Mülkiyyət hüququnun əldə edilməsi üsulları



Yüklə 23,16 Kb.
tarix13.11.2017
ölçüsü23,16 Kb.
#9745

Mülkiyyət hüququnun əldə edilməsi üsulları

Mülkiyyət - ictimai münasibətdir. Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və sərəncamda ifadə olunur. Mülkiyyətçinin əşyaya (əmlaka) münasibətdə konkret aktı, nəticə etibarilə bunlarla məhdudlaşır.

Mülkiyyət hüququ subyektiv hüquqların tərkibində özünə yer tutmuşdur. Mülkiyyət hüququ elə subyektiv hüquqlara aiddir ki, o müəyyən hüquqi faktların olması və yaxud onların məcmusu zamanı əldə edilir. Belə hüquqi faktlar mülkiyyət hüququnun əldə edilməsi əsasları (üsulları) adlanır.

Mülkiyyət hüququnun əldə edilməsi üsulları ilkin və törəmə olmaqla iki yerə bölünür. İlkin və törəmə üsulların fərqləndirici kriteriyalarına gəlincə, birincisində kriteriya kimi iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür.

İradəvi kriteriya tərəfdarları hesab edirlər ki, mülkiyyət hüququnun əldə edilməsinin ilkinə elə üsullar aiddir ki, bu zaman mülkiyyət hüququ iradədən asılı olmayaraq əldə edilir. Törəmədə isə mülkiyyət hüququ mülkiyyətçi sələfin iradəsindən asılı olaraq əldə edilir.

Hüquq varisliyi üsullarının tərəfdarları isə ilkinə o üsulları aid edirlər ki, onun əsasında hüquq varisliyi yoxdur, törəmədə isə üsullar hüquq varisliyinə söykənir.

Mülkiyyət hüququnun əldə edilməsinin ilkin və törəmə üsulları qüvvədə olan qanunvericiliklə birbaşa olaraq təsbit edilməmişdir.

İlkin üsulla mülkiyyət hüququnun əldə edilməsi o deməkdir ki, əşya üzərində mülkiyyət hüququ əvvəllər heç kəsə məxsus olmamışdır və ilk dəfə əldə edilir. Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsuluna aşağıdakılar aid edilir: yeni hazırlanmış əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi; emal; yığılması hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi; sahibsiz əmlak üzərində mülkiyyət hüququ; tapıntı; nəzarətsiz heyvanlar; dəfinə; əldə etmə müddəti; özbaşına (icazəsiz) tikilmiş tikililər üzərində mülkiyyət hüququnun əldə edilməsi və s.

Mülkiyyət hüququnun törəmə üsulla əldə edilməsinə aiddir: milliləşdirmə; özəlləşdirmə; hüquqi şəxsin ləğvi və yenidən təşkili zamanı onun əmlakına mülkiyyət hüququnun əldə edilməsi; rekvizisiya və müsadirə; vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun əldə edilməsi və s.

Bu üsulların bəziləri (məsələn, rekvizisiya, müsadirə və s.) həm də mülkiyyət hüququnun itirilməsi (xitamı) üsullarına aiddir.

Mülkiyyət hüququnun əldə edilməsinin elə üsulları var ki, onlar həm ilkin, həm də törəmə kimi çıxış edirlər.

Mülkiyyət hüququnun əldə edilməsi üsulları mülkiyyət hüququnun bütün növləri üçün və yaxud mülkiyyət hüququnun bir növü üçün səciyyəvi ola bilər. Elə üsullar da var ki, onlar mülkiyyət hüququnun yalnız bir növünün əldə edilməsi üçün səbəb ola bilər.

Mülkiyyət hüququnun əldə edilməsinin ayrı-ayrı üsullarını nəzərdən keçirək.

Yeni yaradılmış və ya hazırlanmış əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi ilkin üsuldur, belə ki, mülkiyyət hüququ əvvəllər olmayan əmlak üzərində yaranır. Əmlakı yaradan və ya hazırlayan (qanuni yolla) onun mülkiyyətçisi hesab olunur. Belə əmlak daşınar və daşınmaz əmlak ola bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alman vaxtdan əldə edilir.

Emal və spesifikasiya mülkiyyət hüququnun əldə edilməsi üsulu kimi onunla xarakterizə olunur ki, əmlak başqasının materialı üzərində şəxsin əməyi nəticəsində yaranır. Əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, əşya üzərində mülkiyyət hüququnu material sahibi əldə edir.

Elə hallar olur ki, emal və spesifikasiya edən, özgə materialından mülkiyyətçi ilə müvafiq müqavilə olmadan istifadə edir. Bu zaman emal edən üç halda yeni yaradılan əmlakın sahibi ola bilər:

1) əməyin dəyəri materialın dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda;

2) emal edən vicdanlı olduqda, yəni o işi başa çatdırana qədər materialın başqasına məxsus olduğunu bilməmiş olduqda;

3) spesifikator (emal edən) əşyanı kommersiya məqsədi üçün deyil, öz şəxsi məqsədi üçün düzəltmiş olduqda. Bu əlamətlərdən hər hansı biri olmayanda mülkiyyətçi materialın sahibi olur.

Əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, əşyanın sahibi olan material mülkiyyətçisi spesifikatorun (ustanın və s.) haqqını ödəməlidir; əgər mülkiyyətçi spesifikator olsa materialın dəyərini ödəməlidir. Belə qayda müqavilə olmayanda da tətbiq olunur.

Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından biri də yığılması

hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi üsuludur. Qanunvericiliyə əsasən, mülkiyyətçinin imtina etdiyi daşınar əşya da sahibsiz əmlak hesab olunur. Mülki Məcəllənin 185-ci maddəsinə əsasən, mülkiyyət hüququndan imtina etmək məqsədilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər.

Atılmış başqa əmlak onu sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir.

Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından biri de tapıntıdır. Tapıntı o əşyalar hesab olunur ki, mülkiyyətçinin və ya onun səlahiyyətlərini həyata keçirən şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən onun sahibliyindən çıxmış və kimsə tərəfindən tapılmış olsun.

İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə (mülkiyyətçisinə), əgər mülkiyyətçi məlum deyilsə, onda polisə dərhal xəbər verməli və həmin əşyanı təhvil verməlidir. Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan birillik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir.

Əşyanı tapan şəxs, onu mülkiyyətçisinə verdiyi zaman tapılmış əşyanın dəyərinin 5 %-i miqdarında bəxşiş tələb edə bilər.

Tapıntı ilə dəfinənin müəyyən oxşarlığı var. Bu hər ikisində gözlənilmədən özgə əmlakının tapılmasıdır. Bununla bərabər dəfinənin özünün xüsusiyyətləri var. Dəfinə, yəni müəyyən niyyətlə torpağa basdırılmış və ya sair üsullarla gizlədilmiş elə pul və ya qiymətli əşyalardır ki, onun mülkiyyətçisini müəyyən etmək olmur və ya mülkiyyətçi qanuna əsasən, bu əşyalara mülkiyyət hüququnu itirmiş olur. Mülkiyyətçinin iradəsindən asılı olmayaraq itirilmiş tapıntıdan fərqli olaraq, dəfinəni düşünülmüş qaydada gizlədilən qiymətli əşya hesab etmək olar.

Dəfinənin aşkar edilməsi üsulları müxtəlifdir. Əgər dəfinənin mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmasa, onda dəfinə, onun gizlədildiyi torpaq sahəsinin və yaxud tikilinin mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, bərabər paylar şəklində daxil olur. Dəfinənin aşkar edilməsi şəxsin əmək və ya qulluq vəzifələrindən irəli gəlmirsə, həmin şəxs dövlətə təhvil verdiyi qiymətli əşyanın dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdir.

Mülkiyyət hüququnun əldə edilməsi üsullarından olan nəzarətsiz heyvanların hüquqi rejimindən Mülki Məcəllənin 192-ci maddəsində bəhs edilir. Həmin

maddəyə uyğun olaraq, nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə onları tutduğu andan ən geci üç gün keçənədək aşkar etdiyi heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir.

Nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay müddətində onların mülkiyyətçisi aşkar edilməzsə və ya özü onlara hüququnu bildirməzsə, heyvanları saxlayan və onlardan istifadə edən şəxs onlara mülkiyyət hüququ əldə edir. Həmin şəxs saxladığı heyvanları mülkiyyətə götürməkdən imtina etdikdə, onlar dövlət mülkiyyətinə daxil olur.

Nəzarətsiz heyvanlar mülkiyyətçisinə qaytarıldıqda, onları saxlamış şəxs, heyvanlardan istifadə nəticəsində götürdüyü mənfəəti çıxmaq şərtilə, onların saxlanması ilə bağlı çəkdiyi zəruri xərclərin əvəzinin heyvanların mülkiyyətçisi tərəfindən ödənilməsi hüququna malikdir. Nəzarətsiz heyvanları tutmuş şəxs onların mülkiyyətçisindən tutduğu heyvanların dəyərinin 5 %-i miqdarında bəxşiş tələb edə bilər. Bundan başqa, nəzarətsiz heyvanları tutan şəxs səlahiyyətli şəxsdən həmin heyvanlar saxlanması xərclərinin əvəzini ödəməyi de tələb edə bilər. Əgər heyvanları tutan şəxs bu barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.



Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından bırı də mülkiyyətin əldəetmə müddətidir. Müddəti əldə edənin mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin iradəsindən asılı olmayaraq əmələ gəlir. Həm fiziki, həm də hüquqi şəxslərin əldəetmə müddətinə görə mülkiyyət hüququ yarana bilər.
İstifadə olunmuş ədəbiyyatlar:

  1. Azərbaycan Respublikası Kostitutsiyası (2009-cu il)

  2. “Hüquq” ensiklopediyası

  3. A.M. Qasımov “Mülkiyyət haqqında hər şey”

Yüklə 23,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə