Mühazirələr konspekti dos. Rzayeva S. M



Yüklə 407,09 Kb.
səhifə7/7
tarix23.01.2018
ölçüsü407,09 Kb.
#22400
növüMühazirə
1   2   3   4   5   6   7

Şuraabad dəniz yatağı

Şuraabad-dəniz sahəsinin geoloji uruluşunda alt aptdan başlamış alt Pliosenin Məhsuldar qatı da daxil olmaqla, Təbaşir və üçüncü dövr çöküntüləri iştirak edir. Kəsiliş ayrı-ayrı mərtəbələr və hətta yarımmərtəbələri arasında çoxlu fasilə və uyğunsuzluqların olması ilə səciyyələnir. Bu uyğunsuzluqlardan ən əhəmiyyətlisi alt və üst Təbaşirin sərhəddində, bəzi yerlərdə birbaşa aşağı Alb üzərində yatan Senomanın dabanında və Paleosenin başlanğıcında müşahidə edilir. Görünür ki, alt Turon çöküntüləri kəsilişdə yoxdur; Üst Turon və Konyakın da varlığı hələlik faunaya görə sübut edilməmişdir. Təbaşirin digər horizontları, onların Dibrar sonrasındakı analoqlarına nisbətən az qalınlıqlı və tərkibcə daha qaba qırıntılı olmaları ilə fərqlənir. Alt Aptin, Senomanın və Santon-alt Kampanın (Yunusdağ dəstəsi) kəsilişlərindəki iri qaymalı konqlomeratlar xüsusilə diqqəti cəlb edir.

Şuraabad-dəniz sahəsi tektonik cəhətcə sahəsi Giləzi burnunu əhatə edən kəskin ifadə olunmuş antiklinal qırışıqdan ibarətdir. Bu qırışıq, cənub-qərb istiqamətində Şuraabad kəndinin yerləşdiyi iri və dərin sinklinala keçir. Giləzi burnunda antiklinalın mərkəzində alt Apt və ehtimal ki , Barremin lap yuxarıları yer üzərinə çıxır.

Şimal-qərb istiqamətində uzanan Şuraabad braxiantiklinalının uzunluğu 6-7 km, eni isə 1,5 km-ə qədərdir (Təbaşir üzrə). Qırışığın cənub-qərb qanadı nisbətən yastı (40- 50°) və pozğunluqlarla daha çox mürəkkəbləşmişdir , şimal-şərq qanadı isə daha dikdir (50-60°). Bu qanadlar Təbaşir çöküntülərindən (ən üst horizontlara kimi) təşkil olunmuşdur. Hər iki qanad qonşu sinklinala tərəf yatan uzununa pozğunluqlarla kəsilmişdir. Cənub-qərb qanadında Aptla Paleogeni kontakta gətirən pozğunluq ən böyük amplituda (bəzi yerlərdə 500m-ə qədər) malikdir. Bu pozğunluq qırışığın cənub-şərq hissəsində ən çox inkişaf etmişdir. Antiklinalın şimal-şərq qanadındakı uzununa pozğunluq xeyli kiçik (75m-ə qədər) amplitudla səciyələnir. Bu pozğunluqlar arasında, qırışığın oxu boyunca keçən və şimal-şərqə tərəf dik yatan əlavə bir pozğunluq da vardır. Onun amplitudu ehtimal ki, 100-150m-ə yaxındır.

Uzununa pozğunluqlarla yanaşı qırışıq, nisbətən az amplitudlu çoxlu miqdarda eninə pozğunluqlarla da parçalanmışdır. Bunlardan ən irisi qırışığın cənub-şərq periklinalını onun əsas hissəsindən ayırır. Bu periklinalın davamı dənizdə yerləşir. Quruda yerləşmiş şimal-qərb periklinalı tamamilə mürəkkəb və hələlik aydınlaşdırılmamış quruluşla fərqlənir. Burada qırışığın cənub-cənub-qərbə tərəf aşırılmasının əlamətləri, Yunusdağ dəstəsinin disharmonik mürəkkəbləşməsi müşahidə edilir və əlavə pozğunluqlar meydana çıxır.

Təbaşir və üçüncü dövr çöküntüləri qalınlıqlarının analizi, bu qalınlıqların qanunauyğun surətdə Şuraabad muldasından Giləzi burnu antiklinalına doğru azaldığını göstərir. Bu da qırışığın Apt dövründən (bəlkə də daha qədimdən) başlayaraq Miosenə qədər arası kəsilmədən inkişaf etdiyini (böyüdüyünü) sübut edir. Eyni zamanda bir neçə horizontun minimum qalınlıqda olan hissəsi, başqa sözlə, qədim tağ müasir antiklinalın tağına uyğun gəlmir. Alt Təbaşirin yuxarılarına görə qırışığın qədim tağı müasir antiklinalın cənub-qərb qanadına uyğun gəlir. Bir neçə horizonta görə (Senoman və başqaları) qırışığın qədim tağı müasir antiklinalın cənub-şərq periklinalı sahəsində yerləşir.

Şuraabad qırışığının cənub-qərb qanadını mürəkkəbləşdirən pozğunluqlar zonasının cənub-şərq hissəsində su, qaz və neft pərdəsi ixrac edən kiçik palçıq vulkanı qrifonları yerləşir. Müasir qum təpələri qumlarının qırlanmış xeyli geniş (0,5 km-ə qədər) zolağı da pozğunluqların bu hissəsilə əlaqədardır.

Əgər maykop dəstəsinin aşağılarındakı nazik, bəzən linzavari neftli alevrit-qum təbəqəciklərini nəzərə almasaq, struktur-xəritəalma və dərin kəşfiyyat qazımasının müəyyən etdiyi yuxarıdan birinci neftli horizont üst Albin kululu qumdaşlarıdır. Şimal-şərq qanadında 4, 14, 26 saylı və sair quyularda bu qumdaşılardan neft və qaz alınmışdır.

4 saylı quyu 1950-ci ildə may ayının 11-də gündə 20 m3-dən yuxarı olan debitlə neft fontanı vurmağa başlamışdır.

1950-ci ildə qırışığın cənub-qərb qanadında qazılmış 8 və 10 saylı dərin quyularda Küllülü qumdaşlarından qaz fontanı alınmışdır. Təəsüf ki ,sonrakı qazıma məlumatları bu qanadın yatım üzrə aşağıya və onun uzanması üzrə şimal-qərb tərəfdə küllülü qumdaşlarının pazlaşıb gillərlə əvəz olunduğunu göstərdi. Yatım üzrə yuxarıya isə bu qumdaşılar pozğunluqlarla kəsilir. Beləliklə, bu yataq həm tektonik, həm də litoloji ekranlaşmış olub, böyük ölçüyə malik deyildir.

Qırışığın nüvəsindəki alt Apt layları da daxil olmaqla müxtəlif yaşlı süxurlardakı (tektonik pozğunluq və çatlar üzrə eləcə də bir sıra quyularda) çoxlu neft-qaz nişanələri Şuraabad sahəsində daha dərin horizontların neftli-qazlı olduğuna dəlalət edir. Qonşu Keşcay kəşfiyyat sahəsindən alınan məlumatın regional müqayisəsinə əsasən alt və üst Yuranın terrigen çöküntüləri qumlu dəstələrinin neftli-qazlı olacağı ehtimal edilir.

Üst Albın Küllülü qumdaşlarından alınmış neft yüngül olub, xüsusi çəkisi 0,8-dir. Bir sıra struktur qazıma quyuları Küllülü qumdaşılarının sulu olduğunu göstərmişdir. Bu qumdaşıların suyu qələvi və natrium-hidrokarbonatlardır. Bundan əlavə, neokomun aşağılarını ehtimal ki, Valanjin (Keşcay sahəsinin analojisinə görə ) açan dərin kəşfiyyat quyularından da həmçinin lay suları alınmışdır. Bu sular da qələvi və natrium-hidrokarbonatlardır.

Şuraabad sahəsinin neftliliyi qədim zamandan məlum idi. Yerli əhali üzüm bağları arasında müasir qumlar üzərində qazdıqları əl quyularından neft çıxarırdılar. 1898-ci ildə neft sahibkarı Loginov Giləzi burnu qalxımı tağının şimal-qərb hissəsində quyu qazdırmış və sınaq tartaylaması zamanı 16,4 m neft istehsal etmişdir. Boruların əzilməsi nəticəsində quyunun qazılması dayandırılmışdır. Müasir məlumata əsasən Loginovun quyusunun Küllülü qumdaşılarını açdığına demək olar ki, şübhə qalmır. 1905-ci ildə geoloq S.Kvitka nəşr etdiyi əsərdə rayonun geologiyasının birinci dəfə təsvirini vermiş və təbaşir çöküntülərindən təşkil olunmuş antiklinalın varlığını göstərmişdir. 1916-ci ildə İ.M.Qubkin şimal-qərbi Abşeronun neftliliyini qiymətləndirdikdə Giləzi burnunda Təbaşir neftinin varlığını xatırlatmışdır. Lakin burada işlər inqilabdan sonra, 1928- ci ildə yenidən başlanmışdır. Bu vaxt V.D.Qolubyatnikov geoloji tədqiqat aparmış, Təbaşir laylarının təşkil etdiyi antiklinalın olması barədə S.Kvitkanın çıxardığı nəticələri təsdiq etmiş və rayonun stratiqrafiya və tektoikasını bir qədər dəqiqləşdirmişdir. O həmçinin tTəbaşir çöküntülərinin müstəqil neftliliyi haqqında nəticə çıxarmışdır. Əl qazıması tədbiq etməklə nisbətən mükəmməl geoloji xəritəalma işləri 1930-31-ci illərdə M.F.Mirçinkin ümumi rəhbərliyi altında aparılmışdır. 1936-cı ildə bu sahədə struktur xəritəalma qazıması başlamış, 1938-ci ildə A.A.Hacızadənin rəhbərliyi ilə davam etdirilmişdir. 1937-ci ildə N.B.Vassoviç rayonun statiqrafiyasının dəqiqləşdirmiş və əsas neftli layların Yura çöküntüləri olduğu fikrini söyləmişdir. N.B.Vassoeviç və onun əməkdaşları olan V.A.Qrossheym və A.İ.Krivenkov tərəfindən burada birinci dəfə Küllülü qumdaşıları aşkar edilmişdir. Şuraabadda əsas neft yatağını yurada axtarmaq haqqında N.B.Vassoeviçin fikrinə, 1938-ci ildə sahənin alətlə xəritəsini alan V.E.Xain də tərəfdar çıxmışdır.

Struktur quyularında Küllülü qumdaşılarından neft alınması, bu qumdaşılarda aşkar edilmiş yatağı kəşf etmək üçün bir necə dərin quyu qazımağa məcbur etdi. Lakin yuxarıda göstərildiyi kimi bu kəşfiyyat müsbət nəticə vermədi. 1952-ci ildə qurtarmış struktur-xəritəalma qazıması, yatağın stukturunu dəqiqləşdirməyə və cənub-qərb qanadındakı pozğunluğun üstəgəlmə olmadığını və bu pozğunluğun Şuraabad sinklinalına tərəf yatdığını müəyyən etməyə imkan verdi. Həmçinin Təbaşirin kəsilişində fasilələr olduğu və müxtəlif horizontların tağlarının bir-birinə uyğun gəlmədikləridə aşkar olunmuşdur.

Şurabad kəşfiyyat sahəsinin perspektivliyi neftli-qazlı olduğu ehtimal edilən Yura çöküntüləri ilə əlaqədardır.

Siyəzən monoklinalı

Bu sahə - Siyəzən monoklinalı geniş bir sahəni tutaraq Təngi-Beşbarmaq antiklinoriumunun şimal-şərq qanadına dirənir. Bu mono klinal şimal – şimal-şərq istiqamətdə dik yatan Kaynozoy kompleksi çöküntülərindən ibarətdir. Geomorfoloji cəhətdən bu monoklinal bir-birindən kəskin fərqlənən iki qeyri-bərabər hissəyə ayrılır:



  1. Şərq hissə – düzənlik hissə bu zonanın hissəsini təşkil edərək, Paleogen, Miosen, Pliosen çöküntülərindən təşkil olunmuşdur.

  2. Qərb hissə – kəskin parçalanmış relyeflə və Təbaşir, Paleogen, Miosen, Pliosen çöküntülərindən təşkil olunmuşdur.

Uzunluğu 75 km olan bu monoklinal boyu Təbaşir və Kaynozoy yaşlı çöküntülərin kontaktında yerüstü çıxışlar qeydə alınır.

Monoklinalın geoloji quruluşunda üst Təbaşir, Paleogen, Miosen və az miqdarda Pliosen çöküntüləri iştirak edir. Santon-Maastrixtin kəsilişi gillərin, əhəngdaşı və mergel araqatlarının növbələşməsi ilə xarakterizə olunur (550-600 m). Danimarka mərtəbəsi əsasən mergelli gillərlə xarakterizə olunur (200-300 m).

Paleosen əsasən karbonatsız mergelli gillərlə xarakterizə olunur (50-150 m). Eosen mergelli gillərlə xarakterizə olunur (qalınlıq 80 m-ə qədər). Maykop lay dəstəsi bütün monoklinal boyu iki yarımdəstə ilə: üst gilli dəstə (500-700 m qalınlıqla) və alt qumlu-gilli dəstə ilə xarakterizə olunur (qalınlıq 600 m).

Torton mərtəbəsi – (Çokrak, Karaqan-Konq horizontu). Bu mərtəbənin çöküntüləri qeyri-bərabər paylanan gillərlə, dolomitlərlə, mergel və qumdaşlarının növbələşməsindən ibarətdir (250-500 m).

Sarmat mərtəbəsi üç şöbəsi ilə iştirak edir. Əsasən karbonatlı gillərlə xarakterizə olunur (1750-1800 m).

Baxılan ərazinin geoloji-geomorfoloji xüsusiyyətlərinin detal öyrənilməsi onu bir-birindən əsasən dizyunktiv dislokasiyaların intensivliyinə görə fərqlənən aşağıdakı zona və sahələrə bölməyə imkan verir:



  1. Zorat- Çandaqar zonası – bu zonada Kaynozoy çöküntüləri (yəni III dövr ) şimal-şərq istiqamətdə 750-850 bucaq altında yatırlar.

  2. Siyəzən-Nardaran sahəsi – bu sahə Üst Təbaşir və Alt Kaynozoy yaşlı çöküntülərinin dik yatımı ilə xarakterizə olunur. Siyəzən-Nardaran sahəsində əvvəlki sahədən fərqli olaraq Paleogen çöküntülərinin Üst Təbaşir çöküntüləri üzərinə transqressiv yatması müşahidə edilir.

  3. Saadan sahəsi – bu sahə əvvəlki sahədən şimal-qərb hissədə yerləşir. Tektonik cəhətdən mürəkkəb quruluşla xarakterizə olunur. Burada Üst Təbaşir və Paleogen çöküntüləri şimal-şərq istiqamətdə 350-400 bucaq altında yatırlar. Saadan sahəsi 1 uzununa və 4 eninə qırılma ilə mürəkkəbləşmişdir. Həmin uzununa qırılma üzrə Miosen çöküntüləri Üst Təbaşir çöküntüləri ilə kontakta gəlirlər.

  4. Əmirxanlı sahəsi – Siyəzən monoklinalının bu sahəsi cənub-şərqdən eninə qırılma ilə səciyyələnir. Bu sahədə Üst Təbaşir və Alt Kaynozoy çöküntüləri şimal istiqamətdə 500-600 bucaq altında aşmışlar.

  5. Zağlı-Zeyvə sahələri – bu sahələr əvvəl qeyd etdiyimiz kimi Əmirxanlı sahəsindən qərb hissədə yerləşir. Zağlı-Zeyvə sahəsində Üst Təbaşir və Paleogen şimala tərəf az aşırılmışdır.

  6. Təngi sahəsi – bu sahə monoklinalın qərb hissəsini əhatə edir. Struktur xəritəalma və ayrı-ayrı kəşfiyyat quyularının məlumatlarına görə monoklinalın bu sahəsi nisbətən sakit tektonika ilə xarakterizə olunur. İntensiv təbii neft-qaz təzahürləri Alt Maykopun qumlu-gilli çöküntüləri, Çokrak horizontu ilə və Sarmat mərtəbəsi ilə əlaqədardır. Əsas kəşfiyyat obyekti Alt Maykopun qumlu horizontları hesab edilir. Bunlar 15-25 sm qalınlıqlı qumların, gillər və mergelli-gillərlə növbələşməsindən ibarətdir.

Yuxarıda qeyd edilən horizontların sənaye əhəmiyyətliliyi, neftlilik-qazlılığı bütün monoklinal boyu qeyd edilir. Amma normal işlənmə Çandaqar-Zorat və Siyəzən-Nardaran sahələrində, həmçinin Saadan və Əmirxanlı sahələrində qeyd edilir. Siyəzən monoklinalının geoloji kəsilişində ikinci sənaye əhəmiyyətli neftli-qazlı obyekt Eosenin (Qovun lay dəstəsi) qumlu-alevritli kollektorları hesab edilir ki, onlar da neft yataqları ilə əlaqədardır. Eosenin kəsilişində sənaye əhəmiyyətli neft-qaz axınları Çondaqar-Zorat, Siyəzən-Nardaran, Saadan, Əmirxanlı və Zağlı sahələrində qazılmış bir sıra kəşfiyyat və istismar quyularında aşkar edilmişdir. Son zamanlar Paleosenin və Üst Təbaşirin qumlu-alevritli süxurlarında Saadan, Əmirxanlı, Zağlı sahələrində neftlilik-qazlılıq müəyyən olunmuşdur. Beləki, Paleosenin çatlı, mergelli və qumlu laycıqlarından debiti 5-10 ton/gün hasilat alınmışdır. Paleosen çöküntüləri monoklinalın şiml-qərb hissəsində böyük praktik əhəmiyyətə malikdirlər. Belə ki, bu hissədə Paleosen çöküntlərinin həm qalınlığı həm də qumluluğu artır. Sənaye əhəmiyyətli neft-qaz axını hımçinin Çokrak horizontunun qumlu-alevritli süxurlarından Siyəzən, Nardaran və Saadan sahələrində alınmışdır bunlarında hasilatı3-60 ton/gün təşkil edir. Bundan başqa qeyd etdiyimiz miqdarda olmasa da neft axını Karaqan-Konq və Sarmat çöküntülərindən alınmışdır. Quba-Xəzəryanı neftli-qazlı rayonunda qeyd etdiyimiz çöküntlərdən başqa Üst Təbaşir çöküntüləri də sənaye əhəmiyyətlidir. Beləki, Xəzəryanı-Quba neftli-qazlı rayonunda Keşçay və Şurabad sahələrində Üst Təbaşir çöküntülərindən sənaye əhəmiyyətli neft alınmışdır. Rayonun neft-qaz perspektivliyi Qusar-Dəvəçi muldası ilə əlaqələndirilir. Sənaye əhəmiyyətli neftlilik Eosen, Paleosen, Üst Təbaşir çöküntüləri ilə əlaqədardır..


Yüklə 407,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə