Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu


Bitkinin tarixi, yayılması və məhsuldarlığı



Yüklə 0,99 Mb.
səhifə9/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Bitkinin tarixi, yayılması və məhsuldarlığı. Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub. Sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər.

Əkin sahəsinə görə dənli-paxlalı bitkilər içərisində soya dünyada birinci yeri tutur. Dünya əkinçilik sistemində soyanın əkin sahəsi 67 mln. hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soyanın əkin sahəsi ABŞ-da 30 mln., Çində 15 mln., Braziliyada 3,0 mln. hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada, Ukraynada, Rusiyada, Moldaviyada, Şimali Qafqazda, Gürcüstanda və Azərbaycanda da becərilir. Dünya üzrə orta məhsuldarlığı 14-15 sentnerdir.

Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1 mln. hektar, məhsuldarlığı isə orta hesabla 10 sentner olmuşdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məhsuldarlığı isə 250-300 sentner olmuşdur.

2013 - cü ildə Azərbaycanda paxlalıların əkin sahəsi 12729 ha olmuş, ümumi yığımı 25326 ton, məhsuldarlığı isə 19,9 s/ha təşkil etmişdir.



Botaniki təsviri. Soya (Glicine) cinsi 40-dan artıq növü əhatə edir. Onlardan yalnız mədəni soya – Glicine hispida adlanan növü geniş miqyasda becərilir. Qalanları yarımmədəni və yabanı formada bəzi ölkələrdə əkilir, yaxud mədəni növün qarışığı kimi təsadüf edilir. Mədəni soya növü aşağıda xarakterizə edilən coğrafi-ekoloji yarımnövlərə ayrılır.

Hindistan yarımnövü – kolu 200 sm hündürlüyündə, gövdəsi qüvvəli budaqlanandır. Çiçəkləri xırda, paxlaları orta irilikdə, toxumları xırdadır. Sortları nisbətən gecyetişəndir.

Çin yarımnövü – kolu 100-150 sm hündürlüyündə, gövdəsi nazik, yaxşı budaqlanan və zəif sarmaşandır. Ancaq yerə yatmağa da meyllidir. Yarpaqları nazik və zərifdir. Çiçəkləri orta irilikdə, mavi rəngli, paxlaları orta irilikdə və xırdadır. Hər paxlada 2-3 toxum olur. Toxumları xırda, yastıdır. Ancaq hind yarımnövünün toxumlarına nisbətən iridir. 1000 ədəd toxumunun kütləsi 70-130 qramdır. Bütün sortları gecyetişəndir.

Mancuriya yarımnövü – kolu 60-90 sm hündürlüyündə, gövdəsi orta dərəcədə budaqlanandır, nisbətən yoğundur. Sarmaşma qabiliyyətinə malik deyildir, ancaq yerə də yatmır. Yarpaqları yuxarıdakı yarımnövlərin yarpaqlarına nisbətən iri və qabadır. Çiçək salxımı qısa, az çiçəklidir. Paxlaları orta uzunluqda – 4-4,8 sm, toxumları orta irilikdə, şişkindir. Toxum qılafı əksər sortlarında sarı rənglidir. 1000 ədəd toxumunun kütləsi 120-230 qramdır. Orta müddətdə yetişəndir. Dənində olan yağın miqdarına görə bütün yarımnövlərdən üstündür.

Yaponiya yarımnövü – kolu 60-100 sm hündürlüyündə, gövdəsi orta dərəcədə budaqlanan, yoğun, qabadır. Yarpaqları və çiçəkləri iridir. Çiçək salxımı uzun, çoxçiçəkli, paxlaları iri və orta irilikdədir. Toxumları iri, kürəşəkilli, azacıq yastıdır. 1000 ədəd toxumunun kütləsi orta hesabla 300 qramdır. Bu yarımnövün bütün sortları zülalla zəngindir. Hündür gövdəli sortları gec, alçaq gövdəliləri tez yetişir.

Bioloji xüsusiyyətləri. Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18-25 0C temperatur tələb edir. Toxumlar 6-8 0C temperaturda cücərir. Soyanın cücərtisi –2-5 0C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dəndolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Səmərəli temperaturun miqdarı sortdan, yetişmə müddətindən asılı olaraq 1700 0C - dən 3200 0C -yə qədər dəyişir. Çiçəkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət torpaqlardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Əsasən su ilə yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı boz-qonur torpaqlar və s. soya üçün yararlıdır. Soya neytral (pH-6,5-7,0) reaksiyalı torpaqlarda daha yaxşı inkişaf edir.

Növbəli əkində yeri. Növbəli əkində soyanı dənli- taxıl, qarğıdalı və pambıq bitkisindən sonra becərmək olar. Soyanı, soyadan, günəbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem otlarından sonra əkmək olmaz.

Torpağın becərilməsi. Sələf dənli - taxıl bitkiləri olarsa məhsul yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənilməlidir.

Birinci üzləməni 6-8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı üzləyicilərlə üzləmək, əgər ehtiyac varsa 2-ci üzləməni BDT-2,5 və BDT-3 markalı ağır diskli üzləyicilərlə 10-12 sm dərinlikdə aparırlar. Üzləmədən 10-15 gün sonra sahə ПЯ-5-35 markalı kotanla 28-30 sm dərinlikdə şumlanmalıdır.

Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və bundan sonra əkin qatı dərinliyində (25-27 sm) şumlanmalıdır.

Yazda torpaq VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın özündə hazırlanan alətlər ilə səthdən hamarlanmalıdır. Alaqlar göründükdə 6-8 sm dərinlikdə kultivasiya çəkilməlidir. Səpinə 1 həftə qalmış təsiredici maddə hesabı ilə 1,2-1,5 kq treflan herbisidi 200-300 litr suya qarışdıraraq POU, ON-400 və ya OBT-1 yerüstü çiləyicilərlə çilənməli və başdan-başa becərən kultivatorla, suvarılmamış sahələrdə isə BDT-2,5 və ya BDT–3 markalı üzləyicilərlə 8-10 sm dərinlikdə torpağa qarışdırılmalıdır.



Gübrələnməsi. Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə müəyyən edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək üçün 142 kq N, 32 kq P2O5, 35 kq K2O mənimsəyir (1 tonla 82 kq N, 26 kq P2O5, 47 kq K2O). Əsas şum altına P2O5 60-90 kq, K2O 30-45 kq verilməlidir. Azot gübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi yemləmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış alınandan 2-3 həftə sonra, 30%-i isə paxla əmələgəlmə və dəndolma dövründə verilməlidir. Gübrələr RUM-5 İ; RMQ-4 markalı gübrə səpən maşınlarla verilə bilər.

Toxumun səpinə hazırlanması. Səpin üçün 1-ci sinfə aid olan sort toxumlar götürülməlidir. Səpindən əvvəl toxum rizotorfinlə (nitragin) hektarlıq toxuma 200 qram hesabı ilə işlənməlidir. Həmin miqdar rizotorfin 1-2 litr suda həll edilərək toxuma çilənməlidir. Bakterioz, kök çürüməsi, aminomikoz, fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədi üçün səpinə ən azı 3-4 həftə qalmış 1 ton toxuma 1-2 kq 70%-li taciqran işlənilməlidir.

Məftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentiuramın tətbiqi yaxşı nəticə verir. 60%-li fentiuramdan 1 ton toxuma 4-6 kq işlətmək məsləhət görülür.

Toxum PSQİ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru üsulla dərmanlana bilər.

Səpin müddəti, üsulu və norması. Səpin əkin qatında temperatur 10-12 0C olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə səpilir. Səpin SZSŞ-3,6; SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparılır. Soya gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 45-60 sm və 70 sm olmaqla səpilə bilər. Mütləq kütlədən asılı olaraq hektara 50-90 kq (400-600 min ədəd) cücərə bilən toxum səpilməlidir.

Əkinə qulluq. Arat olunmayan yerlərdə səpindən sonra dərhal suvarma aparılmalıdır. Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu mala ilə malalayırlar. Vegetasiya dövründə cargəaraları 2 dəfə KRN-4,2 markalı kultivatorla yumşaldılmalıdır.

Tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı vegetasiya müddətində karbofosun 30%-li emulsiyası ilə hektara 1,0-1,5 kq, fosfamidlə (Bİ-58) 1 kq normada çiləmə aparılır. Çiçəkləmədən sonra çiləmə kükürd tozu ilə əvəz edilir.

Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 4 dəfə suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma çiçəklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə və 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir. Suvarma yağış yağdırma üsulu ilə hektara 500-600 m3, şırımlarla infiltrasiya yolu ilə 700-800 m3 su normasında keçirilir.

Məhsulun yığılması. Yetişərkən soya paxlası açılmır ona görə də dən itkisi az olur. Dən məqsədi ilə əkdikdə soya tam yetişmə fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların saralmağa başladığı dövrdə dəndə 14-16% nəmlik olduqda SK-5 Niva, SK-4A, SKD-5P, SKD-5M, “Sibiryak” kombaynları ilə yığılmalıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizamlanmalıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka arasında məsafə CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm, çıxacaqda 28 mm-dən az olmamalıdır. Barabanın dövrlər sayı dəqiqədə 400-500 -ə endirilməlidir.

Yetişməni sürətləndirmək məqsədilə gecyetişən sortlar əkilən sahələrdə desikasiya aparılır. Bu məqsədlə dəndə nəmlik 40-45% olduqda maqnezium – xlorat preparatının 20 kq-ı suya qarışdırılaraq sahəyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya aparılmır.

Yığılmış toxumda nəmlik 14% -dən çox olarsa asfalt meydançada günəş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.
MÖVZU: 10. YER FINDIĞININ (ARAXİS) XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI

Mühazirənin planı:


  1. Araxis bitkisinin əhəmiyyəti

  2. Araxis bitkisinin tarixi, yayılması və məhsuldarlığı

  3. Araxis bitkisinin bioloji xüsusiyyətləri

  4. Araxis bitkisinin növbəli əkində yeri

  5. Araxis bitkisi üçün torpağın becərilməsi

  6. Araxis bitkisinin gübrələmə sistemi

  7. Araxis toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.

  8. Araxis bitkisinin əkinlərinə qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri)

  9. Məhsulun yığılması

Ədəbiyyat

  • Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  • Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s.

  • M. İ. Cəfərov və b. «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası»., Bakı, 2000, 264s.

  • Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.

  • Yusifov Ə. N. və başq. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı, 2013, 302 s.

  • П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.

  • Г. С. Посыпанов и др. «Растениеводства», М:, «Колос», 2006, ст. 611

YER FINDIĞININ (ARAXİS) XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI


Əhəmiyyəti. Yerfındığı qiymətli yağlı bitkidir. Onun toxumlarında 48-66% yağ, 23-38% zülal vardır. Araxis yağı konserv sənayesi, marqarin alınmasında, sabunbişirmə sənayesində və tibbidə istifadə olunur. Yağın emalından sonra jmıxın tərkibində 45% zülal və 8% yağ olur. Gövdəsinin tərkibində 11-19% zülal vardır və heyvandarlıqda yem kimi istifadə olunur. Paxlasının ümumi kütləsinin 30-35%-i qədər cecəsi (paxlanın qabığı) çıxır ki, bu cecədən izolyasiya materialı hazırlanmasında və yanacaq kimi istifadə edilir.

Araxisin vətəni cənubi (mərkəzi) Amerika olub oradan Filippin adalarına, Yaponiya, Çin və Hindistana yayılmışdır. Avropaya XVI-cı əsrdə Çindən gətirilmişdir. Ona görə də uzun müddət onu Çin qozu adlandırmışlar. Dünya əkinçiliyi sistemində əkin sahəsi 18-22 milyon hektara yaxındır. Ən çox əkin sahələri İndoneziya, Çin və Hindistandadır. Rusiyaya XIX əsrdə gətirilib. Ukrayna Zaqafqaziya və Orta Asiya ölkələrində geniş becərilir. Dünya üzrə orta məhsuldarlığı hektardan 10 sentnerə bərabərdir. Dəmyə şəraitdə 5-8 sent., suvarma şəraitində isə 40-60 sentner məhsul verir.



Botaniki təsviri. Yerfındığı – Arachis paxlalı bitkilər fəsiləsinə mənsubdur. Toxumlarında yağın miqdarı çox olduğuna görə yağlı bitkilər qrupuna daxil edilmişdir.

Yerfındığının çoxillik və birillik olmaqla 15 növü müəyyən edilmişdir. Yalnız mədəni yerfındığı – Arachis hypogeae L. adlanan növü becərilir. Qalan növləri yabanı formada yayılmışdır. Mədəni yerfındığı alçaqboylu, kolşəkilli, birillik otvari bitkidir. Kökü torpağın dərinliyinə 180-200 sm, ətrafa 140 sm-ə qədər işləyir. Azot toplayan bakteriyalar ağır gilli torpaqlarda çox zəif olur, yumşaq və yüngül torpaqlarda yaxşı inkişaf edirlər.

Gövdəsi 15-75 sm hündürlüyündə, çox şaxələnən, yer səthinə sərilən, yaxud dik vəziyyətlidir. Yan budaqlarının əsası dairəvi, yuxarı hissəsi 4-5 üzlüdür. Yarpağı cütlələkşəkillidir. Əsas saplağının sonu cüt yarpaqcıqla qurtarır. İki cüt, iri, tamkənarlı, tərs, yaxud düzyumurta formalı, uzunsov-oval yarpaqcıqları vardır. Yarpaqcıqların səthi mum təbəqəsi ilə örtülü olduğu üçün yaşıl parıltı verir. Gövdəsinin, budaqlarının, yarpaq saplağının üzəri və yarpaqcıqların alt tərəfi tüklüdür. Yarpaqaltlıqları xətvarı-lansetvarı, yarımay formalı, yarısına qədər yarpaq saplağına bitişmiş, tam kənarlı, zəif, yaxud kəskin tüklü, yaşıl rənglidir. Ancaq yerfındığının bəzi formaları antosian (qonuru qırmızı) rəngli olur.

Çiçəkləri gövdənin aşağı mərtəbəsindəki yarpaq qoltuqlarında az çiçəkli, qısa saplaqlı salxım təşkil edir. Çiçəyinin tacı sarı-narıncı rənglidir. Dişiciyinin yumurtalığı biryuvalıdır, ancaq toxum tumurcuğunun sayı 2-7-yə qədərdir.

Yerfındığının gövdəsinin torpaqda qalan hissəsində də çiçək əmələ gəlir, bunlar adi çiçəklərdən ləçək yarpaqlarının şəffaf, (rəngsiz) olması və şərait olmadığı üçün açılmaması ilə fərqlənirlər. Öz-özünü tozlayan bitkidir. Yerüstü çiçəkləri çarpaz da tozlanır. Vegetasiya ərzində bir bitkidə 2000 və daha çox çiçək əmələ gəlir və hamısı meyvə vermə qabiliyyətinə malik olur. Ancaq gec əmələ gələn çiçəklər məhsul yığımına bir neçə gün qalmış açıldığına görə yetişə bilmirlər. Çiçək mayalandıqdan sonra dişiciyin yumurtalığının aşağı hissəsi uzununa böyüyərək hinofor adlanan xırda boru şəklində xaricə çıxır. Hinofor əvvəl yuxarıya doğru uzanır, sonra aşağı əyilərək torpağa daxil olur. Torpağın 8-10 sm dərinliyində üfüqi vəziyyətdə yerləşir, böyüməsini dayandırır, nəhayətində olan yumurtalıq inkişafını davam etdirərək meyvə (paxla) əmələ gətirir. Torpağa daxil ola bilməyərək açıq havada qalan hinoforlar quruyaraq məhv olurlar.

Yerfındığının meyvəsi silindirvarı, barama formalı, düz, yaxud bir-iki hissəsindən boğulmuş olur. Hər paxlada 1-7, əksər hallarda 2-3 toxum əmələ gəlir. paxlanın qabığı boz rənglidir, üzəri az-çox dərəcədə torlu və uzununa qabırğalıdır. 1000 ədəd paxlasının kütləsi 600-1500 qramdır.

Toxumları uzunsov-oval, yuvarlaq, toxum qılafı ağ, qırmızı və çəhrayı rənglidir. Toxumlarının uzunluğu 1,0-1,8 sm, eni 0,8-1,0 sm, qalınlığı 0,5-1,0 sm olur. 1000 ədəd toxumun kütləsi xırda toxumlularda 200-500 qr, orta irilikdə olanlarda 500-800 qr, iri toxumlarda isə 800-1200 qramdır.

Bioloji xüsusiyyətləri. Araxis istilik sevən bitkidir. Toxumları 12-14 0C temperaturda cücərməyə başlayır. Cücərtilər –1-1,5 0C şaxtalarda məhv olur. Bitkinin inkişafı üçün optimal temperaturun miqdarı 25-28 0C-dir. 12 0C-dən aşağı temperaturda meyvə əmələ gəlmir. Suya ən çox çiçəkləmə fazasının başlanğıcından paxlaların əmələ gəlməsinə qədər tələbkardır. Bu dövrdə nəmliyin çatışmaması çiçəkləməni dayandırır, meyvə əmələgəlməsi azalır və məhsuldarlıq aşağı düşür.

Araxis işıq sevən, qısa gün bitkidir. Vegetasiya müddəti 120-160 gündür. Duzlu və bataqlaşmış torpaqlar araxis əkinləri üçün yararsızdır.



Növbəli əkində yeri. Növbəli əkində araxisi köküpöhrəli və kökümsovgövdəli alaqlardan təmiz tarlalarda, cərgəarası becərilən qarğıdalıdan, payızlıq taxıllardan və tərəvəz bitkilərindən sonra əkmək məsləhət görülür.

Gübrələnməsi. Bitki əkiləcək sahəyə hektara 10-15 ton peyin, 2-3 sentner superfosfat və 1 sentner kalium gübrələri verilir. Toxumların rizotorfinlə işlənilməsi vacibdir. Qida elementlərinə tələbkardır. Bir ton əsas və əlavə məhsulla torpaqdan 62 kq azot, 11 kq fosfor və 40 kq kalium elementi aparır.

Torpağın əsas becərilməsi kövşən yerinin üzlənməsi və dondurma şumunun qaldırılmasından ibarətdir. Kövşənlik 5-7 sm dərinlikdə üzlənir, aldadıcı suvarma aparılır, sentyabr-oktyabr aylarında 25-30 sm dərinliyində şum qaldırılır. Qışda dekabr-fevral aylarında şum arat edilir.

Toxumun səpinə hazırlanması. Araxis bitkisi həm təmiz halda, həm də paxlası ilə birlikdə səpilir. Paxla ilə səpildikdə səpinə 5-7 gün tez başlamaq lazımdır. Səpin üçün iri və ağır toxumlar götürülür. Səpindən qabaq toxumlar mikroelementlərlə və rizotorfinlə işlənilir. Araxisi qarğıdalı yaxud pambıq səpən aqreqatlarla səpmək olar.

Səpin müddəti, üsulu və norması. Araxisi qarğıdalı yaxud pambıq bitkiləri eyni müddətdə səpmək mümkündür. Səpin torpaqda temperatur 13-15 0C olduqda aparılır. Səpin 70 sm gencərgəli üsulla aparılır (suvarma şəraitində 70 x 10-15 sm, dəmyədə isə 70 x 25-30 sm). Hektara 30-80 kq toxum işlənir. Toxum 6-8 sm dərinliyində basdırılır. Hektarda optimal bitki sıxlığı 100-120 mindir.

Əkinə qulluq. Əkinə əsas qulluq işləri sahənin alaqlardan təmiz və rütubətli saxlanmasıdır. Çıxışlar alınana qədər mala çəkilir. Vegetasiya müddətində hər 10-15 gündən bir suvarılır. Bir qayda olaraq 2-3 yarpaq, qönçələmə-çiçəkləmə fazalarının başlanğıcında və meyvə əmələ gəlməyə başladıqda suvarılır. Sonra isə payıza qədər ayda 2 dəfə suvarılmalıdır.

Suvarmadan sonra torpaq cərgəarası becərən kultivatorlarla becərilib yumşaldılmalıdır. 1-ci becərmə 10-12 sm, 2-ci 8-10 sm, 3-cü 6-8 sm dərinlikdə aparılır. Mühüm qulluq işlərindən biri kolun üstünə torpaq tökülməsidir. Bitkiləri əl ilə aralayır və kolun ortasına 3-5 sm qalınlığında yumşaq və rütubətli torpaq tökülür. Torpaq tökülməsi məhsulu artırır və sağlam paxlalar alınır.



Məhsulun yığılması. Payızda temperatur 12 0C-dən aşağı düşdükdə məhsul yığımına başlanılır. Yığım vaxtı paxlaların yaxşı dolması, nüvələrin bərkliyi, paxlanın səthində gözə çarpan torun olması və ayrı-ayrı yarpaqların sarı rəng almasıdır. Məhsul AP-70 markalı yerfındığı yığan maşınla və yaxud müasir maşınlardan biri ilə toplanır. Maşın bitkiləri torpaqdan çıxararaq silkələyib təmizləyir və cərgə ilə yerə düzür. Bir qədər quruduqdan sonra adi taxılyığan kombaynla yığılıb döyülür.

Yığılmış paxla 40 0C-də 5-7 sm qatda sərilib qurudulmalıdır. Bəlimdən və torpaqdan təmizlənmiş paxlalarda nəmlik 8%-dən çox olmamalıdır.

Yerüstü hissə (bəlim) tayaya vurularaq yem kimi istifadə edilməlidir.


MÖVZU: 11. EFİR YAĞLI BİTKİLƏR (KEŞNİŞ, NANƏ VƏ S.), ONLARIN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ YAYILMASI
Mühazirənin planı:


  • Xalq təsərrüfatı əhəmiyyəti və istifadəsi.

  • Tarixi, yayılması və məhsuldarlığı.

  • Botaniki təsviri və bioloji xüsusiyyətləri.

  • Тoxumun səpinə hazırlanması və səpini.

  • Qulluq işləri və yığımı.



Ədəbiyyat



  1. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.

  2. Əliyev Ş. A. Tərəvəzçilik (II hissə). Bakı: 1997, 340 s.

  3. Əliyev Ş. A. Tərəvəzçilik. Bakı: “Maarif”, 1988, 252 s.

  4. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  5. Məmmədov Q. Y., İsmayılov M. M.. Bitkiçilik, Bakı, 2012, 356 s.

  6. Алиев Ш. А. Овощеводство западных районов Азербайджанской ССР и основные проблемы его развития: Дис. …док. с/х наук. Ленинград-Пушкин, 1975, 487 с.

  7. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, 512 с.

  8. Вульф Е. В., Малеева О. Ф. Мировые ресурсы полезных растений, (пищевые, кормовые, технические, лекарственные и др). Справочн. Л:. «Наука», 1969, с. 219.

  9. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506.

  10. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-397.

  11. Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

EFİR YAĞLI BİTKİLƏR (KEŞNİŞ, NANƏ VƏ S.), ONLARIN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ YAYILMASI
Efir yağlı bitkilər sənayenin ətriyyat, qida və s. sahələrini və tibb sahəsinin xammalla təchiz edilməsi işində mühüm rol oynayırlar.

MDB məkanında 30 növə yaxın efir yağlı bitkilər yetişdirilir. Onların əkin sahəsi 200 min hektardan artıqdır. Onlardan ən geniş yayılanlar keşniş, acı nanə (istiot nanəsi), efiryağlı qızılgül, sürvə, lavanda, reyhan, cirə, zirə, və razyanadır.


KEŞNİŞ

Xalq təsərrüfatı əhəmiyyəti və istifadəsi. Keşniş ətirli səbzə tərəvəz bitkilərindən biri olub, müxtəlif növ xörəklərdə ədvə, dad, ətir verici kimi işlədilir. Keşniş əsas efir yağlı bitki hesab edilir. O efir yağlı bitkilərin əkin sahəsinin 80 % -ni təşkil etməklə, təbii efir yağlarının 60 - 80%-ni verir. Keşnişin meyvələrində 1,4 - 2,1 % efir yağı vardır. Keşniş meyvələrindən efir yağını su buxarı vasitəsilə alırlar. Bu yağ rəngsiz və bəzən sarımtıl rəngli maye olub, xoşagələn ətirli iyə və dada malikdir. Onun tərkibində 20-dən artıq komponent vardır ki, bunlardan da ən əsasları linalool (60-80 %), heraniol (3-5 %), linalil asetat (5%-ə qədər) və s. dir. Tərkibində 18-28 % piy şəkilli yağlardan sabunbişirmədə olein turşuları alınmasında və metallurgiyada istifadə edilir. Keşnişin tərkibində orta hesabla 67 mq % С vitamini, 278 mq % A provitamini, toxumlarında 16 %-ə qədər zülal maddəsi vardır. Bundan başqa keşniş yağının tərkibində 5%-ə qədər geraniol spirti və 20 %-ə qədər terpen qruplu başqa ətirli maddələr də vardır. Keşnişin toxumları özünə məxsus kəskin iyə malik olub limon ətrini xatırladır, Bu cəhətdən keşniş toxumlarından çörək-bulka, qənnadı məmulatları, marinadlar, pendir, kolbasa məmulatları, likyor və pivə istehsalında aromat vermək üçün geniş istifadə edilir. Keşnişin toxumlarından alınmış efir yağını ətriyyat sənayesində istifadə edirlər.

Keşniş bitkisinin yarpaqları, zərif zoğu və toxumları insanlar tərəfindən nəinki ərzaq, dad və ətirverici kimi, eyni zamanda bəzi xəstəliklərin müalicəsində geniş istifadə edilir. Keşnişin şirəsi ilə ürək ağrıları və ürək sancmalarını müalicə edirlər.

Keşniş yağı və meyvəsi iştaha artırıcı dərman kimi keçmiş Sovet Dövlət Farmakopeyasının X nəşrinə daxil edilmişdir. Yağından bir sıra Qalen preparatlarının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti məhsullarına xoş iy verən maddə kimi geniş istifadə edilir. Keşnişdən alınan şrot (cecə) heyvandarlıqda yaxşı yem kimi istifadə olunur.

Tarixi, yayılması və məhsuldarlığı. Keşniş Aralıq dənizi Mənşəli qədim bitki hesab olunur. Rusiyaya XIX əsrin əvvəllərində gətirilmiş və mərkəzi quberniyalarda becərilməyə başlanmışdır. Hazırda keşniş əkinləri daha çox Rusiyanın mərkəzi qaratorpaq zonasında, Şimali Qafqazda, orta Volqa boyunda və Ukraynada yayılmışdır. Məhsuldarlığı 0,6 -1 ton/ha təşkil edir.

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Keşniş kərəviz (Apiaceae) (çətirçiçəklilər) fəsiləsinə mənsub olub, onun botaniki adı Coriandrum sativum-dur. Birillik ot tipli bitki olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqları vardır. Keşniş bitkisi kök boğazı ətrafında bir-birinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk önсə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir. Çiçək tacı çəhrayı rəngdədir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş yayılmışdır. Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yumurtacığı olur. Toxumları kürəvi uzunsov-yumru formalı olub iki toxumcuqdan ibarətdir. Toxumlarının diametri 2-7 mm arasında dəyişir və onların 1000 ədədi 4,5-7,0 q olur.

Çarpaz tozlanır. İkipaylı toxumdan ibarət meyvələri Avqust-Sentyabr aylarında yetişir. Meyvələri yetişdikdə xoş ətirli iy verir.

Keşniş soyuğa davamlı kahı, ispanaq və acıtərəyə nisbətən istiliyə asan dözən, uzun gün bitkisidir. Günün uzunluğuna və istiyə tələbkardır, lakin rozet yarpaqları soyuğa davamlıdır. Qısa və sərin günlərdə rozet yarpaqları yaxşı böyüyür, yüksək məhsul verir. Тoxum zoğu əmələ gətirmir və toxum vermir, ona görə də istifadə müddəti uzanır. Rozet yarpaqları 3-5 irikəsimli yarpaqdan ibarətdir. Gövdə yarpaqları çoxkəsimli, nazik, uzunsovdur. Səbzə kimi əsasən rozet yarpaqlarından istifadə olunur.

Vegetasiya müddəti (kütləvi cücərmədən texniki yetişməyə qədər olan dövr) səpin vaxtından asılı olaraq dəyişir və 35-40 gündən başlamış 50-60 günə qədər və daha çox uzana bilir. Bu müddət həm də sortun xüsusiyyətindən asılıdır. Bitkilərin normal böyüməsi üçün 17-25 0С temperatur tələb edir, Uzun müddət -2 °C və qısa müddətdə -7 °C temperatura dözür. Soyuğa davamlı olmasına baxmayaraq istilikdə özlərini qismən asan nizamlaya bilir. Lakin məhsuldarlıq aşağı düşür. Bəzi bitkilərə nisbətən rütubətə xeyli tələbkardır. Onun transpirasiya əmsalı torpaq tipindən asılı olaraq 500-700 arasında dəyişir, Torpaq və havanın nisbi rütubətliyi 75- 80%-dən az olmalıdır. Qida maddələrinə olduqca tələbkardır. Keşniş üçün suyu özündən asan sızdıran torpaqlar daha əlverişlidir. Torpaq reaksiyası (pH) neytrala yaxın olmalıdır.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə