasən karbonatlı gillərlə qumların, qumdaşların və mergellərin növbələşməsindən ibarətdir (qalınlıq 1300 m). Ağcagil mərtəbəsi çöküntüləri altda yatan müxtəlif yaşlı çöküntülərin üzərinə transqressiv olaraq yatır və quyular vasitəsi ilə Görməli, Novoqolovka sahələrində açılmışdır. Bu çöküntülər qumdaşlı gillərdən təşkil olunmuşdur (200-220 m). Abşeron mərtəbəsi çöküntüləri yalnız qazılmış quyularda aşkar edilmişdir ki, bunlar da əsasən gil, qum, qumdaşları ilə xarakterizə olunurlar (qalınlıq 2000 m). IV dövr və müasir çöküntülər qumların, qumdaşlarının və gillərin növbələşməsindən ibarətdir və bu çöküntülər əsasən düzənlik zonada yayılmışlar (qalınlıq 550 m). Cəlilabad perspektivli neftli-qazlı rayonu mürəkkəb tektonika ilə xarakterizə olunur. Şimal-qərbdən cənub-şərq istiqamətdə Astara antiklinoriumu, Yardımlı sinklinoriumu, Alaşar-Burovar antiklinorimu və Cəlilabad sinklinoriumu yerləşir. Bu antiklinoriumlarla çoxlu sayda braxiantiklinal qalxımlar əlaqədardır ki, bunlarda həm yerüstü , həm də struktura qazılmış xəritəalma və kəşfiyyat quyularında neft-qaz təzahürləri müşahidə edilir.




PERSPEKTİVLİYİ GÜMAN EDİLƏN

NAXÇIVAN NEFTLİ-QAZLI RAYONU

Bu rayon eyni adlı muxtar respublikanın cənub-qərbində yerləşir. Cənubdan və cənub-qərbədn Araz çayı ilə, şimaldan və şimal-şərqdən isə Dərələyəz və Zəngəzur silsilələri ilə hüdudlanır. Bu rayon geoloji planalma ilə əhatə olunmuşdur. Rayonun ayrı-ayrı sahələrində detal planalma işləri aparılır. Rayonun cənub hissəsi seysmik kəşfiyyat, qravimetrik kəşfiyyat, elektrik kəşfiyyat və radiometrik planalma işləri ilə öyrənilmişdir. Rayonun ayrı-ayrı lokal strukturlarında struktur xəritəalma qazıması aparılmışdır.

Rayonda Devon çöküntülərinin litoloji tərkibini öyrənmək məqsədilə bir istinad və Miosen çöküntülərinin bütün tam kəsilişini açmaq və orada olan neft-qaz kollektorlarını müəyyən etmək məqsədi ilə iki axtarış quyusu qazılmışdır. Perspektivliyi güman edilən Naxçıvan neftli-qazlı rayonunun geoloji quruluşunda Paleozoy, Mezozoy və Kaynozoy yaşlı çöküntülər iştirak edir. Naxçıvan rayonu mürəkkəb tektonikası ilə xarakterizə olunur. Ş.Əzizbəyobvun məlumatlarına görə burada Şərur-Culfa və Zəngəzur antiklinalları və Ordubad sinklinoriumu qeydə alınır. Həmin bu üç geostruktur element hüdudlarında xətti qırışıqlıqla xarakterizə olunan antiklinal və sinklinal qurşaqlar ayrılır.

Rayonun cənub-qərb hissəsində neogen çöküntüləri ilə örtülmüş böyük mulda ayrılır.Cənub-şərqdə o Ordubad sinklinoriumunun qərb hissəsinin böyük ərazisini əhatə edir.Muldanın mərkəzində sarmat çöküntülərindən təşkil olunmuş yastı braxiantiklinal qalxımlar müəyyən olunmuşdur.Onların içərisində neft- qazlılıq perspektivliyi baxımından Böyükduz və Dəhnə-Vəlidağ antiklinal qırışıqları müəyyən əhəmiyyət kəsb edir.

.

QUBA-XƏZƏRYANI NEFTLİ-QAZLI RAYONU

Bu rayon Azərbaycanın şimal-şərqində yerləşən böyük bir ərazini əhatə edir. Rayon şimal-qərbdən Samur çayı ilə, cənub-qərbdən isə Təngi-Beşbarmaq antiklinoriumu ilə hüdudlanır.

Geomorfoloji cəhətdən ərazi demək olar ki, üç zonaya ayrılır: düzən, dağqarşısı və dağlıq.

Düzən zona IV dövr çöküntüləri ilə örtülmüşdür. Dağqarşısı zonada Paleogen və Miosen çöküntüləri , dağlıq zonada isə Təbaşir çöküntüləri yer səthinə çıxır.

Rayonun geoloji quruluşunda üst Yuradan tutmuş IV dövrə qədər çöküntü kompleksi iştirak edir. Yura çöküntüləri demək olar ki, bu rayon ərazisində qeyri-bərabər yayılmışdır.Rayonun cənub-qərb hissəsində orta Yura çöküntülərinin qalınlığı 2500 m-ə qədər çatır. Ümumiyyətlə, Yura çöküntülərinin qalınlığı 3500 m-ə çatır. Təbaşir çöküntüləri cənub hissədə çox geniş yayılmışlar və bütün şöbələri ilə iştirak edir. Belə ki ,valanjin mərtəbəsi karbonatlı litofasiya ilə xarakterizə olunur (qalınlıq 1000-1500 m). Alt Təbaşirin Hoterif, Barrem, Apt, Alb şöbəsi bəzi hallarda mergel qumdaşlarının laycıqları ilə növbələşir (qalınlıq 2200-2300 m). Senoman mərtəbəsinin üst hissəsi və Turon mərtəbəsinin alt hissəsi (Zorat horizontu) gillərlə, argillitlərlə və qumdaşları ilə xarakterizə olunur (qalınlıq 35 m). Üst Turon və Konyak çöküntüləri konqlomeratlarla, şimal-qərbdə isə karbonatlı litofasiyaya keçir (qalınlıq 250-270 m). Santon, Dat mərtəbəsinin çöküntüləri gillərlə, əhəngdaşlı qumlarla və mergellərlə xarakterizə olunur (500-550 m). III dövr çöküntüləri düzənlik zonasında və Siyəzən monoklinalında geniş yayılmışlar. Bu çöküntülər Paleogen və Neogenin bütün stratiqrafik vahidləri ilə xarakterizə olunur. Bu stratiqrafik vahidlər Siyəzən monoklinalında gillərlə, qumlarla, qumdaşları ilə xarakterizə olunur (qalınlıq 7000-8500 m). IV dövr çöküntüləri rayonun düzənlik və sahil zonasında inkişaf etmiş və allüvial dıniz mənşəli çöküntülərdən təşkil olunmuşdur (qalınlıq 600 m). Tektonik cəhətdən Quba-Xəzəryanı neftli-qazlı rayonunda iki geostruktur element ayrılır:


  1. Böyük Qafqaz meqaantiklinoriumunun şimal-qərb qanadı;

  2. Qusar-Dəvəçi muldası.

Rayonun mərkəzi hissəsində özünəməxsus böyük bir tektonik element olan Siyəzən monoklinalı yerləşir ki, burada laylar şimal-şərq hissəyə yataraq Üst Təbaşir və III dövr çöküntüləri üzərinə yatır. Neftli-qazlı rayonda neftlilik-qazlılıq 1938-ci ildən müəyyən olunmuşdur. Əsas neftli-qazlı horizontlar alt Maykop çöküntüləri ilə əlaqədardır. Maykop çöküntülərindən əlavə rayonda Eosen, Üst Təbaşir, Yura çöküntüləri də perspektivli hesab edilir. Hazırda rayonda neft və qaz Siyəzən monoklinalından hasil edlir.


Yüklə 407,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə