Mühazirənin planı: Tənəffüs çatışmazlığı Xarici tənəffüs çatışmazlığı Daxili tənəffüsün pozulması



Yüklə 81,5 Kb.
səhifə3/3
tarix15.10.2018
ölçüsü81,5 Kb.
#74358
növüMühazirə
1   2   3

Daxili tənəffüs - toxuma tənəffüsü oksigenin toxumalar tərəfindən mənimsənilməsindən ibarətdir. Oksigenin nəqli qanın oksigen tutumundan, oksigenin hemoqlobinlə birləşmə qabiliyyətindən (oksihemoqlobinin dissosiasiya qabiliyyətindən), qan dövranının və mikrosirkulyator şəbəkənin vəziyyətindən asılıdır.Qanın oksigen tutumu dedikdə 100 ml qanda olan oksigenin miqdarı nəzərdə tutulur (16,5-20,5 həcm%). Oksigenin çox hissəsiqanda hemoqlobinlə birləşmiş halda ( HbO2), az hissəsi isə plazmada həll olmuş şəkildə olur. Oksigenin hemoqlobinlə birləşmə qabiliyyətialveollarda və qanda oksigenin parsial təzyiqindən, bədən temperaturundan, qanın pH-dan, və s. amillərdən asılıdır. Oksihemoqlobinin dissosiasiyası sürətləndikdə (sağa meyl) toxuma kapillyarlarında oksigen HbO2-dən sürətlə ayrılır, lakin bu zaman qanın ağciyər kapillyarlarında oksigenlə zənginləşməsi çətinləşir, qanın oksigen tutumu azalır. Oksihemoqlobinin dissosiasiyası ləngidikdə isə (sola meyl) oksigen ağciyər kapillyarlarında hemoqlobinlə daha tez birləşir, lakin toxuma kapillyarlarında oksigenin HbO2-dən ayrılması cətinləşir, hipoksiya inkişaf edir. Anemiya, methemoqlobinemiya, hemodilyusiya zamanı, ağciyərdə arteriovenoz şuntlar əmələ gəldikdə qanın oksigen tutumu azalır. Müxtəlif səbəblərdən orqanizmdə qanın ümumi həcmi azaldıqda, həmçinin ürək və damar çatışmazlıqları zamanı qan cərəyanının sürəti zəifləyir, mikrosirkulyasiya pozulur, oksigenin toxumalara çatdırılması ləngiyir.

Karbon qazı toxumalardan ağciyərlərə bikarbonatlar və hemoqlobinlə birləşmiş (karbhemoqlobin) şəkildə daşınır. CO2-nin toxumalardan ağciyərlərə daşınması qan cərəyanının sürəti zəiflədikdə, anemiyalar zamanı pozulur. Anemiya zamanı hemoqlobinin miqdarı az olduğundanCO2-nin karbhemoqlobinşəklində, eləcə də bikarbonatlar şəklində (eritrositlərin sayı azaldığından karboanhidrazaçatışmazlığı yarandığı üçün) daşınması pozulur. Qanda karbon qazının parsial təzyiqi bilavasitə ağciyər ventilyasiyasının intensivliyindən asılıdır. Hipoventilyasiya hiperkapniyaya, bu da beyin damarlarının genişlənməsinə, kəllədaxili təzyiqin artmasına, beyin qan dövranının pozulmasına səbəb olur. Hiperventilyasiya isə hipokapniyaya səbəb olmaqla beyin damarlarının spazmı və beynin hipoksiyası ilə nəticələnir.

Hüceyrənin oksigeni mənimsəmək və bioloji oksidləşməyə sərf etmək qabiliyyəti müxtəlif parametrlərdən asılıdır. Kapillyar divarının zədələnmələri, sklerotik dəyişiklikləri, interstisial toxumanın ödemi, hipertrofiyası zamanı oksigenin kapillyardan toxumaya diffuziyası çətinləşir. Toxuma tərəfindən mənimsənilən oksigenin miqdarı toxuma tənəffüsünün əsas göstəricisi olub,oksigeninutilizasiya əmsalı adlanır. Bu əmsal arteriovenoz oksigen fərqinin oksigenin arterial qandakı miqdarına olan nisbətinin faizlə ifadəsidir. Fiziki fəaliyyət zamanı oksigenin sərf olunması artır. Qan cərəyanının sürəti zəiflədikdə, arterial qanda oksigenin miqdarı azaldıqda bu indeks artır. Damarlarda qanın hərəkət sürəti normadan çox olduqda və bioloji oksidləşmə zəiflədikdə oksigenin sərf olunma əmsalı azalır.

Toxumalarda gedən bioloji oksidləşmə prosesləri aşağıdakı səbəblərdən pozula bilər: toxuma tənəffüsündə iştirak edən fermentlərin sintezinin pozulması (B1, B2, PP vitaminlərin çatışmazlığı və s.); toxuma tənəffüsündə iştirak edən fermentlərin inaktivləşməsi (sianidlərlə zəhərlənmə zamanı sitoxromoksidazanın, barbituratlar, uretan, alkoholla zəhərlənmə zamanı dehidrogenazaların blokadası və s.), oksidləşmə ilə fosforlaşma arasındakı mütənasibliyin pozulması (tirotoksikoz, nitritlərlə zəhərlənmə); mitoxondrilərin zədələnməsi və ATF defisiti (kaxeksiya, sepsis, şüa xəstəliyi zamanı) və s. Qeyd edilən hallarda arterial qanda oksigenin qatılığı normal səviyyədə olsa da,o, toxuma tərəfindən sərf olunmadığından venoz qanda onun qatılığı artır, histotoksik hipoksiya inkişaf edir.

Ağciyərlərin qeyri-tənəffüs funksiyalarına metabolik, müdafiə və s. aiddir. Ağciyərlərin metabolik funksiyası bir sıra bioloji fəal maddələrin əmələ gəlməsi və inaktivləşməsindən ibarətdir. Məsələn, ağciyər kapillyarlarının endotel hüceyrələrində konvertaza fermentinin iştirakı ilə angiotenzin I-dən güclü vazokonstriktor olan angiotenzin-II əmələ gəlir. Ağciyərlərdə bradikinin, noradrenalin və serotonin inaktivləşir. Ağciyərlərdə laxtalanma və əks-laxtalanma amillərinin(tromboplastin, heparin, plazminogen aktivatoru, prostasiklin, trombaksan A2 və s.) sintezi onun hemostazda da iştirak etdiyini ğöstərir. Bu funksiyanın çatışmazlığı tromboembolik ağırlaşmalara səbəb ola bilər.

Ağciyərlərin müdafiə funksiyasına nəfəs alınan havanın, eləcə də qanın yad maddələrdən təmizlənməsi aiddir. Havanın mexaniki (qum və ya toz hissəcikləri), kimyəvi (qaz halında olan zərərli maddələr),infeksion, antigen mənşəli amillərdən təmizlənməsi alveolyar makrofaqlar,mukosiliar aparat və öskürək refleksi vasitəsilə həyata keçirilir. Alveolyar makrofaqlar tərəfindən ifraz olunan fermentlər (kollagenaza, elastaza, katalaza, fosfolipaza və s.) hava ilə ağciyərlərə daxil olan yad maddələri parçalayır. Mukosiliar aparat tənəffüs yollarının (ağciyərlərin respirator bronxiollarından burun-udlağa qədər)selikli qişasının kirpikli epitelindən ibarətdir. Bu epitelin ehtizazı nəticəsində seliklə bərabər, yad maddələr tənəffüs yollarından xaric olunur. Öskürək refleksinin qoruyucu funksiyası haqqında yuxarıda məlumat verilmişdir.

Qanın yad maddələrdən (fibrin lifləri, yağ embolları, şiş hüceyrələrindən ibarət olan embollar və s.) təmizlənməsində alveolyar makrofaqlar və tosqun hüceyrələrinifraz etdiyi fermentlər iştirak edir. Bu prosesdə limfanın drenaj funksiyasının da böyük əhəmiyyəti var. Müxtəlif patoloji proseslər nəticəsində ağciyərlərin interstisial sahələrində toplanmış maddələrin zərərsizləşdirilməsi və orqanizmdən kənarlaşdırılması limfa drenajı vasitəsilə təmin edilir.

Kəskin respirator distress sindromu – KRDSalveolyar kapillyarların və alveol epitelinin diffuz şəkildə zədələnməsi ilə xarakterizə olunur. Kəskin respirator distress sindromu müxtəlif səbəblərdən inkişaf edir, ağciyərödemi və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnir.

KRDS-in iki forması ayırd edilir: böyüklərin və yenidoğulmuşların (əsasən yarımçıqdoğulmuşların) kəskin respirator distress sindromu.

Böyuklərin KRDS-in patogenezinin əsasını ağciyər toxumasının diffuz zədələnməsi təşkil edir. Bu sindrominfeksion-, allergik-iltihabi proseslər nəticəsindəbilavasitə ağciyərlərin zədələnməsi, habelə ağciyərlərdən kənar patologiyalar –sepsis, panktreatit, peritonit, travmatik və yanıq şoku, DDL sindromu və s. zamanı inkişaf edə bilər. Ağciyər toxumasının diffuz zədələnməsi zamanı alveolyar-kapillyar membranın (AKM) tamlığı pozulur;alveolyarepitel nekroza uğrayır, alveol kapillyarlarının keçiriciliyi kəskin artır və alveolyar ödeminkişaf edir.

KRDS zamanı AKM-in bu dərəcədə zədələnməsi kəskin iltihabi cavabın tənzim oluna bilməməsi, iltihab lehinə və iltihab əleyhinə mediatorlar arasında disbalansın yaranması ilə izah olunur. Bu disbalansın yaranmasında ağciyər makrofaqları, xüsusilə də neytrofillər vacib rol oynayır. Makrofaqlar tərəfindən aktivləşmiş neytrofillər emiqrasiya edib alveollarda toplanır. Bu hüceyrələr tərəfindən leykotrienlər, PAF, proteazalar, IL-1, IL-8, TNF və s. iltihab mediatorlarının sekresiyası həddən çox artır və alveol epiteli zədələnib nekroza uğrayır. II tip epitel hüceyrələrin də məhv olması nətıcəsində surfaktant sintezi dayanır, zədələnmış alveollar qapanır, atelektaz inkişaf edir. Neytrofillərin həddən artıq fəallaşması iltihab əleyhinə mediatorlarla (IL-10, endogen antiproteazalar, antioksidantlar və s.) inhibə oluna bilmir və zədələnmə dərinləşir. Alveol kapillyarlarının keçiriciliyi artdığından plazma zülallarının filtrasiyası çoxalır. Bu zülallardan və nekroza uğramış epiteldən ibarət olan hialin maddəsi alveol divarına çökür, divar qalınlaşır, alveolyar diffuziya pozulur, hipoksemiya inkişaf edir. Buna görə də oksigenoterapiya (oksigenlə inhalyasiya) effektsiz olur. Lazımi tədbirlər görülməzsə, KRDS letal nəticə verir.

Yenidoğulmuşlarda KRDS-ə əsasən yarımçıq doğulmuş körpələrdə rast gəlinir. Buna hialin membranlar xəstəliyi də deyilir. Xəstəliyin əsas səbəbi neonatal dövrdə surfaktant çatışmazlığıdır.Hipoksiya, hipotermiya, ağciyərlərdə qan cərəyanın zəifləməsi, asidoz, alveollara mayenin transsudasiyası və s. zamanı surfaktant sintezi azalır.

Asfiksiyatənəffüs çatışmazlığının həyat üçün təhlükə yaradan, ağır formasıdır. Asfiksiya zamanı tənəffüs çatışmazlığı elə dərəcəyə çatır ki, oksigenin qana keçməsi və karbon qazının orqanizmdən xaric edilməsi prosesi mümkün olmur.

Asfiksiya müxtəlif səbəblərdən yarana bilər. Tənəffüs yolları xaricdən sıxıldıqda (məsələn, insan özünü asdıqda), onların mənfəzi yad cisim və ya şiş toxuması ilə tutulduqda,insan suda boğulduqda, dölyanı maye dölün tənəffüs yollarına daxil olduqda (döldə vaxtından əvvəl tənəffüs hərəkətləri başladıqda) havanın ağciyərlərə daxil olması dayanır. Qırtlağın ödemi (difteriya, skarlatina, qızılca və s. infeksion xəstəliklərdə), bronxospazm (bronxial astma tutması, Kvinke ödemi və s. allergik reaksiyalarda), səs yarığının spazmı (hipoparatiroz, raxit zamanı) da asfiksiya ilə nəticələnə bilər. Traxeya və bronxların selikli qişasının mexaniki və kimyəvi amillərlə (toz, xlor və s.) qıcıqlanması da reflektor olaraq onların spazmını törədə bilər.

Nəfəs alınan havada oksigenin qatılığının kəskin azalması (yüksəklik şəraitində), qazların qanla nəql olunmasının pozulması (kəskin qanitirmə, dəm qazı ilə zəhərlənmə və s.), toxuma tənəffüsünün blokada olunması (sianidlərlə və s. zəhərlənmələr), tənəffüsün tənziminin pozulması (məsələn, yuxugətirici və narkotik maddələrin yüksək dozalarının qəbulu zamanı) və tənəffüs əzələlərinin iflici (məsələn, poliomielit xəstəliyində) də asfiksiyaya səbəbolur. Asfiksiyanın patogenezində dörd mərhələ ayırd edilir:


  • birinci mərhələ tənəffüs mərkəzinin fəaliyyətinin kəskin artması və inspirator təngnəfəsliklə xarakterizə olunur. Tənəffüs əzələlərinin güclü gərginləşməsi proprioreseptorları, qanda oksigenin və karbon qazının qatılığının kəskin dəyişməsi isə xemoreseptorları qıcıqlandırır və tənəffüs mərkəzinin fəaliyyəti reflektor olaraq artır. Bu mərhələdə simpatik sinir sisteminin tonusunun artması əlamətləri – taxikardiya, arterial hipertenziya, göz bəbəklərinin genişlənməsi və s. müşahidə olunur, qıcolmalar baş verir.

  • ikinci mərhələdə tənəffüs mərkəzinin fəaliyyəti zəifləməyə başlayır və ekspirator təngnəfəslik meydana çıxır. Bu mərhələdə parasimpatik sinir sisteminin tonusunun artması əlamətləri – bradikardiya, arterial hipotenziya, göz bəbəklərinin daralması və s. müşahidə olunur. Bu dəyişikliklər çöx yüksək səviyyəyə qalxmış hiperkapniyanın parasimpatik sinir sisteminə təsiri ilə əlaqədardır.

  • üçüncü mərhələdə preterminal fasilə baş verir – tənəffüs 1-2 dəqiqə ərzində dayanır. Tənəffüsün dayanması tənəffüs mərkəzinin fəaliyyətininləngiməsi ilə əlaqədardır.Bu zaman arterial təzyiq və ürək vurğuları kəskin azalır, xəstə huşunu itirir.

  • dördüncü mərhələdə terminal tənəffüs – qaspinq tənəffüsü meydana çıxır, reflekslər itir, bəbəklər kəskin genişlənir, arterial təzyiq çox aşağı səviyyəyə enir, ürək vurğuları seyrəlmiş olur, tənəffüs mərkəzinin iflici və ölüm baş verir. Tənəffüs dayandıqdan sonrakı 5-15 dəqiqə ərzində hələ də seyrəlmiş ürək vurğuları davam edir. Bu müddət ərzində təcili yardım göstərilərsə, (asfiksiyaya səbəb olan amilin aradan qaldırılması, süni tənəffüs verilməsi, ürəyin xaricdən massajı və s.) boğulan insanın həyatını xilas etmək mümkün olur.

Ağciyərlərin obsruktiv xəstəlikləri zamanı aşağı tənəffüs yollarının mənfəzi ödemlə, qatı bəlğəmlə tutulur və saya əzələlərin spazmı nəticəsindəonların mənfəzi daralır. Ağciyərlərin ostruktiv xəstəlikləri üçün ekspirator təngnəfəslik səciyyəvidir. Bu zaman nəfəsalma deyil, əsasən nəfəsvermə aktı cətinləşir. Bunun mexanizmi aşağıdakı kimi izah olunur.

Məlumdur ki, bronxiollar yumşaq və nazik divara malikdir, onların mənfəzi transpulmonal təzyiq (alveollardakı havanın təzyiqi ilə plevra boşluğundakı təzyiqlər fərqi) hesabına açıq vəziyyətdə qalır. Alveolların divarının elastikliyi nə qədər çox olarsa, havanın bura daxil olması üçün bir o qədər çox transpulmonal təzyiq tələb olunur. Bu təzyiq alveol divarının elastiklik qüvvəsinə üstün gələrək alveolları genişləndirir (açır). Transpulmonal təzyiq bronxiolların mənfəzinin açıq vəziyyətdə qalmasını və nəfəsalma zamanı alveolların genişlənməsini təmin edir.

Bronxial astma və emfizema zamanı obstruksiya nəticəsində bronxiolların mənfəzi daralır, alveol divarının elastikliyi isə az olur. Bronxiolların divarının hava axınına qarşı göstərdiyi müqavimət yüksəlir. Buna görə də nəfəsalma zamanı transpulmonal təzyiq elastikliyini itirmiş alveolu asanlıqla açır, lakin bronxiolun mənfəzini açıq vəziyyətdə saxlaya bilmir. Bronxiolların mənfəzi daraldıqca onların divarının müqaviməti artır və alveoldan qayıdan havanın xaric olmasını – nəfəsverməni çətinləşdirir (ekspirator təngnəfəslik). Getdikcə artan müqavimət bronxiol mənfəzini qapayır və alveoldakı hava “tələyə” düşmüş olur.

Tənəffüs yollarının obstruksiyası ilə xarakterizə olunan xəstəliklərə xronik bronxit, bronxial astma, emfizema vəbronxoektaziyanı misal göstərmək olar.

Xronik bronxit tənəffüs yollarının selikli qişasının uzunmüddətli, mütəmadi qıcıqlanması nəticəsində inkişaf edən xronik iltihabi prosesidir. O, kəskin bronxitdən sonra, çox zaman isə müstəqil olaraq inkişaf edir. Xəstəliyin inkişafında yuxarı tənəffüs yollarının infeksiyası ilə yanaşı, nəfəs alınan havanın çirkli olması (toz, tüstü və s.) xüsusi əhəmiyyət kəsb edir. Xronik bronxit əsasən siqaret çəkən insanların xəstəliyidir. Xəstə ardıcıl 2 il ərzində hər il 3 ay müddətində bəlğəmli öskürəkdən əziyyət çəkirsə, ona xronik bronxit diaqnozu qoyulur. Davamlı öskürək və bəlğəm ifrazı nəfəs yollarının ödemi, hipersekresiyası, obstruksiyası ilə əlaqədardır. Emfizemadan fərqli olaraq, xronik bronxit zamanıobstruksiya traxeya, bronx və bronxiollar səviyyəsində olur, onların divarı deformasiyaya uğrayır.

Güclü və uzunmüddətli öskürəyin təsirindən deformasiyaya uğramış bronx divarlarında genişlənmələr (bronxoektaziya) yaranır. Qüvvətli öskürək zamanı alveol boşluqlarında da təzyiq artır və patoloji dəyişikliklərə məruz qalmış alveol divarlarının, alveollararası arakəsmələrin zədələnməsi və atrofiyası emfizema ilə nəticələnir.

Bronxial astma tənəffüs yollarının xronik iltihabi xəstəliyi olub, bronxospazm, nəfəs yollarının obstruksiyası və ekspirator təngnəfəsliklə təzahür edən astma tutmaları ilə səciyyələnir. Bronxial astma irsi meylli xəstəlikdir. Onun patogenezində allergik komponent vacib rol oynayır. Xəstəlik orqanizmin müxtəlif növ allergenlərə qarşı sensibilizasiyası və bu allergenin təkrarən orqanizmə daxil olması zamanı nəfəs yollarının hiperhəssaslıq reaksiyası ilə əlaqədardır. Astmanın inkişafına səbəb olan allergenlərə ev və məişət tozu, bitki tozcuqları, ev heyvanlarının epidermal mənşəli allergenləri – yun, tük və s., qida allergenləri – sitrus meyvələri, yumurta ağı və s. aiddir.

Patogenetik inkişaf mexanizminə görə astmanın atopikqeyri-atopik formaları ayırd edilir. Atopik astmanın patogenezinin əsasını I tip hiperhəssaslıq reaksiyası təşkil edir.

Qeyri-atopik astmanın patogenezində allergik (immun) mexanizm iştirak etmir, bu xəstələrdəallergiyaya irsi meyllik olmur. Astmanın bu formasında infeksiyaya (əsasən virus infeksiyalarına), soyuğa, havada olan zəhərli maddələrə qarşı tənəffüəs yollarının güclü iltihabi reaksiyası baş verir. Tənəffüs yollarının belə hiperreaksiyası nəticəsində bronxospazm, bronxoobstruksiya yaranır.Bəzi xəstələrdəqeyri-atopik astmanın etioloji amili stress, fiziki gərginlik də ola bilər. Qeyri-atopik astmalı xəstələrdə IgE sintezi normal hüdudlar daxilində olur. Lakin eozinofillərin aktivləşməsi və onlardan mediatorların azad olmasının artması bu tip üçün də səciyyəvidir. Bronxların selikli qişasının xronik olaraq qıcıqlanması və iltihabı subepitelial parasimpatik reseptorların qıcıq qapısının azalması ilə nəticələnir. Bu zaman hər hansızəif qıcıq da bu reseptorların oyanmasına və reflektor olaraq bronxospazmın yaranmasına səbəb olur. Eozinofillərdən azad olan mediatorlar bronx epitelini zədələyir, selik ifrazını artırır, nəticədə bronx mənfəzi obstruksiya olunur və bronx divarının əzələ qatı hipertrofiyaya uğrayır.

Etioloji amilin növündən asılı olaraq bronxial astmanın infeksion və qeyri-infeksion (məsələn, dərman astması, peşə astması və s.) növləri ayırd edilir. Astmanın bu növlərinin patogenezi allergik, psevdoallergik, qeyri-allergik mexanizmlərlə bağlı ola bilər. Məsələn, dərman astmasına aid olan aspirin astması psevdoallergik mexanizmə malikdir(bu haqda allergiya bəhsində məlumat verilmişdir). Peşə ilə əlaqəli olan astmalar (məsələn, rezinə, plastik materiallara, inhalyasiya olunan bəzi qazlara qarşı) isə həm allergik, həm də qeyri-allergik mexanizmlərlə inkişaf edə bilər.

Emfizema ağciyərlərin terminal bronxiollarının obstruksiyası və onlardan distal sahədə yerləşən hissənin (asinusun) divarının destruktiv dəyişiklikləri, alveol boşluğunun genişlənməsi ilə xarakterizə olunur. Emfizema zamanı alveol divarının destruktiv dəyişiklikləri nəticəsində onun elastikliyi azalır, alveollararası arakəsmələr atrofiyaya uğlayır, onlar iri hava boşluqlarına çevrilir.

Emfizemanın inkişaf mexanizmində proteaza-antiproteaza və oksidant-antioksidant balansının pozulması vacib rol oynayır. Alveol divarının xroniki olaraq qıcıqlanması iltihab hüceyrələrini – neytrofilləri və makrofaqları bura cəlb edir. Aktivləşmiş leykositlərin qranullarından proteazalar (elastaza, kollagenaza və s.) sekresiya olunur, oksigenin fəal formalarının sintezi artır. Bu zaman antiproteaza (məsələn, α1-antitripsin) çatışmazlığı olarsa, proteazalar neytrallaşmır, onlar alveol divarını destruksiyaya uğradır. Buna görə də α1-antitripsin sintezinin irsi defekti olan insanlar emfizema xəstəliyinə meylli olur. Xəstəliyin inkişafında siqaretin rolu böyükdür. Normada ağciyərin antioksidant rezervi (superoksid dismutaza, qlutation) çoxdur. Lakin xronik olaraq siqaret tüstüsünün təsirindən bu ehtiyatlar tükənir, antioksidant çatışmazlığı baş verir.

Bronxoektaziya bronx və ya bronxiolun divarının genişlənməsi ilə xarakterizə olunur. Bronxoektaziya müstəqil xəstəlik olmayıb (nadir hallarda anadangəlmə bronxoektaziyaya rast gəlinir) xronik bronxit, bronxial astma və s. xəstəliklərin ağırlaşması kimi meydana çıxır.

Ağciyərlərin restriksiyası, yəni tənəffüs aktı zamanı onların genişlənib-yığılma qabiliyyətinin məhdudlaşması müxtəlif səbəblərdən meydana çıxa bilər. Məsələn, iltihabi-infeksion xəstəliklərdə (pnevmoniya, vərəm) ağciyər toxuması zədələnir, ağciyər toxumasının normal elastik strukturları kollagenlə əvəz olunur (pnevmoskleroz) və ağciyərlərin ekskursiyası pozulur. Plevranın bəzi patologiyaları (plevritlər, pnevmotoraks və s.) zamanı isə ağciyər toxuması xaricdən sıxılır və tənəffüsaktlarının amplitudu məhdudlaşır. Ağciyərdə surfaktant sintezi pozulduqda da alveol divarları bir-birinə yapışır, onların ventilyasiyası mümkün olmur.

Atelektaz alveolların büzüşməsi və alveol boşluğunun qapanması ilə xarakterizə olunan patoloji prosesdir. Atelektaz müstəqil xəstəlik (nozoloji vahid) olmayıb, tənəffüs sisteminin müxtəlif xəstəlikləri nəticəsində meydana cıxa bilən patologiyadır. İnkişaf mexanizminə görə atelektazın rezorbsion, kompression və kontraksion növləri ayırd edilir.

Rezorbsion atelektaz bronx mənfəzinin yad maddə, şiş toxuması, qatı bəlğəm, spazm nəticəsində tutulması və havanın alveollara daxil ola bilməməsi nəticəsində yaranır. Bu zaman alveollarda qalmış hava rezorbsiya olunur, alveol boşluğu qapanır. Kompression atelektaz isə ağciyərlərin xaricdən sıxılması zamanı yaranır. Plevra boşluğuna maye və ya havanın toplanmasıbuna səbəb ola bilər. Assitli olan, uzun muddət yataqda qalan xəstələrdə diafraqmanın qalxması kompression atelektaz yarada bilər. Pnevmoskleroz zamanı isə ağciyər parenximasında birləşdirici toxumanın inkişafı nəticəsindəkontraksion atelektaz yaranır. Kontraksion atelektaz geri dönməyən prosesdir.

Pnevmotoraks zamanı plevra boşluğuna hava toplanır. Bu zaman plevra boşluğunda təzyiq artır, ağciyərlər sıxılır. Hava plevra boşluğuna xaricdən (döş qəfəsinin yaralanması nəticəsində) və daxildən (vərəm, ağciyər absesi, şiş zamanı ağciyər toxumasının dağılması nəticəsində) keçə bilər. Bəzən müalicəvi məqsədlə (ağciyərin kavernozvərəminin müalicəsində) də plevraya hava yeridilir. Pnevmotoraksınqapalı, açıq və qapaqlı növləri mövcuddur.

Qapalı pnevmotoraks zamanı plevra boşluğuna daxil olan hava xarici mühitlə əlaqəsini itirir. Bu zaman tənəffüsün pozulması daxil olan havanın həcmindən asılı olur. Açıq pnevmotoraks zamanı hava nəfəsalma və nəfəsvermə aktlarında sərbəst surətdə plevra boşluğuna daxil və xaric ola bilir. Açıq pnevmotoraks qapalıdan daha ağır formadır. Bu zaman ağciyər ventilyasiyasının pozulması pnevmotoraksı yaradan dəliyin ölçüsündən asılı olur. Dəlik böyuk olduqda plevra boşluğuna daha çox hava daxil olur, ağciyər genişlənə bilmir, nəfəsalma zamanı pnevmotoraks olan tərəfdə ağciyərin həcmi kiçilir, nəfəsvermədə isə sağlam ağciyərdən qovulan havanın bir hissəsi büzüşmüş ağciyərə daxil olur, onun həcmi nisbətən artır və plevra boşluğundan havanı xaricə qovur. Qapaqlı pnevmotoraks zamanı hər dəfə nəfəsalma aktında hava plevra boşluğuna daxil olur, nəfəsvermədə isə xaric oluna bilmir. Zədələnmiş sahədəki yumşaq toxumalar yara dəliyi ətrafında klapan əmələ gətirir. Nəfəsalmada dəlik açılır, nəfəsvermədə isə bağlanır. Havanın daxil olması plevra boşluğundakı təzyiqin atmosfer təzyiqinə bərabər olduğu ana qədər davam edir.

Pnevmoniya ağciyər toxumasında inkişaf edən müxtəlif mənşəli iltihabi prosesə deyilir. Ağciyərlərdə iltihabi proses müxtəlif amillərin təsirindən yarana bilər. Məsələn, vərəm mikobakteriyalarının təsirindən ağciyər toxumasında inkişaf edən xronik iltihabi proses vərəm xəstəliyi adlanır. Silisium, asbest mineralları, kömür və s. kimi istehsalat tozlarının təsiri nəticəsində ağciyər toxumasında inkişaf edən xronik iltihabi proseslərə isə pnevmokoniozlar deyilir. Pnevmonit (və ya allergik alveolit) isə alveolların allergik-iltihabi proses nəticəsində zədələnməsi ilə xarakterizə olunur.

Klinikada istifadə olunan pnevmoniya termini ağciyərin infeksion-iltihabi mənşəli xəstəliklərini əhatə edir. Bu baxımdan bakterial (və ya tipik) və qeyri-bakterial (və ya atipik) pnevmoniyalar ayırd edilir. Bakterial (tipik) pnevmoniyaların etioloji amilləri S.pneumoniae, streptokokk, stafilokokk, klebsiella və s. ola bilər. Bunlar ekstrasellülar mikroorqanizmlər olub alveol boşluğunda artıb çoxalır və burada iltihabi prosesin inkişafına səbəb olur. Bu zaman güclü ekssudasiya və alveolyar infiltrasiya baş verir. Qeyri-bakterial (atipik) pnevmoniyanın etioloji amilləri isə mikoplazma, xlamidiya, bir sıra viruslar – adenovirus, qripp virusları (məsələn, quş qripi virusu – H5N1, donuz qripi virusu – H1N1) ola bilər. Bu infeksion amillər alveolyar boşluqdan interstisial sahələrə keçərək, burada artıb çoxalır. Qeyri-bakterial pnevmoniyalar zamanı bakterial iltihabda olduğu kimi alveolyar infiltrasiya müşahidə olunmur, xəstəliyin gedişi atipik olur.

Pnevmoniyaların gedişinə görə kəskin və xronik, yoluxma mənbəyinə görə xəstəxanadankənar və nozokomial (xəstəxanadaxili) formaları da ayırd edilir. Pnevmoniya zamanı ağciyər toxuması zədələnir,ağciyərin tənəffüs səthi kiçilir, alveolyar ventilyasiya və diffuziya prosesləri pozulur.Ekssudasiya nəticəsində alveolyar və ya interstisial ödem inkişaf edir. Bu zaman alveolların divarında azan sinir reseptorları daha tez qıcıqlanır və Gerinq-Brayer refleksi qüvvətlənir. Beləliklə, inspirator təngnəfəslik yaranır.

Pnevmonitlər (allergik alveolitlər) də ağciyərin restriktiv xəstəliklərinə aiddir. Pnevmonitlərin patogenezinin əsasını müxtəlif növ ekzogen antigenə qarşı alveolların, interstisial toxumanın zədələnməsi ilə gedən hiperhəssaslıq reaksiyası təşkil edir. Pnevmoniyalardan fərqli olaraq pnevmonitin inkişafında allergik komponent başlıca rol oynayır. Antigen rolunu əksər hallarda kənd təsərrüfatı və məişətdə rast gəlinən tozcuqlar oynayır. Bu xəstəliyə daha çox kənd təsərrüfatı (maldarlıq, quşçuluq) işçilərindərast gəlindiyi üçün ona “fermer xəstəliyi” də deyilir. Pnevmonitlər zamanı da allergik reaksiyanı yaradan antigenlər inhalyasiya olunan tozcuqlar olmasına baxmayaraq, onlar pollinoz və bronxial astmadan fərqlənir. Pollinoz və bronxial astma I tip hiperhəssaslıq reaksiyası olub, əsasən bronxiolların spazmı və zədələnməsi ilə xarakterizə olunur. Pnevmonitlər isə III və IV tip allergik reaksiyalara aiddir, əsasən alveol divarının və interstisial toxumanın zədələnməsi, onların tədricən fibrozlaşması ilə təzahür edir.



Plevrit plevranın iltihabi xəstəliklərinə deyilir. Plevritlərin etioloji amilləri müxtəlifdir. Onların inkişafı ağciyər patologiyası (pnevmoniya, ağciyərin ilkin və metastatik şişləri və s.), ürək çatışmazlığı (miokard infarktı, Dressler sindromu zamanı və s.), allergik reaksiyalar (məsələn, Kvinke ödemi) və s. ilə bağlı ola bilər. Quru və ekssudativ (yaş) plevritlər ayırd edilir. Ekssudativ plevritlər zamanı plevra boşluğuna maye toplanır. Plevra boşluğuna mayenin toplanması hidrotoraks, qanın toplanması hemotoraks, limfanın toplanması isə xilotoraks adlanır. Plevrit zamanı plevra boşluğuna mayenin toplanması ağciyərin atelektazına, tənəffüs və ürək çatışmazlığına səbəb olur.
Yüklə 81,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə