Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu


Açıq sahədə səpin vaxtı və yarpaq məhsuldarlığı



Yüklə 0,99 Mb.
səhifə13/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Açıq sahədə səpin vaxtı və yarpaq məhsuldarlığı. Açıq sahəyə toxumları səpilən bitkilərdə səpin vaxtının düzgün təyin edilməsinin bitkilərin sonrakı inkişafında əhəmiyyəti əvəzedilməzdir. Yeni torpaq - iqlim şəraitində introduksiya edilmiş bitkiləri açıq sahəyə səpən zaman xüsusilə diqqətli olmaq tələb olunur. Çünki, bu torpaq-iqlim şəraiti bitkinin uyğunlaşıb yaşadığı ərazinin və ya onun vətəninin torpaq-iqlim şəraitindən fərqlidir. Ona görə də çalışmaq lazımdır ki, bu bitkilər əkilən zaman ekoloji amillərin təsiri nisbətən əlverişli olsun.

Basma bitkisi də yeni introduksiya olunmuş bitkilərdəndir. Yuxarıda qeyd olunduğu kimi basma toxumları birbaşa açıq sahəyə səpilir və alınan cücərtilərə 3,5- 4,0 ay aqrotexniki qulluq göstərilməklə becərilir. Şirvan bölgəsində basma bitkisinin açıq sahəyə səpilməsinin ən əlverişli vaxtı 20-25. IV ay, Gəncə-Qazax bölgəsində isə 20 - 25. V ay hesab olunmalıdır. Basma bitkisi Şirvan bölgəsində iki biçində orta hesabla 28,9 s/ha, Gəncə-Qazax bölgəsində isə 37,9 s/ha quru yarpaq məhsulu verə bilir. Biçilməyib toxumluq üçün saxlanılan basma bitkilərindən isə 25,32 - 27,22 s/ha toxum məhsulu almaq olur.



Becərilmə texnologiyası və yığım. Basma üçün yaxşı sələflər payızlıq buğda, çoxillik otlar, dənli-paxlalı və cərgə araları becərilən bitkilər hesab olunur. Basma üzvi gübrələrə tələbkardır. Hektara 20-30 ton peyin və mineral gübrələr verilir. Peyin və ya tam mineral gübrə (N90P90K60) dondurma şumu altına verilir. Azot gübrəsini öz kökləri ilə də toplaya bilir. Basma bitkisinin açıq sahəyə toxumları səpilir. Toxumlar cərgə araları 60 - 70 sm, bitki araları 10-15 sm olmaqla səpici maşınlarla səpilir. Səpildikdən 5-7 gün sonra cücərtilər alınmağa başlayır. Təxminən avqust ayının əvvəllərində (5-15. VIII) həna bitkisində olduğu kimi basma bitkilərinin də kütləvi çiçəkləməsi baş verir. Bu dövrdə bitkilərin I biçini aparılır. Biçini əl ilə və xüsusi biçən maşınlarla aparmaq olar. Biçilmiş yaşıl kütlə dərhal isti və kölgə yerlərə daşınmalı, nazik qatlarla sərilib qurudulmalıdır. Qurutma işləri xüsusi istixanalarda və maşınlarda (çay yarpağı qurudan maşınlarda) da aparıla bilər.

Tam quruduqdan sonra basma bitkisinin yarpağı gövdəsindən ayrılaraq, yarpaq xüsusi dəyirmanda üyüdülüb toz halına salınaraq qablaşdırılmalıdır.

Sahə isə birinci biçindən sonra kultivasiya edilib, suvarılmalı və sonrakı qulluq işləri aparılmalıdır. II biçin isə yenə də bitkilərin kütləvi çiçəkləməsi vaxtında, təxminən oktyabrın axırlarında aparılmalıdır. II biçini gecikdirmək olmaz. Əks təqdirdə bitkiləri ilkin payız şaxtaları vurur, məhsulun keyfiyyəti aşağı düşür və xarab olur. II biçində də biçmə və qurutma işləri I biçindəki və həna bitkisində olduğu kimidir.
MÖVZU:15. ZƏFƏRAN BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ

Mühazirənin planı:



  1. Zəfəranın xalq təsərrüfatı əhəmiyyəti.

  2. Botaniki təsviri və bioloji xüsusiyyətləri.

  3. Zəfəranın yayılması.

  4. Zəfəranın becərilmə texnologiyası (əkilməsi, becərilməsi, gübrələnməsi, suvarılması)

  5. Zərərverici və xəstəlikləri

  6. Zəfəranla müalicənin qaydaları


Ədəbiyyat

  • Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  • İbadlı O.V. Müalicə bitkiləri. Zəfəran. Bakı: Çıraq, 1999,16 s. 

  •  İbadlı O.V. Zəfəran.  Bakı: “Tural” NPM, 2005, 28 s.

  • Вульф Е. В., Малеева О. Ф. Мировые ресурсы полезных растений, (пищевые, кормовые, технические, лекарственные и др). Справочник. Л:. «Наука», 1969, с. 219.

  • Дамиров И. А., Прилипко Л. И. Лекарственное растения Азербайджана. Баку, «Маариф» 1988, 319 с.

ZƏFƏRAN (CROCUS SATİVUS L.) BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSI


Dünya bazarında yüksək alıcılıq qabiliyyətinə malik müalicəvi bitkilərin ölkəmizdə yetişdirilməsi və inkişafı üçün həm təcrübə, həm də əlverişli iqlim şəraiti mövcuddur. Belə bitkilərin yetişdirilməsi qida sənayesində tətbiq edilən bir sıra ziyanlı konsentratları əvəz edərək insanların sağlamlığının qorunmasında dönüş yarada bilər. Onlardan biri də zəfəran bitkisidir.

Zəfəranın xalq təsərrüfatı əhəmiyyəti. Zəfəranın qurudulmuş telləri qədim vaxtlardan bəri ətirli ədviyya kimi müxtəlif Azərbaycan xörəklərinə qatılır. Xalq təbabətində isə çay dəmləməsi, spirtdə cövhəri müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Şərq təbabətində bitkidən hazırlanmış müalicə əhəmiyyətli dərmanların 300-dən çoxunda zəfəran əsas komponent kimi istifadə olunmuşdur.

Zəfəranın tərkibində əsasən iki təsiredici maddə vardır: 1-pikrokrosin, 2-krosin. Pikrokrosin qlikozidi təmiz halda rəngsiz və acı dadlı kristal maddədir. Parçalandıqda 0,6 %-ə qədər efir yağı əmələ gətirir. Krosin isə sarı rəngli maddədir, suda və spirtdə yaxşı həll olur, ferment təsirindən parçalandıqda iki hissə gensibioza adlı şəkər əmələ gətirir ki, bu da hidroliz nəticəsində qlükozaya çevrilir. Krosin zəfəranın boyayıcı maddəsidir. Elmi təbabətdə zəfəran tinktura şəklində (tinktura - spirtdə və efirdə həll edilmiş dərman cövhəri) və tiryək damcısının tərkibində mədə-bağırsaq xəstəliklərində sakitləşdirici və ağrıkəsici dərman kimi işlədilir. Xalq təbabətində zəfərandan sinir sistemini tonuslandıran maddə kimi də istifadə olunur.

Azərbaycan xalqı zəfəranın qurudulmuş tellərindən 50-dən çox şirniyyat məmulatı hazırlanmasında istifadə edir. Ət və balıq xörəklərinə onun sulu məhlulu əlavə edildikdə həmin məhsullar xoşagələn rəng alır, dadlı və xoş ətirli olur.

Zəfəran çox qədim zamanlardan bəri həm də qiymətli dərman və yaxşı sarı boyaq kimi istifadə edilir. Hələ eramızdan çox-çox əvvəl İran, Vavilon, Midiya hökmdarlarının ayaqqabıları zəfəranla sarı rəngə boyadılardı. Məşhur yunan həkimi Hippokrat zəfərandan müalicə məqsədilə çox istifadə etmişdir.

Zəfəran qədim Misir, Babilistan, İran və digər Asiya ölkələrində, Romada boyaq maddəsi kimi işlədilir, təbiblər onunla bir çox xəstəlikləri müalicə edirdilər. Zəfəran iştahasızlığı, yuxusuzluğu, sinir zəifliyini aradan qaldırır, orqanizmi gücləndirir. Hətta baş, ürək, göz, qulaq ağrıları zamanı zəfərandan istifadə effektli sayılır, öskürəyin qarşısını alır, qızdırmanı salır. Vaxtilə zəfəran çox baha olduğundan ondan əsasən şahlar, krallar və zadəganlar istifadə edərmişlər. Şahlar, sultanlar və onların xanımlarının paltarları bu bitkinin rəngi ilə boyanardı. Kübar qadınlar saçlarını zəfəranla boyayardılar. İngiltərədə isə həddən ziyadə qiymətli bitki olduğu üçün qadınlara zəfəranla saçlarını boyamaq qadağan edilmişdi.

Avropada orta əsrlərdə saxta zəfəranı bazara çıxaranlar edam olunurdu. Ümumiyyətlə, dünyada əsrlər boyu zəfəran möcüzəvi keyfiyyətlərə malik bitki kimi sevilib, qorunub. İndi də belədir. Zəfərandan əsasən boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça və s. boyamaq üçün geniş istifadə olunub. Buna səbəb həm boyama gücünün həddindən artıq çox olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng verməsi idi. Amma zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi kimi çox az istifadə olunur.

Azərbaycan dilindən başqa ərəb dilində də bu bitkiyə "zəfəran" deyilir. İspanca "azafran", ingiliscə "saffron", fransızca "safrane", italyanca "zaferano" və hind dilində "zuffron" adlanır.

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Zəfəran (Crocus) bitkilər aləminin “örtülütoxumlular” şöbəsinin “ikiləpəlilər” sinfinin “quzqonmazçiçəklilər” sırasının Zanbaqçiçəklilər (İridaceae) (süsənkimilər) fəsiləsinə aid olan bitkidir. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Dünyada zəfəranın 70 cinsinə aid 1800 növü məlumdur. Bunlardan yalnız biri mədəni halda becərilir. Mədəni zəfəranın (Crocus sativus L.) yeraltı hissəsi yumru soğanaqlardan ibarətdir. Zəfəran bu soğanaqlar vasitəsi ilə çoxaldılır. Hündürlüyü 0,2 m-ə qədər, birləpəli, ensiz - tel yarpaqlı, 1-2 çiçək gətirən və yeraltı yumruları ilə çoxalan çoxillik ot bitkisidir. Açıq qırmızı və ya qırmızı-bənövşəyi gözəl çiçəkləri vardır. Zəfəranı dünyada məşhurlaşdıran onun çiçəyinin içərisindəki dişicik telləridir. Hər bir çiçək tacının ortasından al-qırmızı rəngli (parlaq narıncıya çalan qırmızımtıl) üç ədəd dişiciyi yetişir ki, bu çiçəklərin də son dərəcə xoşagələn ətirli iyi və acıtəhər dadı olur. Bu tellərin əvəz olunmaz müalicəvi əhəmiyyəti midiyalılara, assurilərə hələ o vaxtlar məlum idi. Dişiciyin ağzı baş tərəfdən qıfvari formada iriləşmişdir. Zəfəran cinsinin adı yunanca “krokus” - (crokus sap deməkdir - dişi çiçəklərinə görə verilmişdir), növün adı isə latınca “sativus” - əkilən sözlərindən götürülmüşdür.

Zəfəran bitkisində gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqları ensiz, uzunsov, tünd yaşıl rəngdədir. Kök ətrafında yerləşərək rozet əmələ gətirir. Uzunluğu 44-50 sm-ə çatır. Soğanaqların çiçəkvermə qabiliyyəti onların böyüklüyündən asılıdır. Diametri 1-2 sm olan soğanaqların çox az hissəsi çiçəkləyir. Diametri 2-3 sm olan soğanaqların hərəsi orta hesabla bir çiçək verir. Diametri 3-4 sm olan olanların hərəsi 4-5 çiçək, diametri 4 sm-dən çox olanların hərəsi isə 8-9 çiçək verir. Hər çiçəkdə altı ləçək olur.

Payızda Oktyabr- Noyabr aylarında çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü -180 - dən +400-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır. Zəfəran bitkisi yüksək miqdarda maye tələb edir ki, bu səbəbdən də o yalnız Kəşmirdə illik 1000-1500 mm yağıntı düşməsi səbəbi ilə suvarılmadan yetişdirilir. Hətta illik 500 mm yağıntı düşən Yunanıstanda və 400 mm yağıntı düşən İspaniyada belə zəfəranı yalnız suvarma yolu ilə yetişdirmək mümkündür.

Tarixi və yayılması. Zəfəran neçə əsrlərdir ki, dünyada nadir, müalicəvi, həm də müqəddəs  çiçək sayılır. Bir çox mənbələrə görə zəfəranın becərilməsi 3-4 min il bundan əvvələ təsadüf edir. Bu bitki əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir. Bəzi mənbələrdə qeyd olunur ki, bu nadir bitki Avropaya ərəb istilaları zamanı aparılmışdır.

İran, İspaniya, İtaliya, Fransa, Türkiyə, Çin, Əfqanıstan, Meksika və digər ölkələrdə bu bitkinin onlarca növü yetişdirilir. Bir sıra Avropa dövlətlərinin aqrar siyasətində zəfəran perspektivli bitki kimi dəyərləndirilir, ona investisiya qoyulması təbliğ edilir.

Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran istehsalının 65%-dən çoxu düşür. İran hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir. Bu ölkələr əsasən İspaniya, BƏƏ, Almaniya, İtaliya, Fransa, Bəhreyn və İsveçrədir.

Azərbaycanda Abşeron yarımadası zəfəranı ilə tarixən məşhurdur. Bu bitki Abşerona VIII-IX əsrlərdə kiçik Asiyadan gətirilib. 1941-ci ilə qədər hər il yarımadada 600 kq-a qədər quru zəfəran hazırlanırmış. Hazırda Abşeron rayonunun Bilgəh qəsəbəsində becərilən zəfəran ədviyyələrin ən qiymətlisi hesab olunur. Azərbaycan mətbəxinin şah xörəyi sayılan əsl plovu da zəfəransız təsəvvür etmək çətindir. Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişlidir. Hələ 1927- ci ildə Bilgəhdə “Zəfəran” sovxozu da yaradılmışdı. 140 hektar sahəsi olan sovxozda il ərzində 140-150 kiloqram quru zəfəran yığılardı. Dünya bazarında bir qram zəfəranın qiyməti keyfiyyətindən asılı olaraq 1-10 manat arasında dəyişir. Qeyd edək ki, Bakının Məmmədli, Maştağa, Nardaran, Pirşağı, Fatmayı kəndlərində yetişdirilən bu bitki yüksək keyfiyyətinə görə həmişə fərqlənib. Məhsuldarlıq yüksək olduğundan daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilib. Hətta Abşeronda yarım tondan artıq zəfəran yığıldığı vaxtlar da olub.  Vaxtilə Bilgəh kəndində hər tərəf zəfəran idi. Kəndin sakinləri bu bitkidən yaxşı qazanc götürürdü. Bilgəhdə “zəfəran” sovxozunun ləğv edilməsi, torpaqların bir qismində yeni yaşayış evlərinin tikilməsi zəfəran sahələrinin azalaraq 20 hektara enməsinə səbəb oldu. İndi Abşeronda il ərzində  təxminən 60-70 kiloqram zəfəran tədarük olunur. Halbuki təbii şəraiti imkan verən əksər ölkələrdə onun qorunub artırılmasına xüsusi önəm verilir.

Bir kiloqram quru zəfəran almaq üçün 200-250 minə yaxın çiçək lazımdır. Azərbaycanda ən keyfiyyətli zəfəran Bilgəhdə yetişir. Görünür, bu, kəndin havasındandır. Bilgəh qəsəbəsində elə ailə  var ki, 1 kiloqramadək quru zəfəran istehsal edə bilir. Abşeronun iqlim və torpaq şəraitinin əlverişli olmasına baxmayaraq bu bitkiyə ayrılan sahə çox azdır. Məhsuldarlıq isə son vaxtlar aşağıdır. Hər sentnerin maya dəyəri baha başa gəlir. Bunun bir səbəbi də əkin materialının az olması, əkən becərən texnikanın qıtlığıdır. Başlıca səbəbi isə aqrotexniki tədbirlərin düzgün həyata keçirilməməsidir. 

Nədənsə ölkəmizdə sahibkarlar bu sahənin perspektivlərini aydın görmürlər. Bəlkə də bu, xaricdən və əsasən İrandan gətirilən ucuz zəfəran bazarını ələ keçirməsi ilə bağlıdır. Orta hesabla hər bir insanın bu məhsula illik tələbatını cəmi bir qramdan hesablasaq, Azərbaycanın zəfərana olan illik tələbatı 9 tona çata bilər. Bu rəqəmin özü də  zəfəranın perspektivinin böyük olmasından xəbər verir.

Əvvəllər belə hesab edilirdi ki, Azərbaycanda yalnız Abşeron yarımadasında bu qiymətli bitkidən məhsul almaq mümkündür. Artıq məlumdur ki, Abşerondan başqa Azərbaycanın digər bölgələrində də məsələn Bərdə rayonunda və Gəncə-Qazax bölgəsində də zəfəran yetişdirmək mümkündür. Bunun üçün yeni texnologiyalar tətbiq etmək, məhsulu tanıtdırmaq üçün ilk vaxtlar təbii ki, daha çox iş görülməlidir.

Zəfəranın becərilməsi texnologiyası. Zəfəranın əkilməsi üçün torpaq yüngül, qumsal olmalıdır. Yaxşı olar ki, torpağa hər hektara 20 ton hesabı ilə çürümüş peyin verilsin. Ən yaxşı əkin vaxtı iyul-avqust aylarıdır.

Soğanaqlı yumruları əkməzdən qabaq iki faizli marqanes məhlulu ilə 40-50 dəqiqə ərzində dezenfeksiya etmək lazımdır. Əkin 5-12 sm dərinliyində, bitki arası 20-30 sm, cərgə arası 10-15 sm olmaqla aparılmalıdır. Yaxşı olar ki, əkindən sonra hava quraq olarsa, bir dəfə bol suvarılsın.

Vegetasiya ərzində sonrakı qulluq qaydaları suvarmadan, yemləmə gübrələrinin verilməsindən (iyul, avqust) və alaq otlarına qarşı mübarizədən, cərgəaralarının yumşaldılmasından ibarət olmalıdır.

Zəfəran oktyabr-noyabr aylarında çiçəkləyir. Birinci il əkilmiş bitkilərdə 2-3 və daha çox açıq bənövşəyi rəngli çiçəklər əmələ gəlir. Çiçəkləri səhər-səhər toplayır və içərisindəki dişicik tellərini ayırırlar. Ayrılmış dişicik telləri gün düşməyən yerdə 18-22 0C istilikdə qurudulur, sonra kiçik polietilen torbalara tökülür, bu torbalar isə dəmir qablara qoyulub satışa göndərilir. Bu qayda ilə qurudulub toplanmış telciklər öz ətrini, rəngini uzun müddət saxlayır. Yaxşı olar ki, tədarük edilmiş zəfəran telləri ağzı kip bağlanan şüşə qablarda saxlanılsın. Bu qaydalara əməl edilsə o, keyfiyyətini itirmədən 10-15 il qala bilər. Qurudulmuş zəfəran ləçəklərini çay ilə birlikdə dəmləyib içmək olar. Bəzi ölkələrdə (məsələn, İspaniyada) zəfəran xüsusi ələklərin içərisində közərdilmiş kömür üzərində 15-20 dəqiqə müddətində qurudulur, sonra xüsusi qablarda dünya bazarına göndərilir. Hesablamalar nəticəsində müəyyən edilmişdir ki, 1 kq zəfəran əldə etmək üçün 200 -250 minə qədər zəfəran bitkisinin çiçəyi tələb olunur.

Zəfəranın çoxalma əmsalı respublikamızın ayrı-ayrı rayonlarında 3-12 ədəd olur. Soğanaqlı yumruların torpaqdan çıxarılması yerüstü yarpaqlarının tam quruyan vaxtı aparılmalıdır. Bu təxminən may ayının axırlarına düşür. Yaxşı olar ki, əkilmiş zəfəranın soğanaqlı yumruları 3-4 ildən bir çıxarılıb təmizlənsin, ölçülərinə görə çeşidlənsin və sonra əkilsin və yaxud əkin vaxtına kimi quru sərin yerdə saxlanılsın. Əks təqdirdə soğanaqlı yumrular torpaqda çox qaldıqda məhsuldarlıq aşağı olur və cırlaşır.

Əkilməsi. Zəfəran Abşeronda iyul, avqust aylarında əkilir. Cərgəarası məsafə 30-50 sm, cərgədəki soğanaqların arasındakı məsafə 8-10 sm olmalıdır. Bundan sıx əkildikdə məhsulun keyfiyyəti aşağı düşür. Soğanaqlar 15-20 sm dərinliyə əkilir.

Becərilməsi. Becərməyə çiçək yığımı qurtarandan sonra başlamaq lazımdır. Bu zaman cərgə aralarına kultivasiya çəkmək lazımdır. Kultivatorun cərgəyə yaxın dişləri 8-10 sm dərinliyə, orta dişləri isə 16 sm dərinliyə batmalıdır. Kultivatorun yan dişləri cərgədən 10 sm aralı keçməlidir.

Cərgə aralarına kultivasiya çəkiləndə yığım dövründə tapdanıb bərkimiş torpaqlar yumşalır, havanın daxil olması asanlaşır. Cərgələrin yanlarında qalan müdafiə zolağı ketmənlə, cərgənin özü isə dəmir dırmıqla yumşaldılır, alaq otları təmizlənir. Dırmıqlardakı dişlərin arası elə olmalıdır ki, iş vaxtı o, pöhrələrin üstünə düşüb onları sındırmasın. Sonralar cərgə aralarında alaq və ya suvarmadan sonra qaysaq bağladıqda kultivatorla yumşaldılır.



Gübrələnməsi. Abşeronun açıq-boz torpaqlarının tərkibində qida maddələri azdır. Odur ki, torpağı əkinə hazırlayanda sahəyə əlavə gübrə vermək lazımdır. Zəfəranın çiçəkləri yığıldıqdan sonra onun intensiv böyüməsi başlayır (noyabrın axırı və ya dekabrın əvvəli). Odur ki, birinci dəfə əlavə gübrəni dekabrın əvvəllərində səpmək olar. Zəfəran əkilərkən torpağa kifayət qədər superfosfat və kalium duzu verildiyindən əlavə gübrə kimi yalnız ammonium şorasından istifadə edilir. Dekabr və fevral aylarında hektara 150 kq ammonium şorası, ikinci ildən etibarən isə hər hektara əlavə olaraq 200 kq superfosfat və 100 kq kalium duzu verilir. Sahənin hər yerinə eyni miqdarda gübrə səpmək düzgün deyil. Çünki, zəfəranın kökləri şaxələnmədən şaquli istiqamətdə uzanır. Kənara verilən gübrənin ona heç bir faydası olmur.

Suvarılması. Suvarma zəfəranın məhsuldarlığını və yumru soğanaq çıxımını artırır. Lakin suvarma zamanı bitkinin bioloji xüsusiyyətlərini nəzərə almaq vacibdir. Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, payızın əvvəlində yağışlar olanda zəfəranın vegetativ orqanları sürətlə inkişaf edir. Bu zaman su qənaətlə verilməlidir. Payız quraq keçdikdə isə yalnız oktyabr ayında bitkilər suvarılmalıdır.

Zərərvericiləri. Zəfəranın əsas zərərvericiləri dovşanlar və siçanlardır. Dovşanlar zəfəran yarpaqlarını böyük iştaha ilə yeyir. Siçanlar isə torpağın altında yuva düzəldib zəfəranın soğanlarını zədələyir və ya tamam yeyir. Zədələnmiş soğanaqların yerüstü hissələri, yarpaqları saralır və quruyur. Ərəb dovşanları və siçanları sink fosfid qarışdırılmış buğda dənələrini yuvaya qoymaqla məhv etmək olar.

Xəstəlikləri. Rizoktoniya və sklerotina göbələk xəstəlikləri də zəfəranın düşmənidir.  Rizoktoniya xəstəliyinə tutulmuş plantasiyada yarpaqlar saralır. Bu zaman göbələk mitseli soğanaqların səthini örtür və tədricən soğanağın içinə keçir. Xəstələnmiş yumru soğanaqların üzərində içərisində hisə oxşayan kütlə ilə dolu çuxurlar əmələ gəlir. Sklerotina göbələyi ilə xəstələnmiş yumru soğanaqlar cücərməyə başlayır. Hər iki xəstəliyə tutulmuş soğanaqları dərhal seçib ayırmaq və əkin qabağı formalinlə dərmanlamaq lazımdır. Bütün bunlarla yanaşı zəfəranın əkilməsi, becərilməsi, yığılması  mexanikləşdirilməlidir. Əgər belə olmazsa yuxarıda adları çəkilən bütün tədbirlər həyata keçirilsə də yüksək məhsuldarlıqdan söhbət gedə bilməz.

Hər bir zəfəran həvəskarı yuxarıda göstərilən qaydalara əməl etsə ev şəraitində və həyətyanı sahəsində zəfəranı əkib becərə bilər. Onun zərif çiçəkləri evə yaraşıq verər, 3-5 ədəd teli isə xörəklərinizi sap-sarı rəngə boyayar və əla tam verər. Qida sənayesində, mətbəximizdə zəfəran işlətmək ənənəsini bərpa etmək, bu nadir məhsulun üstünlüklərini təbliğ etmək, onu becərənlərə mənəvi və maddi dəstək vermək zəfəranın becərilməsini stimullaşdıra bilər. Fikrimizcə, Kənd Təsərrüfatı Nazirliyi rayon icra hakimiyyətləri ilə birlikdə  maarifləndirici tədbirləri həyata keçirsə, zəfəranla bağlı bir neçə saytın yaradılmasına təkan versə, bu məhsulu yetişdirənlərin birliyi yaradılsa, həmin bitkiyə maraq artar, bu sahənin inkişafında dönüş yarana bilər, yeni iş yerləri yaranar. Göyçayda Nar bayramı keçirildiyi kimi, Bakıda da zəfəran bayramı təşkil etmək olar. Axı, zəfəran çiçəklərin sultanı, min bir dərdin dərmanıdır. (Mənbə Elnur Hadıyev. Azərbaycan qəzeti).
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə