Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu



Yüklə 0,99 Mb.
səhifə5/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Şitilin becərilməsi. Tütün yalnız şitil üsulu ilə becərildiyindən, şitilliklərdə, polietilen örtük altında, günəş istixanalarında yetişdirilir. Xəstəlik və zərərvericilərdən uzaq olmaq üçün şitillər yaxşı işıq düşən ləklərdə tütün tarlasından 500 metr aralı yerlərdə becərilir. Şitil 35- 65 günə tarlaya köçürmək üçün tam hazır olur.

Bir m2–ə 0,6 qram toxum səpilir, soyuq ləklərdə isə 1 qrama çatdırılır.

Qulluq işləri suvarma, havalandırma alaqların təmizlənməsi, yemləmə, xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir.

Səpindən cücərtilərin alınmasına qədər 22-28 0C temperatur, çıxışdan sonra isə 25 0C əlverişlidir.

Şitilləri 3-4 dəfə üzvi və mineral gübrələrlə yemləndirmək lazımdır. Üzvi gübrə kimi əsasən quş zılı (quş peyini) şirəsindən (1:20 nisbəti) istifadə edilir.

Mineral gübrələr məhlul halında 2 qr fosfor, 2 qr azot və 5 qr kalium 2 litr suda həll edilərək 1 m2 - ə verilir. Şitil hazır olduqda hər m2 - də 2000-2500 ədəd olur.

Hər hektar açıq sahəyə 40-60 m2-lik ləklərdə şitil becərilməsi tələb olunur.

Şitillərin əkilməsi. Torpağın üst qatında temperatur 10-12 0C olduqda şitilləri tarlaya köçürürlər.

Xırda yarpaqlı tütünlər 50 x 12 sm sxemində hektara 150-200 min ədəd, orta yarpaqlılar – 60 x 20 -25 sm 80-90 min, iriyarpaqlılar – 70 x 30 və 90 x 30 sm 45-55 min ədəd olur.

Tütün əkildikdə torpağın mailliyindən asılı olaraq şırımların dərinliyi 15-20 sm olmalıdır. Cərgələrin uzunluğu 200 metrdən az olmamalıdır.

Əkinlərə qulluq. Əsas qulluq işləri cərgəaralarının becərilməsidir. Cərgəaralarının becərilməsi 3- 4 dəfə hər 8-12 gündən bir 6-8 və 10-12 sm dərinliyində aparılır.

Suvarılan bölgələrdə 2-6 dəfə suvarma həyata keçirilir. Suvarma norması hektara 500-800 m3 - dir. Aşağı şitil yarpaqları, yarpaq qoltuğundakı bicləri təmizləmək və ucunun vurulması həyata keçirilir. Çiçəkləmə başladıqdan sonra 3-4 dəfə aşağı yarpaqlar təmizlənir və biclər vurulur. Belə qulluq məhsul artımına səbəb olur, ehtiyat qida maddəsi biclərə və çiçək süpürgəsinə yox yarpaqlara sərf olunur.

Alaq otlarına qarşı şitilliklərə və sahələrə herbisidlərin çilənməsi (əl ilə) becərilmə işlərinin sayını azaltmağa, bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsinə şərait yaradır.

Generativ orqanlar sayılan qönçə, çiçək, qozalar və s. hazır qida maddələrindən istifadə edirlər. Yarpaqlarda əmələ gələn qida maddələri bu orqanlara axdığından yarpaqlar nazikləşir, keyfiyyəti aşağı düşür.

Aşağı şitil yarpaqlar təmizlənərək yandırılır. Təmizləmə işləri növbəti yaruslardakı yarpaqların yaxşı inkişaf etməsinə səbəb olur. Çiçəkləmənin başlanğıcında 3- 4 dəfə qırılıb təmizlənir, eyni zamanda yan zoğlar da (biclər) təmizlənir. Bu qulluq işləri məhsulu artırır və plastik maddələr təkrarən yan zoğlara və çiçək qrupuna sərf olunmur, əksinə yarpaqlar tərəfindən istifadə olunur.

Məhsul yığımı və qurutma. Yarpaqların yetişməsi eyni vaxtda baş vermir. Əvvəlcə ən yaşlı yarpaqlar, sonra orta və nəhayət yuxarı yarpaqlar yetişir. Yarpaqlar əl ilə 2 ay ərzində 5-10 dəfəyə dərilir. Hər dərəndə bir bitkidən 3-7 yarpaq yığılır. Yığılmış yarpaqlar qurudulma yerlərində çeşidlənərək 5- 6 metrlik iplərdən asılaraq qurudulur.

Qurudulmanın birinci mərhələsi yarpaqların tədricən saraldılmasıdır. Tədricən qurudulduqda nişasta, zülal və xlorofil tədricən parçalanır, yarpaqların keyfiyyətinə mənfi təsir göstərən zülali maddələr azalır, xlorofilin parçalanması nəticəsində yarpaqlar sarı rəng alır. Bu da ki, keyfiyyətli məhsul alınmasının başlıca şərtidir.

İkinci proses saralmış yarpaqların qurudulması, sonra isə rəngin fiksasiyası və nəmləndirilib kameranın boşaldılmasıdır. Bu iş 6-7 günə başa çatdırılır.

Yarpaqların saralması 32-350 C temperaturda 80-85 % nisbi rütubətdə aparılır. Texniki yetişkən yarpaqlar üçün qurutma müddəti 36-48 saat (40- 45 0C), yetişməmiş yarpaqlar üçün isə 60 saatdır. Yarpağın zoğu və saplağı 50-55 0 C - də quruyur.

Yığımdan sonra bir partiyanın qurudulması müddəti 100-125 saat çəkir. Bu üsulla qurudulmuş yarpaqların 95 %-i 1-ci və 2-ci növ olur. Yarpağın nəmliyi 19 %-dən yuxarı olmamalıdır.
Mövzu: 6. ŞƏKƏRLİ BİTKİLƏR. ŞƏKƏR ÇUĞUNDURUNUN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI

Mühazirənin planı:


  1. Şəkər çuğundurunun əhəmiyyəti, yayılması, tarixi və becərilməsi.

  2. Şəkər çuğundurunun botaniki və bioloji xüsusiyyətləri

  3. Şəkər çuğundurunun sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi, gübrələmə.

  4. Şəkər çuğunduru toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  5. Şəkər çuğunduru əkinlərinə qulluq işləri (suvarma, alaqlarla, xəstəlik və ziyanvericilərlə mübarizə).

  6. Məhsulun yığılması.

  7. Şəkər çuğundurunun sort və hibridləri



Ədəbiyyat


  • Cəfərov M. İ. və b. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası, Bakı, 2000, 264 s.

  • Əliyev S. C., Aslanov A. Ə. Şəkər çuğunduru, Bakı, 1991, 36 s.

  • Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s.

  • Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, s.100-144.

  • Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  • Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.

  • Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

  • Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  • Ильевич С. В., Ливинский Ф. А. И назвали свеклу сахарной, М:,1988, 173 с.

  • Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

ŞƏKƏRLİ BİTKİLƏR. ŞƏKƏR ÇUĞUNDURUNUN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI


Kökümeyvəli bitkilər qrupuna çuğundur – beta; yerkökü – daucus carota; (Apiaceae - kərəviz fəs. селдрейные) şalğambrassica napus L. ssp. rapifera Metzger); turneps (yemlik şalğam) brassica rapa L. ssp. rapifera Metzger), yem turpu (Raphanus sativus L. ssp. hybernus Alef. ) və sair cins və növlər daxildir. Bu bitkilər botaniki cəhətcə müxtəlif olmalarına baxmayaraq eyni bioloji xassəyə malik olmaqla birillik və çoxillikdirlər. Lakin mədəni formalarının bitkiləri tam inkişafını iki ildə başa çatdırır.

Səpilmiş toxumdan vegetasiyanın birinci ili yoğunlaşmış ətli kök, kökün başcıq hissəsində yarpaqlar, yarpaq qoltuqlarında isə yatmış tumurcuqlar əmələ gəlir. Ömrünün ikinci ili tumurcuqlar inkişaf edərək gövdə tipli zoğ əmələ gətirirlər ki, bunlar da toxum verir. Beləliklə səpindən yeni toxum alınana qədər iki il keçir.

Bəzi hallarda bitkilərin müəyyən qədəri hələ kökmeyvəsinin tam inkişaf etmədiyi və lazımi qədər ehtiyat qida maddələri toplamadığı halda birinci ili gövdələşmə və hətta meyvəvermə fazasına da keçir. Belə qüvvəli inkişaf cavan bitkilərin yarovizasiya mərhələsinin sürətli keçməsinə səbəb olan alçaq temperaturun təsirindən irəli gəlir. Buna gövdələşmə deyilir. Gövdələşmə kökmeyvəsinin tez oduncaqlaşmasına və şəkərinin azalmasına səbəb olduğu üçün normal vəziyyət hesab edilmir.

Kökümeyvəli bitkilərin Azərbaycanda əkin sahəsi 2010 - cu ildə 200 ha, ümumi yığımı 3600 ton., məhsuldarlığı isə 210 s/ha olmuşdur.



Şəkər çuğundurunun əhəmiyyəti. Şəkər çuğunduru vacib texniki bitkidir. Ondan həm şəkər istehsalı üçün həm də heyvandarlıqda yem kimi istifadə olunur. Bu bitki Azərbaycanda yeganə şəkər istehsalı mənbəyidir. Dünya ölkələrinin 50-dən çoxu şəkəri şəkər çuğundurundan istehsal edirlər. 70-ə yaxın ölkələr isə şəkəri şəkər qamışından alırlar. Şəkər çuğundurunun tərkibində 18-22% şəkər vardır.

Yemlilik dəyərinə görə şəkər çuğunduru yem çuğundurundan 2 dəfə üstündür. Yarpaqları xüsusilə qida elementləri ilə daha zəngindir. Yarpaqlarda 2-3% zülal, 0,4% yağ və müxtəlif vitaminlər vardır.

Şəkər çuğundurunun 1 sentneri 26 yem vahidi yaxud 1,2 kq proteinə bərabərdir. Yarpağın bir sentneri isə 20 y.v.-nə bərabərdir.Yem çuğunduru müvafiq olaraq 12 və 9 y.v.-ə bərabərdir. Şəkərin emalından sonra zavodlarda çoxlu tullantılar (30 ton məhsuldan 24 ton tullantı) alınır ki, bu tullantılardan spirt, qliserin, pektin kleyi, süd turşusu, limon turşusu istehsalı üçün istifadə edilir. Eyni zamanda bu tullantıdan heyvandarlıqda yem kimi və təsərrüfatlarda üzvi gübrə kimi də istifadə olunur. Tullantının quru halda 1 sentneri 80-85 yem vahidinə, yaş və turş halda isə 8-10 yem vahidinə bərabərdir.

Onu da qeyd etmək lazımdır ki, şəkər çuğundurunun yarpaqları ilə heyvanların çox yemləndirilməsinə yol vermək olmaz. Belə ki, yarpaqlarda həm təmiz halda, həm də siloslaşdırılmış formada çoxlu quzuqulağı turşusu olur ki, bu da heyvanlarda kalsium elementinin mübadiləsini pozur.

Şəkər çuğunduru hektardan 40-50 ton məhsul verərsə bundan 7-8 ton şəkər alınır.

Bitkinin tarixi. Tədqiqatlarla müəyyən edilmişdir ki, şəkər çuğunduru yabanı halda bitən, yarpaq çuğundurundan (Monqold növmüxtəlifliyindən) əmələ gəlmişdir. Birinci dəfə şəkər çuğundurunun yarpaq forması mədəni hala salınıb. Sonra (XVIII əsr) kökümeyvə formasına keçilib. Şəkər çuğunduru öz başlanğıcını ağ tərəvəz çuğundurundan götürmüşdürki, o da az məhsuldar yarpaq çuğunduru ilə məhsuldar yem çuğundurunun çarpazlaşdırılması yolu ilə alınmışdır. Yabanı çuğundur bitkilərinə Kiçik Asiya, Zaqafqaziya, Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz sahillərində rast gəlinir. Bu bitkinin becərilməsinə eramızdan 1500-2000 il əvvəl başlanılmışdır. Dəclə və Fərat çayları vadilərində yaşayan insanlar bu bitkinin yarpaqlarından müxtəlif xörəklər hazırlayırlarmış. Çuğundurun kökümeyvə kimi becərilməsinə XVIII əsrin əvvəllərindən başlanılmışdır.

Çuğundur İran sözü olub müxtəlif dövrlərdə «çundur», «çuvundar», «çakendar», «şaqonder», «şuqundar», «çuğundur», və s. adlandırılmışdır.

Çuğundur sonralar Aralıq dənizi ölkələrinə, Fransa, İtaliya, İsveçrə, İspaniyaya və s. yerlərə yayılmışdır.

Çuğundurda saxoroza olduğunu 1747-ci ildə Markqraf (Almaniya) qeyd etmışdır. Şəkər çuğundurundan zavod üsulunda şəkər istehsalına başlamaq təklifini 1799-cu ildə Axard vermişdir. Şəkər çuğundurundan şəkər istehsal edən birinci şəkər zavodu 1801- ci ildə Almaniyada tikilmişdir. Rusiyada ilk dəfə 1792-ci ildə Moskva universitetinin professoru İ. Bindqeym kökümeyvəli çuğundurdan şəkər almağı təklif etmışdır. M. Q. Pavlov (1792-1840) çuğundurun Moskva ətrafında becərilməsinin mümkünlüyünü sübut etmişdir. 1802- ci ildə Rusiyada Tula quberniyasının Alyabevo kəndində Yesipov tərəfindən ilk şəkər zavodu tikilmişdir.



Yayılması və məhsuldarlığı. Şəkər çuğunduru əsasən Ukraynada, Rusiyada, Çində, Polşada, Fransada, İngiltərədə, Almaniyada, İtaliyada çox yayılıb. Onu Belarusda, Yaponiyada, Belçikada, Macarıstanda, Türkiyədə Gürcüstanda və ABŞ – da becərirlər. Yer kürəsində becərilən şəkər çuğunduru əkinlərinin 80%-i Avropanın payına düşür.

Dünya əkinçiliyi sistemində (2013-cü il) 9,0 milyon hektardan çox əkin sahəsi mövcuddur. Rusiyada 1,3 mil. ha-a yaxın (24,5 mil. ton) əkin sahəsi var, məhsuldarlığı isə 17,8 ton/ha-dır.

Azərbaycanda bu bitkinin əkin sahəsi 2010- cu ildə 8500 ha, 2011-ci ildə 7300 hektar, 2012-ci ildə 3600 hektar, 2013- cü ildə isə 5466 hektar olmuşdur. Respublikanın şəkərə olan illik tələbatı 300 min tondur.

Respublikada 2012-ci ildə 173 800 ton, 2013 - cü ildə isə 187923 ton şəkər çuğunduru istehsal edilmişdir.

Mətbəx çuğundurunun Azərbaycanda əkin sahəsi 2010 - cu ildə 425 ha, ümumi yığımı 4959 ton., məhsuldarlığı isə 117 s/ha olmuşdur.

Çuğundur yüksək məhsuldar bitkidir. Dünyada orta məhsuldarlığı 34,3 t/ha-dır. Orta məhsuldarlıq Krasnodar diyarında hektardan 450 sen. Ukraynada isə 300-400 sentnerə, Azərbaycanda isə 334 sen.- ə (2013) çatır (2011-ci ildə 346 sen).



Botaniki təsviri. Çuğundur (Beta) cinsi unluca (tərəçiçəklilər) (Chenopodiaceae, маревые) fəsiləsinə daxil olan birillik, ikiillik və çoxillik növləri (14 yabanı, 1 mədəni) özündə birləşdirir. (ing. sugar beef, rus. сахарная свекла). Tarixinə görə o Aralıq dənizi floristik vilayətinə daxildir. Çuğundur (Beta) cinsinin bir neçə yarımnövü vardır. Onlardan adi çuğundur ssp. vulgaris polimorf olmaqla çuğundurun bütün mədəni birillik və ikiillik formalarını özündə birləşdirir. Öz növbəsində bu yarımnöv bir neçə növ müxtəlifliyinə bölünür: şəkər çuğunduru (v. saccharifera), mətbəx çuğunduru (v. esculenta), yem çuğunduru (v. crassa) və yarpaq (manqold) çuğunduru (v. cicla).

Çuğundurun növləri. İrimeyvəli - Beta maerorrhiza – nəmliyə tələbkar, şaxtaya davamlı, dağlıq zona bitkisidir. Dəniz səviyyəsindən təxminən 1700-2000 m-ə qədər yüksəklikdə olan dağ zonalarında bitir. Torpağın 1,5 m dərinliyinə işləyən yan kökləri əmələ gətirir. Meyvəkökünün kütləsi 10 kq-a çatır. Tərkibində 8-12%-ə qədər şəkər toplanır.

Gövdəsi şırımlı kimidir. Kökboğazı yarpaqları uzun saplaqlı, demək olar ki, dairəvidir. Gövdə yarpaqları yumurta formalı, iridir.

Bu növün bütün yarpaqları antosian rənglidir. Meyvəsi (toxumu) olduqca iridir.

Haşiyəli meyvəli – Beta lomatogona – buna bir toxumlu çuğundurda deyilir. Şaxtaya və quraqlığa davamlı, çoxillik alaq bitkisidir.

Azərbaycanın karbonatlı torpaqlarında təsadüf edilir. Şaxələnən və torpağın dərin qatlarına işləyən kök əmələ gətirir. Xüsusi kök hissəsi bir qədər yoğunlaşmış, qaba lifli kimidir. Meyvəkökün çəkisi 30-150 qram, şəkərliliyi isə 3,5-11%-ə qədərdir. Kolu çoxgövdəlidir, ancaq yarpaqlanması zəifdir. Yarpaqları uzun saplaqlı, uzunsov, yumurtavari, yaxud lansetvaridir. Çiçəkləri gövdələrin üzərində bir-bir yerləşir. Çiçək yanlığının dilimləri ağ haşiyəli olduğuna görə haşiyəli adlanır. Meyvəsi çox toxumludur.



Üç sütuncuqlu - Beta trigyna - yabanı növləri ən çox yayılanlar sırasındadır. Əksər formaları şaxtaya davamlıdır. Azərbycanda Xəzər dənizi sahilində təsadüf edilir. Kökümeyvənin kütləsi 7-10 kq, şəkərliliyi 9,6-14%-ə qədərdir. Gövdəsi qabırğılı, antosian rəngli, gövdə yarpaqları yumurtavarı, yaxud lansetvarıdır. Çiçək qrupu sıx və çoxçiçəkli sünbülə bənzərdir. Meyvəsi (kələfcəsi) 2-3 toxumludur.

Çoxillik çuğundur – Beta perenneae – quraqlığa, şoranlığa və xəstəliklərə qarşı davamlıdır. Kökü silindirşəkilli, şaxəli, oduncaqlaşmışdır. Tərkibində 10-12% şəkər olur. Kolu dağınıqdır. Gövdə yarpaqları yuxarı hissədə lansetvarı, orta və aşağı mərtəbədə bir qədər enlidir. Kök boğazı yarpaqları (1-ci ili) uzun saplaqlı, az hallarda zəif tüklü olur. Meyvəsi 2-3 toxumludur. Azərbaycan respublikasının Apşeron rayonunda təsadüf edilir.

Şəkər çuğunduru ( Beta saccharifera ) ikiillik bitki olduğu üçün birinci ili yarpaq və şirəli kökümeyvə əmələ gətirir, ikinci ili isə zoğ verərək çiçəkləyir və meyvəsini verir (yəni toxumunu). Bəzən həyatının birinci ilində çiçək verən bitkilərə də təsadüf edilir. Belə hal adətən yarovizasiya və işıq mərhələsini birinci ildə keçirən bitkilərdə rast gəlinir. Mədəni çuğundurun kökümeyvəsi iri olub 0,3-0,5 kq (8 kq) şəkərliyi 18-22%, bəzən də 24-25% olur. Meyvəkök ağ rəngli və konus şəkillidir. Meyvəkök üç hissədən ibarətdir: a) yarpaq rozetinin yerləşdiyi- başcıq; b) tumurcuqları və yan kökləri olmayan- boyuncuq; v) yan köklərin meyvəyə birləşdiyi ən aşağı hissə-quyruqcuq.

Şəkər çüğundurunun yarpaqları kökün üzərində rozet şəklində düzülür. Yarpaq ayası enli, saplaqları isə uzun olur. Hər bitkidə 50-90 ədəd yarpaq əmələ gəlir. Yarpağın ömrü 25-70 gün arasında dəyişir. İlk dəfə əmələ gələn yarpaqların həyat fəaliyyəti daha uzun olur. İlk yarpaqların ayası dəyirmi, sonrakılar isə uzunsov-ürəkvari olur. Bir bitki 3000 m2 yarpaq sahəsi əmələ gətirə bilər. Bitkinin həyatının ikinci ilində kökümeyvədə əvvəlcə rozet yarpaqlar, sonralar isə yarpaqlı zoğlar əmələ gəlir. Zoğun aşağı hissəsində yarpaqlar iri yuxarı hissəsində isə xırda olur. Xırda göyümtül-yaşıl rəngli çiçəkləri var. Çiçəkləri ikicinslidir, qruplarda toplanmışdır. Hər qrupda 2-6 çiçək olur. Hər çiçəkdə 5 ləçək, 5 erkəkcik vardır. Dişiciyinin ağzı üçdilimlidir. Erkəkciklər tez yetişdiyindən çarpaz tozlanırlar.

Çuğundurun meyvəsi xırda qozcuqdur. Yetişən zaman meyvələr bir-biri ilə birləşərək kələfcə əmələ gətirirlər. Hər kələfcədə 2-6 toxum yerləşir. Kələfcəni təşkil edən meyvələrin hər birisi nəhayətində dişicik ağzının üç çıxıntı kimi izi qalmış xırda qozcuqdur. Meyvənin mütləq kütləsi 20-50 qram arasında dəyişir. Toxumları böyrəkşəkilli və parlaqdır. Toxumluq kələfcələr kələ-kötür, qonuru-sarı rəngli olur. Çuğundurun əsil toxumu parlaq qonuru - qırmızı rəngli qlafdan və ikiləpəli rüşeymdən ibarətdir. Ləpələrin arasında gövdə tumurcuğu və kökcüyün bünövrəsi (rüşeym kökcüyü), tumurcuqla kökcük arasında isə ləpəaltı dizcik yerləşir.



Bioloji xüsusiyyətləri. Şəkər çuğundurunun toxumları 4-5 0C temperaturda cücərməyə başlayır lakin, cücərti torpaq səthinə gec çıxır. Çıxışların tez alınması üçün (5-6 gün) 15-20 0C temperatur lazımdır. Temperaturun 23 0C-dən çox olması üzvü maddənin sintezini ləngidir. Normal böyüyüb kökümeyvə məhsulu yaratmaq üçün 2200-2600 0C aktiv temperatur lazımdır. Bitki 1 ton kökümeyvə əmələ gətirmək üçün 8 ton su sərf edir. Toxumun cücərməsi üçün öz kütləsinin 170%-i qədər nəmlik tələb edir. Bitkinin normal inkşafı üçün nəmlik torpaqda ən azı tarla rütubət tutumunun 70%-i həddində olmalıdır. Transpirasiya əmsalı 240-400 arasında dəyişir.

Şəkər çuğunduru işıq sevən uzun gün bitkisidir. Yarovizasiya mərhələsini 0-8 0C temperaturda keçirir. Yaz səpinlərində yarovizasiya mərhələsi yazda başa çatmadığından bütün il boyu davam edir. Bəzi bitkilərdə yarovizasiya mərhələsi qısa müddətdə başa çatdığından onlar birinci ili zoğ verib toxum əmələ gətirirlər. Normal bitkilər ikinci il çiçəkləyib toxum verir. Bitkinin vegetasiya müddəti 1-ci ili 150-170 gün, 2-ci ili isə 130 günə qədər davam edir.



İnkişaf fazaları: 1) cücərmə, 2) çatal, 3) I cüt əsl yarpaq, 4 ) II-III cüt əsl yarpaq, 5) 7 yarpaq, 6) cərgəaralarının qapanması, 7) cərgəaralarının açılması, 8) texniki yetişkənliyin başlanması.

Çuğundurun inkişafı həyatının birinci ilində üç dövrə ayrılır. 1-ci dövr 1,5-2 ay davam edir, bu dövrdə yarpaqlar və kök sistemi əmələ gəlir, 2-ci dövrdə kökmeyvələr sürətlə böyüyür, 3-cü dövrdə isə kökümeyvələrdə şəkərin toplanması sürətlə gedir.

Şəkər çuğundurunun suya tələbatı həyatının müxtəlif dövrlərində eyni deyildir. Toxumun cücərməsi və cücərtilərin kök əmələ gətirməsi dövründə bitki suya daha çox tələbat göstərir.

Şəkər çuğunduru üçün üzvi maddələrlə zəngin, yüngül və orta qranulometrik tərkibli şabalıdı, qonur və qəhvəyi strukturlu torpaqlar daha əlverişlidir. Ağır, möhkəm qaysaq əmələ gətirən gilli boz torpaqlar, daşlı, çınqıllı torpaqlar şəkər çuğunduru becərmək üçün yaramır.

Zəif turş və neytral reaksiyalı (pH-6,5-7,5) torpaqlar çuğundur üçün daha əlverişli hesab olunur. Torpaq reaksiyasının pH-6-dan aşağı olması bitkinin böyüməsinə mənfi təsir göstərir, zərərverici və xəstəliklərin təsirinə məruz qalır.

Qumlu və qumsal torpaqlardan yüksək məhsul götürmək üçün üzvi gübrədən istifadə edilməlidir.

Şəkər çuğunduru üçün torpağın əkin qatında optimal sıxlıq (həcmi kütlə) 1,0-1,4 q/sm3 həddində olmalıdır. Digər bitkilərdən fərqli olaraq çuğundur torpaqdan xeyli artıq qida elementləri mənimsəyir. Şəkər çuğunduru bir ton əsas və əlavə məhsulla torpaqdan 4-7 kq N, 1,0-3,5 kq P2O5, 5-9 kq K elementi aparır.

Azot qidası çatışmadıqda yarpaqlar zəif inkşaf edir, saralır və tez məhv olur. Azotun çatışmaması fotesintezin intensivliyinə mənfi təsir göstərir. Belə ki, kökümeyvənin böyüməsi və onda şəkər toplanması zəifləyir.

Fosfor çatışmadıqda bitkidə şəkərin sintezi azalır. Fosfor zülalın artmasına, azot elementindən daha yaxşı istifadə edilməsinə və bitkinin vegetasiya müddətinin qısalmasına səbəb olur.

Kalium bitkinin şaxtaya və quraqlığa davamlılığını artırır. Kalium çatışmadıqda yarpaqların kənarı quruyur və kökümeyvədə şəkərin miqdarı tezliklə aşağı düşür.

Kükürd çatışmadıqda yarpaqlarda qonur ləkələr əmələ gəlir və saralmağa başlayır. Dəmir çatışmadıqda yarpaqlarda xloroz xəstəliyi baş verir.

Məhsuldarlığın yüksəldirməsində və şəkərliliyin artırılmasında bor, sink, molibden və kobalt kimi mikroelementlərin də böyük rolu vardır.



Növbəli əkində yeri. Şəkər çuğundurunu alaq otlarından təmiz, münbit və nəmliklə kifayət qədər təmin olunmuş tarlalarda becərmək məqsədəuyğundur. Şəkər çuğundurundan ötrü ən yaxşı sələflər – gübrələnmiş payızlıq buğda, payızlıq arpa, qarğıdalı, birillik dənli-paxlalı bitkilərdir. Şəkər çuğundurunun özü müxtəlif bitkilərdən ötrü – qarğıdalı, darı və dənli-paxlalılar üçün yaxşı sələfdir. Yaxşı olar ki şəkər çuğunduru öz tarlasına 3-4 ildən sonra qaytarılsın.

Torpağın becərilməsi. Becərmədə əsasən alaq otları məhv edilir və torpağın ehtiyat nəmliyi qorunub saxlanılır.

Üzləmə. Payızlıqların yığılması ilə eyni zamanda və ya dərhal ondan sonra kövşən 5-7 sm dərinlikdə diskli üzləyicilər vasitəsilə, kökümsovgövdəli alaqlarla zibillənmiş tarlalarda isə gəvahinli üzləyicilərlə 12-14 sm dərinlikdə üzlənir. Alaq otu toxumlarının cücərməsini gücləndirmək üçün üzləmədən sonra sahədə 600-700 m3/ha həcmində aldadıcı suvarmalar aparılır və 3-4 həftədən sonra şum qaldırılır. Əgər çuğundur əkiləcək sahə çoxilik köküpöhrəli alaqlardan tarla qanqalı, çəhrayı qanqal, tarla sarmaşığı ilə zibillənmiş olarsa şumdan qabaq hektara 2,5-3,0 kq miqdarında başdan-başa 2,4 D-nin amin duzu və ya 1,0-1,5 kq 2,4 D-nin butil efiri 10 kq ammonium şorası ilə qarışdırılaraq 300 litr su ilə sahəyə çilənməli, sonra şum aparılmalıdır.

Dondurma şumu. Şum 28-30 sm dərinlikdə aparılır. Şum qatı kifayət qədər dərin olmayan torpaqlarda torpaqdərinləşdirici tətbiq etmək lazımdır. Üzləmədən sonra aparılan dondurma şumu önkotancıqlı kotanla oktyabr ayında gələcək səpinin eninə aparılmalıdır. Dondurma şumundan əvvəl torpağa üzvi-mineral gübrələr verilir.

Yaz becərməsi. Rütubəti saxlamaq üçün fevral ayında tarlanı şumun eninə malalayırlar. Malalamadan sonra 10-14 sm dərinlikdə kultivasiya edilir. Əgər payız-qış aylarında tarla suvarılmayıbsa səpinqabağı suvarma aparılır. Çünki, ağır torpaqlarda səpsuvar keçirilməsi qaysaq əmələ gətirir və cücərtilər bunun altından çıxa bilmirlər. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı kultivasiya aparılır və mala çəkilir. Kultivasiyanın altına alaqlarla mübarizə məqsədilə müvafiq herbisidlərin biri verilir.

Səpinqabağı hazırlıq bilavasitə çuğundur səpininə 3-4 gün qalmış aparılır. Səpinqabağı kultivasiya şumun istiqamətində, toxumların basdırılacağı dərinlikdə (3-4 sm) aparılır.

Cərgəarası becərilən bitkilərdən sonra şəkər çuğunduru yerləşdiriləcəksə sələf bitkisinin məhsulu yığılan kimi sahə ön kotancıqlı kotanla şumlanır və payız-qış dövründə müvafiq becərmələr aparılır.

Gübrələmə. Yüksək məhsul almaq üçün üzvi və mineral gübrələrin verilməsinin böyük əhəmiyyəti vardır. Yuxarıda qeyd olunduğu kimi şəkər çuğunduru bir ton əsas və əlavə məhsulla torpaqdan 4-7 kq N, 1,0-3,5 kq P2O5, 5-9 kq K elementi aparır. Gübrə norması sələf bitkisindən və torpaqların qida maddələri ilə təmin olunma dərəcəsindən asılı olaraq planlaşdırılır. Yaşıl gübrələr də məhsuldarlığı xeyli artırır. Bu məqsədlə payızlıq taxıllar yığıldıqdan sonra noxud, soya, gülül, lüpin səpilir və sentyabrın axırında şumlanıb torpağa basdırılır. Şəkər çuğunduruna gübrələr planlaşdırılmış məhsula görə balans üsulu ilə verilməlidir. Respublikanın suvarılan açıq şabalıdı torpaqları şəraitində hektardan 500 sentner kökmeyvə məhsulu almaq üçün hektara 20 ton peyin və təsiredici maddə hesabı ilə N140P150K100 verilməlidir. Fosfor və kalium əsas şum altına, azotun 30%-i səpinqabağı becərmədə kultivasiya altına, 70%-i yemləmə gübrəsi kimi 2 dəfəyə –yarısı seyrəltmədən sonra 2-3 cüt yarpaq fazasında və ikinci dəfə 7-ci həqiqi yarpaq fazasında cərgəaraları qovuşanadək verilməlidir. Hektara təsiredici maddə hesabı ilə 1,5 kq bor və 2,2-2,6 kq manqan verilməsi yaxşı nəticə verir.

Kökdənkənar yemləmədə hektara 20 kq fosfor, 20 kq kalium 50 litr suda həll edilərək çilənir. Yemləmə gübrəsi peyin şirəsi ilə də aparılır. Bunun üçün cərgələrin başında çala qazılır, peyin şirəsi ilə doldurulur və suvarma suyu ilə axıdılır. Toxumların bakterial gübrələrlə işlənilməsi də müsbət nəticələr verir.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə