Mülki hüquq anlayışı və sistemi



Yüklə 16,71 Kb.
tarix25.08.2018
ölçüsü16,71 Kb.
#64175

Ad.Səməd

Soyad.


Kurs

Qrup.


Fakültə.Biznesin idarə edilməsi

Fənn.Ar konistutisyasi və hüququ



Mülki hüquq anlayışı və sistemi

Mülki hüquq - milli hüququn mühüm bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.


Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün bunlar indiki dövrdə - bazar iqtisadiyyatına keçid dövründə mülki hüququn rolunun daha da artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır. Bu və ya digər hüquq sahəsinin metodu həmin sahə ilə tənzimlənən ictimai münasibətlərin xarakterindən, cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətdən, müvafiq ictimai münasibətlərin iştirakçılarının vəziyyətindən asılıdır. Hüquqi tənzimləmə məqsədlərinə uyğun olaraq subyektlərin lazımi davranışını təmin edən bu vasitələrin məcmusu bu və ya başqa hüquq sahəsinin metodunu səciyyələndirir. Mülki hüququn metodu - ictimai münasibətləri mülki-hüquqi tənzimetmə metodudur.
İctimai münasibətləri mülki-hüquqi tənzi
metmə metodu dedikdə, mülki münasibətləri tənzim edən normalarda nəzərdə tutulan forma, üsul və fəndlərin məcmusu başa düşülür. Mülki hüququn (predmeti də daxil olmaqla) digər hüquq sahələrindən fərqləndirilməsi məhz bu metodun aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir:
1) Tərəflərin bərabərliyi;
2) Tərəflərin münasibətin məzmununu müəyyən edən sərbəstliyi (dispozitivliyi);
3) Tərəflərin təşəbbüskarlığı;
4) Münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi;
5) Tərəflərin əmlak məsuliyyəti.

Subyektlərin hüquq bərabərliyinə əsaslanan, əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən mülki hüquq normaları nizamsız vəziyyətdə deyil, müəyyən sistemdə düzülmüşlər. Mülki hüquq institutlarının müəyyən məntiqi ardıcıllıqla düzülüşünə mülki hüququn sistemi deyilir. Mülki hüquq institutu dedikdə isə, eyni cinsli münasibətləri tənzim edən hüquq normalarının məcmusu başa düşülür. Məsələn, mülkiyyət münasibətlərini tənzim edən hüquq normalarının məcmusu mülkiyyət hüququ institutu adlanır.


Mülki hüququn sistemi obyektiv surətdə formalaşmışdır və mülki hüququn predmetinə daxil olan ictimai münasibətlərin spesifik xüsusiyyətlərinə əsaslanır. Digər müstəqil hüquq sahələri kimi mülki hüququn sistemi də iki hissədən - ümumi və xüsusi hissələrdən ibarətdir. Mülki hüququn predmetinə daxil olan saysız-hesabsız ictimai münasibətlərin ümumi xüsusiyyətləri onların hüquqi tənzimləmə vahidliyini, bu münasibətlərin konkret növlərinin spesifik əlamətləri isə onların hüquqi tənzimləmə differensasiyasını qabaqcadan müəyyən edir.
Ümumi hissəyə elə normalar və müddəalar daxildir ki, onlar ümumi xarakter daşıyır və bütün hüquq institutları, yaxud onların çoxuna eyni dərəcədə tətbiq edilir. Buraya mülki hüququn predmetini, vəzifələrini, onun əsas prinsiplərini, mülki hüquq üzrə hüquq münasibətlərini müəyyən edən bölmələr, habelə şəxslər (fiziki və hüquqi), əşya hüququ, o cümlədən mülkiyyət hüququ, əqdlər, müddətlər və öhdəliklər haqqında ümumi müddəalar daxildir. Mülki hüququn ümumi hissəsinin normaları sayəsində fiziki və hüquqi şəxslər arasında, habelə onların öz aralarında, fəaliyyətin bütün sahələrində - sənaye, nəqliyyat, tikinti, ticarət, məişət, kənd təsərrüfatı, sahibkarlıq, əqli fəaliyyət və digər sahələrdə əmlak münasibətlərinin eyni cür tənzimlənməsi həyata keçirilir.
Mülki hüquqla tənzim olunan ictimai münasibətlərin ayrı-ayrı növlərini və qruplarını nizama salan normalar mülki hüququn xüsusi hissəsini təşkil edir. Xüsusi hissə özündə məzmunca müxtəlif mülki hüquq normalarını birləşdirir. Bu normalar mülki hüquq institutlarında qruplaşdırılır. Mülki hüquq institutu özündə müəyyən növ ictimai münasibətlərin yalnız bir hissəsini tənzim edən normaları birləşdirir.
Xüsusi hissəyə müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı, dəyişmə, bağışlama, əmlak kirayəsi, icarə, borc, lizinq, podrat, tapşırıq, və s.; qanundan əmələ gələn öhdəliklər - özgə işlərini tapşırıqsız aparma, əsassız varlanma; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər, habelə vərəsəlik hüququnu müəyyən edən bölmələr daxildir. Bura, həmçinin, yaradıcılıq fəaliyyətinin nəticələrinə olan hüquqlar - müəlliflik hüququ, kəşf hüququ, ixtira, səmərələşdirmə təkliflərinə və sənaye nümunələrinə olan hüquqları əks etdirən normalar aiddir.
Beləliklə, mülki hüquq normalarının sistem halında qruplaşmasının, nəinki nəzəri, həm də hüquqyaradıcı və hüquqtətbiqedici orqanlar üçün mühüm praktiki əhəmiyyəti vardır. Məzmunu mülki hüquq normalarından ibarət olan yeni normativ aktların qəbul edilməsi zamanı onların mövcud olan hüquq normalarına uyğunluğunu müəyyənləşdirmək lazımdır. Mülki hüquq normalarının müəyyən sistemdə qruplaşması bu işi xeyli asanlaşdırır. Əks-təqdirdə, mülki hüquq normalarının nizamsız vəziyyətdə olması qəbul edilən qanunların onlara uyğunluğunun müəyyənləşdirilməsində olduqca çətinliklər yaradardı. Mülki hüquq normalarının müəyyən meyarlara görə sistemləşdirilməsi bu normaların konkret hadisələrə uyğun olaraq axtarılıb-tapılması və tətbiq edilməsini xeyli asanlaşdırır.

Mülki qanunvericilik (mülki hüququn mənbələri)



Mülki hüquq normalarının, vahidliyi və differensasiyası nəzərə alınmaqla qruplaşdırılması öz ifadəsini mülki hüququn mənbələri hesab edilən müxtəlif hüquqi normativ aktlarda tapır. Özündə əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən, mülki hüquq normalarmı əks etdirən aktların məcmusuna mülki qanunvericilik deyilir.
Mülki Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.
Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmlak, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
Mülki hüququn mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiyada mülkiyyət və onun formaları, vətəndaşların mülkiyyət və əqli mülkiyyət hüququ, şəxsi və mənzil toxunulmazlığı, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi, azad sahibkarlıq, zərərin ödənilməsini tələb etmək və s. hüquqları, həmçinin, onların həyata keçirilməsi təminatlarını müəyyən edən məsələlər öz əksini tapmışdır.
Konstitusiyadan sonra mülki hüququn mənbələri içərisində Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəlləsi başlıca yer tutur. 74 fəsildən və 1325 maddədən ibarət olan bu Məcəllənin ümumi hissəsində (1-566-cı maddələr) mülki hüququn ümumi və prinsipial müddəaları təsbit olunmuş, xüsusi hissədə (567-1325-ci maddələr) isə öhdəlik hüququnun bütün növləri müvafiq ardıcıllıqla verilmiş, vərəsəlik hüququnun ümumi və xüsusi hissəsini tənzim edən normalar sistemləşdirilmişdir.
Vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləməkdən, onların hüquqlarını və qanuni mənafelərini müdafİə etməkdən, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi həyatının və şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaqdan, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarət olan bu Məcəllənin əsas məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
Mülki hüququn mənbələrinə həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları da daxildir. Lakin Nazirlər Kabinetinin qəbul etdiyi bütün aktlar deyil, yalnız mülki münasibətlər sahəsində qəbul etdiyi qərar və sərəncamlar mülki hüququn mənbəyini təşkil edir. Bu aktlarla əsasən, təşkilatlar arasındakı əmlak münasibətləri nizama salınır. Bundan başqa, digər dövlət orqanlarının verdiyi aktlar da mülki hüququn mənbəyi sayılır və mülki münasibətləri nizama salır. Məsələn, Milli Bankın instruksiyası ilə kredit və hesablaşma münasibətləri, Nəqliyyat Nazirliyinin qaydaları və başqa aktları ilə sərnişinlərin və yüklərin daşınması və s. münasibətlər nizama salınır.
Mülki hüquq normaları, həmçinin, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının qərarlarında öz əksini tapır.
Azərbaycan Respublikasının bütün qanunları kimi mülki qanunlar da dərc edildiyi gündən qüvvəyə minir (əgər qanunda başqa müddət göstərilməyibsə). Mülki qanunların geriyə qüvvəsi yoxdur, yəni mülki qanunlar ondan əvvəl yaranan münasibətlərə tətbiq edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki hüquq normaları, onların ləğv olunması və ya qanun qaydasında dəyişdirilməsi ilə öz qüvvəsini itirir.
Azərbaycan Respublikasının mülki qanunları respublikanın bütün ərazisində qüvvədədir. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüququ şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Xarici vətəndaşların və hüquqi şəxslərin Azərbaycan Respublikası ərazisindəki hüquqi vəziyyətinin müəyyən edilməsində beynəlxalq müqavilələrin böyük əhəmiyyəti var.
Məhkəmələr tərəfindən qəbul edilən aktlar heç bir hüquq norması yaratmadığı, dəyişdirmədiyi və xitam etmədiyi üçün mülki hüququn mənbəyi də hesab edilmir. Bu aktların ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar mülki qanunvericilikdəki boşluğu doldurur və qərarların qanuna uyğun qəbul edilməsini təmin edir. Mülki qanunvericilikdə boşluq o deməkdir ki, müəyyən məsələ hüquq vasitəsilə həll edilməlidir, lakin qanunvericilikdə onun hüquqi cəhətdən həlli nəzərdə tutulmayıb.
Məhkəmə mübahisəli məsələni həll edərkən qanunvericilikdəki boşluğu aşkar edərsə, özü onu həll edə bilməz. Bu halda o, qanunverici orqana yeni norma qəbul etmək haqqında müvafiq təqdimat verməlidir. Qanunla müəyyən edilmiş hallarda məhkəmə konkret işi qanunun analogiyası (yunanca analogia - uyğunluq, oxşarlıq), yaxud hüququn analogiyası əsasında həll edə bilər.
Mülki Məcəllənin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir.
Yüklə 16,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə