Мухтар Казымоьлу (Иманов)



Yüklə 1,6 Mb.
səhifə9/17
tarix02.10.2017
ölçüsü1,6 Mb.
#2772
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

1. Fəlsəfi yanaşmaya görə, mədəniyyət istehsal prosesi və fəaliyyət subyekti kimi insanın inkişaf sistemidir. Onun ən mühüm əlaməti universallıq və ümumilik hesab olunur. Fəlsəfi yanaşmada ideyalar və onların maddi təzahürləri mədəniyyətin əsas struktur elementləri kimi götürülür. Kreativlik isə fəlsəfi yanaşmada mədəniyyətin əsas funksiyası kimi qəbul edilir.

2. Antopoloji yanaşmaya görə, mədəniyyət artefaktlar (in­san fəaliyyəti nəticəsində yaranan hər növ məhsul), biliklər və inam­lar sistemidir. Bu yanaşmaya görə onun ən mühüm əlaməti simvolik xarakter daşımasıdır. Antropoloji yanaşmada mədəniy­yətin əsas struktur elementləri kimi artefaktlar, inamlar və adətlər əsas götürülür. Adaptasiya və insanların həyat tərzlərinin istehsalı antropoloji yanaşmada mədəniyyətin əsas funksiyası kimi qəbul edilir.

3. Sosioloji yanaşmaya görə, mədəniyyət insanların qarşı­lıqlı əlaqələri vasitəsilə reallaşan dəyərlər və normalar sistemidir. Bu yanaşmaya görə, onun ən mühüm əlaməti normativlikdir. Dəyərlər, normalar və mənalar bu yanaşmada mədəniyyətin əsas struktur elementləri kimi alınır. Latentlik (nümunənin saxlanıl­ması) və sosiallaşdırma sosioloji yanaşmada mədəniyyətin əsas funksiyası kimi qəbul edilir.

4. İnteqralist yanaşmaya görə, mədəniyyət fəaliyyət meta­sistemidir. Bu yanaşmaya görə, onun ən mühüm əlaməti kom­plekslilikdir. İnteqralist yanaşmada mədəniyyətin əsas struktur elementləri kimi maddi və təşkilati formalar əsas götürülür. İs­tehsal və fəaliyyətin yeniləşdirilməsi inteqralist yanaşmada mədə­niyyətin əsas funksiyası kimi qəbul edilir.

Təbii ki, burada bizim məqsədimiz kulturologiyada mədə­niyyətə münasibətdə mövcud olan konseptual yanaşmaları tədqiq etmək deyil. Məqsədimiz həmin yanaşmalar işığında folklor və dövlətçilik prob­leminə nəzər salmaqdır. Bu baxımdan mədə­niyyət kontekstində dövlət sosioloji baxış bucağından, folklor isə antropoloji baxış bucağından daha aydın görünür. Fikrimizi bir az da dəqiq ifadə etsək:

– Sosioloji yanaşmaya uyğun olaraq, mədəniyyətə normalar sistemi kimi yanaşdıqda normalar vasitəsilə cəmiyyətin təşkili prinsipi­nə əsaslanan dövlət anlayışı önə çıxır;

– Antropoloji yanaşmaya uyğun olaraq, mədəniyyətə biliklər və inamlar sistemi kimi yanaşdıqda ənənə vasitəsilə ötürülən və etnik kollektiv yaddaşda yaşayan universal bilik kimi folklor önə çıxır.

Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdik. Mədə­niyyətə antropoloji yanaşmada "mədəni universalilər" anlayışı mühüm yer tutur. Mədəni universalilər dünyanın əksər xalqla­rında təsadüf olunan mədəniyyət faktlarıdır. Amerika antropoloqu Corc Merdok 70-dən artıq mədəni universali müəyyənləşdir­mişdir (Мердок 2003). Onlara diqqət etsək görərik ki, bu mədəni universalilərin əksəriyyəti folklor artefaktlarıdır. Məsələn, nigah institutu, mülkiyyət hüququ, dini adətlər, bədənin bəzədilməsi, birgə əmək, rəqs, dəfn ritualları, qonaqpərvərlik, oyunlar və s. birbaşa folklorla bağlıdır.

Folklorun dövlətçilikdə iştirakı daha çox mədəni universa­lilər hesabına baş verir. Daha doğrusu, folklor, etnik mədəniyyət, mədəni universalilər vasitəsilə cəmiyyətin dövlət daxilində təmərküzləşməsi üçün ilkin reseptləri təqdim edir. Dövlətin mü­hüm amillərindən olan sosiumun strukturlaşması əvvəlcə folk­lorun təqdim etdiyi mədəni universalilər hesabına mikrosəviy­yədə reallaşır, sonradan tədricən ayrı-ayrı mədəni universalilər hesabına strukturlaşan mikrostrukturlar birləşərək nisbətən daha iri sosial strukturları yaradır. Daha sonra dövlət həmin sosial strukturları ən iri makrostruktur olan dövlət daxilində birləşdirir. Sosial mikrostrukturların vahid bir sosial sistem daxilində düzülüşündə mifoloji görüşlər də mühüm rol oynayır. Bizim qə­naəti­mizə görə, arxetip əsası ilə "müdrik qoca"ya dayanan əcdad kultu mədəni universalilər hesabına strukturlaşan mədəni uni­versaliləri vahid sistem daxilində təmərküzləşdirən konsentrativ nüvə funksiyasını yerinə yetirir. Belə ki, türk xalqlarında dövlətin rəhbəri, hökmdar, əslində, əcdad kultunun transformasiyasıdır. Hökmdar dövlətin bütün varlığının təminatçısıdır. Sistemin var­lığını təmin edən "enerji" məhz şaxələnərək ondan yayılır. Hökm­darda olan bu güc, əslində onun dövlət təsisatları sistemində malik olduğu hərbi-inzibati gücdən daha çox, uzun əsrlər ərzində xalqın mifik təfəkküründə toplaşmış mifik enerjinin gücüdür.

Dövlət sosial təsisatın özüdür. Dövlətçilik isə ən ümumi mə­na­da, həmin təsisatla bağlı cəmiyyətin sosial özünütəşkili və idarə edil­məsinə, fərd-fərd və fərd-cəmiyyət münasibətlərinin nizam­lanmasına əsaslanan tarixən toplanmış təcrübədir və demə­li, dövlət quruculuğu üçün ideya bazasıdır. Həmin təcrübə digər etnik bilik­lərlə yanaşı ən konservativ bir şəkildə folklor fondunda qorunub saxlanıl­mışdır. Hələ XI əsrdə Mahmud Kaşqarlı yazırdı ki, «el qalmas, törü qalır» («dövlət itirilər, adət-ənənə itirilməz»). O, döv­lətçilik ənənəsinin folklorda yaşamasını, fasiləsizliyini bildirən hə­min ata sözünü tarixin yaddaşına yazmaqla özü də dövlətçiliyə xid­mət etmişdir. Deməli, əsas olan ideyanın qorunub saxlanılmasıdır.

3. Tarixin həqiqəti və həqiqətin tarixi fonunda Azər­bay­can dövlətçilik ənənələri
İlk nümunələri on min il bundan əvvəl əkinçilik mədəniyyəti kontekstində qədim Mesopotamiyada yarandığı iddia edilən döv­lət institutunun Azərbaycan ərazilərində də qədim tarixi vardır. Planetin qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycan artıq normativləşmiş elmi qənaətə görə, həm də qədim dövlətçilik mərkəzlərindən biri olmuşdur. Görkəmli tarixçi alim Yaqub Mah­mudov Azərbaycan dövlətçilik tarixi barədə yazır: “Hələ era­mızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlamış qədim və zəngin dövlətçilik ənənələrimiz Manna, İskit-Massaget şahlığı, Atropatena və Albaniya kimi qüdrətli dövlət­lərimizin hökmranlığı zamanı dünya tarixində dərin iz qoymuş Azərbaycan siyasi varlığı, bir də Sasani və Xilafət zülmü dev­rildikdən sonra dirçəlməyə başladı. Təqribən 600 il davam etmiş dəhşətli İran və ərəb zülmü Azərbaycanın qədim dövlətçilik ənənələrini, azadlıq idealla­rını, bu yurdda yaranmış qədim, zəngin və təkrarsız mədə­niyyəti zəiflədə bilmədi... (kursiv bizimdir – S.X) Xilafətin əsa­rəti devrildikdən sonra tariximizin İslam dövrü başlandı. Türk qılıncı bütün Yaxın və Orta Şərqdə, o cümlədən Cənubi Qafqazda İslamın müdafiəsinə qalxdı” (Mahmudov 2008: 3-4).

Başqa bir alim, daha çox "Azərbaycan materialı" əsasında konseptual kulturoloji ümumiləşdirmələr müəllifi kimi tanınan Nizami Cəfərov da Azərbaycan dövlətçilik ənənələrinin e.ə. V minilliyin əvvəllərindən başlayaraq genotipi qeyri-müəyyən döv­lətçilik, Qafqaz dövlətçiliyi, İran dövlətçiliyi və Azərbaycan-türk dövlətçiliyi mərhə­lələrindən keçən qədim tarixindən bəhs edir (Cəfərov 2007: 67-90).

Heç bir şübhə doğurmayacaq postulatdır ki, genezisində hansı dövlətçilik ənənələrinin dayanmasına baxmayaraq, Azər­bay­can dövlətçilik mədəniyyəti türk dövlətçilik ənənələrinə əsas­lanır. Qə­dim türklər olduqca güclü bir dövlətçilik mədəniyyətinə sahib ol­muşdular. Orxon-Yenisey abidələrində qədim türk döv­lətçilik gö­rüşləri geniş əks olunmuşdur: «Elliq budun ertis! Elim qanı? (Döv­ləti olan xalq idim, dövlətim hanı?!), «Kağanlıq budun ertim! Ka­ğanın qanı?» (Xaqanı – dövlət başçısı olan xalq idim, xaqanım ha­nı?!). «Türk büdün boltaçı!» (Türk xalqı olacaqdır!), «budun yoq bolmazın teyü» (xalq yox olmasın deyə) kimi çoxsaylı ifadələr türklərin necə bir güclü dövlətçilik təfəkkürünə sahib olduqlarını göstərir. Məhz belə bir güclü dövlət və xaqan sevgisinin nəticəsidir ki, Göytürk dövlətinin başçıları xalqı vahid ideya ətrafında birləş­dirərək onu Tavqaç dövlətinin əsarətindən xilas edə bilmişdi. Bu mənada Orxon-Yenisey abidələri həm də türk dövlətçilik mədə­niyyətinin son dərəcə parlaq əks olunduğu qədim türk mətnləridir.

"Folklor və dövlətçilik" mövzusunda ayrıca bir monoqrafik tədqiqat əsəri yazmış Ağaverdi Xəlil də Azərbaycan milli dövlət­çiliyini ümumtürk dövlətçiliyinin tərkib hissəsi kimi təqdim edir: "Tarixdən türklərin qurduğu böyük Hun imperatorluğu, Xəzər xaqan­lığı, Göytürk imperatorluğu, Oğuz-Səlcuq impe­ra­torluğu, Osman­lı imperatorluğu, Qaraxanlı dövləti, Bulqar dövləti, Uyğur dövləti və b. məlumdur. Türk xalqlarından biri ki­mi, biz bu dövlətlərin, onların yaratdığı zəngin dövlətçilik mədəniyyətinin varisləriyik. Bununla yanaşı Şirvanşahlar döv­­ləti, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvi döv­ləti kimi Azərbaycan dövlətləri mövcud olub. Bunların hər birinin milli dövlətçilik tariximizdə xüsusi xidmətləri olub" (Xəlil 2014: 4).

Yaxın tarixi keçmişimizdə, sovet hakimiyyəti illərində Azər­baycan dövlətçilik ənənələrinin qədim türk etnik-mədəni sistemi kontekstindən kənar araşdırılmasının acı təcrübəsi və onun milli-mənəvi varlığımıza, etnik-milli kimliyimizə vurduğu ağır zərbələr öz izlərini hələ də saxlamaqdadır. Professional və milli maraqlara xidmət etməli olan milli tarixçiliyin formalaşmalı olduğu bir dövr­də belə yanlış tendensiyanın əsas səbəbi ilk növbədə Azər­baycan xalqının etno­genezisinin saxtalaşdırılması niyyəti ilə bağlı idi. Bu mənada "XX əsr Azərbaycan tarix elmi, əslində, tarixi hə­qiqətlə siyasi tarixin qeyri-bərabər mübarizə meydanı idi. Tarix­çilər arasında gedən sonsuz mubahi­sələrin ma­hiyyətini bir məsələ – türk və qeyri-türk etnosların (başlıca olaraq irandilli etnik birliklərin) «Azərbaycan tarixi»ndə hansı konsep­siya əsasında «vahid bir xalqın» tarixi kimi sintezləşdirməsi təşkil edirdi. Sovet dönəmində bu məsələ qeyri-türk mövqedən həll olunmuşdu. Baş­qa sözlə, «Azərbaycan tarixi» qeyri-türklərin (irandillilərin, yaxşı halda namə­lumdillilərin) tarixi kimi başlanır, türklərin tarixi kimi tamamlanırdı. Bu da təbii olaraq, bizim dövlətçilik tariximizin də irandillilərin, yaxud da "genologiyası qeyri-müəyyən" dövlətçilik ənənələri ilə bağlanmasına gətirib çıxarırdı. Paniranizmin yerit­diyi konsepsiyaya görə, Azərbaycan xalqı öz kökləri etibarilə türk yox, irandilli və Qafqaz mənşəli xalqların xəlitəsindən yaranmış amorf bir toplumdur. Guya o, sonradan – orta əsrlərdə səlcuqların gəlişi ilə türkləşmişdir. Pani­ranizmin türkləri Azər­bay­can xalqı­nın etnokosmik nüvəsindən silməyə çalışması onun maraqlarına xidmət etsə də, tarixşünas­lıqda ictimai şüurda çox böyük pata­logiyalar yaratmışdır. Belə ki, Azərbaycanın etnogenezində et­nokosmik substrat və etnokonso­lidasiya müstəvisi rolunu oyna­mış türklərin şovinistcəsinə silin­məsinə edilən etiraz məhz pa­niranizmin təsiri altında elmi hə­qiqətin axtarışları ilə yanaşı, daha çox milli müqavimət mahiyyəti daşıyan «türkçülüyün» də for­malaşmasına səbəb oldu" (Rzasoy – Xavəri 2009).

Xüsusi olaraq qeyd etmək istərdik ki, sovet hakimiyyəti illərində tarixşünaslıqda Azərbaycan xalqının etnogenezisinin, onun türk dövlətçilik ənənələrinin ayrılmaz tərkib hissəsi olan milli dövlətçilik tarixinin müəyyən qədər saxtalaşdırılması müm­kün oldusa da, bu tendensiyanın filologiyada da bərqərar olma­sına nail oluna bilmədi. Zəngin elmi ənənələri olan fololoji fikir tariximizdə o dövrlər daha çox yalnız filoloji kontekstə daxil edi­lən folklorşünaslığımızda etnik-milli varlığımızın ümumtürk məz­munu daim qorunub saxlanıldı. Xüsusən ötən əsrin 70-80-ci illərində dövlət rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə dönüş milli varlığımızın da qorunması ilə nəticələnmişdir.

Əlbəttə, planetin istənilən coğrafi məkanına və istənilən et­no­suna münasibətdə etnik dövlətçilik ənənəsi ilə coğrafi dövlət­çilik ənənələri bir-birindən fərqləndirilməlidir. Bu baxımdan Azərbaycan adlanan coğrafi məkanda da dövlətçilik ənənələrinin birbaşa türk dövlətçi­liyindən başlanılmasını iddia etmək həm elmi-metodoloji baxımdan, həm də milli maraqlar baxımından müəyyən yanlışlıqlara gətirib çıxarardı. Bu yanlışlıq ilk növbədə özünü o nöqtədə biruzə verir ki, Azərbaycanın dövlətçilik tarixini eramızın əvvəllərində Avrasiyanın şərqindən qərbinə uzanan hun-türk imperiyası ilə başlanılması mülahizəsi həmin dövrə qə­dər bu coğrafi məkanda mövcud olmuş digər dövlətçilik ənənə­lərinin inkarı deməkdir. Halbuki, Azərbaycan xalqı coğrafi olaraq bu ərazidəki hun-türk dövlətçiliyinə qədərki, professor Nizami Cəfərovun müəyyənləşdirdiyi formulla ifadə etsək, "genotipi qey­ri-müəyyən" dövlətçilik ənənələrinin də varisidir və bu varislik bir çox hallarda milli mədəniyyətin tarixində, hətta müasir özəl­liklərində özünü büruzə verir. Və hesab edirik ki, humanitar və ictimai elmi düşüncənin strateji yanaşması ondan ibarət ol­ma­lıdır ki, Azərbaycan bizim eranın əvvəllərində türk dövlətçiliyinə qədər mövcud olan Qafqaz və İran mənşəli dövlətçilik tiplərinə də tarixi baxımdan sahiblik etsin. Bu yanaşma xüsusən multi­kulturalizmin dövlət siyasəti səviyyəsində dəstəkləndiyi müasir Azərbaycanda olduqca aktual və məqsədə­müvafiqdir.

Akademik Kamal Abdullayev müasir mürəkkəb sosial-siyasi və mədəni-mənəvi şəraitdə Azərbaycanın multikulturalizm mode­linin uni­kal­lığını və effektivliyini daha çox ta qədimdən bu coğ­rafiyada mövcud olan "ilkin müxtəliflik" anlayışı ilə əlaqə­lən­dirir. Müəllif yazır: "Azər­baycanda normal multikultural əhvalın olması – müxtəlif konfes­siya­ların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövr­lə­rindən qidalanır. “İlkin” müxtəliflik Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal “sonrakı” müx­təliflikdən kəskin şəkildə fərqlənir. Məhz “ilkin” müxtəliflik bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli mü­nasibət modeli formalaşdırmışdır” (Abdulla 2016).

Akademikin qeyd etdiyi bu ilkin müxtəlifliyin kökləri, təbii ki, bu ərazidəki qədim dövlətçilik ənənələrinin zəngin təcrübəsi ilə bilavasitə bağlıdır və bu zənginlik də bizim mədəni sərvətimiz kimi dəyər­lən­dirilməlidir.

4. "Folklor və dövlətçilik" probleminə nəzəri-metodoloji yanaşma təcrübəsi
Milli mədəniyyət kontekstində folklor və dövlətçilik mövzu­sunda folklorşünaslıqdakı araşdırılma təcrübəsini ümumiləş­dirmək də maraqlı olardı. Həm də qeyd etmək istərdik ki, bu, yalnız elmi ənənədə trafaretləşmiş "tədqiq tarixinə bir nəzər" formalllığının tələblərini ödəmək məqsədi daşımır. Mövzu ilə bağlı mövcud təcrübədə olan baxışlar bizi daha çox problemə metodoloji yanaşma baxımından maraqlandırır.

Milli humanitar elmi düşüncədə "folklor və dövlətçilik" prob­leminə daha çox folklor nümunələrində türk dövlətçilik ənənə­lərinin, türk dövlətçilik tarixi ilə bağlı tarixi-etnoqrafik detalların, dövlətçiliklə bağlı rəmz və simvolların təzahürü kimi baxılmışdır. Bizim müşahidələrimizə görə, bu tipli yanaşma metodoloji olaraq üç fərqli rakurs meydana çıxarmışdır:



1. Mifoloji rakurs – Folklor mətnlərində mövcud olan dövlət və dövlətçiliklə bağlı semantemlərin mifoloji dünya mo­deli baxımından izahı:

Məlumdur ki, "folklor çoxqatlı, çoxişarəli mürəkkəb sistem­dir. Onun strukturunda dəyişməz, sabit modellər və həmin modellərlə şərtlənən məzmun və ifadə qəlibləri iştirak edir. Sabit modellərdə dünya, insan, həyat və insanın mənəvi dünyası «xeyir və şər» kimi ikiqütblü sistemdə işarələnir". Folklorda dövlət və dövlətçilik həmişə «xeyir» qütbünün sferasında yerləşir, «tanrı-peyğəmbər-hökmdar» düsturunu təqdim edir. Burada hökmdarın müqəddəs fövqəlqüvvəyə yaxınlaşdırılması dövlətçiliyin müqəd­dəs­ləşməsi stixiyasından gəlir. Və bütün bunların da əsasında mifoloji dünya modeli dayanır. Məlum olduğu kimi, mifoloji şüurun, mifik dünya modelinin əsas ana xəttini, ağırlıq mərkəzini kosmos-xaos qarşıdurması təşkil edir. Və folklorda əksər obraz, süjet və motivlər həm də bu qarşıdurma ilə şərtlənir. Folklorda birmənalı olaraq dövlət kosmosun, dövlətsizlik isə xaosun paradiqmalarından biri kimi çıxış edir. Hökmdar xaosu kos­mosa çevirən, özündə əcdadların mifik gücünü daşıyan föv­qəlgüc kimi təqdim edilir.

Qədim türk dövlətçilik ideyalarının ritual-mifoloji baxımdan əks olunduğu maraqlı dastanlardan biri də "Köç" dastanıdır. Bu­rada mifik-simvolik planda vətənin müqəddəsliyi, ona xəyanətin cəzasının olduqca ağır olduğu ideyası əks olunmuşdur. Bu das­tanda təsvir olunan Tanrı dağlarındakı Qutlu Qaya Vətən və Dövlət ideyasının simvoludur. O, elə bir konsentrativ gücə malik­dir ki, türk elinin eko və sosio sistemi bu konsentrativ mərkəz-nüvə ətrafında cəmləşərək vahid bir sistem – Vətən, el, oba, dövlət yaratmışdır. Dastanda təsvir olunur ki, türk dövləti məhz Vətənin bütövlüyünü təmin edən simvol düşmənə təslim edil­diyinə görə dağılır. Onun eko və sosio sistemi parçalanır. Dastan qədim türk təfəkküründə ritual-mifoloji simvolun necə mühüm rol oynadığını açıb göstərir.

Türk düşüncəsində ritual-mifoloji simvolun belə mühüm rol oynaması onun arxetiplə bağlı olmasından irəli gəlir. Yunqa görə, arxetiplər tarixin istənilən mərhələsində insanın şüuraltında onun həyat tərzini ifadə edən obrazlardır. Bu obrazlar təkrar-təkrar həyat situasiyalarında insana yaranışın qaynağını və mövcud olmanın fundamental qaydalarını xatırladır. Bu obrazlar, insan ruhunun çoxəsrlik cəhdləri sayəsində fikirlərin dünyanı nizam­layan əhatəli sistemini yaradırlar (Юнг 1997: 254). İnsan övladı bu qaydalardan uzaqlaşanda ümidsizlik və faciələr burulğanına düşür. Nümunə gətirdiyimiz qədim türk dastanında Qutlu Qaya arxetiplə bağlı simvoldur.

Qədim türk dastanları içərisində dövlətçilik ideyalarının mifik planda sistemli olaraq əks olunduğu nümunələrdən biri də "Oğuz kağan" dastanıdır. Burada oğuzların əcdadı olan Oğuz kağan yarı yer, yarı göy sakini olaraq təsvir edilmişdir. Oğuz kağan cahan dövləti qurur, sosial nizam yaradır, qurduğu dövləti övladları arasında bölür.

Bu dastanda mifoloji şüurla tarixi şüurun iç-içə mövcudluğu türk dövlətçilik ənənələrinin arxetip mifoloji əsaslarının müəy­yən­ləş­­diril­məsi baxımından olduqca maraqlıdır. Görkəmli mifo­loq alim Seyfəddin Rzasoy bu barədə yazır: "...oğuz mifində "ilk insan", "ilk zaman", "ilk məkan" sakral elementlərdir. Onların sakrallığı funksiya planında "eta­lon", "örnək" olmaları ilə üzə çıxır. Kosmoloji çağ oğuz türkünün düşün­cəsində mövcud olan "ilk insan"(Oğuz), onun "ilk dünyası"(Oğuz mə­kanı, Oğuz eli) törətdiyi "ilk hadisələr" (Qara xanı, yaxud Kıatı öldürməsi), bu hadisələrin cərəyan etdiyi ilk vaxtı nəzərdə tutan "ilk zaman" onun həyatının sakral etalonları, hərəkət presentləri, yaşayış, dav­ranış örnəkləridirlər. Bu anlamda kosmoloji çağ oğuz türkü öz gün­dəlik həyatını sakral Oğuzun həyatının adi səviyyədən təkrarı kimi qav­rayır, təsəvvür edirdi. .... Beləliklə, ilkin oğuzların həyatı sakral Oğuz kağanın həyatının təkrarı kimi təşkil olunurdu və təkrarlanma ritmik idi. Oğuz eposu "tarixi" çağda da oğuz in­sanının həyatının təşkil olunma­sının belə bir sakral nümunəsi rolunu oynayırdı” (Rzasoy 2008: 69).

Göründüyü kimi, bir sıra folklor nümunələrində, xüsusən dastan­larda dövlətçilik ideyaları mifoloji planda geniş əksini tapmışdır ki, bu istiqamətdə Azərbaycan folklorşünaslığında kifa­yət qədər geniş təhlil aparılmışdır.

2. Tarixi rakurs – Azərbaycan xalqının dövlətçilik tarixinin izlərinin, əlamətlərinin bu və ya digər folklor nümunələrində araşdırıl­ması, bəzi halda eposdan etnosun bütöv tarixinin rekon­struksiyası:

Bu tendensiya həm folklorşünaslar, həm də tarixçilər arasın­da kifayət qədər geniş yayılmışdır. Məsələn, görkəmli alim Ni­zami Cəfərov "Kitabi-Dədə Qorqud" dastanında tarixilik barədə yazır: "Müşahidələr göstərir ki, "Kitab"da Azərbaycan tarixi üçün əhəmiyyətli olan ən azı aşağıdakı hadisələr, ictimai-siyasi, mədəni-mənəvi proseslər əks olunur:

– "gəlmə" oğuzlarla" "yerli" qıpçaqların, qeyri-türk mənşəli etnosların, xalqların münasibətləri;

– "iç" oğuzlarla "dış" oğuzların münasibətləri;

– Azərbaycan xalqının təşəkkülü;

– İslam dininin qəbulu, dini-etnik münasibətlər;

– Azərbaycan cəmiyyətinin etnoqrafik, ictimai-siyasi təşkili;

– Azərbaycanın etnik-mədəni, müəyyən mənada isə siyasi hüdudlarının müəyyənləşməsi;

– Anadoluya türk-oğuz yürüşlərinin güclənməsi;

– Türkiyə türklüyünün formalaşması və s.” (Cəfərov 1999: 11).

Nizami Cəfərovun "Azərbaycan tarixi üçün əhəmiyyətli ha­di­sələr" hesab etdiyi bu istiqamətlər əslində oğuzların milli döv­lətçilik tarixinin dastan mətnində əks olunan real təzahürləridir. Tarix üçün əhəmiyyətli olan bu epik təzahürlər hamısı Azər­baycan dövlətçiliyinin böyük bir zaman kəsimində, təxminən erkən orta əsrlərdən XV-XVI əsrlərə qədərki bir dövrdə real tarixi mənzərəsini əks etdirir.

Türk folklor janrları içərisində tarixi dövlətçilik təfəkkürü­nün təzahür etdiyi əsas janr epos və dastanlardır. Abdulqadir İnan bu barədə yazır: "Məlumdur ki, hər millətin tarixi milli dastan və əfsanələrlə başlar. Böyük dövlətlər quran xaqanların və onlara yardım edən milli tanrıların mənşəyinə dair söylənən, ayinlərdə oxunan dua və ilahilər, qəhrəmanların sərgüzəştlərini tərənnüm edən epopeyalar, nağıllar, xalq fəlsəfəsindən ibarət olan atalar sözü, bu gün bizim üçün mənasız kimi görünən xurafat yalnız bir millətin deyil, bütün bəşəriyyətin təfəkkür tarixini və onun müxtəlif təkamül səhifələrini öyrənmək üçün çox qiymətli mate­ri­allar təqdim edir" (İnan 1998a: 191).

Görkəmli folklorşünas alim Füzuli Bayat da dastan yara­dıcılığı ilə milli dövlətçilik tarixinin birbaşa bağlı olduğu fikrini irəli sürür: "Dastan milli şüurun, milli birliyin, vətən olma, dövlət qurma ideya­sının yarandığı zamanlardan etibarən formalaşmağa başlayır" (Bayat 2012: 243).

İslamdan əvvəlki dövrlərə aid edilən, müəyyən fraqmentləri ilə günümüzə gəlib çıxan qədim türk dastanlarında dövlətçilik tarixi baxımdan olduqca aydın bir şəkildə əks olunmuşdur. Folklorşünaslıqda normativləşmiş qənaətə görə, fraqmentlər əsasında müəyyənləşdirilən qədim türk dastanları "Alp Ər Tonqa", "Şu", "Hun", "Gök Türk", "Oğuz kağan", "Kök", "Uyğur" das­tanlarıdır. Bu dastanların demək olar ki, istisnasız olaraq hamı­sında qədim türk dövlətçiliyinin tarixi bu və ya digər aspekti əks olunmuşdur.

Qədim türk tarixinin izlərini, əlamətlərini özündə təcəssüm etdirə dastanlar içərisində "Alp Ər Tonqa" xüsusilə fərqlənir. "Alp Ər Tonqa" dastanında qədim türk dövlətçiliyinin mərkəzi elementi olan hökmdar kultu aparıcı mövqedədir. Burada İranla müharibələrdə qəhrəmanlıqlar göstərən qəhrəman Alp ər Tonqa ideallaşdırılır. Dastanda hökmdarın ölümünə ağıların deyilməsi qədim türk cəmiyyətində, kollektiv yad­daş­da dövlətçilik təfəkkü­rünün güclü olduğundan xəbər verir. Görkəmli folklorşünas alim Ağaverdi Xəlil bu dastanla bağlı yazır ki, dövlətə və dövlətçiliyə məhəbbət duyğusu, milli şüurun formalaşması, möhkəmlən­məsi və daşlaşması dövlət başçısına olan sonsuz sevgidən başlanır. Həmin sevgi Turan hökmdarı Alp Ər Tonqanın ölümünə ağ­layan, sinə yırtan, baş yolan, acığından atlarını yandıran qədim türkün anasından keçir, Turan dövlətinin süqutuna xalq münasibətini folklorda işarələyir.

"Şu" dastanı da qədim türk dövlətçilik tarixini özündə geniş əks etdirən dastanlardandır. Burada qədim türk hökmdarının dövlət idarə­çiliyində diplomatiyası, döyüşdə taktikası daha qaba­rıq göstəril­mişdir. Eramızdan əvvəl IV əsrdə Qərbdən Şərqə doğ­ru hərəkət edən Makedoniyalı İskəndərlə Kağan Şunun müna­si­bətlərindən bəhs edən dastan özündə bir sıra tarixi faktları cəm­ləşdirir.

Digər bir dastan "Ərgənəkon" isə türklərin ağır günlərindən bəhs edir. Burada təsvir edilir ki, monqollarla döyüşdən sağ çıxan iki gənc ailə uzun sürən mücadilələrdən sonra ulu babalarının intiqamını alaraq yenə də öz tarixi vətənlərinə qayıdırlar.

Azərbaycan filoloji fikrinin patriarxı Yaşar Qarayev yazırdı: «Etnosun tibbi eksperti – məhz onun həqiqi elmi tarixidir. Məhz bu tarixdən gərək biz öyrənək, bilək ki, əcdadın gücü və zəifliyi nədə olub, hansı allahlara dua, hansı iblislərə və şeytana lənət oxuyub? Tanrı və tale barədə, torpaq və Vətən, azadlıq, əsarət və ölüm barədə o nə düşünüb və bütün bunların naminə hansı qurbana, hansı bahadırlığa hazır olmağı bizə də vəsiyyət edib. Tarixlərdən tələb olunmuş fövqəlməqsədlər ancaq belə miqyas­larda olmalıdır» (Qarayev 2002: 67).

Folklor nümunələri, xüsusən dastanlarımız məhz Yaşar Qarayevin bəhs etdiyi "əcdadın gücü və zəifliyi, Vətən, azadlıq, ölüm, bahadırlıq və s." barədə tarixi informasiya ilə zəngindir.

3. Sosial-mədəni rakurs – dövlətçiliklə bağlı xalqın arzu və istəklərinin tərənnümü, xüsusən də türk dövlətçilik təfəkküründə mərkəzi substansional obraz olan hökmdarla bağlı mülahizələr:

Azərbaycan folklorşünaslığında müxtəlif folklor nümunələri, xüsusən də oğuz türklərinin universal ensiklopedik informasiya bankı hesab edilən "Kitabi-Dədə Qorqud" yuxarıda qeyd olunan rakurslardan kifayət qədər tədqiq edilmişdir.

Türk dövlətçiliyinin özündə çoxsaylı parametrlər üzrə əks olunduğu möhtəşəm abidələrimizdən biri, bəlkə də birincisi «Kitabi-Dədə Qorqud» eposudur. “Oğuznamə”lər silsiləsinə daxil olan bu abidə Azərbaycan xalqının milli kimlik sənədi olaraq milli dövlətçiliyin, demək olar ki, bütün atributlarını özündə əks etdirir. Yaşar Qarayev “Oğuznamə”lərdə əks olunan bu milli kimlik sənədini dəyərləndirərək yazır: "Ümumiyyətlə “Oğuz­na­mə”­lərdə törə təfəkkürü, dastan şüuru, türk dövlətçilik və hüquq təlimləri, (etnik "mən"in və psixologiyanın kodları və arxetipləri), bütün bunların təşəkkül, intibah və böhran məqamları geniş əksini tapmışdır (Nəbiyev – Qarayev 1999: 12).

Folklorşünas Ağaverdi Xəlil "Kitabi-Dədə Qorqud"da döv­lət­çi­liyi xarakterizə edərək yazır ki, “Kitab”da folklor simvolika­sının aktiv işarə­ləmə sistemi altında əski oğuz demokratik dövləti görünür. Bu dövlətdə hər şey öz yerindədir. Kitabda qorunan mətnlərə sivil bir cəmiyyət modeli işarələnib. Oğuzlar heç kimə tə­cavüz etmir, yalnız təcavüzə məruz qalanda savaş başlanır və düşmən darmadağın edilir. Oğuz cəmiy­yətində Tanrı nizamına uyğun olaraq yüksək səviyyəli haqq-ədalət hökm sürür; haqq-ədaləti pozan isə layiq olduğu cəzanı alır. Burada dövlətçilik mədəniyyəti, əxlaqı, sədaqəti və başqa davranış qaydaları çağdaş cəmiyyət üçün çox gözəl örnəkdir. Qazan xanın əmiri-axuru Qaraca Çoban dövləti əsas ərzaq ehtiyatını təşkil edən qoyun-quzunu düşməndən mərdliklə qoruyur, döyüşdə qardaşlarını itirir, dövlətçiliyə sədaqətini itirmir".

Dədə Qorqudun söylədiyi öyüd-nəsihətlər (söyləmələr) qə­dim oğuz müdrikliyindən qaynaqlanır. Ata sözü Tanrı sözü ilə, peyğəmbər kəlamı ilə birləşir və bərabər statusda dövlətçilik ideyalarını haqq-ədalət hökmü kimi ən həssas estetik ifadə for­malarından istifadə edərək, dilinin, fikrin və sənətin qovuşu­ğunda – folklorda təqdis edir: «Ata malından nə fayda, başda dövlət olmasa». Doğrudur, bu deyimdə «dövlət – həm də ağıl məna­sındadır». Amma ağılın özünün dövlətlə birləşməsi və bir lek­semdə iki semantemin işarələnməsi faktı əslində fərd üçün həm ağılın, həm də dövlətin vacibliyini, fərdin timsalında cəmiyyəti və onu siyasi institutu kimi dövləti nəzərdə tutur.

"Kitabi-Dədə Qorqud" dastanları dövlətçiliyin mühüm əla­mət­lərindən olan digər xalqlarla qarşılıqlı münasibətləri də əks etdirir. Dastandan aydın olur ki, belə diplomatik münasibətlər nəticəsində oğuzlar öz adət-ənənələrini, mədəniy­yət­lərini digər xalqların mədəniyyətləri ilə müqayisədə dəyərlən­dirərək onu yük­sək qiymətlən­dirirdilər. "Torba saman döşəyi", "yonma ağac tan­rısı" olan kafirlərlə müqayisədə oğuzlar öz mə­dəniyyətlərini, inanc sistemlərini daha yüksək qiymətləndirirdilər.

"Kitabi-Dədə Qorqud" dastanlarında oğuzların dövlətçiliyin ən mühüm əlamətlərindən olan hərbi nizam-intizama sahib olduq­ları görünür. Dastandan aydın olur ki, mühüm hərbi əmə­liy­yatlarla bağlı qərarları vermək səlahiyyəti yalnız və yalnız xanlar xanı Bayandır xanın səlahiyyətinə aid olan məsələdir. Bu da oğuzların malik olduğu hərbi intizamın güclü bir dövlətçilik təfəkkürünün tərkib hissəsi olduğunu göstərirdi.

Eposlar üzərində müşahidələr göstərir ki, bu folklor nümu­nə­ləri bütün digər xüsusiyyətləri ilə yanaşı, milli dövlətçilik mə­də­niyyətimizi – həm dövlətçiliyimizin tarixi inkişafını, keçdiyi yolun izlərini, əlamətlərini, həm də dövlətçiliklə bağlı zəngin də­yər­lər sistemini özündə ən sistemli şəkildə əks etdirən folklor nümunələridir. Azərbay­can eposlarının, ümumən folklorumuzun digər nümunələrinin dövlət­çilik baxımından daha dərindən, xüsu­sən digər ictimai və humanitar elmlərin qovuşuğunda multidissip­li­nar araşdırılması isə folklorşünaslıq elmimizin qarşısında duran vəzifələrdəndir.

Beləliklə, folklorşünaslığımızın mövcud təcrübəsinə əsasla­naraq deyə bilərik ki, dövlətçilik problemi bu və ya digər aspektləri ilə mifoloji, tarixi və sosial-mədəni rakurslardan geniş araşdırılma predmetinə çevrilmişdir.

Lakin bir məsələni xüsusi olaraq vurğulamaq istərdik. Təəs­süf ki, bəzi folklorşünaslıq araşdırmalarında yuxarıda qeyd olu­nan istiqamətlərin bir-birinə qarşı qoyulması hallarına rast gəlinir. Belə ki, eposda oğuz türklərinin tarixini axtaran tarixçi, heç bir halda epos mətninin mifoloji dünya modelinin də ifadəçisi ola biləcəyini və mətnin üst planında müəyyət motivlərin məhz hə­min modellə şərtlənə biləcəyini qəbul etmək istəmir. Əksinə, epik folklor nümunələrindəki hökmdar, xan, şah obrazlarından mifo­loji dünya modelinin konsentrativ obrazı kimi bəhs edən mifoloq üçün eposda tarixilik qeyri-elmi yanaşmadan başqa bir şey deyil. Digər bir tərəfdən epik folklor mətnlərinə normativ filoloji baxış­la yanaşan filoloq-folklorşünas üçün isə bu nümunələrdə dövlətlə bağlı ideyalar daha çox xalqın ideal yaşam, harmonik cəmiyyət haqqında baxışlarının ifadəsidir. Üçüncü tədqiqatçı üçün tarixçinin də, mifoloqun da eposla bağlı mülahizələri əksər hallarda absurd təsir bağışlayır.

Bizim qənaətimizə görə, Azərbaycan folklorunda dövlətçilik ənənələri ilə bağlı qeyd etdiyimiz istiqamətlər bir-biri ilə qətiyyən ziddiyyət təşkil etmir. Folklor mətninin digər mətn tiplərindən fərqi və özəlliyi də orasındadır ki, bu mətnlərdə xalqın ən qədim mifoloji görüşləri də, dini inamları da, keçdiyi tarixi inkişaf yolu da (təbii ki, bu tarixi inkişafda qurduğu dövlətlərlə bağlı tarixi-etnoqrafik detallar da), onun arzu və istəkləri də vahid bir mətn kontekstində birləşir. Folklor nümunələri kollektiv yaddaşın məhsulu olduğu üçün bu kollektiv yaddaş yazı mədəniyyətinin olmadığı dövrlərdə müxtəlif amillərin təsiri ilə dinamik dəyiş­mədə, özünütəşkil edən sistem kimi diaxronik inkişaf prosesi ərzində etnosun sosial tərəqqisinin müxtəlif mərhələlərini "vafli dilimi effekti"ndə özünün daxili strukturunda süxurlaşdıraraq qoruyub saxlamaqdadır. Ona görə də hesab edirik ki, folklorda dövlətçilik probleminə metodoloji yanaşmada hər üç rakurs vəhdətdə götürülməli, hər üç istiqamətdə araşdırma bir-biri ilə üzvi olaraq əlaqələndirilməlidir.


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə