Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu


Çilinglərinin əkilmə texnologiyası



Yüklə 0,99 Mb.
səhifə7/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Çilinglərinin əkilmə texnologiyası: Şəkər qamışı istehsalat şəraitində çilingləri ilə artırılır. Torpaq hazırlandıqdan sonra kotanla araları 1,0-2,5 m olan şırımlar açılır. Şırım arası məsafə torpağın tipindən, qranulometrik tərkibindən, strukturundan və başqa şəraitlərdən asılıdır. Açılmış şırımlara və ya çuxurlara şəkər qamışının çilingləri əkilir. Normal əkin aparılması əkin materialının (çilinglərin) keyfiyyətindən asılıdır.

Şəkər qamışını çalalara (yuvalara) əkmək üçün 40-45 sm-ə qədər dərinliyi olan şırımlar açılır. Şırımların içində xüsusi alətlərlə 25 sm dərinliyində 25 sm diametrində xüsusi çalalar (yuvalar) açılır. Hər yuvaya 2-3 çiling qoyulur. Hektara 60-75 min çiling sərf olunur. Yuva açmadan çiling basdırma texnologiyası daha çox yayılmışdır. Çiling əkərkən diqqət yetirmək lazımdır ki, onun qütblüyü pozulmasın, yəni aşağı hissəsi aşağıya, yuxarı hissəsi isə yuxarı düşsün. Bu çilingin kök bağlamasının normal getməsi üçün vacib amildir. Əkilmiş çilinglərin dibi nəm torpaqla doldurulur. Bir neçə cərgə doldurulduqdan sonra cərgə araları kotanla şumlanır ki, şırımlar örtülsün.

Çilingər cücərdikdən sonra ikinci dəfə cərgə araları şumlanır və bitkilərin dibi doldurulur.

Hindistan şəraitində ən yaxşı əkin vaxtı noyabrın ikinci yarısı, dekabr aylarıdır. Suvarma şəraitində əkini fevrala qədər aparmaq olar. Cərgə araları 150-200 sm, bitki araları 90-135 sm götürülür.

Çilinglər basdırıldıqdan sonra əvvəlcə köklər əmələ gəlir, sonra isə tumurcuq boyverməyə başlayır, bu proses üçün minimum temperatur 9-12 0C həddindədir. Özbəkistandakı (Denau) təcrübədə şəkər qamışının cücərtiləri 15 0C temperaturda çiling basdırdıqdan sonra 40-cı gün, 20 0C -də 20-ci gün, 24 0C temperaturda isə 16-cı gün torpaq səthinə çıxmışdır.

Kubanın tropik zonasında bu müddət 10-12 günə bərabərdir. Cücərtilərin vaxtında çıxması üçün nəmlik şəraitinin də rolu böyükdür. Şəkər qamışının kollanması tropiklərdə cücərtilər əmələ gəldikdən 10 gün sonra, subtropiklərdə isə 25-30 gündən sonra baş verir.

Kollanma fazasında çiling həqiqi kökləri əmələ gəlir. Həmin fazanın qurtarması çiling basdırma dövründən hesablayanda tropik ölkələrdə 112, subtropiklərdə isə 130 gün çəkir. Cərgələr arasında bitkilərin çataqlaşması - qovuşması fazasında qamışın güclü böyümə dövrü başlayır. Bu dövrün müddətindən asılı olaraq gövdə məhsuldarlığı artıb, azala bilər. Vegetasiya dövrü uzun olduqda məhsuldarlıq yüksəlir və əksinə. Bu dövr subtropiklərdə 2-2,5, tropiklərdə isə 6-8 ay davam edir.

Növbəli əkində yeri. Şəkər qamışının becərilmə texnologiyası subtropik və tropik ölkələrdə müxtəlifdir: tropiklərdə çoxillik bitki kimi, subtropiklərdə isə növbəli əkin daxilində beçərilir. Növbəli əkində bir tarlada 1-2-3 il saxlanılıb, sonra paxlalı bitkilərlə növbələşdirilir.

Şəkər qamışını bir tarlada bir neçə il becərdikdə torpaqda qida maddələri azaldığına və xəstəliklərə tutulduğuna görə məhsuldarlıq azalır.

ABŞ-ın Luiziana ştatında aparılan təcrübələr göstərmişdir ki, şəkər qamışını bir tarlada 18 il becərildikdə məhsuldarlıq 846 sentnerdən 382 sentnerə enmişdir, yəni məhsuldarlıq 2,5 dəfədən çox azalmışdır.

Tropik ölkələrdə şəkər qamışını bir tarlada 2-3 il becərdikdən sonra onu paxlalı, taxıl və ya yağlı bitkilərlə əvəz edirlər. Belə növbəli əkinə misal olaraq aşağıdakını göstərmək olar: 1 - sorqo və ya qarğıdalı, 2-paxlalılar, 3-5 şəkər qamışı.

Hindistanda şəkər qamışı bir il istifadə olunur nadir hallarda bir sahədə 2-3 il saxlanılır. Münbitliyi yüksək olan torpaqlarda şəkər qamışını bir sahədə 4 il-də saxlamaq olar.

Тorpağın becərilməsi və gübrələnməsi: Şəkər qamışı əkmək üçün torpaq şəraitdən asılı olaraq 30-40 sm-ə qədər dərinlikdə şumlanmalıdır. Şəkər qamışı neytral torpaqlarda (pH 6,0-7,0) yaxşı məhsul verir. Turş torpaqlar əhənglənməlidir. Hindistanlı alimlərin hesablamalarına görə şəkər qamışı hektardan 101 kq N, 213 kq P2O5, 337 kq K2O aparır.

Gillicə, suyu yaxşı saxlayan torpaqlarda hər hektara 163 kq N, 52 kq P205 və 440 kq K20 verdikdə daha yüksək məhsul (526 s/ha) alınır. Azot və kaliuma çox tələbkar bitki olmaqla, güclü boyvermə fazasında yaxşı qidalanma tələb edir.



Əkinə qulluq. Əkindən dərhal sonra sırımalara doldurulmuş su buraxılır ki, artıq su gözcüklərin inkişafına mane olmasın, əkilmiş çilinglər oksigenlə yaxşı təmin olunsun. Belə olduqda sahədə seyrəklik aradan qalxmış olur.

Cücərtilər alındıqdan sonra cərgə aralarında toxalama (alaq vurma) başlanır. Bu iş alaqların məhv edilməsinə və torpaq qaysaqlarının dağıdılmasına şərait yaradır. Sonra cərgə aralarının becərilməsi (yumşaldılması) aparılır. Cücərtilərin boyu 12-25 sm-ə çatdıqda dibi doldurulur. Güclü yağışlardan sonra da bitkilərin dibi kotan və ya toxa (kərki, kətmən) ilə doldurulmalıdır. Dibdoldurma şəkər qamışı üçün xüsusilə vacibdir. Çünki dibi doldurulmuş bitki, yaxşı kollanır, daha çox gövdə əmələ gətirir və məhsuldarlığı yüksək olur.

Sonradan əmələ gəlmiş gövdələrdə şəkər az toplanır. Ona görə də onları qoparırlar ki, əvvəl əmələ gəlmiş gövdələr daha yaxşı inkişaf etsin.

Suvarma aparılması lazım olan yerlərdə şəkər qamışı hər 10-12 gündən bir suvarılır. Vegetasiya ərzində torpaq-iqlim şəraitindən asılı olaraq şəkər qamışı 12-15 dəfə suvarılmalıdır. 1250-3000 mm atmosfer çöküntüsü düşən rayonlarda süni suvarmasız, qalan yerlərdə suvarma üsulu ilə becərilir.

Məhsulun yığılması. Şəkər qamışı texniki yetişmə fazasında yığılır. Bu vaxt onun gövdələri yetişmiş, tərkibində şəkərin miqdarı maksimuma çatmış olur. Adətən bitki texniki yetişkənliyə süpürgələməyə başladıqda çatır. Praktikada isə belə qəbul edilir ki, əgər gövdə buğumlardan asan sınırsa deməli o texniki yetişkənliyə çatıb.

Məhsulun yığım texnologiyasına uyğun olaraq, gövdələr balta və digər kəsici alətlərlə yer səthindən 4-5 sm hündürlükdə kəsilir. Kəsilmiş gövdələrdən qalan kövşən qalıqları bir müddət dincəlmə fazası keçirib, sonra göyərməyə başlayır, 2-3 il dalbadal məhsul verir, bu sahəyə təkrar çiling basdırılmır. Şəkər qamışının ikinci, üçüncü ili məhsulu “ratun” adlanır. Köhnə tarlada yeni cücərtilər məhsul yığdıqdan 4-6 həftə sonra əmələ gəlir. Ratun məhsulu nisbətən aşağıdır, ancaq iqtisadi baxımdan sərfəlidir.

Sahədə qalmış gövdələrdən ikinci məhsul 10 ay ərzində yetişir və yığılır. Birinci ilin məhsulu yüksək (200-300 s/ha) olduğu halda ikinci il məhsuldarlıq kəskin az olur, hektardan cəmi 150-200 sent məhsul götürülür.

Gövdənin tərkibindəki şəkərin miqdarı yığım vaxtından çox asılıdır. Hindistan şəraitində noyabrda yığılmış məhsulda şəkər az olur. Əgər yığım dekabr və yanvarda aparılarsa onda gövdədə şəkərin miqdarı maksimum olur. Yığımın fevrala və marta qədər gecikdirlməsi də şəkərin yenidən azalmasına gətirib çıxarır. Yığım vaxtı biçilməmiş bitki qalmamalıdır. Tam biçinin aparılmaması şəkər itkisi deməkdir.

Yığılmış qamış gövdələri yarpaqdan təmizlənib, qəbul məntəqələrinə daşınır.

MÖVZU: 8. YAĞLI BİTKİLƏR. GÜNƏBAXANIN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI
Mühazirənin planı:


  1. Yağlı bitkilərin və bitki yağlarının əhəmiyyəti

  2. Yağlı bitkilərin tarixi, yayılması və məhsuldarlığı.

  3. Yağlı bitkilərin botaniki və bioloji xüsusiyyətləri.

  4. Yağlı bitkilərin sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi.

  5. Toxumların səpinə hazırlanması, səpin müddəti üsulu və norması.

  6. Günəbaxan, küncüt, gənəgərçək və raps əkinlərinə qulluq işləri (suvarma, alaqlar, xəstəlik və zərərvericilərdən mühafizə).

  7. Yağlı bitkilərin məhsulunun yığılması.


Ədəbiyyat


  • Cəfərov M. İ. və b. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası., Bakı, 2000, 264 s.

  • Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  • Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s.

  • Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  • Yusifov Ə. N. və başq., Bitkiçiliyin əsasları, Bakı, 2013, 302 s.

  • Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

  • П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.

  • Д. С. Василев «Подсолнечник»., Москва, 1990, 173 с.

  • Г. С. Посыпанов и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 611



YAĞLI BİTKİLƏR

Yağlı bitkilərə günəbaxan, küncüt, yerfındığı (araxis), saflor, gənəgərçək, xaş-xaş, yağçiçəyi, ağ xardal, soya, payızlıq raps, lallemantiya, yağlı kətan və s. bitkilər aiddir. Yağlı bitkilər bitki yağları almaq üçün əkilib becərilir.

Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Onlardan yeyinti sənayesində, konserv, qənnadı məmulatı və marqarin hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda lak-boyaq, toxuculuq, ətriyyat, sabunbişirmə, gön-dəri aşılama və digər sənaye sahələrində də istifadə olunur.

Bitki mənşəli yağlar üç atomlu spirtlərin mürəkkəb efirləridirlər (giliserin və müxtəlif yağ turşularının nisbəti).

Bir qram yağ orqanizmdə yanarkən 39,8 kDj, 1 qram zülal 18,4-23,0 kDj, 1 qram sulu karbonlar isə 16,7-17,6 kDj enerji verir. Bir çox bitki yağları havanın oksigeni ilə birləşərək quruyur və bərk elastik kütlə əmələ gətirirlər. Yağın quruma qabiliyyəti onun əsas keyfiyyət göstəricisidir. Bitki yağlarının quruma qabiliyyəti yod ədədi ilə təyin edilir. Yod ədədi – 100 qram yağın özünə neçə qram yod birləşdirməsi deməkdir. Yod ədədi nə qədər yüksək olarsa yağın quruma qabiliyyəti bir o qədər çox olar.

Quruma qabiliyyətinə görə bitki yağları 3 qrupa bölünür.



  1. Quruyan yağlar – (yod ədədi 130-dan artıq). Kətan, yağçiçəyi, perilla, lallemantiya – əsasən texniki məqsədlər üçün istifadə olunur.

  2. Yarımquruyan yağlar – (yod ədədi 85-dən 130-a qədər). Günəbaxan, soya, saflor, raps və s. qida məqsədi üçün istifadə olunur.

  3. Qurumayan yağlar - (yod ədədi 85-dən aşağı). Yerfındığı, gənəgərçək və s. tibb sahəsində və texniki məqsədlər üçün istifadə olunur.

Yağların vacib keyfiyyət göstəricilərindən biri də sərbəst turşu ədədidir. Yağın sabunlaşması qabiliyyəti sabunlaşma ədədi ilə təyin edilir. Yəni 1 qram yağın sabunlaşması zamanı əmələ gələn turşuların neytrallaşmasına sərf edilən kalsium əsasının mq-la miqdarını göstərir.

İnsanların qidalanmasında bitki yağlarının əhəmiyyəti böyükdür. Bitki yağları orqanizmdə digər yağlara nisbətən daha yaxşı mənimsənilir.

Yağlı bitkilər həm də bitki zülalı mənbəyidirlər. Toxumların yağı emal edilərkən qalan jmıx və cecədə 35-40% zülal olur. Yağın emalından sonra qalan cecənin bir sentneri 102 yem vahidinə yaxud 3,6 kq proteinə bərabərdir.
GÜNƏBAXANIN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI
Əhəmiyyəti. Azərbaycanda bitki yağlarından ən çox istifadə olunanı günəbaxan yağıdır. Müasir günəbaxan sortların tərkibində yağın miqdarı 50-56%-ə, zülalın miqdarı isə 16-19%-ə çatır. Günəbaxan yağının da böyük ərzaq və texniki əhəmiyyəti vardır. Günəbaxan yağından yeyinti sənayesində, konserv, qənnadı məmulatı, marqarin hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda lak-boyaq, sabunbişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. sənaye sahələrində istifadə olunur. Yağlı bitkilər əkininin 75 % -ni günəbaxan təşkil edir. Günəbaxan toxumlarının qabığından xammal kimi sənayedə heksoz və pentoz şəkərlərinin alınmasında istifadə olunur. Heksoz şəkərlərindən spirt, pentoz şəkərindən furfurol, süni lif, plastmas, qırılmayan şüşələr və s. alınır. Eyni zamanda sənayedə müşəmbə, su keçirməyən parçalar və s. alınır.

Günəbaxanın yaşıl kütləsindən iri buynuzlu mal-qara üçün yem və keyfiyyətli silos alınır.

Dənlər yığıldıqdan sonra qurudulmuş səbətlər heyvandarlıqda əlavə yem mənbəyinə xidmət edir. Quru səbət çıxımı dənin 55-60%-ni təşkil edir. Səbətdən hazırlanmış 1 sentner unda 80 yem vahidi, 3,8-4,3 kq asan həzm olunan protein olur.

Cərgəarası becərilən bitki kimi günəbaxan bir çox kənd təsərrüfatı bitkiləri üçün yaxşı sələfdir.



Bitkinin tarixi. Günəbaxanın vətəni Şimali Amerikanın cənub hissəsi olub, Avropaya XVI-cı əsrdə İspanlar tərəfindən gətirilmişdir.

Avropada günəbaxandan yağ alınmasını ilk dəfə İngilislər fikirləşmişlər. Onların bu sahədə 1716 - cı ildə aldıqları patent də mövcuddur. Lakin günəbaxandan yağ almağa geniş miqyasda Rusiyada başlanılmışdır. Rusiyaya günəbaxan toxumunu I Pyotr XVIII-ci əsrdə Hollandiyadan gətirmişdir. Əvvəllər o dekorativ bitki kimi istifadə olunmuşdur. Sonralar bu bitkini yağ istehsalı və silos almaq məqsədilə becərməyə başlamışlar.

Sənaye üsulu ilə günəbaxanın toxumundan ilk dəfə günəbaxan yağını 1835-cu ildə Voronej vilayətinin (indiki Belqorod) Alekseyevka kəndinin sakini D. S. Bokarev almışdır. D. S. Bokarev çətənə və kətan yağlarının alınması üsulları ilə tanış olmuş və onu günəbaxana da tətbiq etmək qərarına gəlmişdir. İlk yağ emalı zavodu tacir Papuşin tərəfindən D. S. Bokarevin iştirakı ilə Alekseyevka kəndinin qrafı Şeremetevanın razılığı ilə 1865-ci ildə tikilmişdir.

Yayılması və məhsuldarlığı. Dünya əkinçiliyi sistemində (2003) günəbaxanın əkin sahəsi 22-23 milyon hektardan artıqdır. Bu bitki əsasən ABŞ-da (1,5 milyon ha), Argentinada (2,0 milyon ha), Kanadada, Çində, Türkiyədə, Rumıniyada, Fransada, Bolqarıyada, Macarıstanda, Ukraynada, Rusiyada, Moldovada, Şimali Qafqazda və Gürcüstanda əkilir. Günəbaxanın dən məhsuldarlığı hektardan 12-14 sentnerdən 25-30 sentner arasında dəyişir. Azərbaycanda (2013) dənlik günəbaxanın əkin sahəsi 9351 ha, ümumi yığımı 17 670 ton., məhsuldarlığı isə 19,4 s/ha olmuşdur.

Azərbaycanda bu bitki silos məqsədi üçün Cəlilabad, Masallı, Biləsuvar, Şəki, Şamaxı və s. rayonlarda becərilir.

Azərbaycanda 2010 - 2013-cü illərdə dənlik günəbaxanın əkininin vəziyyəti


Əkin sahəsi, ha-la

Məhsul yığımı, tonla

Məhsuldarlığı, ha/s-lə

2010

2011

2012

2013

2010

2011

2012

2013

2010

2011

2012

2013

9 000

11 300

11 000

9 351

15 500

19 600

19 100

17 670

17,1

17,5

17,3

19,4


Botaniki təsviri. Günəbaxan astra (Asteraceae) fəsiləsinin, (mürəkkəbçiçəklilər Compositae) Helianthus cinsinin (Helianthus anus L.) birillik bitkisidir. 264-ə qədər növü vardır. 25-i birillik, qalanları çoxillikdir.

Bu növ iki sərbəst növü özündə birləşdirir: mədəni günəbaxan – Helianthus cultus; və yabanı günəbaxan – Helianthus ruderalis. Mədəni günəbaxan 2 yarımnövə ayrılır: səpin günəbaxanı - H. annus ssp. sativus, bəzək günəbaxanı H. annus ssp. ornamentales.

Günəbaxanın güclü şaxələnən mil kökü vardır. O, rüşeym kökcüyündən 2 dəfə sürətlə inkişaf edərək torpağın 2-4 metr dərinliyinə, ətrafa isə 100-120 sm işləyir. Gövdələrinin hündürlüyü 0,7-2,5 metr, hətta 3-4 metrə çatan dik duran, üzəri tüklü içərisi özəklə doludur.

Yarpaqları uzun saplaqlı iri, oval- ürək formalı, iti nəhayətli və kənarları mişar kimidir. Gövdənin aşağı hissəsində 3-5 cüt yarpaqlar qarşı- qarşıya, sonrakılar isə növbə ilə düzülürlər. Bir bitkidə 15-35 yarpaq olur.

Çiçəyi səbətdir. Yağlıq formalarda onun diametri 10-20 sm, çırtlama formalarda isə 40 sm-dir. İkicinsli, çarpaz tozlanan bitkidir. Bir səbətdə 600-1200 çiçək olur. 5 erkəkcik və 1 dişicikdən ibarətdir. Dişicik tez yetişir. Meyvəsi toxum hesab edilir və tum adlanır. Tumu uzunsov, pazşəkilli, 4 üzlü, sivri nəhayətli, ikiləpəlidir. 1000 ədədinin kütləsi 35-75 qram, hətta 120 qrama çatan formaları var.

Bioloji xüsusiyyətləri. Günəbaxan istiliyə, işığa, nəmliyə və qida maddələrinə tələbkar bitkidir. Nəm torpaqda temperatur 4-6 0C olduqda toxumlar cücərməyə başlayır. 10-12 0C temperaturda cücərtilər daha yaxşı əmələ gəlir. Cavan cücərtiləri – 6 0C şaxtaya dözə bilir. Çərtmiş toxumları -10 0C qısamüddətli şaxtaları keçirə bilir. Aktiv temperaturun cəmi tez yetişən sortlarda 1850 0C, erkən yetişən sortlarda 2000 0C, orta yetişən sortlarda isə 2150 0C- dir. Bu temperaturun 2/3 hissəsi cücərəndən çiçəkləməyə qədər, 1/3 hissəsi isə çiçəkləmədən yetişməyə qədər tələb olunur. Toxumlarını torpağa payızda və erkən yazda səpmək olar. Vegetasiyanın əvvəlindən çiçəkləməyə qədər havanın orta sutkalıq temperaturunun 22 0C, çiçəkləmədən yetişməyə qədər isə 24-25 0C olması əlverişli hesab olunur. Aşağı temperatur isə bitkilərin vegetasiya müddətini uzadır. 30 0C-dən yuxarı temperatur günəbaxan bitkisinə öldürücü təsir göstərir.

Quraqlığa davamlı bitkidir. Nəmliyə tələbatı müxtəlifdir. Belə ki, günəbaxan cücərtilərin alınmasından çiçəkləmə dövrünə qədər suya az tələbkardır. Çiçəkləmə və dən dolma dövründə günəbaxanın nəmliyə tələbatı çoxalır. Bu dövrdə nəmliyə tələbat vegetasiya ərzində ümumi tələbatın 75%-nı təşkil edir. Vegetasiya müddətində bir bitki 200 kq su sərf edir. Günəbaxanın transpirasiya əmsalı 470-570 arasında dəyişir.

Qranulometrik tərkibi yüngül olan münbit qara torpaqlarda günəbaxan yaxşı məhsul verir. Bataqlıq, qumlu və turş torpaqlardan başqa qalan torpaqlarda yüksək aqrotexnika tətbiq etməklə günəbaxandan istənilən məhsul götürmək mümkündür. Qranulometrik tərkibi ağır olan və güclü şorlaşmış torpaqlarda günəbaxan becərmək mümkün deyil. Torpağın reaksiyası pH 6,0-6,8-ə bərabər olmalıdır.

Qida elementlərinə münasibətinə gəldikdə günəbaxan bəzi bitkilərə nisbətən bir ton dən üçün 2,0-2,5 dəfə artıq qida maddələri tələb edir.

Çiçəkləmə vaxtı günəbaxan azot elementinin 60% -ni, fosforun 80%-ni, kaliumu isə 90%-ni sərf edir. İlkin inkişaf fazalarında isə bitki fosfora daha çox tələbat göstərir.

Toxum tam yetişdikdə demək olar ki, azot və fosforun əsas hissəsi dəndə toplanır. Kalium elementinin 10%-i dəndə, qalan 90%-i isə bitkinin vegetativ orqanlarında toplanır.



İnkişaf fazaları. Səpindən tam yetişməsinə qədər günəbaxanın iikişafında aşağıdakı fazalar ayırd olunur: cücərmə, birinci cüt həqiqi yarpaqların əmələ gəlməsi, çiçək qrupunun - səbətciklərin əmələ gəlməsi, çiçəkləmə və yetişmə. Səpindən cücərməyə qədər 9-15, cüçərtilərin çıxmasından səbətciklərin əmələ gəlməsinin başlanmasına qədər 30-40 gün, səbətciklərin əmələ gəlməsindən çiçəkləmənin başlanmasına qədər 19-28 gün, çiçəkləmənin başlanğıcından toxumların dolmağa başlamasına qədər 14 - 17 gün, toxumların dolmağa başlamasından tam yetişməsinə qədər 21-30 gün çəkir. Müxtəlif sortlarda vegetasiya dövrunün ümumi uzunluğu 75-140 günə bərabərdir.

Ontongenezdə günəbaxan 12 əsas orqanogenez mərhələsi keçirir. I-II mərhələlərdə gövdələrin buğumaraları diferensiasiya edir, III-IV mərhələlərdə böyümə konusu uzanır və seqmentlərə bölünür, V mərhələdə 2 sm diametrində səbətciklər əmələ gəlir, orta yarusda yarpaqlar inkişaf etməyə başlayır. VI - VII mərhələlərdə gövdənin, səbətciyin və orta yarusdakı ayası boyük, enli-ürək formalı yarpaqların (14-25- ci) intesiv böyüməsi baş verir. VIII mərhələdə səbətin bükümləri çevrilir, açıq sarı rəngli dilcik çiçəkləri görünür. IX mərhələdə dişicik və erkəkciklər əmələ gəlməsi müşahidə olunur, bitki çiçəkləyir. X - XI mərhələlərdə toxumlar əmələ gəlir, toxumun qabığı ağ rəngli və yumşaq olur. Toxumlarda qidalı maddələr toplanır, XII mərhələdə toxumlar yetişir.

Birinci mərhələlərdə günəbaxan nisbətən yavaş böyüyür və alaq otları onu asanlıqla basır. Sonra tez böyüyür, səbətciklərin əmələ gəlməsindən çiçəkləməyə qədər olan dövrdə maksimum yüksəkliyə çatır. Çiçəkləmə dövründə bitki çox yavaş boy atır, çiçəkləmənin axırına doğru isə boyatma tamamilə kəsilir. Səbətciklərin əmələ gəlməsinin başlanğıcına doğru günəbaxan təxminən 15% quru maddə toplayır. Çiçəkləmənin başlanğıcına doğru quru maddələrin miqdarı 50%-ə çatır.

Növbəli əkində yeri. Günəbaxan üçün ən yaxşı sələflər payızlıq və yazlıq dənli taxıl bitkiləri, dənlik və silosluq qarğıdalıdır. Çoxillik otlar, şəkər çuğunduru və sudanotu (sorqo) torpağın 1,5-2,0 metr dərinliyindəki nəmlikdən istifadə etdiyinə görə bunlardan sonra günəbaxanı becərmək olmaz. Xəstəlik və zərərvericilərdən mühafizə məqsədi ilə günəbaxan növbəli əkində öz yerinə 8-10 ildən sonra qaytarılır.

Torpağın becərilməsi. Əgər günəbaxan payızlıq dənli taxıl bitkilərindən sonra yerləşdirilirsə kövşənlik 12-25 günlük fasilə ilə 2 dəfə üzlənir. Birinci üzləmə 6-7 sm, ikinci üzləmə isə 10-12 sm dərinlikdə aparılır. Torpaq quru olarsa birinci üzləmədən sonra 600-700 m3 həcmində aldadıcı suvarma aparılır. Üzləmənin aparılmasında məqsəd nəmlik itkisinin qarşısını almaq və alaq otları toxumlarının cücərdilərək məhv edilməsidir. Sonra sahəyə üzvi və mineral gübrə verərək 27-30 sm dərinliyində şum aparılır.

Yazda sahənin becərilməsində məqsəd torpaqda nəmlik ehtiyatını saxlamaq, cücərmiş alaqları məhv etmək, normal günəbaxan cücərtiləri almaq üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Bunun üçün sahə malalanır və alaqlar əmələ gəldikdə kultivasiya çəkilir. Birinci kultivasiya 10-12 sm dərinlikdə, sonrakılar nisbətən az dərinlikdə aparılır. Səpin qabağı torpağın üzlənməsi və hamarlanması herbisidlərin bir bərabərdə verilməsinə (çilənməsinə), toxumların eyni dərinliyə basdırılmasına, yaxşı çıxışlar alınmasına və bitkilərin bərabər böyüməsinə imkan yaradır.

Tarlada güclü alaqlanma olduqda promietrin və treflan herbisidlərinin qarışığından istifadə olunur. Sahə arat edilir. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı becərmə, yəni kultivasiya və malalama aparılır.

Gübrələmə. Yüksək məhsul əldə etmək üçün mühüm aqrotexniki tədbirlərdən biri də üzvi və mineral gübrənin tətbiqidir.

Günəbaxan bitkisi 1 ton əsas və əlavə məhsulla torpaqdan 50-60 kq azot, 20-25 kq fosfor və 120-160 kq kalium elementi aparır. Ona görə də üzvi və mineral gübrələrdən istifadə etmədən günəbaxan bitkisindən yüksək məhsul götürmək mümkün deyildir. Bunu nəzərə alaraq hektara 15-20 ton peyin, 2-3 sentner superfosfat verilməlidir.

Payızda şum aparılarkən üzvi gübrələri T-150, K-701 traktorlarına qoşulan PRT-10, mineral gübrələri isə MTZ-80-82 traktorlarına qoşulan 1 RMQ-4, RUM-5, RUM-8 aqreqatları ilə verirlər.

Torpağa verilən peyin onu qidalı maddələrlə zənginləşdirir, torpağın fiziki keyfiyyətini yaxşılaşdırır və mikrobioloji prosesləri gücləndirir.

Gübrələrdən istifadə edilməsi bitkilərin kök sisteminin və yerüstü orqanlarının güclü inkişaf etməsinə şərait yaradır. Digər tarla bitkilərində olduğu kimi gübrələrin çox hissəsi əsas şum altına, bir hissəsi səpinlə birlikdə və bir hissəsi isə yemləmə şəklində verilir. Günəbaxan vegetasiyanın birinci dövründə fosfor gübrəsinə xüsusi tələbat göstərir. Günəbaxan bitkisi fosfor qidası ilə yaxşı təmin olunduqda dənlərdə yağ faizi artır.

Azot gübrəsi bitkinin boyunu sürətləndirir, iri yarpaqlar, gövdə və səbətlərin formalaşmasını təmin edir. Lakin, yüksək azot norması tumlarda zülalın toplanmasını artırır və yağlılığı tez aşağı salır. Azot elementi ən çox səbətlərin əmələ gəlməsi və çiçəkləmə fazasında tələb olunur. Fosfor cücərti alındıqdan çiçəkləməyə qədər, kalium isə səbətlərin əmələ gəlməsindən yetişmə fazasınadək daha çox mənimsənilir.

Səpin zamanı cərgənin yan tərəflərinə 5-10 kq azot, 10-15 kq fosfor verdikdə bitkilər ilk inkişaf fazalarında qida elementləri ilə yaxşı təmin olunmuş hesab edilir. Cərgəaralarında becərmə işləri başlayarkən birinci kultivasiyada yemləmə gübrəsi kimi hektara 30 kq azot və 30 kq fosfor cərgələrdən 12-14 sm aralı, 10-12 sm dərinliyə verilməlidir. Qalan gübrə normaları ikinci və üçüncü yemləmələrdə verilir. Məhsuldarlığı artırmaq üçün manqan sulfat mikrogübrəsi əsas şum altına hektara 1-2 kq normada verilir. Eyni zamanda bakterial gübrə fosforobakterinin verilməsi də müsbət nəticə verir.

Gübrələrin tətbiqi təkcə mineral elementlərlə bitkilərin qidalanmasını yox, həm də torpaq nəmliyindən məhsuldar istifadə olunmasını təmin edir və günəbaxanın ağ və qonur çürümə xəstəliyinə qarşı davamlılığını artırır.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə