Mühazirənin planı: Mexaniki amillərin orqanizmə patogen təsiri; Səsin və küyün orqanizmə patogen təsiri



Yüklə 352,28 Kb.
səhifə1/5
tarix17.01.2018
ölçüsü352,28 Kb.
#21335
növüMühazirə
  1   2   3   4   5

II mövzu. XARİCİ VƏ DAXİLİ MÜHİT AMİLLƏRİNİN XƏSTƏLİKLƏRİN YARANMASINDA ROLU.

REAKTİVLİYİN PATOLOGİYADA ROLU.
Mühazirənin planı:

  • Mexaniki amillərin orqanizmə patogen təsiri;

  • Səsin və küyün orqanizmə patogen təsiri;

  • Aşağı və yüksək atmosfer təzyiqinin orqanizmə patogen təsiri;

  • Aşağı və yüksək temperaturun orqanizmə patogen təsiri;

  • Günəş şüalarının orqanizmə patogen təsiri;

  • Lazer şüalarının orqanizmə patogen təsiri;

  • İonlaşdırıcı şüaların orqanizmə patogen təsiri;

  • Elektrik cərəyanının orqanizmə patogen təsiri;

  • Kimyəvi, bioloji, sosial və psixi amillərin orqanizmə patogen təsiri;

  • Orqanizmin konstitusiyasının patologiyada rolu;

  • İrsiyyətin patologiyada rolu;

  • Yaşın patologiyada rolu;

  • Reaktivliyin patologiyada rolu.

Xarici mühit ilə orqanizm arasında olan harmonik və dinamik tarazlıq sağlamlığın əsas şərtlərindən biridir. Bu tarazlıq pozulmuş olarsa, orqanizmin uyğunlaşma reaksiyası işə düşür, bu mümkün olmadıqda isə insan xəstələnir.

Patofiziologiyanın əsas məsələlərindən biri xəstəliyin səbəbini və əmələ gəlmə şəraitini öyrənməkdir. Orqanizm daim xarici mühit amillərinin təsirinə məruz qalır. Bəzən bu amillər insanın həyatı üçün təhlükəli olub, müxtəlif xəstəliklərin əmələ gəlməsində və inkişaf etməsində böyük rol oynayır. Orqanizmin reaktivliyi dəyişdikdə və ya xarici mühit amillərinin təsir gücü orqanizmin adaptasiya imkanlarından çox olduqda xəstəlik inkişaf edir.. Xarici mühit amillərinin orqanizmə zərərli təsirinin qarşısını almaq üçün onların törətdikləri dəyişikliklər öyrənilməlidir. Ümumiyyətlə, bütün patogen amilləri şərti olaraq iki böyük qrupa bölürlər:


  • ekzogen (xarici) – bunlara mexaniki, fiziki, kimyəvi, bioloji, psixi və sosial amillər aiddir;

  • endogen (daxili)bunlara patoloji irsiyyət, konstitusiya, yaş, cinsiyyət aiddir.


МEXANİKİ AMİLLƏRİN ORQANİZMƏ PATOGEN TƏSİRİ

Mexaniki amillər xüsusiyyətlərindən, təsir etmə müddətindən, gücündən və təsir etdiyi nahiyədən asılı olaraq, orqanizmdə müxtəlif zədələnmələr törədir, travmalara, yaralanmaya, silkələnməyə, sıxılmaya və s. səbəb olur. Mexaniki təsirlərin törətdiyi patologiyaların əsas hissəsi travmadır. Mexaniki travma dedikdə, toxuma tamlığının bərk cisimlə, partlayış və ya zərbə dalğası ilə pozulması nəzərdə tutulur. Mexaniki travmalara həm müharibə, həm də sülh dövründə təsadüf etmək оlar. Sülh dövründə mexaniki travmalar əsasən istehsalatda və nəqliyyatda baş verən qəzalar, bəzən də məişət hadisələri ilə əlaqədar olur. Müharibələr zamanı isə travmaların sayı kəskin artır. Odur ki, hərbi səhra cərrahiyyəsinin əsasını qoymuş N.İ.Piroqov müharibələri “travma epidemiyası” adlandırırdı. Travmalar nəticəsində orqanizmdə yerli və ümumi dəyişikliklər yaranır. Yerli dəyişikliklərə misal olaraq sınıqları, əzilmələri, sıxılmaları və ya onların müxtəlif kombinasiyalarını göstərmək olar. Mexaniki travmaların törətdiyi ümumi dəyişikliklər isə travmatik şok, uzunmüddətli sıxılma sindromu (kraş sindromu) və hemorragik kollaps şəklində özünü göstərir. Ümumiyyətlə, mexaniki amilin xəstəliktörədici effektliliyi onun təsir gücündən, təsir etmə müddətindən, eyni zamanda bu təsirə məruz qalan strukturların rezistentliyindən də asılıdır.



Sıxılmanın insan orqanizminə zədələyici təsirinə ən çox zəlzələlər, bombaların partlaması, uçqunlar (şaxtalarda, dağlarda) zamanı rast gəlinir. Uzunmüddətli sıxılma vəziyyətindən azad edildikdən sonra orqanizmdə total funksional və morfoloji dəyişikliklər inkişaf etməyə başlayır. Bu vəziyyətə “uzunmüddətli sıxılma sindromu” və ya “kraş sindromu” da deyilir. Orqanizmdə yaranan patofizioloji dəyişikliklərin əsasını travmatik toksikoz təşkil edir. Toksik məhsullar maddələr mübadiləsinin pozulması və zədələnmiş toxumaların parçalanması nəticəsində yaranır, qana keçir və patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Son zamanlar bu maddələr “işemik toksin” adı altında daha çox işlədilir və orqanizmdəki dəyişikliklər “sıxılma sindromu”, travmatik şok kimi də qiymətləndirilir. Lakin travmatik şokdan fərqli olaraq, burada plazma itkisi və qanın qatılaşması əlamətləri daha aydın nəzərə çarpır. Belə vəziyyət ən çox qarın və döş boşluqlarının, istinad-hərəkət aparatının sıxılmaqla zədələnməsi zamanı müşahidə olunur. Kraş sindromu 3 mərhələ üzrə inkişaf edir:

  • erkən mərhələ 3 günə qədər davam edir, şokun ümumi əlamətləri üstünlük təşkil edir;

  • aralıq mərhələ 3-12 gün davam edir, kəskin böyrək çatışmazlığı əlamətləri üstünlük təşkil edir;

  • gecikmiş mərhələ 12 gündən 1 aya qədər davam edir, yerli əlamətlər üstünlük təşkil edir.

Mexaniki təsir nəticəsində toxumaların tamlığının pozulmasına yaralanma deyilir. Yaralanma iltihab reaksiyaları ilə müşayiət olunur. İltihab reaksiyalarının intensivliyi zədənin dərəcəsindən, xüsusiyyətindən, orqanizmin reaktivliyindən və yaraya infeksiyanın keçməsindən asılıdır. Yaralanmaların törətdiyi ümumi reaksiyaların gedişində iki mərhələ ayırd edilir:

  • I mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsi fəallaşdığı üçün qanda adrenalinin miqdarı artır. Bu da membran keçiriciliyini azaldır, regenerasiyanı zəiflədir, qanın damardaxili laxtalanmasını qüvvətləndirir. Bu mərhələdə qlükokortikoidlərin sekresiyasının sürətlənməsi iltihab əleyhinə təsir göstərir.

  • II mərhələ – parasimpatik sinir sisteminin fəallığı artır, mineralokorti-koidlərin sekresiyası artdığı üçün yaraların regenerasiyası sürətlənir/


SƏSİN VƏ KÜYÜN ORQANİZMƏ PATOGEN TƏSİRİ
İnsanın eşitmə analizatoruna həm səsin tonu, həm də küy təsir göstərir. Ton dedikdə tezliyi sabit olan və ya müxtəlif vaxtlarda eyni xarakterli dəyişikliklərə uğrayan səs dalğaları nəzərdə tutulur. Küy isə faydalı səs siqnalına mane olan, xoşagəlməz və ya arzuolunmaz səs olub, müxtəlif tonlu səslərin xaotik vəhdətidir. Texnikada küyün əsas mənbəyi müxtəlif mühərrik və mexanizmlərdir. Küçədəki nəqliyyatların, istehsalatda tətbiq olunan maşın və dəzgahların nizamsız səsləri küyün yaranmasına səbəb olur. Küy insanın orqanizminə qıcıqlandırıcı təsir göstərir və əmək qabiliyyətini azaldır. Sağlam insanın eşitmə analizatoru tezliyi 16 hs-dən 20000 hs-ə qədər olan səs dalğalarını qəbul edə bilir. Tezliyi 16 hs-dən aşağı olan səs infrasəs, 20000 hs-dən yuxarı olan səs ultrasəs, 106-1013 hs olan səs isə hipersəs adlanır. Səsin intensivliyi artdıqca orqanizmin ümumi vəziyyəti pisləşir, xəstədə qıcolmalar, huşun itməsi və iflic müşahidə oluna bilər.

Küy insan orqanizminə iki cür təsir göstərə bilər: spesifikqeyri-spesifik. Spesifik təsir eşitmə analizatorunun funksiyasının pozulması ilə əlaqədardır. Bu zaman səsi qəbul edən aparatın damarlarının uzunmuddətli spazmı baş verir ki, bu da maddələr mübadiləsinin pozulmasına və dəhliz-ilbiz sinirlərində degenerativ dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Vaxtında tədbir görülməzsə, karlıq yarana bilər. Yaşlı adamlarda, eşitmə orqanının anomaliyaları və xəstəlikləri olan şəxslərdə küyün zədələyici təsiri daha tez özünü göstərir. Küyün qeyri-spesifik təsiri baş beynin böyük yarımkürələrinin, hipotalamusun və onurğa beyninin qıcıqlanması ilə əlaqədardır.

Küyün uzunmüddətli təsiri nəticəsində küy xəstəliyi inkişaf edir. Küy xəstəliyi – orqanizmin ümumi xəstəliyi olub, eşitmə orqanının, mərkəzi sinir sisteminin, ürək-damar və mədə-bağırsaq sisteminin dəyişiklikləri ilə səciyyələnir.

İnsanın qəbul edə bilmədiyi səs dalğaları – infrasəs və ultrasəs bir sıra təsirlərə malikdir.



İnfrasəs – böyük amplitudalarda qulaqda ağrı hissi yaradır. Əsasən zəlzələlər, sualtı və yeraltı partlayışlar, fırtınalar, qasırğalar və sunami zamanı əmələ gəlir. İnfrasəs dalğaları ətraf mühitdə zəif udulduğu üçün havada, suda və yer qabığında çox uzaq məsafələrə yayıla bilir. İnfrasəs dalğalarının bioloji və psixoloji təsiri güclüdür. Belə ki, 7 hs tezlikli infrasəs dalğaları insanın daxili orqanlarında yaranan biocərəyan ritmləri ilə rezonans yaradarsa, həyat üçün təhlükə törədər. Ümumiyyətlə, infrasəs dalğaları orqanizm üçün zərərlidir. Belə ki, zəif tezlikli infrasəs orta qulağa təsir edərək, dəniz xəstəliyi əlamətlərinin yaranmasına, yüksək tezlikli isə daxili orqanları titrəməyə məcbur edir, hətta ürəyin dayanmasına səbəb olur. Orta intensivlikli (110-115 hs) infrasəsin təsiri isə həzm traktı orqanlarında və beyində müxtəlif pozulmalara (bayılmaya və ümumi zəifliyə) səbəb olur. Orta intensivlikli infrasəs hətta korluğa gətirib çıxara bilər. İnfrasəs bəzən binalara, zavodlara və körpülərə də dağıdıcı təsir göstərir.

Ultrasəs zəif intensivlikli ultrasəsdən təbabətdə müalicə və diaqnostika məqsədi ilə istifadə olunur. Ultrasəs vasitəsilə beyində, qaraciyərdə olan şişlərin lokalizasiyasını, sümüklərdə olan sınıqları və bitişmələri, ürəyin ölçülərini və s. müəyyən etmək olar. Ultrasəsin bioloji effekti onun mexaniki, termiki və fiziki-kimyəvi təsiri ilə əlaqədardır. Termiki təsiri enerjinin udulmasında özünü göstərir və toxumaların qızmasına səbəb olur. Mexaniki təsiri isə akustik dalğaların toxumalarda yayılması ilə əlaqədardır. Ultrasəsin vacib olan təsirlərindən biri də kavitasiya hesab olunur. Kavitasiya (latınca “kavito” – boşluq) ultrasəsin təsiri nəticəsində orqanizmin maye mühitində çoxlu mikroskopik qovuqcuqların əmələ gəlməsi hadisəsidir. Kavitasiyadan artıq piylərdən azad olmaq üçün (liposaksiya), böyrəkdə, öd kisəsində və sidik kisəsində daşları parçalamaq üçün (litotripsiya) istifadə olunur. Kavitasiya molekullara və hüceyrə strukturlarına təsir edərək, toxumaların dağılmasına səbəb olur. Bəzən bu xüsusiyyət arzuolunmaz nəticələrə (yumşaq toxumaların hematomasına) gətirib çıx Aşağı barometrik təzyiqin təsiri zamanı müşahidə olunan patoloji dəyişikliklərin yaranmasında iki amil iştirak edir: atmosfer təzyiqinin və nəfəs alınan havada oksigenin parsial təzyiqinin azalması. Atmosfer təzyiqinin azalması nəticəsində alveolyar diffuziya zəifləyir və qanın oksigenlə doyması pozulur. Adi şəraitdə atmosfer havasında pO2 orta hesabla 158-159 mm cv. st., ağciyər alveollarında isə 100 mm cv. st. səviyyəsində olur. Alveolyar havada pO2 100 mm cv. st. səviyyəsində olduqda hemoqlobinin 95-97%-i, 80 mm cv. st. olduqda isə 90%-ə qədəri oksigenlə birləşir. Alveollarda pO2 50 mm cv. st. səviyyəsinə qədər endikdə ağciyər venaları vasitəsilə ürəyə gələn arterial qanda hemoqlobinin yalnız 50%-ə qədəri oksigenlə birləşmiş vəziyyətdə olur.
AŞAĞI ATMOSFER TƏZYİQİNİN ORQANİZMƏ PATOGEN TƏSİRİ
Hündürlüyə qalxdıqca orqanizmdə müəyyən dəyişikliklər əmələ gəlir. Dəyişikliklərin xarakterindən asılı olaraq, dəniz səviyyəsindən yuxarı qalxdıqca bir neçə zona ayırd edilir:

  • indiferent zona dəniz səviyyəsindən 1500-2000 m hündür olan ərazi;

  • tam kompensasiya zonası dəniz səviyyəsindən 2000-4000 m hündür olan ərazi;

  • natamam kompensasiya zonası dəniz səviyyəsindən 4000-5500 m hündür olan ərazi;

  • böhran zonası dəniz səviyyəsindən 5550-8000 m hündür olan ərazi;

  • dözülməzlik zonası – dəniz səviyyəsindən 8000 m-dən hündür olan ərazi.

İnsan 3000-4000 m hündürlükdə olduqda barometrik təzyiq 530-460 mm cv. st.-na qədər azalır. Bu şəraitdə bədənin qapalı və yarımqapalı boşluqlarında (alın cibi, orta qulaq, plevra boşluğu, mədə-bağırsaq traktı) qazların seyrəlməsi və genişlənməsi baş verir. Nəticədə qazların yaratdığı təzyiq boşluq divarlarında olan reseptorları qıcıqlandırır və ağrı hissiyyatı yaradır. Ən güclü ağrı hissiyyatı orta və daxili qulaqda əmələ gəlir. Tədqiqatlar göstərmişdir ki, yüksəkliyə qalxdıqca arterial qanın oksigenlə təchiz olunması azalır. Uçuş aparatlarının hermetikliyi qəflətən pozulduqda yüksəklik xəstəliyi yaranır. Bu zaman dekompressiya sindromu inkişaf edir. Bu da toxuma mayelərində həll olmuş qazların (ilk növbədə azotun) məhluldan ayrılması və sərbəst qaz qovuqcuqlarının yaranması ilə əlaqədardır. Qaz qovuqcuqları qan dövranına daxil olduqdan sonra qan vasitəsilə müxtəlif orqanlara yayılır və damarlarda emboliya, toxumalarda isə işemiya əmələ gətirir.

Dağ xəstəliyinin inkişafı üçün bəzi amillər (fiziki yorğunluq, bədənin soyuması, orqanizmin susuzlaşması, ultrabənövşəyi şüaların təsiri, ağır hava şəraiti və s.) əlverişli şərait yaradır. Pol Berin heyvanlar üzərində apardığı təcrübələr sübut etmişdir ki, dağ xəstəliyi oksigen çatışmazlığı nəticəsində yaranan hipoksemiya və hipoksiya ilə əlaqədardır. N.N.Sirotinin dağ xəstəliyi zamanı tənəffüsün dayanmasını hipokapniya və qazlı alkaloz ilə əlaqələndirmişdir. Bu da ağciyərlərin hiperventilyasiyası və CO2-nin orqanizmdən intensiv xaric olması nəticəsində yaranır.

Dağ xəstəliyinin patogenezində iki mərhələ ayırd edilir: kompensasiya (uyğunlaşma) və dekompensasiya mərhələləri. Birinci mərhələdə beyin qabığındakı hüceyrələrin oyanıqlığı artır, karotid sinusu və aorta qövsündə yerləşən xemoreseptorlar hipoksemik qanla qıcıqlanır, bu da tənəffüs və vazomotor mərkəzlərinin reflektor oyanmasına səbəb olur. Nəticədə taxikardiya, təngnəfəslik, arterial təzyiqin artması müşahidə olunur. Depolardakı qanın ümumi qan dövranına keçməsi nəticəsində periferik qanda eritrositlərin miqdarı çoxalır. Hipoksiya dərinləşdikcə böyrəklərdə eritropoetinin sintezi artır, bu da sümük iliyində eritropoezin fəallaşmasına səbəb olur.


YÜKSƏK ATMOSFER TƏZYİQİNİN ORQANİZMƏ PATOGEN TƏSİRİ
Yüksək atmosfer təzyiqinin xəstəliktörədici təsiri su altında işləyənlərdə, kesson işləri zamanı, şaxtaçılarda müşahidə edilir. Suyun dərin qatlarına endikdə bədən səthinə düşən təzyiq artır. Hiperbariyanın əsas xəstəliktörədici effekti nəfəs alınan havanın tərkibindəki qazların orqanizmin maye mühitində həll olmasının (saturasiya) artması ilə əlaqədardır. Piy toxumasında qana nisbətən 5 dəfə çox azot həll olur. Ona görə də hiperbariya zamanı ilk növbədə piy toxuması ilə zəngin olan sinir sistemində dəyişikliklər gedir: baş ağrıları, başgicəllənmə, sinir-əzələ koordinasiyasının pozulması, huşun itməsi, halyusinasiyalar meydana çıxır. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün su altında və kesson şəraitində işləyən fəhlələrə oksigenlə helium qarışığı verilir. Çünki helium azota nisbətən sinir toxumasında daha çətin həll olur və orqanizm üçün indiferent qaz hesab olunur. Bu qarışıq helioks adlanır.

Yüksək atmosfer təzyiqi olan mühitdən normal şəraitə keçdikdə (dekompressiya) orqanizmin mayelərində həll olmuş qazların qaz qabarcıqları şəklində ayrılması – desaturasiya kesson xəstəliyinin əsas simptomlarının inkişaf etməsinə səbəb olur. Desaturasiya nəticəsində yaranan qaz qabarcıqlarının böyüklüyü atmosfer təzyiqinin nə dərəcədə azalmasından, azalmanın sürətindən və ayrılan qazın növündən asılıdır. Əgər qabarcıqların ölcüləri kapillyarların diametrindən böyükdürsə (8 mkm-dən çox), qaz emboliyası əmələ gəlir. Nəticədə görmə qabiliyyətinin pozulması, dəri qaşınması, periferik sinirlərin zədələnməsi baş verir, döş sümüyünün arxasında, əzələlərdə və oynaqlarda ağrılar əmələ gəlir.

Hiperbariyanın patogen təsirinin qarşısını almaq üçün dalğıclar və üzgüçülər müəyyən profilaktik qaydalara riayət etməlidirlər. Məsələn, suyun üzərinə tədricən çıxmalıdırlar ki, həll olmuş azot qaz halında ağciyərlər vasitəsilə xaric ola bilsin. Dekompressiya xəstəliyinin patogenetik müalicə üsulu rekompressiya adlanır. Barokamerada aparılan belə müalicədən 20 dəqiqə sonra bütün əlamətlər keçib gedir.

Barokameralarda yüksək təzyiq altında oksigenlə nəfəs almaq tibbi praktikada istifadə olunur (qanın oksigenlə doyma dərəcəsini artırmaq üçün). Bu, hiperbarik oksigenasiya adlanır. Atmosfer təzyiqi 3 atm. olan şəraitdə hiperoksiya toxuma tənəffüsünə yaxşı təsir göstərir. Nəfəs alınan havada oksigenin parsial təzyiqinin 8-10 atm. olması ağır intoksikasiya əlamətləri törədir, bu zaman sərbəst radikalların miqdarı artır. Oksigenin toksik təsirinə qarşı orqanizmin həssaslığı toxumalarda olan antioksidantların (tokoferol, qlutation, ubixinon və s.) miqdarından asılıdır.


AŞAĞI TEMPERATURUN (SOYUĞUN) ORQANİZMƏ PATOGEN TƏSİRİ
Aşağı temperaturun təsiri orqanizmdə müəyyən dəyişikliklər törədir. Aşağı temperatur orqanizmə həm yerli, həm də ümumi təsir göstərə bilər. Onun ümumi təsirinə hipotermiyasoyuqdəymə, yerli təsirinə isə donma aiddir.

Hipotermiya. Aşağı temperaturun orqanizmə təsiri nəticəsində bədən hərarətinin azalmasına hipotermiya deyilir. Hipotermiya normal istilikyaranması şəraitində istiliyin xaricə verilməsinin artması nəticəsində inkişaf edir. Orqanizmdə istilikyaranma prosesinin zəifləməsi də hipotermiyaya səbəb ola bilər. Hipotermiyanın inkişafında iki mərhələ ayırd edilir: kompensasiyadekompensasiya. Birinci mərhələdə orqanizmin mühafizə-kompensator reaksiyaları iki istiqamətdə inkişaf edir:

İstiliyin xaricə verilməsini məhdudlaşdıran kompensator reaksiyalar bu zaman periferik damarların spazmı, tərləmənin azalması, tükləri qaldıran saya əzələlərin yığılması nəticəsində “qaz dərisinin” əmələ gəlməsi, tənəffüsün zəifləməsi müşahidə olunur. Heyvanlar isə “yumaq” şəklində bükülü vəziyyət almaqla bədən səthini azaldır və istiliyin xaricə verilməsini məhdudlaşdırır;

İstilik hasilatını artıran kompensator reaksiyalar bu zaman skelet əzələlərinin tonusu və ritmik yığılmaları (əzələ titrəməsi) artır, oksidləşmə prosesi sürətlənir, qaraciyərdə və əzələlərdə qlikogenin parçalanması artır.

Aşağı temperatur şəraitində bədən temperaturunun sabitliyini təmin edən kompensator-uyğunlaşma reaksiyaları müəyyən müddət davam etdikdən sonra tükənir və bədən temperaturunu əvvəlki səviyyədə saxlamağa kifayət etmir. Bu andan sonra ikinci mərhələ dekompensasiya başlayır. Bu zaman əzələ titrəməsi dayanır, periferik qan damarları genişlənir, maddələr mübadiləsi zəifləyir, beyin qabığında ləngimə yaranır. Tədricən həyat üçün vacib olan funksiyalar zəifləyir: arterial təzyiq azalır, ürək yığılmalarının ritmi zəifləyir, tənəffüs tezliyi azalır. İnsanın bədən temperaturunun 25-24ºC-yə qədər aşağı düşməsi adətən ölümlə nəticələnir.

Hipotermiya şəraitində toxumalarda maddələr mübadiləsinin zəifləməsi orqanizmin oksigenə olan tələbatını azaltmaqla yanaşı, intoksikasiyalara, infeksiyalara və başqa patogen təsirlərə qarşı rezistentliyini artırır. Ona görə də süni yolla bədən temperaturunun aşağı salınması (hibernasiya) üsulundan tibbdə geniş istifadə edilir. Belə ki, ürəkdə, beyində və iri arteriyalarda cərrahi əməliyyatlar apararkən, xüsusilə də reanimatologiya və transplantologiya praktikasında işemiyaya məruz qalmış toxumalarda geri dönməyən dəyişikliklərin inkişafını ləngitmək üçün orqanizmin (və ya beynin, transplantın) ümumi soyudulmasından istifadə olunması.

Aşağı temperaturun yerli təsiri. Aşağı temperaturun yerli təsirindən orqanizmin toxumalarının zədələnməsi donma adlanır. Burada aşağı temperaturun yerli təsirindən toxumaların kolloid tərkibinin, kapillyar qan cərəyanının və qanın reoloji xassələrinin dəyişməsi mühüm rol oynayır. Ətrafların distal hissələrinin donmasına daha çox təsadüf olunur. Xəstələr, qocalar, uşaqlar soyuğun təsirinə daha həssasdırlar. Donmalar zamanı zədələnmənin dərəcəsini və dərinliyini dərhal müəyyən etmək çox çətin olur. Donmanın dərəcəsini adətən 12-24 saatdan sonra dəqiqləşdirmək mümkündür.

Zədələnmənin dərinliyindən asılı olaraq, donmaların dörd dərəcəsini ayırd edirlər: I dərəcəli donmalarda epidermisin səthi qatı zədələnir, dəri solğunlaşır, hissiyyat itir; II dərəcəli donmalarda epidermisin bazal qatı zədələnir, dəri üzərində suluqlar əmələ gəlir və qan dövranı pozulur; III dərəcəli donmalarda dəri və dərialtı qat nekroza uğrayır, güclü ağrılar olur; IV dərəcəli donmalarda təkcə yumşaq toxumalar deyil, sümüklər də nekrozlaşmış olur.

Donmanın patogenezində toxumalarda qan cərəyanının və sinir tənzimlənməsinin pozulması böyük rol oynayır. Soyuğun təsirindən damar divarındakı saya əzələlərin tonusu artır, damarlar daralır, kapillyarlarda, venula və arteriollarda qan cərəyanı zəifləyir. Bundan sonra vazomotor mərkəzlərin iflici nəticəsində damarlar genişlənir, keçiriciliyi artır, plazmanın bir hissəsi hüceyrəarası sahəyə keçir. Nəticədə qan qatılaşır, formalı elementlər aqreqasiyaya uğrayır və obliterasiyaedici trombun əmələ gəlməsi üçün şərait yaranır.
Donmanın gedişindən və nəticəsindən asılı olaraq yerli və ümumi fəsadlar baş verə bilər. Ən çox infeksion ağırlaşmalara təsadüf olunur. II dərəcəli donmalarda dəridəki suluqların içərisində olan möhtəviyyat infeksiyalaşmış olarsa, epidermisin bazal qatının məhv olması baş verir. Bu da sağalma dövrünün uzanması və çapıqların yaranması ilə nəticələnir. III və IV dərəcəli donmalarda müxtəlif infeksiyalar (anaerob, irinli, çürüntülü infeksiyalar) inkişaf edə bilər. İltihab prosesi nəticəsində osteomielit, osteoartrit kimi fəsadlar da baş verə bilər. Damar-sinir pozulmaları fonunda xəstələrdə dermatozlar, ətrafların trofik dəyişiklikləri, dəri xoraları inkişaf edir.

Donma zamanı ilkin yardım məqsədi ilə zədələnmiş nahiyəni qızdırmaq, qan dövranını yaxşılaşdırmaq, yüngül massaj tətbiq etmək lazımdır. Donmuş toxumaların qızdırılması nəticəsində mübadilə proseslərinin sürəti bərpa olunsa da, damarlarda gedən dəyişikliklər nisbətən uzun müddət davam edir. Bu da donmuş toxumalarda distrofiyanın, nekrozun, ikincili iltihab prosesinin inkişaf etməsinə şərait yaradır.


YÜKSƏK TEMPERATURUN ORQANİZMƏ PATOGEN TƏSİRİ
Ətraf mühitin yüksək temperaturu orqanizmdə həm yerli, həm də ümumi dəyişikliklər törədir. Yerli dəyişikliklər yanıqlar, ümumi dəyişikliklər isə hipertermiya, istilikvurma və günvurma şəklində özünü büruzə verir.

Yanıqlar (combustio) – yüksək temperaturun orqanizmə yerli təsiri nəticəsində toxumaların zədələnməsi ilə əlaqədar olaraq əmələ gəlir. Yanığın dərəcəsi və xarakteri istilik mənbəyinin təsir etdiyi nahiyədən, təsir müddətindən, həmçinin zədələnmiş nahiyənin temperatur amilinə qarşı həssaslığından asılı olur. İstiliyi təxminən 50ºC-dən yuxarı olan su, qızmış metal və ya şüşə, alov və s. bədəndə yanıq törədir. Toxumaların zədələnməsinin dərinliyindən asılı olaraq, yanıqların 4 dərəcəsi ayırd edilir: I dərəcəli yanıqlarda dərinin qızarması (eritema) müşahidə olunur; II dərəcəli yanıqlarda dəridə suluqlar əmələ gəlir, dərinin kəskin ekssudativ iltihabı baş verir; III dərəcəli yanıqların A mərhələsində malpigi qatının tam və ya hissəvi nekrozu, B mərhələsində isə dərinin bütün qatlarının tam nekrozu baş verir; IV dərəcəli yanıqlarda dərinin kömürləşməsi və daha dərin qatlarda yerləşən toxumaların nekrozu inkişaf edir. Bədən səthinin yanmış sahəsi və yüksək temperaturun təsir müddəti nə qədər çox olarsa, yanığın nəticəsi də bir o qədər ciddi olar. Burada orqanizmin funksional vəziyyətinin də çox böyük əhəmiyyəti vardır. Klinik müşahidələr və bu sahədə aparılan elmi təcrübələr göstərmişdir ki, əgər bədən səthinin ½ hissəsində birinci dərəcəli və ya ⅓ hissəsində ikinci dərəcəli, ya da daha az sahəsində üçüncü və dördüncü dərəcəli yanıqlar baş verərsə, xəstə tələf ola bilər.

Yanıq xəstəliyi – geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur. Yanıq xəstəliyi aşağıdakı mərhələlər üzrə inkişaf edir:

  • yanıq şoku – yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir: a) erektil mərhələ (latınca “erectus” – gərginləşmə) – bu zaman yüksək temperaturun təsirindən mərkəzi sinir sistemində (beyin qabığında, qabıqaltı nüvələrdə, simpatik sinir sisteminin vegetativ nüvələrində) qısamüddətli, lakin çox güclü oyanma yaranır. Nəticədə qan dövranı və tənəffüs sisteminin, bəzi endokrin vəzilərin (hipofiz, böyrəküstü vəzi, hipotalamusun neyrosekretor nüvələri) funksiyaları artır, çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin sekresiya olunur və qana keçir; b) torpid mərhələ (latınca “torpidis” – donub qalmış, mat qalmış) – bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Bu mərhələdə beyin qabığının və qabıqaltı nüvələrin fəaliyyəti ləngiyir, vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır;

  • yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsində zülal və maye itkisi baş verir, ödemlər əmələ gəlir. Qanın qatılaşması, özlülüyünün artması ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir. Beləliklə, hipoksiya yaranır. Bu şəraitdə anaerob qlikoliz sürətlənir. Nəticədə mübadilənin turş xassəli natamam parçalanma məhsulları orqanizmdə toplanır, mübadilə asidozu inkişaf edir və toksemiya daha da dərinləşir. Toksik maddələrin təsirindən qanda eritrositlərin hemolizi baş verir;

  • yanıq septikotoksemiyasıxəstəliyin gedişinə infeksiyanın qoşulması nəticəsində yaranır, orqanizmdə intoksikasiya əlamətlərinin daha da artması ilə müşayiət olunur. İnfeksiya orqanizmə zədələnmiş dəridən və tənəffüs yollarının, mədə-bağırsaq traktının keçiriciliyi artmış selikli qişalarından daxil olur;

  • üzülmə bu mərhələdə ödemlər, anemiya, daxili orqanların distrofiyası, böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığı, kaxeksiya inkişaf edir;

  • nəticə əgər xəstədə sağalma baş verərsə, nekrotik toxumalar zədə nahiyəsindən ayrılır və defekt olan nahiyə çapıq toxuması ilə əvəz olunur. Daha geniş sahəli yanıqlar isə ölümlə də nəticələnə bilər.

Hipertermiya yüksək temperaturun orqanizmə ümumi təsiri nəticəsində əmələ gəlir. Bədən temperaturunun sabitliyinin tənzimlənməsi istilikyaranma ilə istilikvermənin qarşılıqlı əlaqəsi vasitəsilə həyata keçirilir. Havanın temperaturunun və rütubətin artması nəticəsində istiliyin orqanizmdən xarici mühitə verilməsi çətinləşir. Əgər havanın temperaturu 33ºC-dən (bu, dərinin temperaturuna bərabərdir) çox olarsa, istiliyin xaricə konveksiya, təmasla və şüalanma yolu ilə verilməsi bədən temperaturunun sabitliyinin qorunub saxlanması üçün kifayət etmir. Bu zaman istilikvermənin daha güclü mexanizmi – buxarlanma işə düşür. Havanın rütubətliyinin artması buxarlanmanı çətinləşdirir və istiliyin verilməsini pozur. Bu da orqanizmdə istilikyaranma ilə istiliyin verilməsi arasında olan tarazlığın pozulmasına səbəb olur. Nəticədə istilik orqanizmdə toplanır, bədən temperaturu yüksəlir və bədənin qızması hipertermiya baş verir. Hipertermiya iki mərhələ üzrə inkişaf edir:

  • kompensasiya mərhələsində istilikvermə istilikyaranmadan üstün olur. İstilikvermənin artması periferik damarların genişlənməsi, tər ifrazının artması hesabına olur, bədən temperaturunun sabit saxlanmasına xidmət edən bu mexanizmlərin tükənməsi mərkəzi sinir sistemində istilik tənzimini pozur və dekompensasiya mərhələsi başlayır;

  • dekompensasiya mərhələsində istilikyaranma artır, istilikvermə isə azalır, bədən temperaturu yüksəlir. Dekompensasiya mərhələsində mərkəzi sinir sistemində oyanma əmələ gəlir, tənəffüs, qan dövranı və maddələr mübadiləsi sürətlənir. Bədən temperaturunun artması davam edərsə, sinir sistemində oyanma ləngimə ilə əvəz olunur. Eləcə də tənəffüs pozulur, ürək fəaliyyəti zəifləyir, arterial təzyiq azalır və hipoksiya vəziyyəti inkişaf edir. Oksigen aclığının və intoksikasiya əlamətlərinin getdikcə artması qıcolmalara və xəstənin ölümünə səbəb ola bilər.

Hipertermiya zamanı tər ifrazı artdığı üçün bədən susuzlaşır və elektrolit mübadiləsi pozulur. Qanın qatılaşması, özlülüyünün artması qan dövranının işini daha da çətinləşdirir və ürək çatışmazlığının inkişafına səbəb olur.

Yüksək temperatur şəraitində bədən temperaturunun kəskin şəkildə və sürətlə artması istilikvurma adlanır. Bu zaman arterial təzyiq azalır, nəbz sürətlənir, təngnəfəslik, qusma, huşun itməsi müşahidə edilir.



Günvurma günəş şüalarının bilavasitə baş nahiyəsinə intensiv təsiri nəticəsində baş verir. Günəş işığının digər tərkib hissələri ilə yanaşı, infraqırmızı şüaların patogen təsiri daha çoxdur. Günvurma zamanı istilikvurmadan fərqli olaraq, günəş şüalarının tərkibində olan infraqırmızı şüaların təsirindən ilkin dəyişikliklər termorequlyasiya mərkəzinin neyronlarında baş verir, onun fəaliyyəti pozulur və bədən temperaturu artır. Günvurma əlamətləri ən çox günəş şüalarının altında tarlada, çöldə baş örtüksüz işləyənlərdə, çimərlikdə günəş vannalarından çox istifadə edənlərdə əmələ gəlir. Günvurma zamanı ümumi halsızlıq, baş ağrıları, başgicəllənmə, qulaqda küy, ürəkbulanma, bəzən də qusma müşahidə edilir. Belə xəstələrin üz və baş nahiyələrinin dərisi hiperemiyalı, tənəffüsü və nəbzi tezləşmiş, bədən temperaturu yüksəlmiş, tər ifrazı artmış olur. Ağır hallarda xəstə huşunu itirir, Çeyn-Stoks tənəffüsü əmələ gəlir, nəbzi zəifləyir. Ağciyərlərin ödemi də inkişaf edə bilər. Adətən xəstəni kölgədə yerləşdirib, soyuq su içirdib, baş nahiyəsinə soyuq kompress qoyduqdan və bədənini soyuq suda isladılmış mələfə ilə örtdükdən sonra onun vəziyyəti yaxşılaşır. Ağır hallarda isə görülən tədbirlərdən əlavə vena daxilinə 500 ml NaCl-un izotonik məhlulunu yeritmək lazımdır.
Yüklə 352,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə